Ermənistan rəhbərliyinin və Kremlin əməllərinə etiraz əlaməti olaraq, 1988-ci il noyabrın 17-də Bakının baş meydanında – Azadlıq meydanında Azərbaycan ictimaiyyətinin müddətsiz mitinqi vüssət aldı.
1988-ci ildə Azərbaycan SSR-də anti-sovet xalq hərəkatı başladı. İlk etiraz mitinqi 1988-ci il fevralın 19-da Bakıda başladı. Topxana hadisələri ilə mitinqlərin yeni dalğası - Meydan hərəkatı (1988-ci il 17 noyabr - 5 dekabr) yarandı və dekabrın 4-də hakimiyyət orqanları Azadlıq meydanındakı oturaq mitinqi ordunun köməyi ilə dağıtmağa nail oldular.
Xalq hərəkatı təkcə Bakıda deyil, Naxçıvan, Gəncə və Lənkəranda da kütləvi xarakter aldı.
Respublikamızın bütün şəhər və rayonlarını bürümüş qüdrətli xalq hərəkatı kommunist rejimini Azərbaycandan süpürüb atmaq təhlükəsi yaratmışdı. Xalq hərəkatı bütün əzəməti ilə göz qabağında idi.
1988-ci il noyabrın 17-də xalq Bakı şəhərində Azadlıq meydanına axışmaqla 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet İmperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində başlamış erməni separatizmini və terrorunu dəstəkləyən, ermənilərin Azərbaycana qarşı torpaq iddialarına rəvac verən, Azərbaycan xalqının hüquq və mənafelərini qorumayan bir rejimə qarşı kütləvi xalq hərəkatı məhz 17 noyabrda başlandı. Həmin gün Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, o, azad olmağa layiq xalqdır.
Bütün bu ədalətsizliklərlə və ərazi bütövlüyünə edilən qəsdlərlə razılaşmayan Azərbaycan xalqı 17 noyabrda ayağa qalxdı. Həmin günlərdə "Meydan hərəkatı" adını almış bu hərəkatla Sovet müstəmləkə rejimi şəraitində repressiyalara məruz qalmış milli şüur yenidən oyandı, özünüdərkə doğru bir dönüş başlandı.
Ermənistanda və Dağlıq Qarabağda azəri türklərinə qarşı yönəldilmiş soyqırımı Sovet ordusu tərəfindən dəstəklənirdi.Təpədən-dırnağadək silahlanmış erməni quldurları əliyalın, dinc əhalini müdhiş bir amansızlıqla qətlə yetirirdilər. Qaniçən vəhşilər heç kimə: qocalara, körpələrə hətta hamilə qadınlara belə aman vermirdilər.Vəzifə kreslosunu qoruyub saxlamaq naminə Moskva qarşısında yaltaqlanan və acizlik göstərən o zamankı kommunist rəhbərliyi xalqın və vətənin həqiqi mənafeyi keşiyində dura bilmirdi.
XX əsrin 80-ci illərinin sonunu Azərbaycan xalqının siyasi oyanışı, onun siyasi proseslərdə fəal iştirakı dövrü kimi səciyyələndirmək olar. Azərbaycan xalqının siyasi oyanışı 1987-ci ilin axırları – 1988-ci ilin əvvəlində başlanmış, 1990-cı ilin yanvar hadisələrindən sonra keyfiyyətcə yeni hərəkata – milli azadlıq hərəkatına çevrilmiş xalq hərəkatı ilə bağlıdır. Anti-sovet xalq hərəkatı fonunda 23 sentyabr 1989-cu ildə Azərbaycan SSR Ali Soveti "Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında" Azərbaycan SSR-in Konstitusiya Qanununu qəbul etdi. Bu qanunun 5-ci maddəsində qeyd edilir ki, "Azərbaycan SSR-in suverenliyi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla respublikanın bütün ərazisinə şamil edilir" və "Azərbaycan SSR-in digər müttəfiq respublikalarla sərhədləri yalnız müvafiq respublikaların qarşılıqlı sazişi üzrə dəyişdirilə bilər".
1990-cı il yanvarın 20-də Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini hakimiyyətdə saxlamaq və güclü milli-azadlıq hərəkatına çevrilməkdə olan oyanışı boğmaq məqsədilə Bakıda Sovet Ordusu tərəfindən 20 Yanvar faciəsi törədildi. Törədilən vəhşiliklər nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı həlak oldu və yaralandı. Ölkədə 1991-ci ilin ortalarınadək davam edən fövqəladə vəziyyət elan olundu. 30 avqust 1991-ci il tarixində Azərbaycanın Ali Soveti 23 sentyabr 1989-cu il tarixli Konstitusiya Qanununu əsas götürərək, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası tərəfindən bəyan edilmiş dövlət müstəqilliyinin bərpasını elan etdi.
Beləliklə, Topxana meşəsi ilə bağlı başlanan 1988-ci ilin Meydan hadisələri daha sonra Azərbaycan Milli-Azadlıq Hərəkatına çevrildi. 1988-1991-ci illərin anti-sovet xalq hərəkatı nəticəsində 18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu və Azərbaycan XX əsrdə ikinci dəfə (1991-ci il, 18 oktyabr) müstəqil dövlət olaraq öz varlığını dünyaya elan etdi.
1989-cu ilin iyununda Azərbaycan Xalq Cəbhəsi (AXC) təsis edildi. Elə həmin ilin sentyabrında Ali Sovetin Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul etməsi Moskvanı daha da qıcıqlandırdı və 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu silahdan istifadə edildi. Yüzlərlə aksiya iştirakçıları və dinc sakin vəhşicəsinə qətlə yetirildi. Amma bu hadisə xalqımızın milli qürurunu sındıra bilmədi. Əksinə, azadlıq hərəkatını daha da sürətləndirdi. 1990-cı il seçkilərində AXC rəhbərlərinin əksəriyyəti Ali Sovetin deputatı mandatını qazandılar və Demokratik Blok adlı fraksiya yaratdılar. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi elan olundu. 1992-ci ilin mayında isə AXC hakimiyyətə gəldi. Qısa müddət ərzində Azərbaycan Respublikasının müstəqilliyinə real təhlükə olan SSRİ qoşunları Azərbaycandan çıxarlıdı. Məhz həmin gün o dövrkü Lenin meydanı-indiki Azadlıq meydanında ilk dəfə Azərbaycanın milli bayrağı qaldırıldı. Bakının baş meydanında ilk mitinq noyabrın 17-də keçirildi və 18 gün fasiləsiz davam etdi. Təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra prezident Əbülfəz Elçibəy 17 noyabrın Milli Dirçəliş Günü adlandırılması və rəsmi dövlət bayramları sırasına daxil edilməsi haqda fərman verdi. 2006-cı ilə qədər 17 noyabr qeyri-iş günü olaraq dövlət səviyyəsində bayram edilirdi.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla ümummilli liderimiz milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı.
Ulu öndərin Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar Respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olunmuşdur. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürülmüşdür. Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsadət qaldırmışdır. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyulmuşdur. Beləliklə, 1992-ci ildən bəri noyabrın 17-si Milli Dirçəliş günü kimi qeyd edilir.
Ceyhun Ağabəyov
.