İladi Öməroğlu: "Baş açmıram bu fələyin oynundan!.."

İladi Öməroğlu: "Baş açmıram bu fələyin oynundan!.." Şair İladi Ömər oğlu Orucov 1948-ci ildə Ulu Borçalıda, Başkeçid rayonunun Qızılkilsə (Dəmirçi Həsənli) kəndində anadan olmuşdur.
O, 1966-ci ildə Qızılkilsə kənd orta məktəbini bitirmiş və Gəncə Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdur.
1971-ci ildə təhsilini başa vurub Borçalıya qayıtmışdır.

İladi Öməroğlu öz ixtisası üzrə bir neçə məsul vəzifələrdə çalışmışdır.

O, işlədiyi müddətdə doğma elinə, təbiətə, meşələrə, dağlara, müqəddəs yerlərə, o, yerlərin insanlarına daha çox bağlanmışdır.
Bu bağlılıq, bu sevgi onu bədii yaradıcılığa həvəsləndirmişdir. Qələmə aldığı şeirləri onun Vətənə, təbiətə nə qədər vurğun olduğunun daha bir əyani sübutudur.

O, daha çox gəzib-qolaşdığı şehli, güllü-çiçəkli Əyriqardan, Qır dağından, Şindi dağından və bu dağlardan süzülüb gələn saf bulaqlardan yazmışdır.

Həm də İladi Öməroğlunun başqa səpkili şeirlər, lətifələr, bayatılar kitabları da işıq üzü görmüşdür.

Onun yazmış olduğu “Başkeçiddə Qızılkilsə kəndi” kitabı “Qızıl qələm” mükafatına layiq görülmüşdür.

Demək olar ki, İladi Öməroğlunun bu vaxta kimi on üç kitabı çapdan çıxmış, iki kitabı isə çapa hazırdır.

İladi Öməroğluna uzun ömür cansağlığı və yeni-yeni uğurlar arzulayırıq.

Əziz oxuçular ! İndi isə İladi Öməroğlunun bir neçə şeirini sizlərə təqdim edirik.

turan.info.az



BORÇALIM

Canım-gözüm, ey vətənim Borçalım,
Sənə qurban bir canı da borc alım.
İstəyirdim qucağında qocalım,
Məcbur olub aralandım qoynundan.

Sənsiz çıxmır səsim-ünüm harayım,
Gündən-günə sökülür can sarayım.
Arzum budur sənlə keçsin hər ayım,
Anam kimi qucaqlayım boynundan.

İladiyəm, hər yanını gəzmişəm,
Gülüstansan, körpəlikdən sezmişəm.
İntizardan, qəm-hicrandan bezmişəm,
Baş açmıram bu fələyin oynundan!


BORÇALININ TORPAĞI

Cənnət kimi məkandı,
Uca dağdı, arandı
Ləl-cəvahir, mərcandı,
Borçalının torpağı!

İgid oğul yetirib,
Min cür fidan bitirib.
Sevinc-şadlıq gətirib,
Borçalının torpağı!

Qədimlərdən ad-sanlı,
Şair Nəbi ünvanlı.
Emin ağa dastanlı,
Borçalının torpağı!

Nərimanlı, Şaiqli,
Rəşidli, həm Faiqli,
Oğlu-qızı layiqli,
Borçalının torpağı!

İladiyə Vətəndi,
Ərənlərə məskəndi.
Bağ-bağçadı, gülşəndi,
Borçalının torpağı!


BAŞKEÇİD

Əskik olmur yağış-yağmur, dumanın,
Könül açır çəmən-çölün, ormanın.
Kef yeridi, yaylaqlardı hər yanın,
Ey Sərxanlı, Əyriqarlı Başkeçid!

Qarapapaq yeri-yurdu, məskəni,
Qəhrəmanlar, mərd-igidlər vətəni.
Doğruluğun-düzgünlüyün mədəni.
Əhd-ilqarlı, etibarlı Başkeçid!

Tarixlərə, dastanlara iz salan,
Körpəsi də aşıq sevib, saz çalan,
Dədəm Qorqud yadigarı sayılan
Dağ vüqarlı – iftixarlı Başkeçid!

Aydan arı, sudan duru qadını,
Karvan çəkməz kişilərin adını.
Yaxşı tanı yaxınını-yadını,
Yaranışdan namus-arlı Başkeçid!

Havan-suyun can dərmanı-məlhəmdi,
Bulaqların abi-kövsər, Zəmzəmdi,
Qoca Şindin Tur dağına həmdəmdi,
Bağça-barlı, dövlət-varlı Başkeçid!

Qirxa çatıb sayı bizim ellərin,
Çoxdu sənin gur çayların, göllərin.
Ətir şaçır çiçəklərin-güllərin,
Dağlarındı başı qarlı, Başkeçid!

İladiyə açıq olsun qucağın,
Hey görünsün oğlun-qızın, qonağın.
Kəsilməsin toy-düyünün, yığnağın,
Əzəlindən dostlu-yarlı Başkeçid!


ALLAHIM!

İbrahimi sən qurtardın zillətdən,
Alov içi fərq etmədi cənnətdən.
Bütpərəstlər donub qaldı heyrətdən,
Biz bələdik qüdrətinə, Allahım!

İsmayılla anasına bir anda,
Su çıxardın səhrada – boş məkanda.
Səninkidir nə varsa da cahanda,
Kərəm eylə hümmətinə, Allahım!

Peyğəmbəri sən eylədin möhtəşəm,
Möcüzəsi Quran oldu – müəzzəm*.
İladi də şükür edir müntəzəm,
Verdiyin hər nemətinə, Allahım!




DAĞLARIN

Elə bir andaca yaranmayıbdı,
Buludlarla birgə dayanmayıbdı.
Bir gündə al-əlvan boyanmayıbdı,
Gör nələr çəkibdi başı dağların!

Zəlzələ olubdu, vulkan püskürüb,
Tufanlı-boranlı çox günlər görüb.
Acılı-şirinli dövranlar sürüb,
Nə bilir qədrini naşı dağların!

İladi dağların divanəsidi,
Yolunda can yaxan pərvanəsidi.
Nuhun axtardığı dürdanəsidi,
Bilən yox neçədir yaşı dağların!
___________
*- böyük, mühüm



ANAMDAN SEVİMLİ KİMİM VAR MƏNİM

Uzun gecələri oyaq qalıbdı,
Məni ovundurub, layla çalıbdı.
Buludtək dolanda könlüm alıbdı,
Anamdan sevimli kimim var mənim!

Yanınca yeridib, tutub əlimi,
Gündə danışdırıb, açıb dilimi.
Tanıdıb yurdumu, oba-elimi,
Anamdan sevimli kimim var mənim!

Ocağa əl vurma, yandırar deyib,
Qışın buzu-qarı dondurar deyib,
Namərdə baş qoşma qandırar deyib,
Anamdan sevimli kimim var mənim!

Dastanlar söyləyib, deyib bayatı,
Ağlıma salıbdı Qırat, Bozatı.
Anladıb dünyanı – gözəl həyatı,
Anamdan sevimli kimim var mənim!

Bildirib düşməni, dostu-tanışı,
Yelləri, selləri, yağmur-yağışı.
Şair İladiyə verib alqışı,
Anamdan sevimli kimim var mənim!


DƏDƏM QORQUD SÖZÜ

Vurğunuyam mən Dədəmin özünün,
Qopuzunun, söhbətinin-sözünün.
Parçasıyam oçağının-közünün,
İstərəm ki, od-alovu sönməsin.

Harada var Oğuz yurdu-diyarı,
Çox böyükdü Qorqud sözü, əyarı.
Sözdən quraq qala bürcü-hasarı,
İdrakda da bizi kimsə yenməsin.

Qarabağda biz qoymayaq bir dürək,
“Ayğırgözlü suyunda” at üzdürək.
Düşmənlərin gözündən yaş süzdürək,
Onlar bir də qarşımızda dinməsin.

“Başa qaxınc, üzə toxunc olmayaq”,
“Qarğı kimi saçımızı yolmayaq”
Söz verdiksə, onu yerə salmayaq,
“Kişi gərək dediyindən dönməsin.”

Dədəm pirdi türkün oba-elində,
Çox sözü var hər xalqın da dilində.
Uca tanrım, İladinin qəlbində
Qorqud eşqi aşıb-daşsın, senməsin!


BİZİMDİ!

Mən deyim, sözümə yaxşı qulaq as,
Bizimdi Fərqanə, bizimdi Talas.
Cümlə Türküstanın ellərdi xas,
Yarkəndlə Urumçi, Kaşqar bizimdi.

Qaraqum, Qızılqum, Təklə-Məkandı,
Qazax çölləridi, Mildi, Muğandı,
O Taylı, Bu Taylı, xalqa əyandı,
Azərbaycan adlı diyar bizimdi.

Gözəldi Urmiyə, Balxaş, həm Xəzər,
Göyçə gölü olub dillərdə əzbər.
O Göy-Göldən verir mələklər xəbər,
Kür, Araz kimi də çaylar bizimdi.

Tanrı dağı, Altay, Qafqaz, Savalan,
Babamız yaylağı olub hər zaman.
Heydərbaba bizə müqəddəs məkan,
Əyriqar, Alagöz, Qoşqar bizimdi.

İladi olubdur türkün heyranı,
Qorqudun kitabı, dərdin dərmanı.
“Alpamış”, “Koroğlu”, “Manas” dastanı-
Ulu Türküstanda nə var, bizimdi!


QAYIDAM…

İstərəm baş çəkəm Ötükənə mən,
Dəmir libas geyib, keçəm Çinə mən.
Orxonda dayanıb quram binə mən,
O dədə yurduna dönəm, qayıdam!

Altay dağlarına seyrana çıxam,
Dəmir dağ əridəm, bir yana çıxam.
Boz qurdla bərabər meydana çıxam,
Yenə düşmən varsa, yenəm, qayıdam!

Uyğur sorağıyla düşəm yollara,
Baş çəkəm Yarkəndə, gedəm Kaşqara.
Tyan-Şanda düşsəm borana-qara,
Karaşar, Turfana enəm qayıdam!

Yeddisu deyilən məkanı gəzəm,
Yeddi çay eşqinə nəğmələr düzəm.
Yayın istisində Balxaşda üzəm,
O səmənd atlara minəm qayıdam!

Sonra üz tutam böyük Turana,
Xəzər dənizinə - Azərbaycana.
İladiyəm, çatam arzu-gümana,
Qarsda, İstanbulda dinəm qayıdam!


ZƏLİMXAN DEDİ…

Yenə yada saldım başımın tacın,
Tapmadım dərdimin dərman-əlacın.
Altına gedəndə “yaşıl ağacın”.
Yarpaq pıçıldayıb Zəlimxan dedi,
Bəs niyə görünmür o insan dedi!

Yolu tutub getdim dağlara sarı,
Gördüm çəmənləri, zirvədə qarı.
Onlar da eylədi qəmi-qübarı,
Göylər guruldayıb Zəlimxan dedi,
Hanı söz mülkündə xan-sultan dedi!

Sınıq körpüdən də keçən zamanı,
Gəldi Borçalıdan kədər karvanı.
Xramçay kövrəlib, etdi amanı,
Sular şırıldayıb Zəlimxan dedi!
Onsuz dözəmmirik bircə an dedi.

Duyan könüllərdə yeri-yurdu var,
Bütün türk dünyası onu soraqlar.
Bakıda əsdikcə xəzri, gilavar,
Külək uğuldayıb Zəlimxan dedi,
Olmuşuq nigaran-pərişan dedi.

Aşıqlar oxudu şair sözünü,
Mən gördüm xalqımın yaşlı gözünü.
İladi ellərə tutub üzünü,
Yanıb-sızıldayıb Zəlimxan dedi,
Gəlməz bu dünyaya belə can dedi!


UTANMAZMI SƏNƏ GÖZƏL DEMƏYƏN!

Gözəllərin sultanısan-şahısan,
Sən göylərin günəşisən, mahısan.
Çəməndəki ceyran-cüyür, ahusan,
Utanmazmı sənə gözəl deməyən!

Qırmızıgül qönçəsidir dodağın,
Şölə verib, can yandırır yanağın,
Şair deyil, alıb sənin sorağın,
İlhamlanıb qoşma-qəzəl deməyən!

Canındadır ən təmizi bəyazın,
Bir nəğmədir İladiyə avazın.
Allah versin bəxt-qismətin-murazın,
Ölsün sənə cəvahir-ləl deməyən!


GÜLƏ BİLMİRƏM

Yoxdu bərabəri səntək dilbərin,
Tanrım çox göstərib səndə hünərin.
Məni məftun edib qara gözlərin,
Görəndən özümə gələ bilmirəm.

Səndə insaf-mürvət, zalım, qalmayıb,
Sənə vurulandan halım qalmayıb.
Sifətim saralıb, alım qalmayıb,
Dərdimi heç kimlə bölə bilmirəm.

Qəlbimi qəm-kədər oyandan bəri,
Baxmırsan bir dəfə o yandan bəri.
İladiyəm, sənə uyandan bəri,
Ürəkdən danışıb gülə bilmirəm!


OLDUM…

Gəzməyi öyrəndim dərdin çölündə,
Üzməyi öyrəndim dərdin gölündə.
Çarəsiz qalmışam onun əlində,
Dərdi çəkə-çəkə bağrıqan oldum.

Yüz dəfə yenildim dərd meydanında,
Nökərə çevrildim dərdin yanında.
Yolumu itirdim dərd ormanında,
Dolanıb-dolanıb sərgərdan oldum.

Dərd bağım bar verdi, yağsa da dolu,
Hələ gələn ilə çatdı məhsulu.
Fələk yaman hala saldı bu qulu,
Dərd dəni üyüdən dəyirman oldum.

İstədim dincələm, rahatca yatam,
Sevinib arzuya-murada çatam.
Ömrümə-günümə şirinlik qatam,
Dərd yükü daşıyan bir karvan oldum.

Dərdin ucbatından bənzədim yaya,
İladiyəm, yaşım çevrildi çaya.
Ölümlü-itimli fani dünyaya,
Gəldiyimə görə kor-peşman oldum!


ABŞERON

Xəzri, gilavarı var Abşeronun,
Yayılıb aləmə şöhrəti onun.
Çoxdu nefti, qazı-sərvəti onun,
Bir odlar yurdudu, hər yanı məşəl.

Həmdəmi-yoldaşı Xəzər dənizi,
Bakı sevimlisi, doğma - əzizi.
Çoxdur sinəsində tarixin izi,
Qədim binaları gözəldən-gözəl.

Mərdəkan, Ramana, o qız Qalası,
Abşeronun igid, məğrur balası,
Məscid-minarənin vardı əlası,
Sanki divarlarda gəzməyibdi əl.

Dillərdə əzbərdi bağçası-barı,
Ağ-qara şanısı, ənciri, narı.
İldə bir dəfəsə salıb güzarı,
Bakı bağlarında sən gedib dincəl.

Abşeron kəndləri mərifət kam,
İladi olubdu onlar heyranı.
Ədəb-ərkanlıdı hər bir insanı.
Muğam dinləyirlər, sevirlər qəzəl!


NAMƏRD ARTIRIBDI DƏRDİ-SƏR İNDİ

Təcnis


Dərilməz o meyvə, hələ ki, göydü,
Qonaq getmə kim ki, xəsisdi-göydü.
Onun içdiyi su, yediyi göydü,
Üzü, sümüyü də qaradı-qara!

Fitnəkar adamsa yarğan daşıdı,
Yaxşı oynatdığı gözlə-qaşıdı.
Ayaqlar altını qazdı, qaşıdı,
Qoy nəsib olmasın ona gor-qara*!

Namərd artırıbdı dərdi-sər indi,
İladi, sən onu yerə sər indi.
Çoxdandı arası bizlə sərindi,
Qəlbi soyuqluqda bənzəyir qara!


AŞIQ QARDAŞ!

Təcnis


Aşıq qardaş ya dağ olsun, ya da düz,
Sözünü de, misraları səfə düz.
Nəğmə oxu, dastan danış, söylə düz,
Ələsgərtək sən də coşub, sazı çal!

Gülşən deyil bu dünyamız bir kürə**
Nəsihət ver davakara, sən kürə.
Bənzə görək həm Araza, həm Kürə,
Zalımları selə verib, daşa çal!

______________
*- torpaq
**-dəmirçi ocağı

Koroğlu ol, qılınc, sazla min ata,
İgid gərək düşməninə ox ata.
İladiyəm, yenilməsin heç ata,
Tez olmasın şaç-saqqalı, başı çal!


ÇƏKİN

Təcnis


Bacarıb sən gözlə namusu-arı,
Sulardan duru ol, aydan da arı.
Çalışıb zəhmət çək, necə ki, arı,
Fitnədən-fəsaddan, günahdan çəkin!

Bağ-bağça yaradıb, ona çək barı,
Həmişə tər töküb, al bəhrə-barı.
Elə işlə-güclə məşğul ol barı,
Artsın el içində ad-sanın-çəkin!

Bais olma nahaq tökülən yaşa,
Şair İladiyə sən söylə yaşa.
Yoldaşla, soydaşla çatın yüz yaşa,
Vətəni düşünüb, xalq dərdi çəkin!


BİR YARA SARI

Təcnis


Oğulla-uşaqla sən saxla ara,
Hər sözü söyləmə, bax namus-ara,
Dünyanı dolanıb, dost-sirdaş ara,
Qalxıb gələn olsun hey sənə sarı.

Kimlər ki, ürəyə salır ləkə-çat,
Onları toplayıb, tez qol-qola çat.
Yoxsulun, məzlumun imdadına çat,
Dərdə əlac eylə, bir yara sarı!

Həyat yoldaşınla cüt – qoşa qarı.
Elə ol ki, versin alqışı, qarı.
Heç kimin başına yağdırma qarı,
İladi bənizi olmasın sarı!


YAZIQ O GÜLƏ Kİ, GÜLDƏN UZAQDI

Dodaqdəyməz


Gül gülün yanında gözəl görünər,
Qanqalın yanında heç nəyə dönər.
Ətri-iyi itər, xəstəlik yenər,
Yazıq o gülə ki, güldən uzaqdı!

Yar da yarı ilə şadlıqla qalar,
Yarından aralı rəng-ruhu solar.
O ceyran sınıxar, yarıcan olar,
Tənhadı, gəzdiyi çöldən uzaqdı.

Dərdli də dərdliyə yaxşılıq dilər,
Ağlasa, gözünün yaşını silər.
Şair İladi də çox çətin gülər,
Gör neçə ildi ki, eldən uzaqdı!


OLARSAN

Dodaqdəyməz


Gəl dünyadan azca şikayət eylə,
Deyilən sözlərə riayət eylə.
Nə yol-izindən çıx, nə qələt eylə,
Ululara oxşar insan olarsan!

Öyrət uşağını, düz de dərsini,
Xeyirxahlıq etsin, unutsun kini.
Öz canından artıq istəsin dini,
Onda ağıllarda qalan olarsan.

Danış igidlərdən - ər oğullardan.
Qazi, şəhidlərdən – nər oğullardan.
Şair İladidək sadiq qullardan,
Elindən “afərin” alan olarsan!


*BİR GÖZƏL ELDƏN GƏLMİŞƏM!

Toyları qara zurnalı,
Qızları əli xınalı,
Ayna gölləri sonalı,
Bir gözəl eldən gəlmişəm!

Havası-suyu tərtəmiz,
Xəyalı belə çox əziz,
İnsanları saf-gülbəniz.
Bir gözəl eldən gəlmişəm!

Süfrəsi ballı-qaymaqlı,
Aranlı-dağlı, yaylaqlı,
Büllur çeşməli-bulaqlı,
Bir gözəl eldən gəlmişəm!

Ulu Borçalı deyilən,
Adəmdən bəri öyülən.
Təkcə Tanrıya əyilən,
Bir gözəl eldən gəlmişəm!

Qocası qara külahlı,
Aşıq Kamandar, Əmrahlı,
Namus-qeyrətdən rifahlı,
Bir gözəl eldən gəlmişəm!

Şair Zəlimxan ünvanlı,
Qonaq-qaralı-mehmanlı.
Sinəsi nağıl-dastanlı,
Bir gözəl eldən gəlmişəm!

Xalqı insaf, mürüvvətli,
Torpağı bar-bərəkətli,
İladiyəm, mən şöhrətli
Bir gözəl eldən gəlmişəm.
O Çənlibeldən gəlmişəm!

KOROĞLUNUN QALASI VAR

Türkiyədə-Alosmanda,
Azərbaycan, Türküstanda.
Həm İraqda, Həm İranda,
Koroğlunun qalası var!

Borçalıda, o Dərbənddə,
Göyçə tərəf, Çüxursəddə.
Zəngəzurda – neçə kənddə
Koroğlunun qalası var!

Nəğmələri gəzir dildə,
Çənlibeldə, Çamlıbeldə,
Uzaq eldə, yaxın eldə,
Koroğlunun qalası var!

Dərələrin qaşında da,
Dağların lap başında da.
Yurdun qaya-daşında da,
Koroğlunun qalası var!

Ey İladi, ağıllarda,
Dastanlarda, nağıllarda,
Türk yaşayan hər diyarda,
Koroğlunun qalası var!


BİZ…

Tarixlərə salın soraq,
Türk oğludu Qarapapaq.
Soyu danmaq bizdən iraq,
Oğuzların şahpəriyik*.

Borçalıdı yurd-yuvamız,
Kimsəylə yox bir davamız.
Belə yazıb o Mövlamız,
Düşmənlərin qəhəriyik!

Qoymarıq ki, düşsün dara,
Can verərik dosta-yara.
İnanmırsan axtar-ara,
Ata-ana nökəriyik!

Qurbanıyıq elimizin,
Dil içində dilimizin.
Din içində dinimizin,
Ölənədək sipəriyik!

Bunu bilir hər gəncimiz,
Azərbaycan güvəncimiz.
Bu Vətənə bağlıyıq biz,
Həm də onun əsgəriyik!

İranda var yurddaşımız,
Türkiyədə qardaşımız.
Enən deyil heç başımız,
Ürəklərin təpəriyik!

Kəsilməyir qonaq izi,
Gen açırıq süfrəmizi.
Bəzəyirik bol-bol mizi,
Qonağın qənd-şəkəriyik!

Sazımızla - sözümüzlə,
Ocağımız - közümüzlə.
İş-gücümüz - özümüzlə
Hər vaxt dillər əzbəriyik!

__________
*-qanadın əsası
İladiyəm, yazdım əsər,
İgid olan kökə çəkər.
Aydınlıqdan verrik xəbər,
Parlayan Dan ülkəriyik!


ANA KİMİ, BACI KİMİ

Onlar bizə olub sirdaş,
Gəl endirək onlara baş.
Duyan varmı bizi, qardaş,
Ana kimi, bacı kimi.

Qaralanda al qanımız,
Ağrıyanda bu canımız,
Olan varmı həyanımız,
Ana kimi, bacı kimi.

Təqsirimizi bağışlayan,
Bizi başın tacı sayan,
Biri varmı, eylə bəyan,
Ana kimi, bacı kimi.

Yoxdu bizə “ha can” deyən,
Şənimizə dastan deyən.
Öz canını qurban deyən,
Ana kimi, bacı kimi.

Ana səsi, bacı səsi,
Tanrımızın bir müjdəsi,
İladinin yox kimsəsi,
Ana kimi, bacı kimi.


ALLAH ÖZÜ SAXLASIN

Bu vəfasız zamandan,
Nadürüstdən, yamandan.
Qəm-qüssədən, amandan,
Allah özü saxlasın!

Söhbətlərdən, sözlərdən,
Uğursuzdan, gözlüdən,
Utanmazdan, üzlüdən,
Allah özü saxlasın!

Şər-böhtandan, yalandan,
Dostu ələ salandan,
Şeytandan güc alandan,
Allah özü saxlasın!

Sağa-sola baxandan,
Canı oda yaxandan,
Hər sözə qulp taxandan,
Allah özü saxlasın!

Tamahı daş dələndən,
Şöhrət üçün öləndən,
İladiyə güləndən,
Allah özü saxlasın!


KƏRƏM EYLƏ!

“Yol daşını yol quşuna
Atma qardaş kərəm eylə”

Ş.İ.Xətai


Əsirgəmə sən köməyi,
Gəl incitmə bir ürəyi.
Vaxtından tez gül-çiçəyi,
Yolma qardaş, kərəm eylə!

Deyilsin xoş rəftarından
Qoy dolansın yar-yarınnan.
Biri quşu öz qatarından,
Salma qardaş, kərəm eylə!

Göstər hünər, qeyrətini,
Eldə qazan hörmətini.
Məzlumun pay-qismətini,
Alma qardaş, kərəm eylə!

Yaxşılıq et, bənzə ərə,
Baxma böhtan, baxma şərə.
Qara-qara fikirlərə,
Dalma qardaş, kərəm eylə!

İladi də deyir hər an,
İgidlərə canım qurban.
Zülm eyləyən zalımlardan,
Olma qardaş, kərəm eylə!


KİMSƏ GÖZƏL OLA BİLMƏZ

Qızıl-gümüş taxmaq ilə,
Vəsmə, xına yaxmaq ilə,
Süzgün-süzgün baxmaq ilə,
Kimsə gözəl ola bilməz.

Yeyib-içib bəslənməklə,
Bəzənməklə, süslənməklə,
Naz eyləyib səslənməklə,
Kimsə gözəl ola bilməz.

Uzatmaqla dırnağını,
Qızartmaqla yanağını,
Böyütməklə dodağını,
Kimsə gözəl ola bilməz.

Al-qumaşa bürünməklə,
Dəb dalınca sürünməklə.
Alabəzək görünməklə,
Kimsə gözəl ola bilməz.

İladiyəm, sözümdü cəm,
Bunu bilir bütün aləm.
Çalmayıbsa tanrı qələm,
Kimsə gözəl ola bilməz.


SARIDONLU QIZ EŞQİNƏ

“Qanturalı sarıdonlu qız eşqinə bir “hu” dedi...”
“Kitabi-Dədə Qorqud”


Gəl qınama məni, qardaş,
Bacarmaram döyüş-savaş.
Mən yazaram yavaş-yavaş,
Sarıdonlu qız eşqinə!

Çıxammaram elə uğra,
İstər öldür, istər doğra.
Yenəmmərəm buğa, buğra,
Sarıdonlu qız eşqinə!

Bacardığım tutaram mən,
Eşq ocağın çataram mən.
İladiyəm bataram mən,
Sarıdonlu qız eşqinə!

İladi ÖMƏROĞLU,
turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: