O, hələ kiçik yaşlarından saz-söz sənətinə meyl göstərmiş, əvvəlcə Saraçlı Aşıq İsmayılın şagirdi olmuş, sonra isə Borçalının azman sənətkarlarından olan Aşıq Quşçu İbrahimin, Saraçlı şair Hüseynin və Faxralı şair Nəbinin yanında kamilləşmiş, Şair Ağacandan, Qul Allahquludan, Aşıq Bayramdan və Borçalının başqa şair və aşıqlarından mükəmməl dərs almışdır. Elə o vaxtdan da el-el, oymaq-oymaq gəzmiş, Borçalıda, Göyçə mahalında, Dəmirqapı Dərbənddə, Bakıda, Naxçıvanda, Şirvanda, Muğanda, Qarabağda, Azərbaycanın daha bir sıra rayonlarında, Qırğızıstanda, Özbəkistanda, Türkmənistanda ağır məclislər yola salmışdır. Özünün hələ sağlığındaykən dediyi kimi, hər dəfə də məclis əhli ilə üz-üzə gələndə mənən cavanlaşıb. Necə deyərlər, yorğunluğu bir növ rahatlıq olub. Həmişə də 11 telli sazını sinəsinə sıxıb, «Aşıq el anasıdı, gərək həmişə elin içində olsun», - söyləyib. İstedadlı alim-jurnalist bacımız Şərəf xanım Cəlilli demiş, Aşıq Hüseyn on dörd şəyirdi ilə sazı sinəsinə sıxanda qışın qarında-boranında Qaraqayada gül bülbülü, bülbül gülü çağırırdı...
Ustad Aşıq Hüseyn Saraçlının on dörd şəyirdi olub. Onlardan Əhməd Sadaxlı, Məhəmməd Sadaxlı, Nürəddin Qasımlı, Sədi Ulaşlı, Aşıq Murad və b. el içində xüsusilə sayılıb seçilən aşıqlardandır.
Bəli, Allah ona - Ustad Aşıq Hüseyn Saraçlıya altı övlad vermişdi: üç oğlan - İsfəndiyar, Abbas, Əli; üç qız - Şəhriyar, Zərnigar, Mehriban… Amma 14 şəyirdinin heç birini doğma övladlarından ayırmazdı…
Aşıq Hüseyn Saraçlı, sözün əsl mənasında, yaradıcı aşıq-sənətkar idi. O, təkcə gözəl saz çalıb-oxuması və nəcmələr, şeirlər qoşması ilə deyil, həm də yeni saz havaları və dastanlar yaratmaqda, eləcə də həmin havaları ifa etməkdə və dastan danışmaqda da Azərbaycan aşıq sənətində əvəzsiz idi. Aşıq Hüseyn Saraçlı «Qızıl dastan», «Kərəm Burcoğlu» dastanlarını, «Bağdat dubeyti», «Qürbəti-Kərəm» və s. saz havalarını yaradıb. «Koroğlu» dastanının «Zərnişan xanımın Çənlibelə gətirilməsi» və «Bolu bəy və qoç Koroğlu» qolları ilk dəfə məhz Aşıq Hüseyn Saraçlı söyləməsində qələmə alınıb.
Görkəmli Xalq şairimiz, tanınmış professor Bəxtiyar Vahabzadə yazır:
«Bir neçə dəfə Aşıq Hüseyn Saraçlının söylədiyi dastanları dinləmişəm. Xüsusən Aşıq Ələsgərin Gəncə səfərini ustad aşıq elə bədii və obrazlı danışır ki, vəziyyət teatr tamaşası kimi gözümüzün qarşısında canlanır. Elə bil gözəl bir operaya baxırsan. Bu operanın rejissoru da o özüdür, dirijoru da, ifaçısı da, müşayiət edəni də. Eyni zamanda o, həm libretto müəllifidir, həm də bəstəkar.
Məsələnin əsl tərəfi aşığın danışığındakı deyim tərzindəki təbiilik və səmimilik, şirinlik və gözəllikdir. Onun dilindəki «Bizi borana qırdırma», «A çıran keçsin», «Ağzı qırqovullu gəlmisən», «Yel vurub yengələr oynayır», «Ağzımı boza vermə» kimi xalq deyimləri təbii olduğu qədər obrazlı, obrazlı olduğu üçün də dəqiqdir, təsirlidir».
Bu «Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya»-ya qədəm qoyan gündən şifahi xalq ədəbiyyatımızın söz xəzinəsinə öz töhfəsini bəxş edən Aşıq Hüseyn Saraçlı yüzlərlə şeir, qoşma, təcnis, gəraylı, müxəmməs, dodaqdəyməz, qıfılbənd və onlarla dastanın müəllifidir.
Aşıq Hüseyn Saraclıya 60 illik yubiley təntənələrində «Gürcüstanın Əməkdar mədəniyyət işçisi»** fəxri adı verilib
(**Aşıq Hüseyn Saraclı Borçalıda bu fəxri ada layiq görülmüş yeganə azərbaycanlı aşıqdır.)
Ustad sənətkarın tədqiqatçılarından olan Süleyman Əfəndi (Süleyman Süleymanov) sənətkarın yubileyi ərəfəsində onun haqqında bədii-sənədli kinofilmə ssenari yazıb Gürcüstan televiziyasının mavi ekranında aşığa şöhrət qazandırmış, həmçinin ustad aşığın hələ sağlığındaykən külliyyatını toplayıb ədəbiyyatşünas-alim, şair Əflatun Saraçlının redaktorluğu ilə «Yazıçı» nəşriyyatına təqdim etmişdir.
Şeirlərindən nümunələr «Çeşmə» (1980), «Dan ulduzu» (1987, 1989, 1990), «Ağır elli Borçalı» (Bakı, 1990; Ərzurum, 1996), «Aşıq Pəri məclisi. Aşıqlar. El şairləri» (Bakı, «Yazıçı»,1991) ədəbi məcmuələrində, «Azərbaycan» jurnalında və bir sıra dövri mətbuat orqanlarında, xüsusilə də «Cürcüstan» (əvvəllər «Sovet Gürcüstanı») və «Bolnisi» (əvvəllər «Qələbə bayrağı») qəzetlərində işıq üzü görmüş, «Mən», «Sazım», «Xalqımızın», «Olmaz-olmaz», «Gözəldir» və s. kimi şeirləri neçə-neçə illərdən bəri dillər əzbəri olan ustad sənətkarımız Aşıq Hüseyn Saraçlının ilk kitabı - «Şeirlər, söyləmələr» nəhayət ki, yalnız ölümündən beş il sonra, 1992-ci ildə Bakıda «Yazıçı» nəşriyyatı tərəfindən oxucuların ixtiyarına verilmişdir.
Redaktorun «Ön söz»də qeyd etdiyi kimi, bu kitab ustadın yaradıcılığını tam əhatə etməsə də, mərhum sənətkarın sənət xəzinəsindən insanlara yadigar qalmış bir çələngdir. Qocaman el sənətkarının qoşma, gəraylı, divani, müxəmməs və deyişmələriylə yanaşı, onun el-oba məclislərində, şənliklərdə, radio və televiziya verilişlərində söylədiyi qaravəllilərin, maraqlı əhvalatların və folklorumuzun incilərindən sayılan dastanların da daxil edildiyi həmin çələng ustadın «Addanıram mən» şeiri ilə açılır:
Əlimə alanda sədəfli sazı,
Elə bil səfərə atdanıram mən.
Gah Koroğlu kimi çəkirəm nərə,
Gah da Kərəm kimi oddanıram mən.
Arzular ürəkdə qol-qanad atır,
Nəğməli sinəmdə yüz dastan yatır.
Elə ki sevənlər muraza çatır,
Sevincə bürünüb şaddanıram mən.
Əzəldən bir şirin dilə vuruldum,
Sazımda səslənən telə vuruldum.
Bu doğma obaya, elə vuruldum,
Hüseyn Saraçlı addanıram mən.
Kitabdan da göründüyü kimi, ustad sənətkar təkcə klassik aşıq poeziyasının ifaçısı deyildi, o, həm də bir çox gözəl, oynaq, axıcı, təsirli qoşmalar, gəraylılar, müxəmməslər müəllifi idi. O, bu Zirvəyə heç də asanlıqla nail olmadığını, bu Zirvəyə qalxan yolların, xüsusilə də sənət və zəhmət yollarının çətin, mürəkkəb və müxtəlifliyini öz şeirlərində dönə-dönə vurğulayır:
Aman lələ, tanıyıram yolları,
Bu yol mənə ərən yolu, ər yolu.
Biri xeyrə, biri şərə çağırar,
Allah yolu, iblis yolu, şər yolu.
Nəyə lazım sandıq dolu xəzinə?
Qızıl üstə qızıl ilan gəzinə.
Mən düşmüşəm həqiqətin izinə,
Gərək deyil sərvət yolu, zər yolu.
Hər bir kəsin əməli var, işi var,
İştahı var, tamahı var, dişi var,
Aşiqlərə meydan verən kişi var,
O göstərər bəndəsinə hər yolu.
Saraçlıyam, yaralarım bitişər,
Can bağında şux bülbüllər ötüşər.
Bir gün gedib Yaradana yetişər,
Sənət yolu, zəhmət yolu, tər yolu.
Aşıq Hüseyn Saraçlı daha sonra isə özünü oxucuya belə təqim edir:
Məni ulu dərgahına çağıranda ol Xuda,
Dedi, gərək qonağını dilləndirə, oxuda,
Ağam gəldi, mətləb aldım, mətləb verdim yuxuda,
Məhəbbətin dəftəriyəm, sevginin kitabıyam.
Doğma elim Borçalıdı, Saraçlı kəndim mənim,
İtməz huşum, çaşmaz ağlım, pozulmaz zəndim mənim,
Telli sazdı uçmaz qalam, dağılmaz bəndim mənim,
Özüm ulu, yaşım qədim, min ilin hesabıyam.
Bu, eləcə də «Dünyada», «Görmüşəm», «Gərək», «Sayır» və s. şeirləri Aşıq Hüseyn Saraçlının sözün əsil mənasında layiqli sənətkar - saz-söz ustası olmasını sübut edir. Şair-aşığın xalq ruhlu bu qoşmalarında, gəraylılarında, müxəmməslərində saza, sözə hörmət, el-obaya, insanlara məhəbbət, yurd sevgisi, vətənpərvərlik və dostluq duyğuları həvəslə tərənnüm olunur.
Aşıq Hüseyn Saraçlı doğma Borçalımızın dünənini və bu gününü, sevincini və kədərini, acrı və acılarını, burada yaşayan yurddaşlarımızın, vətənpərvər və qonaqpərvər soydaşlarımızın tarixi qəhrəmanlıqlarını böyük bir poetik ustalıqla qələmə alır, sanki bir rəsam fırçası ilə Borçalımızın əsrarəngiz gözəlliklərinin rəsmini çəkir:
Qan-qan deməz, can-can deyər, dosta verər canını,
Dodağımda çiçək açıb, dilimdədi Borçalı.
Min illərdi ürəyimdə yaşadıram saz kimi,
Barmağımda, mizrabımda, telimdədi Borçalı.
Tarix yazan mürəkkəbdi, dastan yazan qələmdi,
Sevinci az, kədəri çox, daşıdığı ələmdi,
Bu yollarda mən Kərəməm, o da mənim Lələmdi,
Ocağımda, atəşimdə, külümdədi Borçalı.
Gör nə qədər odu sönmüş odumdan od apardı,
Dəyişdirdi adımızı, adımdan ad apardı,
Mən səpdim, mən becərdim, mən biçdim, yad apardı,
Başı üstə zalımlar var, zülümdədi Borçalı.
Ağrılarda, azarlarda canı sökülüb gedir,
Zamanından tez qocalır, qəddi bükülüb gedir,
Ovcumuzda tutammırıq, qumtək tökülüb gedir,
Ürək edib deyəmmirəm, əlimdədi Borçalı.
Quranın ayəsi kimi müqəddəsdi, müqəddəs,
Hər gün Borçalı deyir içərimdən gələn səs,
Aşıq Hüseyn Saraçlıya həmi candı, həm nəfəs,
Dua kimi axşam-səhər, dilimdədi Borçalı.
Klassik aşıq poeziyasında olduğu kimi, aşıq Hüseyn Saraçlıda da sevgi, məhəbbət motivləri güclüdür. Məhəbbətsiz həyatın boş və mənasız olduğunu başa düşən sənətkar həmişə öz dinləyicilərini sevgi, məhəbbət yolunda hər cür əzab-əziyyətə qatlaşmağa çağırardı. Onun «Gəlmədin» müxəmməsində, eləcə də «Yenə», «Gələrəm», «Gəlmədin» və s. kimi qoşmalarında daim insanı ucaldan məhəbbət duyğuları aydın görünür.
Məhəbbət dərdinə dərman diləsə,
Məcnun tək dağları gəzərəm yenə -
- deyən ustad sənətkar oda düşüb atəşlərdə yansa belə, bu haqq yolundan əl çəkməyəcəyini söyləyirdi. O, məhəbbətə, gözəlliyə Məcnun tək vurulduğunu «Gələrəm» rədifli qoşmasında belə bildirirdi:
...Doymamışam məhəbbətdən, gözəldən,
Gözəlliyin aşiqiyəm əzəldən.
Payız vaxtı üşüyəndə xəzəldən,
İsinməyə ocağına gələrəm.
Saraçlıyam, talasan da canımı,
Atəşlərə qalasan da canımı,
Cəllad olub sən alsan da canımı,
Cənnət deyib qucağına gələrəm.
Ustad aşığın «Görmüşəm» şeirində isə oxuyuruq:
Yoxdur əzəlindən ömrün vəfası,
Çox boşalıb, çox da dolan görmüşəm.
Əlvan bənövşəli, laləli, çöllü,
Xəzəl olub birdən solan görmüşəm.
Aşıq Hüseyn Saraçlının «Olmaz-olmaz» sərlövhəli şeiri neçə illərdir ki, Borçalı gənclərinin təlim-tərbiyyəsinə əhəmiyyətli dərəcədə böyük təsir göstərir:
Halal tut mayanı həmişə, oğul,
Haramlıqla dövlət-mal ola bilməz.
Əyri gözlə baxsan özgə şanına,
Boş qalar pətəyin, bal olmaz-olmaz.
Mərifətlə giriş tutduğun işə,
Söz gərək ağızdan çıxmamış bişə.
Bağında gül-çiçək bitər həmişə,
Tikan yarpağından gül olmaz-olmaz.
İbrət götür Saraçlının sözündən,
Müxənnətlər düşər elin gözündən.
Pəhləvan olsan da, demə özündən,
Hər güləşən Rüstəm-Zal olmaz-olmaz.
Sevimli Xalq şairimiz, tanınmış ictimai xadim, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub ölməz sənətkarı «Ulu ozan» adlandırmış, «Həyatıma xoş gəldin, Ozanlar ozanı! Dədələr sirdaşı, lələlər yoldaşı, igidlər qardaşı!» - söyləmiş, onun haqqında «Hüseyn Saraçlı dastanı» (Bakı, «Pedaqogika», 2007) adlı olduqca sanballı və dəyərli bir kitab yazmış və nəfis şəkildə nəşr etdirmişdir. Həmin kitabda oxuyuruq:
«Qadir Allah elə bil ki, Aşıq Hüseyn Saraçlını bu dünyaya hazır aşıq libasında gətirmişdi. Uca boyu, düz qəddi, incə beli, enli kürəyi, şəvə, qara eşmə bığları, səliqəli, gümüşü saçları, çopura çalan qara sifəti, açıq alnı, qonur gözləri, incə yerişi, ağayana duruşu, turşməzə, baldan şirin danışığı, buxara papağı, salama, gümüş kəməri, par-par parıldayan qara, xrom çəkməsi, Trabzon tütünündən dolu tənbəki qutusu - hamısı bir yerdə ona xüsusi yaraşıq və gözəllik verirdi. Özü demişkən, ilahinin əlinin boş, meylinin xoş vaxtına düşüb kişilərin gözəli kimi onu qüdrət qələminnən çəkmişdi. Allahın əziz bəndəsiydi. Tanrı onu xoş gündə, xoş saatda dünyaya gətirmişdi.
Ona görə də ozanların, ustadların getdiyi yolun yolçusuna çevriləndə Allaha doğru əl açdı, sözünü dedi. Allah da ondan bir sənətkar kimi heç nəyi əsirgəmədi.»
Tanınmış tədqiqatçı Kərəm Nəbiyevin «Borçalı» jurnalında dərc etdirdiyi «Onun haqqında az-çox bildiklərimdən» sərlövhəli məqaləsində qeyd etdiyi kimi, Hüseyn Saraçlı sənətində bir sufilik yönümü də var. Axı, hələ XIII əsrdə yaşamış sufi şair Mövlanə Cəlaləddin Rumi, onun yolçularından Yunis İmrə, Nəsimi insanların ruhunu, əməlini hər cür çətinliklərdən təmizləməyin və onların haqqa, ilahiyə yaxınlaşmasının bir yolunu da musiqidə və onun təranələri altında qəzəl və qəsidələrin oxunmasında görürdü. Təsadüfi deyildir ki, XVI-XVIII yüzillərdə sufilərin mövləviyyə qolundan faydalanan bir çox sənətkar aşıqlar incidilsələr də, sufi aşıq kimi tanınmış, böyük ad-san qazanmışdılar. Aşıq Hüseyn Saraçlı da məhz belə yolun yolçularından idi. O, «Dünyada» qoşmasında deyir:
Yemək dostu bil ki, nanı itirər,
Şöhrət dostu başa qaxınc gətirər.
Ürək dostu mətləbini bitirər,
Dar günündə verər canı dünyada.
Aşıq Hüseyn Saraçlı ömrü boyu sağlam ünsiyyətli, dəyanətli, etibarlı dost harayında idi. O, hər yetənə dost deməzdi. Dostluğu çox müqəddəs saydığından dostu seçərkən, onu taparkən insanları ağıllı və tədbirli olmağa çağırırdı:
Ürək dostu tək-tək olar dünyada,
Yaxşı dostu seçən hanı dünyada.
Yaxşı dostun ürəyimdə yeri var,
Bekar dostun nə çox sanı dünyada.
Yazıçı Əzim İsmayıllı yazır: «...Dostluq və yoldaşlıqda sədaqətli, sənətdə isə təvazökar olan Aşıq Hüseyn Saraçlı heç vaxt, heç kəslə kin saxlamaz, həmişə qarşısındakı adama və ya sənətkara üstünlük verməyə çalışardı. Şahidi olduğum bir hadisəni xatırlamaq yerinə düşərdi. «Çeşmə» ədəbi məcmuəsinin «El sənətkarları» bölməsində Aşıq Hüseyn Saraçlı birinci, Aşıq Əmrah Gülməmmədov isə ikinci verilmişdir. Aşıq Hüseyn təkid etdi ki, gərək Aşıq Əmrah birinci veriləydi, mən ikinci. Ustad Əmrah cavab verdi ki, əgər saz-söz olsaydı, əlbəttə, mən öndə getməliydim. İndi ki, söhbət söz-sazdan gedir, sənin sözünə-kəlamına kim nə deyə bilər? Bax, beləcə Borçalının iki sənət dühası bir-birinin könlünü alıb, mənim də xətrimə dəymədilər. Aşığın hazırcavablığına, sözü yerində sərrast deməsinə, ən qarışıqlı məclisi bir kəlmə ilə ələ almasına, yalnız Borçalının deyil, Azərbaycan və dünya aşıq sənəti bilicilərinin söz xəzinəsini sinədəftər etməsinə kimin şübhəsi ola bilərdi...»
Bütün ilhamını xalqdan alan, el-obanın adət-ənənəsi ruhuna qonan mərhum sənətkar Aşıq Hüseyn Saraclı adamın gözündə bir folklorçu aşıq kimi də canlanır. Onun yazdığı gəraylıların («Qocalığım», «Dədə Şəmkir», «Bulaq», «Elə gedər» və s.) ruhunda xalq yaradıcılığı gözəl duyulur. Sadə və oynaq dildə yazdığı «Dağlarda» adlı gəraylısında xalqın dağ-aran köçü, yaylaq ovqatı, el məclisləri çox gözəl göstərilib:
Köç eyləyər yenə aran,
Haray qopar bu dağlarda.
Neçə məclis, neçə külfət
Çadırlanar bu dağlarda.
Kəkliklər ötər yazınan,
Bülbül ötər avazınan,
Saraçlı da öz sazıynan
Qanadlanar bu dağlarda.
Ustad sənətkarın kitabında özünə yer tapmış divanilərdən «Çəkər» xüsusilə maraqlıdır:
Adam var ki, insan kimi
Yaşamağa can çəkər,
Əyri yoldan üzü dönməz,
Doğru yolda qan çəkər.
Adam var ki, heç açılmaz
Başı dava-şavadan.
Desələr ki, nanəcibsən,
And üçün Quran çəkər...
Hüseyn Saraçlının yaradıcılığında aşıq poeziyasının çox maraqlı və geniş yayılmış qollarından olan deyişmə də diqqəti cəlb edir. Onun Aşıq Şəmşirlə, türk aşığı, ladiqarstanlı İslamla, istanbullu Qul Mehdi ilə, həmyerliləri Əflatun Saraçlı və Nizami Saraçlı ilə, kəlbəcərli Dəmirçi Abbasla deyişmələri aşığın bir ustad kimi bacarığını, istedadını, dünyagörüşünü və biliyini tamam-kamal aşkar edir.
Əvvəlcə Aşıq Hüseyn Saraçlının Aşıq Şəmkirlə deyişməsinə diqqət yetirək:
Aşıq Hüseyn Saraçlı:
Havalandı dəli könlüm,
Kəlbəcərdə, Dədə Şəmşir!
Qocalırsan, necə dözüm,
Belə dərdə, Dədə Şəmşir!
Aşıq Şəmşir:
Yeriniz var göz üstündə,
Kəlbəcərdə, ay Saraçlı!
Arxamızda zirvələr var,
Düşmə dərdə, ay Saraçlı!
Aşıq Hüseyn Saraçlı:
İnsanlıqda mehirlisən,
Aşıqlıqda sehirlisən,
Səməd Vurğun möhürlüsən,
Huşda, sərdə, Dədə Şəmşir!
Aşıq Şəmşir:
Şər işlərdə izimiz yox,
Yerə düşən sözümüz yox,
Sənətkarıq, gözümüz yox,
Pulda, zərdə, ay Saraçlı!
Aşıq Hüseyn Saraçlı:
Bu dünyada möhlət azdı,
Xudam özü belə yazdı,
Umudumuz telli sazdı,
Belə yerdə, Dədə Şəmşir!
Aşıq Şəmşir:
Eşqi qəlbimin təpəri,
Borçalıdan ver xəbəri,
Qoy ucalsın «Süsənbəri»,
Pərdə-pərdə, ay Saraçlı!
Aşıq Hüseyn Saraçlı:
Borçalı bir ağır eldi,
Saz qanımda daşan seldi,
Oylaqları Çənlibeldi,
Mərddi mərdə, Dədə Şəmşir!
Aşıq Hüseyn Saraçlı deyişmələrində qıfılbənd, bağlama, ustadnamə, dodaqdəyməz, hərbə-zorba kimi çeşidli şeir növlərini ustalıqla işləmiş və deyişmə zamanı üstünlüyünü heç vaxt əldən verməmişdir. Həmin deyişmələrdən başqa birinə nəzər yetirək.
Aşıq İslamın:
Cəbrin zindanında zira dəst olan,
Çarxın çəpərindən keçməyən bilməz.
Yetən olmaz od mövlanın sirrinə,
Fanidən baqiyə keçməyən bilməz.
-sözlərinə görün Aşıq Hüseyn Saraçlı necə cavab verib:
Kim deyər şirindi, kim deyər acı,
Eşqin badəsini içməyən bilməz.
Kim deyər asandı, kim deyər çətin,
Ustad kürəsində bişməyən bilməz.
Ustad Aşıq Hüseyn Saraçlının doğma eloğlusu, tanınmış şair Nizami Saraçlı ilə 1985-ci ildə qələmə alınmış deyişməsi də olduqca maraqlıdır:
Şair Nizami Saraçlı:
Yetmişində qırğı kimi ötən dost,
Fikir vermə bu dünyada yaşa sən.
Bel bükülməz, diz titrəməz, əl əsməz,
Bundan belə yetmiş il də yaşasan.
Aşıq Hüseyn Saraçlı:
Bağban gülər bağçasıyla, bağıyla,
Borclu olma ömürə sən, yaşa sən.
Zülmü boğdum çarığımın bağıyla,
Dərdim yoxdur yetmiş il də yaşasam.
Şair Nizami Saraçlı:
Ötən günə çox deyibsən qar, a qar,
Dağ başında mehman olub qara qar.
Baxtımıza qoy yağmasın qara qar,
Bu sinində dözəmməzsən yaşa sən.
Aşıq Hüseyn Saraçlı:
Mən itirdim tər yanağı, tər gülü,
Qoy sulasın yanağın da tər, gülü.
Üzdə solar, içdə açar tər gülü,
Bənzəyirik quruya mən, yaşa sən.
Şair Nizami Saraçlı:
Sən itirdin, mən də tapdım, yarıyıq…
İkimiz də Saraçlının yarıyıq.
Nəyin vardı yarı payla, yarı yığ,
Eh, məni də qocaldacaq yaş asan…
Aşıq Hüseyn Saraçlı:
Saraçlıyam, könlün mənə imrəndi,
İmrən bala, imrən quzum, imrən di.
Məndə bu saz, səndə qələm imrandil,
Mən qocaldım, bunnan belə yaşa sən.
Bəli, «Ustad kürəsi»ndə bişmiş Aşıq Hüseyn Saraçlının kitabında özünə yer tapmış dörd qaravəlli də («Keçəlnən kosa», «Dəvə, tülkü, bir də keçi», «Təhnə də qalaylanarmı?» və «Fil sağaltmaq»), deyişmələri kimi, bir-birindən maraqlı, gülməli və düşündürücüdür.
Kitabı vərəqlədikcə bir daha aydın olur ki, yuxarıda artıq qeyd etdiyimiz kimi, Hüseyn Saraçlı aşıq yaradıcılığında geniş yayılmış dastan janrına da həmişə böyük maraq göstərmişdir. O, yaxşı bilirdi ki, toy nişan məclislərində, ağır el yığnaqlarında xalqın bədii zövqünü oxşamaq, onun tarixi qəhrəmanlarından, ulu keçmişindən söhbət açmaq üçün dastan söyləmək daha uğurlu yoldur. Buna görə də, Hüseyn Saraçlı qədimdən bəri olan qəhrəmanlıq və məhəbbət dastanlarımızı - «Əsli və Kərəm», «Koroğlu», «Yusif və Züleyxa», «Qaçaq Nəbi» və s.-ni dərindən mənimsəmiş, onların mahir ifaçısına çevrilmişdi.
Tədqiqatçı Kərəm Nəbiyevin məqaləsində çox doğru olaraq qeyd edildiyi kimi, dastan danışmaqda, məclis aparmaqda Aşıq Hüseyn Saraçlı bənzərsiz sənətkar idi. O, elə güclü sənətkar idi ki, bildiyi dastanları heç vaxt olduğu kimi danışmazdı. Həmişə dastanın dilini şirinləşdirməyə çalışar, hətta yeri gələndə bəzən ona gözəl əlavələr də edərdi. Biz onun «Əsli-Kərəm» dastanına dəfələrlə qulaq asmışıq. O, dastanda Kərəm yanğısından danışarkən əlavə edərdi ki: Deməzsənmi bir gün Kərəmə deyirlər, sən haqq aşığısan, elə oxu ki, göydə gedən durna sənin ahından dayansın və qanadından bir lələk salsın. Kərəm götürüb elə qəmli və yanıqlı hava oxuyur ki, o saat durna dayanır və onun qanadından bir lələk düşür.
Aşıq Hüseyn Saraçlı «Koroğlu», «Qaçaq Nəbi» və başqa dastanları danışanda da uyarlı əlavələr edərdi. Bax, Aşıq Hüseyn Saraçlı belə yaradıcı sənətkar idi. O, nəinki özünəqədərki dastanların mahir ifaçısı idi, həm də dastan yazan sənətkar idi. Bunu ustadın kitabında özünə yer tapmış dastan və əhvalatlar da («Zərnişan xanımın Çənlibelə gətirilməsi», «Gürcü qızınnan Qaçaq Kərəm», «Aşıq Şenniyin Borçalı səfəri», «Mehdi bəyin dastanı», «Cahangirnən Mələksima dastanı», «Şair Ağacanın Ərzurum səfəri», «Aşıq Ələsgərin səfəri», «Aşıq Ələhvərnən şəyirdi Aşıq Qara əhvalatı») sübut edir. Onu da əlavə edək ki, Aşıq Hüseyn Bozalqanlı demişkən, dastan danışmaq, məclis aparmaq Aşıq Hüseyn Saraçlı boyuna biçilmişdi...
...1985-ci ilin yaz günlərinin birində Bağdaddan Aşıq Hüseyn Saraçlıya xurma göndərirlər. Xurmanın içindən iki qulac uzunluğunda qadın saçı çıxır. Aşıq Hüseyn Saraçlı xurmanı götürüb sevimli eloğlusu, Borçalının istedadlı şairi Nizami Saraçlının yanına gətirir. Zaman-zaman Təbriz həsrətində qovrulan Nizami Saraçlının qəlbini od götürür. Dərdini, hicranını Araz, Güney niskilinə qatıb, üzünü Aşıq Hüseyn Saraçlıya tutur, «Bağdaddan gələn sovqat» (Dedim, dedi) sərlövhəli şeirini söyləyir. Sonralar «Qələbə bayrağı» qəzetində çap olunmuş həmin şeirdə oxuyuruq:
Dedim: Aç boxçanı ay ustad görək,
Nə sovqat göndərib o Bağdad qızı?
Dedi: Öz saçını büküb xurmaya
Bir damət göndərib o Bağdad qızı!
Dedim: Ölçdüm saçı, iki qulacdı,
Dedi: On iki min dərdə əlacdı.
Dedim: Hüseyn əmi, bu necə saçdı, -
Bir sərvət göndərib o Bağdad qızı!
Dedi: Öz sazımın itmiş simiydi,
Gəzirdim mən onu neçə iliydi.
Oğul, Hüseyn əmin ölha-ölüydü,
Bir möhlət göndərib o Bağdad qızı!
Dedim: Keçəmməzsən hayıf izindən,
Dedi: Qoy bir öpüm saçın üzündən.
Dedi: Sevir səni, öz sevgisindən,
Əlamət göndərib o Bağdad qızı!
Dedi: Yadımdadı o şux qəzəllər,
Dədə Füzulidən oxuyan dillər.
Mənim zinətsizdi sazım əzəllər,
Bir zinət göndərib o Bağdad qızı!
Dedim: Heç unutmaz el əməyini,
Dedi: Oğul bala, yaz diləyimi.
Dedim: Saç adıyla öz ürəyini,
Əmanət göndərib o Bağdad qızı!
Nizami Saraçlı «Yalan ola ayrılıq...» poemasını da ustad Aşıq Hüseyn Saraçlıya ithaf etmiş və «Gürcüstan» qəzetinin 16 aprel 1988-ci il tarixli nömrəsində dərc etdirmişdir.
Gürcüstanın «Şərəf» ordenli Əməkdar jurnalisti, Borçalının el ağsaqqalı, tanınmış şair-tərcüməçi Dünyamalı Kərəm isə Ustad Aşıq Hüseyn Saraçlının xatirəsinə həsr etdiyi «Yaz vədəsində» sərlövhəli şeirini belə başlayır:
Ozanlar ozanı, məclislər şahı,
Susmaq yaraşarmı yaz vədəsində?
Ağır yığnaqların, a söz sərrafı,
Qədrini bilmədik biz vədəsində***.
(*** Ətraflı bax: Müşfiq Borçalı. Dünyamalı Kərəmin poeziya dünyası. Bakı, «Borçalı» nəşriyyatı, 2010, səh. 157-161. «Dönüb», «Aşıq Hüseyn, sənə suallarım var», «Yaz vədəsində», «Sənin» və s.)
Ağır elli, qədim saz-söz diyarı Borçalı mahalının məşhur sənətkarı Aşıq Əmrah Gülməmmədovun vəfatından düz 40 gün sonra, Gürcüstan Respublikasının Əməkdar mədəniyyət işçisi Aşıq Hüseyn Saraçlı 1987-ci il aprelin 19-da ömrünün 71-ci baharında dünyasını dəyişdi. Beş övladı, 24 nəvəsi, 9 nəticəsi qaldı. Saz-söz dünyamız bir ustad aşığını da itrdi...
Elə həmin gün Ustad aşığın Vida mərasimində sevimli şairimiz Zəlimxan Yaqub bu sətirləri söylədi:
İstər alış, istər tutuş, istər yan,
Torpaq altda cahan canlar apardı.
Çox oğullar köç elədi dünyadan,
Sinəsində çox dastanlar apardı.
Köç günüdü, ay obalar, ay ellər,
Çox sevdiyi bir havanı çaldırın.
Qoy boşalsın dolu gözlər, könüllər,
Onu yerdən «Mansırı»yla qaldırın.
Xəbər verin səs yetişsin hər yana,
Bizi Ləlvər, Lök, Ağlağan dinləsin.
Saraçlını tapşırırıq torpağa,
Qoca dağlar qəmli dastan dinləsin.
Saraçlını tapşırırıq torpağa,
Dərə, ağla, təpə, ağla, düz, ağla.
Qaynar bulaq, dostun köçür dünyadan,
Göz yaşını daşdan-daşa süz, ağla.
Ozan baba, dünya qalan, sən gedən,
Ayrılırıq «Ruhani»dən, «Cəngi»dən,
Yası görüb öz toyunu ləngidən,
Gəlin, ağla, oğul, ağla, qız, ağla.
Bəd xəbərlər biz-biz edər tükümü,
Dağ götürməz dağdan ağır yükümü,
Əcəl yaman baltaladı kökümü,
Könül, ağla, ürək, ağla, göz, ağla.
Teldən ayrı təzənələr nəm çəkər,
Duyan ürək dərd daşıyar, qəm çəkər,
Səndən ötrü min cür nazı kim çəkər?
Pərdə, ağla, sədəf, ağla, saz ağla.
Yüz dəfə çək, yersiz ahdan nə çıxar,
Qəlbi yasda saxlamaqdan nə çıxar,
Ay Zəlimxan, ağlamaqdan nə çıxar?
Az sızılda, az inildə, az ağla,
Saraçlının taleyindən əsər yaz,
Saraçlının dastanını yaz, ağla!
Elə həmin gün ustad aşığın sevimli həmyerlisi, 3 dəfə Beynəlxalq poeziya müsabiqələrinin mükafatçısı, «Şərəf» ordenli, tanınmış şair Nizami Saraçlı «Dünya» şeirini yazdı və ölməz sənətkarın Vida mərasimində oxudu:
Saraçlı köç edir, mən ağlayıram,
Tale sırğa verib bir ona, Dünya!
Eşilib-burulub qara bığları,
O yenə dağ çəkir yamana, Dünya!
Aşıq eldən gedir, elin yasıdır,
Əyninə geydiyi toy libasıdır.
Çalın, ürəyimi onun sazıdır,
Bülbülə nə gərək virana, Dünya!
Tifaqım dağılıb, o yol üstədir,
Barmaq təzanədə, ürək səsdədir.
Ay ellər, eloğlum son nəfəsdədir,
Bürünüb çisginə-dumana Dünya!
Bu da qismətimə düşən yazıymış,
Xındıdan* aldığım yara azıymış…
Yoxsa ki, yurduma Tanrı asıyımış,
Qəddim dönəsiymiş kamana, Dünya!
Təpəmdən çıxartdı Əmrah** tüstümü,
Hüseynə çəkdiyim bu ah, tüstümü?!
Bu gün odumu gör, sabah tüstümü,
Qoy yansın atəşə pərvana Dünya!
O kimdir təklənən ər meydanında?-
Məni yalqız qoydu Şir meydanında.
Qorxuram dəfn edə balabanında,
Bu ulu sənəti zamana, Dünya!
O gedir sazını tapşırıb bizə,
Gedir həsrət gedir Hoya, Təbrizə.
Bu gediş dağ çəkir ürəyimizə,
Gəlməyir bir dinə-imana Dünya!
Boylanıb sahibsiz saza ağlaram,
Bürünüb bu vaxtsız yasa ağlaram.
Hərdən səsi gələr, ayaq saxlaram,
Bir də yolu düşməz bu yana, Dünya!
Nizami Saraçlı, olma bədgüman,
Gələr, bir də gələr su gələn arxdan.
Burada Şair Nəbi, Şenlik, Ağacan***…
Dərin lövbər atıb ümmana, Dünya!
(*Aşıq Xındı Məmməd.
**Xan Əmrah - Aşıq Əmrah Gülməmmədov.
***Şair Nəbi - Faxralı Şair Nəbi, Şenlik - Çıldırlı aşıq Şenlik, Ağacan Borçalı şair Ağacandır.)
Ustad Aşıq Hüseyn Saraçlının şəninə sonralar yüzlərlə şeirlər yazıldı, nəğmələr qoşuldu, dastanlar yarandı… Hamısının da mövzusu, dəst-xətti, üslubu müxtəlif olsa da, ünvanı bir idi. Həmin ünvan isə… Ustad Aşıq Hüseyn Saraçlı idi…
«Gürcüstan» qəzetinin 21 aprel 1987-ci il tarixli nömrəsində dərc olunmuş nekroloq bu cümlə ilə sona yetir:
«Aşıq Hüseyn Saraçlının əziz xatirəsi, sənətkar siması qəlbimizdən silinən deyil!»
Bəli, Ustad Aşıq Hüseyn Saraçlının ölməz xatirəsi həmişə hörmətlə yad edilir. Onun 75, 80, 85, 90 illik yubileyləri 1991, 1996, 2001, 2005 və 2010-cu illərdə Bakıda və Borçalıda böyük təntənə ilə qeyd edilmişdir.
2011-ci ildə Azərbaycan Respublikası «Təhsil» Mərkəzi Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi ilə birlikdə filoloq-jurnalist Müşfiq Borçalının Ustad aşıq Hüseyn Saraclının 95 illik Yubileyinə həsr olunmuş «Aşıq Hüseyn Saraçlı və onun yaylaq səfəri» adlı kitabını «Borçalı» nəşriyyatı vasitəsilə nəfis şəkildə oxucuların ixtiyarına vermişdir. (Kitabın məsləhətçi: Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İdarə Heyətinin sədri Fazil Həsənov,Redaktoru: Gürcüstan Mədəniyyət, İncəsənət və Aşıqlar Birliyinin sədri Dərviş Osman,Rəyçilər: Filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı və Filologiya elmləri namizədi, dosent Şakir Albalıyevdir.) Bu kitabda görkəmli saz-söz ustadı Aşıq Hüseyn Saraçlının həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilmiş, aşığın böyük oğlu İsfəndiyar Həsənovdan əldə edilmiş və indiyə kimi heç harada çap olunmamış «Aşıq Hüseyn Saraçlının Yaylaq səfəri» adlı dastanı, Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqubun «Aşıq Hüseyn Saraslı» və şair Nizami Saraçlının Ustad aşığa həsr etdiyi «Yalan ola ayrılıq!» poemaları müəlliflərin dilinə toxunmadan oxuculara təqdim edlmışdir.
Qarşıdan Ustad Aşıq Hüseyn Saraçlının 100 illik Yubileyi gəlir. Biz də bu kiçik yazımızı ölməz və həmişəyaşar sənətkarımızın anadan olmasının 100 illik Yubileyinə ərməğan edir və bir daha «Allah rəhmət eləsin! Ruhun şad olsun, Ustad!» - deyirik!...
Müşfiq BORÇALI,
turan.info.az
ƏDƏBİYYAT:
1. Mədəd Çobanov. «Koroğlun»nun yeni qolu. «Gürcüstan» qəzeti, 10 yanvar, 1978;
2. Bəxtiyar Vahabzadə. Vətən ocağının istisi. B, «Gənclik», 1982, səh. 75.
3. Xalqımızın deyimləri və duyumları. Toplayıb yazıya alanı və tərtib edəni Mürsəl Həkimov. B., 1986.
4. Dəyanət Bayramov. Ustadla üz-üzə. «Bakı Universiteti» qəzeti, 26 oktyabr, 1987.
5. Müşfiq Çobanlı. «Ağır elli Borçalı» (Bakı, 1990; Ərzurum, 1996), səh. 5, 12, 34.
6. Aşıq Hüseyn Saraçlı. «Şeirlər, söyləmələr», Bakı, «Yazıçı», 1992
6. Müşfiq Mədədoğlu (Çobanlı). Çağdaş Borçalı ədəbi məktəbi. «Azərbaycan» nəşriyyatı, Bakı, 1994. səh. 58-65;
7. İsmayıl Ömərov, Müşfiq Çobanlı. Borçalı aşıqları. Bakı, 1996, səh. 25-32;
8. Zəlimxan Yaqub. «Hüseyn Saraçlı dastanı». Bakı, «Pedaqogika», 2007.
9. İsmayıl Ömərov, Müşfiq Çobanlı. Borçalı aşıqları. Tehran, 2009, səh. 25-32;
10. “Gürcüstan” qəzeti, 21 aprel 1987; 20 aprel, 1991; 25 may, 1991.
11. Müşfiq Borçalı. Aşıq Hüseyn Saraçlı və onun Yaylaq səfəri. Bakı, “Borçalı”, 2011.
12. “Gürcüstan” qəzeti. (1960-2015).
Müşfiq BORÇALI,
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.