Mehriban Əliyeva
Azərbaycan ədəbiyyatşünaslığının və ədəbi tənqid tariximizin əsas mərhələsinin bir hissəsini də görkəmli alim, ədəbiyyatşünas, professor Mir Cəlal Paşayevin yaradıcılığı təşkil edir. M.C.Paşyevin elmi maraq dairəsi olduqca geniş və əhatəlidir. Yaradıcılığının çoxşaxəli olması onun ədəbiyyata, torpağa, millətə olan sevgisi ilə bağlılığından irəli gəlmişdir. Onun müxtəlif dövrlərə həsr olunmuş onlarla məqalələrini bunun bariz nümunəsikimi göstərə bilərik.
Mir Cəlal Paşayev yaradıcı alim olmaqla bərabər eyni zamanda nüfuzlu müəllim, maarifpərvər ziyalı, dəyərli insan idi.
Mir Cəlal Paşayev haqqında aşağıda qeyd edilən avtobioqrafik məlumat Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin(indi Siyasi və İctimai Sənədlər Arxivi adlanır-P.M.) nəşr etdirdiyi “Məqalələr Tolusu” - Bakı 2010-cu il kitabından götürülmüşdür.
“Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanda - Ərdəbilin Əndəbil kəndində anadan olmuşdur. M.C.Paşayev Əndəbil kəndinin ən hörmətli və nüfuzlu sakini olan Mir Paşa bəyin nəvəsi idi. Atası Mir Əli Mir Əşrəfi çoxlu mülkiyyət sahibi olduğundan böyük oğullarına, Mir Cəlalın özündən böyük dörd qardaşına Əndəbil kəndinin işlərini idarə etməyi tapşırardı. Ən kiçik beşinci oğlu – Mir Cəlalı isə bu işlərdən uzaqlaşdıraraq təhsil dalınca Şimali Azərbaycana, Gəncəyə gətirir. Burada acı tale kiçikyaşlı Mir Cəlalı erkən yaşında atasız qoyur. Vəfatından bir qədər əvvəl Mir Əli kişi böyük oğullarına kiçik Mir Cəlalı tapşıraraq deyir: “Bu uşağı oxudun, onun mükəmməl təhsili olsun”.
1918-ci ildə Mir Əli kişi vəfat edir və həmin ildən Mir Cəlal böyük qardaşının himayəsində yaşamalı olur. Sonra o Gəncə şəhərində təhsilini davam etdirir və gənclik illərini elə bu şəhərdə keçirir.
M.C.Paşayev 1918-1919-cu illərdə Gəncədə Xeyriyyə Cəmiyyətinin köməkliyi ilə ibtidai təhsil alır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan az sonra o, Gəncə Darülmüəlliminə(1924-1928) daxil olur və oranı müvəffəqiyyətlə bitirir.
Azərbaycan mədəniyyət tarixinin incisi dahi klassik Məhəmməd Füzulinin yaradıcılığı ilə yaxından maraqlanan alim, demək olar ki, məqalələrinin çoxunu Məhəmməd Füzuliyə həsr etmişdir. “Füzulinin sənətkarlığı”, “Füzulinin lirikası”, “Füzulinin “Rind və Zahid”indəki köhnəliklə yeniliyin mübarizəsi”, “Füzuli şeirindəki elm və bədii məntiq haqqında”, “Füzulinin bədii nəsri haqqında”, “Məhəbbət və sənət”, “Füzulinin yaradıcılığında sənətkarlıq məsələləri” və bu kimi məqalələr məhz bu qəbildən olan məqalələrdir.
Ədəbiyyatdan hər kəsə yaxşı məlumdur ki, M. Füzulinin şair qəlbi ruhən sevgi ilə dolu olub. Mir Cəlal Paşayevin fikrincə Məhəmməd Füzuli həyatı ruhu ilə duyan şair olmasaydı “Leyli və Məcnun” kimi möhtəşəm bir əsəri meydana gətirə bilməz, sevgini, həyatı, insanları dəyərləndirməyi bacarmaz və onları anlamazdı.
Füzuli ilə M. C. Paşayev ayrı-ayrı dövrlərdə yaşasalar da, bir-birlərinə ruhən yaxın olublar. O da Füzuli kimi insanları sevir, onların sevincinə, kədərinə şərik olur, ümumiyyətlə insanlığı dəyərləndirirdi. M. C. Paşayevi Füzuli lirikasına bağlayan bəlkə də onların oxşar xüsusiyyətləri olubdur. Burada humanizm xüsusiyyəti də böyük rol oynamışdır. Bu xüsusiyyəti hər iki şəxsiyyətin simasından, qələmindən duymaq, anlamaq olur.
M.C.Paşayevlə bağlı araşdırmaları gözdən keçirdikdə onun haqqında söylənən xoş sözlərin yanında yuxarıda sadaladıqlarımızın hələ az olduğunu görürük.
Mir Cəlal Paşayevin saf ruhu əsərlərində onun daxili aləmini üzə çıxarmış, onun şəxsiyyətinin nə qədər müdrik, səbirli, sakit, təmkinli və dərin mənəviyyatının olduğunu göstərmişdir.
Mir Cəlal Paşayev qədim tarixə, zəngin ənənələrə malik Azərbaycan mədəniyyətində əvəzsiz xidmətləri olan şəxsiyyətlərdəndir. Xüsusilə də onun Azərbaycan ədəbiyyatının klassiklərinə həsr etdiyi yazıları, söylədiyi fikirləri onun bir daha ədəbiyyata olan vurğunluğunu üzə çıxara bilmişdir.
Mir Cəlal Paşayevin ilk əsəri 1932-ci ildə qələmə aldığı “Sağlam yollarda” adlı oçerk olubdur. Əsasən roman, hekayə janrına üstünlük verən ədib, şeir, oçerk, povest və s. janrlarda da özünü sınamış və onun bu sınağı uğurlu alınmışdır.
Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi F.b.Köçərlinin yaradıcılığı ilə əlaqədar fikir söyləyən bir çox ədəbiyyatşünaslar içərisində professor Mir Cəlal Paşayev xüsusilə fərqlənirdi. Onun tezislərindən bu böyük alimi dərindən duyduğu açıq-aşkar hiss olunur. Doğrudur, Mir Cəlal F.b.Köçərli haqqında az yazmışdır, lakin onun ədəbiyyatımız tarixindəki xidmətlərini düzgün qiymətləndirərək layiqli dəyər vermişdir. O, “Azərbaycanda ədəbi məktəblər(1905-1907) adlı doktorluq dissertasiyasında yazır ki, “Firidunbəyin əsərləri keçmiş məcmuələrdən fərqli olaraq, birinci dəfə ədəbi təhlili, yalnız ədəbiyyatı öyrənmək üçün deyil, həm də qiymət təşəbbüsünü irəli sürən əsərdir... Müəllifin alimliyi, ədəbiyyatşünaslıq istedadı, ədəbi zövqü, sənətə olan məhəbbəti də əsasən burada özünü göstərir(4.s.295).
Mir Cəlal Paşayev yaxşı əsər yazmağı böyük yaradıcılıq borcu hesab edirdi. Mir Cəlal müəllimdə yazıçı, şair, alim və eyni zamanda müəllimlik istedadı vəhdət təşkil edirdi. O həm də realist yazıçı idi, yaradıcılığının əsasını da məhz realizm təşkil edirdi. Mir Cəlal Paşayev Azərbaycanın qələm sahiblərinin istər klassik yazıçılarının yaradıcılığı, istərsə də müasir yazıçıların yaradıcılığı olsun hər birinə hörmətlə yanaşırdı. Cəlil Məmmədquluzadənin həm yaradıcılığına, eyni zamanda şəxsiyyətinə böyük hörmət bəsləyirdi. Cəlil Məmmədquluzadəni həqiqi sənətin cövhəri sayırdı.
Və yaxud C.Məmmədquluzadə haqqında “Əslində Mirzə Cəlil Qoqol yaradıcılığının əsas ruhunu mənimsəmiş, realizmindən, mütərəqqi mahiyyətindən təsirlənmiş və faydalanmşdır” (5.s.246) söylədiyi fikirləri professor Paşayevin ədəbiyyatın dərinliklərinə yiyələndiyindən xəbər verir. O gözəl ədəbiyyat bilicisi idi.
Görkəmli ədəbiyyatşünas və dəyərli yazıçı Mir Cəlal Paşayevin zəngin irsi, çoxcəhətli fəaliyyəti neçə illərdir ki, tədqiqat obyektidir. Onun qiymətli və dəyərli əsərləri daim diqqət mərkəzindədir. Əsərlərinin isə dili sadə, oxunaqlıdır, əsərlərdə olan ədəbi təfəkkür, dilçilik fikri daha aydın dərk edilir.
Ədəbiyyatı dərindən bilən ziyalılarımız M.C.Paşayevin haqqında hər zaman gözəl sözlər söyləyərək, onun şəxsiyyətinə olan hörmətlərini bildirməyə çalışmışdırlar.
