III. Məhəlli - kollektiv ləqəb. Bəzi tədqiqatlarda ləqəblərin üçüncü qrupu məhəlli - kollektiv ləqəb adlandırılmışdır. Bu qrup ləqəblərdə qohumluq, ailə və nəsil münasibətləri yox, məhəlli - ərazi birliyi əsas götürülür və bütöv bir kənd və ya qəsəbə, kəndin və ya qəsəbənin müəyyən hissəsi həmin ləqəblə adlanır. Belə ləqəblər, əsasən, ümumi məzmunlu sözlərlə ifadə olunur. Məsələn, aranda yaşayanlar dağ yerində yaşayanları ümumi şəkildə “Dağlı”, şəhərlilər isə kənddə yaşayanları ümumi şəkildə “Çöllü” adlandırırlar. Həmçinin, bir kəndin sakinləri onlara tanış olmayan başqa bir kəndin sakinlərini həmin kəndin və ya qəsəbənin adı ilə adlandırırlar. Belə hallarda ləqəblər, əsasən, cəm şəkildə işlənir. Məsələn, Kəpənəkçilər, Qoçulular, Mığırlılar, Saraclılar, Dəmirlilər, Bəytəkərlilər, Səfəvilər, Dəllərlilər, Candarlılar və s.
Dilimizin lüğət tərkibindəki sözlərin xüsusi və ümumi olmasını nəzərə alaraq, ləqəbləri də xüsusi və ümumi olmaqla iki qrupa bölmək təşəbbüsü də olmuşdur. Müəllif xüsusi ləqəb adı altında (Cücü Rza, Niçevo Nəcəf) fərdi -şəxsi ləqəbləri; ümumi ləqəb adı altında isə (Şələmənni Şirin) ailəvi - rəsmi və məhəlli kollektiv ləqəbləri nəzərdə tutulmuşdur.
Məhəlli - kollektiv ləqəblərdə coğrafi mövqe və etno-nim əsas olur: Aşağı məhəllə, Yuxarı məhəllə, Cırtdanlar məhəlləsi, Tüllər məhəlləsi, Coculular məhəlləsi və s.
Görkəmli tarixi nəsr ustası və alim Əzizə Cəfərzadə “Aləmdə səsim var mənim” əsərində Şamaxı şəhərində olan Məhəlli - bazarlarının adını çəkir: Baqqalbazar, Dər-zibazar, Xarratbazar, Başmaqçıbazar, Gürzəbazar və s.
Ləqəblər indi də daim yaranır və çoxalır, ancaq onların işlənmə dərəcəsi azalır. Bunun da əsas səbəbi, hər şeydən əvvəl, ünsiyyət zamanı hər bir fərdi adı və familiyası ilə adlanması və çağırılmasıdır. Digər tərəfdən, bu və ya digər şəxsin qüsur və nöqsanlarının üzünə deyilməsi mədəniyyətsizlikdir və bu çox vaxt təhqir kimi özünü biruzə verir. Şübhəsiz, xalqın mədəni səviyyəsi artdıqca, ləqəblərin də sayı azalacaqdır.
Buraya kimi deyilənlərdən belə nəticəyə gəlmək olar ki, şəxs adı ömürlükdür, hər yerdə familiya ilə bərabər rəsmiləşdirilir; ləqəb məhdud dairədə (ailədə, küçədə, kənddə) işlənir və heç bir rəsmi sənəddə qeydə alınmır; şəxsi - fərdi ləqəb müvəqqəti, ailəvi - nəsli və məhəlli -kollektiv ləqəb isə, nisbətən uzun ömürlüdür, bir neçə nəsil yaşaya bilir; şəxs adından ata adı və familiya düzəldiyi halda, ləqəblərdə bu xüsusiyyət yoxdur: ad, familiya və təxəllüs müstəqil işləndiyi halda, ləqəb müstəqil işlənmir; adlar bu və ya digər şəxsə müraciət etmək, hörmət, ehtiram və yüksək mədəniyyət hesab olunduğu halda, ləqəblə müraciət etmək ona gülmək, lağ etmək, onu ələ salmaq və mədəniyyətsizlik hesab olunur; ad bu və ya digər şəxsi adlandırmağa xidmət etdiyi halda, ləqəb addaşları bir-birindən fərqləndirməyə xidmət edir; ad ünsiyyət zamanı və bədii əsərlərdə personajların bir-birinə müraciəti məqamında müsbət keyfiyyətlərə malik olduğu halda, ləqəblərdə bu keyfiyyətlərlə yanaşı, mənfi keyfiyyətlər də özünü biruzə verir.
VII FƏSİL
ANTROPONİMLƏRİN
FORMALAŞMASININ ƏSASLARI
Dilçiliyin sözlərin və ifadələrin mənalarından, onların inkişafı və dəyişməsindən bəhs edən şöbəsi semasiologiya və ya semantika adlanır. Başqa sözlə desək, semasiologiya leksik mənanın dəqiqləşdirilməsi, sözlərin məna qruplarının müəyyənləşdirilməsi qanunauyğunluqları ilə yaxından məşğul olur. Bu mənada da dilimizdəki xüsusi adların təşəkkülü, inkişafı və müəyyənləşdirilməsi məsələləri ilə əlaqədar olaraq, onların ifadə etdiyi mənanın da öyrənilməsi ön plana çəkilməlidir. “Söz və onun mənaları müxtəlif qruplarda birləşir və bu birləşmə oxşarlığa və ya mənaya əsaslanır”. Bu mülahizəni eynilə xüsusi adlara, o cümlədən də, antroponimlərə aid etmək olar. Çünki hər bir antroponim də bu və ya digər məna əsasında təşəkkül tapır.
Dilin əsas lüğət fonduna və ya lüğət tərkibinə daxil olan hər bir söz müəyyən mənaya malik olduğu kimi, dilin lüğət tərkibində də geniş bir lay təşkil edən xüsusi adlar, o cümlədən də, antroponimlər ifadə etdiyi bu və ya digər məna əsasında formalaşmışdır. Bu baxımdan, antroponimlərin leksik-semantik qruplarının, onların təbiətinin və məna əsasının tədqiqi böyük əhəmiyyət kəsb edir. Çünki hər bir dildə ünsiyyət prosesində antroponimlərin hər an işlədilməsi obyektin həqiqətlər, obyektiv münasibətlərlə bağlıdır. Əlbəttə, antroponimlərsiz gündəlik ünsiyyəti ağılla gətirmək olmaz. Lakin ünsiyyət prosesində antroponim üçün qrammatik quruluş yox, onun ifadə etdiyi məna çaları əsas götürülür. Məhz buna görə də, Azərbaycan şəxs adlarının da kişi və qadın adlarına bölünməsi onların məna əsası ilə əlaqədar olmuşdur. Məsələn: Qazan, Beyrək, Buğac, Aslan, Ziya, Mətanət kişilərə; Ceyran, Gözəl, Göyçək, Lalə, Çiçək, Yasəmən, Reyhan, Ulduz, Günəş qadınlara verilən adlardır. Göründüyü kimi, yuxarıdakı birinci qrup adlarda igidlik, qəhrəmanlıq, cəsurluq, cəsarətlik, anlayışları; ikinci qrup adlarda isə gözəllik, zəriflik, incəlik, ətirlilik, parlaqlıq anlayışları öz əksini tapmışdır. Antroponimlərin qruplaşdırılması da bilavasitə onların mənası ilə bağlı olmuşdur. Deməli, antroponimləri məna anlayışından kənarda düşünmək olmaz.
