Sazın-sözün işığında
1999-cu il... Baharın xoş çağında söz dünyasının məşhur sənətkarı Aşıq Kamandar sazın-sözün işığına toplaşanlara öz sənət töhfəsini xüsusi zövqlə bəxş etdi.
Ustad Aşıq Kamandar tək Borçalıda deyil, bütün türk dünyasında öz dəsti-xətti ilə sayılıb seçilən azman sənətkardır.
Qırx ildən (indi artıq 60 ildən - Red.) çoxdur ki, Aşıq Kamandarın sorağı hər yandan gəlir.
Şirin avazı, incə barmaqları, bir sözlə, öz üslubu var.
Aşıq Kamandar saysız-hesabsız divani, gəraylı, təcnis, qoşma, müxəmməs və s. şeirlərin müəllifidir.
Bu saz-söz məclisində Ustad Aşıq Kamandar
həmsöhbətləri -
“Şərqin səsi” qəzetinin
baş redaktoru,
tədqiqatçı-filoloq
Muşfiq Çobanlı,
“Borçalı” qəzetinin
baş redaktoru,
həkim-jurnalist
Azadə-Taleh Abbasqızı,
“Şərq” qəzetinin
baş redaktoru
Akif Aşırlı,
“Ədəbiyyat” qəzetinin
şöbə müdiri,
şair Davud Nəsib,
şair Salman Qazi,
eləcə də Səməd Sadıqov, Arif Sadıqov, Akif Sadıqov, Muraz Sadıqov və başqalarına
Dədə Qorquddan üzü bəri gələn qədim saz sənətindən, ağır el havalarının yaranma tarixindən söz açdı.
Saz sənətinin son zamanlar incəldiyindən, yəni ona biganə münasibət bəsləndiyindən gileylənən ustad haqqlı olaraq dedi:
-Hər əlinə saz alana, bir-iki hava çalıb oxuyana aşıq demək olmaz.
Aşıq el anasıdır.
Gənc nəsil, bir sözlə, yaşından asılı olmayaraq hər bir kəs aşıqdan ibrət dərsi götürməlidir.
Aşıq elə gözəl, aydın, ifadəli danışmalıdır ki, hamıya sirayət eləsin.
Müasir dövrün savadsız aşığı aşıq deyil.
Nə yaxşı ki, Borçalı mahalında Qarayazıda saza-sözə böyük hörmət bəslənir.
Ulu babalarımızın adət-ənənələrinə uyğun olaraq sazla, qara zurna ilə gəlin gətirib, qız köçürürlər.
Ustad sənətkar qeyd etdi ki, qədirbilən cavanlarla əyləşməyi özümə boc bilirəm.
Qoy cavanlar görsün ki, ustadın adına görə dadı da var.
Cavanların da ağsaqqallara böyük ehtiyacı var, çünki onların hələ görüb-götürəcəyi mətləblər çoxdur.
Sonra Aşıq Kamandar bildirdi ki, Əşrəf Təmirli hələlik mənim axırıncı şəyirdimdi.
İnanıram ki, o, bu sənətin ən layiqli davamçısı olacaqdır.
Gənc aşıq Etibar Sadıqov isə sənət yolunda mənim nəvəm düşür.
Yəni o, Aşıq Əşrəfin şəyirdidir. Eyni zamanda mənimdə şəyirdimdir.
Etibar qabiliyyətlidir, onun gələcəkdə həm şair, həm də yaxşı aşıq olacağına şübhəm yoxdur.
Sonra Aşıq Əşrəf Təmirlinin və Etibar Sadıqovun oxuduqları havalar bu şeir-sənət məclisinə əsrarəngiz gözəllik verdi.
Məclisdə əyləşən şair Salman Qazi elə orada ustada şeir həsr etdi.
Şeirin sonuncu bəndi belə idi:
Sözləri sanballı, çəkisi ağır,
Danışanda gövhər axır, ləl yağır
Salman, axtaranda Kamandar çağır,
Təbiətinə qurban olum ustadın.
...Sazlı-sözlü məclisdə ixtisasca riyaziyyat müəllimi olan Arif Umudoğlunun ustad Kamandara həsr etdiyi
bu şeir yadımıza düşdü:
Borçalı elində - Kəpənəkçidə
sazı sinəsində vardı Kamandar.
Avazı susduran bağda bülbülü,
Yamyaşıl bağlarda bardı Kamandar.
Dastanlar başlayar gecə sübhədək,
Bilməzsən, zaman, vaxt necə keçəcək.
Bir daha tarixə nə vaxt gələcək?
Aşıq, şair, bəstəkardı Kamandar.
Ustad unutmayıb, ustad olsa da,
Yaxın buraxmayıb ah, aman qada.
Arif də söyləyir qoca dünyada
Vəfa, ilqar, etibardı Kamandar.
Etibar Arif oğlu Sadıqov Aşıq Kamandarın ümidverici şəyirdlərindəndir.
Onun bir şeirini oxucularımıza təqdim edirik.
BAŞKEÇİD
Mənim ana yurdum doğma diyarım,
Qəlbimin sevdası, canım Başkeçid.
Sənin qucağında mən boy atmışam,
Ey ağzımın dadı, canım Başkeçid.
Dağlarında hərdən-hərdən oluşam,
Çiçəklərini dəstə-dəstə yolmuşam,
Qoynunda da bir neçə il qalmışam,
Ey zamanım, vaxtım, anım, Başkeçid.
Sənin ocağının istisindəyəm,
Dəllərə getməyin həsrətindəyəm,
Dağlarda qalmağın həvəsindəyəm,
Ey gözümün nuru, şanım, Başkeçid.
”Borçalı” qəzeti, N: 08 (26),
10 may 1999-su il.
"Şərqin səsi", N: 68 (298),
Oktyabr, 2014-cü il.
.