Azərbaycanın alovlu vətənpərvər şairi Xəlil Rza Ulitürk bunu çox gözəl xarakterizə etmişdir:
Hər zaman kükrəmə, bəzən yavaş get,
Demə ki, tufanlar qəddimi əyməz.
Vaxtında güllə tək açılmayan söz,
Sahibinə dəyər, hədəfə dəyməz...
Çoxları sinələrinə döyərək gecə-gündüz vətən haqqında düşündüklərini deyir və onun uğrunda hətta canlarını belə verməyə hazır olduqlarını söyləyirlər.. Yazıqlar olsun ki, elə insanların--dırnaq arası liderlərin sözləri ilə əməlləri heç vaxtı üst-üstə düşmür. Belə üzdən iraq liderlərin sayı həddən artıq çoxalıb. Hal-hazırda bu liderlər qonşu ölkələrdə firavan yaşasalar da yenə bu torpaqdan əl çəkmək istəmirlər. Siz elə düşünməyin ki onlar bu torpaqları unuda bilmirlər. Əsla yox. Yenə də bu torpaqdan istifadə etməyə, hər hansı bir şöhrət zirvəsinə ucalmağa çalışırlar ki, mən də burda varam. Bu tip insanlar bədəndə əmələ gələn yara kimidir. Bu yaralar daimi orqanizmə ağrı verdiyi kimi, həmin insanlar da bu bölgəyə, onun əsl sahiblərinə eləcə əzab verir. Onlar yalnız bu torpaqlardan öz mənfəətləri üçün istifadə etməyə çalışır, hətta onları satmağa belə hazırdılar, təki onların cibləri dolsun. Adi bir vəzifəyə duranda, ya da bir şirkətə, cəmiyyətə rəhbəlik edəndə və yaxud mərkəzdə millətin nümayəndəsi seçiləndə, onların seçiçiləri tamamilə yaddan çıxır onları bu kürsüyə gətirənlər əbədi unudulur və həmin şəxslər öz qohum-əqrabasını başına toplayıb vəzifəyə yerləşdirir, güzaranına kömək edir, kasıb camaat isə kənarda qalır. Onda da vətəndaşların vətənə qarşı münasibətləri dəyişir və üz tuturlar başqa qonşu dövlətlərə (Rusiyaya, Azərbaycana, Türküyəyə və s.) çörək pulu qazanmağa. Onda bölgəmiz də seyrəkləşməyə başlayır, kəndlərimiz, obalarımız boşalır. Əgər düşüb regionumuzu kənd-kənd gəzsək yüzlərlə evlərin qapılarından iri qıfılların asıldığını görərik. Hanı bu millət, öz ev-eşiyini buraxıb, elini, yurdunu unudub hara gedib. Onların kiçik övladları necə və hansı dildə oxuyurlar? Öz tarixindən, bu günündən, adət-ənənəsindən halı ola bilirlərmi? Budur vaxtın sözü, budur əsas bəla. Bunu, vaxtı, məqamı çatmış söz kimi, hamımızın çəkdiyimiz problem kimi, sən deməsən, mən deməsəm, bəs kim deməlidir? Vaxtı ilə böyük Türk şairi Nazim Hikmət demişdir:
Sən yanmasan,
Mən yanmasam,
Biz yanmasaq
Necə çıxar
Qaranlıqlar aydınlığa...
Budurmu qanı-qanımızdan, canı-canımızdan.olan soydaşlarımızın öz sabahına ögey münasibəti? Harda qalıb liderlər, harda qalıb imkanlı bu ellərin oğulları? Son illər fikir verirsinizmi məktəblərimizin başına açılan qəribə oyunlara. Onların sayının günbəgün azalması, görəsən hansı lideri, hansı imkanlı eloğlumuzu düşündürür. Bir neçə ildən sonra bu millətin savadlı
insanlarının sayı barmaqla sayılan qədər azalacaq. Onda əsl faciə başlanacaq. Budur vaxtın sözü, vaxtın problemi. Düzdür, Marneulidə fəaliyyət göstərən Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti öz səmərəli fəaliyyətilə bu problemi qismən də olsa aradan qaldırmağa çalışır. Eləcə də ölkəmizdə olan başqa universitetlərin Marneulidə təşkil olunmuş filialları bu xeyrxah və lazımlı işi görür, ancaq bu çox azdır.
Məlum məsələdir ki, buradakı orta məktəblərimizi əla qiymətlərlə bitirən gənclərimiz ali təhsil almaq üçün Azərbaycanın Bakı, Gəncə və başqa şəhərlərinə gedir, qəbul olur, ali məktəbi bitirir, ancaq geri, öz yurduna qayıtmır. Bu da bizim təhsilimizə böyük zərbə vurur, məktəblərimizdə müəllim çatışmamazlığı özünü birüzə verir. Real faktdır ki, son illərdə yüzlərlə valideyin öz uşaqlarını gürcü dilli məktəblərə qoyurlar. Bu bir tərəfdən yaxşıdır, dövlətimizin dilini bilmək hamı üçün lazımdır. Ancaq bizim öz milli adət-ənənələrimiz, milli əxlaqi dəyərlərimiz harda qalır. O, körpə necə böyüyür, onun əxlaqi-düşüncəsi necə inkişaf edir. Bax əsas məsələ budur. Vaxtın sözü məhz budur, hansı ki, həlli gözlənilən çox vacib məsələ kimi bizim qarşımızda durur. Gürcü dilli məktəblərdə Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, Azərbaycanın əxlaqi-dəyərləri tədris edilirmi? Əlbəttə yox. Bəs necə etməli? Çıxış yolunu harda və necə tapmalı?
