Heydər Əliyev,
Azərbaycan xalqının
ümummilli lideri.
Mahirə! Onu yaxın vaxtlardan tanıyıram. Rastlaşdığımız gündən bir-birimizə doğmalaşdıq...
Bəzən təbəssümlü insanlar haqqında düşünürəm... onların ürəyindəki sevgi, məhəbbət hissi könül işığından süzülüb gəlir.
Oxucuya təqdim edəcəyim bu xanım da, düşüncəmə uyğun insanlardan biridir. Elə ünsiyyətimizin də, əsasında saflıq və səmimiyyət dayanır.
O, sənətinə, işinə şövqlə bağlanıb. Kiməsə yaxşılıq edəndə, sanki... qara gözlərində arzu dolu səhərlər açılır...
Bu bir həqiqətdir ki, həyatda hər kəsin məslək yolu var. Əgər, qəlbən inandığın, dönə-dönə götür-qoy edib müqəddəs bildiyin amalın varsa, deməli, sən həyatın tərs sınaqlarına qarşı hər cür fədakarlığa hazır olursan.
Haqqında söz açdığımız “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədovanı da, məsləkində bütöv, fədakar insan kimi xarakterizə edə bilərik.
O, 1972-ci il iyunun 2-də Bakı şəhərində müəllim ailəsində dünyaya gəlib. Atası Sahid Əsədov uzun müddət Bakı şəhərində-11 nömrəli Texniki Peşə Məktəbində direktor müavini vəzifəsində, anası Qəribcan xanım isə uşaq bağçasında tərbiyəçi işləyib. Hazırda isə təbiəti, kənd həyatını daha çox sevdiklərindən Şabran şəhərinin Dağbilici kəndində yaşayırlar.
Sahid müəllim bir ata kimi övladlarına halallığı, əməksevərliyi, təmizliyi, sədaqəti və insanlara gərəkli olmağı öyrədib. Daim tövsiyə edib ki, həyatda kiməsə möhtac olmaq, kimdənsə təmənna ummaq yaxşı keyfiyyət deyil. İnsan yaşamaq üçün zəruri olan hər şeyi öz zəhməti ilə əldə etməlidir.
Beləcə... Sahid müəllim ilə Qəribcan xanım ömürlərini gilə-gilə əridərək, 3 övlad-Xatirə, Mübaiz və Mahirəni boya-başa çatdırıb, onlara nümunəvi tərbiyə və ali təhsil veriblər. Xoşbəxtlikdən bu ailənin çörəyi halal, süfrəsi açıq, övladları elmə həvəsli olublar.Kiçik qızları Mahirə xüsusilə, özünün-rəngarək, xoş arzu-amalla dolu dünyası ilə hamıdan seçilib. Bu arzuların ünvanları müxtəlif olub. Gələcəkdə kim olmaq, həyatda kimə bənzəmək, hansı əsərin qəhrəmanı idealdır, mübarizdir və ona oxşamaq olar-sualları ilə yaşayıb. Uşaqikən bu cür təfəkkürün formalaşması, gələcək haqqında düşüncələri, sərbəst seçim aparması təlim-tərbiyənin nəticəsidir. Onun boya-başa çatdığı ailədə və oxuduğu məktəbdə əsl insan tərbiyə olunub.
O, 1989-cu ildə Bakı şəhəri 95 nömrəli orta məktəbi bitirib, həmin ildə sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutuna verib. Lakin, hər şey Tanrının qismətidir. Qismətin nədir-istəsən də, istəməsən də, o sənin olacaq. Mahirə instituta daxil ola bilməyib. Çox maraqlıdır ki, hətta, institutun o vaxtkı rektoru Yaqub Məmmədovun məsləhəti ilə institutun sanitariya və gigiyena fakültəsində təhsil almağı da qəbul etməyib. Çünki, o, öz arzusu ilə institutun müalicə-proflaktika fakültəsini seçmişdi. Gənc qız heç nəyin fərqinə varmayıb, bir il əmək stajına görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Neyrocərrahiyyə xəstəxanasında xadimə işləyib. Həmin ildə yaddaşında silinməz izlər qoyan, insani keyfiyyətləri ilə idealına çevrilən həkimlərdən, müdrik insanlardan görüb-götürdükləri də az olmayıb. İndi o, həmin vaxtda xəstəxananın baş həkimi vəzifəsində çalışmış Rüfət Səlimovu, həkimlərdən-Əmirəddin Rəcəbovu, Tofiqə xanım Hidayətovanı, Alim Şıxəliyevi və bir də, ona təhsil aldığı 95 nömrəli məktəbdə kimya-biologiya fənnindən dərs deyən və onu qəbul imtahanlarına təmənnasız hazırlaşdıran Sona müəlliməni - son dərəcə qayğıkeş, xeyirxah insanlar kimi kövrək hisslərlə yada salır...
Oxumağı, sevib-seçdiyi peşəyə yiyələnməyi qarşısına məqsəd qoyan Mahirə Tibb Texnikumuna daxil olur. Əczaçılıq şöbəsini müvəffəqiyyətlə bitirdikdən sonra-1996-cı ildə Neyro-cərrahiyyə xəstəxanasının yaxınlığında özəl aptek açır. Və həmin vaxt müxtəlif maneələrlə, haqsızlıqlarla üzləşir. Bütün bu səbəblərə görə də, o qanunları bilmək, hüququnu müdafiə etmək üçün Azərbaycan Odlar Yurdu Universitetinin hüquq fakültəsinə daxil olur və ali təhsilini uğurla başa vurur.
Bəli... Mahirə xanımım bu günə qədər çəkdiyi zəhmətin, qarşılaşdığı çətinliklərin müsbət cəhəti budur ki: illər ötdükcə, bütün bunlar onun dünyagörüşünə, mənəvi aləminə, həyata baxışına öz müsbət təsirini göstərib. O, həyatda əməksevər, prinsipial, məqsədyönlü, xeyirxah vətənpərvər insan kimi formalaşıb. Çəkdiyi əziyyətlərə baxmayaraq, həyatından razıdır, Tanrısına duaçıdır.
-Mahirə xanıma, ilk sualım belə oldu:
-Yeri gəlmişkən; uşaqlıq illərinizdən şirin bir xatirə... nələr qalıb yaddaşınızda?
-Uşaqlıq illərimlə bağlı kövrək xatirələrim çoxdur... Mənim atam təbiətcə, çox ciddi, zəhmli, anam isə mehriban, zəhmətkeş qadındır. Dərslərimdən “4” qiymət alanda atama deməyə çəkinərdim. Yaddaşımda qalanlardan biri də budur: 7-ci sinifdə oxuyurdum, yolun kənarında maşın məni vurdu. Şöferə dedim ki, dayı, qaç canını qurtar, qışqıracağam ki, mənə kənardan kömək etsinlər. Sonralar dərk etdim ki... Ürəyimdəki mərhəmətlilik uşaq vaxtımdan kök salıbmış...
-“Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyini nə vaxt yaratmısınız? Bu birliyi yaratmağınız haradan qaynaqlanıb?
-“Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyini cəmi bir ildir ki, yaratmışam. Fikrikcə, Peyğəmbərimizin (s.ə.) “Torpağı, Vətəni, dövləti sevmək imandandır”... hədisini nümunə gətirməyim daha tutarlıdır. Vətəni, Torpağı qorumaq, zərrə qədər də olsa, dövlətin mənafeyinə xidmət etmək hər kəsin vətəndaşlıq borcudur. O cümlədən də, mənim...
-Bu birliyin xətti ilə hansı işləri görür, layihələri həyata keçirirsiniz?
-Birliyin xətti ilə ötən bir il ərzində bir çox işlər görüb, layihələr həyata keçirmişik. Əsas ideyamız qaçqın-köçkünlərimizlə, sağlamlıq imkanları məhdud olan gənclərlə, ahıllarla, kimsəsizlərlə görüşmək, milli bayramlarda, əlamətdar günlərdə iftar və ehsan süfrələri vermək, cəbhə bölgələrinə səfərlər təşkil etmək, əsgər və zabitlərimizin yanında olmaq, onların qarşısında hərbi-vətənpərvərlik mövzusunda çıxışlar etməkdir. Biz müharibə şəraitində yaşamağımızı heç vaxt unutmamalıyıq. Bizim güclü orduya, ordumuzun isə vətənpərvər insanların mənəvi dəstəyinə ehtiyacı çoxdur.
Birliyimizin xətti ilə 2013-cü ilin dekabrında Ümummilli Liderimizin anım mərasimini Türkiyənin Ankara şəhərində keçirmişik. İctimai təşkilat olaraq, xalqımızın qan yaddaşı olan “20 Yanvar” faciəsinin və “Xocalı” Soyqırımının ildönümlərini, 31 mart-Dünya Azərbaycanlılarının Soyqırım gününü ardıcıllıqla qeyd etmişik. Bu ilin mayında Ümummilli Lider, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Bakıdakı Alov Qüllələri Kompleksində möhtəşəm tədbir keçirdik. Türkiyədən gəlmiş hörmətli qonaqlar, ölkəmizin tanınmış ziyalıları bu tədbirdə iştirak və çıxış etdilər. Onların Quba Soyqırım Məzarlığı Kompleksinə ziyarətlərini təşkil etdik. Bütün bunlarla yanaşı 2014-cü il sentyabrın 15-də Bakının erməni işğalından azad edilməsinin növbəti ildönümünü böyük təntənə ilə qeyd etmişik. Həmin gün Çanaqqala barədə çəkilmiş “Torpaq uğrunda ölən varsa, Vətəndir”! adlı sənədli filmin təqdimatını keçirdik. Filmin çəkilişləri ölkəmizdə və Türkiyədə aparılıb. Qeyd etmək istərdim ki, sentyabrın 17-də Gəncliyə Yardım Fondunda birliyimizin xətti ilə “Bayrağa Qurban” adlı ədəbi-bədii gecə keçirdik. Bakının erməni-bolşevik işğalından azad olunmasının 96-cı ildönümünə həsr etdiyimiz tədbirdə Azərbaycanın tanınmış ziyalıları və o cümlədən, Türkiyədən gələn hörmətli qonaqlar iştirak etdilər. Birliyimizin təşkilatçılığı ilə Ağdam rayonunun Əhmədağalı kəndində Artezian quyusu qazdırıb sakinlərin istifadəsinə vermişik. İlboyu gördüyümüz işlərin, layihələrin haqqında sadalamaq çox olar. Onu da qeyd edim ki, hələ qarşıda həyata keçirəcəyimiz işlərimiz, layihələrimiz çoxdur. İnşallah!
-Bu günə qədər nələr edibsinizsə, ölçüb biçmisinizmi? Bəzən, özlüyünüzdə bu işi və yaxud da, bu hərəkəti düzgün yerinə yetirmədim demisinizmi?
-Görəcəyim işlərimi, atacağım hər addımı əvvəl ölçüb-biçirəm, içərimdə müzakirəsini aparıram. Qərar verməyə tələsmirəm. Tanrıma şükr edirəm ki, istədiklərimə çətinliklə də, olsa, nail ola bilirəm. Ən azı ona görə ki, ürəyimdə Vətən, Torpaq sevgisi var. İstəyirəm ki, dahilərimizə olan hörmət və məhəbbətimi yaxşı işlərimlə, xeyirxah əməllərimlə yerinə yetirim.
-Ömür payınızdan ötən illərə boylanıb, etdiklərinizi göz önünə gətirərkən, qazandığınız və itirdiyiniz nələrdir?
-Qazandığım imkanım müqabilində gördüyüm işlər, həyata keçirdiyim layihələrdir. İtirdiklərim isə Vətən oğullarımız, şəhidlərimizdir.
-Uğurlu o kəslərdir ki, ətrafında xeyirxah, ədalətli və məsuliyyətli insanlar var. Bu mənada özünüzü şanslı hesab edirsinizmi?
-Bəli. Ürəyimdə hansı arzum, diləyim olubsa, Tanrının köməyi ilə nail ola bilmişəm. Şükr edirəm. Zənnimcə, birliyin sədri kimi gördüyüm işləri-Sizlər daha düzgün dəyərləndirə bilərsiniz.
-Siz çox sadə, səmimi, təvazökar və etiqadlısınız. Bu nəcib dəyərlər Sizə kimlərdən keçib?
-Məni yaxından tanıdığınıza görə, Sizə təşəkkürümü bildirirəm. Sadaladığınız bu keyfiyyətlərim heç şübhəsiz ki, ailəmdən, valideynlərimdən, təmsil etdiyim soy-kökümdən qaynaqlanır. Mən deyərdim ki, İslam dininin aliliyi, billurluğu da, bütün bu illər ərzində varlığıma hopub. Atam Sahid Əsədov yaşadığı bölgədə özünün dərin təfəkkürü, nəcibliyi, müdrikliyi ilə tanınan, seçilən insanlardandır. Yeri gəlmişkən, qeyd edim ki, ana tərəfim Allaha, dinimizə etiqadlı olublar. Babam Qəribxan Şükürov və anamın dayısı Əcə kişi əsl dindar idilər. Yaxşı yadımdadır... Əcə kişi “Qurani-Kərimi” uşaqlığımdan indiyə kimi heç kəsdən eşitmədiyim yanıqlı bir səslə, avazla oxuyardı. Və onun nəsihətamiz-əxlaqi söhbətləri, ilahi səsi, avazı bu gün də, qulaqlarımda səslənir. O doğma səs, o söhbətlər video kasetlərdə indi də, bizim evimizdədir. Əcə kişi özünün yaşadığı dövrdə “Həcc” ziyarətinə piyada getmişdir.
-İnsan ləyaqəti və mənəvi saflıq ifadəsini necə təhlil edərdiniz?
-Ləyaqət haqqında ata-babalarımız söyləyiblər ki: “Əgər sən pulunu itirmisənsə-heç nə itirməmisən, sağlamlığını itirmisənsə-çox şey itirmisən, ləyaqətini itirmisənsə-demək, hər şeyini itirmisən”. Hər şeyi itirmək isə böyük bədbəxtlikdir. Bu itkini heç nə ilə ödəmək olmaz. Tanrıdan istəyim budur: İnsanlıq yaxşını qoyub pisə meyl etməsin. Ülvi hisslərin cəmi olan ləyaqəti itirməkdən qorxmaq gərəkdir. Ləyaqəti olmayan cismani gözəllər nə qədər çirkin görünür? Onu özünə yaraşıq edənlər isə əksinə, nə qədər gözəldirlər? Bu iki sualın cavabı çox fərqlidir. Ləyaqətliləri Allah da, qoruyur. Fikrimcə, bizə nə bəlalar gəlirsə, ləyaqətsiz, yolunu azmış, zalım, Tanrını unudan insanların ucbatından gəlir. Yəni, qurunun oduna, yaş da, yanır. Düşünürəm ki, dünyamızı çirkləndirən ləyaqətsiz insanların olmasında hamımızın günahı var. Belələrini tərbiyə etmək, onları düz yola çəkmək, bizim vətəndaşlıq borcumuzdur.
Haşiyə:
Bu gün cəmiyyətimizi narahat edən bəzi, gənclərimizin böyüklərin nəsihətlərinə ehtiyac çoxdur. Nədən, bağ və parklardakı oturacaqlarda etik qaydalara uyğun olmayan vəziyyətdə əyləşən gəncləri-onların yaxınlığından abır-həya ilə ötüb-keçən bir ağsaqqal, və yaxud da, ağbirçək dayanıb bir kəlmə “Ayıbdır bala, bura Avropa deyil, Azərbaycandır” sözləri ilə qınamır? Bəs, onları kim tərbiyə edəcək? Nədən, ata-analarımız evlərimizdən açıq-saçıq vəziyyətdə çıxan qızlarımızı geri qaytarıb tənbeh etmirlər? Nə üçün televiziya ekranlarına səslərini deyil, bədənlərini, libaslarını nümayiş etdirməyə çıxan müğənnilərimizə heç bir qadağa qoyulmur? Bəs, harada qaldı, bizim milli ləyaqətimiz? Belə hallar körpə balalarımıza da, mənfi təsir etmirmi? Bir tərəfdən də, xoşagəlməz, açıq-saçıq səhnələrlə dolu filmlərin nümayişi-milliliyimizə, tərbiyəmizə ziyan vurur... Axı, hər kəs özündə bir ləyaqət gəzdirsə, dünyamız daha nurlu, həyatımız daha ləyaqətli və uğurlu olar...
