15 noyabr 1961-ci ildə Şəmkir rayonundakı
Qasımalılar kəndində kolxozçu ailəsində doğulub.
1969-1979-cu illər Qasımalılar kənd orta məktəbini
ə'la qiymətlərlə bitirib, həmin ili də
Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun
(indiki Azərbaycan Texniki Universitetinin)
mexanika fakültəsinə daxil olub.
1984-cü ildə həmin fakültəni müvəffəqiyyətlə bitirib,
mühəndis-mexanik diplomuna layiq görülüb.
Bir müddət təsərrüfat sahəsində
və dövlət qulluğunda çalışıb.
Hazırda Rusiya Federasiyasının Udmurt Respublikasının
İjevsk şəhərində yaşayıb-yaradır.
3 uşaq atasıdır.
İlk şeiri hələ orta məktəbdə oxuduğu vaxt -
1978-ci ildə "Ulduz" rayon qəzetində işıqüzü görüb.
Gənclik illərində isə şeirləri respublikanın
müxtəlif mətbuat orqanlarında
və bir sıra ədəbi məcmuələrdə çap olunub.
Hazırda ilk kitabı nəşrə hazırlanır.
Yaxın günlərdə işıqüzü görəcək.
Biz də Aslan Şirəlioğluna yeni-yeni yaradıcılıq uğurları arzulayır
və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza
təqdim edirik.
turan.info.az
ŞƏMKİR
İldırım harayı, gurultu səsi,
Bulaq zümzüməsi, şırıltı səsi.
Qaqqıltı, cəhcəhə, pırıltı səsi,
Kökləyib-çaldığı ahəngdir Şəmkir!
Aranın bürküsü, dağların mehi,
Dərənin ilğımı, zirvənin zehi.
Axşamın alvızı, səhərin şehi,
Toxuyub-hördüyü çələngdir Şəmkir!
Aləm mat qalıbdır hüsnünə baxıb,
Odur ki, yolunda çox şimşək çaxıb.
Bir nakam sevginin ruhundan axıb,
"Dilqəmi" göynədən bir cəngdir Şəmkir!
Jalədir:- göz qoyub görənlər üçün,
Duyğudur:- qəlbini verənlər üçün.
Qeyrətdir, namusdur ərənlər üçün,
Qız-gəlin üzündə ruhəngdir Şəmkir!
Daim stoldadır çörəyi-duzu,
Bıçaqla oynayır bağçada quzu.
Yanır çil-çıraqla tale ulduzu:-
Elə bil bayramlıq fişəngdir Şəmkir!
Bir yanı dağlardır, bir yanı düzən,
Yoxuşdur, rəmədir ürəklər üzən.
Yalçın qayaların köksündən süzən:-
Bulaqdır, kəhrizdir, səhəngdir Şəmkir!
Daranır, bəzənir çəmən düzlərdə,
Gülüş dodaqlarda, fərəh üzlərdə.
Kiçik görünsə də kiçik gözlərdə,
Böyük ürəklərdə nəhəngdir Şəmkir!
Şöhrəti sığışmır bu yerə-göyə,
Baxıb öyünməsin, bəs, Aslan niyə?
Şəhərlər içində təkcədir, deyə,
Elə özü kimi qəşəngdir Şəmkir!
VƏDƏSİDİ
Könül, barxana tut, gedək dağlara,
Bahar: - gəl... gəl... deyir, çöl və'dəsidi!
Dərin yoxuşlardan axan çayların,
Şəlalə vaxtıdı, göl və'dəsidi!
Öpür sis qayanı, yarpız bulağı,
Önündə çökdürüb bənövşə dağı.
Əriyib nərgizin qırov yamşağı,
Şehli çəmənlərin lə'l vədəsidi!
Bir dərin kahada qalıyaq ocaq,
Bahardı... yağış da, qar da olacaq.
Çoxdan hamilədi çağala, ancaq,
Zırnıcın, zoğalın gül və'dəsidi!
Jalə təbəssümlə güləndə dən-dən,
Atəşlər içində üşünsün bədən.
O çöllər qızını dinlə ürəkdən,
Xınalı kəkliyin dil və'dəsidi!
Olub-keçənləri yada sal, yada,
Bəlkə xatirələr çatalar dada.
Aslan, nə tapmısan bu daş binada?
Get... çöldə-çəməndə öl, və'dəsidi!
31.03.2021.
YERDƏ
Dəyərin cındırdan ucuzdur, demək,
Libasın özündən baş olan yerdə!
Cürbəcür eynəklər vurma gözünə,
Kiprikdən yuxarı qaş olan yerdə!
Şəri-şamağası olsa da kalan,
Düzün qabağında acizdir yalan.
Nə vaxtsa gələcək yaza arxalan,
Dünya başdan başa qış olan yerdə!
Aslan, vüsal deyil hər çalınan toy,
Qəlblərin çənidir gözlərdəki noy.
Arada həsrətə ayaq yeri qoy,
Günün sevdiyinlə xoş olan yerdə!
BALA
İgidi xəstəlik, təsadüf qəza,
Sürünün gözünü qurd yeyir, bala!
Alimi savadı, xəsisi nəfsi,
Elin güvəncini dərd yeyir, bala!
Həyat səngiməyən dərddi-qadadı,
Çox şükür, yox onun yaxını-yadı.
Elin yağ-balını hər cür övladı,
Amma, dərd payını mərd yeyir, bala!
Aldanma tə'rifə, uyma alqışa,
Sığın öz kölgənə, Aslan tək yaşa.
Çox da bel bağlama dosta-tanışa,
Ağacı içindən qurd yeyir, bala!
AĞRIN ALIM
(Oğluma)
Əyrini, sivrini, çəpi bükməyə,
Ən yaxşı bələkdir göz, ağrın alım!
Vurub-dağıtmağa, kəsib-tökməyə,
Güllədən betərdi söz, ağrın alım!
Bağlayıb boynuna tale daşını,
Atır qəm gölünə fələk naşını.
Hələ yandırmamış böyür-başını,
Özünü yandırır köz, ağrın alım!
Yeri ayaq altı cındırın, çulun,
Qazancı qapazdır nökərin, qulun.
Çiliyi göz töksə zəhmətsiz pulun:-
Bir təhər səbr eylə, döz, ağrın alım!
Dön, bax:- xırdalanır Aslan tək sərt də,
Haqqlı da, haqqsız da, namərd də, mərd də.
Bəla gəlibdirsə... gələcək dərd də,
Özünü oda vur yüz, ağrın alım!
DAĞLAYAR
Könül, üzü dönsə qoca dünyanın,
Xəzana:- gəl, deyər, dağı dağlıyar!
Kəsənməz yolunu nə fəryad, nə ah,
İldırım dağıyla dağı dağlıyar!
Oraq-dəhrəsini götürər ələ,
Hər qapı dalında qurdurar tələ.
Saçını tökməmiş şamama hələ,
Soldurar qönçəni tağı dağlıyar!
Eh... ona nə var ki, istəsə əgər:-
Aslana bundan da betər əl çəkər.
Bütün verdiyini burnundan tökər,
Gözünün içində yağı dağlıyar!
SEVDİ
Mən də, dağ da vurulmuşduq Leyliyə,
Leyli də nə məni, nə dağı sevdi!
O, belə ərkliydi bilmirəm niyə:-
Nə yaşıl çəməni, nə bağı sevdi!
Düzüb təbəssümü gül camalına,
Vuruldu dünyanın sərvət-malına.
Ağladım eşqinə, yandım halına,
O, isə nə şehi, nə tağı sevdi!
Aslan, daşa döndü bir eşqin sonu,
Nəfsinin quluydu, qınama onu.
Özünü apardı şahlar fasonu:-
Nə bəyaz taleni, nə ağı sevdi!
30. 03. 2021.
YAVAŞ OL
A dizi qırılmış, dizinin altda,
Tapdayıb-əzdiyin candı, yavaş ol!
Sənə qoşulubdur hikkə də, xılt da,
Belim çığ-çığ oldu, sındı, yavaş ol!
Dərdim! Sevincimə qıfıl vurmusan,
O qıfıl dalında həyat qurmusan.
Çırtman da göz tökür, lap qudurmusan,
Bu kefin axırı qandı, yavaş ol!
Aslanı çökdürməz bu haray, bu ün,
Büdrəməz altında vurduğun yükün.
