Mais TƏMKİN (1968)

Mais TƏMKİN (1968)Mais Təmkin (Mais Əsəd oğlu Əsədullayev) 15 oktyabr 1968-ci ildə Lerik rayonun Livədirqə kəndində fəhlə ailəsində anadan olub.

Hələ orta məktəbdə oxuduğu zaman şeirə, ədəbiyyata böyük maraq və həvəs göstərib.
1986-1988-ci illərdə Ukrayna Respublikasında hərbi xidmətdə olub.

1993-cü ildən dövri mətbuatda poeziya nümunələri və publisistik məqalələrlə çıxış edir.
“Bu gecə ulduzlar yaman seyrəlib” adlı ilk şeirlər kitabı 2003-cü ildə işıq üzü görüb.
“İlhamın gücü” poeması 2005-ci ildə “Avropa” nəşriyyatında, “Hikməti sozundə axtar” üçüncü kitabı 2009-cu ildə “Nurlan” nəşriyyatında, “İlhamlı günlərin nəğməsi” kitabı 2014-cü ildə “Nərgiz” nəşriyyatında, sayca beşinci olan "Dağlardan boylanan ömür" kitabı isə 2017-ci ildə "Elm və təhsil" nəşriyyatında çap olunub.

Şeirləri “Lerik ünvanlı duyğular” , “Zərif beytlərimiz”, “Lerikin söz ətri”, "Zərrələr" almanaxlarında, o cümlədən, Türkiyədə işıq üzü görmüş "Dünya" Türk ədəbiyyatı antologiyası, "Avrasiya" şairlər antologiyası, "Atəş-2016", "Türk seçkin Ozan və Şairləri", "Turana açılan könüllər", Sivas Yazarlar Birliyinin "Şairlər seçkisi 11", Aprel döyüşlərinə həsr olunmuş "Aprel döyüşləri", "Qarabağnamə" (1-2- 3-ci cildlər), "Anasız, Atasız dünya", "Sevmişəm sevəcəyəm" antologiyalarında və bir sıra nüfuzlu turan.info.az, Nyus.az, Analoq.az, zirve.info saytlarında, "Zirvə" İnformasiya Agentliyinin, Gündəlik informasiya agentliyinin internet portallarında da dərc olunub.

2014-cü ilin yanvarında Azərbaycan Yazıçılar Birliyinin sözçüsü şair Xəyal Rza tərəfindən həyata keçirilən “Bir bənd şeir” müsabiqəsinə qatılıb, müsabiqənin qalibi adını qazandığına görə AYB-nin fəxri diplomuna və mükafatına layiq görülübr. 31 Mart soyqırımına həsr olunmuş "Əbədi xatirəyə ədəbi baxış" müsabiqəsinin qalibi olub və həmin müsabiqənin "Əsrin Ziyalıları" fəxri diplomuna layiq görülüb. 2019-cu ildə AYTV kanalının keçirdiyi sorğuya görə "İlin şairi" elan olunub və xüsusi fəxri diplomla təltif olunub. Eyni zamanda, Nəsiminin 650 illik yubileyinə həsr olunmuş "Cahana sığmazam" almanaxında çap olunmuş şeirlərə görə "Nəsimi Poeziya Diplomu"na sahib olub.

2017-ci il Yanvar ayında Omedia.az saytının "Bir bənd şeir" müsabiqəsi layihəsində uğurlu nəticə göstərərək, müsabiqədə l yerin qalibi adını qazanıb. "Qızıl qələm" və "Azərbaycan Bayrağı" media mükafatları laureatıdır.

2020-ci ilin Yanvar ayında "Qafqaz-Media" İctimai Birliyi tərəfindən "İlhamlı Azərbaycan" döş nişanına, 15 İyun Milli Qurtuluş günü münasibəti ilə "Heydər Zirvəsi" medalına, həmçinin, QMİB-nin təsis etdiyi "Xarı bülbül" medalına layıq görülüb.

2016-cı ilin Oktyabr ayından Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2021-ci ilin May ayında Prezident Mükafatına layiq görülüb.

Ailəlidir, 3 oğul övladı var.

Biz də Mais Təmkinə yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

turan.info.az



BÜLBÜLÜM, UÇMA HAVADA

Həsrət, hicran ürək dəlir,
Nələr yoxmuş bu davada?
Ürəyimdən bir səs gəlir:
Bülbülüm, uçma havada!

Neçə arzum qalıb mələr,
Onu Tanrım özü bilər.
Güllələr bağrını dələr,
Bülbülüm, uçma havada!

Mərd oğula qıyan namərd,
Heç səninçün çəkərmi dərd?
Düşündükcə olursan pərt,
Bülbülüm, uçma havada !

Dünyanı yıxdı nadanlar,
Dönüb selə nahaq qanlar.
Keçib uçduğun zamanlar,
Bülbülüm, uçma havada.

Bir yaxşı bax asimana,
Bürünüb ahdan dumana.
Ürcah gələrsən yamana,
Bülbülüm, uçma havada !

Qəm-qüssələr qəddim əyir,
Odlanır, könlüm göynəyir.
Mais səni sevib, deyir:
Bülbülüm, uçma havada!


SƏNİN HƏSRƏTİNƏ AĞLAMADIM Kİ...

Səni ümidimə çox bələdim mən,
Sənə qovuşmağı hey dilədim mən.
Gözümlə arxanca su çilədim mən,
Sənin həsrətinə ağlamadım ki...

Sanki daş yerinə qoyub dərdimi,
Dedim, damla-damla oyum dərdimi.
Dərdimin dərdinə qıyıb dərdimi,
Sənin həsrətinə ağlamadım ki..

Kədər yanağımda göz yaşı qoydu,
Məni öz qəmimlə yanaşı qoydu.
Gündüzüm gecəmə başdaşı qoydu,
Sənin həsrətinə ağlamadım ki...

Sevincim ağladı gülən günümə,
Bu günüm daş atdı gələn günümə.
Sənin toyun düşdü ölən günümə,
Sənin həsrətinə ağlamadım ki...
Sənin həsrətinə ağlamadım ki !...


GEDƏK, GƏZƏK O DÜNYANI

Dərdimizə yoxdu havar,
Biz quzuyuq, dərd canavar.
Bu dünyada axı, nə var ?
Gedək, gəzək o dünyanı.

İnsanların üzü dönük,
Qohum-qardaş sənə sönük.
Bu dünyanın dərdi böyük,
Gedək, gəzək o dünyanı.

Düşmən dostdan seçilməyir,
Zəri pasdan seçilməyir.
Toyu yasdan seçilməyir,
Gedək, gəzək o dünyanı.

Çoxu qırır bir-birini,
,,Ölü" öldürür dirini.
Dost saxlamır, dost sirrini,
Gedək, gəzək o dünyanı.

Sönüb qəlbin arzu-kamı,
Gen dolanır səndən hamı.
Hər bir şeyin qaçıb tamı,
Gedək, gəzək o dünyanı.

Haram qarışıb halala,
Düzəlmir ki, ha malala.
Dözmək olmur, bu məlala,
Gedək, gəzək o dünyanı.

Gülün ətri güldən gedib,
,,Gümüş kəmər bel"dən gedib.
İsmət, abır əldən gedib,
Gedək, gəzək o dünyanı.

Düşüb Tanrının izinə,
Bəlkə görünək gözünə.
Çəkilib göyün üzünə,
Gedək, gəzək o dünyanı,
Gedək, gəzək o dünyanı!


DAĞLAR

Vətən keşiyində dayanan ərdi,
Xeyrə könül açar, şərə sipərdi.
Özü başdan-başa qızıldı-zərdi,
Aldanmaz nə qızıl, nə zərə dağlar.

Zirvədə qartalın zəfər səsiylə,
Kəkliyin, turacın zümzüməsiylə,
Könüllər ram edən möcüzəsiylə,
Yaradıb hər yanda mənzərə dağlar.

O kimdi hüsnünə baxıb coşmadı,
Sevinci qəlbində aşıb-daşmadı?
Sirli qıfılbənddi, təcnis, qoşmadı,
Sığışmaz bir şeirə, qəzələ dağlar.

Bitib tükənməyən bir xəzinədi,
Hər yetən dərk etməz bu ecaz nədi.
Köksündə qayalar mərmər sinədi,
Bənzəyir can alan gözələ dağlar.

Yamyaşıl ağaclar solu, sağında,
Bir yeni dünya var hər bucağında.
Ömrümümün çiçəkli, güllü çağında,
Ruhumu yenidən təzələ, dağlar !


NƏ VAR?

Bəzən ürəksizi ürəyi anır,
Saflıqdan sıxılıb, halına yanır.
Hamının qəlbini qəlbi tək sanır,
Mənim ürəyimi almağa nə var?

Nə olsun, hər şeyi duya bilirəm,
Kim kimdir, nəçidir, guya bilirəm.
Yenə "xoş" yalana uya bilirəm,
Mənim ürəyimi almağa nə var?

Çox vaxt öz evimdə qonaq kimiyəm,
Gah göləm, gah təbi bulaq kimiyəm.
"Konfet"ə aldanmış uşaq kimiyəm,
Mənim ürəyimi almağa nə var?

Şahiddi bu yerlər, şahiddi göylər,
"Çor" deyən insana, min yol can söylər.
Yamanlıq edənə, yaxşılıq eylər,
Mənim ürəyimi almağa nə var?

Mənim saflığımı görüb gözünlə,
Təmkini ram etdin, şirin sözünlə.
Qoparıb sinəmdən, apar özünlə,
Mənim ürəyimi almağa nə var?
Mənim ürəyimi almağa nə var?


Səninçün

Yerişin, duruşun bir şahanədi,
Gəlirəm sevgidən dilə, səninçün.
Çiçək bəhanədi, gül bəhanədi,
Nəğmələr qoşuram gülə, səninçün.

Ömrümün, günümün xoş baharında,
Gözüm eşq bağında, qoşa narında.
Bütün sonaları su kənarında,
Səsləyib yığaram gölə, səninçün.

Al, mənim könlümü, al, əsir eylə,
Etdikcə dilini bal, əsir eylə.
Eşqin kəməndinə sal, əsir eylə,
Ömürlük qoy olum kölə, səninçün.

Eşqinlə, sevginlə zirvələr aşdım,
Bulaq tək çağladım, qaynadım, daşdım.
Sənə vurulmaqda demərəm çaşdım,
"Öl", desən, ölərəm belə, səninçün!


Hardan biləydim?

Mən elə bilirdim, sənin qəlbində,
Kimsənin yeri yox, məndən savayı.
Sənin ürəyinə girəndə bildim,
Orda neçəsinin demə, var payı.


Mən elə bilirdim, elə bilirdim,
Tək məni sevirsən ancaq, həyatda.
Gördüm neçəsini saxlayırsanmış,
"Sevən" ürəyində, sən - ehtiyyatda.

İncimə, xətrinə dəyməsin sözüm,
Çıxart ürəyindən, sən Allah, məni !
Bəlkə, bundan sonra rahatlıq tapam,
Yol vermə, sarsıda kədər, ah məni!

Sənin ürəyində yaşamaq mənə,
İnan, gülünc gəlir, inan, ar gəlir.
Orda neçəsi var, məndən savayı,
Onunçün, o ürək mənə dar gəlir.

,,Dərdindən ölürəm" mənə deyəndə,
Başında özgənin havası imiş.
Mən hardan biləydim, hardan biləydim?
Ürəyin xəyanət yuvası imiş !

Çıxart ürəyindən məni, sən Allah,
Gəl, sevgi bağçama boran gətirmə.
Gül əkə bilmədin sevda yolunda,
Barı, heç olmasa tikan bitirmə!


Mais TƏMKİN (1968) Harda vardır bu CƏNUBLU GÖZƏLdən?

Hörmətli jurnalist dostum,
gözəl xanım, AJB-nin üzvü
Səbahət İsmayılovaya
xoş arzularla


Gur axan bulaqdan, çaydan gözəldir,
Gözəl yaranıbdır, çünki əzəldən.
Nur saçan günəşdən, aydan gözəldir,
Harda vardır, bu Cənublu gözəldən?

Gözəllikdə mələklərin tayıdır,
Tanrının sevgidə haqqı-sayıdır.
İlahinin yer üzündə payıdır,
Harda vardır, bu Cənublu gözəldən?

Bal süzülər söhbətindən, sözündən,
Sevinc yağar, hər bir zaman üzündən.
Gen dolanmaz, sevənlərin gözündən,
Harda vardır, bu Cənublu gözəldən?

Aşiqinə min can alan nazı var,
Sevgisində güllər açan yazı var.
Səbahət tək elin gözəl qızı var,
Harda vardır, bu cənublu gözəldən?

Mais Təmkin
22.06.2019

turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: