ANA DİLİM, ŞİRİN DİLİM
İçimizdə dərd yaşayır,
Zaman-zaman çözəmmirik.
Parçalayır içimizi,
Ağrısına dözəmmirik.
Nə imkan var əlimizdə,
Nə bu dərdə çarası var.
Qəlbimizdə sızıldayan,
Turan adlı yarası var.
Sinəmizdə qövr eyləyir,
Min ildirki yaralanıb.
Çox tökülüb qadaş qanı,
Vətənimiz paralanıb.
Yeriyiblər üstümüzə,
Yad əllərdə didilmişik.
At döşündə aparıblar,
Tərki vətən edilmişik.
Dinimizə, dilimizə,
Əcnəbilər xor baxıblar.
Min illərlə dilimizi,
Çəpərləyib çox sıxıblar.
Gah farsıca, gah ərəbcə,
Şairlərim qəzəl yazıb.
Demirəm ki, pis yazıblar,
Hər birisi gözəl yazıb.
Nə faydası anlamayıb,
Bu dilləri babalarım.
Dilimizi yaşadıblar,
Türk ellərim, obalarım.
Hər üç dili qarışdırıb,
Bizi çaş-baş edibdilər.
Sələfləri də onların,
Arxasınca gedibdilər.
Fəxarətlə söyləmişik,
Filan necə dərin yazıb.
Deyən yoxdur dilimizə,
Hər birisi qəbir qazıb.
İnanmıram Türk dilində,
Nə ərəbi, farsı yaza.
Bizim kimi, dillərinə,
Onlar da bir qəbir qaza.
Nə ingilis, nə də firəng,
Nə almanı, nə də rusu,
Başqa dildə yaratmağı,
Ar biliblər özlərinə,
Çəkinmədən düz baxıblar,
Bu dünyanın gözlərinə.
Bir zamanlar aramızda,
Rus dilində danışmağı,
Hünər bildik özümüzə.
İndi də ki, ingilisi,
Lap dürtürlər gözümüzə.
Baş əyirəm qarşısında,
Saz yaşatdı dilimizi.
Ozanların qopuzunda,
Aşıqların dillərində,
Söz yaşatdı dilimizi.
Avam kütlə, çoban-çoluq,
Başqa dili bilmədilər.
Yaşatdılar dilimizi,
İtib-batıb ölmədilər.
Ay Coculu, min illərdir,
Doğma yurdum, doğma elim,
Ana dilim, şirin dilim,
Yaşayıbdır, yaşayacaq.
Türk dünyası ortaq dillə,
Tarixlərə daşıyacaq.
TÜRK İDİK, YENİDƏN TÜRK EYLƏDİLƏR...
Məntiqə söykənib, elmin gücüylə,
Dünyanı idrakla dərk eylədilər.
Etiqad axtaran xurafatçılar.
Həyatı qanmadan tərk eylədilər.
Yüz illərlə göz açıb göyə baxdılar,
Insan zəkasıyla Aya çıxdılar.
Yerin bayrağını ərşə taxdılar,
Göylərin şahına ərk eylədilər.
Istibdadı içimizə dürtdülər,
Ağzımızı qıfıllayıb örtdülər,
Danışanı yavaş-yavaş yortdular,
Zalımın zülmünü bərk eylədilər.
Siyasət ilə din qardaş oldular,
Ağlımızı başımızdan aldılar,
Bu dünyanı yaman günə saldılar.
Tanrının adından görk eylədilər.
Ay Coculu, özümüzü bilmədik?
Azdırdılar , doğru yola gəlmədik,
Zaman-zaman adımızla ölmədik,
Türk idik, yenidən Türk eylədilər.
BORÇALININ DƏRDİ...
Borçalıdan köç eyləyir xalqımız,
Köç qayıtmır, ancaq yeri boş qalır.
Alaq basır cığırları, yolları,
Hasarlardan səpələnmiş daş qalır.
Yurd yerində dolaşan bir, ruh olur,
Yerdən göyə, ərşə qalxan ah olur,
Kim deyir ki, qara yellər meh olur,
Eyvanlarda, yuva salan quş qalır.
Hər tarixdən, bir zərurət doğulur,
Milli azlıq yerindəcə boğulur,
Zaman-zaman el-obalar dağılır.
Yaxasında çözülməyən iş qalır.
Borçalının özü boyda dərdi var,
İntizarda qan ağlayan yurdu var,
Tükənməyən savaşlaın ardı var,
İnsan oğlu baş açmayır, çaş qalır.
Ay Coculu, düzü əyri yozmayaq,
Dolanbaclı yöntəmlərdə azmayaq,
Tarixlərə şərəfsiz ad yazmayaq,
Gücsüzlərin arxasında, leş qalır.
KƏNDƏ GETDİM
Kəndə getdim ilk
qarşıma çıxanlar,
Yollardakı qaya oldu,
daş oldu.
Gözlərimdən yanağıma
tökülən,
Damla-damla, gilə-gilə
yaş oldu.
Məlul-məlul küçələri dolandım,
Evləri boş görüb alışdım, yandım,
Gedib ata ocağında dayandım,
Gördüyüm eyvandan uçan quş oldu.
Gəlmişdim ki, haray görüm, hay görüm,
Hər ocaqda dəsgah görüm, çay görüm,
Heç olmasa bircə dənə toy görüm,
Arzularım, ümidlərim boş oldu.
Ruhumla baş-başa ürəyim dindi,
Gah şahə qalıxdı, gah da ki, endi,
Canımın atəşi alovu söndü,
Ömrümün baharı, dönüb qış oldu.
Kəndimizdə kədər gördüm, qəm gördüm,
Dərdimi dağılan evlərlə böldüm,
Hər qapıda gah dirildim, gah öldüm,
Coculuya, nə də xalqa xoş oldu.
.