...1994-cü ildə Gürcüstanın Axalkalaki rayonunda Xocalıda körpə, yaşlı, qadın, gənc deməyib azərbaycanlılarımızı qanına qəltan edən Qarabağ müharibəsi iştirakçısına, separatçı və cinayətkara büst qoyuldu. 2019-cu ildə 20 Yanvar tarixində - bütün dünya azərbaycanlıları üçün hüzn günü olan bir tarixdə isə eyni separatçı və cinayətkarın büstü yenidən yenilənib Ermənistanın Gürcüstandakı səfirinin və Gürcüstanda yüksək vəzifə tutmuş digər erməni əsilli dövlət adamlarının iştirakı ilə təmtəraqlı şəkildə açılışı oldu.
Erməni Gürcüstanda yüksək vəzifə tutanda dərhal tarixlərini hər bir yolla yaşatmağa çalışır, nəsildən-nəsilə ötürməyə çalışır. Qarabağda eləcə də 20 Yanvarda döyüşən, canlarını qurban verən, şəhid olan neçə Gürcüstan azərbaycanlısı var. Onların adlarının əbədiləşdirilməsi üçün bizlər nə etmişik? Ümumiyyətlə, heç onların adlarını belə tanıyırıqmı? Təəsüf ki, şəhidlərimizi biz ümumiyyətlə heç tanımırıq da. Niyə? Sualın sadə cavabı var, çünki, bizimkilər ermənilərdən fərqli olaraq Gürcüstanda vəzifə sahibi olanda Gürcüstan azərbaycanlısı olan şəhidlərin (Gürcüstanın müstəqilliyi uğrunda vuruşanlar da həmçinin) adlarını əbədiləşdirmək üçün, onların adını hansısa bir küçəyə, parka verilməsi üçün çalışmayıblar, belə desək yadlarından çıxıbdır. Mediada bu qəhrəmanlarımız yalnız Axalkalakidə problem yaşanandan sonra yada düşməli deyil. İlin 4 fəslində bütün media orqanlarında bu qəhrəmanlar daima yad edilməlidir, xalqa tanıdılmalıdır.
Erməni 1994-cü ildə qəhrəman hesab etdiyi cinayətkara büst qoyur, biz isə sahib olduğumuzu belə qoruyub saxlaya bilmirik.
Görün nə günə qalmışıq ki, N.Nərimanovun adının BƏRPAsı uğrunda hələ də heç nəyə nail ola bilməmişik. Bəli, təkrar edirəm, böyük hərflərlə yazıram, məhz adının BƏRPAsı, adının verilməsi YOX! Marneuli Mədəniyyət Evi bir vaxtlar N.Nərimanovun adını daşıyıb, ad götürüldü, təsadüf nəticəsində 2018-ci ildə Ramazan bayramı ərəfəsində geniş ictimaiyyətə bu adın götürülməsi məlum oldu. Ərizə yazdıq, Nərimanovun adının bərpası ilə bağlı, yarim ildir ki, ərizəmizə belə cavab gəlməyib. Ancaq Marneuli Mədəniyyət Evinin qarşısındakı barelyefdə günü bu gün də Mədəniyyət Evinin N. Nərimanovun adını daşıdığı göstərilibdir. Nərimanov Marneulinin Qızılhacılı kənd məktəbində azərbaycan/rus dilindən dərs deyibdir, bir vaxtlar həmin məktəb də Nərimanovun adını daşıyıbdır, bu adı da götürdülər. Marneulidə, Nərimanovun adına küçə də var idi, onun adını küçədən də götürdülər...
Sual olunur bu adlar götürüləndə bizim məsul şəxslər hara baxırdı?
Nə yaxşı ki, bu yaxınlarda bir gənc (gürcü) müsahibə verib N.Nərimanovun büstü olan parka Merab Kostavanın adının verilməsi ilə bağlı bir qrup insanlarla birlikdə Marneuli Bələdiyyəsinə müraciət etdiyini və onun ərizəsinə müsbət cavab gəldiyi təqdirdə Nərimanovun büstünün həmin parkdan götürüləcəyini söylədi. Biz isə cavab olaraq etiraz aksiyası təşkil etdik, Nərimanovun bütsü yerləşən parka elə Nərimanovun adının verilmsi ilə bağlı Marneuli Bələdiyyəsinə yeni ərizə təqdim etdik. Nərimanovun büstü/heykəli parkda 80-ci illərdə qoyulubdur, Gürcüstanın keçmiş prezident Eduard Şevernadze Marneulidə Nərimanovun büstü olan parkda “Beynəlmiləl Dostluq Günü”ndə, “Nərimanoba” bayramında iştirak edibdir.
Axı necə olur ki, 1983-cü ildən bu günə kimi, 36 il ərzində bir nəfər vəzifədə olan məsul şəxsin və ya sayı 300-dən çox olan hansısa azərbaycanlı QHT rəhbərlərinin ağlına həmin parka Nərimanovun adının verilməsi, adının rəsmiləşdirilməsi gəlməyibdir???
Gərək 36 il gözləyəydik ki, hansısa bir gənc(lər) Nərimanovun büstü yerləşən parka başqa bir şəxsin adının verilməsi ilə bağlı Marneuli Bələdiyyəsinin sədrinə rəsmi ərizə təqdim edəyidi, beləliklə də biz Nərimanovun büstünün götürülməsi təhlükəsi ilə üzləşəydik, sonra da əl-ayağa düşəydik, etiraz aksiyası təşkil edəydik və parka Nərimanovun adının verilməsi ilə bağlı yeni ərizə təqdim edəydik? Bu yerdə deyərlər, “Müsəlmanın sonrakı ağlı məndə olaydı”. Hələ bəzi məsul şəxslər öndə gedib bu ərizəni yazmaq, müraciəti etmək əvəzinə, aksiyanı təşkil edənlərə təşəkkür etmək əvəzinə, görülən işə də “mız” qoyub “provokasiya”ya uymayın deyib məsuliyyətdən yan keçməyə çalışırlar. 36 il ərzində Gürcüstanda hakimiyyət azı 10 dəfə dəyişdi, iqtidar olan müxalifətdə oldu, müxalifət olan iqtidarda oldu, amma dəyişməyən bir şey oldu, milli dəyərlər ayaqlar altında tapdandıqca, milli dəyərlər silindikcə, milli dəyərlərə qarşı olan “laqeydlik, etinasızlıq, biganəlik, ögey münasibət” heç dəyişmədi.
Tbilisidə görkəmli azərbaycanlıların adlarını daşıyan küçələr var, amma həmin küçələrin əksəriyyəti yalnız Tbilisi xəritəsində qeyd olunub. Mir Həsən Vəzirov 26 Bakı komissarlarından olduğu üçün adının dəyişdirilməsi və Tbilisidə anadan olmuş dünyaşöhrətli müğənni Rəşid Behbudovun adının verilməsi gözlənilirdi. Bir azərbaycanlının adı götürüləndə başqa bir azərbaycanlının adının verilməsi gözləniləndir, deyilmi? Amma çifayda, başqa bir gürcünün adı verildi, baxmayaraq ki, Rəşid Behbudovu bütün dünya sevir.
Tbilisidə Mirzə Şəfi Vazeh küçəsində yerləşən N.Nərimanovun Ev Muzeyini hansısa investor otel tikmək məqsədi ilə dağıtdı. Yenə sağ olsun SOCAR, yiyəlik edib N.Nərimanov adına bir Xatirə Muzeyi tikib təhvil verdi. Bəs xəbəriniz varmı Tbilisidə Cəlil Məmmədquluzadənin adına da bir ev muzeyi var. Əminəm ki, 99.9 % bu muzeyin qapısının haradan açıldığını belə bilmir. Sizlərdə heç bir günah yoxdur, çünki, bu muzey, muzey kimi fəaliyyət də göstərmir, çox bərbad bir haldadır, ciddi təmirə ehtiyacı var. Bizlərə isə ümid etmək qalır ki, muzey təmir olunana qədər bu muzeyin də aqibəti N.Nərimanovun ev muzeyinki kimi olmayacaq, N. Nərimanovun xatirə muzeyi tikilənə qədər, ev muzeyindən bir çox əşyalar yoxa çıxdı, it-bat oldu, eynilə də C.Məmmədquluzadənin ev muzeyindən...
