Lalə Əli qızı Əliyeva (1960)

Lalə Əli qızı Əliyeva (1960)
ASLANIN ERKƏYİ, DİŞİSİ OLMAZ

Sazlı-sözlü qədim Borçalı mahalının, eləcə də, bu mahalın ən ağır ellərindən olan, “Yerdən, göydən güc alan, igidliklə ucalan” Faxralı kəndinin hər cür yasarın qabağında sınmayan, qeyrət-namus mücəssəməsi olan, kişi qeyrətli qadınları çox olub. Güləndam pəhləvan, Çərçi qızı, Babaş qızı kimi şir ürəkli, şir biləkli qorxmaz qadınları fəxridi Faxralının. Belə qeyrətli qadınlarımızın qeyrətli davamçıları bu gün də var. Onlardan biri də heç nədən qorxmayan, heç kimdən çəkinməyən (qardaşı Rəşidə görə etdikləri buna sübutdur) qorxunun özünü belə qorxudan cəsarətli alim-ziyalımız Lalə Əli qızı Əliyevadır.


Əliyeva Lalə Əli qızı
1960-cı il yanvarın 31-də sazlı-sözlü qədim Borçalı elinin (indiki Gürcüstanın Bolnisii rayonunun) Faxralı kəndində ziyalı ailəsində anadan olub.
O, 1996-cı ildə Faxralı orta məktəbinin birinci sinfinə daxil olub. Balaca Lalənin məktəbə qəbul olmasının da öz tarixçəsi var. Məktəb yaşı çatmadığına görə o, qonşu uşaqlarına qoşulub məktəbə yollanmışdı. O illər belə məsələlərə çox ciddi yanaşılırdı və bu hadisə böyük söz-söhbətə səbəb oldu, məsələ rayon səviyyəsinə qədər qalxdı. O zamanlar RİK-in sədri işləyən atası Əli Bayram oğlu isə öz münasibətini belə bildirdi ki, dəyməyin, qoyun oxusun, əgər öhdəsindən gələ bilməsə, çıxardarsınız. Lalənin heç məktəbli çantası və məktəb forması da yox idi. O, özündən 6 yaş böyük olan qardaşı Rəşidin iri çantasını götürürdü, gücü çatmadığına görə qonşuluqda yaşayan sevimli müəlliməsi, Gürcüstan Respublikasının əməkdar müəllimi Telli Məmmədova onun köməyinə çatardı. Lalə isə tədrisdə nəinki sinif yoldaşlarına çatdı, həm də onların ön sıralarına çıxdı. Faxralı orta məktəbində yüksək səviyyəli müəllimlərdən Telli müəllim, İlyas müəllim, Vəli müəllim, Eyvaz müəllim, Rəhim müəllim və digər müəllimlərdən dərs alan Lalə Əliyeva Faxralı orta məktəbində oxuduğu illərdə riyaziyyat və ədəbiyyat fənlərindən rayon və respublika olimpiadalarının iştirakçısı və qalibi olmuşdur. O, 1976-cı ildə Faxralı orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra qardaşı Rəşidin yolu ilə gedərək Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil oldu. İki il sonra isə qardaşı Azad da “ekstren üsulu” ilə, yəni 2 imtahandan “5” və “4” qiymət alaraq Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil oldu. Ümumiyyətlə, ailədə dəqiq elmlərə maraq ataları Əli Bayram oğlundan və 1941-ci ildə Faxralı orta məktəbini əla qiymətlərlə bitirən ilk, yeganə qız məzunu olan anaları Fatma Şeyx Molla Qurban qızından gəlirdi. Azərbaycan Dövlət Universitetində eyni vaxtda ailədən 3 uşaq müvəffəqiyyətlə təhsil alır və tələbəlik illəri böyük bacıları Güləsər xanımın və onun həyat yoldaşı Əli müəllimin himayəsində keçirdi.
Lalə Əliyeva 1981-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda təyinat üzrə baş laborant kimi əmək fəaliyyətinə başlayıb.
O, 1984-cü ildə Fizika İnstitutunun “yarımkeçiricilər və dielektriklər” ixtisası üzrə aspiranturasının qiyabi şöbəsinə daxil olmuş və 1989-cu ildə oranı bitirmişdir.
1989-cu ildə kiçik elmi işçi, 1994-cü ildə elmi işçi və 2005-ci ildə böyük elmi işçi vəzifəsinə seçilmişdir.
Lalə Əliyeva respublikada və xaricdə çap olunmuş 30-a yaxın elmi məqalə və tezisin müəllifidir.
O, 2005-ci il fevralın 2-də “CU2O, CU2S, CdS, CdTe və onlar əsasında alınmış çeviricilərin elektrik və fotoelektrik xassələri” mövzusundakı namizədlik dissertasiyasının rus dilində müvəffəqiyyətlə müdafiə edərək “fiziki elektronika” ixtisası üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
30 ilə yaxın işlədiyi Fizika İnstitutunda hamı onu bacarıqlı, məsuliyyətli, təvazökar, fəal bir alim kimi qiymətləndirir və hörmət edirlər.

Lalə xanım ailəlidir, iki övlad anasıdır.
Lalə xanım həm də qardaşı dara düşəndə heç nədən qorxmayıb qardaşının müdafiəsinə qalxan bir bacıdır. Bu son iki ildə qardaşının müdafiəsinə həm özünü, həm də böyük bir alim ordusunu səfərbər edən vətənpərvər ziyalıdır. Ana yurdumuz Faxralının suyundan içən, havasından udan hər bir insan şair təbiətli olur. Elə Lalə xanım da həm irsən keçən, həm də vətən sevgisindən, Faxralımızın gözəlliklərindən qaynaqlanan bir təbə malikdir, ara-sıra şeirlər də yazır. O, vətən həsrəti ilə yaşayan, ana vətənimiz Faxralıdan doymayan və faxralıların həmişə birlikdə olmasını istəyən bir elqızıdır.

Pərən-pərən səpələnib nəslimiz,
Yad ellərə qismət oldu qəbrimiz,
Qəriblikdə tükənibdir səbrimiz,
Çağır bizi, Ana Vətən, çağır, hey!
Ruhum kimi inlə, kaman, inlə, ney!

…Dədə evim, çağır məni, gələrəm,
Ocağını gurha-gurla qalaram!
Çağırmasan yad ellərdə ölərəm!
Çağır məni, Ana Vətən, çağır, hey!
Eşitməsəm, nərə çəkib bağır hey!!!

- deyən Lalə xanım "Faxralı" sərlövhəli şeirində doğma ata yurdunu belə tərənnüm etmişdir:

Dağlar üzük təki dövrəyə alıb,
Elə bil ortada ləldi Faxralı!
Babalar qədimdən burda yurd salıb,
Həm təzədi, həm əzəldi Faxralı!

Səhər günəş Gözəldağdan boylanar,
Qürub çağı o, Səngərdə əylənər,
Gündüz vaxtı şəfəqlərə bələnər,
Nur içində nə gözəldir Faxralı!

Bulaqları şırıl-şırıl çağlayar,
Bulaq başı xatirələr saxlayar,
Qızlar burda əhdi-peyman bağlayar,
Həm qoşmadı, həm qəzəldi Faxralı!

Qoy qan-qada başımızdan sovuşsun,
Yad ellərin vətəninə qovuşsun,
Qurdla qoyun bir-birilə yovuşsun,
Ömür gedir, vaxt kəməldi, Faxralı!

Qoyun-quzu dağ döşünə yaylansın,
Zəmilərdən taxılların boylansın,
Hər bir evdə qurban payı paylansın!
Görən desin, nə mahaldı Faxralı!

(Mənbə: Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.)

Lalə Əli qızı Əliyeva (1960)Ötən il isə Lalə Əli qızı Əliyevanın “Vətən harayı” (44 şeir. Bakı, “Füyuzat”, 2021, 108 səh.) adlı kitabı nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib.
Kitabda müəllifin 30 ildə xalqımızın başına gətirilən müsibətlərə, torpağımızın işğalına, övladlarımızın həlak olmasına qarşı ürək yanğısı ilə yazdığı şeirlər verilmişdir. Vətən sevgisi, milli heysiyyət, işğal altında inləyən Qarabağ yanğısı, Borçalı həsrəti, yerlə yeksan olmuş Xocalının fəryadı, torpaq uğrunda qurban verdiyimiz şəhidlər, şəhid anaları bu kitabda öz əksini tapmışdır.

Biz də Lalə xanıma yeni-yeni uğurlar arzulayırıq, aşağıda onun ilk kitabına yazdığı "Ön söz"ü və bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

turan.info.az

ÖN SÖZ

Mən 1990-cı ildən şeir yazmağa başlamışam. Başqa müəlliflərin kitablarında, AMEA Ədəbiyyat İnstitutunun Ədəbi almanaxında şeirlərim dərc olunsa da, bu mənim ilk kitabımdır. Keçən 30 il ərzində torpaqlarımızın işğalı, xalqımızın başına gətirilən müsibətlər, tapdalanmış heysiyyətimiz mənim qəlbimi ağrıdıb və bu qəlb ağrısı göz yaşları ilə süzülərək misralara çevrilib. Bu otuz il ərzində torpaqlarımızın azadlığı uğrunda Azərbaycan xalqının nə qədər igid oğulları şəhid oldu, nə qədər anaların, balaların gözü yaşlı qaldı!
Müharibə mənim həyatımda da dərin iz qoyub.
Birinci Qarabağ müharibəsində qardaşım Rəşid və qardaşım oğlu Rasim Əliyevllər könüllü olaraq vuruşublar. Mən də bir bacı, bibi kimi bizim ana-bacılarımızın keçirdiyi hissləri yaşamışam. Bu otuz ildə Ana Vətənin də sinəsinə çal-çarpaz dağlar çəkildi.
Mənfur erməni faşistləri gözəl Qarabağımızı viran qoydu, yurd – yuvamızı dağıtdı, insanlarımızı öz isti yuvalarından didərgin edib öz torpağında qaçqına çevirdi. Xalqımızın başına “20 Yanvar” faciəsi, Xocalı faciəsi, “30 aprel” terroru və daha hansı faciələr gəlmədi? Mən bir azərbaycanlı kimi və bir
Azərbaycan vətəndaşı kimi bu müsibətlərə öz etirazımı acı göz yaşları ilə şeirlərə çevirmişəm. Lakin mən həmişə Qələbə ümidi ilə yaşamışam və düşünmüşəm ki, Azərbaycan xalqı, Azərbaycan dövləti bu işğalla barışmayacaq və qisasımız alınacaq, Qarabağımız azad olacaqdır! Çox şükürlər olsun ki, o günü görmək mənə nəsib oldu!Mən qələbəmizin dadını duyduqca bu Qələbə həsrəti ilə dünyadan köçən Xəlil Rzanı, Xudu Məmmədovu, Zəlimxan Yaqubu, elmi rəhbərim, professor Elmira xanım Zamanovanı və digər adlarını çəkə bilmədiyim minlərlə insanı xatırlayıram. Deyirəm, ruhunuz şad olsun! Qisas qiyamətə qalmadı!
Biz məzlum millətdən məğrur millətə döndük bu qələbələrlə! Daha bizim balalar dərsliklərindən erməninin bizim başımıza gətirdikləri müsibətləri yox, ermənini necə məğlub etdiyimiz haqqında öyrənəcəklər. Qürurlu, alnıaçıq və bəxtiyar yaşayacaqlar! Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 30 illik müharibəyə 44 gündə son qoydu! Bizim müharibə taktikamız müasir hərb elmində yeni bir dövr açdı. NATO bizim müharibə taktikamızı öz əsgərlərinə öyrədir! Bu qələbədə hakimiyyətlə xalq birliyi sarsılmaz oldu! Bizə mənəvi dəstək verən qardaş Türkiyə, Pakistan, İsrail, Gürcüstan dövlətlərinin də atdıqları addımlar bizim qələbə ruhumuzu möhkəmləndirdi.
Mənim kədər göz yaşlarımın sevinc göz yaşlarına çevrildiyi anlar ordumuz tərəfindən sentyabrın 27-də ilk kəndin – Qaraxanbəyli kəndinin və noyabrın 8-də Şuşa şəhərinin alınması zamanı Prezident İlham Əliyevin ürəkdən gələn və səmimi “Əziz Şuşa, sən azadsan!” sözlərini eşitdiyim anlar oldu.
Bu günlərdə Qələbəmizin bir ili tamam olur. Sevincli və qürurluyam! Qələbəmiz mübarək olsun!
30 ildir bu günü səbirsizliklə və nigarançılıqla gözləyirdik. Allaha çox şükürlər olsun bu gün gəldi yetişdi. Bu günə biz igid əsgərlərimizin, şəhidlərimizin qanı bahasına gəlib çatdıq! Biz bütün həyatımızla, fəaliyyətimizlə bu Qələbəmizi göz bəbəyi kimi qoruyub, güclü, varlı, firavan, azad bir Azərbaycan olmalıyıq ki, bir daha heç kəs bizim torpağımıza göz dikməsin!
Bu gün mən bütün şəhidlərin ruhu qarşısında baş əyirəm! Şəhid ata-analarının qarşısında baş əyirəm, onların dərdlərinə şərikəm. Onlar belə övladlar böyütdükləri üçün fəxr etməlidirlər! Səhid övladlarını göz bəbəyi kimi qorumaq lazımdır, çünki onlar qəhrəmanlıq geninin daşıyıcılarıdırlar! Var olsun igid oğullar böyüdən Azərbaycan anaları! Sonda mən bu kitabı ölməz Şəhidlərimizə və onların əziz analarına ithaf edirəm.

Lalə Əliyeva


AZƏRBAYCAN!

Elim, obam!
Doğma yuvam!
Dərdə dəvam,
Azərbaycan!

Dağında qar,
Bağında bar,
Qoynu gülzar,
Azərbaycan!

Əziz məkan!
Ollam qurban!
Səndən ötrü,
Verərəm can!

Azərbaycan!
Torpağı zər!
Suyu gövhər!,
Aynan Xəzər!
Azərbaycan!

Gözümdə nur!
Dənizi dürr!
İnsanı hürr!
Mən səninlə
Duydum qürur!
Azərbaycan!

Qarabağın
oldu azad!
Torpağından
qovuldu yad!

Daha Şuşan
olar abad!
Viran qalmış
torpağında,
Sevinc adlı bir
tonqal çat!
01.11.2021


HAYDI, HAYDI İRƏLİ!

Qələbələrimizin ilk günlərində


Haydı, haydı irəli!
Azərbaycan əsgəri!
Düşməni oturt geri!
Azərbaycan əsgəri!

30 ildir dözmüşük,
Gözləməkdən bezmişik,
Ürəyimizi üzmüşük,
Haydı, haydı irəli!
Azərbaycan əsgəri!

Düşməni qov yurdundan,
Sən qüvvət al ordundan!
Qələbə çal ardından!
Haydı, haydı irəli!
Azərbaycan əsgəri!

Düşmən bizi xar edib!
Gözümüzü kor edib!
Dünyamızı dar edib!
Haydı, haydı irəli!
Azərbaycan əsgəri!

Qorxaqdır qarı düşmən,
Qoy görsün goru düşmən,
Qolunda zoru düşmən,
Haydı, haydı irəli!
Azərbaycan əsgəri!

Nərə çəkib vuruşun!
Şimşəklərlə yarışın!
Qürurludur duruşun!
Haydı, haydı irəli!
Azərbaycan əsgəri!

Hərəniz bir qəhrəman!
Dillərdə olduz dastan!
Çıxdı millətim yasdan,
Haydı, haydı irəli!
Azərbaycan əsgəri!

Yaranmışıq biz Oddan!
Var olsun Baş Komandan!
Pay olmaz!- dedi yurddan!
Haydı, haydı irəli!
Azərbaycan əsgəri!
05.10.2020


NƏDƏN BAŞLANIR VƏTƏN?

Boy atdığım beşikdən,
Doğulduğum ev-eşikdən,
Sünbüllərdəki dəndən,
Ruhu olan bədəndən,
Məni doğan anadan,
Bax, ürəkdən, bax, candan,
Ondan başlanır Vətən!

Gəzdiyim o çəməndən,
Çəməndə bitən güldən,
Gözümdən axan seldən,
Başımdakı ağ teldən,
Dağlardan əsən yeldən,
Danışdığım bu dildən,
Məndən başlanır Vətən!

Ürəyimdə həsrətdən,
Başım çəkən bu dərddən,
Yurdumda qalan mərddən,
Yurddan başlanır Vətən!

Babamın baş daşından,
Mənim qan yaddaşımdan,
Bacımdan, qardaşımdan,
Baharımdan, qışımdan,
Torpağımdan,daşımdan,
Aldığım alqışımdan,
Gəlin, deyim bu başdan,
Başdan başlanır Vətən!
Doğulduğum torpaqdan,
Daşdan başlanır Vətən!
Başdan başlanır Vətən!!!
08.10.1996


FAXRALI HARAYI!

Beynimdə fikir dolaşır,
Uzaq-uzaq yollar aşır,
Nə desəm, sənə yaraşır,
Ana torpağım, Faxralı!

Dərdin sinəmi dağlayır,
Sərhəd yolumu bağlayır,
Səndən ötrü qan ağlayır,
Dilim, dodağım, Faxralı!

Ürək məndən daim sordu,
Niyə atdın doğma yurdu?
Yaşıl meşələr qurudu,
Saraldı yarpağı, Faxralı!

Hamı üz tutub şəhərə
Yem verən yoxdu kəhərə,
Çatlayıb beş yerdən nəhrə,
Çalxanmır yağın, Faxralı!

Kənddə qalıb qoca-qoltaq,
Meydan sular indi yaltaq,
Yadlar gələr edər tapdaq,
İnlər torpağın, Faxralı!

Bir vaxt vardı gurlayardın,
Saf suların çağlayardı,
Hər evdə on kişi vardı,
Batıb qulağın, Faxralı!

Övladların pərən-pərən,
Haradadır onlar, görən?
Sən harayla gəlsin nərən!
Səsdə qulağım, Faxralı!

Sənə can verənlər vardı,
İgidlər, ərənlər vardı,
Yaxşı iş görənlər vardı!
Hanı, o çağın, Faxralı!?

Vardı ağsaqqalın, mərdin,
Çəkərdilər elin dərdin,
Sən cənnətə bənzər yerdin,
Aranım, dağım, Faxralı!

Boşalıb neçə ev-eşik,
Qocalar çəkirlər keşik,
Yellənmir həyətdə beşik,
Oğul-uşağın, Faxralı!

Uzaqdan sənə “can”- deyirik,
Özümüzü hey öyürük,
İş deyəndə, göz döyürük,
Sənsən, danlağım, Faxralı!

İndi düşüb yeni dəbin,
Şəhərə olmusan kəbin,
Boşalıb küçən, məktəbin,
Kimsəsiz bulağın, Faxralı!

Şəhərli olub gəlinlər,
Kənd-kəsəyi bəyənmirlər,
Qapını süpürənmirlər,
Qurusun palçığın, Faxralı!

“Faxralıyam”- deyə, özünü öymə,
Qürurlanıb döşünə döymə,
Yaramın közünə dəymə!
Qopar qaysağım, Faxralı!

Haray çəkib haraylaram,
Nəzir-niyazı paylaram,
İlləyərəm, aylayaram,
Səndə, oylağım, Faxralı!

Dağılıbdı yolun, izin.
Köç eyləyir oğlun, qızın,
Bizdən, deyən, dönüb üzün!
Pozulub növrağın, Faxralı!

Gəlib yiyələnə gürcü,
Onda heç çatammaz gücün,
Dağılar həm qalan, bürcün,
Sönər, çırağın, Faxralı!

Əldən getsə elim,obam,
Diksinər qəbirdə babam,
Saçımı yolub ağlaram,
Sinəmdə dağım, Faxralı!

Ağla, inlə, çağır məni!
Burda həsrət boğur məni!
Sən yenidən doğur məni!
Ana torpağım, Faxralı!
31.01.2000


VƏTƏN TORPAĞI

Qoy, gəlim Vətənə bir bahar çağı,
Əyilib ovcuma alım torpağı.
Qoxlayıb Vətənin ətrini alım,
Öpüb gözüm üstə onu saxlayım.

İlahi, adildir, sənin hər əmrin,
Qoy, Vətən torpağı olsun son yerim,
Üstümdə qoy bitsin Vətən laləsi!
Sinəsi qaraxal, üstə jaləsi.

Günəş boylananda dursun, sevinsin,
Gələndə sərin meh, əssin, titrəsin,
Qoy, ana torpağa gözəllik versin.
Qırmızı geyinib torpaq öyünsün.

Sinəsinin dağı mənim həsrətim,
Qoy, Vətən torpağı olsun qismətim!
Qarışıb qoy, Vətən torpağına mən,
Bu həsrət yox olsun mənim qəlbimdən!
12.04.2001


VƏTƏN UĞRUNDA!

Ürəyinlə, qələminlə,
Çalış Vətən üğrunda,
Həm dərdinlə, həm qəminlə,
Alış Vətən uğrunda!

Vətən orda, sənsə burda,
Əllərini uzat yurda,
Qoy qalmısan vətən darda,
Savaş Vətən uğrunda!

Elm öyrənək, təhsil alaq,
Kitab yazaq qalaq-qalaq,
Vətənə bir işıq salaq,
Barış Vətən uğrunda!

Analar baxırlar yola,
Deyirlər, kaş, balam gələ,
Lalə deyir, indən belə,
Döyüş Vətən uğrunda!
14.03.2008


RƏŞİDƏ

35 yaşında əlinə silah qötürüb
könüllü olaraq Qarabağ müharibəsində vuruşan
alim qardaşıma


Döyüşürsən, qardaş Vətən yolunda!
Koroğlunun qüdrəti var qolunda,
Qədrini bil, sən körpə bir kolun da,
Gəl-gəl deyir Ana Vətən! Dardadır!
Qoç Koroğlu, qaçaq Nəbi hardadır?

Dağlar oğlu vuruşursan dağda sən!
Ömür sürüb, kef görmədin bağda sən!
Qayıdasan güllər açan çağda sən!
Yolunu gözləyir qoca anamız!
İnan, sənsiz keçməyir bir anımız!

Atanın yolunu davam edirsən,
Döyüşdə hamıdan öndə gedirsən,
Düşmənin başına sən od tökürsən!
Yolunu gözləyir körpə balalar,
Qoyma ki, onları qala intizar!

Murovdan, Tərtərdən gəlir sorağın,
Bacını yandırır sənin fərağın,
Gətir əsgərləri, olun qonağım,
Getməsin əməyin hədər, a qardaş!
Gətir sən Vətənə zəfər, a qardaş!
10.05.1993


MƏNİM MÜBARİZ QARDAŞIM!

Qardaşım Rəşidə


Yalanla heç barışmadın,
Xəyanətə qarışmadın,
Düzdən hesab soruşmadın!
Mənim mübariz qardaşım!
Dalğalı dəniz qardaşım!

Vətəni oğul tək qorudun,
Nə usandın, nə yoruldun,
Sən od-alovdan doğuldun,
Düşmən başın üz, qardaşım!
Ey əhdinə düz qardaşım!

Adın Rəşid, yolun düzdür,
Danışdığın doğru sözdür,
Ürəyin aynası gözdür,
Oda düşdük biz, qardaşım!
Kor olaydı göz, qardaşım!

Xəyanətə tuş olmusan,
Qəfəsdə bir quş olmusan,
Odda bişib, daş olmusan,
İmtahandır döz ,qardaşım!
Dərdim olub yüz, qardaşım!

Səbrini qoy versin Allah!
Düzlük olub sənə günah,
İstəyirəm çəkəm bir ah!
Dağlar olsun düz, qardaşım!
Ürəyimdə köz, qardaşım!

Yay da keçdi, bax, yaz kimi,
Rəngin oldu kağız kimi,
İnlərəm telli saz kimi,
Dünyam oldu boz, qardaşım!
Yolda qalıb göz, qardaşım!
05.04.2010


AY ELOĞLU!

Bədəlov Arif qardaşıma


Sözlərim gəlir xoşuna,
Yurdlar birdir, ay eloğlu!
Sözlər gəlibdir sinədən,
Dərdlər birdir, ay eloğlu!

Həsrətliyik sən də, mən də,
Yurd qalıb dumanda, çəndə,
Kimlər at çapır binəmdə?
Mənə sirdir, ay eloğlu!

Ata-ana qəbri həsrət,
Dərd üstünə gəlibdir dərd,
Gözü yolda çağırır yurd,
Vətən pirdir, ay eloğlu!

Bir vətənə dönməyim var!
“Haray!” -deyə dinməyim var!
Oddum, bir gün sönməyim var!
Ömür nurdu, ay eloğlu!

Gəlin, dönək doğma yurda,
Qalmasın çaqqala, qurda,
Daşlaşmışıq baxın, burda,
Vətən dürdü, ay eloğlu!
06.07.2012


AŞIQ RAMİN QARAYEVƏ!

Aşıq Ramin, çal, elimiz şad olsun!
Ustad Kamandarın ruhu yad olsun!
Çal, sinəndə ürək deyil, od olsun!
Alovundan dağlarda qar ərisin!

Çal, Cəngidə Koroğlunun nərəsi,
Çal, Ruhani huşyar etsin hər kəsi,
Zarıncıda Xan Kərəmin naləsi!
Elə çal ki, gözümdən yaş car olsun!

Çal, çayların şırıltısın eşidək!
Çal, göylərin gurultusun eşidək!
Çal! Aslanın nəriltisin eşidək!
Elə çal ki, qorxaqlara ar olsun!

Çal, qoy gəlsin ərənlərin harayı!
Çal, uçulsun düşmənlərin sarayı!
Çal, birləşdir o tayı, həm bu tayı!
Dost sevinsin, düşmən sönüb xar olsun!

Çal, titrəsin ürəyimin telləri!
Göz önümdən keçsin obam-ellərim!
Yada düşsün yurdda keçən günlərim!
Elə çal ki, rəngim-ruhum saralsın!

Çal, paslanmış ruhumuzu silkələ!
Çal, ürəkdə yer qalmasın nisgilə!
Çal, birləşək, Yallı gedək əl-ələ!
Oğullar hərəsi xan çinar olsun!

Cavan aşıq, Ozanların nəvəsi!
Həm çalğın xoş gəlir, həm də ki səsin,
Zəngulə vur, qoy sönməsin həvəsin!
Borçalı tək elin, oban var olsun!
31.08.2012


ATA OCAĞIM!

Qoynunda böyüyüb boy atdım sənin!
Ay mənim, mehriban, ata ocağım!

Hayana getsəm də, harda olsam da,
Yenə də gözlərsən yolumu mənim!
Sənə nəğmə deyir dilim-dodağım,
Ay mənim, mehriban, ata ocağım!

Hər küncün, bucağın mənə çox tanış,
Gəl, ötən günlərdən xatirə danış!
Yenə də, gur yansın odun-ocağın!
Ay mənim, mehriban, ata ocağım!

Qızlar köçdü getdi bir qaranquş tək,
Geriyə dönərik biz yaz olanda.
Ana qaranquşa bənzər anamız!
Həsrətlə izləyər bizi yaz, payız!
Mənə çox əzizdir isti qucağın,
Ay mənim, mehriban, ata ocağım!

Yaşı yüzü keçmiş qocaman tut da,
Gözləyər hər zaman, gözləyər bizi,
Sanki, ata-baba ruhu var onda,
Qalxıb asimana izləyər bizi!
Hər zaman qoy yansın həyat çırağın!
Ay mənim, mehriban, ata ocağım!

Atamın, anamın ətri var səndə,
Qoxlaram, hər zaman, sənə dönəndə!
Uşağa dönərəm səni görəndə,
Hər an sevindirir məni sorağın!
Yamanca göynədir məni fərağın!
Hər zaman çağlasın həyat bulağın!
Ay mənim, mehriban, ata ocağım!
08.11.2013


İNSANIN BƏZƏYİ

Gündə bir don geyib,
Çox da öyünmə!
Bu dünya
çox dona salır adamı!
Körpəydin,uşaqdın,
Gəncsən, qocasan!
Bəlkə də adisən, bəlkə ucasan!
Dünyadan beşəlli yapışma, inan,
Bir gün bu dünyadan,
sən də köçərsən,
Dünyadan heç zaman
Doymayır insan!
Əyninə həvəslə geyir libası,
Gah, sevinc nuş edir,
Gah, da ki, yası!
Geydiyin paltarın etibarı yox,
Gah, sənə dar gəlir,
Gah, düşür gözdən!
Ən etibarlı don
Bil, ağ kəfəndir!
Nə bəzəyi vardır,
nə də düzəyi!
Onu da heç özü
geyməyir insan!
Vaxtı yetişəndə
Geydirir dövran!
Zahiri bər-bəzək,
De, nəyə gərək?
Mənim zinətimdir,
Sinəmdə ürək!
Zahiri bər-bəzək,
Əfsanə, nağıl,
İnsanın bəzəyi,
Başdakı ağıl!
İnsanın bəzəyi:
Təmiz ürəyi,
İnsanın bəzəyi:
Halal çörəyi,
İnsanın bəzəyi:
İman,vəfa,sədaqət,
İnsanın bəzəyi:
Ümid, sevinc, səadət,
İnsanın bəzəyi:
Xoş əməllərdir,


Qalan hər nə varsa,
Gəldi-gedərdir!
Zahiri bər-bəzək
dünya malıdır,
Bil ki, yer üzündə
O qalmalıdır!
12.11.2014


EY ANA TƏBRIZIM, ANA TƏBRIZIM!

Görəsən, görərmi səni bir gözüm?
Ey ana Təbrizim, ana Təbrizim!
Həsrətli sinəmi yandırar közün,
Ey ana Təbrizim, ana Təbrizim!

İstərəm dağından lalələr üzüm,
İstərəm odlanam, ərisin buzun,
Bizimlə eynidir avazın, sazın,
Deyirəm, bol olsun çörəyin, duzun,
Necə də əzizdir mənə “can” sözün,
Ey ana Təbrizim, ana Təbrizim!

Yoluma, qoy, çıxsın lalən, nərgizin,
Sənə qonaq gəlsin Faxralı qızı,
Önündə baş əyim, bükülsün dizim,
Çəkilsin dağların dumanı, sisi.
Ey ana Təbrizim, ana Təbrizim!

Borçalı da birdir, Təbriz də birdir,
Bizi ayırdılar, neçə yüz ildir?
Məni dərd ağladır, gəl, özün güldür,
Yollardan çəkilsin gözüm, Təbrizim!
Daha qalmayıbdır dözüm, Təbrizim!

Millət pərən-pərən, parça-parçadır,
Neçə sərhəd bölüb torpağımızı,
Bu millətin dərdi dərya boydadır,
Neçə xain pozub növrağımızı.
Həsrətli gözlərin Arazdır yaşı,
Əsrlər boyunca qurumaz olub,
Savalan Qoşqarın doğma qardaşı,
İlqar, etibarı qırılmaz olub!
Ayırsa, gör, neçə sərhəd də bizi,
Qoruyub saxladıq öz dilimizi,
Uzadıb o taya əllərimizi,
Harayla çağırdıq bir-birimizi:
Heydərbaba Şəhriyarı yad etsin,
Göylər guruldayıb bir fəryad etsin,
Buludlar ağlayıb nalə, dad etsin!
Yusun ürəkdəki nisgilimizi!
Biz də bir görəydik Təbrizimizi!
31.01. 2015


ANALAR

Analar ömrünü döndərib şama,
Oğul, qız böyüdür hey yana-yana,
Övladın yoluna işıq salaraq,
Özü-öz dibinə salmayır ancaq.

Beşiyin başında layla söyləyir,
Hərdən səksəkəylə nəfəs dinləyir,
Hər nə dərdi olsa, bizdən gizləyir,
Heç vaxt öz qeydinə qalmayır ancaq.

Ümidlə yaşayır analar hər gün,
Əlləşir, vuruşur övlad böyütsün,
Hər ana övladın barını görsün,
Hər ana yaşına dolmayır ancaq.

Övladlar, ananın qədrini bilin,
Ona hörmət edin,üzünə gülün,
Analar qəlbindən dərd-qəmi silin,
Anadan bir daha olmayır ancaq.
24.03.2018


ŞƏHİD ANASI!

20 yanvar şəhidi İlqar Əhmədovun anası
Nigar bacının timsalında bütün şəhid analarına
ithaf edirəm


Faxralıda ağbirçəkli bir ana var,
Gözləri intizar, qəlbi qan ağlar!
Ancaq ümidini allaha bağlar!
İnləyən kamandır, şəhid anası!

Şəhidi İlqardır, adı Nigardır,
Otuz ilə yaxın o intizardır,
Övlad həsrətindən dünyası dardır,
Dağlarda dumandır, şəhid anası!

Qəlbini dərd oyub,viran eyləyib,
Gözünü yaş oyub, giryan eyləyib,
O nə asi olub, üsyan eyləyib!
Susmuş bir vulkandır, şəhid anası!

Nə bir toy eyləyib, nə gəlin alıb,
İllərdir gözləri qapıda qalıb,
Payız çiçəyi tək saralıb, solub,
Məhəbbət umandır, şəhid anası!

Oğlun bir igiddir, məkanı cənnət,
Şəhidlik zirvəsi olubdu qismət,
Ona rəhmət deyir bu xalq, bu millət!
Ağlama, amandır, şəhid anası!

Bir igid oğulun anasısan sən,
Od olub ölüncə yanasısan sən,
Bir qəm dəryasının sonasısan sən,
Dərdin bir ümmandır, şəhid anası!

Hörməti Gürcüstan, Azərbaycanla bir,
Qəbrinin üstünə güllər düzülür,
Şəhidlər ölməzdir, onlar diridir,
Yeri xiyabandır, şəhid anası!

Oğlun səni gözlər cənnət qatında,
Hər gün dua elə axşam yatanda,
Bil, vaxtı, vədəsi gəlib çatanda,
Oğlunu tapandır, şəhid anası!
05.03.2019

ŞƏHİD ATAM LAYLA!

Anam Fatma xanım 1937-ci ildə repressiyaya
məruz qalmış atası Şeyx Molla Qurbana
həsr edib.


Nagahdan eşitdim ölüm sorağın,
Yandırdı cismimi atəşin-narın,
Gecə-gündüz çəkərəm mən intizarın,
Şəhid atam layla!
İgid atam layla!

Yoxsula, yetimə himayə durdun,
Nə imanı dandın, nə dini dandın,
Allahın yolunda sən şəhid oldun!
Alim atam layla!
İgid atam layla!

Bilmədim nə imiş sənin günahın?
Allah da olmadı sənin pənahın,
De, ərşəmi qalxdı fəryadın, ahın?
Günahsız atam layla!
Oğulsuz atam layla!

Altmış yeddiyə çatanda yaşın,
Zalımın önündə əymədin başın,
Düşmən gülləsinə tuş oldu döşün,
Məkansız atam layla!
Məzarsız atam layla!

Yerə səpildimi müqəddəs qanın?
Qanamı boyandı saçın, saqqalın?
Kor olsun o günə biz balaların,
Kəfənsiz atam layla!
Dəfnsiz atam layla!

Bilinməz məkanın, tapılmaz yerin,
Üzdü biz yazığı bu zalım sirrin,
Nə qədər mən sağam yanacaq dirim,
Ölsəm də yanacaq məzarım, qəbrim,
Bəxtsiz atam layla!
Şeyx atam layla!

Eşitsin səsimi şəhid balası,
Ağlasın halıma şəhid anası!
Ya rəbb! Yerdə qoyma sən bu qisası!
Nurani atam layla!
Pirani atam layla!

Qarammədli Fatma Güllər Pəri nəvəsi,
Qəm yüküylə ağır olub şələsi,
Şeyx Molla Qurbanın yetim balası!
Şeyx atam layla!
Alim atam layla!
25.09.1999


AĞLARAM

Mən də döndüm nənəm Güllər Pəriyə,
Gecə-gündüz “qardaş”- deyib, ağlaram!
Görəsən, dönərmi, qardaş geriyə?
Bağrıma basaram bir daş, ağlaram!

Güllər Pərisi tək qardaşım əsir,
Onun tək yolumu sərhədlər kəsir,
Qardaşım əsirdir, yoxsa, mən yesir?
Yolunda qoyaram, mən baş, ağlaram!

Gör, necə dövrandır, necə zəmanə?
Elə bil, tarixin təkəri dönüb!
Yenə də ürəklər olub viranə!
Kasıb daxmalarda çıraqlar sönüb!
Çarəsiz tökərəm, mən yaş, ağlaram!

Güllər Pərisi tək döndüm dastana!
Əsir qardaşımçün yaş tökə-tökə,
İstərəm dişimlə didəm zindanı,
Çeynəyib gəmirəm mən tikə-tikə!
Qoymayam daş üstündə, bir daş, ağlaram!
17.07.2010


Lalə Əli qızı Əliyeva (1960)KÜSDÜ GETDİ QARDAŞIM!

Qardaşım Rəşid müəllimə

Küsdü getdi qardaşım,
Bu dünyanın üzündən
Küsdü getdi qardaşım,
Haqq ədalət sözündən.
Hey ədalət axtardı,
Tapmadı yer üzündə.
Dedi daha bezmişəm,
Dünya düşdü gözümdən.
Üz tutdu göyə sarı,
Bəlkə, göyə yüksəlib,
Haqq- ədalət harayı?
Bəlkə, göydə qurulub
Ədalətin sarayı?
Bəlkə heç eşidilmir
Məzlumların harayı?
Allah, sən özün ovut,
Haqq ədalət gəzəni
Yoxsa, çox pozulacaq,
Sənin nizam, düzənin.
Sən daxil eylə onu,
Cənnət adlı məkana
Bu dünyada zülm görüb,
Xəstəlik görüb canı!
Al sağalt yaraların
Bir az dincəlsin canı,
Günahların bagışla,
Bir dinclik tapsın barı!
16.01.2023.


DÜNYANIN HƏR DƏRDİ
SƏNƏ QALMIŞDI


Qardaşım Rəşid müəllimə

Dünyanın hər dərdi sənə qalmışdı
Beynində çöžürdün, araşdırırdın.
Bu dünya səni çox dərdə salmışdı,
Sevinci kədərlə qarışdırırdın.

Vətən haray çəkib haraylayanda,
Tez silah götürüb haraya getdin.
Soyuq səngərlərdə, qarlı dağlarda,
Canını Vətənçün sən fəda etdin.

Zabit şərəfini sən uca tutdun,
Ata tək qayğısın çəkdin əsgərin.
Şəhid anasına sən oğul oldun,
Soruşdun, ay ana, nədir dərd-sərin?

Alimdin, zəkandan nur yayılırdı,
İşığın qəlbləri fəth eləmişdi.
Sənə qulaq asan tez ayılırdı,
Cahillikdir bizə düşmən demişdin.

Filosoftək güclüydü fikrin, iradən,
Məntiqin önündə rəqib susardı.
İnkişaf, tərəqqi dərdiydi dərdin,
Fikirlər, arzular aşıb, daşardı.

Haqqı, ədaləti üstün tutardın,
Həmişə haqlının yanında oldun
Ədalət harayın göyə çatardı,
Ədalət tapmadın saraldın, soldun.

Bu dünya adamı deyildin sən də,
Bu dünya yaltaqlar dünyasıdır bil!
Bir ürək vururdu odlu sinəndə,
O ürək bir dünyaya sığası deyil!
18.01.2023


ÖZÜN GETDİN SƏSİN QALDI!


Özün getdin səsin qaldı,
Dağdan ağır sözün qaldı
Sinəm üstə közün qaldı
Alışıb yanıram, qardaş!

Dinləyirəm şux səsini,
San duyuram nəfəsini,
Ağlaram eşit səsimi,
Bil ki, odlanıram, qardaş!

Kaş ki, o günlər olaydı,
Bacın yanına gələydi,
Sənin dərdini alaydı,
Hey səni anıram, qardaş!

Gəlib səni dinləyəydim,
Dərdin nədir, bir biləydim,
Göz yaşlarını siləydim,
Mən sənsiz donuram qardaş!

İndi qalmışam mən sənsiz,
Qəlbimdə dərdin salıb iz,
İstər ağla, istərsən gəz,
Məcnuna dönürəm, qardaş!
19.01.2022


AĞLARAM

İtirdim əziz qardaşı,
Qurumaz gözümun yaşı,
Zədələndi bağrım başı,
Gecə-gündüz hey ağlaram!

Gətirdim torpağa verdim,
Təzələndi bir də dərdim,
Əmanəti aldı yurdum,
Olub sınıq ney ağlaram!

Dərdinə olmadı dərman,
Tapılmadı təbib, loğman,
Zalım fələk verib fərman,
İtirib bir bəy ağlaram!

Səngər gördün, zindan gördün,
Qürbət gördün, zillət gördün,
Müsibətli həsrət gördün,
Canın oldu zay ağlaram!

Yaralarım tutmaz qaysaq,
Göz yaşlarım olar irmaq,
Yamandır səndən ayrılmaq,
Olmaz sənə tay ağlaram!
18.01.2023


GƏLDİM

Ana Vətən, aç qoynunu,
Qoynunda yatmağa gəldim.
Qucaqlayım qoy boynunu,
Dərdi dağıtmağa gəldim.

Yaşadım mərdi, mərdanə,
Aman vermədim düşmənə.
Qəsd eylədim şirin cana,
Qəmimi satmağa gəldim.

Qürbət mənə zindan oldu,
Gənc idim, saraldım, soldum.
Bulud tək boşaldım, doldum,
Çiçəyə batmağa gəldim!

Alim idim, ziyalıydım,
Bir çox mətləbdən halıydım.
Kaş ki, vətəndə qalaydım,
Yurdu oyatmağa gəldim!

Yurda qarışsın bədənim,
Saralsın, solsun kəfənim,
Bilin, son arzumdur mənim,
Vətəndə qalmağa gəldim!

Sən tək cənnətdən qovuldum,
Qürbət yerdə girov oldum,
Bir dağ idim, bil ovuldum,
Vüsala çatmağa gəldim!
19.01.2023


SƏSİN QÜDRƏTİ


İnsan ölür, səsi qalır
Eşidəndə səsini,
Sanırsan ki yaşayir.
Bir az sevincək olub
Özünü unudursan.
Səsə qulaq asırsan,
Bir azca ovunursan.
Sonra özünə gəlib
Yuxudan ayılırsan
Deyirsən, dili qafil,
Səsini dinlədiyin
Bu dünyadan köçübdür,
Quruca səsi qalıb
Sənin könlünü alıb
Dinlədikcə səsini
Səni odlara salıb.
22.01.2023



turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: