KƏLVƏZ KƏNDİ

KƏLVƏZ KƏNDİ Kəlvəz Lerik rayonunun yaşayış məntəqələrindən biridir. Kənd coğrafi mövqeyinə görə rayonun cənubunda, Zuvand bölgəsində, Lerik-Göydərə şose yolunun üstündə yerləşir. 300 nəfər əhalisi vardır. Burada 1829-cu ildə 15 ev olmuşdur. Kəlvəzdə 1904-cü ildə 147 nəfər (25 ev), 1999-cu ildə 281 nəfər, 2009-cu ildə isə 271 nəfər yaşamışdır.

Tədqiqatçı-jurnalist İsaq Əmənullayev kəndin yaşlı sakinlərinin dediklərinə istinadən Kəlvəzin təqribən dörd əsr tarixi olduğunu və onun əvvəllər “Sahal” dağının ətəyində, “Köhnə Kəlvəz” deyilən yerdə yerləşdiyini yazır (Dağlardan güc alan dostluq. B., 1998, səh.65).

Kəlvəz toponiminin ilkin variantı Kəl Əvəz olmuş və o sonralar fonetik cəhətdən Kəlvəz şəklinə düşmüşdür. Burad “kəl” – güclü, qüvvətli mənasında işlənir. Əvəz isə şəxs adıdır. Beləliklə, Kəlvəz antrotoponim olub, “Güclü Əvəz” və ya “Qüvvətli Əvəz” deməkdir. Toponimin izahı ilə bağlı digər bir mülahizədə o, Əvəz deyil, Eyvaz adı ilə əlaqələndirilir. “Dağlardan güc alan dostluq” kitabında oxuyuruq: “Kəndin keçmişini öyrənməkdə ağbirçək Meyi nənə Nağıyevanın yaddaşı da köməyimizə çatdı. Öyrəndik ki, ilk vaxtlarda burada beş tayfa – Nadirli, Yegənli, Bayramlı, Şeyx Məmmədli və Kazımxanlı tayfaları yaşayıblar. Kəndin əsasını Eyvaz qoyub. Güləşdə kürəyini yerə vuran olmayıb onun. İgid, cəsur və qüvvətli olduğundan ləqəbi varmış – kəl. El arasında Kəl Eyvaz kimi tanınıb” (İsaq Əmənullayev. B., 1998, səh. 68).

1952-1953-cü illər Zuvand bölgəsinin digər kəndləri kimi Kəlvəzin də tarixinə qara hərflərlə həkk olunmuşdur. Həmin illərdə Lerik rayonunun İranla sərhəddə yerləşən kəndləri, o cümlədən Kəlvəz kəndi zorla Muğana, Puşkin (indiki Biləsuvar) rayonuna köçürülmüşdür. Sonralar Muğanın istisinə dözməyən əhalinin çox hissəsi tədricən geri qayıdaraq kənddə yaşayışı bərpa etmişdir.

Kəlvəz əhalisinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Meyvəçilikdə geniş yayılmışdır. Sovet dövründə kənddə kollektiv təsərrüfat yaradılmış, təsərrüfat əvvəl Kaqanoviç, daha sonra isə “Partiyanın XX qurultayı” adlanmışdır. “Partiyanın XX qurultayı” adına sovxoz Qosmalyan (Qosmalıan) kəndi mərkəz olmaqla Qosmalyan, Kələxan, Kəlvəz, Göydərə, Hüseynabad və Məhləabad kəndlərini əhatə etmişdir. 1997-ci ildə həyata keçirilmiş aqrar islahat nəticəsində kolxoz, sovxoz və istehsal kooperativləri ləğv edilmiş, onların mülkiyyətində olan torpaqlar pulsuz olaraq payı bəlli torpaq sahəsi kimi kəndlilərə paylanılmışdır.

Kənddə tam orta məktəb, tibb məntəqəsi, məscid, mağaza-dükanlar və digər sosial obyektlər vardır. Kəlvəz məktəbi Lerik rayonu ərazisində yaradılmış ilk dünyəvi məktəb hesab olunur. Məktəb 1897-ci ildə rus-tatar (Azərbaycan) məktəbi kimi fəaliyyətə başlamışdır. Məktəbin məhz Kəlvəzdə açılmasının əsas səbəbi burada rus sərhəd qoşunlarının yerləşməsi olmuşdur. Çünki, məktəbdə rus sərhədçi zabitlərin uşaqları da təhsil almışlar. Kəlvəz məktəbi 1956-1975-ci illərdə internat məktəb kimi fəaliyyət göstərmişdir. İnternat məktəb olduğundan ətraf yaşayış məntəqələrinin uşaqları da burada oxumuşlar. Kəlvəz kənd tam orta məktəbi rayonunun nümunəvi məktəblərindən biri sayılır.

Kəlvəz kəndi əvvəl Qosmalıan kənd sovetliyinin tərkibində olmuşdur. Hal-hazırda Kələxan kənd inzibati ərazi dairəsinin Və Kələxan bələdiyyəsinin tərkibindədir.

Kəlvəz balaca bir kənd olsa da, öz ziyalıları ilə nəinki bölgədə, həmçinin respublikada tanınır. Ayatullah Şeyx Məhəmməd Vaizi Lənkərani (1841-1943), Şeyx Əbdülhüseyn Vaizi Lənkərani (? – 1966), 30-cu illərdə Yardımlı Rayon Partiya Komitəsinin ikinci katibi işləmiş Xuduş Hidayətov, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Əlihüseyn Hidayətov, tibb üzrə fəlsəfə doktoru, dosent Kamyab Abdullayev, filologiya elmləri doktoru Seyfəddin Rzasoy, biologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Hidayətov, kimya üzrə fəlsəfə doktorları Həbibulla Nurullayev, Səyyad Şükürov, fizika-riyaziyyat üzrə fəlsəfə doktorları, dosent Yusif Nurullayev, Ramiz Əliyev, iqtisad üzrə fəlsəfə doktoru Seyran Əliyev, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Nurəddin Nurullayev, polkovniklər Şahvələd Məmmədov, Nazim Qədirov, Vaqif Qədirov, Misir Ərəb Respublikasında həlak olmuş tərcüməçi-şərqşünas Səxavət Abdullayev və digərləri Kəlvəzdə dünyaya göz açmışlar. Milli Qəhrəman Fəxrəddin Şahbazov Bakıda dünyaya gəlsə də, əslən kəlvəzlidir. Heç də təsadüfi deyildir ki, Kəlvəz kənd tam orta məktəbi Fəxrəddin Şahbazovun adını daşıyır.

İldırım ŞÜKÜRZADƏ
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi,
tədqiqatçı-tarixçi


turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: