Xeyli vaxt keçmişdi. Həmin qəzetin növbəti saylarının birində Molla Əflatun Keşəli imzası ilə həmin şeirə çox gözəl bir açıqlama verilmişdi. Oxudum, dəhşətə gəldim. Alimlərdən gözlədiyimi molladan, adi kənd mollasından gördüyümə təəccübləndim. Ürəyimdə ona qarşı çox böyük hüsn-rəğbət yarandı. Ona görə də daxilimdən gələnləri “Molla Əflatun Keşəliyə məktub” adı altında növbəti nömrələrin birində dərc etdirdim.
Qısa bir zaman keçmişdi. Bir gün mənim istedadlı şagirdim, qəzetin məsul katibi İbrahimxəlillə darvazamı bir şəxs açıb həyətə daxil oldu. Şair İbrahimxəlil onu mənə təqdim etdi: Molla Əflatundur, səksən kilometr məsafədən səninlə tanış olmaq üçün gəlib, - dedi. Mən də bu adamı gördüyümə çox şad oldum, hər ikisinə təşəkkürümü bildirdim, xoş gəlibsən dedim.
Görüşümüz çox maraqlı keçdi. Müxtəlif mövzularda söhbətlər etdik. Mən əsl müsahibimi tapmışdım. Fikirlərimiz üst-üstə düşürdü. O, icazə ilə yerindən qalxıb öz maşınından 2 ədəd kitab gətirdi, aftoqraf yazıb mənə hədiyyə etdi. Ayrılmaq istəmirdim. Axşam xudahafisləşib getsə də, öz söhbəti, davranışı, mədəniyyəti ilə məndə özünə qarşı hədsiz hörmət, məhəbbət yaratmışdı.
Axşam kitabları (“Haqqın çırağında”, “Sinəm Haqqın körüyüdü”) vərəqlədim. Kitablar məni özünə elə cəlb etmişdi ki, səhərin necə açıldığını bilmədim. Belə bir savadlı din adamının, həm də istedadlı şairin olduğuna təəccüb etdim, bu günə kimi onu tanımadığıma təəssüfləndim. Ancaq hər şeirini oxuduqca afərin, bərəkallah deməkdən artıq sözüm olmadı. Başa düşdüm ki, söz çəməninin ən ətirli çiçəkləri bu kitablara toplanıb. Bu kitabların şirinliyi, dəyəri haqqında yazmaq istəyi məni düşündürdü. Mən isə ürəyin hökmünə daxilimdə cavab verib, öz-özümə deyirdim: Yazmaq istəyirəm, bilmirəm necə yazım, haradan başlayıb, harada qurtarım? Çətindir mənə. Ona görə çətindir ki, böyük bir dənizi xatırladan söz ümmanının içinə düşmüşəm. Hansı səmtə, hansı yana üzüb çıxmaq lazımsa bilmirəm. Bu ilahi hikmətlərlə dolu söz ümmanı elə bir ümmandır ki, bir bəndinin, hətta bir sətrinin belə üstündən ötəri keçmək mümkün deyildir. Gərək hər sətrinə, hər misrasına diqqət yetirəsən, həzm edəsən, könül süzgəcindən keçirib oxucuya çatdırasan. Bunları isə bir qəzet, jurnal səhifəsinə sığışdırmaq mümkün olan iş deyil. Onun üçün gərək geniş həcmli bir ədəbi-elmi monoqrafiya yazasan. Bu monoqrafiya isə gec-tez yazılacaqdır, bu labüddür. Bu xeyirxah iş kimə qismət olsa, o şəxs Böyük Allahın sevimlisi, istəkli bəndəsi mərtəbəsinə qalxacaqdır.
Mən isə öz gücüm, səviyyəm, qabiliyyətim daxilində molla-şair Əflatun Keşəlinin bəzi məqamlarına münasibətimi bildirmək arzusu ilə qələmi əlimə aldım.
