Çox ağır!..
İçim-çölüm kədərə bələnir.
Göy yerə enir mənim üçün.
Ürəyim göynəyir, qəlbim qanayır.
Ancaq nələrisə deməyə zorundayam.
Qalan bilsin ki, gedən kim olub.
Məhərrəm müəllim ilk növbədə böyük hərflərlə yazılan İNSAN idi.
Dövlətinə, millətinə, bayrağına, Soyuna, soykökünə, elinə-obasına bağlanmış, saza-sözə könül vermiş, xeyirdən-şərdən qalmayan, xeyrixah bir İNSAN.
İndi Onunla bağlı xatirələr-buluddan yağış, çiçəkdən ətir, ürəkdən sevgi oyanan kimi oyanır xəyallarımda.
Hər dəfə Məhərrəm müəllimi düşünəndə kədərli sözə, nisgilli təkliyə sığınıram…
Ölümün haqq olduğunu anlasam da Məhərrəm müəllimin itkisiylə barışa bilmirəm. Qəlbimi ovundura bilmirəm.
Tək təskinliyim odur ki, Məhərrəm müəllimin sinələri dağlayan, göz yaşlarını qurudan köçü əslində onun könüllərə köçməyinin təsdiqidir.
Könüllərə köçənlərin isə ölüm adlı qorxusu olmur.
Gərək ki, mərhum şairimiz Şahmar Əkbərzadədə
belə bir yer var:
Ölüm də yalandır, itim də yalan,
Dünyada qəribə çevrilmələr var…
Sabah Məhərrəm müəllimə oxşayan saysız-hesabsız nəvələri onun gözlərinnən baxacaqlar dünyaya, Onun dodaqlarınnan güləcəklər.
Məhərrəm müəllimin ürəyi də, gözü də, üzü də, saçı da, dodaqları da,.. təkrar olunacaq nəvələrində.
Nur içində yat Məhərrəm müəllim.
Yerin uçmaq olsun!
Səhv eləyən ölüm oldu!
Ölümə ölüm olsun!
Yanğı ilə Tofiq Sədioğlu
(Namazov)
turan.info.az
.