Misal üçün Tofiq Hüseynoğlunun “Respublika” qəzetindəki məqaləsində oxuyuruq: “Mir Cəlal müəllim yaxşı yazmağı yaradıcılıq borcu hesab edirdi. Mir Cəlal müəllimdə həm yazıçı-şair, həm alim, həm də müəllimlik istedadı vəhdət təşkil edirdi. O, realist yazıçı idi. Düzü düz, əyrini əyri yazırdı. Onun yaradıcılığının əsasını realizm təşkil edirdi. C.Məmmədquluzadənin yaradıcılığına, şəxsiyyətinə xüsusi rəğbət bəsləyən M.Cəlal həqiqəti sənətin mayası, cövhəri, qayəsi sayırdı. Həqiqətə sitayiş edirdi. Çünki özü də həqiqət carçısı idi və həqiqi yazanlara xüsusi hörmət bəsləyirdi (3).
Mir Cəlal Paşayev qeyd olunduğu kimi gözəl hekayə ustası, sanballı romanlar, povestlər müəllifi idi. Hətta onun komediya janrında yazdığı əsərlərində bayağı gülüş doğuran məqamlar deyil, insanı düşündürərək güldürən məqamların olduğu məlumdur.
1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin(əvvəllər Azərbaycan Yazıçılar İttifaqı adlanırdı-P.M) üzvü olan Mir Cəlal Paşayev, 1947-ci ildə filologiya elmləri doktoru, 1948-ci ildə isə professor adına layiq görülür. Bundan başqa Mir Cəlal Paşayev 1968-ci ildə Sovetlər dönəmində ən böyük ali mükafatlardan olan Respublika komsomolu mükafatının fəxri laureatı adına layiq görülmüşdü(2). 1969-cu ildə Azərbaycanın Əməkdar Elm xadimi olan Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatı tarixində görkəmli tənqidçi-ədəbiyyatşünas kimi tanınır.
Gözəl müəllim, əsl insani keyfiyyətlərə malik olan Mir Cəlal Paşayev müəllimlik peşəsinin vurğunu idi. O, adi dərs demək xətrinə müəllimlik etmirdi, elmi potensialı olan tələbələri gələcəkdə araşdırmalar aparmaq, onları alim kimi yetişdirmək yolunda gərgin əmək sərf edirdi.
M.C.Paşayev hətta Füzuli sənətkarlığına olan məhəbbətini 1940-ci alimlik dissertasiyasında başlayaraq göstərmiş və apardığı tədqiqatlar nəticəsində meydana çıxardığı axtarışlarını toplayaraq cəm halına salmış, 1958-ci ildə böyük və sanballı monoqrafiya şəklində nəşr etdirmişdir. Böyük alim tədqiqatçı Mir Cəlal Paşayevin bu monoqrafiyası dahi sənətkara həsr edilmiş əsərlərdən bir çox xüsusiyyətlərinə görə fərqlənirdi. Orada Mir Cəlal bu böyük dahinin əsərlərində olan poetikliyi, fəlsəfi düşüncələri, tərbiyəvi xüsusiyyətləri verməklə yanaşı, həm də dövrün problemlərini aşkar edə bilmişdi(1).
M.C.Paşayevin yaradıcılığı əsas qəhrəmanlarını gənclər təşkil edir.
Hələ sovetlər dönəmində gənclərin stolüstü mütaliə kitabı olan “Bir gəncin manifesti” adlı əsəri dillər əzbərinə çevrilmişdir. Yazıçı-alim Mir Cəlal əsəri o qədər poetik, sadə və aydın dildə qələmə almışdır ki, onu oxuyan hər bir gənc özünü əsərin qəhrəmanı kimi ya görürdü, ya da onun yerində olmağı arzulayırdı. Bu M.C.Paşayevin istedadının, savad və biliyinin təcəssümü idi. Əsərləri düşündürücü fikirlərin çoxluğu gənclərin daha çox marağına səbəb olurdu.
O, təkcə Azərbaycan şair və yazıçılarının həyat və yaradıcılığı ilə deyil, eyni zamanda başqa xalqların da şair və yazıçılarının yaradıcılığı ilə yaxından maraqlanırdı.
Mir Cəlal Paşayev zəngin mənəviyyata malik bir insan idi. Birdə ruhən təmiz olan insan yaşadığı həyatda özünə yalnız hörmət qazandıra bilər, layiqli nüfuz sahibi ola bilər. Bütün bu keyfiyyətlər Mir Cəlal Paşayevin xüsusiyyətlərində cəmlənmişdir. O, millət təəssübü çəkən, ölkəsində baş verən problemlərin həll edilməsinə biganə qala bilməyən, narahat bir vətənpərvər idi. Qeyd edildiyi kimi insani keyfiyyətləri olan Mir Cəlal Paşayevin həyat prinsipini insanpərvərlik təşkil edirdi. O, insanpərvərliyi olduqca yüksək dəyərləndiridi. Mir Cəlalın yaradıcılığında insanpərvərliyin ən ali duyğuları öz əskini tapmışdır. Bunun ən gözəl nümunəsi kimi onun ən məşhur olan “Bir gəncin manifesti” əsərini göstərə bilərik. “Bir gəncin manifesti” əsəri oxucuların ən əziz, sevimli kitabına çevrilmişdi. Çünki ağır bir dövrdə qələmə alınmış bu əsərin mövzusu həyatdan götürülərək, Azərbaycan vətəndaşlarının güzəranını əks etdirirdi. Bu əsəri həyəcansız mütaliə etmək olmurdu. Mir Cəlal Paşayevin əsərlərində Vətən həsrəti, torpaq, yurd sevgisi əsas mövzu obyekti kimi hiss olunmaqdadır. Bu əsər çap ediləndə Mir Cəlal Paşayevin 30 yaşı vardı. 9 dəfə müxtəlif dillərdə nəşr olunan əsər təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da sevilmiş və sevilməkdədir. Halal zəhmət adamlarına xüsusi hörmət bəsləyən görkəmli alimin bütün əsərlərində demək olar ki, haqq-ədalətdən, insanlığın dəyərindən, zəhmətsevərlikdən bəhs edilir. Bəlkə də Mir Cəlal Paşayev qəhrəmanlarının başına gələn hadisələrdə öz həyat motivləri qələmə almış, onlara həyatda heç nədən çəkinmədən mübariz olmağı, məqsədə çatmaq üçün iradəli olmağı gənclərə tövsiyə etmişdi.
Mir Cəlal Paşayevin həyat və yaradıcılığının səhifələrini vərəqlədikcə onun gözəl şəxsi keyfiyyətləri ilə yanaşı yüksək insani keyfiyyətlərinin də olduğunu görürük. Bu qiymətli keyfiyyətlərindən biri, bəlkə də birincisi onun lazım olan zamanda çəkinmədən sözünü söyləməyi və bu yoldan dönməzliyi olubdur. Tarixən belə keyfiyyətləri olan insanlara xalq tərəfindən hər zaman dəyər verilmiş və onlar şəxsiyyət adına layiq görülmüşlər. Mir Cəlal Paşayev də belə şəxsiyyətlər sırasında yer alanlardandır. Təbii ki, kökdən gələn bu alicənablıq ondan sonra gələn nəsillərə ötürülmüş və sona qədər də bir örnək, məktəb olmadadır.
Mənbələrdə qeyd edildiyi kimi Mir Cəlal Paşayevin şəxsiyyətində bir çox amillər formalaşmışdır ki, bu amillərin ən dəyərlisi onun istedadlı yazıçı, gözəl pedaqoq və nüfuzlu şəxsiyyət olmasıdır.
Görkəmli alim M.C. Paşayev Azərbaycan ədəbiyyatına gözəl əsərlər bəxş etməklə bərabər eyni zamanda ədəbiyyatımızın klassikləri haqqında da olduqca maraqlı məqalələr dərc etdirirdi. Daim axtarışda olan görkəmli alimin yorulmaq bilmədən çalışması onun zəhmətkeş qələm sahibi olmasının sübutudur.
Bir həqiqəti qeyd etmək lazımdır ki, Mir Cəlal Paşayev XX əsr Azərbaycan ədəbiyyatının nəhəngləri sırasında öndə duran yazıçılardandır. Onun iç dünyası yazdığı əsərlərində özünü göstərir. Mir Cəlal Paşayevin əsərləri ruhunun diktəsi ilə yazılmış əsərlərdir. Hər kəsə nəsib olmayan bir xoşbəxtlik, hörmət, nüfuz, sadəlik məhz M.C.Paşayevə nəsib olmuşdur. Bu dahi şəxsiyyərə tanrı tərəfindən yazılan bir tale idi. Bəlkə də Allah Mir Cəlal Paşayevi həyatın ağır sınaqlarından çox keçirdiyi üçün sonunda ona belə bir taleyi yazmışdır. M.C. Paşayevin daxili mədəniyyəti onun xarici görünüşü ilə eynilik təşkil edirdi.
Mir Cəlal müəllim haqqında söylənən fikirlərin hamısında eyni sözlər təkrarlanır ki, onun gözəl insani xüsusiyyətləri xüsusilə vurğulanır. Bu da sözün həqiqi mənasında onun gözəl insan olduğunun göstəricisidir. Onun Bakı Dövlət Universitetində dərs dediyi tələbələrindən biri öz müəllimi haqqında bu fikirləri söyləmişdi: “Mən Mir Cəlal müəllimin müasirləri və mənim yaxından tanıdığım Həmid Araslı, Məmməd Cəfər, Məmməd arif kimi böyük qələm sahibləri haqqında yazdığım yazılarda ağlıma gələn bir ifadə işlətmişəm: sadəliyin müdrikliyi və o ifadə Mir Cəlal müəllim üçün də, məncə çox səciyyəvidir, çünki onun mühazirələri də, bədii və elmi əsərləri də sadəliyin arxasında dayanan müdrikliyin ifadəsi idi. O, təbiəti etibarı ilə necə sadə idisə, danışığı da, elmi və bədii təhkiyyəsi də eləcə sadə idi və əsas məsələ burasındadır ki, onun həm şəxsiyyətindəki, həm də yaradıcılığındakı o sadəlik qətiyyən primitivlik yox, sadəliyin nəticəsi idi(6.s.7).
Mir Cəlal Paşayevin 60-a yaxın müxtəlif başlıqlı əsərləri olmuşdur ki, bu əsərlər bu gün də öz oxucuları tərəfindən maraqla oxunur.
Hər bir yazıçının yaradıcılığında onun ən məşhur, ən çox sevilən, hətta övladı qədər əziz olan əsəri olur. Mir Cəlal Paşayevində bütün əsərlərinin oxucu kütləsi tərəfindən sevilməyinə baxmayaraq və ilk iri həcmli əsəri “Dirilən adam” romanı olsa da, “Bir gəncin manifesti” əsəri onun yaradıcılığının zirvəsi, kulminasiya nöqtəsidir.
Görkəmli alimin ədəbi irsinin araşdırılmasında bir daha aydın olur ki, Mir Cəlal zamanın nəbzini tutmağı bacaran yaradıcı sənətkar olmuşdur. Görkəmli akademik Məmməd Arif onun əsərlərinin sadə, təbii, yığcam və ibrətli olmasını xüsusi olaraq vurğulayırdı. Deməli M. C. Paşayevin tərbiyəvi xarakter daşıyan əsərlərini oxumağa, ibrət götürməyə, öyrənməyə dəyər. Həqiqətən də Mir Cəlal dünyasının intellektual aləmi zəngin və genişdir. Daxili dünyası zəngin olan alimin yazmaq qabiliyyəti olduqca yüksək idi. O, səviyyəli yazılar yazan, etik normalara riayət edən alim olubdur. Ən əsası Mir Cəlal Paşayevin əsərləri darıxdırıcı deyil. O, xalqa bağlı, xalqa yaxın adam idi, sadə zəhmətkeş insanlarla mehriban münasibət quran alim onlarla ünsiyyətdən zövq alırdı. İnsanlar arasında Mir Cəlal Paşayevlə sanki daxili bir yaxınlıq var idi. Bu da bir daha onu böyük şəxsiyyət olaraq insanların gözündə ucaldırdı. Hər zaman adət-ənənələrə hörmətlə yanaşan, bu ənənələrinin inkişaf etməsinə səy göstərən yazıçı-alim, həm də gələcək nəsillərin cəmiyyətdə tərbiyəvi tərəfdən maariflənməsi üçün belə əsərlərdən istifadə etməsinə çalışırdı.
Görkəmli elm xadimi, ədəbiyyatşünas, dramaturq, tərcüməçi Mir Cəlal Əli oğlu Paşayev 28 sentyabr 1978- ci ildə Bakıda vəfat etmişdir.
Ədəbiyyat
1. “Ədəbiyyat və incəsənət” qəzeti. 1978 №19, 6 may s.3.
2. ASE. IX cild, Bakı,1986.
3. Respublika” qəzeti. 2008.№93.
4. P.Mikayılqızı: “Ümmətdən millətə doğru”. Bakı,2016.
5. “Filologiya məsələləri” jurnalı №6.Bakı , 2014.
6. Nağıyeva N.P: “Mir Cəlal.Biblioqrafiya”, Bakı,2006.
Pərixanım Mikayılqızı,
“Elm və Təhsil” və “Şərqin səsi”
qəzetlərinin baş redaktoru,
Dövlət qulluğunun baş müşaviri,
F.b.Köçərlinin araşdırmaçısı,
AJB-nin üzvü, şair-nasir,
“Xarıbülbül”, “X.b. Natəvan” medalları və
bir çox media mükafatlarının mükafatçısı
turan.info.az
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.