Əflatun Keşəlinin kitablarını vərəqləyərkən hər bir oxucu elə əvvəlcədən görür və belə qənaətə gəlir ki, o adi kənd mollası deyil. Öncə cəmiyyət üçün çox dəyərli insan, böyük fəzilət sahibi olan görkəmli din xadimi, ilhamlı Haqq şairidir. Şairlik ilhamı ilə dindarlıq – hər iki bu ülvi sənət bir canda, bir ürəkdə, saf əqidəli təfəkkürdə birləşib, bir-birinə elə qaynaqlanıb qarışıb, nüvələnib ki, onları bir-birindən ayrı təsəvvür etmək mümkün deyildir. Mənim qəti qənaətim belədir: Əflatun Keşəlinin şairlik təbi, dindarlığı, yüksək fəzilət sahibi olması haqdan gəldiyi üçün onun varlığına qranit kimi hopub, bərkiyib. Onda olan insani həlimlik, alicənablıq, xeyirxahlıq, ağıl, kamal, yüksək mənəviyyat, elm, mərifət, zəka, təmiz əxlaqi hisslər, mənəvi keyfiyyətlər vardır ki, bunları ancaq Allahımız verə bilər. O hər şeyə qadirdir. Sadaladığım keyfiyyətləri mütaliə yolu ilə əldə etmək, qazanmaq olmaz. Allah bunları sidq ürəklə ona bağlananlara, onun qanunlarına təmənnasız əməl edənlərə verir.
Belə bir atalar sözü vardır: “El yandıran şamı söndürmək olmaz!” Allahın Əflatuna verdiyi haq vergisini, ilhamı, fəzilət nurunu da həmçinin. O özü yazır: “Haq dinim İslamdır, özüm müsəlman.” Elə bu misradaca dininə sidqlə bağlanan əsl müsəlman olduğu aydın görünür. Əflatun yaradıcılığı boyu, bütün yazdıqları çoxsaylı şeir növlərinin hamısında Allahı, Qurani-kərimi, İlahi qanunları, Quran ayələrini şeir dili ilə nəzmə çəkir, insanlara təbliğ və təlim edir, onları bu müqəddəs qanunlara əməl etməyə çağırır. O, “Haqqa çağırış”, “Haqqın yolçusuyam”, “İslamın şərtləri”, “Allah” və digər müxtəlif səpkili şeirlərinin hamısında Allahın böyüklüyünü, bir olduğunu təbliğ edir. Bütün bunlar onun yaradıcılığının ana xəttidir. Hansı şeirinə diqqət etsən orada dini təlimlər müsəlman ümmətinə poetik dillə aşılanır:
Yeri, göyü yaradan,
Özü birdir, sözü bir.
Dünyamızı yox yerdən
Yaradanın özü bir.- deyir.
Şairin yaradıcılıq diapazonu çox geniş və şaxəlidir. Klassik şeirin bəzi, lirik şeirin isə məncə bütün növlərində poetik nümunələri məharətlə yaratmışdır. Poeziya aləmini güllü-çiçəkli bir çəmənə bənzətsək, Əflatun o çəməndə bitən ətirli güllərin ən gözəlini sevib-seçib, onları qoxulayıb, daha da ətirli etməyə çalışıb. Bu onun fitri istedadının sayəsində mümkün olub. O, “İlhamım Haqdandır, sönən ki deyil” kimi ifadələrlə Haqq şairi olduğunu təsdiq edir. Odur ki, onun yaradıcılığında qoşma, gəraylı, poetik-fəlsəfi ruhlu nəsihətnamə, divani, ilahi dəyərləri tərənnüm edən ustadnamə, təcnislər, müxəmməs, müsəddəs, qıfılbənd, qəzəl, deyişmələr və s. Öz əksini tapır.
Əziz oxucu! Məncə insan həyatında yaxşı söz söyləmək, yaxşı əməl sahibi olmaq, yaxşı niyyətlərlə yaşamaq hər kəs üçün ən gözəl, vacib əməllərdir. Bunlar insanın simasını göstərən güzgüdür. Bu güzgüdə daxili mənəviyyat əks olunur. Bunlar Əflatun Keşəli yaradıcılığında aydın görünür. Gözəl xüsusiyyətlər onun qələmə aldığı hər növ yazılarında, söz buxçasında öz əksini tapır. Axı, yeməyin dadı duzda olduğu kimi, poetik ifadənin, şeirin, sözün dadı da hikmətli sözdədir. Əflatunun poetikasında olan fəlsəfi hikmət gücü onun yaradıcılığının, mənəvi dünyasının zənginliyini göstərir. Bu zənginliyin canı-qanı isə onun bir-birindən gözəl şeirlərinin dadında, duzunda, kaloritliyindədir.
Əflatunun 60 bəndlik mənzum əsəri – rübailəri var ki, onun hikmətli, fəlsəfi fikirləri bu rübailərdə aydın görünür. Hər bənddə ilahi dəyərlər, poetik duyumlar, Haqqa çağırış, əqidəsi düz insan olmaq və s. Kimi ali duyğular oxucuya çatdırılır. Onun üçün əvvəlcədən bir çox bəndlərin əvvəlində “Ey könül”, “Ey insan”, “Ey naşı”, “Ey dost”, “Ey mömin”, “Ey nəfs”, “Ey saqi”, “Ey canım” – deyə özünə xitabən müraciət edir, dəyərli fikirlərini insanlara məharətlə çatdırır. Onun bütün rübailəri ictimai-əxlaqi, fəlsəfi məzmuna malikdir. Maraqlıdır ki, dörd dəfə öz daxili dünyasına “Ey könül” deyə müraciət edir, fikrini misralarda işıqlandırır. Bununla da şair insanları elmlə, dinlə, halallıqla əməklə şöhrətə, şərəfə layiq olmağa çağırır. O, rübai üslubunun zəngin yaradıcılıq növü olduğunu görür və sübut edir ki, rübai poeziyamızın hikmət dəryasıdır.
Şair lirik şeirin qəzəl növündə də qələmini məharətlə sınayıb, gözəl nümunələr yaradıb. Füzulinin “hünər bağının gülü” adlandırdığı qəzəlləri ürək yanğısı ilə, ətirli qızıl gül qoxusu verən şirin dillə, ustalıqla yaradıb, biz oxuculara ərməğan edib. Şərqin dahisi Ə. Caminin yazdığı kimi:
“Yağsın qələminin dilindən şəkkər,
Yazdığın şeirlər qoxusun ənbər.”
Onun poeziya dünyasını bacardığım qədər az-çox mənimsədikdən sonra məqaləni yazarkən gəldiyim son nəticə budur: Onda Haqqdan verilən fitri ilham var. Şeirlərində həmişə Haqqın təbliği, insanların, dünyanın dərdi öz əksini tapır. O, öz yaradıcılığı ilə yaşayacaq! Çünki o əbədiyaşar şairdir. Şeirləri insana poetik ruh verir. Çünki o, şeirləri həqiqi poeziyaya çevirməyi məharətlə bacarır. Şeirləri insana fərdi impuls verir. Yaradıcılığında poetik sözün ruhu, qüdrəti var. Bu da onun intellektual üslubundan irəli gəlir.
Bütün janrlarda qələmini sınayan Molla-şair Əflatun Keşəlinin şeirlərində öz haqqa sədaqətini, hidayətini, imamətini ürək qanı ilə yazıb xalqa çatdırır. O, Allaha ibadət və itaət adamıdır, qələmi Haqqdan yazır. Haqq yolu onun kimliyidir, fitri varlığıdır. Onun haq şairi və fəzilətli din xadimi olmasının mənbəyi ürəyində qaynayan iki çeşmədir. Bu çeşmələrin mənbəyi isə Haqq dərgahıdır. Nə qədər ki, Allah verən ömrü o yaşayır, o çeşmə quruyan deyil. Yazdığı “Təkəm, təkəm” adlı çox mənalı bir şeirində olduğu kimi o hələlik təkdir. Mən öz varlığım kimi buna əminəm, Əflatun!
O yazır:
Fərhad olam külüngümlə,
Bu dünyanın dərdlərini
Sökəm, sökəm.
Bağban olam yer üzündə
Gül-çiçəkdən bağ-bağçalar
əkəm, əkəm.
Neyləyim ki, tapılmayır
Bu zamanda tayım mənim,
Təkəm, təkəm...
Söz ruhun ölçüsüdür. Budur Əflatunun ruhu, mənliyi. Mən də öz tərəfimdən qədirşünaslara müraciət edərək deyirəm: Əzizlərim, Sokrat deyib, “Məni tutun və qaçırmayın. Sizə lazım olaram.” Əflatunu əldə möhkəm saxlayın. O xalqımıza lazımdır. Həqiqət budur ki, onun təmiz ürəyi, arzusu, diləyi vardır. Özü də “mənə ilhamı Allahım verib” deyir. Mən də ona aydın, təmiz səma, sağlam can, yeni-yeni yaradıcılıq eşqi arzulayıram. Amin!
Təhməz Abbasov,
Bolnisi rayonunun Dəllər (Muşevan) məktəbinin sabiq direktoru,
filoloq, əmək veteranı.