“Şair doğulurlar ...” deyimi həqiqətin ifadəsidir. Sanki yaranışdan şair olan kəslərin mayaları sözün möcüzəsindən yoğrulur, onların həyatı sözlərin təmasından yaranan sehrli bir aləmin ağuşuna düşür. Hər bir azərbaycanlının ürəyində sonsuz bir məhəbbətlə anılan elə bağlı sənətkar Mikayıl Müşfiq də həyata şair olaraq gəldi, şair olaraq yaşadı, ömür sürdü, bəşəriyyətin, insanlığın xilası naminə cəsarətlə çarpışdı, mücadilə etdi. Şər qüvvələrin qarşısında əyilmədi, onların qarşısında mərdi-mərdanə dayandı, öz cəsarətini, mübarizliyini sərgilədi. Şair işıqlı dünyanı qaranlığa qərq etmək istəyənlərə qarşı sətirlərini, misralarını sipər etdi, insanlığa qarşı yönəlmiş hərəkətlərin qarşısında ciddi bir sədd yaratdı. Elə bir sədd ki, bu sədd keçilməzlik mücəssəməsinə çevrildi, sönmüş duyğuları işıqlandırmaqla bəxtiyarlığı özündə təcəssüm etdirdi:
Sönük duyğuları işıqlandıran,
Günəşlə yarışan nə bəxtiyardır!
“Ulduzlar fikrimin çıraqbanıdır” deyən şair şər qüvvələrin zülmətə çevirmək istədikləri həyatı öz işıqlı fikirləri, düşüncələri ilə nura qərq etməyi öz həyat amalına çevirdi. Qara qüvvələr, insanlığa qənim kəsilənlər, onun qəsdinə duranlar bu işıqlı fikirlərin həyatı, cəmiyyəti aydınlığa qərq edəcəyindən qorxuya düşürdülər. Çünki aydınlıq irticaçı qüvvələrin niyyətlərinin həyata keçirilməsi, pisliklərin ayaq tutması qarşısında bir səddə çevrilir. M.Müşfiq isə ona qarşı baş verə biləcək təhlükəni görür; ancaq buna baxmayaraq heç bir şeydən qorxmadan, çəkinmədən mücadiləsini davam etdirirdi.
Onun ölməz “Oxu tar” əsəri də bu istiqamətdə aparılan mübarizənin bariz nümunəsidir. O dönəmdə xalqın dəyərlərinə təcavüz olunur, onların əleyhinə ciddi aksiyalar həyata keçirilirdi. Milli dəyərləri varlığımızı şərtləndirən amillər kimi qəbul edən M.Müşfiq xalqın qəsdinə yönəlmiş bu çağırışları sükutla qarşılaya bilməzdi, sakitcə durub, səssiz-səmirsiz dayana bilməzdi. Tar M.Müşfiq üçün milli varlığımızın işarəsi idi. Şair tarda xalq ruhunun bütövlüyünü görürdü. O, cəsarətlə öz səsini xalqın səsinə, qəlbinin istəyini xalqın qəlbinin istəyinə qatır və ağılsız ittihamlara şeiri ilə cavab verir:
Oxu tar! Oxu Tar!
Nəğməni su kimi,
Alışan ruhuma çiləyim.
Ey geniş kütlənin,
Acısı-şərbəti,
Alovlu sənəti. - dedi.
Sözlərin təmasından ərsəyə gələn bu hikmət dolu misralar xalqın səsi, xalqın avazı idi. Sanki hər misrası xalqın ürəyindən keçib, təfəkkürünün süzgəcindən süzülüb gəlir. Bu əsəri yalnız tarın harayına yazılmış əsər olaraq qəbul etmək onun mahiyyətini, məzmununu daraltmaq, genişliyini əngəllələmək, əhatə dairəsini sıxlaşdırmaq anlamına gətirər. Əsər geniş mənada milli-mənəvi dəyərlərin qorunması istiqamətində təhlildən keçirilməli, bu mənada ona yanaşılmalıdır.
İrticanın tüğyan etdiyi bir zamanda M.Müşfiq milli-mənəvi dəyərlərimizin təhlükəli həddə olduğunu görərək özünün etiraz səsini ucaltdı; çəkinmədən, qorxmadan “Oxu tar” harayını vətən torpağına yaydı və bu haray obrazlaşaraq Müşfiq ocağında dağın yamacında ölməz bir abidəyə çevrildi. Bu abidə, nə qədər ki, Azərbaycan xalqı var, əbədiyyətə qədər o da olacaq, möhtəşəmliyini hər zaman qoruyub saxlayacaq, baş qaldıra biləcək təlatümlər onu sarsıda bilməyəcək. Mikayıl Müşfiqin "Oxu tar" harayı qəlbində Vətən sevgisi olan hər bir insanı riqqətə gətirməyə qadirdir. Bu haray hər bir Azərbaycan gəncini mərdliyə, qəhrəmanlığa, döyüşə ruhlandırmağa, hətta Vətən sevgisinin nə olduğunu bilməyənlərə də anlatmağa qadirdir. Bu mükəmməl əsərlə M.Müşfiq tarımızı Dədə Qorquddan üzü bəri həm sevincli, həm kədərli anlarımızın yadigarı, ulu əcdadımızın, nişanəsi, nəfəsi olan müqəddəs sazımızın səviyyəsinə yüksəldə bildi, ona ölməzlik, enməzlik gətirdi, əbədiyaşarlıq qazandırdı.
Şair həyat vurğunu idi. Həyat gözəlliklərindən zövq alırdı. Hər zaman özünü gözəlliklərin təmasından ibarət sehrli bir aləmin ağuşunda hiss edirdi, duyurdu. Həyat eşqi, yaşamaq eşqi onda cox güclü idi. Həyata olan sevgi, məhəbbət onun ruhunun mayasını təşkil edirdi:
Bir yanda tərlanlar, dumanlı dağlar,
Bir yanda kəkliklər, ayna bulaqlar,
Bir yanda bülbüllər, çiçəkli bağlar,
Mən bu tamaşadan necə əl çəkim?
Ancaq şər qüvvələr, irticaçı qüvvələr onu həyatdan, canından artıq sevdiyi vətənindən, sevgisindən, doğmalarından, bütün həyat gözəlliklərindən zorla qoparıb ayırdılar, bülbülü susmayan gülüstanı xarabazara çevirdilər, cəhənnəmə döndərdilər, susmaz duyğularını susdurdular. Sönməz ulduzun qarşısına zülmətdən keçilməz bir sədd çəkdilər, onu qaranlıqların ağuşuna atdılar, mayası gözəlliklərdən yoğrulan bir həyat aşiqini, ilhamı, təfəkkürü gözəllik üzərində köklənmiş bir insanı eybəcərlik girdabına yuvarladılar, o nuru qatı zülmətin əhatəsində boğdular. Hansı ki, şairin amalı, məqsədi yaşamaq, yaratmaq idi, insan olaraq qarşıda qoyulmuş ali məqsəd uğrunda mücadilə etmək idi:
Bizə bu nazlı aləm görünərdi qaranlıq,
Gözəl çarpışmasaydıq, gözəl yaşamasaydıq.
“Alqış varlığını duyan insana!” – deyən şair insanın var olaraq mövcudluğunu bəşəriyyətin ən mühüm kəşfi kimi dəyərləndirir. Dünyanın bəxtiyarlığını insanın mövcudluğu ilə, onun öz varlığını duyması ilə əlaqələndirir və bunu alqışlayır:
Sanıram ulduzlar həmvətənimdir,
Demək, yer də mənim, göy də mənimdir,
Hüzurumla cahan nə bəxtiyardır!
İnsan barədə düşüncələri fəlsəfi əsaslara söykənir. Şairin firkrincə insanın mayası qurub yaratmaq həvəsindən, mövcud gözəlliklərə gözəllik qatmaq eşqindən yoğrulub ki, bu amilləri də insan hər zaman özündə qoruyub saxlamalıdır:
Həyatdan doymayan, işdən doymayan,
Əfsanə sözlərə məhəl qoymayan,
Könlünü, gözünü verib işinə,
Baxıb həyatının yüksəlişinə,
Xəlqilə titrəyən, xəlqilə gülən,
Vətənçin yaşayan, vətənçin ölən
Səmimi bir insan nə bəxtiyardır!
Mikayıl Müşfiq həm insan olaraq, həm də elinə, obasına, yurduna, xalqına, vətəninə bağlı şair olaraq yaşadı, yaratdı. Əzablardan, məhrumiyyətlərdən, hətta ölümdən belə çəkinmədən, qorxmadan mücadilə etdi, xalqın dəyərlərini uca tutdu, müqəddəs saydı, onları xalqın varlığı səviyyəsinə qaldırmağı bacardı. Bu müqəddəs yolun yolçusuna çevrildi və bu yolda da özünü qurban verdi. Özünü qurban verməklə amallarını, ideallarını xalqının ürəyinə yaydı, onun qəlbinə köçürtdü, igidlərin qanı ilə yoğrulmuş vətənin hər qarış torpağına öz imzasını cəsarətlə həkk etdi. Onun həyatı, fəaliyyəti, yaradıcılığı bir kişilik, mərdlik, mübarizlik mücəssəməsinə çevrildi və gənclərimizə dözüm, vəfa, sədaqət, inam kimi keyfiyyətlər, bəşəri məhəbbət barədə hisslər, duyğular aşılamaqdadır. Ömrü nəğmə kimi oxunan, “uyqu kimi ötüşən”, “dərədən dərəyə su kimi axan” şairin ruhunun mayasını həyat eşqi, yaşamaq eşqi təşkil edirdi.
F.Nitsşe deyirdi: “Sevmək və ölmək – bu, əbədiyyətin razılaşmasıdır. Sevgini arzulamaq həm də ölümü arzulamaqdır.” Bəlkə Müşfiq dəli, qara sevdanı erkən seçdiyi üçün ölüm şərbətini də belə tez içmişdi.
29 yaşında həyat türküsü dodaqlarında əbədi donmuş şairin cismən məzarı yoxdur, ancaq mənən onun məzarı xalqın qəlbindədir.
Həbib MİRZƏYEV,
Azərbaycan Texniki Universiteti,
“Azərbaycan dili və pedaqogika”
kafedrasının müdiri, dosent
turan.info.az
.