MƏHƏMMƏD XƏYAL (1984)

MƏHƏMMƏD XƏYAL (1984) Məhəmməd Xəyal (Məhəmməd Mürsəloğlu Əbdürrəhmanov) - 1984-cü il noyabrın 20-də
qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstan Respublikasının Dmanisi) rayonundakı
Yırğançay kəndində anadan olub.
1991-2002-ci illərdə Yırğançay kənd orta məktəbində oxuyub. Elə həmin illərdən də şeirə böyük həvəs göstərib, kiçik şeirlər yazıb. Amma yazdıqlarını evdəkilərdən, eləcə də dostlarından gizli saxlayıb... Vaxt ötdükcə bu gizli söz toplusu özündən asılı olaraq üzə çıxmağa başlayıb, qısa bir vaxtda el arasında yayılıb.
Daha sonra yerli mətbuatda, o cümlədən, "Şərqin səsi", Elm və təhsil", "Oxu məni", "Son söz" qazetlərində, Müşfiq Borçalının 3 cildlik "Sazlı-sözlü Başkeçid" kitabında çap olunub.
Məhəmməd Xəyalın gözəl qələmi və gözəl yazma tərzi-üslubu var.
Hazırda Bakı şəhərində yaşayır.
"Dirili Qurbanı”“Sazlı-Sözlü Borçalı” Ədəbi Məclislərinin üzvüdür.




BORÇALI

Adın çəkiləndə coşur ilhamım,
Qaynıyır damarda qanım Borçalı.
Şəninə nəğmələr qoşur ilhamım,
Ruhuma söykənir, canım Borçalı.

Səcdə qılım çeşmələrin yaşına,
İlahi qüdrətli qələm qaşına,
Pir deyim dolanım dönüm başına,
Qibləgahım, din imanım Borçalı.

Ana qucağında evim, eşiyim,
Yalçın qayaların çəkib keşiyim
Xəyal Məhəmmədəm əzəl beşiyim,
Son mənzilim, son ünvanım Borçalı.


AY VƏFASIZ

Gedən ay vəfasız, bil səndən sora,
Boğur, silkələyir qəhərlər məni.
Sənə vurulduğum kəndə həsrətəm,
Nədəki götürmür şəhərlər məni.

Sən mənim olsaydın, olmazdı dərdim,
Fərhad tək dağları yarıb keçərdim,
Eşqinlə dünyanı fəth eyləyərdim ,
İndi, hörümçəkdə çəpərlər məni.

Daha xoş günlərim məni tərk edir,
Bir Məcnun sayağı elə görk edir,
Poladdan bədənim əriyib gedir,
Qorxuram, bal yesəm zəhərlər məni.

Əllidən aşağı enibdir yüzüm,
Tərsinə fırlanır gecəm, gündüzüm...
Xəyal Məhəmmədəm torlanır gözüm,
Kim tutar qolumdan, kim hərlər məni.


NƏ FAYDA

Al qələmi, mən yazıram sən də yaz
Dastan olub oxunmursa, nə fayda?
Hecaları noğula sürt, qəndə yaz,
Bir mətləbə toxunmursa, nə fayda?

Boş-boşuna əs də, coş da yel kimi,
Təbin yoxsa, aşıb daşan sel kimi,
Çəmən kimi, çiçək kimi, gül kimi,
Sözdən ətir qoxunmursa, nə fayda?

Ay Məhəmməd, gəl eyləmə qalmaqal,
Nəzər salsın, qiymət versin əhli hal,
Misraların düzüləndə dalba - dal,
Xalı kimi toxunmursa, nə fayda?


BAŞKEÇİD


Hər bahar qoynuna səsləyir bizi,
Açıbb qollarını yana Başkeçid.
Düzüb yaxasına lalə, nərgizi,
Yaxıb əllərinə həna Başkeçid.

Oğuz yurdu,Türk elidir bu yerlər,
Qədim,qayım tarixi var min illər,
Burda el deyəndə coşur könüllər,
Daşıda gətirir cana Başkeçid.

Çaylar aşıb-daşır,çeşmələr coşur,
Aşıq bsaz götürür, şair söz qoşur,
Külli TURAN bqucağında qovuşur,
Dönür düşmən bağrı, qana Başkeçid.

Bu yerlərdə mərd kişilər yurd salıb,
Ömür sürüb, qocaldıqca ucalıb,
Ruhani kökündə laylasın çalıb,
Xəyal Məhəmmədə ana Başkeçid.


YAXŞIDIR

Xəyal pərəst, bəd xəyala dalırsa,
Dalmağından, dalmadığı yaxşıdır.
İçi şeytan, çölü namaz qılırsa,
Qılmağından, qılmadığı yaxşıdır.

Nə faydası ehtiyacdan bulursa,
Qardaş gərək qardaş olsun, - olursa.
Ad batıran oğul yurdda qalırsa,
Qalmağından, qalmadığı yaxşıdır.

Qeybətin eyləyər onun, gah bunun,
Əyninə geyinər şeytanın donun,
Ziyankar qohumun, xain qonşunun,
Olmağından, olmadığı yaxşıdır.

Səhər meh gətirər, axşamlar külək,
Qoxladar ətrini sanki nağıltək,
Düşmənin bağında olsa bir çiçək
Solmağından, solmadığı yaxşıdır.

Olmamısan, öz nəfsinə olma qul ,
Öz adıyla ucalar bil, mərd oğul,
Ay Məhəmməd ciblərinə haram pul,
Dolmağından, dolmadığı yaxşıdır.


UŞAQ OLMAQ İSTƏYIRƏM


Kədər dostum, qəm sirdaşım,
Necə qopum, sağollaşım!?
Yava-yavaş itir başım,
Heç bilmirəm nə deyirəm...
Uşaq olmaq istəyirəm.
Sevinc, fərəh düşüb qaçaq,
Nə evcik var, nə oyuncaq,
Xatirələr qucaq-qucaq,
Yada düşür, göynəyirəm...
Uşaq olmaq istəyirəm.

Dərdi, qəmi atım deyə,
Arzulara çatım deyə,
Beşiyimdə yatım deyə,
Elə təkrar eyləyirəm...
Uşaq olmaq istəyirəm.

İki əlli, bir dənə yüz,
Qoy dəm olum birində süz
Dəli kimi gecə, gündüz,
Öz-özümə söyləyirəm...
Uşaq olmaq istəyirəm.

Səsləyirəm çöz dərdimi,
Sinəm üstə köz dərdimi,
Məhəmmədəm öz dərdimi,
Açır, bükür bələyirəm...
Uşaq olmaq istəyirəm.


VƏFA UMMA BU DÜNYADAN

Nə tez ötüb bilməmişəm,
Bir qərinə yaşım mənim.
Nədir işim, nədir peşəm?
Xatırlamır başım mənim.

Tutduğumuz, əhdi, andı,
O bivəfa döndü, dandı!
Elə yandı, elə yandı...
Külə döndü yaşım mənim...

Vəfa umma bu dünyadan,
Dörddə üçü su dünyadan,
Gedək görüm, o dünyadan,
Gələcəkmi xoşum mənim.

Ay Məhəmməd, ömür yarı,
Yox onun da etibarı!
Budur baxır bizə sarı,
Məzar üstü daşım mənim.


GƏLSİN

Bir xəbər eyləyin vəfasız yara,
Yığışıb gedirəm köçümə gəlsin.
Al-yaşıl bürünsün geyməsin qara,
Köçümə ölçülən biçimə gəlsin.

Varlığım eşqiylə coşdu, çağladı,
Əhdinə etibar, inam saxladı,
O getdi, ömrünü vara bağladı,
Baxsın mən etdiyim seçimə, gəlsin.

Bilmirəm qəst idi, nədi həsrəti,
Yazdı, imzaladı, dedi həsrəti,
Ömrümü, günümü yedi həsrəti,
Daha heç olmuşam, heçimə gəlsin.

Məhəmmədəm zilim getdi, pəsimdi,
Qəlbimin ahəngi əsim - əsimdi,
Gəlsin gecikməsin son nəfəsimdi,
Neynirəm yeddimə, üçümə gəlsin.

BAXMAKİ HƏSRƏTİN ƏYİB QƏDDİMİ
Baxmaki həsrətin əyib qəddimi,
Yenə ürəyimdə saxlamaqdayam.
Sürünə-sürünə aşıb səddimi,
Görüş yerimizi yoxlamaqdayam.

Məni məndən alıb, aparıb gedən...
Ruhumnu canımndan qoparıb gedən,
Üzü gün batana, o varıb gedən,
Yollardan ətrini qoxlamaqdayam.

Bu ömrün talanmış köçünü sənsiz,
Heç bilib çəkirəm heçini sənsiz,
Xəyal Məhəmmədəm, üçünü sənsiz
Dördüncü onluğu haxlamaqdayam.


AĞLARAM

Xoşbəxtlik yadıma düşəndə hərdən,
Sən gedən yollara baxıb, ağlaram.
Boğula -boğula qəmnən, qəhərdən,
Əlimi qoynuma taxıb, ağlaram.

Sənsizlik yükümü götürməz qatar,
Adını söyləsəm, ürəyim yatar,
Hər gün öz içimdə bir ocaq çatar,
Canımı odlara yaxıb, ağlaram.

Hələ bir çoxunu vurmuram üzə,
Dərdimdən sayağı gələrəm gözə,
Kövrək misralarda qarışıb sözə,
Əriyib, süzülüb, axıb, ağlaram.

Ömür yollarını boran, qar almış,
Yığvalı qaralmış, bəxti qaralmış,
Sənin həsrətindən kökü saralmış,
Sən gedən yollara baxıb, ağlaram.

Xəyal Məhəmmədəm qəmli, qubarlı,
Ayağı buğovlu, əli çidarlı,
Ətəyi dumanlı, zirvəsi qarlı,
Çəktiyin dağlara çıxıb, ağlaram.


GECƏLƏR

Yaralarım qaysaq atır, qan verir,
Alqanıma boyanıram gecələr.
Arzularım doğulmadan can verir,
Ala-sərsəm oyanıram gecələr.

Yolum, izim düyün düşən çəm kimi,
Ta deyiləm bütöv kimi, cəm kimi,
Damla-damla əriyirəm şəm kimi,
Sübhə qədər hey yanıram gecələr.

Tərg etmişəm obaları, elləri,
Məcnun kimi dolaşıram çölləri,
Yaşanmamış itirdiyim illəri,
Oy deyirəm, oy anıram gecələr.

Sonundayam dəyanətin, dözümün,
Kül altında zərrə qalan közümün,
Xəyal Məhəmmədəm özüm özümün,
Keşiyində dayanıram gecələr.


ARXANCA YAR DEYİB GƏZƏN OĞLANAM

Bəlkə tanımadın vəfasız canan!
Çəkdiyin dağlara dözən oğlanam.
İllərdir eşqinə alışıb yanan,
Həsrətin ömrünü üzən oğlanam.

Hər gün xəyalınla çəkilir dara,
Sənsiz gündüzüm də gecədən qara,
Söküb varlığımı ağ kağızlara,
Adına misralar düzən oğlanam.

Bir zaman unudub, atıb getdiyin,
Hicranın oduna çatıb getdiyin,
Qəpiyə, quruşa satıb getdiyin,
Həmən dodağını büzən oğlanam.

Perik düşüb torpağımdan daşımdan,
Bir an belə atmamışam başımdan,
Xəyal Məhəmmədəm yeddi yaşımdan
Arxanca yar deyib gəzən oğlanam.

turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: