“Həkimlik peşəsi öz xalqına, sənətinə
yüksək sədaqət tələb edən bir işdir.”
Heydər Əliyev
İnsan yer üzünün əşrəfidir. Hər bir insan haqqında söz demək, söhbət açmaq, əlinə qələm alıb kiminsə haqqında nəsə yazmaq istəyənlər özündə məsuliyyət hiss etməlidir. Öz ömrünü xalqına həsr edən,insanların sağlam həyat sürməsi naminə öz əməyini əsirgəməyən şəfalı əllərə sahib olan, ürəyi şerlə, poeziyayla döyünən, bir xanım və həkim-şairə haqqında danışmaq, söz demək isə ikiqat məsuliyyətdir.
Tamara İslam qızı Cabbarova Gəncə şəhərində dünyaya göz açıb, ziyalı ailəsində böyüyüb, boya-başa çatıb.
Dünyaya göz açdığı ilk gündən keşməkeşli həyat yoluyla addımlamaq məcburiyyətində qalıb Tamara xanım. Ailənin dördüncü qız övladı olmağı başına bəla oldu sanki. Həyata göz açdığı gün atası körpə qızından və həyat yoldaşından üz çevirdi. Neçə illər ömür sürdüyü, dörd övlad bəxş etdiyi həyat yoldaşının dönüklüyü qadını ağır dərdə saldı, dərd onu şam kimi əridərək, yarpaq kimi saraltdı. Qadın həyatın ona yüklədiyi bu ağır yükə tab gətirməyək vəfat etdi. Arzuolunmaz körpə uğursuzluqda suçlandı, ailəyə bədbəxtlik gətirən körpə tək qınandı. Ona Şərqiyyə adı qoyuldu. Sanki şər işlərə “səbəb olmuşdu.”
Lakin körpəni özgə və fərqli bir tale gözləyirdi. Bir ay olar olmaz bu masum körpə başqa bir yuvaya qanadlandı uçdu. Övlad həsrətiylə alışıb yanan gənc bir ailənin əzizinə çevrildi. Övladlığa götürülən “şər” damğalı bu masum körpə Şərqiyyənin bir aylıq qaranlıq keçmişi, doğulduğu ailəsinin üstündən xətt çəkildi. Hətta adı da dəyişdirildi. Doğum şəhadətnaməsində ata-anasının adı ilə bərabər öz adı başqa cür yazıldı, körpə Tamara yeni adıyla, yeni həyata başladı.
Tamara xanım 1966-cı ildə 1 saylı orta məktəbi gümüş medalla bitirib və həmin ili N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul olub. 1972-ci ildə ali təhsilini başa vuraraq, mama-ginekoloq ixtisasına yiyələnib. Həmin ildən bu günümüzədək həkim-ginekoloq kimi fəaliyyət göstərir.
Tamara xanım iş həyatında çalışqanlığı, əzmkarlığı, ən əsası işinə olan sonsuz sevgisi və məsuliyyəti sayəsində sayılıb-seçildi, nüfuz sahibi oldu, həm işlədiyi kollektivin, həm onu tanıyanların böyük rəğbətini qazandı, şəhərin adlı-sanlı həkim-ginekoloqlarından biri kimi tanındı.
Öz şəfalı əlləri ilə yüzlərlə ailələrə sevinc gətirmiş, Vətən və el üçün xeyirxah işlər görmüş Tamara xanım müxtəlif illərdə 2 saylı qadın məsləhətxanasının və A. Səhhət adına xəstəxananın doğum şöbəsinin həkimi olub. Omrünün 20 ilini isə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım xəstəxanasının ginekologiya şöbəsində şöbə müdiri vəzifəsində çalışıb. Hazırda o, Gəncə şəhərində “Naftalan” sağlamlıq mərkəzində həkimdir.
Tamara xanım yaşadığı Gəncə şəhərində həkimlik təcrübəsində keçdiyi mürəkkəb, zəngin həyat yolu və tibb sahəsində layiqli xidmətləriylə seçilən bir həkim-ginekoloqdur. Əsl həkim ola bilmənin əsas şərti odur ki, öz sahəndə savadlı, bilikli olmaqdan başqa müsbət insani və tibbi əxlaqı dəyərlərə də sahib olasan, insanlığı və vicdanı hər zaman əlində bayraq edəsən. Çünki yüksək insani dəyərlərə sahib olmayan insan heç vaxt əsl həkim, əsl təbib ola bilməz. Mən bütün tibbi əxlaqı və insani dəyərləri elə ilk tanışlığımda Tamara xanımda gördüm.
Öz işinə, peşəsinə qəlbən bağlı olan Tamara xanım, hələ orta məktəb yaşlarından ürəyindən gələn pıçıltısını, ağrı-acısını, gülüşünü-təbəssümünü, incə duyğularını şerlə, poeziya diliylə diqtə edir. Hər dəfə əlinə qələm alıb, ürəyinin səsini kağıza köçürən incəqəlbli Tamara xanım şerlərini ilk öncə anasına oxuyardı.
İllər keçdi, bir gün Almaz ana qızının növbəti şerini dinlədikdən sonra ona belə xitab etdi: “Qızım, çox istərdim ki, sənin bir şer kitabını görüm, Əgər nə vaxtsa, belə bir kitabın olsa, onu ruhumla da duyaram”.
Tamara ananın istəyini anında yerinə yetirməyi hər zaman özünə müqəddəs borc bilmiş və bundan qürur duymuşdu.
Bu gün müqəddəs ana istəyi gerçəkləşib, Tamara xanımın anasının ruhuna ərmağan etdiyi “Ünvansız məktub” adlı ilk şerlər kitabı işıq üzü görüb.
Şairə xanımın şerlərində ata-anaya hörmət, Vətənə, xalqa məhəbbət, torpaq həsrəti, mübarizlik, çətinliyə sinə gərmək, ağrı-acıya tabe olmamaq ruhu tərənnüm olunur. Şerlərində sevgi və məhəbbət barədə düşün¬cə¬lə¬rini, qəlbindən süzülən hiss və həyacanlarını, duyğularını poetik misralara çe¬virib oxucuları ilə paylaşır. İnsan məhz yaşadığı hissi, duyğunu ifadə edərkən, real boyalardan istifadə edərsə, göstərmək istədiyi daha canlı, daha ürəkaçan olar. Tamara xanım heç vaxt yaşamadığı, qəlbindən keçirmədiyi mövzuya müraciət etmir. Xanım şairə hətta öz duyğularına o qədər bağlıdır ki, onları heca, vəzn qəlibinə salmaq istəməz belə. Şairə xanımın ruhu, bütün varlığı şerlərində əks olunur və gün işığı kimi görünür, şerlərindən kədər, həsrət, vüsal dərin iz qoyaraq gəlib keçir. Tamara xanımın yaradıcılığında boy göstərən kədər əslində onun iste¬dadından, güclü poetik təfəkkürə malik olduğundan xəbər verir.
Həkim-şairə Tamara xanım İslamqızı haqqında çox danışmaq olar, çox söz demək olar. Hər cür yüksək insanı keyfiyyətləri, bir təbib kimi tibbi əxlaqı, qadın zərifliyini və gözəlliyini özündə təcəssüm etdirən Tamara xanım əsl azərbaycanlı xanımıdır.
Biz də öz növbəmizdə Tamara xanıma uzun ömür, can sağlığı, işlərində müvəffəqiyyətlər və uğurlar arzulayırıq.
Ata
Əlini öpmək istərəm,
Üzünü görmək istərəm,
Başımı sinənə qoyub,
Mən səndən doymaq istərəm,
Səndən doymadım, ata.
Həsrətdən ölmək istərəm,
Yanına köçmək istərəm,
Qoynuna gəlmək istərəm,
Səndən doymadım, ata.
Qoruya bilmədim səni,
“Bağışla”- demək istərəm.
Nurlu üzünü görmək,
Yanında ölmək istərəm,
Səndən doymadım, ata.
Qayıt, ana!
İllər ömrümü yoldu,
Sinəm yandı, gözüm doldu.
Sənsizliyim bir dərd oldu,
Üstündəki güllər soldu.
Ruhunu cisminə sarıt,
İnsaf et, ay ana, qayıt!
Qayıt! Sən ki, bir mələksən,
Nəvələrinə gərəksən.
Nə üçün ömrü gödəksən?
Ruhunu cisminə sarıt,
İnsaf et, ay ana, qayıt!
Ömrümün ötüb yarısı,
Dinməyir ürək ağrısı.
Anam – analar anası,
Ruhunu cisminə sarıt,
İnsaf et, ay ana, qayıt!
Qayıt, qurban olum, qayıt!
Özünlə analar ayılt.
Sevincdən dünyanı bayılt!
Ruhunu cisminə sarıt,
İnsaf et, ay ana, qayıt!
Ünvansız məktub
Bir çıraq idim işıqsız,
Söndürən kim, yanan kim?
Bir məktub idim ünvansız,
Göndərən kim, alan kim?
Bir körpə idim günahsız,
Bir pöhrəydim dayaqsız.
Bir ümid idim sabahsız,
Yüyürən kim, çatan kim?
Bir ömür idim fərəhsiz,
Bir büsat idim qədəhsiz.
Bir gəlin idim bəzəksiz,
Sevənim kim, alan kim?
Sənə qurban, Vətən!
Çaylar balıqsız olmaz,
Çinar budaqsız olmaz!
Dağlar bulaqsız olmaz,
Daşına qurban, Vətən!
Vahidsiz qəzəl olmaz,
Şəhidsiz Vətən olmaz.
Bizlər gəldi-gedərik,
Yaşına qurban, Vətən!
Azərbaycan adlısan,
Mərdlərin yuvasısan.
Sən qartal qanadlısan!
Uçuşuna qurban, Vətən!
Bağlanıb qapım mənim
Zülmət sonsuz olarmı?
Yolçu yolsuz olarmı?
Dost qapıdan qovarmı?
Bağlanıb qapım mənim!
Sözlər mənasız olarmı?
Sual cavabsız qalarmı?
Səbir kasası dolarmı?
Bitib gümanım mənim!
Günəş səmasız olarmı?
Yollar karvansız olarmı?
Məktub ünvansız olarmı?
İtib ünvanım mənim!
GÜNEL MƏMMƏDOVA,
turan.info.az
.