Qorx ki, üz döndərsin o, səndən bir gün:-
Ölümün meydanı gendi, yavaş ol!
TAPILMAZ
Bu şeir 1981-ci ildə "Azərbaycan gəncləri" qəzetində çap olunub
və ustad şair, rəhmətlik B.Vahabzadə ilə tanışlığıma səbəb olub...
Arxalıya dayaq olar hər yetən,
Arxasıza arxa duran tapılmaz!
Atalı uşağa:- can... deyər, gələn,
Yetimin halını soran tapılmaz!
Dünyanın taleyi olsa da girdə,
Dolamaq istəyər onu hər gədə.
Yetən bir söz qoşar kimsəsiz mərdə,
Arxalı namərdə batan tapılmaz!
İnsan olan kimsə bilməli bunu:-
Silinməz yazıdı həyat qanunu.
Tamah güc gəlməsə, ürək dostunu,
Bir tikə çörəyə satan tapılmaz!
Həmişə həsrətdir işığa kölgə,
Toz-torpaq öpəndə yaşar süpürgə.
Bəxtin nizamında pozulsa cərgə,
Dərdini dərdinə qatan tapılmaz!
Dünyaya bir anda milyon mərd gələr,
Milyonu gəlsə də, milyonu gedər.
Hər kəs mənliyini gözləsə əgər,
Namərd kölgəsində yatan tapılmaz!
İçində yüz sevin, öyün ha öyün,
Hər şeyi fanidir bu yerin, göyün.
Yesə ürəyini dərd löyün-löyün,
Götürüb o dərdi atan tapılmaz!
Ay Aslan, arxa ol özün özünə,
Nə olsun:- can... deyən çoxdur üzünə.
Qulaq as... aşikar deyirəm sənə:-
Yıxılsan, qolundan tutan tapılmaz!
BAŞINI DİK TUT, VƏTƏN ÇAĞIRIR!..
Məktəbə tələsən müəllimə qız,
Başını dik qaldır, vətən çağırır!
Vətənin umduğu sevgidir yalnız,
Başını dik qaldır, vətən çağırır!
Beşikdə yellənən "taxça" uşağı,
"Ninnini" axtaran "boxça" uşağı!
İnternat balası, bağça uşağı,
Başını dik qaldır, vətən çağırır!
Ey bənna, çəkici vur daşa yavaş,
El gedən yol-izə dağılmasın daş!
Sən də əlli tərpən dənizçi qardaş,
Başını dik qaldır, vətən çağırır!
Qalayçı, pinəçi, rəngsaz, sürücü,
Yalnız birlikdədir millətin gücü!
Ey bərbər, dayandır almaz ülgücü,
Başını dik qaldır, vətən çağırır!
Xəbərçi, xəbəri düz düzün üstə,
Həkim, "reseptləri" yaz dizin üstə!
İməkləyən uşaq, can verən xəstə,
Başını dik qaldır, vətən çağırır!
Ey vətən xaini, şərəfsiz insan,
Vətənə xidmətlə yüksəlir ad-san!
Bax, indi yuyacan "qanını yusan",
Başını dik qaldır, vətən çağırır!
Ey futbol oynayan, ey kəmənd atan,
Ey ruzi axtaran, ey çörək satan!
Ey toyu çalınan, əhdinə çatan,
Başını dik qaldır, vətən çağırır!
Ey vətən torpağı, ey vətən daşı,
Sevgini balanla böl və tən daşı!
Sən... Azərbaycanın sən vətəndaşı,
Başını dik qaldır, vətən çağırır!
Ey yurdsuz-yuvasız sarı bülbülüm,
Qoyma tikanlara sığınsın gülüm!
Səngiyən ocağım, soyuyan külüm,
Başını dik qaldır, vətən çağırır!
Soyuma ey tonqal, ey od, ey ocaq,
Sızlama ey qapı, ey künc, ey bucaq!
Beşiksiz ev-eşik, körpəsiz qucaq,
Başını dik qaldır, vətən çağırır!
Uduşu olmayan bir oyundur bu,
Bir gün durulacaq bu bulanmış su!
Ey gedən, ey gələn, ey yol yolçusu,
Başını dik qaldır, vətən çağırır!
Ey kankan, işini dayandıf görək,
Qazdığın bəs edər, gəl indi hörək!
