Ədalət Cahangir oğlu Əlləzov
(1965-1992)
Beş ildən bəri Azərbaycan torpağında davam edən müharibənin ağrı-acısı onun hüdudlarından kənarlarda da qəlbləri göynətməkdədir.
İndi qədim Borçalı torpağında elə bir Azərbaycan ailəsi tapmaq çətindir ki, müharibə ovqatı ilə yaşamasın.
Bu ulu yurdun neçə-neçə igid oğlu Qarabağın cəbhə bölgələrində vuruşur, neçəsinin qismətinə isə gənc ikən ŞƏİDLİK yazılıbmış.
Onlardan biri də Ədalət Əlləzovdur.
Ədalət Cahangir oğlu Əlləzov1965-ci ildə
qədim Borçalı mahalında - indiki Gürcüstanın
Bolnisi rayonundakı Darvaz kəndində
anadan olmuşdur.
1980-ci ildə Darvaz kənd orta məktəbinin 8-ci sinfini
bitirib təhsilini davam etdirmək üçün Bakıya gəlib,
Politexnik Texnikumunun inşaat fakültəsinə daxil olub.
1983-1985-ci illərdə hərbi xidmətdə olub.
Texnikumda təhsilini başa vurduqdan sonra inşaatçı kimi müxtəlif sahələrdə çalışıb. Azərbaycanda Milli Ordu təşkil olunmağa başlayanda tərəddüt etmədən bu orduya könüllü yazılanlardan olub.
1992-ci il iyulun 19-da isə hərbi vəzifəsini yerinə yetirərkən həlak olub.
Qısa, qısa olduğu qədər də sadə, lakin mənalı ömür yolu keçmiş Ədalət Əlləzovun iki körpəsi – 3 yaşlı oğlu Ruslan, 2 yaşına az qalmış qızı İradə ata nəvazişinin həsrəti ilə böyüyürlər. Onlar nə qədər ata xiffəti çəksələr də böyüyəndə bir həqiqəti dərk edib başlarını dik tutacaqlar: ataları müqəddəs Azərbaycanımızın yolunda canından keçib. Bu hisslərlə özünə təskinlik tapır Ədatətin atası Cahangir kişi də. Bir də ki, təkcə atasımı?!.
Qohumları, dostları, onu tanıyanların hamısı Ədalətin ölümünə nə qədər yansalar da təsəlliləri budur ki,
o, Şəhidlik zirvəsindən baxır doğma Vətəninə...
Allah şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun.
“Təhsil” qəzeti, 5 fevral 1994.
Bax: Müşfiq ÇOBANLI, Borçalı şəhidləri. Bakı, 1996.
turan.info.az
.