Elçin Dönməz (1966)

Elçin Dönməz (1966) Elçin Dönməz (Elçin Ələkbər oğlu Qədirov) 15 avqust 1966-cı ildə
Qəbələ rayonundakı Sileyli kəndində ziyalı ailəsində dünyaya gəlib.
Mingəçevir Politexnik Texnikumunda təhsil alıb.
Orta məktəb illərindən şeirlər yazır.
“Qəbələnin səsi” Şairlər ictimai birliyinin üzvüdür.
Şeirləri 2007-ci ildə ”Qəbələnin səsi-2”, 2017-ci ildə “Qəbələ - Könül dünyamız” adlı bədii almanaxlarda nəşr olunub və vaxtaşırı olaraq “Qəbələ “ və “Həkəri” qəzetlərində dərc edilir.
Elçin Dönməz hazırda Qəbələ şəhərində yaşayır. Ailəlidir.

Sənə qalmaz

Ürəyimə axır axıtdığın yaş,
Axar çaylar kimi yaş sənə qalmaz.
Cavanlıqda dəyib ayağına daş,
Daha qocalmısan daş sənə qalmaz.
*
Əzəldən zamanın hökmü beləydi,
Bülbülün bağrı qan meyli gülədi.
Mərdin çiynindəki ağır şələdi,
Namərdin verdiyi aş sənə qalmaz.
*
Əgər verilsəydi sənətə qiymət,
Yaşardı sənətkar ölməzdi sənət.
Dönməz, aç sirrini nur saçsın zülmət,
Demə dilini kəs baş sənə qalmaz.

Nə var ki

Aldanma dünyanın simu zərinə,
Saxla tamahını zərdə nə var ki.
Bir yanım xeyirdi, bir yanım şərdi,
Xeyirlə qoşadı şərdə nə var ki.
*
Gəzib dolaşsanda cümlə cahanı,
Alsan da əlinə Cəmşidin camın,
Sevinci bölməyə hazırdı hamı,
Dərd özü gələcək, dərdə nə var ki.
*
Nədən inləməsin qəlbimdə kaman,
Əyilib tərəzi dağılıb nizam.
Elə ki gün çıxır çəkilir duman,
Yavaş-yavaş qalxır pərdə nə var ki.
*
Qocalsan öyrətmə əlin əsaya,
Gəl tutma qumardan özünə maya.
Hirslənib çırpsanda nərdi masaya,
Titrəyən əlindi zərdə nə var ki.
*
Necə alovlanıb yanmasın ürək,
Asan qazanılmır bir tikə çörək.
Mən Elçin Dönməzəm eldə şair tək,
Yazdığım qəzəldə, şeirdə nə var ki.

Ana

Gözlərin görməyir o gül cöhrəni,
Kim çəkdi sinəmə bu dağı Ana.
Kimlərə tapşırıb gedirsən məni.
Oyan, oğlun gəlib qonağın Ana.
*
Gəzib dolaşıram bağçanı-bağı,
Kimsəsiz qalıbdı evin, otağın.
Bəs hanı, hardadı cənnət qucağın,
Üzü nə soyuqmuş torpağın, Ana.
*
Qoymadın doyunca görüm üzünü,
Qoymadın doyunca öpüm üzünü.
Gedərkən demədin ürək sözünü,
Hardan sorum indi sorağın, Ana.
*
Səni tez apardı amansız əcəl,
Barı bicə dəfə evimizə gəl.
Qaldığın otaqda yer salım dincəl
Qoy yenə mən ovum ayağın Ana.
*
Başıma çəkərdin yumşaq əlini,
Həmişə oxşardın ipək telimı.
Allah, necə qırdın mənim belimi,
Sən idin evimin dayağı ,Ana.
*
Təbiət yas tutur yağdırır yağış,
Olubdu baharın boranlı bir qış.
Mənim də ömrümə bir şey qalmamış,
Mənə dar görünür otağın, Ana.
*
Eh deyib qəfildən getdin özündən,
Can verən sən idin canı çıxan mən.
Dönməzəm, çox çəkdim ah, nalə, sitəm
Yudum göz yaşıyla torpağı, Ana.

Gözlər

Qıyqacı-qıyqacı baxır üzümə,
Məni heyran edir badamı gözlər.
Ovudur könlümü şirin sözüylə,
Qəlbinə od salır adamın, gözlər.

*Dəyişir gözümdə bütün aləmi,
O gün unudaram kədəri, qəmi.
Bu dustaq könlümü deyin yenəmı,
Satmaq istəyirsən yadamı gözlər.

*Sevda yolçusuyam əzəldən bəri,
Xəyalım dolaşır kəndi, şəhəri.
Sileyli Elçinin nazlı dilbəri,
Bəs deməzmı, gəl al qadam,ı gözlər?!

Qəbələ qızı

Ala gözlərini görəndən bəri,
Eşqim oda yanar,Qəbələ qızı.
Əsər ürəyimin incə telləri,
Qəlbim səni anar, Qəbələ qızı.

Yaman dilavərsən, dəymədüşərsən,
Hurisən, mələksən, yoxsa bəşərsən.
Nə deyim ki sənə məndən küsürsən,
Küsmə məndən ey yar ,Qəbələ qızı.

Qara tellər tökülübdür belinə,
Külək əsir şana çəkir telinə.
Vurulmuşam şirin-şirin dilinə,
İncə belli nigar, Qəbələ qızı.

Ləbləri piyalə, getmə xəyalə,
Yanaqları lalə, düşmə məlalə.
Qoy yetim vüsalə, çatım kamalə,
Gəzmə məndən kənar, Qəbələ qızı.

Mən sənin eşqinlə məhəbbətimlə,
Dönməzəm bağlıyam dəyanətimlə.
Elimə,yurduma sədaqətimlə,
Yazıram mahnılar, Qəbələ qızı.

Elçin Dönməz,
turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: