7. Kosmonimlər əsasında düzələn antroponimlər. Azərbaycan antroponimiyasına nəzər saldıqda məlum olur ki, valideynlər öz övladlarına dərin məhəbbət bəsləmiş, onların həyatının fəza cisimləri kimi parlaq olmasını arzulamışlar. Buna görə də, valideynlər öz övladlarına bu və ya digər fəza cisimlərinin adını qoymuşlar. Beləliklə də kosmonimlərdən antroponimlər törəməyə başlamış və azərbaycanlılar arasında geniş yayılmışdır. Məsələn, qədim zamanlardan azərbaycanlılar qızlara Sara, Saran adları qoymuşlar. Sara sözü qədimlərdə ay, aybəniz mənalarında işlənmişdir. Odur ki, körpəyə bu adı verməkdə gənc ata-ananın niyyəti bu imiş ki, onların övladı fəza gəlini (Ay) kimi gözəl olsun, həmişə ay kimi qaranlıq gecələrdə işıq saçsın. Bu, şübhəsiz ki, türkdilli xalqların, o cümlədən azərbaycanlıların, hələ, qədim zamanlardan kosmik fəza cisimlərinə sitayiş etməsi və onları özlərinə totem saymaları ilə bağlı olmuşdur. Təsadüfi deyildir ki, Oğuz qəbilələrinin (24 oğuz qəbiləsi olmuşdur) əfsanəvi ulu babası Oğuzun oğlanlarının adı fəza və fəza cisimlərinin adından götürülmüş və kainatla simvolik şəkildə əlaqələndirilmişdir: Gün, Ay, Ulduz, Göy.
“Aqvan ölkəsinin tarixi” və qədim Çin mənbələrinə görə türkdilli xalqlarda Günəş müqəddəs sayılır. XIII-XIV əsr mənbələrində türkdilli xalqların Günəşə inamı, bəzi xalqların isə doğan Günəşi ya üç, ya da doqquz dəfə salamlaması, Altay qamlarının-şamanlarının son zamanlara qədər Günəşə and içmələri də Günəşə inamla bağlıdır. Azərbaycanlıların əcdadı işıqla əlaqədar olaraq fəza cisimlərindən ulduza da inam bəsləmişlər. Hətta, xalq arasında belə bir inam yaranmışdır ki, hər bir adamın öz ulduzu vardır. Bu və ya digər ailədə uşağın anadan olması ilə eyni vaxtda onun ulduzu da doğulur, ulduzun parlaqlığı uşağın gələcək xoşbəxt həyatından xəbər verir. Belə ulduzlardan biri də Ülkər ulduzudur. Bunu nəzərə alaraq, valideynlər öz övladlarını fəza cisimlərinin adı ilə adlandırmışlar.
Sadə kök sözlər əsasında düzələn antroponimlər qız və oğlanlara verilir.
Qadın adları: Zöhrə (ərəbcə Venera, planetinin adı), Venera, Qəmər (ərəbcə Ay deməkdir), Səyyarə (ərəbcə hərəkət edən ulduz deməkdir), Xurşud (farsca Günəş deməkdir), Aftab (farsca Günəş deməkdir), Kövkəb (ərəbcə ulduz deməkdir), Ülkər (ulduz) və s.
Kişi adları: Bəhram - ərəbcə Mars planetinin adıdır. Bu ad dünya poeziyasının mahir ustadı Nizami Gəncəvinin məşhur “Yeddi gözəl” poemasında da işlənmişdir. Bədir (ərəbcə on dörd gecəlik ay mənasında işlənən Bədr sözündəndir) və s.
Hilal (ərəbcə aypara deməkdir) antroponimi həm kişilərə, həm də qadınlara qoyulur.
Kosmonimlər başqa türk xalqlarının antroponimiyasında da işlənir: tatar və başqırdlarda Venera türk mənşəli Çolpan və ərəb mənşəli Zöhrə adı ilə bərabər işlənir və qadınlara verilir; tatar və başqırdlarda Mars, qırğızlarda Uran, Yupiter adları kişilərə verilir. Həmçinin, qırğızlar oğlana Marsbek, qıza Marsina adını da qoymuşlar.
Düzəltmə kök sözlər əsasında yaranan antroponimlər bu və ya digər kosmonimə leksik şəkilçilərin birləşməsilə əmələ gəlir. Məsələn, Qəməriyyə, Ulduzə, Bədirə, Səmayə qadın adları, Bədrəddin isə kişi adıdır.
Mürəkkəb kök sözlər əsasında düzələn antroponimlər. Dilimizdə kosmonimlər əsasında düzələn mürəkkəb antroponimlər də geniş yayılmışdır. Bu qrup antroponimlər də müxtəlif yollarla düzəlir.
İki kosmonimin birləşməsindən düzələn antroponimlər: Aygün, Günay, Ayulduz və s.
“Ay və Qəmər” kosmonimləri ilə “dəmir, bəniz, qabal, gül, naz, nişan, nur, zər, para, tən, üz (üzlü)” sözlərinin birləşməsi ilə düzələn mürəkkəb kök sözlər əsasında yaranan antroponimlər dilimizdə geniş yayılmışdır. Məsələn, Aydəmir, Aybəniz, Aygün, Aynaz, Aynişan, Aynur, Ayzər, Aypara, Ayüz, Ayüzlü, Aytən; Qəmərnaz, Qəmərüz, Dəmiray, Gülay, Zəray, Tənay, Aytəmiz, Pakay, Aysu və s.
Ərəb dilində on dörd gecəlik ay mənasında işlənən Bədr kosmonimi ilə keçmişdə vəzifə bildirən xan, şah, bəy sözlərinin birləşməsindən düzələn mürəkkəb kök sözlər əsasında yaranan antroponimlər də dilimizdə geniş yayılmışdır. Məsələn, Bədirxan, Bədirşah, Bədirbəy və s.
Ərəb dilində Ay (planet) mənasında işlənən Qəmər kosmonimi gül, can, naz, nur, zər, xanım, gül, şam, şən, şad sözlərinin birləşməsindən əmələ gələn mürəkkəb kök sözlər əsasında düzələn antroponimlər: Qəmərgül, Qəmərcan, Qəmərnur, Qmərzər, Qəmərxanım, Qəmərşam, Qəmərşən, Qəmərşad və s.
Fars dilində Ay (planet) mənasında işlənən mah kosmonimi ilə nur, para, naz, zər, tən, yaz sözlərinin birləşməsi ilə düzələn mürəkkəb kök sözlər əsasında yaranan antroponimlər: Mahnur, Mehparə, Mehnaz, Mahzər, Mahnar, Mahtəm, Mahyaz və s. “Mahı, Mahizər, Mahnur, Mahtab adlarında da mah sözü vardır. Mehparə və Mehri adlarının əsli Mahparə (ay parçası) və Mahru (ay üzlü) sayılır”
Kosmonimlər əsasında düzələn antroponimlər qazax dilində də işlənir; Ayxan, Günxan, Yulduzxan, Aytuar, Juldız, Kuntuar və s. Bu qəbildən olan adlar gürcü antroponimiyasında da geniş yayılmışdır: Mzia, Mzekala, Mtvarisa, Tsisana və Tsiala və s., gürcü dilində günəş mənasında işlənən mze sözündən Mzia, günəş və qız mənalarını bildirən mze və kali sözlərinin birləşməsindən Mzekala; ay - planet mənasını ifadə edən mtvare sözündən Mtvarisa; səma, göy mənalarını bildirən tsa (hərfən səma qızı) sözündən Tsisana; şəfəq, işıq, parıltı mənalarını ifadə edən Tsiali sözündən Tsiala antroponimləri düzəlmişdir.
8. Astronimlər əsasında düzələn antroponimlər. Azərbaycan antroponimiyasında astronimlər (astronomik terminlər) əsasında düzələn antroponimlər də geniş yayılmışdır.Valideynlər tarixən ilin, fəslin və ayın bu və ya digər cəhətlərini bildirən sözləri seçib öz övladlarına ad qoymuşlar. Beləliklə də, astroponimlər antroponimlərə çevril-mişlər. Bu qrup antroponimlər əsası etibarilə müxtəlif olur.
Sadə kök sözlər əsasında düzələn antroponimlər. Astronimlər əsasında düzələn antroponimlər gün, ay, fəsil və s. adını bildirən sözlər ilə ifadə olunur. Məsələn, Cümə, Səhər, Erkən, Aprel, Mayıs (sözün kökü maydır) adları kişilərə qoyulur. Bahar (yaz fəsli) adı qadınlara, Zaman və s. adlar isə kişilərə verilir. Gürcüstanın Marneuli rayonunun Alget kəndində isə Yanvar, Fevral adlarına da rast gəlmək olur.
Düzəltmə kök sözlər əsasında düzələn antroponimlər. Dilimizdə az işlənən bu qrup antroponimlər -qa, -iyyə, -ət şəkilçilərinin söz kökünə birləşməsi yolu ilə düzələn sözlər əsasında yaranır: Mayqa,Sabahiyyə, Səbahət, Baha-riyyə və s.
Mürəkkəb kök sözlər əsasında düzələn antroponimlər. Bu qrup antroponimlər müxtəlif yollarla düzəlir.
a) İl və fəsil adlarını bildirən sözlərin birləşməsi yolu ilə düzələn mürəkkəb sözlər əsasında yaranan antroponimlər: İlyaz, İlyay, Baharyaz, Yazyay, Yazbahar və s.
b) İl və şad, şən, yas sölərinin birləşməsi ilə əmələ gələn mürəkkəb kök sözlər əsasında düzələn antroponimlər: İlyaz, İlşən; İlyas və s.
v) Zaman mənasını ifadə edən dövr sözü ilə Əli antroponiminin birləşməsindən düzələn mürəkkəb kök sözlər əsasında yaranan antroponimlər: Dövrəli və s.
May, Bahar, Yaz, Yay terminlərilə zər, gül, gün, naz, nar, nur, şən, şad sözlərinin birləşməsi ilə əmələ gələn mürəkkəb kök sözlər əsasında yaranan antroponimlər: Mayzər, Maygül, Maygün, Maynaz, Maynar,Maynur, Mayşən, Mayşad, Bahargül, Bahargün, Baharnaz, Baharnar, Baharnur, Baharşən, Baharşad, Yazgül, Yazgün, Yaznar, Yaznur, Yazşən, Yazşad, Yayzər, Yaygül, Yaygün, Yaynaz, Yaynar,Yaynur, Yayşən, Yayşad, Zərmay, Gülmay, Günmay, Nazmay, Nərmay, Nurmay, Şanmay, Şadmay, Gülbahar, Günbahar, Nazbahar, Narbahar, Nurbahar, Şənbahar, Şadbahar, Gülyaz, Günyaz, Naryaz, Nuryaz, Şənyaz, Şadyaz, Zəryay, Gülyay, Nazyay, Naryay, Şənyay, Şadyay və s.
q) Gül sözü ilə erkən, səhər, ay sözlərinin birləşməsindən əmələ gələn mürəkkəb kök sözlər əsasında düzələn antroponimlər; Gülerkən, Gülsəhər, Gülay, Gülbənd və s.
Səhər və sabah sözlərilə zər, gül, gün, naz, nur, şən, şad sözlərinin birləşməsindən əmələ gələn mürəkkəb kök sözlər əsasında düzələn antroponimlər: Səhərzər, Səhərgül, Səhərgün, Səhərnaz, Səhərnur, Səhərşən, Səhəırşad, Sabahzər, Zərsəhər, Gülsəhər, Nazsəhər, Şənsəhər, Şadsəhər, Zərsabah, Gülsabah, Günsabah, Nazsabah, Nursabah, Şənsabah, Şadsabah və s.
9. Təxəllüslər əsasında düzələn antroponimlər. Azərbaycan antroponimiyasında təxəllüslər tarixən geniş yayılımışdır. Əvvəllər, dilimizdə ayrı-ayrı ədəbiyyat, incəsənət və elm xadimləri tərəfindən qəbul edilən təxəllüslərin əksəriyyəti sonralar ümumişlək hala keçmiş və xalqımız arasında antroponim kimi geniş şəkildə işlənməyə başlamışdır. Öz övladlarına böyük şöhrət arzulayan valideynlər yeni doğulmuş uşaqlarına bəşəri şöhrət qazanmış adamların təxəllüslərini ad qoyurlar. Beləliklə də, təxəllüslər antroponimlərə çevrilir. Məsələn, Xaqani, Nizami, Nəsimi, Füzuli, Vaqif, Səbuhi, Səhhət, Qəmküsər, Vurğun və s.
10. Bəşəri ideyalar ifadə edən sözlər əsasında düzələn antroponimlər də geniş yayılmışdır. Valideynlər öz övladlarına böyük gələcək, xoşbəxt həyat arzulayaraq uşaqlarına bəşəri ideyalar ifadə edən sözləri seçib ad qoyurlar. Beləliklə də, bəşəri ideyalar ifadə edən sözlər əsasında antroponimlər meydana gəlir. Bu qrup antroponimlər əsası etibarilə müxtəlif olur:
Sadə kök sözlər əsasında düzələn antroponimlər həm oğlanlara, həm də qızlara qoyulur. Məsələn, Bəşər, Qadir oğlan adlarıdır; Dünya, Aləm, Bəxt, Talehə qız adlarıdır.
Cahan və Tale oğlanlara, həm də qızlara qoyulan müştərək addır.
Düzəltmə kök sözlər əsasında yaranan antroponimlər dilimizdə az yayılmışdır. Məsələn, Aləmə, Qədirə, Bəxtiyyə, Ağıllı qadın adlarıdır; Cahandar, Cahangir, Eldar isə kişi adlarıdır.
Mürəkkəb kök sözlər əsasında düzələn antroponimlər. Dilimizdə geniş yayılmış bu qrup antroponimlər müxtəlif yollarla düzəlir.
Dünya sözü ilə malı və xanım sözlərinin birləşməsindən düzələn mürəkkəb kök sözlər əsasında yaranan antroponimlər: Dünyamalı (oğlan adı), Dünyaxanım (qız adı) və s.
Aləm və el sözlərilə zər, zar, naz, nur, gül, şən, şad sözlərinin birləşməsindən düzələn mürəkkəb kök sözlər əsasında yaranan antroponimlər dilimizdə geniş yayılmışdır. Məsələn, Aləmzər, Aləmzar, Aləmnaz, Aləmnar, Aləmnur, Aləmgül, Aləmşən, Aləmşad, Elzər, Elzar, Elnur, Elgün, Elşən, Elşad, Zəraləm, Nazaləm, Naraləm, Nuraləm, Gülaləm, Şənaləm, Şadaləm və s.
El sözü ilə qeyri-qəti gələcək zaman şəkilçisi qəbul etmiş bəz, keç, göz feillərinin birləşməsindən düzələn mürəkkəb kök sözlər əsasında yaranan antroponimlər: Elbəzər, Elkeçər, Elgəzər və s.
El sözü ilə var feilinin birləşməsindən düzələn kök sözlər əsasında yaranan antroponimlər: Elvar və s.
El sözü ilə mənsubiyyət şəkilçisi qəbul etmiş bəy sözünün birləşməsindən düzələn mürəkkəb kök sözlər əsasında yaranan antroponimlər: Elbəy, Elbəyi və s.
İsmin yerlik hal şəkilçisini qəbul etmiş el sözü ilə gəz felinin birləşməsindən düzələn kök sözlər əsasında yaranan antroponimlər: Eldəgəz və s.
Nur və cahan sözlərinin birləşməsindən düzələn kök sözlər əsasında yaranan antroponimlər: Nurcahan, Cahannur və s.
11. Təbiət hadisələrini bildirən sözlər əsasında düzələn antroponimlər. Dilimizdə bir qrup antroponimlər vardır ki, onlar təbiət hadisələrini bildirən sözlər əsasında formalaşır. Bu qrup adlar həm kişilərə, həm də qadınlara verilir.
Kişilərə verilən adlar: Ayaz, Bulud, İldırım, Gürşad, Boran, Duman və s.
Boran (Buran, Buranbay, Buranğol), Duman (Tuman, Toman, Tumanxal) adlarına başqırd və türkmən antroponimiyasında da rast gəlmək olar. Qədim dini ənənələrlə əlaqədar olaraq başqırdlarda Yamqırsı (yamqır), Elgəy (yel, külək) antroponimləri də formalaşmışdır.
Qadınlara verilən adlar əsasına görə müxtəlif olur:
Sadə kök sözlər əsasında yaranan adlar: İqlim, Hava, Şəfəq, Duman və s.
Düzəltmə kök sözlər əsasında yaranan adlar: İqlimə və s.
Mürəkkəb kök sözlər əsasında yaranan adlar: Abhava, Nurhava, Havazər, Havanur və s.
12. Numizonimlər əsasında düzələn antroponimlər. Azərbaycan antroponimiyasında bir qrup adlara təsadüf edilir ki, onlar numizonimlər, yəni pul və ya pul istehsal olunan əşyaları bildirən sözlər əsasında formalaşır. Belə adlar əsasən qadınlara verilir.
Sadə kök sözlər əsasında düzələn adlar: Dinar qadınlara, Altun isə kişilərə verilir.
Düzəltmə kök sözlər əsasında yaranan adlar: Axqa, Axçalı, Dinarə, Pullu və s.
Ağca qadın adı. Bu şəxs adı hələ qədim zamanlardan dilimizdə gümüş, qaşdaş mənalarını bildirən ağ sözü ilə kiçiltmə bildirən -ca şəkilçisinin birləşməsindən əmələ gəlmişdir.
Qədim Orxon-Yenisey abidələrində ağ sözü (ak sözü) cavahirat, daş-qaş mənalarını daşımışdır. Kiçik Gültəkin abidəsində hədiyyə (ağısı yumşaq ermis hədiyyəsi yumşaq (incə) imiş). Böyük Gültəkin abidəsində isə inci (bir tümən ağı: bir tümən inci), Tonyuquq abidəsində qiymətli hədiyyə (ağı - qiymətli şey) mənasında işlədilmişdir. Sonralar Azərbaycanda və Türkiyədə pul vahidi kimi işlədilən ağca terminində də bunun izləri görünməkdədir. Belə ki, ağca əksər hallarda gümüş sikkə-pul məfhumunu ifadə etmişdir.
Azərbaycan dilinin qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının “Bayburanın oğlu Bamsı Beyrək boyunu bəyan edər” boyunda da ağ sözü qızıl, gümüş mənasında işlənmişdir. Həmin boyda Banıçiçək, qırmızı qaftan geyib oynayarkən Beyrəkin sevgilisinə qoşduğu mahnıda deyilir:
Qızıl, altun gətirin,
Xan qızına barmaq yonun!
Ağ, gümüş gətirin,
Xan qızına dırnaq yonun!
Dilimizin qədim dövrlərində qızıl-pul sözünün həm qiymətli metal, həm də qırmızı sifətini ifadə etdiyini nəzərə alsaq, demək olar ki, dilimizdə tarixən ağ sözü həm də qiymətli metal, gümüş pul, qaş-daş ilə -ca şəkilçisinin birləşməsindən “Ağca” antroponimi yaranmışdır.
Mürəkkəb kök sözlər əsasında düzələn antropo-nimlər: Qızılgül, Güldinar, Pulluzər, Zərpullu adı qadınlara, Altunbay adı isə kişilərə verilir.
13. Bədən üzvlərinin adını bildirən sözlər əsasında düzələn antroponimlər. Azərbaycan antroponimiyasında bədən üzvlərinin adını bildirən sözlər əsasında düzələn adlar da geniş şəkildə işlənir. Bu qrup adlar həm kişilərə, həm də qadınlara verilir:
Kişi adları: Bağır, Bağırməmməd, Mirbağır və s.
Qadın adları: Aybəniz, Alagöz, Alyanaq, Qaraqaş, Qələmqaş, Qaragöz, Gülbəniz, Güləndam, Güldəhan, Gülyanaq və s.
14. İnzibati-ərazi bölgü bildirən sözlər əsasında düzələn antroponimlər. Dilimizdə bir qrup inzibati-ərazi bölgüsü bildirən sözlər əsasında düzələn antroponimlərə də təsadüf olunur. Bu qrup adlar həm kişilərə, həm də qadınlara verilir.
Kişi adları: Vilayət, Mərkəz, Muxtar (vilayət mənasında) və s.
Kişi və qadınlar üçün müştərək olan adlar: Mahal, Məmləkət və s.
15. Silah adlarını bildirən sözlər əsasında düzələn antroponimlər. Dilimizdə bəzi antroponimlərə təsadüf edilir ki, onlar köhnə silah adlarını bildirən sözlər əsasında formalaşmışdır. Bu heç də təsadüfi deyil. Çünki lap qədim zamanlardan türkdilli xalqlar, o cümlədən, azərbaycanlıların soykökündə iştirak edən qəbilələr yaya-oxa ehtiram bəsləmişlər. Bunu tarixi mənbələr də təsdiq edir. Məsələn, XII əsrdə Toğrul bəyin damğasında (möhüründə) yay və ox şəkli həkk olunmuşdur. Bu məlumatı qədim əsrlərin yazılı mənbələri də təsdiq edir. XIII əsrdə Əbdül-Fərəc (Suriya müəllifi) yazır ki, Toğrul bəyin Xəlifə Əl-Qaimə yazdığı məktubun başlanğıcında yay ilə ox şəkli çəkilmişdir. Həmin məlumata XIV əsr tarixçisi Həmdullah Qəzvinin əsərlərində də rast gəlirik.
Göründüyü kimi, yay-ox kultu oğuzlarda da geniş yayılmışdır. Buna “Kitabi-Dədə Qorqud” dastanlarında və bayatılarda da təsadüf edirik: “Oğuz zamanında bir yigit ki, evlənsə ox atardı. Oxu nə yerə düşsə orda gərdək tikərdi. Beyrək xan dəxi oxun atdı, dibinə kərdəyin tikdi”.
Bayatılarda:
Sadağı tər, oxu tər,
Sadaq saxlar oxu tər,
Kirpiklərin tərpətmə,
Qəm tünlükdü ox itər.
Yuxarıdakı nümunələrdəın göründüyü kimi, yay-ox həm düşmənlə vuruşmaq, həm də ailə qurmaq üçün simvolik inam olmuşdur. Xalqımız da bu inamı əbədiləşdirmək üçün silah adları əsasında bir qrup adlar düzəldib, öz övladlarına qoymuşlar. Bu qrup adlar, əsasən, kişilərə verilir: Misir, Qılınc, Kaman, Kamandar, Kaman-zər, Sadaq və s.
16. Qohumluq bildirən sözlər əsasında düzələn antroponimlər. Azərbaycan antroponimiyasına nzər salsaq, görürük ki, xalqımız tarixən insanların bir-birinə münasibətini, yaxın və uzaq qohunluğunu bildirən ümumişlək sözlər əsasında da bir qrup kişi və qadın adları yaratmışdır. Başqa sözlə desək, hazırda xalqımız arasında bir sıra şəxs adları geniş yayılmışdır ki, onların bir qismi kişilərə, bir qismi isə qadınlara aid olan qohumluq bildirən adi sözlər əsasında formalaşmışdır.
“Qohumluq terminlərinin özü bəzən ad düzəldir və ya mürəkkəb adın komponenti yerində işlənir. Məsələn: Böyükbacı, Xalabacı, Şirbaba, Şahbacı, Qızgəlin, Gəlinqız, Ağadayı, Əzimbaba, Balaəmi, Atababa, İncibibi, Ağabibi, Nənəqız, Axundbala, Mirzəbala və s.
Dilimizdə qohumluluq bildirən ata, baba, dayı, əmi, qardaş, oğul, oğlan, bala, dədə, dadaş (ata və ya böyük qardaş mənasında) ana, qız, bacı, nənə, xala, bibi və s. cins bildirən ümumişlək sözlərə birləşərək, çoxlu miqdarda kişi və qadın adları əmələ gətirir.
Kişi adları:. Bu qəbildən olan antroponimlər müxtəlif yollarla düzələr:
1. Qohumluq bildirən sadə kök sözlər əsasında formalaşan antroponimlər: Ata, Baba, Dadaş (hazırda xalqımız arasında Atayev, Babayev, Dadaşov familiyaları da vardır).
Gürcü dilində isə, oğlan, oğul mənalarını bildirən vaji sözündən Vaja antroponimmi düzəlmişdir.
2. Qohumluq bildirən mürəkkəb sözlər əsasında formalaşan antroponimlər: Atabala, Atababa, Balaqardaş, Baladadaş, Dadaşbala, Baləmi (bala və əmi), Qardaşbala, Dadaşbala və s.
3. Qohumluq və keçmişdə titul, vəzifə və s. ifadə edən sözlərin birləşməsindən düzələn kök sözlər əsasında əmələ gələn antroponimlər. Atabəy, Ataxan, Bababəy, Babaxan, Balaca (bala və ağa sözlərindən əmələ gəlib), Balamirzə, Balasoltan, Balabəy, Qardaşxan, Babamirzə, Babasoltan; Ağababa, Ağadayı, Axundbala, Ağabala, Bəybala, Mirzəbala, Mirbala, Seyidbala, Xanbala, Hacıbala, Şahbala, Şahbaba, Hacıbaba, Xanbaba, Seyidbaba, Mirzəbaba, Axundbaba, Ağadadaş (dadaş ata və ya böyük qardaş mənasında), Bəydadaş, Dədəxan və s.
4. Qohumluq və cins bildirən sözlər əsasında formalaşan antroponimlər: Atakişi, Babakişi, Baloğlan (bala və oğlan sözlərindən əmələ gəlib) və s.
5. Qohumluq bildirən sözlərlə ümumişlək sözlərin birləşməsindən düzələn kök sözlər əsasında formalaşan antroponimlər: Əmican, Əzimbala (Əzim böyük mənasındadır), Əzizbala, Şirbaba, Dədəcan və s.
6. Ümumişlək titul və cins bildirən sözlərin birləşməsindən düzələn kök sözlər əsasında formalaşan antroponimlər: Babaverdi, Balaverdi və s.
7. Qohumluq bildirən sözlərlə felin keçmiş zaman formasının birləşməsindən düzələn kök sözlər əsasında formalaşan antroponimlər: Babaverdi, Balaverdi və s.
Qadın adları: Qohumluq bildirən sözlər və onların başqa sözlərlə birləşməsi nəticəsində düzələn sözlər əsasında formalaşan qadın adları da müxtəlif yollarla əmələ gəlir:
1. Qohumluq bildirən sözlərin birləşməsindən düzələn sözlər əsasında formalaşan antroponimlər: Anabala, Anaqız, Anabacı, Anagəlin, Balaqız, Balabacı, Qızbacı, Qızgəlin, Gəlinqız, Nənəbacı, Nənəqız, Nənəgəlin və s.
2. Qohumluq və titul bildirən sözlərin birləşməsindən düzələn sözlər əsasında formalaşan antroponimlər: Anaxanım, Qızxanım, Nənəxanım, Ağabacı, Ağanənə, Ağabibi, Xanbacı, Xanana, Şahbacı, Şahnənə və s.
3. Keyfiyyət və qohumluq bildirən sözlərin birləşməsindən düzələn sözlər əsasında formalaşan antroponimlər: Böyükqız, Böyükbibi, Böyükgəlin, İncibibi, İnciqız, Göyçəkgəlin və s.
4. Keyfiyyət, titul, zoonim və qohumluq bildirən sözlərin birləşməsindən düzələn sözlər əsasında formalaşan antroponimlər: Kiçikxanım, Ceyrangəlin və s.
Beləliklə, bu nəticəyə gəlmək olur ki, qohumluq anlayışını ifadə edən sözlərdən kişi cinsini bildirən sözlərin iştirak etdiyi antroponimlər, bir qayda olaraq, kişilərə, qadın cinsini bildirən sözlərin iştirak etdiyi antroponimlər isə qadınlara aid olur.
17.Yaş bildirən sözlər əsasında düzələn antroponimlər. Dilimizdə bir neçə antroponim vardır ki, onlar yaş anlayışını ifadə edən sözlər əsasında formalaşmışdır. Belə adlar, əsasən oğlanlara qoyulur: Cavanşir, Qoca, Cavan, Gənc və s.
Qadın adları: Böyükxanım, Kiçikxanım və s.
18. Keçmişdə vəzifə, titul və s. bildirən sözlər əsasında düzələn antroponimlər. Müasir Azərbaycan antroponimiyasında keçmişdə vəzifə, titul və s. bildirən sözlər əsasında düzələn adlar geniş yayılmışdır. Bu qrup adlar həm kişilərə, həm də qadınlara verilir:
Kişi adları əsas etibarilə müxtəlif olur:
Sadə kök sözlər əsasında düzələn antroponimlər: Axund, Vəzir, Vəkil, Paşa, Hacı, Seyid, İmam, Mürüd, Mürşüd, Mirzə, Sərdar, Soltan, Xan və s.
Kök sözlərə cəm şəkilçisinin birləşməsi əsasında yaranan antroponimlər: Bəylər, Xanlar.
Mürəkkəb sözlər əsasında düzələn antroponimlər: Abbasağa, Abdalbəy, Abdıxan, Ağababa, Ağapaşa, Ağamehdi, Alxan, Ağacan, Divanbəy, Əlipaşa, Elxan, Qonaqbəy və s. Böyük Vətən müharibəsi qəhrəmanı Qonaqbəy Mövlan oğlu Novruzəliyev.
Qadın adları:: Ağabacı, Ağabəyi və s.
Kişi və qadınlara verilən müştərək adlar: Sultan (Soltan) və s.
VIII FƏSİL
KONKRET ƏŞYALARI, SƏNƏT-PEŞƏ,
MÜRACİƏT VƏ DİNİ ANLAYIŞLAI VƏ S. BİLDİRƏN ANTROPONİMLƏR
1. Konkret əşyaların adını bildirən sözlər əsasında düzələn antroponimlər. Dilimizdə bir qrup antroponimlərə təsadüf edilir ki, onlar konkret olaraq əşyaların adını bildirən sözlər əsasında formalaşır. Bu qrup adlar həm kişilərə və həm də qadınlara verilir:
Kişi adları: Dəmir, Polad və s.
Qadın adları: Almaz, Brilyant, Yaqut, İnci, Gövhər, Mirvari, Sırğa, Sədəf, İpək və s.
Bir qrup qadın adları isə qızıl mənasında işlənən zər sözü ilə qələm, naz, nur, nisə, xanım, tac sözlərinin birləşməsindən əmələ gəlir. Məsələn: Zərqələm, Zərnaz, Zərnur, Zərnisə, Zərxanım, Zərintac, Qələmzər, Xanımzər, Çəmənzər, Gövhərtac və s.
Konkret əşya adının kpməyilə düzələn mürəkkəb antroponimə Dədə Qorqud dastanında da rast gəlirik: Dəmirgürcü, Dəmiryaylı və s.
2. Sənət-peşə bildirən sözlər əsasında düzələn antroponimlər. Dilimizdə az yayılmış olan bu qrup antroponimlər əsasən kişilərə verilir: Dəmirçi, (Dəmirçizadə, Dəmirçiyev), Zərgər, Misgər, Ovçu, Həkim, Tarzən, Çoban, Natiq, Səyyah, Təbib və s.
3. Mücərrəd mənalı sözlər əsasında düzələn antroponimlər. Azərbaycan antroponimiyasında mücərrəd mənalı sözlər əsasında düzələn antroponimlər də geniş şəkildə yayılmışdır. Bu qrup adlar da həm kişilərə, həm də qadınlara verilir:
Kişi adları: Aqil, Adil, Nəcib, İlham, Şövqi, İnsan, Malik, Salam və s.
Qadın adları: Vəfa, Nəcibə, Ülfət, Nəzakət, Tale, Xoşbəxt, Hədiyyə və s.
Bu qəbildən olan adlara gürcü dilində də rast gəlmək olar. Məsələn, gürcü dilində təsəlli mənasını ifadə edən nuqeşi sözündən Nuqeşa antroponimi düzəlmişdir.
4. Hərbi terminlər əsasında düzələn antroponimlər. Azərbaycan xalqı arasında hərbi terminlər əsasında düzələn antroponimlərə də təsadüf etmək olur. Valideynlər öz övladlarını igid, cəsur və şücaətli görmək istəmiş, onlara dərin vətənpərvərlik hissələri aşılamağı əsas məqsəd hesab etmişlər. Bu münasibətlə, uşaqlarına bir sıra hərbi terminlərlə əlaqədar olan adlar qoymuşlar. Oğlanlara verilən adlar iki qrupa bölünür:
a) Hərbi rütbə bildirən sözlər əsasında formalaşan antroponimlər: Zabit, Orduxan, Yüzbaşı, Sərkar, Sərdar, Mayor, Əsgər və s.
Gürcüstanın Bolnisi rayonunda oğlanlara Marşal, Dmanisi rayonunda isə qadınlara verilən Mayor adına da təsadüf olunur.
b) Hərbi hissələrin adını bildirən sözlər əsasında formalaşan antroponimlər: Alay, Qoşun və s.
5. Bədii söz sənətinin bu və ya digər sahəsini bildirən sözlər əsasında düzələn antroponimlər. Azərbaycan antroponimiyasında bir qrup adlara təsadüf edilir ki, onlar bədii söz sənətinin bu və ya digər sahəsilə, o cümlədən, yazıçılıq və əbədi janr bildirən sözlər əsasında formalaşır. Belə adlar kəsb etdiyi məna etibarilə iki qrupa bölünür:
a) Bədii söz sənətkarlarının bu və ya digər qrupunun ümumi adını bildirən sözlər əsasında formalaşan antroponimlər: Aşıq, Nasir, Alim adları kişilərə; Şairə, Alimə adları isə qadınlara verilir.
Özbək antroponimiyasında da Şoirə adına təsadüf olunur.
b) Ədəbi janr növlərini bildirən sözlər əsasında formalaşan antroponimlər: Dastan, Roman, Nəsr, Rübail adları kişilərə, Novella, Hekayət adları isə qadınlara qoyulur.
6. Dini və əfsanəvi anlayışlar ifadə edən sözlər əsasında düzələn antroponimlər. Azərbaycan antroponimiyasında bir qrup adlara təsadüf edilir ki, onlar əsas etibarilə müsəlman dini və əfsanəvi anlayışları ifadə edən sözlər əsasında formalaşır. Belə əfsanəvi adların bəziləri azərbaycanlıların mövsümlə bağlı inamları əsasında əmələ gəlmişdir. Məsələn, yazın gəlməsi mərasimi ilə bağlı mifoloji Xızır// Xıdır obrazı - adı təşəkkül tapmışdır. Xızırla bağlı bu şeirdə Xızırla Nəbi qoşa xatırlanır:
Xızır Nəbi, Xızır-İlyas
Bitdi çiçək, oldu yaz.
Şeirdən göründüyü kimi, yazın istiliyinin, hərarətinin insaniləşdirilmiş obrazı Xızır; istiliyin, hərarətin gəldiyini Nəbi xəbər verəndir. Göründüyü kimi, hələ, qədim zamanlardan xalqımızın antroponimiyasında dini və əfsanəvi anlayışlarla bağlı adlar olmuş və indi də belə adlar həyati olaraq yaşamaqdadır. Belə antroponimlər üç qrupa bölünür:
a) Dini anlayışlar bildirən sözlər əsasında düzələn antroponimlər: İslam, Müslüm (müsəlman sözündəndir), Allahverdi, Tanrıvedi, İmamverdi, Cənnət, Gülcənnət və s.
Bu qəbildən olan adlara başqa türk xalqlarında da təsadüf edilir. Göyə, aya, çaya pərəstişlə əlaqədar olaraq, qədim tatarlarda Tenqerebirdə, Aytuqan, Ayman; göyə, suya, torpağa, aya sitayiş etməklə əlaqədar olaraq, özbəklərdə Tanqereberdi, Kunıbek, Oyzoda, Oyxan kimi adlar formalaşmışdır.
b) Əfsanəvi anlayışlar bildirən sözlər əsasında düzələn antroponimlər. Bu qrup adlar həm kişilərə, həm də qadınlara verilir:
Kişi adları: Rizvan (behiştin xəzinədarı cənnətin bağbanı), Loğman (əfsanəvi həkim), Bəhmən (əfsanəvi pəhləvan), Cəbrayıl və s.
Qadın adları: Humay (xəyali quş, cənnət quşu), Hürü (cənnət gözəli), Hürümələk, Məleka, Məryəm, Fatma və s.
XX əsrin 30-cu illərindən başlayaraq antroponimiyamızda dini və əfsanəvi anlayışları ifadə edən sözlər əsasında düzələn antroponimlər get-gedə azalır. Məşhur an-troponimist V.A.Nikonovun hesablamasına görə, 1968-ci ildə Bakı şəhərində doğulmuş oğlan uşaqlarının hər min nəfərindən üçünə İslam adı verilmişdir. Həmin ildə Bakıda anadan olmuş qız uşaqlarının hər min nəfərindən dördünə, Ağdam və Kürdəmir rayonlarlarında on bir nəfərinə Fatma adı verilmişdir. Göründüyü kimi, son yarım əsrdə antroponimiyamızdan dini xarakterli adlardan uzaqlaşmaq meylləri güclənmişdir.
v) İthaf olunmuş adlar. İslam dini və onun təbliğatçılarının adını “əbədiləşdirmək” məqsədilə müsəlmanlar-türklər onların adını öz övladlarına verirlər. Bununla əlaqədar olaraq, antroponimiyamızda Abdulla, Allahqulu, Məhəmməd, Abdulkərim; Ayişə, Xədicə, Fatma kimi adlar əmələ gəlmişdir. Bu qəbildən olan adlar başqa türk xalqlarında da vardır. Məsələn, Xudoiberdi (allah verdi), Fatxislam (islamın qələbəsi), Zainetdin (dinin bəzəyi), həmçinin, allahın 99 fəzl adlarından birini övladlarına verirlər. O cümlədən, Abdulkərim (Qüdrətlinin qulu), Abduraşid (Müdrikin qulu), Abdulraxim (Məhəmmətlinin qulu); həmçinin, şiələrin ilk dini xadimləri olan Əlinin (Məhəmmədin kürəkəni) Riza, Ayişə, Xədicə (Məhəmmədin arvadları) kimi adlar geniş yayılmışdır.
7. İnsanların psixoloji xüsusiyyətlərini əks etdirən sözlər əsasında düzələn antroponimlər. Azərbaycan antroponimiyasında geniş yayılmış adların bir qrupu insanların psixoloji xüsusiyyətlərini əks etdirən sözlər əsasında formalaşır. Bu qrup adlar da ifadə etdiyi məna etibarilə müxtəlif olur:
a) temperament bildirən sözlər əsasında düzələn antroponimlər: Qəhrəman, Cürət, Şücaət, Sakit və s.
b) müəyyən xarakterik cəhətləri özündə əks etdirən sözlər əsasında düzələn antroponimlər: Əməksevər, Gülşad, Təvazökar, Uyğun və s.
8. Mənəvi-qiymət və münasibət bildirən sözlər əsasında düzələn antroponimlər. Dilimizdə geniş yayılmış bir qrup adlar işlənir ki, onlar əsasən mənəvi qiymət və müxtəlif münasibətlər bildirən sözlər əsasında formalaşır. Bu qrup adlar əsasən qadınlara verilir. Məsələn, Qiymət, Dəyanət, Əzizə, Yaxşı, Xeyirxah, Hədiyyə, İzzət, Mər-həmət və s. Bu qəbildən olan Hörmət, Mərifə kimi adlar isə kişilərə də verilir.
9. Fiziki və fizioloji qiymət bildirən sözlər əsasında düzələn antroponimlər.Azərbaycan antroponimiyasında bir qrup geniş yayılmış adlara təsadüf edilir ki, onlar fiziki və fizioloji qiymət bildirən sözlər əsasında formalaşmışdır. Bu qrup adlar əsasən kişilərə verilir. Bu da, hər şeydən əvvəl, kişilərin fiziki və fizioloji cəhətdən inkişaf etmiş olması ilə əlaqədardır. Məsələn, Qüvvət, Qüdrət, Gümrah, Arıq, Pəhləvan və s.
10. Zaman bildirən sözlər əsasında düzələn antroponimlər. Azərbaycan antroponimiyasında bir qrup adlara təsadüf edilir ki, onlar zaman ifadə edən sözlər əsasında formalaşır. Belə adlar, əsasən, qadınlara verilir. Məsələn: Saniyə, Saat, Günay, Təzəil, Bahar, Yetər, Güntamam, Aytamam və s.
Qədim antroponimi isə yalnız kişilərə verilir.
Tükənəcək anlayışını ifadə edən tamam və qız sözlərinin qız və naz sözlərinə birləşmsi nəticəsində də antroponimlər düzəlir. Məsələn, Qıztamam, Naztamam Qızyetər, Nazyetər və s.
11. Sevinc və şənlik anlayışlarını ifadə edən sözlər əsasında düzələn antroponimlər. Azərbaycan antroponimiyasında geniş yayılmış bir qrup adlara təsadüf edilir ki, onlar, sevinc, şənlik və xoşbəxtlik anlayışlarını bildirən sözlər əsasında formalaşır. Bu qrup adlar, əsasən, qadınlara verilir. Məsələn, Sevil, Sevinc, Sevda, Bəxtli, Bəxtigül, Xoşbəxt, Varşən və s. Bu adlardan bəziləri daha geniş yayılaraq “şah” adlar səviyyəsinə yüksəlmiş və Bakı şəhərində 1968-ci ildə, Gürcüstanın Bolnisi rayonunda 1974-1975-ci illərdə anadan olan qız uşaqlarına qoyulmuşdur. O cümlədən, Bakı şəhərində Sevinc adı 55 qıza, Sevda adı 33 qıza, Bolnisi rayonunda isə Sevinc adı 18 qıza, Sevda adı 13 qıza verilmişdir.
Bəxt, tale, xoşbəxtlik, sevinc və şənlik anlayışlarını ifadə edən sözlər əsasında formalaşan antroponimlər tatar dilində də geniş yayılmışdır...
Məlumdur ki, keçmişdə xoşbəxtliyin əsas şərti var-dövlət hesab olunurdu. Bununla əlaqədar olaraq, antroponimiyamızda Dövlət, Dövlətbəy, Dövlətxan, Sərmayə kimi adlar meydana gəlmişdir. Belə adlara başqa türk xalqlarının antroponimiyasında da rast gəlmək olur. O cümlədən qazaxlar kişilərə Koylıbay (Qoyunlu bəy), Tyuebay (dəvəli bəy); qırğızlar Bakıt, Baktıbek, Baktıqyul kimi adlar qoyurlar. Bəxtiyar adına özbək, qırğız və qazax antroponimiyasında da təsadüf olunur...
12. Arzu və istək bildirən sözlər əsasında düzələn antroponimlər. Azərbaycan antroponimiyasında bir qrup antroponimlər işlənir ki, onlar arzu və istək bildirən sözlər əsasında formalaşmışdır. Məsələn, Arzu, Uğur, Uğurlu, İlqar, Samir, İlham, Elçin və s. kimi adlar antroponimiyamızda “şah” adlar kimi şöhrətlənmiş və azərbaycanlılar yaşayan bütün rayonlarda geniş yayılmışdır. 1969-cu ildə Bakıda doğulmuş oğlan və qız uşaqları arasında bəzi adlar daha geniş yayılmış və işlək olmuşdur. Oğlan adları: İlqar 38, İlham 24, Elçin 24; Qız adları: Arzu 46, Gülnara 33 və s. Güman ki, bu qrup adlar, hələ, qədim zamanlardan xalqımızın yola inamı və sitayişi ilə bağlı omuşdur. Çünki, adətən, səfərə çıxan hər bir kəsə uğur arzulamışlar. Odur. Belə ki, ulu babalarımız yol tanrısının adına Uğur demişlər ifadələrə hələ XI əsrin mənbələrində də təsadüf olunur: “Yol uğur bulsun”. M.Kaşğarli xatırladır ki, “Bu söz fəqət səfərə gedərkən deyilir”. Xalq arasında da indi bu qəbildən olan ifadələrə tez-tez rast gəlirik: Uğurlar olsun. Yolun uğurlu olsun. İşi uğurla başa vurasan. Bu ifadələrdə işlənən uğur sözü də Uğur və Uğurlu adlarının yaranması üçün əsas olmuşdur. Uğur adı tarixi mənbələrdə və bir çox müasir dillərdə, o cümlədən Azərbaycan dilində də işlənir.
XIII əsr tarixçisi Hüseynin “Bəda-ye-ül-vəqaye” əsərindən görünür ki, Azərbaycan qəbilələrində-Ağqoyunlularda Uğurlu adlı tarixi şəxsiyyət olmuşdur. Buxaralı alim Şeyx Süleyman Əfəndinin qeyd etdiyi kimi, Uğur həm də keçmişdə qəbilələrdən birinin adı olmuşdur. “Uğur” xoşbəxtlik , tayfa deməkdir.
XIII əsrin mənbələrində, xüsusilə, “Fəxrəddin Mübarəkşahın” əsərində türk qəbilələrinin siyahısına Uğur (Uğur qəbiləsinin də) adı daxil edilmişdir. Bu, o deməkdir ki, Uğur qəbiləsi XIII əsrə qədər müstəqil qəbilə kimi yaşamışdır.
13. Dostluq və yoldaşlıq anlayışlarını ifadə edən sözlər əsasında düzələn antroponimlər. Azərbaycan antroponimiyasında dostluq və yoldaşlıq anlayışlarını ifadə edən sözlər əsasında düzələn antroponimlər də geniş yayılmışdır. Bu qrup adlar, əsasən, qadınlara verilir. Məsələn: Dostu, Dostxanım, Mehriban, Rəfiqə və s.
14. Rəng bildirən sözlər asasında düzələn antroponimlər. Azərbaycan antroponimiyasında bir qrup geniş yayılmış antroponimlərə təsadüf edilir ki, onlar əsasən, uşaqların dərisinin və saçının rənginə görə qoyulur. Belə adlar həm kişilərə, həm də qadınlara qoyulur.
Kişi adları: Qara, Qaraxan, Qaraşir, Qaraca, Qaralı, Sarı və s.
Həmin tipli adlara Dədə Qorqud dastanında da təsadüf olunur: Ağ Məlik, Qara Çəkur, Qonur Qoca, Sarı Çoban və s.
Qadın adları: Ağbəniz, Qaraqız, Ağqız, Qaraqaş, Gülbəniz, Qaragilə və s.
Bu xüsusiyyətə Altay antroponimiyasında da rast gəlmək olur. Məsələn, altaylılar qadınlara rənginə görə “Sarı” adını qoyurlar.
15. Miqdar anlayışını ifadə edən sözlər əsasında düzələn antroponimlər. Azərbaycan antroponimiyasında bir qrup adlara təsadüf edilir ki, onlar miqdar anlayışını ifadə edən sözlər əsasında formalaşır. Belə adlar həm kişilərə, həm də qadınlara qoyulur.
Kişi adları: Vahid, İfrat, Miqdar, Minbala, Qırxlar, Yüzbəl, Minbəy və s. Bu adlardan familiyalar da düzəlir.
Qadın adları: Bircə, Yeganə, Milyon, Bircəgül, Bircənaz, Minzər, Mingül, Minnaz, Minnur, Minxal, Minnar və s.
Maraqlıdır ki, miqdar anlayışını ifadə edən sözlər əsasında düzələn atroponimlər özbək dilində də, başqa türk dillərində də təsadüf edilir. Lakin bunların əmələ gəlmə prosesi bir qədər fərqlidir. Məsələn, özbək dilində miqdar anlayışını ifadə edən sözlər əsasında düzələn antroponimlər də geniş yayılmışdır. Özbəklərdə yeni doğulan uşağa atasının yaşı ilə əlaqədar Altmışboy (altmış), Saksanboy (səksən), Tuksonboy (doxsan); atasının qoyununun miqdarı ilə əlaqədar Yüzboy (yüz), Minqboy (min) kimi adlar verilir. Anatollu türkləri isə qızlarına Beşbine (beş min) adını qoyurlar ki, bu da qızı ərə verərkən beş min türk lirəsi almaq arzusundan irəli gəlmişdir.
16. Sahiblik mənasını ifadə edən sözlər əsasında düzələn antroponimlər. Azərbaycan antroponimiyasında bu qrup adlar az yayılmışdır. Belə adlardan Sahib, Mülkü, Mülkədar kişilərə, Sahibə isə qadınlara verilir.
17. Qadın cinsini ifadə edən sözlər əsasında düzələn antroponimlər. Azərbaycan antroponimiyasında qadın cinsini ifadə edən sözlər əsasında da bir qrup antroponimlər düzəlir: Banu, Bəyim, Bikə, Nisə, Xanım, Qızgəlin, Bikəxanım, Bikəzər, Bikənaz, Bikənur, Gülnisə, Gülxanım, Nisəxanım, Narnisə, Dürnisə və s.
18. İnsanlar arasında uzunyaşama mənalarını ifadə edən sözlər əsasında düzələn antroponimlər. Azərbaycan antroponimiyasında bir qrup xüsusi şəxs adları vardır ki, onlar uzun yaşama mənalarını ifadə edən sözlər əsasında formalaşır və əsasən oğlanlara verilir. Məsələn: Yaşar, Ölməz, Minyaşar, Sabit, Dursun, Durmuş, Durmuşxan, Solmaz və s. Bu adlardan Dursun həm kişilərə, həm də qadınlara (Gürcüstanın Dmanisi rayonunda), Solmaz adı isə yalnız qadınlara verilir.
Bu xüsusiyyətə türkdilli başqa xalqların antroponimiyasında da rast gəlmək olur. Məsələn, qazaxlarda Mınqjasar (minyaşar), özbəklərdə Ulmaz (ölməz), kumıklarda Kalsın (ölməz mənasında) adları geniş yayılmışdır.
19. Hədiyyə mənasını bildirən sözlər əsasında düzələn antroponimlər. Azərbaycan antroponimiyasında hədiyyə, sovqat, bəxşiş mənasını bildirən adlara da təsadüf olunur. Bu qrup adlar, əsasən, qadınlara verilir: Hədiyyə, Sovqat, Töhvə, Bəxşiş və s.
20. Qiymətli əşyaların adını bildirən sözlər əsasında düzələn antroponimlər. Dilimizdə qiymətli əşyaların adını bildirən sözlər əsasında formalaşan antroponimlər də geniş yayılmışdır. Bu qrup xüsusi şəxs adlarının müəyyən hissəsi kişilərə, müəyyən hissəsi isə qadınlara qoyulur.
Kişi adları: Altun, Gümüş, Yaqut, Almas və s. Bu adlar XI əsrin məşhur dilçisi Mahmud Karkarlının “Divani-lüğət-it-türk” kitabında qadın adları kimi xatırlanmışdır.
Qadın adları: Almas, Brilyant, İnci, Zərli, Zümrüd, Yaqut, Gövhər, Mirvari, Sırğa, Sədəf, Firuzə və s.
Bu qrup adlar başqa türk xalqlarının antroponimiyasında da geniş yayılmışdır. Məsələn, türkmənlərdə inci mənasını ifadə edən Qauxar, Sadan: qazaxlarda Meruert, Duriya; qırğızlarda Bermet, altaylarda Дьиндьи və s.
21. Müsbət keyfiyyətli anlayışları bildirən sözlər əsasında düzələn antroponimlər. Azərbaycan antroponimiyasında müsbət mənalı keyfiyyətləri ifadə edən antroponimlər də geniş yayılmışdır. Belə adlar həm kişilərə, həm qadınlara qoyulur.
Kişi adları: Bahadır, Qalib, Qəhrəman, Dönməz, Ədalət, İgid, Zəfər, Mübariz, Haqqı, Ötgün, Ötgəm, Qorxmaz və s.
Qadın adları: Abhəyat, Qəşəng, İpək, Gözəl, Həqiqət və s.
22. Ruhanilər tərəfindən “müqəddəs” sayılan yer və əşyaların adını bildirən sözlər əsasında düzələn antroponimlər. Dilimizdə bir qrup antroponimlərə təsadüf edilir ki, onlar ruhanilər və dindarlar tərəfindən müqəddəs hesab olunan yer və əşyaların adını bildirən sözlər əsasında formalaşır. Belə adlar da müxtəlif mənalı sözlər əsasında düzəlir:
a) Toponimlər əsasında düzələn antroponimlər: Kərbəla, Mədinə, Məkkə, Piri (pir sözündən) və s.
b) Müqəddəs hesab olunan yerləri bildirən sözlər əsasında düzələn antroponimlər: Ocaq, Pir və s.
Bu qrup antroponimlərin yaranması türkdilli xalqların, o cümlədən, azərbaycanlıların qədim zamanlardan oda sitayiş etməsi ilə əlaqədar olmuşdur. Türklər oda daha çox hörmət edirlər, böyük ehtiramla anırlar... Ocaq, Ocaqqulu, Ocaqverdi kimi antroponimlər məhz oda-ocağa sitayişlə, inamla əlaqədar olaraq formalaşmış və indi də işlək adlardandır.
v) Müqəddəs hesab olunan ocaq, pir sözlərinə Qulu, Məmməd adlarının və ver felinin birləşməsi nəticəsində düzələn mürəkkəb kök sözlər əsasında yaranan adlar: Ocaqqulu, Pirqulu, Mirməmməd, Ocaqverdi, Pirverdi və s.
23. Gözəllik, zəriflik, incəlik və s. bildirən sözlər əsasında düzələn antroponimlər. Azərbaycan antroponimiyasında gözəllik, zəriflik, incəlik və s. mənaları ifadə edən sözlər əsasında düzələn adlar çox zəngin və rəngarəng xüsusiyyətlərə malikdir. Əsasən qadınlara bu adlar qoyulur. Məsələn: Aydan, Aygül, Zərifə, Ziba, İnci, İpək, Gözəl, Göyçək, Gülçiçək, Günay, Şirin və s.
Qızların gözəl, cəlbedici, mehriban, şəfaqətli və lətif olmalarını əks etdirən adlar başqa türk xalqlarında da geniş yayılmışdır. Məsələn, türkmənlərdə Şirin, Ləzzət, Niqara (portret), qazaxlarda Jibek (ipək), Alma, Ay, Sitarə, Yulduz (ulduz) kimi adlara da təsadüf olunur.
24. Neologizm sözlər əsasında düzələn antroponimlər. Azərbaycan antroponimiyasında bir qrup antroponimlərə təsadüf edilir ki, onlar ölkəmizdə son illərdə yaranmışdır: Məsələn, Sülhiyyə, Sülhzər, Sülhnur, Sülhnurə antroponimləri ölkəmizin ilk gündən etibarən yeritdiyi sülh siyasəti ilə əlaqədar olaraq, adi sözlərdən əmələ gəlmişdir.
Ölkəmizdə yeni yaranan ictimai quruluşla əlaqədar olaraq, dilimizdə vəzifə bildirən bir qrup adi sözlər yaranır. Həmin sözlər isə, sonralar dilimizdə ümumişlək sözlərə çevrilir və antroponimlərin formalaşmasına səbəb olur. Məsələn, qadınlara verilən Vəzifə antroponimi vəzifə sözü, Sədr və Katib antroponimləri isə vəzifə bildirən sədr və katib sözləri əsasında formalaşmışdır.
25. Doğum şəraitini bildirən sözlər əsasında düzələn antroponimlər. Doğum şəraitini bildirən adlar zaman və məkandan asılı olaraq iki qrupu bölünür:
a) Zaman bildirən. Buraya təqvimi ayların adını bildirən sözlər əsasında formalaşan adlar daxildir: Ramazan, Rəcəb, Bədirə (on dörd günlük ay). Bu qəbildən olan adlara qazaxlarada və qırğızlarda da rast gəlmək olur: Tolqonai (bütöv ay).
b) Məkan bildirənlər. Dilimizdə bir qrup adlar vardır ki, onlar uşağın doğulduğu yerin adı əsasında formalaşmışdır. Bu da, əsasən, əhalinin köçəri həyat sürməsi ilə əlaqədardır. Məsələn, Qoşqar, Elbrus (Qoşqar və Elbrus dağı ilə əlaqədardır), Araz (Araz çayı sahili ilə əlaqədardır) Dağlar (ümumiyyətlə, dağla əlaqədardır), Aran (aranla əlaqədadır), Qatar (qatarla əlaqədardır), və s. Türklərdə və noqaylarda da bu qəbildən olan adlar vardır. Yaylı (yaylı, yaylaq sözündəndir).
26. Mənfi keyfiyyətli sözlər əsasında düzələn antroponimlər. Azərbaycan antroponimiyasında mənfi keyfiyyətlər ifadə edən sözlər əsasında düzələn antroponimlərə də rast gəlmək olur. Məsələn, Gülümsər, Bərbər, Bəbəş və s. Həmin adlardan Gülümsərov, Bəbəşov, Bərbərzadə familiyaları da düzəlir.
27. Feil əsasında düzələn antroponimlər.
Azərbaycan antroponimiyasında fel əsasında düzələn antroponimlər də geniş şəkildə yayılmışdır. Son zamanlara qədər bu sahə Azərbaycan antroponimiyasında ayrıca tədqiqat obyekti olmamışdır. Nəinki, Azərbaycan dilçiliyində, ümumiyyətlə, türk dillərində fellərin semantik konversiyası əsasında düzələn antroponimlərin dərindən tədqiqinə böyük ehtiyac vardır. Doğrudur, türk dillərində bu sahədə ilk addımlar atılmışdır və bir sıra əsərlər yazılıb çap olunmuşdur.
Azərbaycan antroponimiyasında fellər əsasında düzələn antroponimlərin qədim tarixi vardır. Bu, heç də, təsadüfi deyildir. Çünki fellər dilin tarixini, qədimliyini və milliliyini özündə əks etdirən leksik vahidlərdir. “Azərbaycan xalqının, onun dilinin, ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin qədimliyinə şübhə ilə yanaşanlar, xor baxan nakəslər, öz ilkini, kökünü, qaynağını, üsulunu dananlar qoy gözlərini açıb bu xalqın dilindəki fellərin tarixinə, bu dilin ən yaxşı keşikçisinə yaxşı-yaxşı baxsınlar. Onda görərlər ki, Azərbaycan xalqının və onun dilinin tarixi deyilən və yazılanlardan da qədimlərə gedib çıxır”. Bu mənada fellər dilimizin milli orijinallığını qoruyub saxladığı kimi, ondan düzələn antroponimlər də həmin vəzifəyə xidmət edən mühüm dil vahididir. Məsələn, Qonaq, Əmən, Basat, Qıyan, Çırpan, Düyər, Aylan, Elgəz, Dözən, Dönəbilməz, Döndər, Doğsun və s. kimi adlar bu qəbildəndir. Bu qrup adlar həm kişilərə, həm də qadınlara verilir.
Kişi və qadın adları feil əsasında müxtəlif morfoloji əlamətlərin artırılması ilə düzəlir:
-lı... şəkilçisi ilə çal sifətinin birləməsindən düzələn sözlər əsasında yaranan şəxs adları: Çallı və s.
-inc şəkilçisi vasitəsilə şəxs adı bildirən substantiv isimlər düzələn sözlər əsasında yaranan adlar qadınlara verilir: Sevinc və s.
-ış, -iş, -uş, -üş, feilin qarışıq növ şəkilçilərilə feildən düzələn sözlər əsasında yaranan adlar: Baxış, Dönüş, Görüş, Gülüş və s.
-il feilin məchul növ şəkilçisinin feil kökünə birləşməsi ilə düzələn sözlər əsasında yaranan adlar qadınlara verilir: Sevil və s.
-ən feili sifət şəkilçisi ilə feildən düzələn sözlər əsasında yaranan adlar qadınlara verilir: Küsən, Gülən, Dilən və s.
-muş keçmiş zaman feli sifət şəkilçisi vasitəsilə feldən düzələn sözlər əsasında yaranan adlar kişilərə verilir: Durmuş və s.
-ar, -ər, -r qeyri-qəti zaman şəkilçiləri şəxsiyyət zamanı vəziyyətdən asılı olaraq, “leksik-qrammatik məna daşıyır” və müxtəlif fellərə birləşməsindən düzələn sözlər əsasında yaranan adlar həm kişilərə, həm də qadınlara verilir: Yaşar, Yetər, Gülər, Sevər və s.
-maz, -məz morfoloji əlamətləri əslində inkar şəkilçisi ilə müzare zamanı şəkilçisinin birləşməsindən əmələ gəlib substantiv isimlər əmələ gətirən sözlər əsasında düzələn adlar həm kişilərə, həm də qadınlara verilir: Qorxmaz, Dönməz, Solmaz və s.
-k şəkilçisi ilə felin birləşməsindən düzələn sözlər əsasında yaranan adlar qadınlara verilir: İstək və s.
-qun, -ğun, -gün, -kün şəkilçiləri feilin təsirli və ya təsirsizliyindən asılı olmayaraq hal-vəziyyət bildirən substantiv isimlər əmələ gətirən sözlər əsasında yaranan adlar: Coşğun, Vurğun, Ötkün, Küskün, Duyğun və s.
-da qrammatik şəkilçisilə feilin birləşməsindən düzələn sözlər əsasında yaranan şəxs adları: Sevda və s.
-sun, -sün feilinin əmr şəklinin, üçüncü şəxs təkinin şəkilçisi isə feldən düzələn sözlər əsasında yaranan şəxs adları: Dursun, Gülsün və s.
Azərbaycan dilinin lüğət tərkibinin zənginləşməsində olduğu kimi, feillər antroponimlərin yaradılmasında da başlıca rola malikdir.
28. Məişət sözləri əsasında düzələn antroponimlər. Azərbaycan xalqı arasında məişət sözləri əsasında formalaşan adlara çox az təsadüf olunur. Belə adlar yalnız qadınlara verilir: Piyalə (fars dilində cam, qədəh deməkdir).
29. Müxtəlif əfsanə və əsərlərdən gələn antroponimlər. Müasir Azərbaycan antroponimiyasında bir çox adlara təsadüf edilir ki, onlar müxtəlif əfsanə və nağıllardan gəlib dilimizdə geniş yayılmışdır. Məsələn, Səməndər (əfsanəvi quş), Fərhad, Sənan, Məcnun; Səba, Şirin, leyli və s. Belə adlar Ş.İ.Xətainin əsərlərində də çox işlənmişdir.
30. Kişi adları əsasında morfoloji yolla düzələn qadın adları. Azərbaycan antroponimiyasında nəzər-diqqəti cəlb edən cəhətlərdən biri də kişi adlarından morfoloji yolla, yəni kişi adını bildirən sözlər əsasında müəyyən şəkilçinin artırılması ilə qadın adlarının və yaxud antroponimik paralellərin əmələ gəlməsidir. Dil ünsiyyət vasitəsi olmaq etibarilə öz qayda-qanunlarını daim səlisləşdirir və normallaşdırır. Dildəki bu qaydalar şəxs adlarının normallaşmasında da öz əksini tapır. Bu normalar bütün türk xalqlarının antroponimiyasında olduğu kimi, Azərbaycan antroponimiyası üçün də səciyyəvidir.
Məlumdur ki, türk dillərində qrammatik cins yoxdur. Buna görə də, türkdilli xalqların antroponimiyasında şəxs adları cinsə görə lazımi səviyyədə inkişaf etməmişdir. Məhz buna görə də, hələ, lap qədim zamanlardan bəzi vəhşi heyvanların və silahların adları, igidlik, şücaət və cəsa-rətlik bildirən sözlər kişi adları: gül-çiçək və qiymətli əşyaların adları, lətiflik, nəzakət, incəlik və zəriflik bildirən sözlər isə qadın adları kimi formalaşmışdır. Əlbəttə, bu bölgünü bütün adlara aid etmək olmaz. Cinsə görə adları fərqləndirmək üçün dilimizdə -ə, -ət, -iyyə kimi leksik şəkilçilər vardır. Bu şəkilçilərin kişi adlarına birləşməsi nəticəsində dilimizdə yüzdən çox yeni qadın adları düzəlir.
-ə şəkilçisi ilə düzələn adlar: Abid-Abidə, Aqil-Aqilə, Adil-Adilə, Azad-Azadə, Aləm-Aləmə, Amil-Amilə, Bədir-Bədirə, Qail-Qailə, Əziz-Əzizə, Zabit-Zabitə, İlham-İlhamə, Kamal-Kamalə, Mail Mailə, Nail-Nailə, Rasim-Rasimə, Sabir-Sabirə, Sahil-Sahilə, Firuz-Firuzə, Həzin-Həzinə, Vahid-Vahidə, Nazir-Nazirə və s.
-ət şəkilçisi ilə düzələn adlar: Arif-Arifət. Arif adına -ə şəkilçisini artırmaqla da qadın adı düzəlir: Arifə və s.
-iyyə şəkilçisilə düzələn adlar: Qərib-Qəribiyyə, Zəki-Zəkiyyə, Mavi-Maviyyə, Əhməd-Əhmədiyyə, Şəmsi-Şəmsiyyə, Məmməd-Məmmədiyyə, Qədir-Qədiriyyə, Şövqi-Şövqiyyə və s. Qərib antroponimindən -ə şəkilçisinin köməyilə Qəribə; zər, gül, naz, nar, nur sözlərinin birləşməsilə isə Qəribzər, Qəribgül, Qəribnaz, Qəribnar, Qəribnur kimi qadın adları əmələ gəlir.
Həm kişilər, həm də qadınlar üçün müştərək olan Vüsal adından da -ə şəkilçisinin köməyilə Vüsalə qadın adı düzəlir.
Azərbaycan antroponimiyasında qadın adından kişi adı-nın düzəlməsi, demək olar ki, yox dərəcəsindədir. Tatar və başqırd antroponimiyasında isə qadın adlarından kişi adlarının əmələ gəlməsi halları son zamanlarda özünü göstərməyə başlamışdır. O cümlədən, 1967-ci ildə altı nəfər tatar oğlan uşağına Vener (qadın adı bildirən Venera sözündəndir) adı qoyulmuşdur. Başqırd antroponimiyasında onlarla Vener və Cület (qadın adı bildirən Cületta sözündəndir) adları vardır.
Bax:
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Tbilisi. 1983.
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Bakı, 2017, səh. 255-287.
turan.info.az
.