Maqsud Əliyev: “Burada 600 əməkdaş işləyir, amma saysaq işdə heç 200 nəfər də olmaz”
“Elə sizi gözləyirdim. Masanın üstünü də ona görə səliqəyə saldım ki, kitabları daha yaxşı görəsiniz. Bax bunu 1963-cü ildə yazmışam. İstilik keçiricilərilə bağlıdır. Bu qırmızı kitabı görürsən, dünyada bu sahədə yazılan ilk kitabdır. Müəllifi mənəm. Bu gün də Avropa və Amerikanın bir çox universitetlərinin kitabxanalarında bu kitab istifadə olunur. Qoy özüm haqqında danışım, sonra sən suallarını verərsən:
Atam Gəncədən olub, anam isə Tiflisdən. Məşhur gəncəli Məmməd Əliyev mənim əmim olub. Hansı ki, hələ Xalq Cumhuriyyəti Gəncədə məskunlaşanda əmim onun fəal üzvlərindən idi. Bunları ona görə danışıram ki, səndə təəssürat yaransın. O, zaman hələ sovet də qurulmamışdı. Mən özüm 1924-cü ildə Tiflisdə anadan olmuşam. Orada da fizika-riyaziyyat fakültəsinə daxil olmuşam. Sonra müharibə başladı...”.
Yəqin ki, yaşı 90-ı adlamış və sinəsi tarixlə dolu bu şəxsin kim olması hamıya maraqlıdır. O, 92 yaşın astanasında olan AMEA-nın akademik bölmə katibinin müavini, akademik, fizik Maqsud Əliyevdir. Modern.az saytı əməkdar elm xadimi olan qocaman akademikin Azərbaycan elminin, akademiyanın bu günü, dünəni barəsindəki fikirlərini təqdim edir:
“Sağ qalmağım möcüzə idi”
Maqsud müəllimin ürəyi doludur. Deyir, özü haqqımda bir maraqlı detalı da danışsın, sonra biz suallarımızı verək:
-II Dünya Müharibəsinə yollanan zaman yaşımız az idi. Odur ki, bizə əvvəlcə hazırlıq keçdilər. 1942-ci il idi. Günlərin bir günüdə 45 dərəcə temperaturla xəstələndim. Əvvəlcə hospitala yatırtdılar, sonra bir həftəlik evə buraxdılar. Bir həftədən sonra hərbi komissarlığa gəldim. Dedim ki, filan nömrəli batalyonun əsgəriyəm. Zabit üzümə baxdı və güldü. Səbəbini soruşdum. Bir az fikrə getdi və dedi: Həmin hissə sadəcə olaraq indi yoxdur. İki gün bundan əvvələ qədər var idi, amma indi yoxdur. Sən demə, mən xəstə yatarkən bizim batalyon hücuma keçib. Mühasirəyə düşüb. Qrupun bütün zabit-əsgər heyəti məhv olub. Qrup sadəcə olaraq Yer üzündən silinib. Mən bu cür sağ qaldım. Xəstəliyin hesabına...
-Bəs akademiyaya necə gəldiniz? Ümumiyyətlə, o zamanın akademiyası necə idi?
-Müharibə bitəndən sonra da bir müddət təxris olunmadım. Sonra Tiflisə gəldim və universitetə bərpa olundum. Amma qəti fikrə gəldim ki, Tiflisin artıq heç bir potensialı qalmayıb. Bütün azərbaycanlı intellegensiya oranı tərk edib. Onda gəldim Bakıya və sonuncu kursu burada oxudum. Onda burada prezident Mirəsəddulla Mirqasımov idi (Adı çəkilən alim akademiya yaranandan, yəni 1945-ci ildə onun ilk prezidenti seçilib-red.).
O vaxtı indi bu gördüyünüz korpusların heç birisi yox idi. Heç əsas bina da burda deyildi, başqa yerdə idi. Fizika İnstitutu isə ayrılıqda mövcud deyildi. Riyaziyyat elmləri bölməsinin tərkibində idi. O vaxtı universiteti bitirən kimi məni orada saxladılar. Bir gün də mənə dedilər ki, Həsən Abdullayev səni çağırır. O, sonra akademiyanın prezidenti oldu. Amma o zaman bölmədə “zamdirektor” işləyirdi. Getdim görüşdüm. Az qala səhərdən axşama kimi ikilikdə danışdıq. Mənə bu sahənin vacibliyini dedi. Dedi ki, heç kim bu sahə ilə məşğul olmur. Yarımkeçiricilər sahəsində onun rəhbərliyi altında ilk dəfə biz tədqiqatlar apardıq. Həsən Abdullayev SSRİ-də ilk alim idi ki, yarımkeçiricilər sahəsində doktorluq müdafiə etdi. Akademiyaya bu cür gəldim, onun təklifini qəbul etdim. 1956-cı ildə namizədlik, 1965-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etdim. O zaman akademik Zahid Xəlilov mən çalışdığım bölmənin rəhbəri idi. Hansı ki, o, da sonradan prezident oldu. O, Tiflisdə atamın şagirdi idi.
-Deyəsən akademiyanın neçə prezidenti olubsa, hamısı ilə işləmisiniz...
-Bəli hamısı ilə. Həm onlarla, həm də bir çox məşhur akademiklərlə işləmişəm. Məsələn, Topçubaşovla, Qaşqayla. O akademiklər başqa cür idi. Ümumiyyətlə, akademiyanın özü onda tamam başqa cür idi.
-Məsələn, necə idi?
-Çox yaxşı. Alimə çox böyük dəyər verilirdi. İndi də alimə hörmət var, demirəm yoxdu. Amma o zamanın dəyəri tamam baş cür idi. Maaşlar qaneedici idi. Amma onu da deyim ki, indi də bəzi alimlərin maaşları qaneedicidir. Məsələn, mən tək akademik kimi 1200 manat maaş alıram. Başqa ştatlarda da məsələn, laboratoriya müdiri, bölmə rəhbərinin müavini kimi də maaş alıram. İndi fərq ondadır ki, cavanlar elə bil işləmək istəmirlər. O vaxt avadanlıqlar demək olar ki, yox idi. Maddələr tapılmırdı. Amma biz çox işləyirdik və yaxşı da işləyirdik. Bir dəfə Həsən Abdullayev cibindən bərk maddə çıxarıb mənə dedi ki, bunu laboratoriyada ərit. O maddəni də əvvəlcə yüksək temperaturda əridib sonra buxarlandırırdıq. O buxarlananan zaman üzümə, əllərimə vururdu. Bax mənim əllərimdəki ləkələr o buxarlanma zamanı əmələ gəlib. (Əlindəki ləkələri göstərir).
Dediyim odur ki, indi o vaxtlardakı kimi deyil. İndi avadanlıqlar daha çoxdur. O vaxt nəinki SSRİ-də, hətta Avropada yarımkeçiricilər fizikası üzrə tədqiqat aparan tək-tük qruplardan biri biz idik. Amma o işlərin hamısının bayaq dediyim şəraitdə aparırdıq. Buna baxmayaraq, xaricdə bizim işlərimizi çox bəyənirdilər.
Elə bu zaman, Maqsud müəllim pauza verir. Yadına nəsə düşübmüş kimi, tez qarşısındakı kitabı açır. Onun barəsində yazılıb. Kitabın arxa hissəsindəki fotoları göstərir. O fotolarda daha kimlər yoxdu...
-Bax, bu akademik Moldovadandır. Bakıya gəlmişdi, onu Göygölə apardım. Bu Həsən Abdullayevlə şəklimdi. Arxamızdakı bina akademiyanın əsas binasıdır. Bu akademik Arif Paşayevdi. Yəqin ki, tanıdınız. O, hazırda rektordu. Akademik Paşayevlə bu şəkli Vyanada çəkdirmişdik. O, mənim yanımda müdafiə edib. Bu Nobel mükafatçısı akademik Jozef Alfyarovdu. Mənimlə çox yaxın dost idi. Bu şəkil 1969-cu ildə çəkilib. Onda mən cavan idim. Amma bu akademiklərin - Mirəli Qaşqay, Əzizbəyov, Rüstəm İsmayılovun heç birisi indi yoxdu. Rüstəm İsmayılov o zaman həm də akademiyanın prezidenti idi. Bunları isə yəqin tanıdınız. Məşhur alim Lütfi Zadədir. Yanındakılar isə iranlı professor Cəmşidi və gözəl alimimiz Rafiq Əliyevdir. Onların hər üçü ilə yaxşı əlaqələrimiz var.
Bunlar da mənim nəvələrimdi. Üçü də Amerikada oxuyub və hazırda orada yaşayırlar. Nə qədər deyirəm amma gəlmirlər buralara (gülür).
-İki alimi - Ziya Bünyadov və Zahid Xəlilovu necə xatırlayırsınız? Ziya Bünyadovu ona görə deyirəm ki, o da sizin kimi müharibə yolunu keçib...
-Zahid Xəlilov akademiyanın prezidenti olub. Atam kənddə ona dərs deyib. Atam həmişə mənə deyirdi ki, sən Zahid kimi oxumalısan. Onların hər ikisi ilə çox yaxşı münasibətim olub. İclaslarda görüşərdik, belədə də salam-əleykimiz var idi. Tək bunlar yox, elə o vaxtkı bütün akademiklərlə çox yaxın idim. Amma indiki akademiklər kimdi, mən çoxunu tanımıram. İndi öz aramızdı da, o vaxtkı akademiklərin hamısı məşhur adamlar olub. İndi heç mən özüm bilmirəm ki, bunlardan hansı akademikdir, hansı professordur. Onda tamam başqa cür idi. Akademik adına seçki də başqa cür idi.
-O zaman akademiyanın həqiqi üzvlüyünə seçilmək daha çətin idi?
-Əlbəttə! Çox çətin idi. Bir də görürdün ki, bir yerə 5 nəfər namizədliyini verib. Əslində onda özləri bilirdilər ki, akademik yeri kimə veriləcək. Ən layiqli adamı özləri müəyyən edirdilər. Amma yenə də seçkilər keçirilirdi. Bir də görürdün ki, özlərinin dediyi namizəd yox, bir başqası seçilirdi.
-Mir Cəfər Bağırov, Vəli Axundov, İmam Mustafayevin fəaliyyətini görmüsünüz. Onların hansının akademiyaya qayğısı daha yaxşı idi?
-Deyərdim ki, hamısının. Akademiya elə bir yer idi ki, bura qayğı göstərməmək mümkün deyildi.
-Vəli Axundovla İmam Mustafayevin özləri akademik idilər, onlarla nə kimi maraqlı xatirələriniz olub?
-Onlar böyük adam idilər. O qədər də çox yaxınlığımız olmayıb. Onda mən cavan idim. Amma təbii ki, akademik idilər, elm adamları idilər. Bu istiqamətdə hər ikisi ilə görüşlərim olub. Onlara təkliflər edirdim ki, məsələn, bu işlər görülməlidir. Eyni zamanda onlar da öz növbələrində mənə tapşırıqlar verirdilər. Yəni elmi istiqamətdə iş birliyimiz olub. Mən daha çox Həsən Abdullayevlə yaxın olmuşam. Akademiyanın prezidenti idi. Həm də ailəvi dost idik. Onun çox qayğılarını görmüşəm. Yusif Məmmədəliyevi də yaxşı xatırlayıram. Vallah, canım üçün çox dəyərli, yaxşı adamlar idilər. Deyərdim ki, seçilmiş şəxslər idilər. Yusif Məmmədəliyev təbii ki, məişət müstəvisində mənə və ya bir başqasına qayğı göstərməyəcəkdi. Onların hamısı elm yolunda gənclərə əllərindən gələni edirdilər.
-Bir dəfə sizi dinlərkən eşitdim ki, akademiyada indiki davamiyyətdən çox narazısınız. Əməkdaşlar akademiyada davamiyyəti çox pozur?
-Bayaq elə sizdən qabaq yanıma bir neçə yoldaş gəlmişdi. Onlara da dedim ki, bu institutda (AMEA, Fizika İnstitutu) 600-ə qədər əməkdaş işləyir. Amma bayaqdan oturmusuz burda, görürsüz ki, sakitlikdir, heç bir səs-küy gəlmir. Amma bura qabaqlar qaynayırdı. Elə də olmalı idi. Tək bizim institutda deyil, akademiyanın demək olar ki, bütün institutlarında bu vəziyyət var. Yenə bəzilərinə baxanda bizim institut yaxşıdır. Fizika institutu bu cür də olmalıdır.
-Məncə, turniket sistemi tətbiq olunandan sonra davamiyyətdə irəliləyiş artıb...
-Davamiyyət pisdi bu saat. Bayaqdan oturmuşuq söhbət edirik. Bir səs var? Xeyr! Çünki, əməkdaşlar az gəlib. Düzdü, ikinci mərtəbədir, rəhbərlik burda oturub. Amma yenə də davamiyyət zəifdir. Əvvəllər karidorda müzakirələr olardı. İndi bir az başqa cürdür.
-Mətbuatda sizin həmkarlarınızdan biri akademiyanın müəyyən institutlarının universitetlərin uyğun fakültələrinə birləşdirilməsi ideyası irəli sürüb. Həmkarınız bildirib ki, eyni profilli institutlar – məsələn, Fizika İnstitutu BDU-nun Fizika fakültəsinə birləşdirilsin... Həm də akademiyanın ləğv olunması ideyasını da irəli sürənlər var...
-Bu mümkün deyil! Necə yəni hər hansı institut universitetin eyni adlı fakültəsinə birləşdirilsin?! Akademiya akademiyadır, universitet də universitetdir. Mən vaxtilə universitetdə də çalışmışam. Orada kafedra da açmışıq. Amma bu düzgün fikir deyil ki, Elmlər Akademiyası ləğv olunsun, institut fakültələrə birləşdirilsin. Akademiya çox vacib bir qurumdur. Doğrudur, bu gün akademiyanın çox qüsuru ola bilər. Amma akademiyasız mümkün deyil.
Düzdür, bayaq davamiyyətlə bağlı mən də tənqidi danışdım. Amma akademiya elə akademiyadır. Ali qurumdur. Əməkdaşlar da gərək işə gəlsinlər. Bax, mən gəlmişəm, səhərdən oturmuşam burda. Sizdən qabaq da aspirantlarla, əməkdaşlarla görüşmüşəm. Müzakirələr etmişik. Hamı gəlməlidir. Akademiyanın lazımlılığını çox vaxt başa düşmürlər. Amma lazımdır
-Nəyə görə lazımdır Maqsud müəllim? Məgər modern elmi mərkəzlər akademiyanı əvəz edə bilməz?
-Onların yeri ayrıdır. Amma akademiya təbii ki, lazımdır. Dünyanın bir çox yerlərində elmi qurumlarda olmuşam. Təkcə Fransaya 7 dəfə getmişəm. Bundan başqa Amerika, Almaniya, Böyük Britaniya, İspaniya, İtaliya və adını çəkmədiyim bir çox ölkələr. Onların hamısında Elmlər Akademiyası fəaliyyət göstərir. Göstərməlidir də. Sadəcə məsələ bundadır ki, onlarda bir az başqa cürdür. Məsələn, ola bilər ki, İspaniyanın Elmlər Akademiyasında olan nə isə bizim akademiyada olmasın, ya bir az fərqli olsun.
-Məsələn, o nə idi ki, onlarda var bizdə yox?
-Bilirsiz, hər şey rəhbərlikdən asılıdır. Yaxşı rəhbər öz ətrafına da yaxşı struktur formalaşdırmalıdır. Qabaqlar çox yaxşı idi. Yenə deyirəm, akademiya, onun institutlarının koridorları qaynaşmalıdır. Elə orada da elmi müzakirələr getməlidir.
-İnstitutların bəzilərində laboratoriyaların ağzı ya qıfıllıdır, ya da çox passiv fəaliyyət göstərirlər. Bunun səsbəbi nədədir?
-Bəs mən bayaqdan nə deyirəm k?! Adam olmayanda laboratoriya da işləməyəcək. Bayaq burda bir yoldaş oturmuşdu. Ona dedim ki, burada 600-ə yaxın əməkdaş var. Amma saysaq heç 200 nəfər olmayacaq. Mənim buna acığım gəlir çox əsəbiləşirəm. Mənim laboratoriyamda bu dəqiqə uşaqlar işləyirlər. Elə sizi gözləyirlər. demişəm ki, söhbətdən sonra laboratoriyaya da baxacağıq.
Ağ rəngdən reportaj
Və... Təbii ki, gedirik. Əvvəla məlumat üçün onu deyək ki, akademikin yuxarıda adını çəkdiyi və dünyada bu sahədə ilk kitab adlandırdığı əsəri “Yarımkeçiricilərin istilik keçirməsi” adlanır. O, bu gün klassik fizika ilə yanaşı, Lütfi Zadənin qeyri-səliz məntiq nəzəriyyəsindəki fizika elementlərini də araşdırır. Yaşına baxmayaraq, böyük həvəslə bir-bir otaqları mənə göstərir.
-Hanı bunlar, hara gediblər?
-Nahar vaxtıdır, “obed”ə gediblər, Maqsud müəllim?
Soyuq laboratoriyanın birində əməkdaşla söhbətini bitirib mənə tərəf dönür: - İndi gələrlər. Gəl o biri otaqlara da baş çəkək.
Bir neçə laboratoriyanı da gəzirik. Funksiyasını bilmədiyim müxtəlif avadanlıqlar laboratoriyadakı divarları tək qalmağa qoymur. Hər dəfə boş otağın qapısını açan zaman 92 yaşlı Maqsud müəllimin çöhrəsinə diqqət edirəm. O zaman anlayıram ki, boş otaqlara açılan bu çöhrə elmin müasir durumu haqqında acılı simfoniyadır. Bir neçə əməkdaşla bizi tanış edir. Müxtəlif maddələrin iyi hopmuş otaqlar mənə ağ rəngli həkim (və ya alim) xalatını xatırladır... Hiss edirsən ki, bu otaqlar da ağ rəng geyinib. Amma ağ rəngli geyimin bir neçə funksiyası da var.... Bu otaqlarda daha çox ağ rəngli parçanın sonuncu, lap sonuncu funksiyasını hiss etdim...
Elmin NURİ
Modern.Az