“Azərbaycan Dövlət Pedaqoji Universitetinin inkişafının ikinci mərhələsi (1930-1946)” adlı kitabı vərəqlədikcə görürük ki, Fərrux Rüstəmov bu kitabın ərsəyə gəlməsinə xeyli zehni və fiziki əmək sərf etmişdir. Fərrux müəllim kitabda təkcə 1930-1946-cı illərdə fəaliyyət göstərən direktorları, professor-müəllim heyətini, institutun görkəmli məzunları olmuş alim-tədqiqatçıları yox, eyni zamanda institutda fəaliyyət göstərən müəllimlərin milli zəmindəki ruhunu, türkçülüyünü, ümumbəşəri dəyərlərə sadiqliklərini də öz rəng və çalarları ilə ifadə etmişdir. Professor ilk əvvəl kitabda böyuk dövlət xadimi Nəriman Nərimanovun universitetin yaranması üçün göstərdiyi misilsiz xidmətdən, həmçinin Azərbaycan SSR Xalq maarif komissarının müavini, sonradan institutun direktoru olmuş Pənah Qasımovdan və direktor müavini professor B.B.Komarovskidən bəhs edir. Tədqiqatçı alim göstərir ki, tez bir zamanda müəllim kadrları hazırlığının perspektivləri müəyyənləşdirilmiş, həmçinin institut bütün ixtisaslar üzrə müəllim kadrları hazırlayan ali pedaqoji təhsil ocağına çevrilmişdir.
Tədqiqatçı alim unudulmayacaq bir məsələni də oxucuların diqqətinə çatdırır. Yazır ki, 1924-cü ildən V.İ.Leninin adını daşıyan Azərbaycan Dövlət Universiteti ləğv edildiyindən, 1930-cu ildə V.İ.Leninin adı Azərbaycan Dövlət Pedaqoji İnstitutuna verilmişdir. Onu da qeyd edək ki, subyektiv mülahizələr əsasında Azərbaycan Dövlət Universitetinin ləğv edilməsi milli dövlətcilik təfəkkürünün formalaşmasına vurulan ağır zərbə idi. Çətin də olsa elm fədailərinin apardıqları mübarizənin nəticəsində Azərbaycan SSR Xalq Komissarları Sovetinin 19 iyun 1930-cu il tarixli “Azərbaycan SSR ali məktəblərinin və ali texniki məktəblərinin yenidən təşkili və rayonlaşdırılması, onların müvafiq təsərrüfat idarələri və Xalq Komissarlıqları tərkibinə verilməsi haqqında” qərarına uyğun olaraq ali təhsil müəssisələri qənaətbəxş sayılmasa da ixtisas profillərinə uyğun quruldu.
Pedaqoji və elmi-pedaqoji kadr hazırlığının mərkəzinə cevrilən Azərbaycan Dövlət Pedaqoji İnstitutu pedaqogika, psixologiya və ayrı-ayrı fənlərin tədrisi metodikası bir elm sahəsi kimi məhz burada təşəkkul taparaq surətlə inkişaf etdi – deyən Fərrux müəllim arxivləri araşdırmış və oradan 1930-cu ilə aid olan qəbul planını da kitabda işıqlandırmışdır. Kitabda diqqətimizi çəkən bir mühüm məsələ də instituta türkləşdirmə xətti, qəbulu planlaşdırılan 600 tələbənin yalnız Azərbaycan dilini bilənlərin qəbul edilməsi məsələsidir. Başqa rəsmi məktublarda da vurğulanır ki, tədris dili ancaq Azərbaycan dili olmuşdur. İnstitutun 200 nəfər elmi əməkdaşından 189 nəfəri ya türk olmuş, ya da türk dilini bilmişdir [Bax: Azərbaycan Dövlət Pedaqoji Universitetinin inkişafının ikinci mərhələsi (1930-1946), Bakı: səh.10]. Tədiqatçı alim göstərir ki, institut yaranan bir gündən kimya, fizika laboratoriyaları, muzey, kitabxana müəllim və tələbələrin ixtiyarına verilmişdir.
Kitabı vərəqlədikcə görürük ki, ADPİ-nin direktoru Məmməd Bayramovun bir illik fəaliyyəti dönəmində institut intibah dövrünü yaşamışdır. Müəllim kadrları hazırlığında institutun statusunun yüksəldilməsi ilə bağlı xeyli tədbirlər həyata kecirmişdir. V.Xuluflu, B.Çobanzadə, Y.H.Məmmədəliyev, H.Zeynallı, A.Şaiq, Y.Hacıbəyov, Z.Şahtaxtinskaya, C.Cəbrayılbəyli, M.Quliyev, F.S.Qasımzadə, M.M.Mehdizadə, A.Bukşpan, B.B.Komarovski, Ə.Ubaydullin, N.Xalfin, N.Xalfina, A.Masaxanlı, Ə.Eyvazov, Z.Qayıblı, Ə.K.Zəkuzadə, A.Teterev, Ə.Hacıyev, A.Kosıckin, M.Abdullayev, A.Frenkel, T.Abdullayev, M.Şeydayev, S.Hüseynov, H.Əliyev, S.Osmanzadə, V.Mustafayev, Ə.Xudaverdiyev, Ə.Şahmalıbəyov və bu kimi digər görkəmli alim və professorlar pedaqoji institutun tələbələrinə mühazirələr oxumuşlar. Təbii ki, ADPU-nun bu kimi görkəmli alimlərinin oxuduğu mühazirələrdən gələcəyin gənc alim və tədqiqatçıları yetişməliydi, Azərbaycan elmində və mədəniyyətində səlahiyyətli söz sahibinə cevrilməliydi. Heydər Hüseynov (Azərb.EA-nın həqiqi üzvü, professor), Məmməd Cəfər Cəfərov (Azərb.EA-nın həqiqi üzvü, professor), Əzəl Dəmircizadə(Azərb.EA-nın müxbir üzvü, professor), Heydər Əfəndiyev (Azərb.EA-nın müxbir üzvü, professor), Mehdixan Vəkilov (tarix elmləri doktoru, professor. Səməd Vurğunun qardaşı), Ağarəfi Ağayev (kimya elmləri doktoru, professor), Əlyar Qarabağlı (pedaqoji elmlər namizədi, professor), Mirvarid Dilbazi(1934-cu ildən Azərbaycan Yazıcılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1979). "Şərəf Nişanı" (iki dəfə), “Qırmızı Əmək Bayrağı” və “İstiqlal” (1997) ordenləri ilə təltif olunub.) və başqaları kitabda əyani sübut kimi öz faktını tapmışdır.
Göstərilir ki, 1932-ci ildə Pedaqoji İnstitutda 3 fakültə – Ədəbiyyat-ictimaiyyat, Pedologiya-pedaqoji, Təbiyyat-riyaziyyat fəaliyyət göstərmişdir. Bu fakültələrdə B.B.Komarovski, A.O.Makovelski, Fuad İbrahimbəyov, Əhməd Seyidov kimi təcrübəli pedaqoqlarla bərabər Mikayıl Rəfili, Əli Sultanlı, Mehdi Yerevanski, Mehdi Mehdizadə, Savalan Ocaqverdizadə, H.Dadaşov, Feyzulla Qasımzadə, Kamil Balakişiyev, Murtuza Əhmədli, Məmməd Mirzə oğlu Mövsümzadə, Abdulla Qarayev kimi gənc elmi qüvvələr də calışmışdır. 26 kafedrası olan professor-müəllim heyətinin elmi-pedaqoji peşəkarlığının yüksək nəticəsi olmuşdur ki, tələbələrin təlim müvəffəqiyyətləri 97%-ə çatmışdır. Təbii ki, bu kimi göstəricilərin nəticəsi idi ki, institut 1933-36-cı illərdə 8 dəfə keçici Qırmızı bayraq və birinci dərəcəli mükafatlara layiq görülmüşdür [Bax: Azərbaycan Dovlət Pedaqoji Universitetinin inkişafının ikinci mərhələsi (1930-1946), Bakı: səh.17].
