Mən bu elə, bu torpağa, bu yerin insanlarına çox bağlı bir adamam. Çoxsaylı dostlarım var bu diyardan-özü də müxtəlif zümrənin insanlarından. Bəzən, məni elə borçalılı kimi qəbul eliyənlər də olur.
Mən bu bölgənin insanlarının “dilini”, xarakterini bilən, adət-ənənəsinə yaxından bələd olan, spisifik xüsusiyyətlərini dərindən mənimsəyən bir adam olaraq, borçalılılarla ünsiyyətim zamanı qətiyyən çətinə düşmür və qarşılıqlı anlayışda ola bilirik.
Borçalı camaatı əksərən çox əməksevər və məhsuldar insanlardılar.
Hansı sahədə çalışmalarından asılı olmayaq, o sahənin işini alt qatına qədər öyrənər, təbii ki, buna uyğun olaraq da, faydalı iş əmsalına məlik ola bilirlər.
Yuxarıda qeyd elədiyim kimi, Borçalı həm də də, öz ziyalı insanları ilə öyünə biləcək bir türk diyarıdır.
Borçalı Azərbaycan elminə çoxsaylı və dəyərli elm xadimləri bəxş etmişdir.
Bu yazımda haqqında bəhs etmək istədiyim dəyərli el adamı da bu qismdən olan insanlardandır.
Mədəd Çobanov - türkoloq və toponomist alim, Nyu-York Elmlər Akademiyasının akademiki, Türk Dili Kurumunun üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü...
Bakıda keçirilən, Mədəd müəllimin də iştirak etdiyi Borçalı məclislərində bir neçə dəfə mən də iştirak etməyimə və onun mövzu üzrə fundomental və maraqlı çıxışlarını diqqətlə dinləməyə müyəssər olsam da, təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, onunla şəxsi tanışlığımız və canlı ünsiyyətimiz olmamışdır.
Amma Mədəd müəllim haqqında, onun elm sahəsindəki uğuları, yenilikləri, aparıcısı olduğu elm sahəsinin nüfuzlu şəxsiyyətlərindən olduğu barədə onu yaxından tanıyan səriştəli insanlar tərəfindən aparılan söhbətlərin dəfələrlə şahidi olmuşam.
Mədəd Namaz oğlu Çobanov - bahar çağında, 11 aprel 1937-ci il tarixdə Borçalı mahalında, Bolnisi rayonunun (o zamankı Lüksenburq rayonunun) Darvaz kəndində dünyaya göz açmış, orta məktəbi başa vurduqdan sonra A.S.Puşkin adına Tiflis Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinin Azərbaycan bölməsində təhsilini davam etdirmiş, ali təhsilini müvəffəqiyyətlə bitirdikdən sonra doğma Darvaz kəndində pedaqoji fəaliyyətlə məşğul olmuş, bir müddət sonra isə hərbi xidətə çağrılmış və orada Kiçik komandirlər məktəbini də “əla” qiymətlərlə bitirmişdir.
O, əsgəri xidmətdən təxris olunduqdan sonra, Bolnisi rayon Komsomol Komitəsində, bir il sonra isə rayon Partiya Komitəsində fəaliyyət göstərməklə yanaşı, Azərbaycan MEA-nın İ.Nəsimi adına ET Dilçilik institutunun aspiranturasında təhsilini qiyabi olaraq davam etdirmişdir.
Mədəd Çobanov 1973-cü ildə Daşkənddə - Özbəkistan EA-nın Dil və Ədəbiyyat İnstitutinda "Bolnisi rayon şivələrinin leksikası" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş, elə həmin ildən də A.S.Puşkin adına Tiflis Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində müəllimlik fəaliyyətinə başlamışdır. O, burada 1978-1993-cü illərdə dosent, kafedra müdirinin müavini, kafedra müdiri əvəzi, Metod Şura sədrinin müavini kimi vəzifələri də icra etmişdir.
Mədəd müəllim 1992-ci ilin fevral ayında Bakı Dövlət Universitetində "Azərbaycan antraponimiyasının əsasları” mövzusunda doktorluq disertasiyasını da uğurla müdafiə etmiş və elə həmin 1993-cü ilin oktyabrında çalışdığı Tiflis Dövlət Pedaqoji İnstitutunda professor vəzifəsinə seçilmişdir.
Burada qeyd etmək yerinə düşər ki, Mədəd müəllim öz doğma Azəribaycan dili ilə yanaşı, türk, rus və gürcü dillərini də mükəmməl bilmişdir. Elə onun A.S.Puşkin adına Tiflis Dövlət Pedaqoji İnstitutunda yüksək vəzifələr tutmasına gürcü dilini mükəmməl bilməsi amili də öz təsirini göstərmişdir. Onu da qeyd edək ki, 1977-ci və 1991-ci illərdə Tiflisdə, 2000-ci və 2006-cı illərdə Bakıda çap olunmuş ilk “Azərbaycanca-Gürcücə” və “Gürcücə-Azərbaycanca” danışıq lüğətlərinin də müəllifi və tərtibçisi məhz Mədəd müəllim olmuşdur (M.İ.Çinçaladze ilə birlikdə).
1994-cü ildən həyat və fəaliyyətini Bakıda ilə bağlayan Mədəd müəllim, əvvəlcə Azərbaycan Futurologiya Universitetində prorektor, sonralar isə Azərbaycan Elitar universitetində rektor, Azərbaycan Baş Prdaqoji Kadrların İxtisasının Artırılması və Yenidənhazırlanması İnstitutunda isə dekan vəzifəsində çalışmış, Azərbaycan Respublikası "Təhsil" Mərkəzinin baş direktoru olmuşdur.
O, uzun illər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin “Dillər kafedrası”nın müdiri, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuşdur.
Elmi əsərləri dünya çapında qəbul olunan professor Mədəd Çobanov Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü də seçilmişdir.
Mədəd müəllim, müxtəlif illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində və Azərbaycan Texniki Universitetində də dərs demiş, maraqlı mühazirələr oxumuşdur.
Professor Mədəd Çobanovun yüzlərlə müəllimin, onlarla alimin yetişməsində böyük əməyi olmuş, gənc aspirantların elmi rəhbəri, məsləhətçisi, opponenti və rəyçisi olmuşdur.
Mədəd müəllim danılmaz zəhməti və elmi araşırmaları nəticəsində "Azərbaycanşünaslığın əsasları", "Azərbaycan onomastikası", "Azərbaycan antroponimiyasının əsasları", "Borçalı toponimləri", "Borçalı şivələrinin leksikası", "Mətnin linqvistik təhlili", "Pedaqoji məsələlər", "Dədə Qorqud - Qəhrəmanlıq dastanı”, “Qələbə-60, Borçalı azərbaycanlıları ikinci dünya müharibəsinin cəbhələrində”, “Türk ədəbi dillərinin birliyinə doğru” (I və II cildlər) “Ədəbi düşüncələr” (I, II və III cildlər), "Dilçilik məsələləri" (I və II cildlər) və s. adda 80-dən çox kitabın, o cümlədən, 15 monoqrafiya, dərslik və dərs vəsaitlərinin, "Eçmiədzin" türk sözüdür" ("Ziya" qəzeti. 27.04.1992), "Eçmiədzin" nə deməkdir?" ("Vətən səsi" qəzeti. 20.11.1992) və s. bu kimi elmi tədqiqat əsərlərinin ərsəyə gəlməsinə nail ola bilmiş və onun əsərləri görkəmli alimlər və səriştəli mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
O, təkcə Azərbaycanda deyil, həmçinin qardaş Türkiyədə, Rusiyada, Gürcüstanda və Orta Asiya ölkələrində keçirilən Beynəlxalq elmi qurultaylarda, elmi-nəzəri konfranslarda, simpoziumlarda, elmi-praktik seminarlarda məruzələrlə çıxış etmiş Azərbaycan aliminin çoxsaylı elmi məqalələri və kitabları həmin ölkələrdə də nəşr olunmuşdur.
Mədəd müəllim tanınmış türkoloq olaraq, Türkiyə Dil Kurumunun üzvü də seçilmişdir. Müxtəlif mükafat komissiyalarının, qəzet və jurnalların redaksiya heyətlərinin üzvü seçilmiş professor Mədəd Çobanov, müxtəlif illərdə bir çox fəxri fərmanlarla, medallarla və mükafatlarla təltif edilmiş, Azərbaycan elminə verdiyi töhvələrə görə Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdünə layiq görülmüşdür.
Elm fədaisi olan professor Mədəd Çobanovun 60, 70, 75 və 80 illik yubileyləri müvafiq olaraq 1997, 2007, 2012 və 2017-ci illərdə təntənəli şəkildə qeyd olunmuş, şərəfli həyat və fəaliyyəti haqqında kitablar yazilmış, məqalələr çap olunmuş, filmlər çəkilmiş, radio və televiziya verilişləri hazırlanaraq efirdə yayımlanmışdır.
Mədəd müəllim həm də gözəl ailə başçısı olmuş, ömür-gün yoldaşı-tibb işçisi Rima Nadir qızı ilə birlikdə 5 övlad - 4 qız və 1 oğul böyüdərək boya-başa çatdırmış, onların ali təhsilli almaları üçün valideyin qayğısını göstərmişdir ki, oğlu və iki qızı müxtəlif elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşlər.
O, həm də xoşbəxt baba və ulu baba olmaqla, doqquz nəvə, on beş nəticə görmək fərəhini yaşamışdır.
Görkəmli Azərbaycan alimi, elm fədaisi, işıqlı insan, professor Mədəd Çobanov 2023-cü il iyunun 2-də 86 yaşında Rəbbimizin rəhmətinə qovuşmuş və Bakının “Dədə Qorqud” qəbristanlığında torpağa tapşırılmışdır.
Mədəd müəllimin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq, onun qiymətli əsərləri isə gənc nəsin təhsildə inkişafına təkan verməklə, müəllifini həmişəyaşarlar sırasına yazacaqdır.
Min rəhmət, Ustad!
Məkanınınız cənnət, ruhunuz Uca Dərgahda xoşhal olsun, amin!
ADIN GÖYDƏN GƏLİB-MƏDƏD!
Ruh almısan Borçalıdan,
Çeşni buta, al xalıdan.
Sən tək azdı, el yarıdan-
Dilində Rəbb, ya Məhəmməd,
Adın göydən gəlib - Mədəd!
Türk ellisən-Darvazlısan,
Şirin şivə-avazlısan.
Sən KÜRlüsən, ARAZlısan-
Səninçün yox, türkə sərhəd,
Adın göydən gəlib - Mədəd!
Yer göstərdin elmliyə,
Çağırdın türkü birliyə.
Baxmadın gəlmə, yerliyə-
TURAN sənçün vahid-ədəd,
Adın göydən gəlib - Mədəd!
Araşdırdın keçmişləri,
Tarixdən su içmişləri.
Saxtaları, bişmişləri-
hər yazdığın dürüst sənəd,
Adın göydən gəlib - Mədəd!
Sən evdən yox, eldən getdin,
Çox sevdiyin dildən getdin.
Bülbül idin, güldən getdin-
Yox elminə, dünyada sədd,
Adın göydən gəlib - Mədəd!
Müddətdir ki, boşdur yerin,
Əvəzindir əsərlərin.
Arxada qalmaz gözlərin-
övladların mərd və comərd,
Adın göydən gəlib - Mədəd!
Yaddaşdasan sən hər kərə.
Susan, dövrə vuran pərə.
Meydanlıdan xoş xatirə -
dünya fani, eyləmə dərd,
Adın göydən gəlib - Mədəd!
Fəxrəddin MEYDANLI,
Şair-publisist,
Azərbaycan Jurnalistlər Birliyinin,
Azərbaycan Yazıçılar Birliyinin və
Azərbaycan Aşıqlar Birliyinin üzvü
03.03.2024, Bakı
turan.info.az
.