ustad aşıq Hüseyn Saraçlı ilə
son müsahibə
(18 fevral 1987-ci il)
Nağıllar kimi qədim, el yığnağı kimi ağır dastanlarımızın butasını öncə anam vermişdi mənə.
Elə o vaxtdan saza-sözə qarşı içimdə çiçək cırtlayırmış kimi bir ehtiyac doğulmuşdu.
Və sonralar bu ehtiyac saz məclislərində ustad aşığın sazıyla pardaqlandı.
Beləcə günlərin birində üz-üzə əyləşdik ustadla…
1987-çi ilin fevral ayının 18- də Azərbaycan Dövlət Filarmoniyası adamlarla dolu idi.
Bir azdan Hüseyn Saraçlının nağıl-dastan boxçası açılacaq, qatar-qatar saz havası sehrində bayaqdan foyedə dəstə-dəstə söhbət edənlərin üz-gözü çiçəkləyəcək.
Öncə görüşümüz ayrı yol aldı – kənd-kəsək, dağ-aran xatırlandı.
Ustadlar ustadnaməni üç yol söyləyib, deyiblər…
Elə söhbətimizin davamını da foyedə köklədik.
-Ustad, həmişə olduğu kimi, yaşınızın 70-i keçdiyi bir vaxtda belə yenə ağır məclislər yola salırsınız. Bu cür konsertlər, görüşlər…
-On yaşımdan əlimə saz alıb, Borçalı Aşıq İbrahimin yanında şəyirdlik eləmişəm. Uzun zaman da Faxralı şair Nəbiyə saz tutmuşam. Elə o vaxtlardan da el-el, oymaq-oymaq gəzmiş, Bakıda, Naxçıvanda, Azərbaycanın bir çox rayonlarında, Ermənistandakı yurdlarımızda, Qazaxıstanda, Özbəkistanda, Türkmənistanda ağır məclislər yola salmışam. Hər dəfə də məclis əhli ilə üz-üzə gələndə elə bil daha da çavanlaşmışam. Necə deyim, yorğunluğum bir növ rahatlıq olub. Axı aşıq gərək elin içində olsun.
-Bəziləri sizi ifaçı aşıq, bəziləri də dastançı aşıq kimi tanıyırlar. Bəs özünüz hansını qəbul edirsiniz? Ümumiyyətlə, bu ifadələrə münasibətiniz?
-Mənə görə, əsl aşıq üçün oxuyub-çalmaq da, dastan danışmaq da əfsəldir. Şair Nəbi deyərdi “Eşq də, ağıl da əsl insan üçündü ; eşq adamı düz yola, ağılsa zirvəyə aparır. Ancaq bunların hər ikisi birləşəndə insanlıq bütövləşir ” . Bu annamda, mənə elə gəlir ki, ifaçılığı dastançılıqdan ayırmaq düz iş deyil.
-Ustad aşıqlarla dostluğunuz barədə nə deyə bilərsiniz, kimlərlə dost oldunuz, kimlərlə nə qədər yol getdiniz?
-Dədə Şəmşirlə, Aşıq Sadıqla dostluğumuz uzun sürüb. Aşıq Əmrahla, Mikayıl Azaflı ilə hələ də yol yoldaşıyıq, aramız sazdır.
-Sözsüz ki, çoxlu aşıq da yetişdirmisiniz. Onların arasında kamil aşıqlıq mərtəbəsinə yüksələnlər varmı?
–On dörd şəyirdim olub. Onlardan Əhməd Sadaxlı, Məhəmməd Sadaxlı, Nurəddin Qasımlı, Sədi Ulaşlı el içində sayılıb, seçilən aşıqlardandır.
-Necə hava çalırsınız, ustad?
-Özüm saymamışam, amma uşaqların dediyinə görə (şəyirdlərinə işarə edir) səksənə yaxın hava çalıram. Özümün yaratdığım havalar da var. Məsəl üstə, “Bağdad dübeyti ”, “ Qürbəti Kərəm ” və sair.
-Məlumdur ki, bəzi aşıqlar sazla balabanın ortaq çalğısına daha çox meyl edirlər. Bu, sizi qane edirmi?
-Onu deyim ki, nə Borçalı aşıqları balabana könül verib nə də sazları balaban üzü görüb. Qazax, Tovuz, Gədəbəy və başqa rayonlarda sazla balabanın birgə yaxşı ifaçıları var. Mənim fikrimi bilmək istəyirsinizsə, hələ bu kamil aşıqlığa dəlalət eləmir. Bəlkə də balaban saza bir köməkdir.
-Son vaxtlar Gürcüstanda “Aşıq Pəri” məclisinin konsertləri oldu. Bunu necə qrşıladınız…
-Saz-söz həmişə elin ehtiyacı, adət-ənənəsinin, toy-düünün özəyi olub. Bu ehtiyac məclisə kənardan tamaşa edəndə daha aydın görünür. Qadın aşıqlarımızın məclisində də bunun bir daha şahidi oldum. Onların içində Aşıq Solmazın həm çalğısı, həm ifası xoşuma gəldi.
-Eşitdiyimizə görə, bir necə sazınız var. Onlardan sizə daha əzizi hansıdı?
-Beş sazım – beş barmağım var. Amma nə deyim, bir el sözü də var: “ Beş barmağın beşi də bir olmaz”. Onlardan mənə ən doğması, daim yol yoldaşım olanı Ana Sazdır. Pənahım, umudum, keçmişim, özümdü Ana Saz. 45 il öncə Cənubi Azərbaycanın Marağa şəhərində bağlanıb bu saz. Yaxın zamanlarda keçiriləcək yubileyimdə yadigar olaraq Azərbaycan Aşıqlar Birliyinin təşkil etdiyi muzeyə vermək fikrindəyəm.
-Ustad, cavan aşıqlara məsləhətiniz?
-Məsləhətim odur ki, gələnəyi qoruyub saxlasınlar, yaxşı nə varsa öyrənsinlər. Çünki bu saz Dədə Qorquda, Koroğluya, Kərəmə, Ələsgərə söykənib, üzü bizim kimliyimizə sarı baxır.
–Bəs hədiyyəniz?
-Hədiyyəmsə, özümün yaratdığım dastanlardan “Kərəm Burçoğlu ” və “Qızıl dastan” olacaq…
-Saz sizdən, siz sazdan amanat, ustad!..
D.Osmanlı
BDU-nun jurnalistika fakültəsinin
II kurs tələbəsi
18 fevral 1987-ci il.
P.S.: Bu söhbətdən bir ara sonra günlərin birində, el-oba bahar bəzəyinə büründüyü vaxt bəlkə də dodaqlarında böyük türk aşığı Dədə Veysəlin “Mənim sadiq yarım qara torpaqdır ” misrasını pıçıldayaraq, torpağa döndü Hüseyn Saraclı . Amma bu torpaq bir saz dünyasının əbədiyyət çinarı, Borçalının yeriyən səs xəzinəsi kimi ucaltdı onu.
Min-min illər bir-birini yıxacaq, amma əsrlərin yaddaşından Ana sazın yanıqlı sədaları səslənəcək kökə bağlı ömürlərə sarı. Nəsillərə ərməğan olub, heykəlləşib, yenidən yaşayacaq ulu sənətkarımızın sənət möcüzəsi. Və nə vaxtsa qədim Borçalı torpağı övladlarından kiməsə bənzərsiz sənətkar xoşbəxtliyini ruzi kimi verəndə Aşıq Hüseyn Saraclı sazının müqəddəsliyi olacaq yol göstərib, uğur diləyən.