Böyük ingilis dramaturqu V. Şekspir vaxtilə demişdir: “Qəhrəmanlıq zirvəyə çıxmaqda deyil. Əsl qəhrəmanlıq bu zirvəni saxlamaqdır”.
Ona görə açıq deməliyik ki, elini-obasını, dilini, mənsəbini qorumaq inkişaf elətdirmək üçün gürcü dilli məktəblərə uşaq qoymaq əsas şərt deyil. O, qədər gürcü dilini bilən mütəxəsislərimiz ortalıqlarda boş-bekar gəzir ki, sayı-hesabı yoxdur.
Zaman-zaman yaşadığımız bölgənin başına çox bəlalar gəlib. Onun torpaqlarını hissə-hissə kəsib özününküləşdiriblər bədnam erməni qonşularımız.
Vaxtilə bircə kəlməsi ilə göydə quşlar qanad saxlayan müdrik el ağsaqqallarımız artıq həyatda yoxdur. Onların törəmələri isə zəmanənin abı-havasına aldanaraq başqa səmtə doğru istiqamət götürüblər. El də yaddan çıxıb, torpaq da unudulub. Şöhrət gözlərini tutan bu şəxslər hazırda həyata meydan sulayır, “burda mənəm, Bağdadda kor xəlifə”-deyirlər. Ellərimizə-obalarımıza müdrik ağsaqqallıq edən, sözü-söhbəti, bacarıq və qabilyəti ilə bir qoşunu geri qaytaran ər oğullar—Səməd ağalar, İstil İsmayıllar, Mehralı bəylər, Haley bəylər, İsaxan ağalar ərşə çəkilib. Onların yerini isə süni südlə böyümüş şöhrətpərəstlər tutur. Budur vaxtın sözü. Bu dediklərim hamını narahat etməlidi. Hamı vaxtın sözü nə olduğunu bilməlidir. Və həmin sözləri yerində işlətməli, onun mənəvi mənasını başa düşməli, vaxtın, zamanın, anın vacib sözü olduğunu bilməli, neqativ hallara qarşı öz kəsgin etirazını vaxtı çatmış sözlə bildirməlidir. Sözün vaxtı çatdımı, məqamı düşdümü deməlisən. Azərbaycanın ustad aşığı Şəmşir vaxtı ilə demişdir:
Xəstə şəfa tapar təri gələndə,
Həkim ona-yönü bəri gələndə,
Əgər deyə bilsən yeri gələndə
Qılncdan kəskindir söz vədəsində.
Istədiyin sözü, istədiyin vaxt demək olmaz. Sözü gərək məqamında, vaxtı başının üstünü alanda deyəsən. Məqamı çatmış sözləri kim deməlidir? sualına cavab olaraq deyirəm ki, o sözün arxasında duran və öz müdrik kəlamları ilə dağı dağ üstə qoyan, onun mənəvi-dəyərini dərindən başa düşən, kəlamı kiməsə bir məlhəm qədər kömək edərsə, o adamlar deməlidir vaxtın sözünü. Böyük Nizami vaxtı ilə yazmışdır:
Sözünə olmasa layıq bir cavab,
Dəyərli sözləri eyləmə xarab.
Boş-boş söyləməkdən saxla özünü,
Ağzına qıfıl vur, yandır sözünü.
Həyatda hər şey sözlə yaranır, onla bərqərar olur. Dünya sözlə idarə olunur. Vaxtında deyilmiş sözün çox dəyərli qiyməti var. Söz o vaxt gözəl təsir bağışlayır ki, vaxtında deyilir və müsahibin səni anlayır, başa düşür. Görün Nizami vaxtında deyilmiş sözə necə qiymət verir:
Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da.
Artıq içilən su kimi, artıq ifadə olunan və yersiz deyilən söz də insana əzab, əziyyət verir. Birdən elə bir, vaxtı çatmamış söz deyirsən ki, bu da sənin həyatın bahasına başa gəlir.
Açıq etiraf eyləmək lazımdır ki, vaxtında, məqamında sərrast sözü demək üçün dilçi alim olmaq o qədər də əsas şərt hesab edilməməlidir. Əsası odur ki, ağzından çıxartdığın söz vaxtında deyilsin və hədəfə dəysin. Böyük dahilər söz haqqında çox yazmışlar, çox düşünmüşlər, çox baş yormuşlar. Sözün qüdrətinə, onun dəyərinə şox yüksək qiymət vermişlər. Azərbaycanın böyük dövlət xadimi, sərkərdəsi, şairi Şah İsmayıl Xətai sözün məcazi mənasını belə açıqlayır:
Söz vardır kəstirər başı,
Söz vardır kəsər savaşı...
Səyavuş UYĞUN