Aradabir yaşadığımız ölkənin, eləcə də qonşu ölkənin təcrübəsindən yararlanmaq da pis olmazdı. Təsəvvür edin, Kutaisidə “Sataplia” adlanan yer var, guya ki, dinozavrların məskəni olubdur, “dinozavrların ayaq izləri” hər il neçə turisti cəlb edir. Yaxud, bir çoxlarının sevimli yeri olan Siqnaxi şəhərinə turistləri cəlb etmək üçün ad uydurublar “Sevgilər şəhəri”, halbuki bu şəhərin sevgi yaxud sevgililərlə bağlı heç bir tarixçəsi yoxdur. Gürcü heç nədən hər şey yaradır, biz isə zəngin mədəniyyətimizi qorumağa belə qadir deyilik, çünki bixəbərik.
İstər gürcü, istərsə də erməni tarixlərini, mədəniyyətlərini yaşadır, biz isə olan-qalanı da itirə-itirə gedirik...Tibb fakültəsində oxuyan bir gürcü mənə dəqiq elmləri bilmək vacibdir, humanitar fənlər nəyimə gərəkdir demir, kimya ilə yanaşı tarixini, ədəbiyyatını da mükəmməl öyrənir. Eynilə də bizlər ilk növbədə ANA dilimizi, ədəbiyyatımızı, tariximizi, mədəniyyətimizi mükəmməl bilməliyik!
Azərbaycan tarixini, Azərbaycan ədəbiyyatını, Azərbaycan dilini bilməyən, dərk etməyən gənclər mədəniyyətimizdən, tarixi keçmişimizdən də bixəbər olacaqlar, bu da öz növbəsində VƏTƏNPƏRVƏRLİK hissinin sönməsinə, tədricən ölməsinə gətirib çıxardacaq. Tarixi keçmişimizdən, mədəniyyətimizdən bixəbər olanlarda heç vaxt milli dəyərləri qoruyub saxlamaq hissi, bağlılığı olmayacaq. Bu kimi insanlar heç vaxt Nərimanovu müdafiə etməyəcəklər, hansısa bir investor gəlib C. Məmmədquluzadənin ev muzeyini dağıdıb yerində otel tikmək istəyəndə buna biganə qalacaqlar. Gələcək fəsadlarla üzləşməmək üçün milli sərvətimizi, milli dəyərlərimizi göz bəbəyimiz kimi qoruyaq, nəsildən-nəsilə ötürək!
1994-cü ildə erməni məmurları əli insan qanına bulaşmış bir cinayətkara abidə ucaldır, biz isə Üzeyir Hacıbəyovu, Hacı Zeynalabdin Tağıyevi, Səməd bəy Mehmandarovu, Əliağa Şıxlınskini eləcə də minlərlə ziyalılarımızı represiyadan, güllələnməkdən xilas edən, həkim kimi insanlara şəfa verən, müəllim kimi azərbaycanlılarımıza ziya, təhsil, təlim-tərbiyə verən N.Nərimanovun adının Marneuli Mədəniyyət Evindən götürülməsinə, Qızılhacılı kənd məktəbindən götürülməsinə, vaxtilə onun adını daşıyan küçədən götürülməsinə etiraz edə bilməyib, lal-dinməz olub HEYKƏL kimi hələ də kənardan müşahidə etməkdəyik...
Başımız əhlət daşına dəyəndən sonra da bu laqeydlik, biganəlik, etinasızlıq, ögey münasibət yenə də davam edəcəkmi?
Ziyanın yarısından qayıtmaq da xeyirdir deyib atalarımız...
Bu sağlam tənqiddən məsul şəxslərin nəticə çıxarması ümidi ilə...
Aygül İsayeva
Beynəlxalq Qafqaz Universitetində Assosativ Professor
İqtisadiyyat üzrə fəlsəfə doktoru
REDAKSİYADAN:
AMEA-nın aparıcı elmi işçisi, Əməkdar elm xadimi,
tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi
Aygül İsayevanın məqaləsini oxuduqdan sonra şərh yazaraq
öz narahatçılığını bildirib.
Aygül xanım da öz növbəsində dəyərli alimimizə cavab yazıb.
Oxucularımız üçün də maraqlı olacağını nəzərə alaraq, biz də
həmin yazışmanı aşağıda dəyərli izləyicilərimizə təqdim edirik.
Solmaz Rüstəmova-Tohidi: Aygül, səni məktəbdə oxuduğun vaxtdan tanıdığımdan bu fəal vətəndaş mövqeyin məni təəccübləndirmir.
O vaxt məktəbinizin təşkil etdiyi tədbir öz səviyyəsinə görə mənə böyük təsir qoymuşdu. Düşünürəm ki, bütün bu işlərin əsası elə məktəbdən qoyulmalıdır. Gürcüstandakı azərbaycanlılar gürcü dilini təmiz bilmədən, onların tarixini öyrənmədən və Gürcüstan cəmiyyətinə inteqrasıya olmadan bu ölkədə mühüm məqamlara çatmayacaqlar və elə üçüncü sort əhali olaraq qalacaqlar. Gənclər arasında işləyin. SOCAR-la geniş əməkdaşlıq edin. Gördün ki, Cümhuriyyətin 100 illiyini Gənclər Fondu ilə necə möhtəşəm keçirdilər. Bizdən də nə asılıdırsa hazırıq. Nərimanovla bağlı Axundovun ev muzeyində böyük tədbir təşkil edin. Onun ən gözəl tədqiqatçısı Firdovsiyyə xanımı dəvət edin. Sonra tədbir iştirakçıları adından Gürcüstanın müvafiq orqanlara müraciət edin. Hər iki respublikanın tanınmış şəxsləri adından imzalar toplayın. Bizim nə qədər gürcü alim dostlarımız var. Sizə kömək edək. İşləmək lazımdır. Uğurlar!
Aygül Isayeva: Solmaz xanım çox təşəkkür edirəm. Sizin Tbilisidəki tarixi çıxışınız hələ də dillər əzbəridir. Sizin kimi tarixçilərə çox böyük ehtiyacımız var. İnanın ki, Gürcü dilini də, tarixini də gürcülərdən də yaxşı bilən gənclərimiz var və belə gənclər yetişməkdə davam edir. Çox düz buyurursunuz, SOCAR-la əməkdaşlıq davam edir, SOCAR Gürcüstan vətəndaşı olan azərbaycanlı tələbələrin təhsil haqqını ödəyir, həmin tələbələr universitetdə gürcülərlə eyni auditoriyada oturub gürcü dilində təhsil alırlar. SOCAR gənc nəslin Gürcüstan cəmiyyətini inteqrasiya olunmasında kifayət qədər böyük işlər görür, müsbət nəticələr də var. Nərimanovla bağlı inşallah ki, elə Tbilisidəki Nərimanov adına xatirə muzeyində eləcə də Marneulidə onun büstü olan parkda bir sıra tədbirlərin keçirilməsini planlaşdırırıq. Dəyərli alim, Firdovsiyyə Əhmədova xanımı çox sevirəm və çox da hörmət edirəm. Dəfələrlə Firdovsiyyə xanımın Gürcüstana gəlməsini vurğulamışam, inşallah səsimə də səs verən olar. Gürcüstan Yazıçılar Birliyinin Azərbaycan bölməsinin rəhbəri ilə də görüşdüm, xahiş elədim ki, gürcü yazarlarla birlikdə Nərimanovun yaradıcılığı ilə bağlı tədbirlər etsinlər, Nərimanovun yaradıcılığı gürcü cəmiyyətində də tanınsın, amma...amma bu təklif, təklif olaraq da qaldı...
Solmaz Rüstəmova-Tohidi: Firdovsiyyə xanımla nə vaxt lazımdır, mən danışaram. O vaxt Mahir müəllim də sizə-bizə həmişə dəstək olmağa hazırlığını bildirdi. Amma belə tədbirlərə xeyli əvvəldən və yaxşı hazırlaşmaq lazımdır. Biz də bilsək, özümüz gələrik və ordakı alim dostlarımızı da dəvət edərik. Düşünürəm ki, münasibətlərimizin indiki vaxtında Cümhuriyyət dövründə Azərbaycan və Gürcüstan siyasi xadimlərinin Seymdə və daha sonra hökumətlər arası münasibətləri mövzusunda beynəlxalq konfrans keçirmək zəruridir. Bu əməkdaşlıq 1919-cu ildə xüsusilə fəal olub. O vaxt biz Fransada yaşayan gürcü alim dostumuz Georgi Mamulia ilə bu məsələni müzakirə etmişdik. Gürcü tərəfdən o, bizim tərəfdən mən bu işi təşkil etməyi qərara aımışdıq. Sadəcə sponsor lazım idi, keçən il tədbir çox olduğundan, bu işin axırına çıxa bilmədik. İndi bu iş gerçək olar. Siz, imkan varsa, Mahir müəllim və Səfirliyimizlə danışın, biz də Georgi ilə bu məsələləri həll edərik.
turan.info.az
.