Tanış olun:
MİKAYIL MUSTAFA
(1948)
(1948)
Mikayıl Mustafayev 1948-cı ildə qədim Borçalı mahalında - indiki Gürcüstanın Marneuli rayonundakı ən qədim kəndlərdən sayılan Bəylərdə anadan olub.
Uşaqlığı Ehram (Xram) çayının sahillərində keçib.
1965-ci ildə Alget 1 saylı orta məktəbini bitirib.
Düzü, orta məktəbdə oxuduğu illərdə iqtisadiyyatı daha çox sevib.
Müəllim olmaq istəməyib.
Özünün də yazdığı kimi, görünür qismət beləymiş.
1967-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun rus dili və ədəbiyyatı fakültəsinə daxil olub, 1972-ci ildə həmin fakültəni müvəffəqiyyətlə bitirib.
1973-1974-cü illərdə orduda xidmət edib, əsgəri xidmət borcunu şərəflə yerinə yetirib.
1975-ci ildən müxtəlif kəndlərdə rus dili və ədəbiyyatı fənnini tədris edib.
1984-cü ildən Marneuli rayon təhsil şöbəsində inspektor vəzifəsində çalışıb.
Mikayıl Mustafayev Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi yarandığı gündən bu günə kimi isə Mərkəzin Elm və təhsil şöbəsinin müdiri vəzifəsində çalışır.
Mikayıl müəllim həm də gözəl ailə başçısıdır. Həyat yoldaşı da ali təhsilli bioloqdur.
3 övladları var. Üçü də ali təhsillidir.
Tanınmış jurnalistlər A.Hadızadə və B.Əlioğlu "Gürcüstan" qəzetinin 14 may 1999-cu il tarixli sayında "Yurdcullarımız" rubrikası altında Mikayıl müəllimin bir neçə şeirini oxucularımıza ərmağan etmiş və həmin şeirlərə "GÖZÜ AÇILAN BULAQ" sərlövhəli təqdimat yazmışlar:
"Biz onu çoxdan tanıyırıq. Öz işinin mahir bilicisi, bir təhsil işçisi kimi hörmət və izzət sahibidir. Təbiətcə sakitdir. Gözlərində həyat eşqi çağlayır. Məntiqi sərrastdır. Ədəbiyyat həvəskarıdır. Ara-sıra şeirlər də yazdığını bilirdik. Lakin onun son bir neçə şeiri əlimizə keçdikdən sonra ədəbiyyata meylinin ötəri olmadığını duyduq və bu meylin həvəskarlıqdan daha çox şeir-sənət aləminə dərindən bələdçilik, müxəmməs, qoşma, təcnis və s. şeir formalarına bitkin münasibət, qulaq qafiyəsinə rəğbət, xalq dilinə coşğun həvəs və sairlə bağlı olması kimi qənaət bizi üstələdi."
Bəli, Mikayıl Mustafayevin dili sadə xalq dilidir, oxucunun danışdığı, duyduğu, arayıb-axtardığı, qayğısına qaldığı dildir: "Yeri edəm eşik-eşik", "Ağrın alım, ayə", "Nə yemişik, nə içmişik", "Hələ ölüb-itməmişik", "Saçları əllərdə qalan", "Yaranmışdan yetim", "Yar ovcunu, qəpik də verməz", "Uşaq kimi xoş qılığın armağı" və s. Bu deyimlər necə də tanışdır, necə də doğmadır?! Onun şeirindəki qafiyələr, daxili uyuşmalar da bağlantı etibarı ilə uğurludur. Elə buna görə də sonralaralar Mikayıl müəllimin şeirləri “Addımlar”, “Körpü” və s. məcmuələrdə çap olunmuşdur.
Biz də hörmətli
Mikayıl müəllimə
uzun ömür,
möhkəm cansağlığı,
şəxsi həyatında,
ictimai fəaliyyətində
və eləcə də,
bədii yaradıcılığında
yeni-yeni yaradıcılıq
uğurları arzulayırıq!
Aşağıda isə onun bir neçə şeirini əziz oxucularımıza çatdırmağı vacib sayırıq.
Siz onları oxuyun, təhlil edin və özünüz qiymət verin.
Müşfiq BORÇALI,
"ŞƏRQİ SƏSİ" qəzeti,
N: 15 (227), Noyabr, 2009.
"ŞƏRQİ SƏSİ" qəzeti,
N: 15 (227), Noyabr, 2009.
Redaksiyamızın Foto-Arxivindən:
- Marneulidə Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzində professor Mədəd Çobanovun "Azərbaycan-gürcü ədəbi əlaqələri" kitabının təqdimat mərasimindən sonra...
AMM-nin Sədri Fazil Həsənov, şöbə müdiri Mikayıl Mustafayev və Müşfiq Borçalı.
A QARDAŞ
(Dostum Fazilə)
Gör, nə gözəl yerlərimiş, bu yerlər,
İndiyəcən gəlməmişik, a qardaş?!.
Bir tərəfi dərin dərə, sal qaya -
Bir tərəfi sıx meşəlik, a qardaş.
Adam gələ məskən sala bu yerdə,
Elə ola-ölüb qala bu yerdə.
Bir yar ola, ağrım ala bu yerdə.
Nə dərd ola, nə ev-eşik, a qardaş.
Ürəyimlə, vücudumla bağlıyam,
Yanağının qanı daman dağlıya,
Açam gözün buz bulağın - çağlıya,
Yeri edəm eşik-eşik, a qardaş.
Bir içim su - o bulağın gözünnən...
İştahını yaman açdı gözün nə?!
Teymur bəyin göstərdiyi o çəmən,
Gözəlliyə çəkir keşik, a qardaş.
Etsəm də kişiliyə qayə mən,
Bircə sənin ağrın alım, ayə, mən.
Bir ora bax, təbiətin üzünnən,
Daşlar olub deşik-deşik, a qardaş.
Sevgiyə bax, nədi gördük, kötün nə,
Qayaları qucmuş idi kökünnən?!
A Pərviz bəy, bir də kabab çəkiynən,
Nə yemişik, nə içmişik, a qardaş?
O körpənin, iynə götür, yeri, tik,
Köynəyinin yaxasına üzərrik.
Allah qoysa, bura bir də dönərik,
Hələ ölüb-itməmişik, a qardaş.
DÜNYANIN
Nə sahib duran var, nə də yiyə bir,
O kədər üyüdür, kədər çeynəyir.
Sevinci göyərmir, dərdi göyərir
Saçları əllərdə qalan dünyanın.
Fövqünə yetişmək çox çətin olub,
Elə yaranmışdan o yetim olub.
Soruşun bir görək-görən kim olub,
Əbədi sakini, talan dünyanın.
Bir tikə üstündə ölər, didişər,
Uyub tamahına ağılsız bəşər.
Vədinə aldanar, felinə düşər,
Fırıldaq dünyanın, yalan dünyanın.
Halını bilmirsən dalına keçmə,
Rüsxətsiz bir qurtum suyun da içmə,
Əksinə işləmə, qoşul köçünə,
Çoxunu daşlara çalan dünyanın.
Özündən yekədi özünün dərdi,
O, nə əkibsənsə - onu cücərdib
Gedəni gəlməyib, gələni gedib,
"Bir yandan boşalıb, dolan dünyanın".
Sevinc paltarını geyər, soyunar,
Qaldırmaz qolunu hədər oyuna.
Matəm salması var oğul toyuna,
Analar saçını yolar dünyanın.
Bu necə xislətdi, bu necə mərəz?
Onda səxavət var misli görünməz.
Bəzən yar ovcunu, qəpik də verməz,
Bu xəsis dünyanın, klan dünyanın.
QOCALAR
İstərlər ki, yalanı da düz olsun,
Dünya qopsun, dəlil-sübut yüz olsun.
İstərlər ki, onlar deyən söz olsun,
Bu qocalar, bu qocalar, qocalar.
Özlərinin var öz hökmü, qanunu,
Bu qanunun nə əzəli, nə sonu,
Tutubdular həyatın öz yolunu,
Bu qocalar, bu qocalar, qocalar.
Gündə yüz yol səni asıb-kəsərlər,
Bircə sözdən tez alınıb küsərlər.
Ömür üçün əsim-əsim əsərlər,
Bu qocalar, bu qocalar, qocalar.
Dünya qopar-qanamasın barmağı,
Qurtararmı burun-damaq sarmağı?!
Uşaq kimi xoş qılığın, armağı
Bu qocalar, bu qocalar, qocalar.
GÖRÜM
De, hardandı bu boyda kin,
Desən, daşdı, nədi qəlbin?
Bacarırsan, bir ürəyin
Alovunu azalt, görüm.
Heç bilməzsən gəlləm elə,
Neçə kəlmə, dillən, elə!..
Qucağında ölləm elə-
Gücün çatsa oyat, görüm.
Ürəyində ötəm gərək
Dilin üstdə bitəm gərək.
İstəyəndə itəm gərək,
Axtarsan da di tap, görüm.
Döndərəcəm axan selə,
Göz yaşını gilə-gilə.
Sən də məni indən belə,
Ay qoçaqsan ağlat, görüm.
HEYDƏRBABA
Heydərbaba, ərənlərin yurdusan,
Sən yenilməz nizami bir ordusan,
Nə yatıbsan, oyansana, hardasan,
Qann içində çalxalanar bir pəri
Ətəyindən yapışıbdır əlləri.
Heydərbaba, bir görəydin üzümü,
Dindirəydin dağlarımı, düzümü.
Aç, kor olmuş həsrətimin gözünü
Səhər-səhər gözlərimə sığal çək
Desən, haçan sağırlarım güləcək.
Heydərbaba, Arazı az yamanla,
Üz-üzədi o, alçaqla, yamanla.
Atam, özüm çox döyüşdüm zamanla
Dedim bəlkə bir ağ günə çıxam mən
Barıları sərhədləri yıxam, mən.
Heydərbaba, güllərimin üzü nəm,
Qızlarımın ala-ala gözü nəm,
Qurumamış, ümidlərin izi nəm.
Dar günümdü, yetiş mənə, əl elə
Bəri keçən bulud ilə, yel ilə.
Heydərbaba, işıq ucu görünmür,
Oymaqlarım niyə nura bürünmür.
Dumana bax, yalquzaq tək sürünür.
Ordan, burdan yadlar mənə Xox edir
Parçalayır, didir məni, yox edir.
Heydərbaba, birlik bizə pay ola,
«Yatmış baxtın» gözü bəlkə açıla.
O üz, bu üz bayram ola, toy ola
Eləlrimiz yallı gedə, saz çala,
Baxıb-baxıb qarı düşmən qocala.
BU YERƏ SƏN BELƏ BAXMAYNAN, DOSTUM
Bu yerin də başlı oğulları var,
Tarixdən o yana nağılları var,
Hər xalqın çuğulu, paxılları var,
Bu yerə sən belə baxmaynan, dostum.
Suyundan kim içir qəhrəman olur,
Soyundan kim keçir pəhləvan olur,
Ömrün yollarında çox tufan olur,
Bu yerə sən belə baxmaynan, dostum.
Keçib əsirlərin imtahanından,
Bu yerdə oğullar keçib canından,
Hamının dəlisi olur, ay nadan,B
u yerə sən belə baxmaynan, dostum.
Burda Günəşin də ayrı rəngi var,
Burda toy-büsat var, burda Cəngi var,
Hər yerin qaçqını, pələsgəni var,
Bu yerə sən belə baxmaynan, dostum.
Dərdli dərd bölməyə adam axtarır,
Özünə bir arxa mudam axtarır,
Axtaran bilmirmi nədən axtarır,
Bu yerə sən belə baxmaynan, dostum.
Qəlbi açıq adam alnı açıqdır,
Nə olsun, azacıq rəngi qaçıbdır,
Dünyanın hər yeri qatmaqarışdır,
Bu yerə sən belə baxmaynan, dostum.
Gün gələr qayıdar kefi, növrağı,
Aranı arınar, dağ olar dağı,
Çoxu çəkəmmədi yükü - sınağı,
Bu yerdə sən belə baxmaynan, dostum.
"ŞƏRQİN SƏSİ" qəzeti,
N: 15 (227) Noyabr 2009-cu il.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.