Azərbaycan antroponimlərinin sistemi onların hər birində və ya hər bir qrupunda leksik mənanın əsas tiplərini, onların leksik-semantik bölgülərinin araşdırılması üçün geniş imkan açır. Bu mənada, antroponimiya bu və ya digər dildə sadəcə olaraq, şəxs adlarının toplusu deyil, bir-birilə qarşılıqlı əlaqəsi olan dil faktlarının təşəkkül tapmış müəyyən sistemidir. Həmin sistemə əsas (şəxs adı, ata adı, familiya) və köməkçi (təxəllüs, ləqəb) adlar daxildir. Antroponimik sistem öz ifadəsini ayrı-ayrı şəxslərə verilən eyni və ya müxtəlif adların daşıdığı mənalarda tapır. Deməli, müxtəlif leksik-semantik qruplarda toplanan antroponimlər bir-birilə, əsasan, məna və məzmun cəhətdən uyğun gəlir. Belə qruplarda antroponimlərin bir-birilə sabitləşmiş əlaqə münasibətləri və bir-birini tamamlayan dil ünsürləri öz əksini tapır. Antroponimik sistemdə bir tərəfdən dil faktlarının formaca təşkili, digər tərəfdən isə məzmunca tamamlanması prosesi gedir. Başqa sözlə desək, hər bir antroponimdə həm zahiri cəhət (fonetik səslənmə), həm də daxili cəhət (məna və məzmun) qarşılıqlı surətdə bir-birini tamamlayır. Lakin semantikada ikinci cəhət, yəni məna ön cərgəyə keçir. Ona görə də, antroponimlərdə də fonetik səslənmə, mənaca bütövlük və anlaşıqlıq, müstəqillik, sabitlik, ahəngdarlıq, sabit vurğuluq və s. xüsusiyyətlər olmalıdır. Bütün bunlar antroponimlərin maddi inkişafı (yeni antroponimlərin yaranması, köhnələrin - məzmunsuzların istifadədən qalması), antroponimlərin fonetik inkişafı (bir antroponimdən digərinin yaradılması - Ulduz-Ulduzə, Aynur-Aynurə), antroponimlərin semantik inki-şafı (kişi və qadın üçün müştərək və eyniköklü adların yaranması) və s. özünü büruzə verir.
Əlbəttə, antroponimik sistemdə ayrı-ayrı nitq hissələrinə aid olan ümumişlək sözlər əsasında düzələn antroponimlərin də qruplaşdırılması onların istifadə etdiyi məna ilə bağlı olmuşdur.
Bütün Dünya xalqlarının antroponimiyasında olduğu kimi, Azərbaycan antroponimlərinin bazası məna və məzmunca rəngarəng və müxtəlif ümumişlək sözlərdən ibarətdir. “Cəmiyyət və kainata aid əşya, hadisə, əlamət və s. anlayışların adını bildirib, dildə çox işlənən sözlərə ümumişlək söz deyilir”. “Ümumişlək leksikaya real varlığın ən geniş anlayışlarını bildirən sözlər daxildir”.
Hamı tərəfindən eyni dərəcədə və eyni mənada başa düşülən belə sözlər Azərbaycan antroponimlərinin yaranması üçün əsas baza təşkil edir. Məsələn:
Can verib yüz minnət ilə almışam,
Göndərirəm səni yarə, şamama!
Təzə tağdan üzülübsən, oxşarsan
Yarın qoynundakı narə, şamama!
Ey süsən-sünbülüm, al zənaxdanlım,
Qurban olsun lalə, gül ilən sana,
Bu neçə gündür ki, səndən ayrıyam,
Sanasan həsrətəm il ilə sana!
Canın sədəfdir, dişlərin inci,
Sanasan ağızın püstədir, ay qız!
Xumar gözlərini sevəndən bəri,
Dərdə düşüb canım xəstədir, ay qız!
Yayıldı şöhrəti Azərbaycana,
Şad olub sevindi düzlər, yamaclar.
Adını nəğməylə saldı dastana,
Muğan çöllərində ötən turaclar...
Yoxsa, o saf məhəbbətdən
O könüldən, o ülfətdən,
Dövranınmı üzü döndü?
Qərib-qərib tək dayanma,
O dilbərin həsrətinə.
Ey göyərçin, çox da yanma!
Can evinin mehtərinə!
Aldı qucağına məni şəhərlər,
O həsrət qaldığım şehli səhərlər.
Bahar! Gəl, demə ki, qanım soyuqdur,
Mənim də qəlbimdə əməllərim var...
Kim deyir, sevginin mənası yoxdur?
Gözlə, qırılmasın ortada ilqar,
Mənim də qəlbimdə əməllərim var.
Bir məsəl qalmışdır ata-babadan:
Uçarda turacdır, qaçarda ceyran.
Bir mən deyiləm ki, hüsnünə heyran,
Şöhrətin yayılıb hər yana, cayran!
Yazın növbarısan bizim diyarda,
Qıvrım tellərini sana, bənövşə!
Mən səni sevmişəm bir ilk baharda,
Könlümü vermişəm sana, bənövşə!
(S.Vurğun)
Mən etibar edib o nigarın vəfasına,
Düşdüm məhəbbətin dolaşıq macərasına.
Canan! İlk baharım sən olmasaydın,
Vəfalı nigarım sən olmasaydın,
Külli-ixtiyarım sən olmasaydın,
Gözəllər talayıb çapardı məni!
(S.Rüstəm)
Açardım bufeti tələm-tələsik,
Səhərlər gizlicə qalxıb yerimdən.
Vurulub şəkərin şirinliyinə,
Onsuz keçinməzdim uşaqlıqda mən.
(H.Arif)
Klassik və müasir Azərbaycan poeziyasından gətirilmiş yuxarıdakı parçalarda işlənən şamama, süsən, püstə, bənövşə, lalə, gül, sünbül, turac, göyərçin, ceyran; sədəf, inci, ucar, qumaş, məhəbbət, könül, ilqar, tellər; vəfa, vəfalı, camal, şöhrət, etibar, gözəl, şəkər, şirin, ülfət, xumar, dilbər, hüsn, heyran, bahar, növbahar, səhər, həsrət, nigar, qurban, qərib kimi sözlərin hamısı dilimizdə çox yayılmış ümumişlək sözlərdəndir. Çünki bu qrup sözlər Azərbaycan dilində danışanların hamısı üçün eyni dərəcədə aydındır. Bu qrup sözlər, yəni “formasında heç bir dəyişiklik edilmədən xüsusi ad kimi işlənən ümumi ad”lar apelyativ ad hesab olunur.
Ümumişlək sözlər dilimizin lüğət tərkibinin əsas hissəsini təşkil edir və onlar maddi varlığa, eləcə də insan fəaliyyətinin bütün sahələrinə aid olaraq, ən zəruri müxtəlif həyati anlayışları özündə əks etdirir. Dilimizin bütün üslublarında (bədii, elmi, publisistik, rəsmi, epistolyar) işlənə bilən ümumişlək sözlər nitqdə fikrin aydınlığı və ahəngdarlığı ilə fərqlənir. Odur ki, lüğət tərkibinin ən qədim və ən sabit hissəsi olan bu leksika dilimizin bütün üslublarında - danışıq-məişət, işgüzar, elmi, texniki, bədii-geniş şəkildə işlənmə ixtiyarına malikdir. Həmin söz-lərin müəyyən hissəsi danışığın və ya nitqin gedişi şəraitində yüksək vurğu və avazla deyilir. Bu da həmin sözlərin yeni məna kəsb etməsinə səbəb olur.
Beləliklə də, dilimizdəki ümumişlək sözlərdən insan adları-antroponimlər əmələ gəlir. Başqa sözlə desək, hamının başa düşdüyü, mənasını dəqiq şəkildə anladığı müstəqil mənalı adi sözlərdən antroponimlər yaradılır. Müasir valideynlər də hər gün bir-biri ilə ünsiyyətdə olduqları və ulu babalarının zəngin irs qoyduğu doğma dillərindəki ayrı-ayrı sözləri mənalandıraraq, öz uşaqlarına yeni-yeni adlar verirlər: Bənövşə, Lalə, Gül, Şamama, Püstə, Sünbül, Turac, Ceyran, Göyərçin, Sədəf, İnci, Qumaş, Məhəbbət, Könül, İlqar, Tellər, Vəfa, Vəfalı, Camal, Şöhrət, Etibar, Gözəl, Şirin, Xumar, Ülfət, Dilbər, Hüsniyyə, Heyran, Bahar, Səhər, Həsrət, Şəkər, Nigar, Qurban, Dastan və s.
Ümumişlək sözlər əsasında formalaşan yuxarıdakı adlardan Qərib, Vəfa və, Şirin antroponimləri “qərib, vəfa və şirin” sifətlərinin, Qurban, Həsrət və Heyran antroponimləri isə “qurban olmaq, həsrət qalmaz (olmaz), heyran olmaq (qalmaq)” felinin semantik konversiya cəhətdən substantivləşməsi nəticəsində yaranmışdır.
Yuxarıdakı nümunələrdən göründüyü kimi, antro-ponimlər həyat və məişətin bu və ya digər sahəsini əks etdirən sözlər əsasında formalaşaraq, tarix boyu ünsiyyət zamanı xalqımıza xidmət etmişdir.
Azərbaycan antroponimləri üzərində müşahidə apa-rarkən məlum olur ki, onlar ümumişlək sözlər əsasında müxtəlif nitq hissələrindən yaranmışdır. Nitq hissələri əsasında əmələ gəlməsinə görə, antroponimləri iki qrupa bölmək olar:
1. İsimlər əsasında formalaşan antroponimlər. Bu qrup antroponimlər, əsas etibarilə, ümumi adların xüsusi adlara və yaxud insan adlarına çevrilməsi ilə əmələ gəlir. Məsələn, dilimizdə floralar aləminin bu və ya digər üzvünün ümumi adını bildirən şamama, süsən, çiçək; zoonimlərin müəyyən növünün adını bildirən tovuz, maral, ceyran, laçın; kosmonimlərin bu və ya digər konkret əşyanın adını bildirən yaqut, sədəf, almas, gümüş və s. ümumi adlar əsasında xüsusi şəxs adları formalaşmışdır; Şamama, Süsən, Çiçək, Tovuz, Maral, Ceyran, Laçın, Ulduz, Yaqut, Sədəf, Almas, Gümüş və s.
Azərbaycan antroponimiyasında bir qrup şəxs adına təsadüf olunur ki, onlar başqa dillərdən alınmış ümumi söz əsasında təşəkkül tapmışdır. Məsələn, ərəb dilində qiymətli daş mənasını ifadə edən “Həcər”və gözəl mənasını bildirən”Həsən” sözləri dilimizə keçdikdən sonra şəxs adlarının formalaşması üçün əsas olmuşdur. Demək olar ki, Orta əsrlərdən bu günə kimi, Azərbaycan antroponimləri sırasında qadınlara verilən Həcər və kişilərə verilən Həsən adları fəal şəkildə işlənməkdədir.
2. Ayrı-ayrı nitq hissələrinin konversiyası əsasında formalaşan antroponimlər. Dilçiliyin söz yaradıcılığı sa-həsində geniş şəkildə yayılmış olan konversiya, yəni “sözün bir nitq hissəsindən başqasına keçməsi” hadisəsi dilimizdə antroponimlərin yaranması üçün də əsas vasitə olmuşdur. Konversiya söz yaradıcılığı üsullarından biri olan leksik-qrammatik hadisə kimi dilçilikdə az-çox öyrənilsə də, onun antroponimika sahəsindəki rolu, demək olar ki, ayrılıqda xüsusi tədqiqat obyekti olmamışdır. Müxtəlif rayonlardan və mətbu ədəbiyyatdan topladığımız on mindən çox antroponim lüğəti üzərində tədqiqat apararkən, belə bir nəticəyə gəldik ki, antroponimlərin təşəkkülündə konversiya aparıcı rola malikdir.
“Semantik konversiya müəyyən bir nitq hissəsinə daxil olan sözün həmin nitq hissəsi ilə bütün semantik və qrammatik əlaqələrini itirərək, yeni bir nitq hissəsinə keçməsini nəzərdə tutur. Semantik konversiya, demək olar ki, tamamilə onomastika sahəsinə aid olub, daha çox xüsusi isimlərdə özünü göstərir”. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, semantik konversiya substantivləşmə və ya isimləşmə ilə yaxından bağlıdır. Azərbaycan dilində isə nitq hissələrindən sifət və fellərin semantik cəhətdən substantivləşməsi daha çox yayılmışdır. Bunları nəzərə alaraq, Azərbaycan antroponimiyasında sözlərin konversiyası yolu ilə düzələn antroponimləri iki qrupa bölmək olar:
a) Sifətlərin semantik cəhətdən substantivləşməsi yolu ilə düzələn antroponimlər. Substantivləşmə yolu ilə düzələn bu qrup adlar xalqımız arasında həm kişilərə, həm də qadınlara verilir.
Kişi adları: Balaca, Bəxtiyar, Qara, Sarı, Əziz, Lətif və s.
Qadın adları: Ağca, Ballı, Gözəl, Göyçək, Qəşəng, Yaxşı və s.
b) Fellərin semantik cəhətdən substantivləşməsi yolu ilə düzələn antroponimlər. Xalqımız arasında geniş yayılmış bu adlar həm kişilərə, həm də qadınlara verilir.
Kişi adları: Anar, Qorxmaz, Dönməz, Dönüş,Yaşar və s.
Qadın adları: Yetər, Gülər, Sevər, Sevil, Sevinc, Sevda və s.
v) Zərflərin semantik cəhətdən substantivləşməsi yolu ilə düzələn antroponimlər: Səhər, İlkin, Gündüz və s.
q) Sayların semantik cəhətdən substantivləşməsi yolu ilə düzələn antroponimlər: Vahid, Bircə, Bircəxanım, Bircəgül və s.
ğ) Nidaların semantik cəhətdən substantivləşməsi yolu ilə düzələn antroponimlər: Afərin, İnşaallah, Maşallah (əlbəttə, bu qrup adların yaşadılması məqsədəuyğun deyil).
Buraya kimi deyilənlərdən belə nəticəyə gəlmək olur ki, vaxtilə, hələ, azərbaycalılar arasında familiya kütləvi şəkildə yaranmamışdan əvvəl (XIX əsrin ikinci yarısına qədər) təxəllüslər, bir növ, familiyanın funksiyasını yerinə yetirmişdir. Buna görə də, Azərbaycan antropo-nimiyasında familiyanın Orta əsrlərdə yaradılmasına, bəlkə, heç ehtiyac da olmamışdır. Xalqımız arasında familiya kütləvi şəkildə qəbul edildikdən sonra (XX əsrin birinci rübündən sonra) təxəllüslərin işlənmə miqyası əvvəlki dövrlərə nisbətən müqayisəedilməz dərəcədə azalmışdır.
ANTROPONİMLƏRİN SEMANTİK QRUPLARI
Tarixən xalqımızın ictimai həyatında baş verən bütün hadisələr, inkişaf və dəyişikliklər dilimizin lüğət tərkibində olduğu kimi, onun antroponimik layında da bu və ya digər cəhətdən öz əksini tapmışdır. Zəngin və rəngarəng xüsusiyyətlərə malik olan müasir Azərbaycan antroponimlərini semantik cəhətdən aşağıdakı qruplara bölmək olar.
1. Toponimlər əsasında düzələn antroponimlər. Azərbaycan antroponimiyasında toponimlər əsasında düzələn antroponimlər geniş yayılmışdır. Bu da, şübhəsiz ki, bu və ya digər coğrafi mövqedə, ərazidə yaşayan qəbilə, tayfa və xalqın tarixən yaşadığı, boya-başa çatdığı ərazinin - Vətənin şöhrətləndirilməsi və bəzi mikrotoponimlərin ziyarətgaha çevrilməsi ilə əlaqədar olmuşdur. Çünki “Vətən bütün xalqlar üçün müqəddəsdir. Vətənin məhəbbəti insanların qəlbində, adı dilindədir”. Klassik şairimiz Abbas Səhhət demişkən:
Vətəni sevməyən insan olmaz,
Olsa, ol şəxsdə vicdan olmaz.
Vətən məfhumu hər bir xalqın dilində öz doğma sözləri ilə ifadə olunur. Başı daim ağ çalmalı uca dağlar, ucsuz-bucaqsız geniş düzənliklər, şır-şır axan büllur çaylar və dərin dərələr, gümüş kimi parlayan mavi dənizlər və göllər, gecələr hər yana nur saçan elektrik lampalı şəhərlər, kəndlər, hər kəsin yandırdığı çil-çıraq da, od-ocaq da vətəndir, Vətənin bir parçasıdır. Vətənin də, onun hər bir parçasının da dilimizdə öz adı vardır. Belə adları bildirən sözlərə onomalogiyada toponimlər deyilir. “Onları Vətən sözləri (Vətən parçalarının adları -M.Ç.) adlandırmaq da olardı... Yer adları - Vətən sözləri torpağın köksündə xalqın tarixinin canlı izləridir”. Xalq da, hələ, lap qədim zamanlardan öz Vətənini, onun ayrı-ayrı parçalarını şöhrətləndirmək və nəsillərin qəlbində yaşatmaq məqsədilə ayrı-ayrı toponimləri və ya yer adlarını öz övladlarına şəxs adı kimi qoymuşdur. Bu qrup antroponimlərə qədim zamanlardan təsadüf etmək olur. Məsələn, Oğuzun oğlanlarından birinin adı Tağ (Dağ) olmuşdur. Öz obyektinin müxtəlifliyi və zənginliyi ilə əlaqədar olaraq, toponimlər müxtəlif olduğu kimi, onların adları əsasında düzələn antroponimlər də müxtəlif və rəngarəngdir. Həmin qrup antroponimlər həm kişilərə, həm də qadınlara verilir.
a) Ölkə adları bildirən toponimlər əsasında düzələn antroponimlər. Bu qrup antroponimlər, əsasən, kişilərə verilir: Qafqaz, Dağıstan, Gürcüstan, Altay, Misir və s.
Bu qrup kişi adlarına Qazax antroponimiyasında da rast gəlirik. Azərbaycan toponimi əsasında qazaxlarda antroponim düzəlmişdir. Qazax sovet rejissoru, xalq artisti, Dövlət mükafatı laureatı Mambetov Azərbaycan Mədi oğlu. Burada “Azərbaycan” şəxs adı kimi qəbul edilmişdir.
b) Oykonimlər, yəni yaşayış məntəqələrinin adlarını bil-dirən toponimlər əsasında düzələn antroponimlər. Məlum-dur ki, oykonimlər - yaşayış məntəqələri də əhalisinin sa-yına, məşğuliyyətinə, mədəni-məişətinin inkişafına görə müxtəlif olur. Bu nöqteyi-nəzərdən oykonimlər iki qrupa bölünür: astionimlər (şəhər adları) və komonimlər (kənd adları). Astionimlər, yəni şəhər adlarını bildirən sözlər əsasında düzələn adlar həm kişilərə, həm də qadınlara verilir:
Kişi adları: Qubad, Tehran, Təbriz, Gəncə, Tiflis və s. Gürcüstanın Saqareco rayonunun Lənbəli kəndində Qa-zax antroponiminə də təsadüf olunur.
Qadın adları: Şamaxı, Quba, Qahirə, Afina, Firuzə, Fərqanə, Adıgün, Tovuz, Dilman, Bakı, Şəki və s. Bağdad və Tehran adları müştərək olaraq, həm kişilərə, həm də qadınlara verilir.
v) Oronimlər və ya dağ adlarından düzələn antroponimlər: Qoşqar, Savalan, Elbrus və s.
b) Qitə və böyük bir ərazinin adını bildirən sözlər əsasında düzələn adlar: Asya, Turan, Turğay və s.
Toponimlər əsasında düzələn adlara tatar və başqırd antroponimiyasında da geniş şəkildə rast gəlmək olur. Məsələn, tatarlar oğlana Marsel, başqırdlar isə Amur, Elbrus, Pamir, Baykal, Kuzbas; qızlara isə Elba, Qrenada, Siciliya, Sır-Dərya, Madrid, Aziya kimi adlar qoyurlar.
2. Coğrafi adlar əsasında düzələn antroponimlər. Azərbaycan antroponimiyasında bir qrup şəxs adlarına təsadüf edilir ki, onlar coğrafi terminlər əsasında formalaşır. Bu qəbildən olan adlar həm kişilərə, həm də qadınlara verilir.
Kişi adları: Dağlar, Sahil, Zirvə, Üfüq, Sərhəd, Yayla, Səhra, Miqyas, Mail, Mühit, Orman və s.
Qadın adları: Sahilə, Məsmə (bənd), Mənzərə, Dəhanə, Şəlalə, Dalğa, Mənbə, Mülayim, Xəzan, Çəmən, Səviyyə, Mənsəb, Şərqiyyə və s.
Coğrafi terminlərlə keçmişdə vəzifə bildirən bəy, xan, vəzir sözünün birləşməsindən də mürəkkəb antroponimlər düzəlirdi: Aranbəy, Aranxan, Çəmənzər və s.
3. Etnonimlər əsasında düzələn antroponimlər. Azər-baycan antroponimiyasına daxil olan xüsusi şəxs bildirən adların bəzisi etnonimlər əsasında düzəlmişdir. Tarix-dən məlumdur ki, Azərbaycanda onlarla türkdilli qəbilə və tayfalar yaşamışdır. “...Qədim alban tayfaları birləşməsində 26 qəbilə olmuşdur və bir çox tarixçilər göstərir ki, bunların hərəsinin özünəməxsus dili olmuşdur. Güman etmək olar ki, bunların dilləri də bir-birinə qohum dillər olmuşdur”. Sonralar ayrı-ayrı qəbilə və tayfalar xalq halında birləşir. Həmin qəbilənin üzvləri öz övladlarına daxil olduqları qəbilə və tayfanın adını qoyurlar. Deməli, “xalqın şərəfinə adqoyma adəti çox qədimdir”. Beləliklə də, etnonimlər əsasında antroponimlər düzəlir. Etnonimlər əsasında düzələn antroponimlərə, demək olar ki, azərbaycanlılar yaşayan hər bir kənddə və şəhərdə rast gəlmək olar. Məsələn, Azərbaycan antroponimiyasında həm xüsusi şəxs adı, həm də təxəllüs kimi geniş yayılmış Sabir antroponimi bilavasitə Albaniyada yaşayan Sabir tayfa-sının adı ilə əlaqədardır. Əfşar və Əfşan antroponimləri Əfşar qəbiləsinin, Qaytağı - qaytağı qəbiləsinin, Qacar antroponimi isə Qacar qəbiləsinin, adı ilə bağlıdır. Muğan antroponimi (toponimi) isə Heredotun qeyd etdiyi kimi, qədim midiyalılardan olan “muğ” və yaxud “mağ” qəbiləsinin adı ilə əlaqədardır. Özbək antroponimi isə özbək etnomiki ilə əlaqədar olaraq meydana gəlmişdir. XIII əsr Eldəgiz hökmdarı Məmməd Cahan pəhləvanın oğlunun adı Özbək olubdur. Xəzər antroponimi isə qədim zamanlardan Xəzər dənizinin şimal-qərb sahillərində yaşayan xas//ğas tayfasının adı ilə əlaqədar olaraq yaranmışdır. “Kitabi-Dədə Qorqud” dastanının qəhrəmanlarından birinin adı Uşun Qoca antroponimi də uşun etnonimi əsasında düzəlmişdir. Qaşqay antropo-nimi də Azərbaycan xalqının soykökündə duran və adı eramızdan əvvəl 1345-1320-ci illərdə mənbələrdə qeyd olunan qaşqay etnonimi ilə bağlıdır.
Azərbaycan və eləcə də, türkdilli xalqların antroponimiyasında xalqın, qəbilənin şərəfinə adqoyma ənənələri lap qədimlərə gedib çıxır. Qədim türk yazılı abidələrinin dilinə nəzər saldlqda bir sıra qəbilə və tayfalarla yanaşı, “ağrular” (“ağrular ölkəsi”, “ağru dili” ifadələrinə) etnoniminə də təsadüf edirik. XI əsr alimi-filoloqu M.Kaşğarinin “Divani lüğət-it-türk” əsərində də ağruların türk tayfala-rından olduğu aydınlaşır. Tədqiqat əsərlərində ağru etnoniminin adına VIII əsrdən təsadüf edilir. Sonralar ağru etnonimindən həm etnotoponim, həm də etnoantroponim əmələ gəlmişdir. Ağru etnonimi əsasında əmələ gələn toponimə 732-ci ildə yazılmış Bilgə xan abidəsində təsadüf edilir: “Ekinti anta Arğuda sünüşdüm” (ikinci dəfə Arğuda döyüşdüm).
Arğu etnonimi şəxs adının düzəlməsi üçün də əsas olmuşdur. Bu etnonim, həmin qəbilənin üzvlərindən birinə verilmiş və tarixən qadın adını bildirmişdir. Məsələn, Hülakü xanın böyük oğlu Timur Bukanın ikinci arvadı Arğun Təkin arğunan nəslinə mənsub idi. Türk alimi Köprülüzadə guman edir ki, “Divani-hikmət” əsərinin müəllifi Əhməd Yasəni (XI-XII əsrlər) də ağru tayfasından imiş.
Azərbaycan, eləcə də, türkdilli xalqların antroponimiyasında oğuz, səlcuq, qıpçaq və s. etnonimlər şəxs adlarında işləndiyi kimi, Arğun da Orta əsrlərdə ayrı-ayrı adamlara verilən ad kimi geniş yayılmışdır. Ugedey xanın nəticə-lərindən biri Arğun (Uruk Timurun oğlu), Hülakü xanın oğlanlarından biri Arğun xan olmuş və Əmir Arğun-əkə (XIII əsr) adı ilə tanınmış sərkərdə olmuşdur.
Türkdilli tayfalardan bir də qaramanlı tayfası olubdur. Qaramanlılar XIII əsrin birinci yarısında monqolların istilaları dövründə Orta Asiyadan Azərbaycana gəlmiş və bir qrupu burada məskənləşmişdir.
Başqa türkdilli tayfalarla birlikdə qaramanlılar da Azərbaycan xalqının etnogenezində iştirak etmişlər. Bu tayfanın üzvləri də öz tayfalarının adını şöhrətləndirmək məqsədilə övladlarını mənsub olduqları tayfanın adı ilə adlandırmışlar. Məsələn, XV əsrin birinci yarısında “Qaraqoyunlu Qara Yusifin qoşun başçılarından birinin adı Qaraman olmuşdur”. Müasir antroponimiyamızda işlənən Dəmirçi, Əhməd, Muradxan adları da dəmirçi, Əhmədli və Muradxanlı etnonimləri ilə əlaqədardır.
XV-XVI əsrlərdə Səfəvilərin hakimiyyəti ələ alma-sında və vahid Azərbaycan dövlətinin qurulmasında yaxın-dan iştirak edən qəbilələrdən bəhs edərkən Əhməd Kəsrəvi yazır: “Səfəvilər türk ellərindən idilər. Şah İsmayıl ayağa qalxdıqda Ustaclu, Şamlu, Təkəli, Varsaq, Rumlu, Zülqədər, Əşrəf, Qacar ellərindən başqa Azərbaycanın Qərəcədağından da bir sıra dəstələr ona kömək etdilər”. Rus şərqşünasları XVI əsrdə Azərbaycanda mərkəzləşmiş feodal dövlətinin yarandığı mübarizə illərindən bəhs edərkən, Səfəvilərin arxalandığı türk qəbilələrinin sırarasına Baharlı qəbiləsini də daxil etmişdir.
Yuxarıda qeyd olunan qəbilələrin adı ilə əlaqədar yaranmış antroponimlər indi də xalqımız arasında geniş şəkildə işlənməkdədir: Ustac, Şamı, Əfşar, Qacar, Bahar və s.
Müasir antroponimiyamızda işlək olan Gəray, Manı və Baxşı şəxs adları qədim türkdilli gəray, mani və bağşı qəbilələrinin (sonra isə musiqi havalarının) adı ilə bağlı olaraq düzəlmişdir. Nizami Gəncəvinin əsərlərində də Mani adlı xanəndədən danışılır. Güman ki, həmin xanəndə üzvü olduğu qəbiləni şöhrətləndirmək məqsədilə onun adını qəbul etmişdir. Bəzi türkdilli xalqlarda ozana-aşığa “baxşı” demişlər. Çox güman ki, “baxşı” adlanan el sənətkarı, hər şeydən əvvəl, Baxşı adlı türkdilli qəbilənin adı ilə bağlı olmuşdur.
Bolu antroponimi isə “bolur” etnonimi ilə əlaqədardır. Dilimizin daxili inkişaf qanunları əsasında “bolur” sözündəki “r” səsi düşmüş və həmin ad müasir dilimizdə “Bolu” kimi sabitləşmişdir. “Bolur” sözü hazırda Türkmənistanın Kerki rayonunda makrotoponim kimi işlənməkdədir. Vekil antroponimi isə, “vakil” etnonimindən əmələ gəlmişdir. Türk qəbilələrindən biri də vekil adlanırdı. “Kitabi-Dədə Qorqud” dastanlarında işlənən Qazan antroponimi də “qazan” etnonimi ilə əlaqədar olmuşdur. Türk qəbilə-lərindən biri qazan adlanırdı. Qazan sözü indi Türkmə-nistanın Qarabekenul və Xonambaz rayonlarında Qazan-taqan mikrotoponimin tərkibində işlənmişdir. Gültəkin antroponimi isə qədim türk qəbilələrindən biri olan “qultak” qəbiləsinin adı ilə əlaqədardır. Gültək sözün-dəki q-g, u-ü, a-ə çevrilmiş və -in şəkilçisi artırılmışdır.
Ərəbxan və Şahsuvar antroponimləri ərəb, suvar etnonimləri və titul, rütbə bildirən “xan” və “şah” sözlərinin; Gürcüoğlu antroponimi isə gürcü etnonimi və qohumluq bildirən “oğlu” sözünün birləşməsindən əmələ gəlmişdir.
Azərbaycan antroponimiyasında kəngər, gəncə, çiraq kəbir (kəbər), təvriz, boyat qəbilələrinin adını bildirən etnonimlər əsasında düzələn Kəngər, Gəncə (Gəncəvi), Çiraq (Çıraq), Kəbir, Təbriz, Bayat antroponimləri də geniş yayılmışdır. Azərbaycan antroponimiyasında, həmçinin, xəzər, suvar, ərəb, gürcü, səlcuq, talış, tacik, türk, yapon, ləzgi, əfqan etnonimləri əsasında da antroponimlər düzəlmişdir. Məsələn, Xəzər, Suvar, Ərəb, Gürcü, Səl-cuq, Talış, Tacik, Türk, Yapon, Ləzgi, Əfqan və s.
Etnonimlər əsasında formalaşan Sabir, Muğan, Gəncə-vi, Çiraq, Təbriz, Ləzgi, Əfqan antroponimləri Gürcüstanın Borçalı zonasında da geniş yayılmışdır. Talış antroponimi isə Ağcəbədi rayonunda işlək adlardandır.
Antroponimiyamızda bir qrup şəxs adlarına təsadüf olunur ki, onların türk qəbilə, tayfa və xalqlarının adını bildirən sözlər əsasında formalaşmışdır: Altay, Qazax, Qıpçaq və s. Bütün bunlarla yanaşı müasir antroponimiyamızda Qubad, Kəngər, Saat, Sarvan, Türkan, Çobanı, Cəlair, Şəki və Şirvan kimi etnonimlər əsasında təşəkkül tapan adlar da geniş yayılmışdır. Qubad antroponimi XVI əsrin sonunda Azərbaycana köçmüş Qubad nəslinin; Kəngər antroponimi 826-827-ci illərdə ərəblərə qarşı mübarizə aparan azərbaycanlılara köməyə gəlmiş (Orta Asiyadan) qıpcaq tayfalarından kəngərlinin; Saat antroponimi saatlı etnoniminin, Sarvan antroponimi qıpçaqlara məxsus Kəngərli tayfasının bir qrupunun adını bil-dirən sarvan etnonimilə, Türkan antroponimi XII əsrdə Azərbaycanda məskunlaşmış yeni türklərin, Çoban antroponimi keçmişdə Cənubi Azərbaycanda yaşayan və hərbi sənətə məharətlə yiyələnmiş Çobanı (və ya Çəpni) qəbiləsinin, Cəlair antroponimi XIII əsrdə Azərbaycana köçmüş türkdilli cəlair qəbiləsinin, Şəki antroponimi türkdilli sakin və ya Şəki tayfasının, Şirvan antroponimi isə Şirvan tayfasının adı ilə əlaqədar olaraq yaranmışdır.
Antroponimiyamızda geniş yayılmış Abbas, Abdal, Ba-har, Bayat, Xıdır, Çiraq (Çıraq) şəxs adları da eyniadlı etnonimlər əsasında təşəkkül tapmışdır. Onomatoloq T.Əhmədovun qeyd etdiyi kimi, sonralar həmin tayfaların Azərbaycan ərazisində məskənləşməsi ilə əlaqədar olaraq, eyniadlı bir sıra etnoponimlər də yaranmışdır.
Azərbaycan antroponimiyasında etnonimlər əsasında formalaşan antroponimlər geniş şəkildə işləndiyi kimi, antroponimlər əsasında formalaşan bir qrup etnonim xarakterli adlara da təsadüf olunur. Göründüyü kimi, antroponimlərlə etnonimlər arasında ikitərəfli əlaqə vardır. Bəzən antroponimlər nəsil-tayfa və ya kiçik insan kollektivinin adının formalaşmasına səbəb olur. Başqa sözlə, antroponimlər tarixən etnonimlərə çevrilir. Belə etnonimlər, əsasən, 5-7 nəsil yaşayır, qohumluq münasibətlərini bildirirlər. Məsələn, Həlmələr, Abdallılar, Sarı Məmmədlilər, Ustalar (usta alılar) və s.
4. Hidronimlər əsasında düzələn antroponimlər. Azərbaycan antroponimiyasında hidronimlər əsasında düzələn xüsusi şəxs adları da geniş şəkildə işlənir. Bu da, hələ, qədim zamanlardan türkdilli xalqların suyu həyat hesab etməsi və ona olan inam və etiqadla əlaqədardır. Qədim yunan mənbələrində və Alban-Arran tarixçisinin əsərində də türklərin suya inamı haqqında məlumat vardır. Suyun müqəddəsliyi haqqında qədim türk yazılı abidəsi “Tonyuquq” kitabəsində də məlumat vardır. Hətta, xalq arasında belə ifadələr indi də yaşamaqdadır: “Suyun salamı haqqı”, “Su aydınlıqdır”, “Dərdini suya söylə”, “Yuxunu suya aç”.
Təsadüfi deyil ki, Oğuz öz oğlunun adını Teniz (Dəniz) qoymuşdur. Bunu əsas tutan xalqımız tarixən öz övladlarına su aləminin adı ilə əlaqədar olaraq, adlar qoymuşlar. Bu qrup adlar həm kişilərə, həm də qadınlara verilir:
Kişi adları: Araz (çay), Aral (dəniz), Xəzər (dəniz) və s. Keçmişdə titul bildirən bəy və xan sözlərinin birləşməsindən əmələ gələn adlar: Arazbəy, Arazxan, Aralbəy, Aralxan və s.
Qadın adları: Dərya, Ümman, Çaylı, Yöllü və s.
“Dərya və Kür” sözləri ilə “zər, gül, naz, nur, üz, xanım” sözlərinin birləşməsindən əmələ gələn adlar: Dəryazər, Dəryagül, Dəryanaz, Kürnaz, Dəryanur, Kürüz, Dərya-xanım, Nurdərya və s.
5. Zoonimlər əsasında düzələn antroponimlər. Azərbaycan antroponimiyasında zoonimlər, yəni heyvan və quş adları əsasında düzələn xüsusi şəxs adları da geniş yayılmışdır. Bu da, hər şeydən əvvəl, türkdilli xalqların, o cümlədən, Azərbaycan xalqının soykökündə yaxından iştirak etmiş qəbilə və tayfaların bəzi əfsanəvi heyvanları və quşları özlərinə tabe etmələri və onlara sitayiş etmələri ilə əlaqədardır. Onlar sitayiş etdiyi mifin adını həmişə qəbilə birləşməsinin bilicisinə-dini başçısına, xaqanına, böyüklərinə də verirmişlər” Midiya şahı Astiyağın adı Əjdahadır, “Ehtimal ki, şahın adının əjdaha olması ilan-əjda-haya sitayişi ilə əlaqədardır” . İlana inamın qalıqlarına indi də xalqımız arasında təsadüf etmək olar. Qədim zamanlardan bağlı olaraq, bu inam xalq arasında belə ifadə olunur: “İlan böyükdür”, hətta, yuxuda ilan görməyi də müsbət hal kimi qiymətləndirir və onu-yuxugörənin bəxtinin gətirməsi kimi yozurlar. Bütün bunları nəzərə alaraq, ulu babalarımız öz övladlarına totemlərinin adını qoymuş-lar. Məsələn: Oğuzun atası - öküz, anası - Ay qağan, altay-larda ulu əcdad Nişidunun anası - qurd, yakutlarda qu quşu - ulu nənədir.
Məlumdur ki, Azərbaycan xalqının soyetnik tərkibində Ağqoyunlu və Qaraqoyunlu qəbilə birləşmələrinin də böyük rolu olmuşdur. “Həmin qəbilələrdə qoyun totem ol-muş və qəbilə də onun adı ilə adlanmışdır”. Əksər türk-dilli xalqlarda qurd və aslan Günəşin rəmzi, heyvani tə-cəssümü, “müharibədə oğuzların hamisi” hesab edilirdi. Bəzi türkdilli xalqlarda boz rəngli atlar da totem hesab edilirdi. Hətta, xalqımız arasında belə bir ifadə indi də geniş şəkildə işlənməkdədir: “At murazdır”. “Yuxusunda at görən murazına çatar”. Boz atın totem olmasına “Kitabi-Dədə Qorqud” dastanlarında da təsadüf edilir: Boz atlı Xızır (İlyas) mənə gəldi. Üç kərə yaramı sığadı. Bu yaradan sənə ölüm yoxdur - (dedi). Dağ çiçəyi anan südü sənə məlhəmdir - dedi”. “Məlik Duçar” nağılında göyərçinlər onun sudan ötrü imansız qarı tərəfindən çıxarılan gözünün sağalması üçün yarpaq verir. “Məlik Çoban” nağılında isə, göyərçin donlu pəri qızın verdiyi yarpağı Süsən “əzib suyunu içir” və yenə oğlan olur. Göründüyü kimi, göyərçinlər aşiq qəhrəmana onların totemi kimi kömək edir.
“Hər bir oğuz qəbiləsi müəyyən quşa sitayiş edirdi. Qəbilənin üzvləri həmin quşa toxunmaz və onun ətini yeməzdilər. Belə totemləri onqon və ya uyğun adlandırırdılar”. Bütün bunları nəzərə alan ulu babalarımız öz totemləırini və ya ilahilərini əbədiləşdirmək məqsədilə onların adlarını övladlarına qoymuşlar.
Zoonimlər əsasında təşəkkül tapmış antroponimlərə VI-VII əsrlərin yazılı kitabəsi Dədə Qorqud dastanlarında da təsadüf etmək olar. Məsələn, Qabangücü, Şirşəmsəddin və s. Belə adlara Orta əsrlər tarixi mənbələrində, o cümlədən azərbaycanlı tarixçi Həsənbəy Rumlunun “Əhsənüt-təvarix” (“Tarixlərin ən yaxşısı”) əsərində də rast gəlmək olur. Sarı Qaplan (Əlaüddenlə Zülqədərin oğlu) və s. Bu faktlar göstərir ki, hələ lap qədim zamanlardan xalqımızın ulu babaları zoonimlər əsasında formalaşan adlar iki qrupa bölmüşlər:
1. Heyvan adları əsasında düzələn antroponimlər. Bu qrup antroponimlər hər iki cinsdən olan insanlara verilir.
Kişi adları: Arslan, Aslan, Bəbir və s.
Ərəb dilində “aslan” mənasında işlədilən “qəzənfər” və fars dilində işlədilən “əjdaha”, böyük ilan mənasını bildirən “əjdər” sözləri dilimizdə antroponim kimi geniş yayılmışdır. “Şir” sözü ilə “-zad, -əddin” morfeminin birləşməsindən əmələ gələn adlar: Şirzad, Şirəddin; “aslan və şir” sözlərinə “şah, paşa, xan, oğlan, qara” sözlərinin və “Əli” antroponiminin birləşməsi ilə düzələn adlar: Aslan-paşa, Şirxan, Şirəli, Şiroğlan, Şiraslan, Qaraşir, Şahpələng (Bakı) və s.
Zoonimlər əsasında formalaşan adlara gürcü antroponimiyasında da rast gəlmək olur. Bu qrup gürcü antroponimiyasında, hələ, xristianlığın qəbul edilməsindən əvvəl formalaşmışdır. Gürcülərdə oğlanlara verilən Dato, Venxia, Mqela, Koria antroponimləri gürcü dilində ayı mənasında işlənən “datvi”, pələng mənasını bildirən “vepxi”, canavar mənasında işlənən “mqeli” və qırğı mənasını ifadə edən ”kori” sözlərindən formalaşmışdır.
Qadın adları: Ahu, Ceyran, Maral, Dovşan və s. Gür-cüstanın Marneuli rayonunun Əzizkənd kəndində Dövşan adı oğlanlara da qoyulmuşdur.
Orta Asiya xalqları və qazaxların adətinə görə, yeni doğulan uşağa qırx gündən sonra paltar geydirirdilər. Həmin köynəyi “it köynəyi” adlandırırdılar. Buradan da onlarda İtbai (it bəyi), İtbas (it baş), İtalmas (it almaz), Kuşik (küçük), Kuşinboi (küçük bəy), Boran (it cinsindən biri), Kandek (balaca it) kimi adlar meydana gəlmişdir. İt sözündən düzələn adlara ərəblərdə, ruslarda və həmçinin, Kutaisi gürcülərində də rast gəlmək olur. Buna görə də, etnoqrafik ədəbiyyatda xüsusi “it adları” termini işlədilir. Hazırda be-lə adların izləri ancaq familiyalarda özünü göstərir.
