Başkeçid elində, indiki Gürcüstanın Dmanisi rayonundakı
Qızılkilsə kəndində anadan olub.
1971-ci ildə Gəncədə Kənd Təsərrüfat İnstitutunu bitirib.
O, həmişə dağların vurğunu olub,
onlara çoxlu sayda şeirlər həsr edib.
İladinin rəhmətlik atası Ömər müəllim də saz-söz vurğunu olmuş, çoxlu sayda bayatılar yazmışdır.
Qardaşı Nəbi Borçalı, bacıları Səadət Buta və
Səringül Sadə şeir dünyasında tanınan
söz sahibləridirlər.
İladi Öməroğlu indi Bakıda yaşayıb-yaradır.
On iki kitabın müəllifidir.
Şeirləri çoxsaylı mətbuat orqanlarında,
Müşfiq Borçalının "Sazlı-Sözlü Borçalı" (2015-2021),
"Sazlı-Sözlü Başkeçid" (2015-2021), "Zirvə" (2017-2021)
və s. poeziya antologiyalarında dərc olunub.
O, “Qızıl Qələm” və "Zirvə" mükafatları laureatıdır.
Biz də İladi Öməroğluna yeni-yeni yaradıcılıq uğurları arzulayır
və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
turan.info.az
Azərbaycan Bayrağı
El içində şöhrəti var, şanı var,
Bunu bilir yaxın-uzaq hər diyar.
Onun ilə elyəyirik iftixar,
Nə gözəldi Azərbaycan bayrağı,
Xalqımızın sevinc-ilham qaynağı.
Yaşıl rəngi müsəlmana gərəkdi
Qırmızısı-müasirlik deməkdi.
Mavisi də türk olana ürəkdi
Nə gözəldi Azərbaycan bayrağı
Ay-ulduzdur onun yanar çırağı!
Ucalıbdı, enən deyil bir daha,
Zəfərlidi,şükür olsun Allaha.
Qovuşdurur bizi nurlu sabaha,
Nə gözəldi Azərbaycan bayrağı,
El-obanın arxa,ümid-dayağı.
Təbriz
Həmişə gur yansın odun-ocağın,
Bir cənnət kimidir sənin qucağın.
Dünyalara dəyər Gülüstan bağın,
Sənsən gözəlliklər şəhəri, Təbriz!
Şah İsmayıl baba döyüşə girdi,
Dedi Azərbaycan vahiddi-birdi.
Hər daşın-divarın ziyarət-pirdi,
Olubsan dillərin əzbəri,Təbriz!
Bayraq qaldırıbdı xalqla bir zaman,
İgid Səttərxanla,cəsur Bağırxan.
Heç yaddan çıxarmı Xiyabani can,
Yenə çalacaqsan zəfəri,Təbriz!
Çoxdu minarələr,qədim qalalar,
Səndə ərənlərin çox ünvanı var.
Qoynunda uyuyur ulu Şəhriyar,
Xaqani güvənci,gövhəri,Təbriz!
Hər vaxt parlaq görək bəxt ulduzunu,
Burdan gedib kəsək çörək duzunu.
Səni görmədikçə illər uzunu,
İladi eyləyir qəhəri,Təbriz!
Bizimdi
Mən deyim sözümə yaxşı qulaq as,
Bizimdi Fərqanə, bizimdi Talas.
Cümlə Türküstanın elləridi xas,
Ankara, Aşqabad, Kaşkar bizimdi!
Qaraqum,Qızılqum,Təklə-Məkandı,
Qazax çölləridi,Mildi-Muğandı,
O Taylı,Bu Taylı,xalqa əyandı,
Azərbaycan adlı diyar bizimdi!
Gözəldi Urmiyə,Balxaş,həm Xəzər,
Göyçə gölü olub dillərdə əzbər.
O Göy-Göldən verir mələklər xəbər,
Kür,Araz kimi də çaylar bizimdi!
Altay,Ağrı dağı,Qafqaz,Savalan,
Babamız yaylağı olub hər zaman.
Heydərbaba bizə müqəddəs məkan,
Əyriqar,Alagöz,Qoşqar bizimdi!
İladi olubdu Türkün heyranı,
Qorqudun kitabı dərdin dərmanı.
“Alpamış”, ”Koroğlu”, ”Manas”dastanı,
Ulu Türküstanda nə var bizimdi!
Axıskalı olan Türk qardaşlarım
Ürəkdən sizlərə söylərəm salam,
İstərəm dərdiniz-qadanız alam.
Sizi düşünürəm hər səhər-axşam,
Axıskalı olan Türk qardaşlarım!
Neçə qürbət eldə ev-eşik yapan,
Axıskanı anıb təskinlik tapan,
Nəğməsinə belə,qəm-kədər hopan,
Qəriblikdə qalan Türk qardaşlarım!
Tərsinə dolanır dünyamız,deyən,
Görüm yoxa çıxsın işləri əyən.
Mesxetdə dağlar var yolu gözləyən,
Tanrıdan güc alan Türk qardaşlarım!
Qars, Ardahan
Qars da Ardahan da can-ciyərimdi,
İkisi də mənim ay-ülkərimdi.
Onlar körpəlikdən dil əzbərimdi,
Görüm hər birisin Allah saxlasın!
Çırağı gur yansın Qarapapağın,
Oradan alırıq igid sorağın.
Çoxdu gül-çiçəyi yamac-yaylağın!
Qoy yolu düşən kəs dərib qoxlasın!
Şair İladiyə bəlli özləri,
Ustad aşıqların şirin sözləri.
Hamısı halaldı,toxdu gözləri,
Varsa inanmayan,gedib yoxlasın!
Şenlik Dədəmiz
Ərənlər əlindən badə içibdi,
Özünə dost-həmdəm sazı seçibdi.
Pirlərin keçdiyi yoldan keçibdi,
Sevib din-imanı Şenlik Dədəmiz!
Çay kimi çağlayıb eşqi-ilhamı,
Dastanlar söyləyib,deyib kəlamı.
Öyüd-nəsihətdən yandırıb şamı,
Aşıqlar sultanı Şenlik Dədəmiz!
İladi qurbandı kəramətinə,
Şöhrət-şan gətirib Türk millətinə.
Bənd edib özünə,söz-hikmətinə,
İranı,Turanı Şenlik Dədəmiz.
Mehralı bəy
Çara qarşı çıxıb,üsyan eyləyib,
Yağılar qəlbini al qan eyləyib.
Nə ki,zalım varsa,divan eyləyib,
Darvazın aslanı o Mehralı bəy!
Bir vaxt qaçaq olub,gəzib elləri,
Köməklik göstərib,tutub əlləri.
Sonda Türkiyəyə edib səfəri,
Osmanlı mehmanı o Mehralı bəy!
Rusun sinəsinə çəkib çox dağı,
İstanbula çatıb səsi-sorağı.
Qarsın qalasına sancıb bayrağı,
İgidlər sultanı o Mehralı bəy!
Son dəfə döyüşüb viran Yəməndə,
Taleyi-qisməti düşüb kəməndə.
İslam aləmində bilir hər bəndə,
Qazanıb ad-sanı o Mehralı bəy!
Onu unudarmı,gör heç milləti,
İladi söyləyir bol-bol rəhməti.
Dillər əzbəridi,hünər-qeyrəti,
Yaradıb dastanı o Mehralı bəy!
Bir Mustafa bəxş olunub cahana
Salonikdə günəş doğub parlayıb,
Türk evində ocaq yanıb,gurlayıb.
“Oğlan oldu” xəbərini el yayıb,
Bir Mustafa bəxş olunub cahana,
Şan-şöhrəti yayılıbdı hər yana.
Müəllimi Kamal qoyub adını,
O,tanıyıb yaxınını-yadını.
Döyüşlərdə çəkib minib atını,
Bir Mustafa bəxş olunub cahana,
Yağıları qırıb töküb mərdana.
Sarılıbdı top-tüfəngə, yarağa,
Anadolu qalxıb durub ayağa.
Güvənibdi ay-ulduzlu bayrağa,
Bir Mustafa bəxş olunub cahana,
Dövlət qurub-türk taleyi oyana.
Kamal paşa hər əzaba qatlanıb,
Düşmənləri zəlil olub,odlanıb.
Öndərimiz Atatürk də adlanıb,
Bir Mustafa bəxş olunub cahana,
Ömrü boyu minnətdarıq biz ona.
Türk olana xoş arzular diləyib,
Yeniliyi hər sahədə eyləyib.
“Azərbaycan canımızdır”söyləyib,
Bir Mustafa bəxş olunub cahana,
Doğa bilməz belə oğul hər ana!
Səmərqənd
Qoca Şərqin gözəllikdə sonası,
Qəhrəmanlar, mərd-igidlər anası,
Ər Tunqanın unudulmaz qəm-yası,
Turan elli,şöhrət-şanlı Səmərqənd,
Bol nemətli, Zərəfşanlı Səmərqənd.
Bir dünyadır Şahi-Zində duyulmaz,
Naxışların hikmətindən doyulmaz.
Türbələrin qübbələri sayılmaz,
Turan elli,şöhrətli-şanlı Səmərqənd,
Gur Əmirli,Registanlı Səmərqənd.
Teymurləngin,Uluğbəyin oylağı,
Babur şahın həmişəlik fərağı,
Özbəklərin parlaq,sönməz çırağı,
Turan elli,şöhrət-şanlı Səmərqənd,
Gəranaylı,xoş lisanlı Səmərqənd.
Qayıdam
İstərəm baş çəkəm Ötükənə mən,
Dəmir libas geyib, keçəm Çinə mən.
Orxonda dayanıb quram binə mən,
O dədə yurduna dönəm,qayıdam!
Altay dağlarına seyrana çıxam,
Dəmir dağ əridəm, bir yana çıxam.
Bozqurdla bərabər meydana çıxam,
Yenə düşmən varsa,yenəm, qayıdam!
Uyğur sorağıyla düşəm yollara,
Baş çəkəm Yarkəndə,gedəm Kaşqara.
Tyan-Şanda düşsəm borana-qara,
Karaşar,Turfana enəm qayıdam!
Yeddisu deyilən məkanı gəzəm,
Yeddi çay eşqinə nəğmələr düzəm.
Yayın istisində Balxaşda üzəm,
O səmənd atlara minəm qayıdam!
Yenidən üz tutam böyük Turana,
Xəzər dənizinə-Azərbaycana.
İladiyəm,çatam arzu-gümana,
Qarsda,İstanbulda dinəm qayıdam!
Türkü-Türkdən kim ayırar
Duası bir,namazı bir,
Dastanları,avazı bir.
Yol-ərkanı,murazı bir,
Türkü-Türkdən kim ayırar?
Babaları,bu əyandı,
Ər-Tunqadı,Oğuz xandı.
Ulu yurdu Türküstandı,
Türkü-Türkdən kim ayırar?
Vecə almaz hədələri,
Dədəm Qorqud dədələri.
Osman,Babur nəvələri,
Türkü-Türkdən kim ayırar?
Ataların sözü eyni,
Ocaqların közü eyni.
Geyim başqa,özü eyni,
Türkü-Türkdən kim ayırar?
İladi də duyub-anlar,
Bəxtəvərdi Türk olanlar.
Bunu deyib çox insanlar,
Türkü-Türkdən kim ayırar?
Türk elləri
Harda varsa Türk elləri,
Şirin-şəkər,bil dilləri.
Türküstanın boz çölləri,
Bağım-bağcam,cənnətimdi.
Hunlar,Göytürk,o Qırğızlar,
Türkeş,Karluk,həm Oğuzlar,
Avar,Xəzər,Qıpçaq,Uzlar,
Bütün bunlar şöhrətimdi.
Ötükənim müqəddəs yurd,
Altay-Turan,bir də Bozqurd,
Alp Ər-Tunqa,Dədəm Qorduq,
Dil əzbərim,qeyrətimdi.
Aşqabadım,o Yarkəndim,
İstanbulum,Səmərqəndim,
Bakı,Təbriz və Dərbəndim,
Adım-sanım,qüdrətimdi.
Qaqauzla Yakut,Salar,
Başqırd,Xakas,Tuva,Tatar,
Noqay,Kumık,Çuvaş,Balkar,
Qaraçayım millətimdi.
Qaraqalpaq,həm də Qazax,
Türkmana bax,sən Türkə bax.
Lazım gəlsə,can oda yax,
Onlar da bir ümmətimdi.
Zəngəzurdu, Borçalıdı,
Qədim Göyçə mahalıdı.
İladinin calalıdı,
Bunlar ürək söhbətimdi.
Gördüm
Mən ömrümün baharında,
Qardaş Qazax diyarında,
Alatau dağlarında
Çox ayüzlü sona gördüm,
Gəlin,bacı, ana gördüm.
Qırx hörüklü,qırx bəzəkli,
Ağ buxaqlı,ağ biləkli,
Xoş arzulu,xoş diləkli,
Çox ayüzlü sona gördüm,
Bağlanmışam ona,gördüm.
Baxışları közə bənzər,
Sözü bizim sözə bənzər.
Nəfəsləri müşklə ənbər,
Çox ayüzlü sona gördüm,
Odlar salır cana gördüm.
Atdan düşüb,ata minən,
Gülümsəyib “can”la dinən,
Söhbətimdən hey sevinən,
Çox ayüzlü sona gördüm,
Bənzər sultan,xana gördüm.
Danışdıqca deyən hər an,
Canımızdır Azərbaycan.
İladini doğma sanan,
Çox ayüzlü sona gördüm,
Qandı,çəkir qana gördüm.
Göytürklərin yazıları
Şöhrətimiz-şanımızdı,
Adımızdı-sanımızdı.
Daşa hopan canımızdı,
Göytürklərin yazıları!
Hər bir yanda bəlli adı,
Yaradıbdı Türk övladı.
Yeniseydə,Orxondadı,
Göytürklərin yazıları!
Oxuduqca sətir-sətir,
Güllər kimi saçır ətir.
Pozulmaya,olam çətir,
Göytürklərin yazıları!
Xəbər verir çöldən,Çindən,
Türkün döyüş qüdrətindən.
Bilgə xaqan,Gültekindən,
Göytürklərin yazıları!
O daşların önündə biz,
Ey İladi,gəl çökək diz.
Tarixlərdə qoyubdu iz,
Göytürklərin yazıları!
Türk oğluyam
Vətənimdi Sayan,Altay,
Ötükəni,Kaşqarı say.
Heç Urala olarmı tay,
Yurdu Turan Türk oğluyam.
Volqaboyu,Krımla Qafqaz,
Türkiyəni,Kərkükü yaz.
Bakı,Təbriz, verir avaz,
Azərbaycan Türk oğluyam.
Hökm eylədim dağa-daşa,
Öz xalqımı çəkdim başa.
El-obaya,yar-yoldaşa,
Arxa duran Türk oğluyam.
Qorxutmayır məni hədə,
Qalıb gəldim hər bir vədə.
Yüz illərlə üç qitədə,
Dövlət quran Türk oğluyam.
Dərs almışam ərənlərdən,
Olmaz məni məğlub edən.
İladiyəm,düşmənlərdən,
Hesab soran Türk oğluyam.
Koroğlunun qalası var
Türkiyədə-Alosmanda,
Azərbaycan-Türküstanda,
Həm İraqda,həm İranda
Koroğlunun qalası var.
Borçalıda, o Dərbənddə,
Göyçəmizdə,Çuxursəddə,
Zəngəzurda,bərə-bənddə,
Koroğlunun qalası var.
Nəğmələri gəzir dildə,
Çənlibeldə,Çamlıbeldə,
Uzaq eldə yaxın eldə,
Koroğlunun qalası var.
Dərələrin qaşında da,
Dağların lap başında da,
Yurdun qaya-daşında da,
Koroğlunun qalası var.
Ey İladi,ağıllarda;
Dastanlarda,nağıllarda,
Türk yaşayan hər diyarda,
Koroğlunun qalası var.
Qaqauzlar
Bizə qardaş Qaqauzlar,
Onlardı bil,Göyoğuzlar.
Avropada Türk ulduzlar,
Çox sevirlər ellərini.
İsəvidir insanları,
Çoxdu nağıl,dastanları,
Şir kimidi oğlanları,
Qoruyurlar dillərini.
Keçirirlər gözəl həyat,
Ey İladi,nəğmə yarat.
Yurdları var Lunqa, Komrat
Sən görəsən güllərini
Türkiyə
Türküstanın şöhrət-şanı,
Türkiyədir,onu tanı.
Yada salaq Alp-Arslanı,
Könlümüzün sultanıdı.
Osman Qazi-ər oğlu ər,
Dövlət qurub-dildə əzbər.
Sögüt,Bursa bir ləl-gövhər,
Türkün əsas məkanıdı.
Sultan Mehmet açıb yolu,
Fəth eyləyib İstanbulu.
O məmləkət mərdlə dolu,
Qəhrəmanlar meydanıdı.
Aşıq gərəy sazın çala,
Atatürkdən söhbət sala,
Şəhid yeri Çanaqqala,
Türkün zəfər dastanıdı.
Ey İladi,ondan danış,
Qars,Ardahan,Sarıqamış,
Babamızı doğma sanmış,
Qarapapaq ünvanıdı.
Türkiyə və Azərbaycan
“Bir millətdi, iki dövlət”,
Ola bilməz başqa söhbət.
Qardaşlıqda tapıb şöhrət.
Türkiyə və Azərbaycan!
Kökü-soyu,eli birdi,
Din-imanı,dili birdi.
Düşmənlərə pələng-şirdi,
Türkiyə və Azərbaycan!
Həmişə də düz-haqlıdı,
Tək deyil qol-budaqlıdı.
Ay-ulduzlu bayraqlıdı.
Türkiyə və Azərbaycan!
Tərəkəmə
Sən aylısan,ulduzlusan,
Qars,Ardahan,Salduzlusan.
Borçalısan-çox ulusan,
Eşq olsun,ay Tərəkəmə.
Yox sənə tay,Tərəkəmə.
O dağların xanı sənsən,
Hünər-qeyrət kanı sənsən.
Elin şöhrət-şanı sənsən,
Tanrıdan pay,Tərəkəmə,
Qurulu yay,Tərəkəmə.
Türk oğluyam,olum qurban,
Düşməninə vermə aman.
İladini hər bir zaman
Qardaşın say,Tərəkəmə,
Çağlayan çay,Tərəkəmə.
Türkəm-Türkü çox sevirəm
Oğuz,Karluk,Qıpçaq olsun,
Yaxın olsun,uzaq olsun,
Dərya-ümman,bulaq olsun,
Türkəm-Türkü çox sevirəm!
Dilimizdi dildən gözəl,
Elimizdi eldən gözəl,
Sözlərimdi zərbi-məsəl,
Türkəm-Türkü çox sevirəm!
Dağlı olsun,ya aranlı,
Ya İranlı,ya Turanlı,
Safürəkli,təmizqanlı,
Türkəm-Türkü çox sevirəm!
Əgər Türksə-Musəvisə,
Bütpərəstsə,İsəvisə,
Şamandısa,hər nə isə,
Türkəm-Türkü çox sevirəm!
Türkə kömək olsun Mövlam,
Mən alıram ondan ilham.
İladiyəm,dinim İslam,
Türkəm-Türkü çox sevirəm!
Yunus sözü
Yunus sözü bal kimidir,
Gözəl üzdə xal kimidir,
Bir dodaqda al kimidir,
Ondan heç vaxt doymaq olmaz!
Türk oğludur Yunus özü,
Sərraf olub onun gözü,
Yunus sözü-Ata sözü,
Başqa sözə uymaq olmaz!
Yunus sözü-Turun dağı,
Yunus sözü-cənnət bağı,
Yunus sözü-göy qurşağı,
Neçə rəngdir duymaq olmaz!
Yunus sözü-hikmət dolu,
Yunus sözü-Kəbə yolu,
Yunus sözü-məsəl olu,
Onsuz oba-oymaq olmaz!
Yunus sözü-sıramızda,
Yağtək yanır çıramızda.
Əmrə yoxsa aramızda,
Onu yoxdu saymaq olmaz!
Dili Türkümün
Cümlə-cahana yayılır,
Uludan ulu sayılır.
Avazına can bayılır,
Qəşəngdi dili Türkümün!
Dərin hikmət var kökündə,
Sanki bir günəş,ay Çində.
Altay dilləri içində,
Özəkdi dili Türkümün!
Bəllidi ölkə-mahalda,
Şirinliyi yox qənd,balda.
Volqaboyunda,Uralda,
İpəkdi dili Türkümün!
Nəğmə,bayatı,qəzəldi,
Önümüzdə nur-məşəldi.
Osman yurdunda əzəldi,
Çiçəkdi dili Türkümün!
Möhkəm bağlanıb tar,saza,
İladi istər söz yaza.
İran,Turanla Qafqaza,
Bəzəkdi dili Türkümün!
Ulu Tanrım
Ulu Tanrım, yerə salma sözümü,
Mən göylərə zilləmişəm gözümü.
Tez tapılsın Qarabağın çözümü,
Ellərimiz yenə darda qalmasın.
Hökmün çatır yerə-göyə cahana,
Bir damlanı döndərirsən ümmana.
Mədəd eylə səndən kömək umana,
Saleh bendən intizarda qalmasın.
Tamah ilə dayandırma diz-dizə,
Ey Allahım, kölgənicə sal üzə.
Hatəm-Tai qismətindən ver bizə,
Gözlərimiz dövlət-varda qalmasın.
Yaradırsan bir andaca uca dağ,
Çiçəklənir buyruğunla bağça-bağ.
Qadir Mövlan, eylə bizi üzüağ,
Millətimiz atəş-narda qalmasın.
Uzaq olsun qəlbimizdən əndisə,
Könül açaq, qoy yarayaq biz işə.
Köç edəndə heç düşünməyək təşvişə,
İladi də ahu-zarda qalmasın.
Azərbaycan bayrağı
Dalğalanır müdam kənddə-şəhərdə,
Bayramlarda, döyüşlərdə, zəfərdə.
Görməmişik beləsini bəşərdə,
Nə gözəldir Azərbaycan bayrağı,
Xalqımızın sevinc-ilham qaynağı.
Yaşıl rəngdə din-islam adı var,
Qırmızısı müasirlik arzular.
Mavi rəngi türk olana iftixar,
Nə gözəldir Azərbaycan bayrağı,
Ay-ulduzdur onun yanar çırağı.
Ucalıbdır enən deyil bir daha,
Onun üçün dua edək Allaha.
Qovuşdurur bizi nurlu sabaha,
Nə gözəldir Azərbaycan bayrağı,
El-obanın arxa-ümid dayağı!
Başkeçid
Tanrımız olubdur dayağın sənin,
Tur dağı misalı hər dağın sənin.
Bir abi-kövsərdi bulağın sənin,
Dədə-baba yurdu Ulu Başkeçid.
Ey dinim-imanım, canım parası,
Dizimin təqati, gözüm qarası.
Ad-sanın yadlara ürək yarası,
İlhamın qanadı, qolu Başkeçid!
Ellər arasında bəlli mənliyin,
Gəzir ağızlarda toyun-şənliyin.
Türkoğlu Çıldırlı Aşıq Şenliyin,
Üstündən keçibdi yolu, Başkeçid!
Doyunca gəzmişəm dağlar başını,
Dünyaya vermərəm torpaq-daşını.
Qədim yurd yerləri deyir yaşını,
Sinəsi dastanla dolu Başkeçid!
Bizim Borçalıda bənzərsən taca,
Ülfət-məhəbbətə açmırsan baca.
Əgər lazım gəlsə, lap bir andaca,
İladi Qurbanın olu, Başkeçid!
Mənim sevdiyim
Bizim Başkeçiddi – doğma vətəndi,
Meşəli dağlardı, çöldü-çəməndi,
Uca zirvələrdə, dumandı-çəndi,
Yalçın qayalardı mənim sevdiyim.
Ellər binə quran geniş yaylaqdı,
Suyu qaysaqlanan soyuq bulaqdı,
Dərədi-təpədi, yoldu-yolaqdı,
Çiçəkli bahardı mənim sevdiyim.
Qırx il yaşadığım o kəndimizdi,
Babalar saldığı cığırdı-izdi.
Bir ey süd əmmişdi – qəlbi təmizdi,
Düzdü – düzilqardı mənim sevdiyim.
Layla bayatılı Ana dilimdi,
İgid-qəhrəmanlı ağır elimdi,
Ağsaqqal, ağbirçək, qaratelimdi,
Əyilməz vüqardı mənim sevdiyim.
Adı Borçalıdı-gözəl məkandı,
Qarayazı ilə Bolus, Sarvandı,
İladi yurdudu – Şindi, Sərxandı,
O bizim diyardı mənim sevdiyim!
Yemlikli
Tanrımızın hikmətindən yaranıb,
Yellər ilə yamacları daranıb.
Nuh Nəbidən gərək olub-aranıb,
Dədə-baba yaylağımız Yemlikli.
Yağış yağıb ətəyində çən durub,
Qayaları buludlarla tən durub.
Eşq-ilhama qanad verib-uçurub,
Yurd-yuvamız, ocağımız Yemlikli.
Yalan deyib Yaradana düşüb çaş,
Çoban ilə qoyunları olub daş.
Bizim üçün başımızdan başdı-baş,
Sirlə dolu pir dağımız Yemlikli.
Buzlu bulaq məst eyləyir insanı,
Çənlibeldi sanki onun bir yanı.
Hər vaxt olub ərənlərin meydanı,
Ümid, inam çırağımız Yemlikli.
Qaraçöpün yarasının məlhəmi,
Məhəmmədlər, Cəlillərin həmdəmi,
Nağılların aləmidir aləmi,
Gecə-gündüz marağımız Yemlikli.
Babalarım Kolu ilə Ramazan,
O yerlərdə hər il olub xan çoban.
Unudulmaz arxac yeri heç zaman,
Arzu-istək sorağımız Yemlikli.
İladi də ayrı düşüb oradan,
Neçə illər gəlib keçib aradan.
Kömək etsin qoy bizlərə Yaradan,
Yenə olsun oylağımız Yemlikli.
* Yemlikli - Dağ adıdır.
Ayrıldım
Borçalıdan-Başkeçiddən – vətəndən,
Çətin gündə dərdə-hoya yetəndən,
Bağ-baxçadan, gül-çiçəkdən-çəməndən,
Laləzardan-gülüstandan ayrıldım.
Bizim ellər dost-sirdaşa rəvadır,
Təbiəti cana dərman, dəvadır.
Bulaqları abi-kövsər, şəfadır,
Cənnət kimi bir məkandan ayrıldım.
Əyriqayadan, Yemliklidən, Şindidən,
Uzaqlaşdım saçlarıma düşdü dən.
Bu fələyin qəzəbinə gəlib mən,
Şamdüyədən, o Sərxandan ayrıldım.
Sevinc-şadlıq, arzu-istək, neşədən,
Dərə-təpə, koldan-kosdan, meşədən.
Yoldan-izdən, hər bucaqdan-köşədən,
Neçə-neçə gövhər-kandan ayrıldım.
İntizardan bağrım başı oldu qan,
Qızılkilsə deyə-deyə çıxır can.
İladiyəm, zənn edirəm nagahdan,
Ulduz kimi kəhkəşandan ayrıldım.
Şindi dağı
Şindi dağı, keçən günü yad edək,
Bir anlığa qəm-qüssəni bad edək.
Tay-tüşları, yoldaşları şad edək,
Geri dönək cavanlığa qayıdaq,
Bu dünyanın möhnətini cayıdaq*.
* - Çaşdırmaq, yayındırmaq
Fani dünya de kimlərə qalıbdı,
Neçə-neçə cavan canlar alıbdı.
Qocaları yaman hala salıbdı,
Gələnədək son günümüz-növbəmiz,
Dua edək qəbul olsun tövbəmiz.
Şindi dağı, xəyalımız səndədi,
Yağış-yağmur, dumandadı-çəndədi.
Dağlı olan necə gözəl bəndədi,
Çəmən görüb, çiçək görüb, yar görüb,
Uca-uca zirvələrdə qar görüb.
Şindi dağı, qoy soruşum halını,
Gəzim sənin yamacını-yalını.
Əvvəl-axır köç təbilim çalını,
Doyunca bir nəfəsimi alım mən,
Keçmişlərə yenə körpü salım mən.
Şindi dağı, sən olubsan həyanım,
Can-ciyərim, eşq-ilhamım, təvanım,
Yaxın gedib qoy başına dolanım,
Xoş xatirəm, ayaq izim səndədi,
Harda olsam yenə gözüm səndədi!
Şindi dağı, təbiətə vuruldum,
Böyüdükcə təmizləndim-duruldum.
Borçalının pərvənasi mən oldum.
Vəsf eylədin dağı-düzü, aranı,
İşləyəni, oxuyanı-yazanı.
Təhsil alıb çalışardıq bərabər,
Dost-yoldaşı axtarardıq sərasər,
Aralığa çəkən yoxdur sədd-çəpər,
Bölünərdi tapdığımız duz-çörək,
Fərəhlənib sevinərdi hər ürək.
Eyləmişdik özümüzə peşəni,
Biz gəzərdik çəmənləri, meşəni,
Cənnət kimi doğma-əziz guşəni,
Gərdikləri, bələnləri aşardıq,
O günləri sevinc ilə yaşardıq.
Şindi dağı, unutmaram heç səni,
Ürəyimə həkk etmişəm zirvəni,
Səndə tapdım ilham adlı çeşməni,
Hər çəməndən çiçəyini üzmüşəm,
Şeirə qatıb misralara düzmüşəm.
Olanları-keçənləri yazmışam,
Soyuq sudan içənləri yazmışam,
Dağlarda ot biçənləri yazmışam,
Yaddan çıxmır hər bir kəs də anılır,
Bizim üçün hamı əziz sarılır.
Biçinçilər cərgə-cərgə durardı,
Hər birisi öz yehrəsin vurardı,
Yığınçılar otdan bulud qurardı,
Yemək yeri bulaq başı olardı,
Hər adamın növ-növ aşı olardı.
Leyli-Məcnun olanlar da var idi,
Dillərində eşq-məhəbbət-yar idi,
Sevənlərin səbri isə dar idi,
Tapılırdı quşlar kimi uçanlar,
Bir-birinə qoşularaq qaçanlar.
Qız alanda baxardılar kök-soya,
Qocalığa, sir-sifətə, həm boya,
Oğlan evi başlayardı ilk toya,
Zurna səsi bürüyərdi dağları,
Kim unudar o günləri - çağları.
Toybabası qaldırıb hər nöqsanı,
Yaradardı səliqəni-səhmanı.
Güləşçilər tutardılar ceyranı,
Sonrası toy qız evinə keçərdi,
Subay oğlan bir gözaltı seçərdi.
Toyçularsa görən zaman şabaşı,
Fərəhlənib edərdilər göz-qaşı,
Oynayardı qızın bacı-qardaşı,
Bəziləri durna kimi süzərdi,
Kimlərəsə adam baxıb bəzərdi.
Şax bəzənib qız evinə gedərdi,
Qızlar əli xına ilə bələrdi,
Hamı çıxıb oynayardı-gülərdi,
Qız bəzənər ana baxıb ağlaradı,
Qardaş isə qıza kəmər bağlardı.
Atlandırma* çalınardı günorta,
Gəlin evdən alınardı günorta,
Cavanlarsa hərə minib bir ata,
Çapardılar gösdərərək hünəri,
Alardılar toy evindən nəməri.
* Vağzalı
Gəlin gəlib bəy evinə çatardı,
Qayınana ona şirni atardı,
Uşaqlarsa göydə ikən tutardı,
Sındırardı gəlin qabı ayaqla,
Güllə atıb bəy baxardı maraqla.
Aləm idi oğlan şaxı gətirmək,
Onu bəyin hüzuruna yetirmək,
Sonra toyu tamamlayıb bitirmək,
Qoy toy olsun eldə-gündə həmişə,
Biz də yazıb qoy yarayaq bir işə.
Azalıbdır indi toyun sədası,
Gəlinlərin naz-qəmzəsi, ədası,
Yenə oldu dünyamızın xətası,
Dərd üstündən dərd gətirdi zəmanə,
Qəm əlindən vallah olduq divanə.
Yaman günə saldı fələk bizləri,
Daha tutmur qocaların dizləri,
Sellər yuyub çığırlar-izləri,
Dəyələrdən-binələrdən nişan yox,
Naxır nədir, sürü nədir, dovşan yox.
Yurd boş qalıb köçhaköçlər düşəli,
Quymaq bişib, yağlanmayıb fəsəli,
Görmək olmur suya gedən gözəli,
Dağlar-daşlar tənha qalıb qəm edir,
Nədənsə də fələk bəxti kəm edir.
Keçəltəpə bir füsunkar oylaqdı,
Bizim üçün yurd yeridir-yaylaqdı,
Hər bir yanı dərə, çaydı-bulaqdı,
İndi binə yerlərində daş qalıb,
Nənələrin gözlərində yaş qalıb.
Şindi dağı, demə kimsə kardadı,
İnsan oğlu ta olandan dardadı,
“Kefçillər”də kef çəkənlər hardadı?
Oğulların uzaq elə düşübdü,
Qar-çovğuna qara yelə düşübdü.
Məktəbə bax, yoxdu səda, səs-hənir,
Sakitlikdən qulaqları səslənir,
Qəm-kədərlə, intizarla süslənir,
Beş-on nəfər şagirdi var, neyləsin,
Bu dərdini kimi açıb söyləsin.
Nə varsa da zəifləyib-sozalıb,
Hay-haraylı otaqları toz alıb,
Yoldan-izdən addım səsi azalıb,
Kənddən köçüb hərə gedib bir yana,
Övladından ayrı düşüb çox ana.
Şindi dağı, çox sinələr dağlanıb,
Ayrılıqdan hönkür-hönkür ağlanıb,
Çox evlərin qapıları bağlanıb,
Həyətləri alaq otu alıbdı,
Yan-yörədə çaqqal yuva salıbdı.
Bilmək olmur elin payız-yazını,
Çəkən yoxdur körpələrin nazını,
Aşıq olan alıb çalmır sazını,
Baş açılmır zəmanənin işindən,
Qutaran yox intizarın dişindən.
Yaddan çıxıb qara papaq, çalmalar,
Yox olubdu köhnələrdən qalmalar.
Quruyubdu gavalılar, almalar,
Qalanların barını da dərən yox,
Qonaq gəlmir xalça-xalı sərən yox.
Köçən-qalan oxuyur hey bayatı,
Bir əldənsə qınayırlar həyatı,
Düşünürlər o dünyanı-Siratı,
Qalmayıbdı gələcəyə inamlar,
Bədbinləşib, deyib-gülmür adamlar.
Əl açmasın görüm kimsə namərdə,
İgid olan dərd verərmi, de mərdə,
Qartal bala çıxararmı o yerdə,
Hər tərəfi alov-atəş-nar olsun,
Ətrafında tülkü, kaftar, sar olsun.
Şindi dağı, gəzdimsə çox vilayət,
Sənsən mənə səcdə yeri-ziyarət,
İladiyəm, nəğmə yazdım, nəhayət,
Arif olan qoy bunları anlasın,
Vətən nədir bilməyəni danlasın.
Şindilər
Şindilərdə kərəm əhli çoxuymuş,
Şindilərdə İrəm əhli çoxuymuş.
Bundan bizim xəbərimiz yoxuymuş,
Tanıyıram indi bir-bir onları.
Bu bəllidir, heç deyildi sirr indi,
Söhbətləri-ləhcələri şirindi.
Şeiriyyatda onlar olub şir indi,
Borçalıda var adları-sanları.
Kəsən deyil heç birisi salamı,
Şindi verib onlara eşq-ilhamı.
Uzaqdanca tanıyırlar adamı,
Türk olana çox qaynayır qanları.
Əvəzsizdi Zakir avaz-ahəngi,
Rafaelsə sözdən düzür çələngi.
Dostum Vaqif elm-ürfanın pələngi,
Deyən boldu belə gövhər-kanları.
İmirqızı Şindilərin Zəmzəmi,
Bir başqadır o yerlərin aləmi.
Möcüzədir Yasəmənin qələmi,
Açıb tökür ürəkdəki donları.
Seyraqifsə vərəqləyib keçmişi,
Başkeçiddə eyləyibdi ər işi.
Tarix yazıb öz elindən o kişi,
Açıqlayıb əməlləri, sonları.
Yazan yazıb Dam yerindən – yaylaqdan,
O Mədinə təpəsindən, Çaxraqdan.
Vətən sözü qopur hər bir dodaqdan,
Candan artıq sevirlər o yanları.
Şindilərdi mərd igidlər məkan,
Şərifli var, babamın ad-ünvanı.
Onlar mənim könlümün xan-sultanı,
Arzum budur qoy sağolsun canları!
Tanrım versin Şindilərə köməyi,
Aşıb-daşsın onların duz-çörəyi.
Bax belədir İladinin diləyi-
Ərşə çatsın şöhrətləri-şanları!
* Şindi - Başkeçiddə dağ, Şindilər isə kənd adıdır.
Göyəzən dağı
“Göylərə baş çəkir göyəzən dağı”,
Hamının eşidib bunu qulağı.
O, Səməd Vurğundan verir sorağı,
Orada şairin izi qalıbdı.
Gedib yaxınında sən versən diqqət,
Vallahi, ürəyin eyləyər riqqət.
Ətrafda illərdi saxlayıb xilqət*,
Səməd ocağının közü qalıbdı.
* Təbiət
Göyəzən dağıdır Qazaxın piri,
Elə ovsunlayıb böyük şairi,
Onu zirvə ilə peymanı, siri,
Neçə deyilməmiş sözü qalıbdı.
Göyəzəni bilib Tiyan-Şan kimi,
Silsilə dağlara xan-sultan kimi.
Oranın qeydinə əziz can kimi,
Həmişə Vurğunun özü qalıbdır.
Vurğundan xatirə dağ nişanədir,
Tanrıdan töhfədir, tək-yeganədir.
İladi də müştaq – lap divanədir,
Ulu görkəmində gözü qalıbdı.
MÜŞFİQ BORÇALI
“Çağdaş Borçalı ədəbi məktəbi”
kitabının müəllifi,
hörmətli Müşfiq Çobanlıya
Gözəldi ad-sanı, həm təxəllüsü,
Dəryadı-ümmandı - Müşfiq Borçalı.
Savadda, qayğıda yoxdur əvəzi,
Bir əhli-ürfandı - Müşfiq Borçalı.
Naşirdi - yazmaqdı işi-sənəti,
“Elm və təhsil”di zəri-zinəti.
Vətəndi, millətdi sözü-söhbəti,
Dost-qardaş anandı - Müşfiq Borçalı.
Oğuz övladıdı, Qarapapaqdı,
Turana salamı qucaq-qucaqdı.
Ziyalı oğludu, yanar çıraqdı,
Hamıya həyandı - Müşfiq Borçalı.
Şair var dərədə axan bulaqdı,
Yoxdur axtaranı, gizli-uzaqdı.
Bunları tapmaqda, bilin, qoçaqdı,
Mətin-çalışqandı - Müşfiq Borçalı.
İladi söyləyir coşqundu təbi,
Ürəkdən sevdiyi Koroğlu, Nəbi.
“Alaq Qarabağı”- budur tələbi,
Mübariz insandı - Müşfiq Borçalı.
"ŞƏRQİN SƏSİ" qəzeti,
Dekabr, 2011
MÜŞFİQ BORÇALI
Müşfiq Borçalının bəlli mahalı,
Hamıya məlumdu ağlı-kamalı.
Dilinin əzbəri, arzu-amalı-
Xalqa-millətinə dost-həyan olmaq.
Mikayıl Müşfiqdən danışır hər an,
Bu sözü söyləyib eyləyir bəyan:
“Mənim xəyalımda vardı hər zaman,
Qartal təbiətli bir insan olmaq”.
Yazıb-yaratmaqdı təkdi-uludu,
Vətən sevdasıyla qəlbi doludu.
Onun ürəyindən keçən yol budu,
Azad Qarabağda tez mehman olmaq!
“Şərqin səsi”, iyun, 2014;
“Elm və Təhsil”, sentyabr, 2014.
turan.info.az
.