Söhbət filologiya elmləri doktoru, Azərbaycan Ali Sovetinin (Milli Məclisinin) deputatı, şərqşünas-alim, “Koroğlu” eposunun Tiflis nüsxəsini ilk dəfə üzə çıxardan Dilarə Əliyevadan gedir.
Dilarə xanım mərd, mübariz insan, Azərbaycanın milli azadlığı uğrunda mücadiləyə qatılan ilk xanım ziyalılardan biri idi.
Həyatını Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu ilə bağlamışdı.
1950-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirdikdən sonra
Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdu.
25 yaşında – 1954-cü ildə Azərbaycan – gürcü ədəbi əlaqələrindən dissertasiya müdafiə edərək filolofiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
“Nizami və gürcü ədəbiyyatı” mövzusunda doktorluq dissertasiyasını isə 1984-cü ildə müdafiə etmişdir.
O vaxt İnstitutumuzun direktoru professor Yaşar Qarayev İçəri Şəhərdən çox çətinliklə aldığı binanı (Kiçik Qala küç. 31) Folklor Sarayı (indiki AMEA Folklor İnstitutu – A.R.) adlandıraraq məni ora müdir təyin etmişdi. Burada obyektiv səbəblər ucbatından işlərin zəif getməsinə baxmayaraq direktor demək olar ki, günaşırı Folklor Sarayına gəlir, hər dəfə də ozü ilə tanınmış ziyalıları, məmurları, iş adamlarını dəvət edir, vəziyyətlə bağlı məlumat verirdi.
1991-ci ilin mart ayının 25-i, Novruz bayramından sonra ilk iş günü idi. Günorta Yaşar müəllim Folklor Sarayına deputat Dilarə Əliyeva və İmamverdi Həmidovla gəldi. Ənənəvi mövzuda söhbətdən sonra direktor İnstituta qayıdacaqlarını və mənim də onlarla getməyimi təklif etdi. Yolda Dilarə xanım bəzi vacib sənədlərin evdə qaldığını bilirərək sürücüyə ev ünvanını xatırlatdı. İnstitutun köhnə QAZ-24-ü Dəmir Yol idarəsinin sol qanadında yerləşən çoxbloklu yaşayış binasının tağlı girişindən həyətə daxil oldu. Dilarə xanım “Tez qayıdacam” – deyərək tələsik avtomobildən düşdü, bir anlıq dayanaraq: “Bəlkə evə gedəyin” – dilucu təklif etdi. Cavabın ləngidiyini duyaraq ərkyana dedi: “İndi nahar vaxtıdı. Novruz bayramında bişirdiyim xörəklər hələ də soyuducudadır. Tez olun, maşından düşün…”
Yaşar müəllimin çöhrəsində razılıq əlamətini gördükdən sonra ürəklənərək dedim: Dilarə xanım, Sizi görkəmli ədəbiyyatşünas alim, tərcüməçi, ictimai xadim kimi yaxşı tanıyırıq. Amma, evdar xanım kimi yox... Gözəl təklifdir…
Beləliklə, Dilarə xanımın mənzilinə daxil olduq. Evdə heç kəs yox idi. Dilarə xanım böyük zövqlə stol açdı, bişirdiyi ləziz xörəkləri süfrəyə düzdü. Gənc olduğum üçün dolabın ən hündür, əl çatmayan hissəsindən şirə, kampot və s. içkilər endirməli oldum. Gözəl məclis alındı. Çox keçmədi ki, Dilarə xanımın həyat yoldaşı gələrək bizə qoşuldu. Söhbət əsnasında Dilarə xanım kövrələrək dedi ki, Tiflisdə doğulsam da, əslimiz Təbrizlidir. Təbriz üçün burnumun ucu göynəyir... Yaşar müəllim özünəməxsus təmkinlə təsəlli verərək ona xatırlatdı ki, aprel ayının 30-da Nizami Gəncəvinin 850 illik yubileyini keçirmək üçün Ankaraya gedən nümayəndə heyətinin tərkibində Siz də varsınız. Professor növbəti tədbirin Təbrizdə keçiriləcəyini və Dilarə xanımın da o konfransa dəvət olunacağını məmnunluqla bildirdi. Məclisin qızğın məqamında giley-güzar yüklü lirik notlara da toxunuldu… Amma, Dilarə xanımın məclisinə, səliqəsinə, sadəliyinə, səmimiyyətinə, istiqanlılığına söz ola bilməzdi…
…1991-ci il martın 25-də qonağı olduğumuz evin yerləşdiyi küçə bu gün Azərbaycan Respublikası Ali Sovetinin (Milli Məclisinin) deputatı, filologiya elmləri doktoru, şərqşünas-alim, tərcüməçi Dilarə Əliyevanın adını daşıyır. Onun ədəbiyyatşünaslıq elmində də öz yolu, öz küçəsi var…
Asif Rüstəmli
20.04.2020
turan.info.az
.