BAHAR BƏRDƏLİ
Filologiya üzrə fəlsəfə doktoru,
dosent
GÜLXANİ PƏNAHIN ŞEİRLƏRİNDƏN
BOYLANAN VƏTƏN
Azərbaycan ədəbiyyatının zənginləşməsində, inkişafında, xüsusilə Müstəqillik dövrü ədəbiyyatının yaranmasında, formalaşmasında keçən əsrin 80-ci illər ədəbi nəslinin özünəməxsus böyük rolu, dəsti-xətti, fəaliyyəti vardı.
Düzdür, ilk əvvəllər bu nəsil özündən əvvəlki ədəbi nəslin təsir dairəsindən çıxa bilməmişdi.
Lakin son dönəmlər bu yer aydın görünməkdədir.
Bu nəslin bir çox tanınmış nümayəndələri bu gün də istənilən mövzuda, janrda qələmini sınamaqdadır.
“20 yanvar gecəsi” O nəslin layiqli üzvülərindən biri olan şair, nasir, publisist, ədəbiyyatşunas Gülxani Pənahın yaradıcılıq diapozonu çox genişdir, əhatəlidir. Bir çox janrlarda qələmini sınayıb. Onun yaradıcılığının əsas və çox hissəsi müstəqillik dövrünə düşür. Aydındır ki, bu dövrün də özünə xas mövzu dairəsi,janr xüsusiyyətləri var: müstəqillik uğrunda mübarizə, 20 yanvar qırğını, Qarabağ müharibəsi, Xocalı faciyəsi, tirilmiş yurd yanğısı, şəhidlər və s. Yazar bu mövzularda bi neçə janrda-həm nəsrlə, həm nəzmlə, həm də publisistkanın imkanları çərçivəsində öz sözünü deyə bilmişdir. Nəşr etdirdiyi kitabların adı da bu mövzuları təsdiq və diktə edir: “Yurd yanğısı”, “Dədə Şəmşir harayı”, “Bura vətəndir”, ”Qarabağ dərdi”, ”Oğuz şəhidləri, itkiləri” və b. şerinə nəzər salaq o gecənin fəlakətini aydın görmüş olarıq:
Azərbaycan boğuldu qan içində o gecə...
Şəhidliyə qovuşdu oğullar neçə-neçə...
...Göylər qara geyindi,uşaq kimi ağladı...
Yağış ara vermədi,sellər kimi çağladı...
...Azərbaycan! Ana yurdum,gəl ağlama,qəm yemə!
Sən azadlıq istədin,əldə etdin qanınla!..
Şair bu şerində azadlıq üçün qurban gedən şəhidləri və azad olan vətəni təsvir, tərənnüm edir. “Sən azadlıq istədin,əldə etdin qanınla!” - deyir. Bu bir real həqiqət, faktdır ki, o gecə Bakının girişində - Azərbaycanın ürəyinə gedən yolun üstündə insan bədənindən çəpər çəkilmişdi. Elə bir çəpər ki, onu tank, top da dağıda bilməmişdi. Nəticədə Bakı azad olmuşdu. Lakin bu insan selinin qurban getməsilə, şəhidlik zirvəsinə yüksəlməsilə! Bir təskinliyimiz vardı ki, əgər vətən yaşayırsa demək, o insanlar da ruhumuzda, qəlbimizdə, bir də ulu vətənin göylərində yaşayır və əbədi yaşayacaq!
Vədəsiz soyuqdan, şaxta, borandan,
ağında çiçəklər solmasın,vətən!
Ən çətin anında,çətin günündə,
Oğlundu, qızındı dadına yetən!
Müstəqillik illəri ədəbiyyatının, xüsusilə poeziyasının böyük vüsət almasının başlıca səbəbi, məqsədi dövrün ab-havasını vətənpərvərlik duyğularının tərənnümü ilə əbədiləşdirmək idi. Zənnimcə, ədəbiyyatımız bu istəyinə,məqsədinə nail olmuşdur.
G.Pənahın Qarabağnan bağlı şeirləri də kifayət qədərdir. Şairin bu səpkidə yazdığı “Talanıb”, ”Qarğış”, “Əsgər anası”,”Azərbaycan”, ”Ağlayır”, ”Nə qalıb
ki...” kimi poetik nümunələri ilə bərabər, “Dədə Şəmşir harayı”, “Xocalı”, “Özünə qayıt, türk oğlu...”, “Bu mənim tariximdir”, “Yaddan çıxmaz Qarabağ” adlı poemaları da diqqəti cəlb edir. Bu əsərlərdə Qarabağ itgisindən, onun talanmış, viran olmuş yerindən, yurdundan, təbiətindən, Aşıq Ələsgər, Dədə Şəmşir kimi tarixi şəxsiyyətlərindən bəhs edilir.
G.Pənah həm Dədə Şəmşirin həyat və yaradıcılığından yazıb, onun şeirlərini təhlil, tədqiq edərək bir ədəbiyyatşunas kimi öz sözünü deyib, həm də ona bir poema həsr edib. Hər iki əsər- həm alim sözü, həm də şair sözü bir-birini çox gözəl tamamlayır və bir tarixi şəxsiyyətin bütöv obrazını yaradır.
Hər iki əsər haqqında yazan şair Fikrət Sadığın maraqlı fikirləri, mülahizələri “Dədə Şəmşir harayı” kitabının ön sözündə yer alıb: “Bu kitabda iki haray var: Aşıq Şəmşir harayı bir haray-nəsr,
Dədə Şəmşir harayı bir haray-nəzm.
Bir haray üstünə gəl bir haray, iki haray olmaz, fəryad olar!...Buradakı haraylar bir - birini tamamlayır,bir-birinə çırpılır, bütöv olur, bu bütövlük də elə bütöv haraydı!”
Düşmən tapdağında qalan Dədə Şəmşir ocağı indi yelin sovurduğu külə bənzəyir. Şairin fəryadı da elə bunun üçündür, axı külə dönən cənnətməkanlarımız çoxdur.
Növrağı dağıdıb pozana lənət,
Dözümü əyənə, yozana lənət,
Səfimə əl atıb pozana lənət...
Qarğışdan savayı nəyim qalıb ki...
Qoy çatsın göylərə,dağılsın ahım,
Mənim də varımdı göydə Allahım,
Üzümə açacaq bir gün sabahın,
Allahdan savayı nəyim qalıb ki...
Şair öz fikirlərini ifadə edərkən xalq yaradıcılığından yetərincə bəhrələnib, yetərincə istifadə edib. Onun bayatıları bu günümüzün güzgüsüdür, - desək yanılmarıq. Bu dörd misralıq, yeddi hecalıq şeir bəndləri bitmiş bir fikri, düşüncəni əks etdirmək baxımından çox güclüdür, oxunaqlıdı, yadda qalandı:
Qara yellər əsdi, gəl,
Düşmən yolu kəsdi,gəl...
Hicran qırdı belimi,
Qayıt, oğul, Bəsti, gəl!
Qəmdir sənin qucağın,
Hər güncün,hər bucağın...
Oğlum əlimdən gedib,
Daha yanmaz ocağım!
Gülxaninin yaradıcılığında yer alan bu səpkili bayatılar ən çox müharibə mövzusundadır.Ananın dilindən səslənən, çağrılan bayatılar elə ana qəlbinin harayı, ah-naləsidir. Sevə-sevə böyütdüyü oğlunu vətənə qurban verən Ananın gücü yalnız bayatı ilə onu oxşamağa çatır.
Bulud kəsib yolunu,
Tökür leysan,dolunu...
Sənə qıyan düşmənin,
Allah qırsın qolunu!
Cənub mövzusunda da qələmini sınayan şairin bir çox şeirləri oxucuları üçün ərməğandır. “Araz”, Tanınmış vətənpərvər müğənni Yaqub Zurufçuya həsr etdiyi ”Nigaranlıq”, “Rəhman, çalma, çalma belə”, “Eyləmə xiffət”, “Cənub küləyi”, “O tay mənim, bu tay mənim and yerim”, “Qızarmış üfüqün qana boyanıb”, “Təbriz” kimi şeirləri vətəndən vətənə haraydı, səsdi, çağırışdı, sevgidi, ismarıcdı, göz yaşıdı, ürək yanğısıdı və s. Üzünü Araza tutub dərdini danışan lirik qəhrəman düşünür ki, “Gün gələcək, haqq yerini tapacaq! / Bənd-bərəni igidlərim açacaq.../ Yol-izini təmizlərsən, yuyarsan,/ Azadlığı onda sən də duyarsan!”
Savalana duman çökür... Bağrım başın söküb,tökür...
Ağlayıram hönkür,hönkür...
Vətənpərvər, insanpərvər, yurdsevər şairin dağlar haqqında onlarca şeiri var. Bu şeirlər şairin həm doğulduğu ərazi, həm də tez-tez qonağı olduğu Kəlbəcərin təbiəti ilə bağlıdı. Şair düşünür və düşündürür, axarlı-baxarlı, həmişə türk tayfalarının məsgəni, qalası, səngəri olmuş bu dağlar, ilk yurd yerləri indi yağı düşmənin tapdağına necə dözür?
Çağlama bulaq tək,oda-közə dön,
Yandırsın alovun,közün dünyanı!
Silaha sarılıb torpağına dön,
Qaytar o dağları, qaytar o yanı!
Səndən uzaq düşmək ellərə dağdı,
Qoynunda yağı var,talanmışam mən...
Gördüyün mələklər kim deyər sağdır,
O qədər odlara qalanmışam mən!
“Qüdrətdən səngərli, qalalı dağlar” Gülxaninin poeziyasında məhz bu ab-havada köklənib, təsvir, tərənnüm olunur... Bir vaxtlar Aşıq Ələsgərin, Səməd Vurğunun, Dədə Şəmşirin vəsf etdiyi, gülündən, çiçəyindən, böcəyindən bəhs etdiyi Kəlbəcər dağları indi əsirlikdədir. Şairin lirik “Mən”i bunu heç cür qəbul edə bilmir.
Beləliklə, G.Pənahın poeziyasında Vətənin bütöv obrazı var. Onun əsrarəngiz təbiəti, ərazisi, zəhmətkeş, duyğusal insanları, qorxmaz, sarsılmaz igidləri, mələksima xanım-xatın anaları, fidan balaları yetərincə vəsf olunub. İnanırıq ki, öz qələminə, əqidəsinə, vətəninə, elinə, obasına sadiq olan şairin bu səpkili şeirləri hələ çox yazılacaq və oxunacaq.
turan.info.az
.