Tədqiqatçı alim institutun 1937/38-ci tədris illərini işıqlandırır. Yazır ki, pedaqoji institutda 1533 tələbə təhsil alırdı. Onlardan 560-ı I kurs tələbəsi olmuşdur. Bir il sonra tələbələrin umumi sayı 1934-ə catmışdır ki, onlardan da 670 nəfəri I kursda oxumuşdur. Həmin tələbələrdən 851-i azərbaycanlı olmuşdur. Professor, həmçinin tələbələrin sayının artmasında institutda təşkil edilən illik, altıaylıq və üçaylıq hazırlıq kurslarının mühüm rolundan da bəhs etmişdir. Göstərilir ki, kurslarda 850 nəfərə qədər gənc oxumuşdur. Kursu bitirənlər müsabiqə yolu ilə Pedaqoji İnstituta qəbul olunurdular. Ümumiyyətlə, Pedaqoji İnstitutun tarixində ilk dəfə 1938/39-cu tədris ilində tələbə qəbulunda müsabiqə şəraitinin yaranması da işıqlandırılmışdır.
Mündəricatda diqqətimizi çəkən bölmələrdən biri də “Məkrli erməni siyasəti: Azərbaycan Pedaqoji İnstitutunda erməni şöbəsinin təşkili” adlı bölmədir. Pedaqoji Universitetin 1939-1940-cı tədris illərinə nəzər salarkən görürük ki, artıq milliləşdirmə siyasəti getdikcə öz yerini beynəlmiləlləşdirmə adı altında erməniləşdirmə siyasəti ilə əvəz etmişdir. SSRİ tarixi kafedrasına professor vəzifəsini icra edən M.Q.Əsriyan, Siyasi iqtisad kafedrasına professor əvəzi T.A.Petrosyan, Erməni dili və ədəbiyyatı kafedrasına professor əvəzi A.Q.Ter-Matevosyan, Pedaqogika kafedrasına N.P.Asatur və başqa bu kimi ünsürlər rəhbərlik etmişdir. Ancaq yenə bütün bunlara rəğmən tədqiqatçı qeyd edir ki, 1940/41-ci tədris ilində Pedaqoji İnstitutda 240 nəfər pedaqoji heyət calışmışdır ki, onlardan da 8-i elmlər doktoru, professor, 57-si elmlər namizədi, dosent, 131-i baş müəllim, 44-ü assistent və müəllim idi. Əməkdaşlardan 109 nəfəri (45,4%) azərbaycanlı olmuşdur.
Professor göstərir ki, 1932/33-cü tədris ilində ADPİ-nin bütün fakültələrində erməni şöbəsinin açılması bu məkrli siyasətin nəticəsi idi. Erməni şöbələrinin təşkili institutun professor-müəllim və tələbə heyəti tərkibində ermənilərin ildən-ilə sayının artmasına, onların təşkilatlanmasına və mövqelərinin möhkəmlənməsinə səbəb olmuşdur. 1937-1938-ci illərdə kütləvi repressiyalar zamanı Pedaqoji İnstitutun kafedralarına rəhbərlik edən istedadlı və təcrübəli milli elmi-pedaqoji qüvvələrlə yanaşı, Azərbaycan xalqının tarixini və mədəniyyətini yüksək qiymətləndirən görkəmli rus alimlərinin də bir qrupu (A.N.Cavaxaşvili, A.B.Çiçikalov, A.S.Kovanko, V.S.Yelpatevski, A.F.Lyaster, N.S.Nikolayev, S.Y.Veysiq, P.İ.Kuznetsov, A.P.Kuzovenko, professor A.S.Bukşpan, V.İ.Tixomirov, professor Boris Tixomirov) sıradan çıxarıldı. “Sovet hökümətinə qarşı silahlı mübarizə mövqeyində dayandığına və elmi cəbhədə ziyankarlıq işi apardığına görə” Pedaqoji İnstitutun xeyli əməkdaşı repressiyanın qurbanı oldu. Həbs edilənlərin (professor Vəli Xuluflu, professor Fətulla bəy Rzabəyli, Atababa Musaxanlı, Abdulla Şərifov, Y.V.Çəmənzəminli, professor Əziz Ubaydullin, dosent Əli Nazim, Mikayıl Rəfili, professor İdris Həsənov, professor Abdulla Tağızadə, Həmzə Qasımzadə, dosent Mikayıl Rəhimli, X.L.Xalfin və b.) xeyli hissəsi dərhal güllələndi və ya Sibirə sürgün edildi. Repressiyaya məruz qalanların içərisində ayrı-ayrı vaxtlarda Pedaqoji İnstituta rəhbərlik etmiş Fətulla bəy Rzabəyli, Şarif Manatov, Pənah Qasımov, Məmməd Bayramov, Mirzə Məmmədov, Mirzə Davud Rəsulzadə, Hüseyn Musayev və Siyasi iqtisad kafedrasının müdiri olmuş professor Balabəy Həsənbəyov da (həbs olunanda o, ADU-nun rektoru idi) var idi. Onların həbsi pedaqoji kollektivdə geniş “müzakirə” edilmişdi. Müzakirədə fəallıq göstərən erməni müəllim və tələbələr onları əksinqilabçı və antisovet qüvvə hesab edərək ən sərt cəzaya layiq olduğunu bildirmişdilər.
Əziz oxucu! Professor Fərrux Rüstəmovun arxivin dərinliklərindən tapıb üzə çıxardığı Pedaqoji İnstitutun orqanı olan “Lenin tərbiyəsi uğrunda” qəzetində işıqlandırılan “APİ-də xalq düşmənlərinin kökünü axıra qədər kəsməli” adlı məqaləni həyəcansız oxumaq mümkün deyil. İnstitutda çalışan tanınmış azərbaycanlı və rus alimlərinin həbsindən sonra kafedralarda məsul vəzifələrə maneəsiz olaraq heç bir elmi dərəcəsi olmayan ermənilərin yerləşdirilməsi milli ruha, milli düşüncəyə vurulan sağalmaz yara deyilmi? Belə ki, SSRİ tarixi kafedrasına rəhbərlik M.Q.Əsriyana, Siyasi iqtisad kafedrası T.A.Petrosyana, İngilis dili kafedrasına rəhbərlik tədris və elmi yaradıcılıq işində heç bir səriştəsi, təcrübəsi və elmi dərəcəsi olmayan T.O.Akopavoya, İqtisadi coğrafiya kafedrası T.A.Köçaryana, Marksisizm-leninizm kafedrası Q.A.Simonyana, Ümumi tarix kafedrası S.P.Ağayana, A.A.Paidikyana, A.S.İonesyana, Sov.İKP tarixi kafedrası Q.S.Aslanyana, Dialektik və tarixi materializm kafedrası A.A.Balayana, Pedaqogika kafedrası Q.Q.Karamyana, Tevosyana, Fiziologiya kafedrası N.A.Mandelyana, Rus dili kafedrası V.Z.Keramyana, Dil-ədəbiyyat fakültəsi A.A.Qəribyana və A.A.Balayana həvalə edilməsi Azərbaycanda elmə vurulan ən böyük zərbə deyilmi? S.Abramova adlı erməni isə uzun müddət institut Partiya komitəsinin katibi vəzifəsini daşımışdır. Göründüyü kimi, ermənilər açıqdan-açığa Pedaqoji İnstitutu zəbt etmişlər ki, bu da çəkiləcək bir dərd deyildir.
Professor Fərrux Rüstəmov Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivindən (F.1,siy. 31, sax.vah.484) üzə çıxardığı Bakı şəhər Partiya Komitəsinin katibi Sadıxovun Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ermənilərin həyasızlıqları ilə bağlı Azərbaycan K(b)P MK-ya ünvanladığı məktubu (arayışı) da oxucuda həyacan oyadır. Tədqiqatçı alimin qeyd etdiyi kimi bu, sadə bir məktub deyil, ermənilərin bir institutun timsalında Azərbaycan millətinin başına açdığı oyunların real bir təsviridir. Tədqiqaçının işıqlandırdığı və oxucunun marağına səbəb olacaq məktubdann bir parçaya nəzər salaq:
– İnstitut partiya bürosuna seçilən 11 nəfərdən 4-ü azərbaycanlı, 5-i erməni, 2-si rusdur. Partiya təşkilatına katib Aşumov seçilib. Hazırda 5 nəfər büro üzvü qalıb ki, onlardan da 3-ü erməni, 1-i azərbaycanlı, 1-i rusdur. Digərləri müharibəyə səfərbər olunub və ya başqa işə keçirilib. Hazırda partiya komitəsi katibinin işini onun müavini erməni əsilli Asatur Nəsirov icra edir, baxmayaraq ki, o, yeni katib seçilənə kimi bu vəzifəyə təsdiq olunmayıb.
– Yerli komitənin sədri T.Simonyandır ki, o, ümumiyyətlə, komitəyə seçkilərdə iştirak etməyib. Seçim zamanı APİ-nin partiya təşkilatı və respublika Həmkarlar İttifaqı komitəsinin tərkibində daha bacarıqlı azərbaycanlılar olduğuna diqqət verməyib.
– Azərbaycan Pedaqoji İnstitutunda komsomol işi Osipyana həvalə olunmuşdur. Osipov APİ-nin Komsomol bürosunun üzvü deyil, institutla heç bir əlaqəsi yoxdur. Osipov Xalq Təsərrüfatı İnstitutunda oxuyur və şəxsi münasibətlərinə görə Azərbaycan LKGİ-nin Bakı şəhər katibi Akopyan tərəfindən göndərilmişdir.
– Həmkarlar komitəsinin sədri Bedjanyan seçilib.
– İnstitutun elmi katibi Kazançyanın yerinə nüfuzlu elmlər doktoru, professor və ya dosentin seçilməsi daha məqsədəuyğundur.
– İnstitutun kitabxanasının müdiri Mirzoyanın fəaliyyəti də qənaətbəxş deyil, kitabxananın 18 nəfər işçisindən 13 nəfəri erməni, 2 nəfəri azərbaycanlı, 3 nəfəri digər millətin nümayəndələridir.
– Uzun müddət yataqxana müdiri vəzifəsində çalışan Ələsgərovun yerinə bu işdə heç bir təcrübəsi olmayan Sarkisov təyin olunub.
– Tarix fakültəsinin dekanı Petrosyan, qiyabi üzrə müavini isə Petrosovdur.
Yenə, tədqiqatçı alim arxiv sənədlərinə əsaslanaraq və ürək ağrısı ilə göstərərək qeyd edir ki, Azərbaycanda, Bakının mərkəzində yerləşən Pedaqoji İnstitutda təhsil alan 1530 nəfər tələbənin 543 nəfəri azərbaycanlı, 583 nəfəri erməni, 236 nəfəri rus,168 nəfəri digər millətin nümayəndələri olub. Ermənilər ümumi tələbələrin 38%-ni, azərbaycanlılar 35%-ni təşkil edib.
Müəllif üzdəniraq ermənilərin belə tüğyan etmələrinin qarşısının alınmasını nisbətən də olsa 40-cı illərin ikinci yarısında instituta direktor təyin olunan Əhməd Seyidovun barışmaz mövqeyi ilə izah edir. Göstərilir ki, növbəti tədris ilində ADPİ-yə 30% azərbaycanlı, 60% erməni və 10% rusun qəbulu planlaşdırılanda Əhməd Seyidov bu ədalətsiz bölgüyə etiraz etmiş, özü tələbə qəbuluna aşağıdakı kimi düzəliş etmişdir: instituta 70% azərbaycanlı, 15% erməni və 15% rus qəbul edilsin. Tədqiqatçı bunu da qeyd edir ki, Əhməd Seyidova qarşı kəskin hücumlar, təhdidlər olsa da millətsevər alim Əhməd Seyidov etdiyi düzəlişin üstündə qətiyyətliliyini göstərmişdir. Kitabda işıqlandırılan Mircəfər Bağırovla millətsevər və əvəzolunmaz pedaqoq-alim Əhməd Seyidovun debatı da fikrimizcə oxucuların marağına səbəb olacaqdır.
Kitabda, həmçinin Böyük Vətən müharibəsi illərində pedaqoji institutun məzunlarından döyüşə gedərək qəhrəmancasına həlak olanların, qələmini silahla əvəz edən müəllimlərin də adları kitabda öz əksini tapmışdır [Bax: Azərbaycan Dövlət Pedaqoji Universitetinin inkişafının ikinci mərhələsi (1930-1946). Bakı: “Elm və təhsil”, 2021, səh.155].
Əməkdar elm xadimi, professor Fərrux Rüstəmovun ərsəyə gətirdiyi “Azərbaycan Dövlət Pedaqoji Universitetinin inkişafının ikinci mərhələsi (1930-1946)” adlı kitabı bir daha qeyd edək ki, çox qiymətli və əhəmiyyətli əsərdir. Kitabı vərəqlədikcə görürük ki, müəllif institutda fəaliyyət göstərən hər bir Azərbaycanlı alim-müəllim və tədqiqatçıların maarifçi hərəkatının xarakterik xüsusiyyətlərini üzə çıxarmış; Keçiriləcək fənlərin Azərbaycan dilində tədris olunmasını şərtləndirən ictimai-mədəni şəraiti səciyyələndirmiş; Azərbaycanda demokratik maarifçi ideyaların inkişafında ADPU-nun oynadığı rolu ümumiləşdirmiş; Vətənin istiqlalı uğrunda repressiyaya məruz qalmaqdan qorxmayan, ölümə dik gedən elm fədailərinin məktəb və maarifin inkişafındakı xidmətlərini, bu sahədə milliliyə qarşı çıxan qüvvələrlə mübarizələrini təhlil etmiş; Həmçinin, ADPU-nun milli ruhlu kollektivinin hərəkatının yeri və əhəmiyyəti sahəsini ilk dəfə olaraq məhz bu kitabda pedaqoji-psixoloji-etik istiqamətdə elmi şərhini vermişdir.
Əqli təfəkkürünün qaynar çağlarından başlayaraq müəllimlik fəaliyyətini və ziyalı ömrünü Pedaqoji universitetlə bağlayan Fərrux Rüstəmovun bu kitabı hər bir oxucuda milli idealogiyanın formalaşmasına təsir göstərəcəkdir. Hər bir inkişaf və tərəqqi öz-özünə, mübarizəsiz baş vermir. Hər bir inkişafın, tərəqqinin, ümumiyyətlə sivilizasiyanın ən başlıca göstəricisi elmdir. Cəmiyyət irəliyə doğru inkişaf etdikcə elm də insanın həyatında və fəaliyyətində mühüm yer tutur, dövrün əsas tələbi olur. Görkəmli fransız alimi Jolio-Küri yazırdı ki, “elm kim ona xidmət edirsə, onun qarşısında nəhəng perspektivlər açır”. Bu baxımdan elmi uğurlar da öz-özünə gəlmir. İnsan düşünmüş olduğu ideyanı tədricən mənimsəyir, öyrənur, onun içərisinə daxil olur, sonra ona yiyələnir və nəhayət öz məqsədinə çatır. İngilis yazıçısı Bernard Şou yazır: “Həyat insan üçün əriməyən şamdır. Bu elə bil ki, bir anda insanın əlinə keçmiş qəribə bir məşəldir. Onu gələcək nəslə vermək üçün insan onun daha parlaq işıq verməsinə, şölə saçmasına nail olmalıdır”.
Bu mənada, belə hesab edirik ki, Fərrux müəllim buna ustalıqla nail olub. Çünki əziz dostum və qardaşım Fərrux müəllim halallıq, ədalət, mərdlik və qeyrət çeşməsindən su içmişdir. Fərrux müəllimi “Azərbaycan Dövlət Pedaqoji Universitetinin inkişafının ikinci mərhələsi (1930-1946)” adlı kitabı münasibətilə təbrik edir və bir daha yaradıcılıq yollarında uğurlar arzulayırıq. Tanrı Sizi qorusun!
Kamal Camalov
Naxçıvan Müəllimlər İnstitutu
Pedaqogika elmləri doktoru
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Azərbaycan Yazıçılar Birliyinin üzvü
turan.info.az
.