Ey yağlı fəsəli, yavan duz-çörək,
Başını dik qaldır, vətən çağırır!
Qayaya söykənmiş palıd ağacı,
Çəmən qırqovulu, meşə turacı!
Bənövşəm, dünyaya baxma qıyqacı,
Başını dik qaldır, vətən çağırır!
Ey Murov, ey Xəzər, ey Kür, ey Araz,
Ey susmuş təlatüm, səngimiş ayaz!
Ey donmuş ədəb-ərk, küsmüş işvə-naz,
Başını dik qaldır, vətən çağırır!
Dəmirçi, kotançı, suçu, yer əkən,
Yollar inşa edən, binalar tikən!
Ey ərköyün uşaq, qırılsın hikkən,
Başını dik qaldır, vətən çağırır!
Canavar meşəni qıy ver, oyat sən,
Bağı yel oyatsın, dağı duman-çən!
Ey xəmir yoğuran, ey biçin biçən
Başını dik qaldır, vətən çağırır!
Mühəndis, mexanik, fəhlə, çilingər,
Əsgəri xidmətə qazılmış səngər!
Bu günkü məktəbli, sabahkı əsgər,
Başını dik qaldır, vətən çağırır!
Ey tacir, dayandır alver-bazarı,
Ey naxoş, sən də at dərdi-azarı!
Qibləm! Səcdəgahım! Şəhid məzarı,
Başını dik qaldır, vətən çağırır!
Hələ vaxtı deyil, can vermə xəstə,
Ölüm mələyindən mərhəmət istə!
Bir təhər səmtləşib dirsəyin üstə,
Başını dik qaldır, vətən çağırır!
Eşqin təcəssümü xarı bülbülüm,
Bülbülün büstünü əziz tut, gülüm!
Eşqi-məhəbbəti doğubdur zülüm,
Başını dik qaldır, vətən çağırır!
Muğamım... paklığım:- duyğu allahım,
Cəngim... döyüş marşım:- qeyrət silahım!
Şurum! Cahargahım! Yetim segahım!
Başını dik qaldır, vətən çağırır!
İgidim, ərənim, ağıllım, dəlim,
Əkinim, biçinim, kotanım, vəlim!
Ru'zim, bərəkətim, gövhərim, lə'lim,
Başını dik qaldır, vətən çağırır!
Ey cənab deputat, millət amalı,
Elin düşüncəsi, xalqın kamalı!
Günəşdən gizləmə o gül camalı,
Başını dik qaldır, vətən çağırır!
İlxısız yal-yamac, ovçusuz bərə,
Dağılmış yurd yeri, yanmış çəpərə!
Ey duman, ey çisək, ey dağ, ey dərə,
Başını dik qaldır, vətən çağırır!
Ey haqqa-divana qoyulmuş me'yar,
Əyilmiş əzəmət, çöysümüş vüqar!
Ey mənlik, ey namus, ey qeyrət, ey ar,
Başını dik qaldır, vətən çağırır!
Əs! Əssin Bayrağım, əs ey külək, əs,
Yalqızam... yol-izi kəs ey külək, kəs!
Boğulmuş hayqırtı, çiliklənən səs,
Başını dik qaldır, vətən çağırır!
Göynəyən fəryadım:- dağım-düyünüm,
Məqsədim, məramım, hadayım, ünüm!
Ey ağlar taleyim, ey qara günüm,
Başını dik aaldır, vətən çağırır!
Ey sənət sahibi:- pedaqoq, həkim,
Dövlətin əmrini oxuyan hakim!
Vətəndaş... Vətəndaş... lap olsan da kim,
Başını dik qaldır, vətən çağırır!
Dağın ətəyinə sığınmış qobu,
Kiməsə əyilmək... alçaqlıqdır bu!
Kül ilə oynama ey atəş, ey su,
Başını dik qaldır, vətən çağırır!
Ey kişi qeyrəti, ey qadın şalı,
Ey vətən sərvəti, ey vətən malı!
Ana harayına hazır olmalı:-
Başını dik qaldır, vətən çağırır!
Baba nəsihəti, nənə nağılı,
"Dəli" sərgüzəşti, alim ağılı!
Amal bir olmasa birlik dağılı...
Başını dik qaldır, vətən çağırır!
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.