Böyük ustad ilk dəfə “Sirlər xəzinəsi” ilə Yaxın Şərqdə şöhrət tapmışdır. Bu əsərdən əvvəl isə Nizami bir çox lirik şeirlər yazaraq, böyük həcmli divan yaratmışdır. Araşdırmaçı təzkirə müəllifləri bu divanın ümumi həcminin 20 min beytdən ibarət olduğunu qeyd göstərirlər.
Bir çox mütəfəkkir alimlər Nizaminin əsərlərinə gözəl təriflər söyləyirdilər. Görkəmli filosof M.F.Axundov Nizaminin lirikasında şeirin ən incə məziyyətlərinin toplandığını, burada dərin məna gözəlliyinin olduğunu və ən kiçik parçada dərin, gizlin bir fəlsəfi fikirin olduğunu qeyd edirdi. Bu fəlsəfi mühakimələrlə yanaşı faydalı məsləhətlərin, nəsihətlərin, hikmətamiz fikirlərin olduğunu da görmək olur. Zaman-zaman Nizaminin lirikasının bir çox ibrətamiz nəsihətləri xalqın dilində zərbüməsəl şəklini almışdır.
Nizami Gəncəvi yaradıcılığının istər sovet dövründə, istər ondan əvvəl, istərsə də bu gün nə qədər mükəmməl olduğu məlumdur. O, elə bir mütəfəkkir idi ki, onun şöhrəti elə o zamanlarda uzaq Hindistana qədər gedib çıxa bilmişdir. Nizaminin əsərlərindən alınan parçalarla öz yaradıcılıqlarını gözəlləşdirən, bəzəyən bir çox sənət adamları olubdur ki, buna misal olaraq Azərbaycanın görkəmli şairi Arif Ərdəbilinin “Fərhadnamə” əsərini göstərə bilərik.
XIV əsrdə yaşayıb-yaratmış Arif Ərdəbili “Fərhadnamə” əsərini məhz Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının motivləri əsasında meydana çıxarmışdır. Bundan başqa orta Asiyanın nəhəng şairlərindən hesab edilən Əbdürrəhman Cami, Nizaminin “İsgəndərnamə”si əsasında “Xirədnameyi-İsgəndər” əsərini yazmışdır.
Nizami yaradıcılığı elə bir məktəb idi ki, ora baş vuran hər kəs mütləq nəsə bir yenilik tapıb, öyrənə bilirdi. Bu da sözsüz ki, ədəbiyyatın inkişafına təkan verən amillərdən hesab edilir.
Dahi Nizaminin yaradıcılıq xəzinəsi olduqca zəngin və rəngarəngdir. Bu zəngin xəzinə ədəbiyyatımızın nadir şəxsiyyətlərindən olan Məhəmməd Füzulinin də diqqətini cəlb edir və o məşhur “Leyli və Məcnun” əsərini N.Gəncəvinin eyniadlı əsərinin motivləri əsasında yazır.
Nizami Gəncəvi yaradıcılığına təkcə Yaxın və Orta Şərqdə deyil, Avropada da böyük maraq var idi. Fransa, Almaniya, İngiltərə və Rusiyada nəhəng ədəbiyyat ustadları N.Gəncəvi yaradıcılığına xüsusi maraq göstərirdilər.
XIX əsrdən başlayaraq Qazanda və Peterburqda rus alimləri dahi Nizami haqqında müxtəlif elmi-kütləvi məqalələr və onun əsərlərindən tərcümələr edərək nəşr etdirirdilər. F.Erdman və F.B. Şarmuanın bu yolda göstərdikləri səylərini xüsusilə qeyd etmək lazımdır.
1141-ci ildə ən qədim şəhərlərimizdən olan Gəncədə doğulub, boya-başa çatmış İlyas Yusif oğlu Nizami bütün gəncliyini Gəncədə keçirmiş, təhsilini orada almış və ciddi elmlərdən hesab edilən tarix, fəlsəfə, məntiq, poetika, astronomiya, həndəsə, coğrafiya və digər elmlərə mükəmməl yiyələnmişdir. Eyni zamanda incəsənətin rəssamlıq, müsiqişünas, memarlıq kimi sahələrinə də xüsusi maraq göstərirdi. Nizami Gəncəvinin dünya elmlərinə maraq göstərməsində və dünya xalqlarının əsərlərini dərindən öyrənməsində, onun bir çox dillərdə mükəmməl danışmağı və mütaliə etmək bacarığı həmişə köməyinə gəlirdi. O, Azərbycan dili ilə yanaşı, fars, ərəb, pəhləvi dillərini də gözəl əxz etməyi bacarırdı. Zəngin biliyə və mədəniyyətə malik olan dahi Nizami həm də vətənpərvər şair idi. O, xalqının qəhrəmanlıq tarixini dərindən öyrənmək üçün çoxlu mütaliə etməklə yanaşı, həm də o dövrün alim, bilikli və təcrübəli insanlarından dərs alırdı. Şübhəsiz ki, bu öyrəndiklərinin onun yaradıcılığında xüsusi rolu olmuşdur.
Nizami Gəncəvi yaşa dolduqca özünə qarşı daha tələbkar olurdu. O, bacardığı qədər saray mühitindən uzaq olmağa çalışır və öz aləminə çəkilərək rahat, sakit həyat sürməyi daha üstün tuturdu. Lakin, bəzi saray şairləri onu özlərinə rəqib bilərək, şairə həsəd aparır, hətta öz acizliklərini belə gizlədə bilməyirdilər. Nizami belə adamları “ədəbiyyat, söz oğrusu” adlandırırdı və yeri gəldikcə öz poemalarında bu tipləri ifşa edirdi.
O kəslər ki, qızılcın ölüb əldən gedirlər,
Sözünsə sikkəsini qızılla məhv edirlər.
Bir sözlə, bu pulpərəst, küt şairlər ki, vardır,
Yüksək yer tutsalar da, ən alcaq adamlardır.
deməsi bunu açıq-aydın göstərir.
Gənc yaşlarından saray şairlərinə, şeirin şərəfini satanlara nifrətini gizlətməyirdi. O, belə şairlərin çirkin əməllərini gördüyünə görə bacardığı qədər çalışırdı ki, saray mühitindən, saray şairlərindən uzaq olsun.
Nizami Gəncəvinin yaradıcılığının gücü, sirri bu günümüzdə də öz aktuallığını saxlamaqdadır. Belə ki, şairin əsərlərindəki məqamların bu günümüzlə səsləşən əsərlər olduğunu söyləmək daha doğru olar.
Nizami Gəncəvi haqqında o qədər də əlimizə dolğun məlumat gəlib çatmayıbdır. Bu da ondan irəli gəlir ki, şair özü haqqında əsərlərində çox az qeydlər göstərmişdir. Vəfatından sonra isə bir çox şair və qələm sahibləri onun həyatına dair bəzi dəlillərin əsasında şairin tərcümeyi-halı barəsində uydurmalar, əfsanələr yaratmış və onu “möcüzəli-kəramət” sahibi kimi, yəni şeyx kimi insanlara tanıtdırmağa çalışmışlar.
XIX əsrin sonlarından başlayaraq, əvvəlcə Rusiyadan və Macarıstandan, daha sonra Sovet İttifaqından və İrandan olan alimlər və araşdırmaçılar Nizaminin əsərlərində bəzi işalərədən istifadə edərək şairin tərcümeyi-halını yarada bilmişlər. Şairin əsərlərində o dövrün abı-havasını tərənnüm edən məqamlar bunların ortaya çıxarılmasına şərait yaratmışdır. Nizami Gəncəvinin tərcümeyi-halı haqqında yazılmış digər yazılara nisbətdə macar alimi V. Baxerin yaratdığı ilk elmi tərcümeyi-halını daha qənaətbəxş hesab etmək olar.
Sovet şərqşünası Y.N.Marr 1926-cı ildə İran yazıçılarının ədəbi məclisində çıxış edərkən demişdir:
“Leninqradda (indiki Sank-Peterburq) çalışan müəllimlərim bu fikirdədirlər ki, bəşəriyyət tarixində və bütün dünyada hələ indiyə qədər Nizamiyə bərabər başqa bir şair yaranmamışdır”. Bu Nizami Gəncəvinin bir daha dünya ədəbiyyatı tarixindəki rolunun nə qədər yüksək olduğunu göstərir.
Nizami Gəncəvi ədəbiyyatımızın sönməyən çırağı, bənzərsiz aynasıdır. Hələ XIX əsrin sonlarında XX əsrin əvvəllərində yazıb-yaradan görkəmli ədəbiyyatşünas, folklorşünas və gözəl pedaqoq Firidun bəy Köçərli Azərbaycanın şairləri haqqında məlumat toplayarkən, ilk olaraq Nizami Gəncəvinin adını qeyd etmişdir. Sadəcə Nizami Gəncəvinin əsərləri o dövrün tələbinə uyğun olaraq farca çoxluq təşkil etdiyindən, Firidun bəy Köçərli də dahi şairin Azərbaycan əlifbasında yazılmış əsərlərini əldə edə bilməmişdir. Bu mübahisəli səbəbdən də bəziləri onu fars, bəziləri isə türk şairi olduğunu iddia edirdilər.
Bir çox mənbələrdə Nizami Gəncəvini eşq şairi də adlandırırlar. Əslində Nizami İlahi eşq aşiqi idi.Təbidir ki, insan ilahi eşqə düçar olarsa, onun gözündə bütün eşqlər gözəl görünər və o eşq üçün yaşamağın nə demək olduğunu anlayar. Nizami Gəncəvi eşqin möhtəşəm abidəsini “Xosrov və Şirin” əsərində yaratmış, məhəbbətin qüdrətini tərənnüm etməyə çalışmışdır. Dahi Nizami bu əsərində yazırdı: “Mənim yanımda eşqdən gözəl bir şey yoxdur. Nə qədər ki, sağam, qoy eşqdən başqa işim olmasın. Fələyin eşqdən özgə mehrabı yoxdur. Eşq torpağı olmazsa yer üzündə su tapılmaz. Göylər eşqdən azad olsaydı, yer üzü abad olmazdı. Eşq dərdindən yaxşı dünyada heç nə yoxdur, onsuz gül gülməmiş və bulud ağlamamışdır”.
Nizami Gəncəvinin tarixi şəxsiyyət olması artıq əsrlərdir ki, təsdiqlənmiş və bu gün də onun əsərləri dünya ədəbiyyatçıları tərəfindən öyrənilməkdədir. Dahi söz ustası əsərlərində hər zaman qəhrəmanlarını yüksəkdə tutmuş, onların əhali tərəfindən rəğbətlə qarşılanmasına çalışmışdır. “Xosrov və Şirin” əsəri Nizaminin şöhrətini demək olar ki, dünyaya yaymışdı. Şairin misilsiz istedadına, yüksək dühasına pərəstiş edənlərin sayı artmışdı. Bütün yaxın Şərq aləmi Nizami Gəncəvini böyük şair olaraq qəbul edirdi. Şairin əsərləri Yaxın Şərq xalqları ədəbiyyatına dərin təsirini göstərirdi.
İranın görkəmli alimi və şairi olmuş Vəhid Dəstgirdinin dahi şairin həyat və yaradıcılığının araşdırılmasında olan xidmətini də qeyd etmək lazımdır. O, Nizaminin dünyanın ən böyük şairi və söz ustadı adlandırırdı və deyirdi: “Nizami əfsanəvi qəhrəmanlar yaratmaq və roman yazmaq sənətinin banisi və ixtiraçısıdır”.
Nizami Gəncəvi həqiqətən də ilahi bir istedada, bacarığa malik olan şəxsiyyət olubdur. O demişdir: “əgər şeirin səni hamıya tanıtdıtmayıbsa, özünü şair adlandırma”.Nizaminin şöhrəti dünyanın hüdudlarına qədər gedib çıxsa da, o özünü şair deyə vəsf etməmişdir.Onun əsərlərinin qüdrəti, əsərlərindəki mütərəqqi ideyaları onun dünyada tanınmasına səbəb olmuşdur.
əbəs deyildir ki, Nizami Gəncəvinin əsərlərini dünya ədəbiyyatı xəzinəsinin zinəti adlandırırdılar. XIII əsrdə yazıb-yaratmış klassik şair Əmir Xosrov Dəhləvi Nizami əsərlərinin mövzuları əsasında ilk “Xəmsə” ni yaradarkən demişdir: “Nizaminin “Xəmsə”si dünya ədəbiyyatının misli olmayan yüksək sənət əsəridir”. O hətta Nizami kimi dahinin şagirdi olmağı ilə də fəxr etdiyini söyləmişdi.
Nizami iki dildə əsər yazarmış: biri öz doğma ana dili olan türk(Azərbaycan) dilində, digəri isə o zaman həm ədəbi dil, həm rəsmi dil olaraq qəbul edilmiş fars dilində olurdu. Bəzən tədqiqatçılar arasında bir çaşqınlıq yaranır ki, Nizami və XII əsrdə yaşamış başqa şairlərimiz əgər doğrudan da azərbaycanca əsərlər yazmışlarsa, onda nədəndir onların farsca əsərləri kimi azərbaycanca yazılmış əsərləri də saxlanmayıb və bu günümüzə gəlib çıxmayıbdır. Yuxarıda qeyd etdiyimiz kimi o dövrdə fars dili dövlət dili və ədəbi dil hesab edilirdi. Bunu bəzi özünü “ali nəslin” nümayəndəsi hesab edən hökmdarlar, feodallar olmuşdur ki, azərbaycanca danışmağı özlərinə həqarət kimi qəbul edirdilər. Bu səbəbdən də bu dildə yazılmış əsərləri qorumağı lazım bilməmş və belə əsərlərin tədricən itib-batmasına şərait yaratmışdılar. İçərimizdən olan düşmənlər həmişə olub, bu gün də var.
Nizami Gəncəvi yaradıcılığı dolğun, dövrün eybəcərliklərini öznüdə əks etdirən məzmunlu əsərlərlə zəngindir, O əsərləri bu gün də oxuduqda günün tələblərinə uyğun olduğunu görmək mümkündür. Nizaminin əsərlərindən o da məlum olur ki, dövr dəyişsə də insanların təvəkkürü çox da dəyişməyibdir. Əsrlər öncə baş verən hadisələr elə bu günümüzdə də realdır. Şair insanların taleyini dərindən düşünərək, nəzərə çatdırmaq istəyibdir ki, insan gərək təkcə özü haqqında deyl, bütünlükdə insanlar haqqında, cəmiyyət haqqında düşünməyi bacarsın. O, bunu insanlığın başlıca vəzifəsi hesab edərək, insanları çalışmağa, yaratmağa çağırır, zəhməti şərəf və səadətin həqiqi mənbəyi olduğunu nəzərə çatdırırdı.
Nizaminin əsərlərində qeyd edilmiş hikmətli sözlərin, nəcib nəsihətlərin nəsillərin tərbiyəsində bilavasitə rolu böyükdür. Şair təlim-tərbiyənin, nizam-intizamın ən önəmli olduğunu, daha sonra isə biliyə, savada yiyələnməyin vacib olduğunu da qeyd edir.
Nizami yaradıcılığında qadın surətlərinin də xüsusi yeri vardır. Belə ki, şairin yaradıcılığı ilə tanış olduqda əsərlərində ağır bir dərdin, kədərin ifadə oldunduğu görünür. Bu həm şairin yaşadığı dövrün ağır qayda-qanunlarından, həm də insanların hüquqsuzluğundan doğan bir kədər idi ki, şair onu əsərlərində bəzən gizlin məqamlarla, bəzən də eyhamlarla göstərməyə çalışırdı. Yaşadığı çətin dövrün ən açınacaqlı həyatı isə qadınların payına düşürdü. Şairin qadın sürətlərini mərd, qeyrətli, fədakar, nəcib, zərif eyni zamanda ötkəm, zəhmli verməsi qadına olan xüsusi hörmət və qayğının təzahürüdür.
Nizmai Gəncəvi “Leyli və Məcnun” əsərində əgər Leylini öz sevgisi uğrunda mübarizə apara bilmədiyini qeyd edirdisə, digər əsərlərində, Şirini, Fitnəni, Bərdə hökmdarı Nüşabənin simasında isə qadınların da kişilərlə bərabər mübariz, sözünü deməyi bacaran və yüksək insanlığa layiq olduğunu göstərməyə çalışmışdır.
Dahi Nizaminin yaşadığı dövrlə bu günümüzün arasından 880 ilə yaxın bir zamanın keçməsinə baxmayaraq, o bu gün də yaşayır və yaşayacaqdır. Görkəmli şəxsiyyət Nizami Gəncəvi Azərbaycan səmasında günəş kimi parlayır və bu günəşin şüaları bu gün də dünyaya işıq saçmaqdadır. Bizim Azərbaycanın böyük mütəfəkkir şairi, alimi, filosofu Nizami Gəncəvi ilə fəxr etməyə haqqımız vardır. Çünki, Nizami dünyaşöhrətli şairdir. O, həqiqi xalq şairidir. Onun işığının zərrəsindən güc alan qələm sahibləri, Nizami yaradıcılığından bəhrələnərək, Azərbaycan ədəbiyyatına misilsiz əsərlər bəxş ediblər. Dünya ədəbiyyatının nadir düha sahibləri sırasında mütərəqqi ideyalarına görə mühüm yer tutmuş Nizami Gəncəvi əbədi olaraq Azərbaycanın mədəniyyət tarixində yaşayacaqdır. Ölməz sənətkar öz ölməzliyinə, insanların qəlbində daim yaşayacağına olan inamını bu sözlərlə ifadə edibdir.
Yüz il sonra desən: hardadır o?
Hər yerdən səs gələr:- burdadır o!
Xalqının taleyi ilə bağlı olan şairin bu qəbildən olan sözləri onun özü haqqında bir çox müsbət fikirlərini təsdiqləyir.
Özün tək diri bil məni cahanda,
Mən də canlanaram, sən canlananda.
Bənzərsiz söz səltənəti yaradan dahi sənətkarın bir daha böyük şəxsiyyət olduğunu bu misralardan görmək olur. Nizaminin ədəbi-irsi, sözünün qüdrəti bitib-tükənməyən qiymətli bir xəzinədir.
Pərixanım Mikayılqızı
“Elm və Təhsil” qəzetinin baş redaktoru,
dövlət qulluğunun baş müşaviri,
AJB-nin üzvü, F.b.Köçərlinin araşdırmaçısı,
bir çox media mükafatları laueratı və
“Xarı Bülbül” medalı mükafatçısı.
turan.info.az
.