tapşırıq vermişdi...”
Rusiya Federasiyası prezidentinin səlahiyyətli nümayəndəsi, Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin rəhbəri, Rusiyada azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos) sabiq prezidenti, məşhur biznesmen,
Söyün Sadıqov ilə müsahibəni
turan.info.az-ın dəyərli oxucularına
təqdim edirik:
– Söyün bəy, hazırda nə işlə məşğulsunuz?
– Hazırda Rusiya-Türkiyə məsələləri ilə bağlı proqram üzərində çalışıram. Proqrama uyğun olaraq biz Ankarada Krım tatarları ilə bağlı “Krım Fondu” yaratmışıq, Fonda sədr də təyin olunub. Əsas məqsədimiz Türkiyə və digər ölkələrdən Krıma investisiya vəsaiti cəlb etməkdir. Hazırda mənim əsas işim Krım tatarları ilə bağlıdır.
– Diasporadan niyə getdiniz? Abbas Abbasovla aranızda nə problem var idi?
- Bildiyiniz kimi, Krımla bağlı mənə yeni vəzifə verildi. Hazırda da onun icrası ilə məşğulam. Ona görə də diaspora rəhbəri kimi fəaliyyətimi dayandırdım. Çünki işlər həddindən artıq çoxdur və eyni vaxtda bir neçə işi görmək mümkün deyil idi. Ona görə də “AzerRos”dan ayrıldım. Abbas Abbasovla isə 2015-ci ildən bəri ayrılmışıq. O vaxtdan bəri nə mən onun üzünü, nə də o mənim üzümü görməyib.
– Son vaxtlar ayrı-ayrı diaspora təşkilatları rəhbərləri ilə bağlı xoşagəlməz xəbərlər yayılır.
Hazırda Rusiyada və digər ölkələrdəki Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirirsiz?
– Bilirsiz, Azərbaycanın bir çox ölkələrindəki diaspora təşkilatlarında qocalma gedir. İndi əksər diaspora təşkilatlarının rəhbərləri yaşlı insanlardır, onlar müasir dövrün tələbləri ilə ayaqlaşa bilmirlər. Bəlkə də bu Azərbaycan yeni müstəqillik qazananda lazım idi. Çünki həmin vaxtı Rusiya və digər ölkələr də SSRİ-dən ayrılmışdı. Həmin ölkələrdə diaspora təşkilatları qurulmağa başladı. Ancaq bu gün həmin insanların yaşı diaspora işi üçün imkan vermir. Mənim diaspora rəhbərliyindən getməyimin əsas səbəbi də yerimə cavanların gətirilməsi idi. Düşünürəm ki, artıq biz öz üzərimizə düşən işləri görmüşük, indi cavanlar öz sözünü deməlidir. Vaxtilə biz Rusiya və digər ölkələrdə diaspora təşkilatlarının təməl daşını qoyduq, yaratdıq və imicini qaldırdıq. “AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətini bütün Rusiya rəhbərliyi, Avropa və digər ölkələr tanıyırdı. Vaxtilə mən “AzerRos”da hüquqi yardım mərkəzi də yaratmışdım ki, oradakı soydaşlarımız hüquqi yardımlardan faydalansın. Artıq bizim işimiz effektli deyil. Bundan sonra Rusiyada azərbaycanlı gənclərə, təhsilli insanlara ehtiyac var. Rusiyadakı diaspora təşkilatlarımız da çalışmalıdır ki, sıralarını gənclərlə artırsın. Çünki gənclər gələcəyi daha çevik görürlər, real düşünürlər. Çox təəssüf ki, indi Rusiyadakı Azərbaycan diasporası üzvlərinin əksəriyyəti köhnədən qalan adamlardır. Həmin köhnə fikirli insanlar da bir balaca iş görən kimi, Azərbaycan Prezidentindən “sağ ol” deyilməsini gözləyir. Bu cür yanaşma doğru deyil. Diaspora rəhbəri ilk növbədə öz milləti üçün çalışmalıdır. Çünki həmin şəxslər Rusiyada yaşayırlar və öz millətinə dəstək olmalıdır. Diaspora rəhbərləri bu strategiya ilə hərəkət etməlidir.
Mən bunu hələ illər əvvəl demişdim ki, Rusiyada yaşayan azərbaycanlılar övladlarına pulla diplom almalı deyil. Əksinə, yaxşı təhsil almasına çalışmalıdır ki, həmin gənclər də sabah Azərbaycanı yaxşı təmsil edə bilsin. Azərbaycanlılar öz övladlarına yaxşı təhsil verib, Rusiyanın ayrı-ayrı dövlət qurumlarına işə düzəlməsinə imkan yaratmalıdır. Gənc soyadşlarımız Rusiyada hərbi xidmət çəkməli, Rusiya ordusunda zabit olmalıdır. Bizim övladlarımız Rusiya mediasında çalışan tanınmış jurnalistlər olmalıdır, Rusiya Prezident Administrasiyasında, Dövlət Dumasında, Baş nazirlikdə çalışmalıdır. Mənim diasporadan əsas istəyim bu idi. Əgər istəyiriksə ki, Rusiyada Azərbaycanın və millətimizin adı tanınsın, onun üçün də yuxarıda sadaladığım məqamlar həyata keçirilməlidir.
Azərbaycanlılar Rusiyanın təkcə dövlət orqanlarında deyil, mədəni həyatında da qaynayıb-qarışmalıdır. Bunun da başında yaxşı təhsil dayanır.
Çox təəssüf ki, bizim əksər diaspora rəhbərlərimiz gördükləri işdə təmənna güdürlər. Dərrakələri də elə bu qədərdir. Misal üçün, ermənilər Rusiyada Azərbaycana qarşı hər hansı kampaniya aparan zaman buradakı soydaşlarımız onlara qarşı necə mübarizə aparsın? Televiziyaya çıxmağa savadı və imkanı olan kifayət qədər soydaşımız yoxdur. Burada yaşayan jurnalistlərimizin də normal danışığı yoxdur ki, düzgün siyasət yürüdüb mövqe ortaya qoysun, müzakirələrə qoşulsun.
Bilirsiz, bəzən diaspora təşkilatları oturub gözləyir ki, onların yerinə səfirlik nə isə edəcək və s. Ancaq Azərbaycanın Rusiyadakı səfiri diaspora təşkilatlarının işinə o qədər təsir etməli deyil. Səfirlik Azərbaycan dövlətini təmsil edir, diaspora üzvləri isə Rusiya vətəndaşlarıdır. Ona görə də Azərbaycan dövlətinin səlahiyyəti yoxdur ki, Rusiya vətəndaşlarının işinə qarışsın. Soydaşlarımız özləri işlərini düzgün qurmalıdırlar. Doğrudur, Polad müəllimin də bir neçə ciddi səhvləri olub. O, diaspora üzvləri arasında intriqa yaradır. Gərək Polad müəllim də intriqa yaratmasın. Konkret olaraq deyim, mən 2013-cü ildə ittifaq yaradan zaman Polad Bülbüloğlu mənə qarşı kampaniyalar başlatmışdı, məni ermənilərə satılmaqda ittiham edirdilər. Polad Bülbüloğlu “Lider TV”-nin Rusiya müxbiri Anar Həsənova tapşırıq vermişdi, o jurnalist də Rusiyada yaşayan küçə adamlarından mənim əleyhimə müsahibələr alıb yayımlayırdı, məni ermənilərə satılmaqda ittiham edirdi. Polad Bülbüloğlu mənim əleyhimə müsahibələr almaq üçün Anar Həsənova tapşırıq vermişdi. O da gedib axmaq-axmaq müsahibələr hazırlayırdı.
Bir faktı da deyim. Deməli, 2013-cü ilin yanvar ayında Polad Bülbüoğlu Mixael Qusmanla bərabər Rusiya Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernovun yanına qaçaraq, məndən ona şikayət etmişdi. O, Çernova demişdi ki, guya Söyün Sadıqov cızığından çıxıb, onunla bağlı ölçü götürün. Ancaq Polad Bülbüloğlunun xəbəri yox idi ki, mən Vladimir Çernovu çoxdan tanıyıram. Sonra onlar özləri mənə zəng edib dedilər ki, xəbərin var, Polad Bülbüloğlu gəlib səndən bizə şikayət edir.
– “Lider TV”-nin Rusiya üzrə keçmiş xüsusi müxbiri Anar Həsənovun Rusiyanın xarici işlər nazirinə verdiyi sual qalmaqal yaratmışdı.
Sizcə, burada əsas problem jurnalistin düzgün sual verə bilməməsi idi, yoxsa Lavrovun ona cavabı?
– Anar Həsənovun Lavrova verdiyi sual da, Lavrovun ona cavabı da yaxşı idi. Ancaq çox adam Lavrovun cavabının arxasında dayanan məqamları yaxşı başa düşə bilmədi. Sergey Lavrov demək istəyirdi ki, doğrudan da Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə Azərbaycan dövlətindən asılı deyil. Çünki Dağlıq Qarabağ münaqişəsi regional problemə çevrilib. Bu münaqişənin həlli ilə bağlı Rusiyanın, İranın, Türkiyənin və Qərbin maraqları var. Ona görə də Dağlıq Qarabağ münaqişəsini Ermənistan-Azərbaycan problemi hesab etmək doğru deyil. Hamı yaxşı bilir ki, Dağlıq Qarabağ problemi 1986-cı ildə Qərb tərəfindən erməni lobbisinin əli ilə məqsədli şəkildə yaradılıb. Əsas məqsəd də SSRİ-ni dağıtmaq idi. Həmin vaxt azərbaycanlılara qarşı təzyiqlər başladı və bununla da SSRİ-də millətçilik problemi qızışdı. SSRİ-də təkcə Qarabağ problemi yaradılmadı. Eyni zamanda, Özbəkistanda, Qırğızıstanda, Gürcüstanda, Moldovada və Baltikyanı ölkələrdə də oxşar münaqişələr yaratmışdılar. Ona görə də Sergey Lavrovun azərbaycanlı jurnalistə verdiyi cavab çox düzgün idi. Doğrudan da Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə Azərbaycanın ixtiyarında olan məsələ deyil. Etiraf edim ki, Lavrovun həmin bəyanatından sonra ona olan hörmətim daha da artdı. Çünki Sergey Lavrov açıq danışdı. Bəlkə də o ilk dəfə idi ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı bu qədər açıq danışırdı.
Doğrudan da bu gün Azərbaycanın müharibə etmək şansı çox azdır. Niyə belədir, səbəbini də söyləyim! Bu o demək deyil ki, Azərbaycan ordusu zəifdir və yaxud Ermənistandan çəkinir və s. Xeyr, Azərbaycanın kifayət qədər hərbi gücü var və başqa dövlətlər qarışmasa, Ermənistanla müharibədə böyük üstünlüklü qələbə qazanar, torpaqlarını bir ayın içində tam azad edər. Hətta, gedib İrəvana qədər çıxa bilər. Ancaq reallıq odur ki, Azərbaycan ermənilərə qarşı müharibəyə başlasa, Rusiya, İran, Türkiyə və Qərb dərhal müdaxilə edəcək. Tam əminəm ki, ABŞ dərhal gəlib regiona girəcək, Ermənistanı açıq müdafiə edəcək. Çünki ABŞ-ın Cənubi Qafqaz ölkələri üzrə planında Gürcüstandan sonra növbəti ölkə Ermənistanı öz tərəfinə çəkməkdir. Səbəb isə Ermənistandakı rus hərbçilərini qovmaqdır. Vaxtilə ABŞ Gürcüstandakı rus hərbçilərini qovdu. İndi növbə Ermənistanındır. ABŞ erməni diasporasının əli ilə Ermənistana müdaxilə edəcək və rusları işğalçı ölkədən qovacaq. Bir dəfə təxribat yaratsa, bu şərait özü yaranacaq. Gördünüz ki, aprel döyüşləri zamanı da ABŞ necə təxribat yaratmışdı. Halbuki, Azərbaycan ordusunun aprel döyüşləri zamanı torpaqların hamısını işğaldan azad etmək şansı böyük idi. Ancaq “güc dövlətlər” buna imkan vermədilər. Aprel döyüşləri göstərdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllində xarici dövlətlərin mövqeləri toqquşur. Rusiya, İran, ABŞ və Türkiyə bu məsələdə maraqlıdır. Bu gün ABŞ və Qərb çalışır ki, Rusiyanı Cənubi Qafqazda neytralda saxlasın, Azərbaycanı, Ermənistanı və Gürcüstanı Rusiyadan ayırsın və bu ölkəyə iqtisadi zərbələr vursun. ABŞ Cənubi Qafqaz ölkələrini Rusiyadan ayırmaqla Orta və Mərkəzi Asiya enerji bazarına da sahib çıxmaq istəyir. Həmin enerji bazarı ilə Avropa Rusiyadan asılılığı minumuma endirə bilər. Təsəvvür edin ki, Türkmənistan, Qazaxıstan və Azərbaycanın enerji resursları Gürcüstan üzərindən Avropaya çıxarılarsa, bu, Rusiyaya nə qədər zərbə vurmuş olar. Çünki belə olan təqdirdə Rusiyanın neftini alan olmayacaq.
- Bəzi siyasətçilər bildirir ki, Rusiya Dağlıq Qarabağda da sülhməramlı qoşun yerləşdirmək istəyir.
Bu nə dərəcədə inandırıcıdır?
- Mən hər zaman söyləyirəm ki, bizə rus qoşunları lazım deyil. Bu, Azərbaycana fayda gətirməz. Rus hərbçiləri Qarabağda yerləşsə, təbii ki, ermənilər siyasət yürüdəcək və rus zabitlərlə yaxınlıq əlaqələri qurmağa çalışacaq. Bu isə vəziyyəti daha da mürəkkəbləşdirə bilər.
Dağlıq Qarabağda rus qoşunları yalnız bir şərtlə yerləşdirilə bilər ki, eyni vaxtda və eyni sayda Türkiyə hərbçiləri də yerləşsin. Razılaşma da belə olmalıdır ki, Türkiyə və Rusiya sülhməramlıları Dağlıq Qarabağı eyni vaxtda tərk edəcəklər. Təkcə Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşməsi Azərbaycan üçün yaxşı nəticələr verməz. Nəzərə almaq lazımdır ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər nə qədər yaxın olarsa belə, ermənilər ruslara bizdən daha yaxındır.
- Bildiyim qədər, sizin əsliniz Qarabağdandır. Sonuncu dəfə Qarabağda nə vaxt olmusunuz?
- Mənim köküm Kərbəladan və Cənubi Azərbaycandan gəlir. Xan nəslindənəm.
Hüseynqulu xan Qacar anamın ulu babasıdır.
Özüm isə 1960-cı ildə Gürcüstanda, qədim Qarayazıda dünyaya göz açmışam.
1977-ci ildən Moskvada yaşayıram, Rusiya vətəndaşıyam.
İstədiyim zaman Şuşaya, Laçına, Dağlıq Qarabağın digər bölgələrinə də getmək şansım var.
Ancaq Dağlıq Qarabağa Azərbaycan dövlətinin icazəsi olmadan heç zaman səfər etmərəm.
Mənim ulu babalarım da öz millətini sevən olub. Mən də onların yolunu davam etdirirəm.
Mən ilk dəfə 2006-cı ildə Rusiyada “Qarabağ Fondu” yaratmışam.
Hətta, Rusiya dövləti buna görə mənə problem yaradırdı. Ancaq əzab-əziyyətlə bu fondun yaradılmasına nail oldum.
Daha sonra da həmin fondu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna verdim.
Dedim ki, Polad müəllim, siz də Qarabağlısınız, bu fondu sizə verirəm, istədiyiniz adamı təyin edin, işlətsin, Azərbaycanı təbliğ etsin.
Çox təəssüf ki, hazırda bu fondu işlədən yoxdur. Sonuncu dəfə bu fonda jurnalist Roman Ağayevi sədr seçmişdik.
2011-ci ildə isə fondun bütün sənədlərini də Polad müəllimə təqdim edib, oradan aralandım.
Bu fondla ermənilərə qarşı yaxşı Qarabağ təbliğatı aparmaq olardı. Ancaq çox təəssüf ki, onlar bunu dərk etmədilər.
- Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulması ilə bağlı çağırışlar və təkliflər edilir. Bəzi şəxslər isə bildirir ki, Azərbaycan bu təşkilata üzv olsa, bu ölkənin müstəqilliyinə təhdidlər yarada bilər. Bu məsələyə siz necə baxırsınız?
- Mən buna pis baxmıram. Bu təşkilata qoşulmağın Azərbaycanın müstəqilliyinə problem yaradacağı barədə fikirlər doğru deyil.
Bu gün Avropa Birliyi mövcuddur. Məgər bu təşkilata üzv olan Almaniya, Fransa, İtaliya, İspaniya və digər dövlətlər müstəqilliklərini itiriblərmi?
Təbii ki, yox. Mən hər zaman keçmiş SSRİ ölkələrinin Avropa Birliyi kimi bir iqtisadi ittifaq yaratmalarının tərəfdarı olmuşam.
Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olarsa, bu, Azərbaycana çox xeyir verə bilər.
Ancaq burada problem yaradan bir məsələ var ki, o da Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır.
Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya və Dnestryanı konfliktlər həll olunmasa, Avrasiya İqtisadi Birliyi səmərəli fəaliyyət göstərə bilməz.
Sözügedən münaqişələr üzv dövlətlərin maraqlarını toqquşduracaq və təşkilatın fəaliyyəti səmərəsiz olacaq.
Mən Rusiyanın ayrı-ayrı rəsmi şəxslərinə də hər zaman deyirəm ki, əgər Avrasiya İqtisadi Birliyinin səmərəli fəaliyyətini istəyirsinizsə, o zaman Dağlıq Qarabağ problemini həll edin. Əgər Dağlıq Qarabağ problemi ədalətli şəkildə həll olunsa, bu digər münaqişələrin də həllində stimul yaradacaq.
- Ötən ilin sonlarında iki ölkə arasında “Ermənistan-Azərbaycan Sülh Platforması” yaradıldı. Hazırda bu platformanın azərbaycanlı və erməni üzvləri var.
Bu platformanın fəaliyyətindən nələri gözləmək mümkündür?
- Bu platformanın yaradılması çox ağıllı işdir. Burada azərbaycanlı və erməni nümayəndələri görüşüb, müzakirələr aparırlar, dialoq mühiti yaranır və s. Bu həm də ermənilərin reallığı öyrənməsinə şərait yaradır. Mən bu platformanın yaradılmasını dəstəkləyirəm.
2012-ci ildə mən ilk dəfə ermənilərlə azərbaycanlıları bir araya gətirmişdim. O zaman biz erməni ziyalılarını azərbaycanlılarla bir araya gətirib dialoq və müzakirələr apardıq. Bu çox faydalı olmuşdu. Həmin görüşləri Rusiya telekanalları da yayımlamışdı. Erməni elitası Azərbaycan xalqını tərifləyirdi. Bu Rusiya cəmiyyətində də azərbaycanlılarla bağlı düşüncələri müsbət mənada xeyli dəyişmişdi. Çox təəssüf ki, azərbaycanlılardan bəziləri mənim bu təşəbbüsümü düzgün dərk etmədi, mənə qarşı kampaniyalar başlatdılar. Ancaq mən bütün bunları doğma Azərbaycan millətim üçün edirdim.
- Donald Trampın prezidentliyi dövründə ABŞ-Rusiya münasibətlərini necə görürsünüz?
- Çoxları düşünür ki, Donald Tramp prezident seçildi, artıq ABŞ-Rusiya münasibətləri normallaşacaq. Xeyr, bu belə deyil. Tramp Rusiya ilə münasibətlərin yaxşılaşmasına hesablanan siyasət apara bilməyəcək. ABŞ-da prezident əsas söz sahibi deyil, Birləşmiş Ştatların dövlət siyasəti ölkənin mərkəzləri tərəfindən yürüdülür.
REDAKSİYADAN P.S.:
Xatırladırıq ki, Söyün Qasım oğlu (Qasımoviç) Sadıqov - 1960-cı ildə qədim Qarayazıda,
indiki Gürcüstanın Qardabani bölgəsində anadan olub.
1977-ci ildən Moskvada yaşayır.
SSRİ idman ustasıdır, sambo üzrə 1978-ci il SSRİ çempionatının qalibidir
Söyün Sadıqov 1980-1981-ci illərdə KQB orqanlarında işləyib.
Daha sonra tikinti sahəsinə keçib.
1981-ci ildən Moskvanın "Qlavmosremont" tikinti şirkətində çalışıb.
Əvvəlcə sahə ustası, sonra idarə rəisi, trest müdiri olub.
Bu sahədə karyerasını inkişaf etdirib.
1986-cı ildən "Mosrekonstruksiya" şirkətinin direktor müavini vəzifəsində işləyib.
1990-cı ildə Moskva Dövlət İdarəetmə İnstitutunu bitirib.
1994-cü ildə fəxri memar adına layiq görülüb.
Daha sonra "Mosrekonstruksiya" şirkətinin direktoru təyin olunub.
2000-ci ilə qədər həmin vəzifəsində çalışıb.
2002-ci ildə "AzerRos"un - Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti seçilib.
2005-ci ilin martında S.Sadıqova sui-qəsd olub, ofisinin yaxınlığında killer
onun avtomobilinə avtomatdan atəş açıb.
Nəticədə iş adamının sürücüsü yaralanıb, özünə heç nə olmayıb.
Sadıqov sifarişçinin onun çoxdandır münaqişədə olduğu qonşusu ola biləcəyinə dair istintaqa ifadə verib.
S.Sadıqov Rusiyaya və Putinə sədaqətini 2008-ci ilin avqustunda Gürcüstana qarşı
hərbi müdaxilə zamanı da göstərib.
Rusiya aviasiyasının Gürcüstan şəhərlərini bombaladığı bir vaxtda Sadıqov münaqişəyə görə
Saakaşvilini günahkar elan edib və deyib ki, onun hakimiyyəti gürcü xalqını “zombiləşdirib
və dezinformasiya içərisində saxlayır”.
Sadıqov Saakaşvili hakimiyyətinə qarşı sonralar da öz fikirlərini səsləndirib, deyib ki,
Rusiyanın Gürcüstanla problemlərinin kökündə Saakaşvili dayanır və o, hakimiyyətdən getməlidir.
Söyün Sadıqov iqtisad elmləri namizədi, məşhur biznesmendir.
Hazırda Rusiya və digər ölkələrin xarici tikinti şirkətlərinin məsləhətçisidir.
Söyün Sadıqov hazırda Rusiya-Türkiyə məsələləri ilə bağlı proqram üzərində çalışır.
Proqrama uyğun olaraq Ankarada Krım tatarları ilə bağlı “Krım Fondu” yaradıb və həmin Fonda rəhbərlik edir.
Biz də turan.info.az-ın Yaradıcı Heyəti adından Söyün Sadıqova fəaliyyətində yeni-yeni uğurlar arzulyırıq!..
turan.info.az
.