-Elə hallar olubmu ki, Sizin mübarizənizlə həqiqət öz yerini tutub və bunu qalibiyyətiniz hesab etmisiniz?
-Həyatımda belə hallarla qarşılaşmışam. Qalibiyyətimdə mənə yalnız, Tanrım kömək olub. Çünki, Allaha etiqadlı insanların inam və ümidlərinin mənbəyi həqiqətdir... Dahilər yazmışlar ki: “Həqiqət həyatın nəfəsidir, o hər cür ləyaqətin əsasıdır”.
-Deyirlər ki, xeyirxahlar bu dünyada yaşayaraq, o dünyasını qazanmış insanlardır... Çünki, insan namuslu, ədalətli, xeyirxah olmaq üçün doğulur...
-Doğrudur. Əslində, mən bu hisslərlə yaşayıram. Atalar sözüdür: “Xeyirxahlıq ömrü uzadır”. “Ağac barı, insan yaxşılığı ilə qiymətlidir”...
-Özünüzəməxsus keyfiyyətlərinizdən hansını daha çox bəyənirsiniz?
-Təkəbbürlülük yalnız, Allaha məxsusdur...
-Zəif cəhətiniz nədir?
-Qarşılaşdığım imkansızların, xəstə insanların köməksizliyi, çətin vəziyyətdən çıxa bilməməsi məni həmişə sarsıdır, ürəyimi ağrıdır. Uzun müddət özümə gələ bilmirəm. Və hərdən ürəyimdə özümlə söhbət edirəm: Biri səni dayaq bilib, pənah gətirir. Əgər, imkanın varsa, əsirgəmə. Təbiət də, bütün qapılarını yaratdıqlarının, nəfəs verdiklərinin üzünə açır: çiçəyindən, çəmənindən tutmuş bütün nemətlərini bağışlayır. Bunların müqabilində insanlar biri-birinə niyə kömək etməsinlər? İndiki çətin zəmanədə əgər, bir kimsəsizin-imkanın çatan qədər dadına çatırsansa, deməli, həmin gündə bir ömür yaşayırsan...
-Şöhrətpərəstliyi necə izah edərdiniz?
-Şöhrətpərəstlik insana layiq xüsusiyyət deyil. Şöhrətpərəstlik insanın ağlını çaşdırır və o, qarşıdan gələn təhlükəni görmür. Şöhrətə uymaq insana bədbəxtlik gətirir...
-Nədir bu həyat? Həyatı dərk etmək asandırmı? Ötən illərin təcrübəsi Sizə nələri öyrətdi?
-Mən deyərdim ki, əgər, həyat düz yoldan ibarət olsaydı, heç onun şirinliyi də, olmazdı...Həyatın, yaşamağın mənası dərindir. Dünya o qədər sirli-sehirli, möcüzəlidir ki, bizim gördüklərimiz, eşitdiklərimiz heç dəryadan bir damla da, deyil... Əslində, həyatın da, insanlar kimi iki üzü var. Bir üzünə inanırsan, o biri üzünə inanmırsan. Eyni zamanda, həyat özü-sanki... bir sualdır və sən ömrün boyu bu suala cavab verirsən. Qəribədir... Bu gün bir suala hə... söyləyən insan, sabahkı cavabında yox... söyləyir... Bəzən, inanırsan və yaxud da, inanmırsan... Bir sözlə, bu dünyanın dolaşıq cığırları, yolları çoxdur. İnsan ömrü boyu əziyyətdən, çətinlikdən keçir. Ağrılar yaşayır, itkilər verir. Beləliklə, möhkəmləşir. Yaş üstünə yaş gəldikcə, ömrün payızına, xəzanına yetişir. Beləcə... Əməlisaleh işləri, insansevərliyi, xeyirxahlığı ilə axirətini qazanmaq istəyir. Ancaq, axirətini qazanmaq da, hər kəsə nəsib olmur. Gərək, bunu bacarasan... Və sonda... Günlərin birində... Əməlisaleh İnsan... Ömür karvanının kamillik, müdriklik çağından ləyaqətlə köçməyini gözləyir.
-Sizi zəhmətinə güvənənlərdən hesab etmək olarmı?
-Şübhəsiz ki, insan zəhmət çəkmədən, heç nəyə nail ola bilməz. Nəriman Nərimanov yazmışdır ki: “İnsan ruhunu ucaldan bir çox şeylər varsa, onun birincisi zəhmətdir”. Hər kəs zəhmətinə güvənməlidir.
-Taleyinizlə dostluq edirsinizmi?
-Hər gün Tanrıma şükr edirəm.
-Tanrıdan istədikləriniz nələrdir?
-İnsanları sağlam, xoşbəxt görmək istəyirəm. Gənclərimizi elmli, bilikli, vətənpərvər, qeyrətli, humanist, öz soy-kökünə sadiq, intellektli, bir sözlə, dünya gənclərindən yüksək pillələrdə görmək arzusundayam. Tanrıdan məmləkətimizə aydın səma, torpağımıza ruzi-bərəkət, körpələrimizə firəvanlıq diləyirəm.
-Hərdən əlinizin yerdən-göydən üzüldüyü vaxtlar olubmu? Belə məqamlarda necə hərəkət etmisiniz?
-Ən gərgin vaxtlarımda belə... ümidimi itirməmişəm. Ümid-Allahın öz hümmətinə mərhəmətidir. La ilahə illəllah!-Allahdan başqa Allah yoxdur! Və biz onun sadiq bəndələriyik. Çətinliyə düşəndə, ibadətimdə Tanrıma dualar etmişəm. Allahu Əkbər-bir azan səsini heç bir vara, mənsəbə, dinə dəyişmərəm. Yeri gəlmişkən, qeyd edim ki, mən İslam dininin müqəddəs kitabını-“Qurani-Kərim”i oxumuşam və hər kəs kimi yüksək dəyərləndirirəm. Hər bir insan İslama itaət etsə, yüngülləşər və dərd-qəmdən xilas olar. İslam dini dinlər arasında saflığı, müqəddəsliyi ilə birinci yeri tutur.
-Bu gün hansı hisslərlə yaşayırsınız?
-Həsrət hissi ilə... Vətənimizin döyünən ürəyi sayılan Qarabağımız düşmən tapdağı altındadır. Mənim aləmimdə Torpaq-ata, qardaş, oğul, ərən deməkdir. Bu gün Azərbaycanın 12 rayonu bizim deyilsə, fikrimcə, bizim atalarımızın, oğullarımızın, igidlərimizin yarısı yoxdur... Torpaqlarımız yağılardan alınmayınca, hər kəs kimi mənim də, rahatlığım, dincliyim olmayacaq...
-Yeri gəlmişkən neçə övladınız var?
-Bir oğlum var. Adı Nurəlidir. Hazırda liseydə təhsil alır.
-Mahirə xanım, qadın, ana, həyat yoldaşı, “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin sədri-bütün bunlar simanızda necə birləşir? Ümumiyyətlə, Azərbaycan qadınını necə görmək istərdiniz?
-Nə qədər çətin olsa da, üzərimə düşən missiyamı düzgün və ləyaqətlə yerinə yetirməyə çalışıram. Bu mənim qadınlıq və analıq borcumdur. Zənnimcə, ən əsası bu zəhmətin özəyində qayğıları tarazlamaq, ağırlığın çəkisini saxlamaq və bir də, daha çox uğur qazanmaq tələb olunur. Müasir dövrün qadını hərtərəfli inkişaf etməlidir. Onlarda insani keyfiyyətlər - Vətən, ana, övlad sevgisi, ailə qayğısı çəkmək kimi müsbət xüsusiyyətlər çoxdur. Azərbaycan qadınlarını zərif, pak, qeyrət və vətənpərvərlik rəmzi kimi daha çox sevirəm. Qadınlarımızda xarici görkəmə yox, daxili gözəlliyə daha çox üstünlük verirəm. Mən onları gözəl, təravətli, qadınlıq qürurlarını həmişə uca tutan, ailəyə və övlada sadiq olan xanımlar kimi görmək istəyirəm. Arzu edirəm ki, xanımlarımız yadlardan deyil, soy-kökümüzdən, özümüzdən nümunə götürsünlər.
-Adət-ənənələrimizə münasibətiniz?
-Qədim tarixə, yüksək mənəviyyata, mədəniyyətə malik olan xalqımızın əsrlər, minilliklər boyu formalaşdırdığı, nəsillərdən-nəsillərə ötürə-ötürə bu günümüzə gətirib çıxardığı adət-ənənələrimiz əvəzsiz sərvətdir. Ən inkişaf etmiş xalqların çoxunun belə, mənəviyyat xəzinəsində rast gəlinməyən, ancaq xalqımıza məxsus elə adət-ənənələr var ki, onlarla digər millətlər və xalqlar qarşısında haqlı olaraq fəxr edə bilərik. Böyüyə, ağsaqqala hörmət-ehtiram, şərəfin, namusun hər şeydən uca tutulması, qonaqpərvərlik, son tikəsini qapını döyən Allah bəndəsi ilə bölmək çox xalqların mənəviyyat xəzinəsində analoqu olmayan əvəzsiz keyfiyyətlərdir. Biz bunları gələcək nəsillərə bir miras kimi qoruyub saxlamalıyıq.
-Həyatda idealınız olubmu?
-İdealsız yaşamaq mümkün deyil. O ideal mənim müəllimlərim, valideynlərim, millətimizin müdrik, ağıllı, görkəmli adamlarıdır. Əsas idealım isə anam Qəribcan xanımdır. Bəlkə də, həyatda onun təkrarıyam. Anam kimi ürəyiyumşaq, həlim xasiyyətliyəm. Heç kəsin qəlbinə dəyməyi xoşlamıram.
-Sizin üçün zaman necə keçib?
-Sanki... Bir göz qırpımında...
-Gününüzün axarı əlinizdədir. Yeni günə hansı ovqatla başlayırsınız?
-Yeni günə bütün müsəlmanlar kimi Allahın bizə bəxş etdiyi “Bissimillah” kəlməsi ilə başlayıram. Sualınızı bir qədər də, dini dəyərlərimizlə cavablandırmaq istəyirəm. Ulu Tanrının nazil etdiyi “Qurani-Kərim” bütün elmlərin ən mükəmməlidir. İnsan onu oxuduqca, mənəvi cəhətdən paklaşır. İslam insanları pis yoldan çəkindirir, doğru yol göstərir, şükranlı edir... Biz üzümüzə açılan səhərimizə, parlayan günəşimizə, bir parça çörəyimizə və sağlamlığımıza hər gün şükr etməliyik.
Mahirə xanımın daxilində özünə, xalqına, ailəsinə, övladına güclü inam və məhəbbət hissi var. Bu, həm də, sabaha inamdır, müstəqilliyimizin əbədiyaşarlığına, qələbəyə, rəhbərə inamdır, gördüyü işə, atdığı addıma inamdır. İnam yaradıcı qüvvədir.
-Sonda oxucularımıza arzunuz...
-Qəzetiniz öz rəngarəng mövzuları ilə oxucuların məhəbbət və rəğbətini qazanmışdır. Ömrü uzun-yolu işıqlı olsun. Sağ olun ki, məni də, yada saldınız.
-Siz də, sağ olun. Sizin də, arzularınızın, fəaliyyətinizin uğurlu sabahlarına inanırıq. Könlünüzün işığında...
Biz də, öz növbəmizdə milli dövlətçiliyimizin möhkəmlənməsi yolunda ağıllı, elmli qadınlarımıza yeni-yeni uğurlar arzulayaraq fikrimizi Peyğəmbərimizin (s.ə.) qadınların ailədə və cəmiyyətdə roluna verdiyi dəyərlə - aşağıdakı kəlamla tamamlamaq istəyirik:
“Qadın cəmiyyətin əsasıdır. Qadının tərəqqisi ölkənin tərəqqisi deməkdir!”...
Xanım Bilalqızı,
"Şərqin səsi" qəzeti,
N: 12 (312), dekabr, 2015-ci il.
.