Kitab Təbliğat Mərkəzində
“100 yaşlı Tovuz futbolu”
kitabının təqdimat mərasimi
keçirilib.
“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİB) ilə
Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİYİB)
növbəti ortaq mədəniyyət layihəsi olaraq keçirilən tədbirdə millət vəkilləri,
QHT, KİV təmsilçiləri, AFFA mənsubları, idmansevərlər, sahə mütəxəssisləri, gənclər və b. iştirak edib.
Bu, Azərbaycan futbolunda özünəməxsus yeri, ənənələri olan Tovuz futbol təsərrüfatının dünəni, bugünü və gələcəyi ilə bağlı fikir mübadiləsi ilə də
yadda qalan tədbir olub.
turan.info.az xəbər verir ki,
tədbirin aparıcısı,
Milli QHT Forumu
İdarə Heyətinin üzvü
Əkbər Qoşalı, ensiklopedik xüsusiyyətləri ilə seçilən kitabı gərgin əməyin, çoxillik araşdırmaların məhsulu olaraq qiymətləndirib.
ABAİB prezidenti,
Millət vəkili dos.dr.
Qənirə Paşayeva
vurğulayıb ki,
“Zəngin ənənələri olan
Tovuz futbol məktəbi
özünün yetirmələri,
sadiq azarkeşləri və digər məziyyətləri ilə həmişə seçilib. Təsadüfi deyil, UEFA miqyasında müstəqil respublikamızı ilk dəfə Tovuzun “Turan” futbol klubu təmsil edib. “Turan” dəfələrlə respublika çempionatında qabaqcıl yerlər tutub, ilklərə imza atıb.
Əlbəttə, obyektiv, subyektib səbəblərdən bugün Tovuzun futbol komandası öz keçmiş şöhrətinə uyğun mövqelərdə deyil, lakin istər rayon rəhbərliyinin, istərsə də, əlaqədar qurum və quruluşların, AFFA-nın dəstəyi ilə komandanın problemlərinin öz həllini tapacağına inanırıq. Heç şübhəsiz, keçmiş şöhrətin qaytarılması önəmli dərəcədə, komandanın əzmkar futbolçularından, o cümlədən azarkeşlərdən də asılıdır.
Mən sevinc hissi ilə demək istərdim ki, AFFA-nın Futbol Akademiyası məhz Tovuzda açılacaq. Bu, həm rayon və bölgə üçün, həm də, ümumən respublikamız üçün əlamətdar hadisədir. Belə bir Akademiyanın məhz Tovuzda yerləşməsi özünəməxsus ənənələri olan Tovuz futbol təsərrüfatına, Tovuzda futbolun gələcəyinə inamın, ümidin ifadəsi kimi də şərh oluna bilər; bölgələrin inkişafına töhfə kimi də.
Fürsətdən istifadə edib, artıq 100-dən artıq yaşı olan Tovuz futbolunun təməllərini atanlara, onu zamanında inkişaf etdirənlərə Tanrıdan rəhmət, bugün də futbolla nəfəs alan, ona dəstək verənlərər isə möhkəm can sağlığı, iş avandlığı diləyirəm!”
Kitabın müəllifi Rasim Əliyev bu ensiklopedik nəşrin ideyası, ideyanın necə gerçəkləşməsi barədə ətraflı bilgi verərərk, Tovuz Xeyriyyə Cəmiyyətinin kitabın çapına verdiyi dəstəyi xüsusilə vurğulayıb, həmçinin Tovuzda futbol təsərrüfatını canlandırmaqla bağlı fikirlərini bölüşüb.
Sonra Milli Məclisin Gənclər-İdman Komitəsinin sədr müavini Şahin İsmayılov, millət vəkili Aydın Hüseynov, AFFA Mətbuat katibi Feyruz Abdullayev, əfsanəvi futbolçu Kazbek Tuayev, Tovuz futbol təsərrüfatının canlanmasında, uğurlar qazanmasında dəstəkçi olan insanlardan, onlarla insan adından Vidadi Əhmədov, Yaşar Sultanov, Tovuz rayon Gənclər-İdman İdarəsinin rəisi Sahib Ələsgərov, “Turan”ın keçmiş futbolçusu, hazırda klubun İcraçı direktoru Nadir Nəbiyev, Tovuz futbolunun yetirməsi, tanınmış idman veteranı Rasim Zeynalov, Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov, Bakı Dövlət Universitetinin professorları İradə Hüseynova, Nəsir Əhmədli, Təbrizli futbol azarkeşi, yazar Abbas Səhba, kitabın hazırlanmasında yaxından iştirak etmiş naşir Ramiz Hümmətov, “AzərKitab”ın qurucusu Sabir Həsənov çıxış edərək, ölkəmizdə həyata keçirilən gənclər-idman siyasəti, müvafiq sahəyə dair konseptual yanaşmalar və o cümlədən mövzuya aid ensiklopedik nəşrin önəmi ilə bağlı danışıblar.
Belə bir ortaq fikir vurğulanıb ki, istər futbol, istərsə, başqa bir idman növünün xüsusilə bölgələrdə populyarlıq qazanması, tərəfdarlar toplaması ümumi işin xeyrinə olub, gənclərin zərərli vərdişlərdən uzaq tutulması üçün daha əlverişli imkanlara meydan açır.
Sonra müəllif oxucular üçün kitab imzalayıb,
xatirə şəkilləri çəkilib.
“100 yaşlı Tovuz futbolu”nun Tovuzda da
təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.
Gilə ƏLİQIZI,
turan.info.az
.