2. Quş adları əsasında düzələn antroponimlər. Bu qrup adlar həm kişilərə, həm də qadınlara verilir. Quş adları əsasında düzələn adlar quruluş etibarilə sadə və mürəkkəb olur.
Kişi adları: Şahin, Bülbül, Səməndər və s.
Qadın adları: Qumru, Durna, Zümrüd, Kəklik, Göyərçin, Tovuz, Turac, Tutu, Sona, Laçın, Cürə (ördəyin bir növü), Səməndər (əfsanəvi quş); “ahu, tutu, sona” sözləri ilə “naz, zər, nur” morfemlərinin birləşməsindən əmələ gələn adlar: Tutuzər, Tutunur, Tutunar, Nursona, Sonazər, Sonanur, Zərsona, Narsona və s.
6. Floralar əsasında düzələn antroponimlər. Azərbay-can antroponimiyasına daxil olan xüsusi şəxs adlarının müəyyən hissəsi floralar, yəni bitki aləminin bu və ya digər növünün adı əsasında düzəlir. Bu, heç də, təsadüfi deyildir. Çünki, hələ, qədim zamanlardan başqa türkdilli xalqlar kimi, xalqımızın ulu babaları da bir sıra ağacları və bitkiləri müqəddəs saymışlar. O cümlədən, “Məlik Məmməd” nağılında alma ağacını, “Tapdıq”nağılında “dirilik ağacı” və “dirilik gülü”nü müqəddəs saymışlar. Onların xəstəyə şəfa verən yarpaqları və meyvələri qədim dünyanın bir çox xalqlarının mifologiyasında özünü büruzə verən Dünya ağacı ilə əlaqədardır.
Yuxarıda adları qeyd olunan nağıllardan göründüyü kimi, ölmüş Tapdığı, Şəmsi xanımı “dirilik ağacının yarpağı”, “dirilik gülü” həyata qaytarır. “Dirilik ağacı” insana həyat verir, xalqın mifik təsəvvürünə görə gül və yaxud həyat ağacı insanlara ağ gün-xoşbəxt həyat, Yer üzünə isə bol-bol xeyir-bərəkət gətirir. Hələ, qədim zamanlardan qəbirlərin başdaşları üzərində çəkilmiş gül şəkli də həyat ağacına olan inamın nişanəsidir. Bunu nəzərə alan ulu babalarımız bəzi ağacları və bitkiləri özlərinə totem etmişlər. Onlar öz totemlərinin adlarını əbədiləşdirmək məqsədi ilə onların adını öz övladlarına qoymuşlar.
“Ağac zoomorfik totemi türkdilli xalqlarda o qədər geniş yayılmışdır ki, bəzi qəbilələrə, soylara, boylara, adlı-sanlı sərkərdələrə, dövlət adamlarına ağacı (ağac adını-.M.Ç.) ad qoymuşlar”. Bəzi tədqiqatlara görə, bir çox türkdilli xalqlarda ağac onqonu da olmuşdur. Hətta, bəzi tarixi şəxsiyyətlər bu qrup adlarla məşhurlaşmışlar. XII əsrdə yaşamış Uyğur dövlətinin baş vəziri Bilə-Boğanın qardaşı Arıq-Təkinin qayınatası, “Qara Ağac Buyruq”, Qaraqoyunlu qəbilə birləşmələrindən olan bir soy isə “Ağac erilər”adı ilə tanınmışdır.
Türkdilli xalqlar tarixən “böyük ağaca da tanrı deyir”. Hələ, XIX əsrdə Altayda yaşayan türkdilli xalqlar tək-tənha çinar ağaclarına qurban kəsir və ona sitayiş edirdilər. Burtaylar və onların türkdilli qonşuları ağcaqayını “ana ağac” adlandırırlar. Azərbaycanda bu cür ağac pirlər, xüsusilə, çinar pirlər indiyədək qalmaqdadır. Onlar (azərbaycanlılar -M.Ç.) sitayiş etdikləri ağaclara and içir, ildə bir dəfə isə qurban kəsirlər. Ağacın, hətta, bəzi kiçik meşələrin müqəddəsliyinə inam Azərbaycanda geniş yayılmış və müqəddəs ağacların, meşəliklərin şərəfinə qurban da kəsirlərmiş. Ağaca sitayiş əlamətlərinə nadir hallarda indi də Azərbaycanın bəzi rayonlarında, hətta Gürcüstanın sabiq Borçalı zonasında da təsadüf olunur. (Marneuli və Qardabani rayonlarının bəzi kəndlərində Novruz bayramı günlərində müqəddəs sayılan Çinar ağacının yanına toplaşıb, xalq tamaşaları - oyunları göstərib şənlik edirlər.). Bitki aləminə daxil olan bəzi çiçəklər və güllər öz gözəlliyi ilə, xoşagələn ətri, incəliyi və zərifliyi; meyvələr isə öz zahiri əlaməti və dadı ilə insanların zövqünü oxşayır. Buna görə də, valideynlər öz uşaqlarına meyvə və çiçəklərin adını verirlər. Beləliklə də, floralar əsasında antroponimlər düzəlir. Belə antroponimlər dörd qrupa bölünür:
1. Çiçək adları əsasında düzələn antroponimlər. Öz körpə balalarına ad verən valideynlər gələcəkdə onların gül və çiçək kimi gözəl, göyçək, ətirli, zərif və incə olmalarını arzulamış, arzu və istəklərini adlarda ifadə etmişlər. Valideynlər çiçəklərin bu və ya digər növünün adını seçib, onun adını öz qızlarlna vermişlər: Bənövşə, Qərənfil, Yasəmən, Nərgiz, Lalə, Qönçə, Mixək, Nanə, Reyhan, Çiçək, Süsən, Jalə, Çəmən və s.
Düzəltmə kök sözlər əsasında düzələn adlar: Dilimizdə çiçək və güllərin ümumi adını bildirən gül sözünün müxtəlif leksik şəkilçilərin birləşməsi ilə düzələn sözlər əsasında yaranan antroponimlər də dilimizdə geniş yayılmışdır. Belə adlar əsasən qızlara qoyulur.
Düzəltmə kök sözlər əsasında düzələn adlar tərkibin-dəki şəkilçilərin mənşəyinə görə iki qrupa bölünür:
1) Dilimizin öz şəkilçiləri ilə düzələn sözlər əsasında yaranan adlar: -lü, -xu; “gül” sözü və -lü, -xu şəkilçi-lərinin birləşməsi ilə düzələn sözlər əsasında yaranan antroponimlər: Güllü, Gülxu və s.
-lər şəkilçisi və “gül” sözünün birləşməsi ilə düzələn sözlər əsasında yaranan antroponimlər: Güllər və s.
-sün, (-süm) - şəkilçisi III şəxs təkin fonetik variantıdır) - şəkilçisi ilə “gül” sözünün birləşməsindən düzələn söz-lər əsasında yaranan antroponimlər: Gülsün, Gülsüm və s.
-üş - (qarışıq mənalı feillər əmələ gətirən leksik - qrammatik şəkilçi) şəkilçisi ilə “gül” feilinin birləşməsindən düzələn sözlər əsasında yaranan antroponimlər: Gülüş və s.
-ər - feldən substantiv isimlər əmələ gətirəın leksik şəkilçi ilə “gül” felinin birləşməsindən düzələn sözlər əsasında yaranan antroponimlər: Gülər və s.
2. Dilimizə fars dilindən keçən şəkilçilər vasitəsilə düzələn kök sözlər əsasında yaranan antroponimlər:
-zadə. Fars dilində familiya düzəldən -zadə şəkilçisi Azərbaycan dilinə keçdikdən sonra bir sıra sözlərə birləşir və həmin sözlər əsasında şəxs adları əmələ gətirir: Gülzadə, Xanzadə, Şahzadə və s.
-dan, -baz. Azərbaycan dilinə fars dilindən keçmiş -dan, -baz şəkilçiləri də bir sıra sözlərə birləşir və həmin sözlər əsasında antroponimlər yaradır: Güldan, Gülbaz və s.
-üstan. Dilimizə fars dilindən keçmiş -üstan şəkilçisinin köməyi ilə düzələn sözlər əsasında yaranan antroponimlər: Gülüstan və s.
Mürəkkəb kök sözlər əsasında yaranan adlar da müxtəlif yollarla əmələ gəlir:
a) Meyvə və bitki çiçəklərini bildirən sözlər əsasında düzələn adlar, əsasən, qızlara qoyulur: Badamgül, Nargül, Püstəgül, Xurmagül, Almagül, Meyvəgül, Heyvagül, Gülbadam, Gülalma, Gülnar, Gülheyva və s.
b) Müxtəlif çiçək adlarının birləşməsindən əmələ gələn sözlər əsasında düzələn antroponimlər: Gülçiçək, Laləgül, Qönçəgül, Çiçəkgül, Mixəkgül və s.
v) Bitki və gül bildirən sözlərin birləşməsi ilə düzələn sözlər əsasında yaranan antroponimlər: Buğdagül, Şamamagül və s.
q) Keyfiyyət bildirən sözlərlə gül sözünün birləşməsindən düzələn sözlər əsasında yaranan antroponimlər: Narıngül, Sarıgül, Gülbəyaz, Təzəgül, Səringül, Tərgül, Gözəlgül, İncəgül, Dəstəgül, Vəfagül, Güldəstə, Səfagül, Yanargül və s.
ğ) Çiçək adları ilə nur və zər sözlərinin birləşməsindən düzələn sözlər əsasında yaranan antroponimlər: Çiçəknur, Lalənur, Mixəknur, Gülnur, Laləzar, Qönçəzər, Nanəzər və s.
d) Gül sözü ilə keçmişdə vəzifə bildirən xan, şah, paşa, sözlərinin birləşməsindən düzələn sözlər əsasında yaranan antroponimlər: Gülxan, Gülşah, Gülpaşa, Xangül, Şahgül və s.
e) Gül sözü ilə astronomik terminlərin birləşməsindən düzələn sözlər əsasında yaranan antronimlər: Gülhumay, Gülaləm, Gülcahan, Gülay, Gülbahar, Gülyaz, Gülyay, Maygül, Aləmgül, Cahangül, Yazgül, Yaygül, Gülhava, Gülgün və s.
Gürcü dilində də gülün bir növünü bildirən ia (bənövşə) fitonimi ilə mze (günəş) kosmoniminin birləşməsindən İamze antroponimi düzəlmişdir.
y) Gül sözü ilə bənd, çin, zəni sözlərinin birləşmə-sindən düzələn sözlər əsasında yaranan antroponimlər: Gülbənd, Gülçin, Gülzəni və s.
j) Gül sözü ilə şəhər sözünün birləşməsindən düzələn sözlər əsasında yaranan antroponimlər: Gülşəhər və s.
z) “Gül” sözü ilə sevinc və kədər bildirən şən, şad, xar sözlərinin birləşməsindən əmələ gələn sözlər əsasında düzələn antroponimlər. Bu qrup adlar da qızlara qoyulur: Gülşən, Gülxar, Gülşad və s.
l) Azərbaycan dilində antroponimlərin yaranmasında feillərin də böyük rolu vardır. “Gül” sözü ilə feil əsasın-dan düzələn antroponimlər dörd qrupa bölünür:
Gül sözü ilə ara, düz feillərinin birləşməsindən əmələ gələn sözlər əsasında düzələn antroponimlər: Gülara, Gündüz və s.
Dilimizdə gül sözü ilə qeyri-qəti gələcək zaman şəkil-çisi (-ar, -ər) qəbul etmiş, aç, yan, əs, sev, gəz, ək, səp feillərinin birləşməsindən əmələ gələn sözlər əsasında düzələn antroponimlər: Gülaçar, Gülyanar, Gülsevər, Gülgəz, Güləkər, Gülsəpər və s.
Gül sözü ilə -an, -ən feili sifət şəkilçilərini qəbul etmiş aç, dər felinin birləşməsindən əmələ gələn sözlər əsasında düzələn antroponimlər: Gülaçan, Güldərən və s.
Gül sözü ilə naz etmək, naz eləmək, mürəkkəb feilinin tərkibindəki naz sözünün birləşməsindən əmələ gələn sözlər əsasında düzələn antroponimlər: Gülnaz və s.
Gül sözü ilə bəzi qohumluq bildirən ana, bacı, gəlin sözlərinin birləşməsindən düzələn sözlər əsasında yaranan antroponimlər: Anagül, Bacıgül, Gülana, Gülbacı, Gülgəlin, Gəlingül və s.
m) Gül sözü ilə bir sıra kişi adlarının birləşməsindən əmələ gələn antroponimlər də geniş yayılmışdır. Məsələn: Gülməmməd, Gülhüseyn, Güləhməd, Gülalı, Gülmirzə, Gülzaman, Gülrza, Gülqasım, Gülməmməd və s.
i) Gül sözü ilə bala, baba, oğlan, ağa, qız sözlərinin və -ü mənsubiyyət şəkilçisinin birləşməsindən əmələ gələn sözlər əsasında düzələn antroponimlər: Gülbala, Gülbaba, Güloğlan, Gülağa, Gülüqız və s.
o) Gül sözü ilə qızıl sözünün birləşməsindən düzələn sözlər əsasında yaranan antroponimlər: Qızılgül və s.
ö) Gül sözü ilə səhər sözünün birləşməsindən düzələn sözlər əsasında yaranan antroponimlər: Gülsəhər, Səhərgül və s.
2) Meyvə adları əsasında düzələn antroponimlər. Dilimizdəki qadın adlarının bir qrupu dadlı meyvələrin adını bildirən adi sözlərdən ibarətdir. Başqa sözlə desək, valideynlər öz uşaqlarının həyatının xoş keçməsini arzulayaraq, onlara dadlı meyvələrin adlarını qoymuşlar.
Sadə kök sözlər əsasında düzələn adlar: Darçın, Badam, Gilas, Moruq, Moşu (moş sözündəndir), Xurma, Püstə, Portağal, Heyva, Alma, Nabat, Lumu (limon ) və s.
Düzəltmə kök sözlər əsasında düzələn adlar: Xurmayı və s.
Mürəkkəb kök sözlər əsasında düzələn adlar:
Meyvə adları ilə zər, naz, nar, nur, gilə, minə sözlərinin birləşməsindən əmələ gələn sözlər əsasında düzələn antroponimlər: Badamzər, Badamnaz, Badamnur, Nərminə, Püstəzər, Püstənar, Püstənur, Nurbadam, Nurpüstə, Zərbadam, Zərpüstə, Narpüstə, Nazbadam və s.
Meyvənin müəyyən növünü bildirən gilə (giləmeyvə) sözü ilə zər, naz, nur, nar sözlərinin birləşməsindən əmələ gələn sözlər əsasında düzələn antroponimlər: Giləzər, Gilənaz, Gilənar, Gilənur, Zərgilə, Nargilə, Nurgilə və s.
Azərbaycan antroponimiyasında meyvə sözü ilə nur sözünün birləşməsindən əmələ gələn sözlər əsasında düzələn adlara da təsadüf etmək olur: Meyvənur, Nurmeyvə və s.
Qara və ğat sözlərinin birləşməsindən düzələn sözlər əsasında yaranan antroponimlər: Qarağat və s.
3.Fitonimlər (bitki adları, fito yunanca bitki deməkdir) əsasında düzələn adlar. Azərbaycan antroponimiyasında fitonimlər əsasında düzələn adlara da rast gəlmək olar: Çovdar, Buğda, Sünbül, Buğdazər, Buğdanaz, Buğda-nar, Buğdanər; Zərbuğda, Nazbuğda, Nurbuğda, Nur-sünbül, Narsünbül, Zərsünbül və s.
4. Ağac adları əsasında düzələn antroponimlər. Bu üsul antroponimlər dilimizdə son vaxtlar formalaşmağa başlamışdır. Hələlik, dilimizdə yalnız çinar ağacının adı ilə antroponim formalaşmışdır. Onlardan Çinar adı oğlanlara, Çinarə isə qızlara verilir. Belə adlara bədii əsərlərdə də rast gəlmək olar.
Şair Mustafa İsgəndərzadənin son illərdə nəşr olunmuş kitabı “Çinarlı baharım” adlanır. Bu kitabdakı şeirlərdən biri şairin öz oğluna həsr olunub. Şairin oğlunun adı Çinardır. Bu şeirlər kitabı haqqında prof.C. Əhmədov “Poetik axtarışlar” adlı rəyində yazır: “Şair öz oğluna Çinar adı qoymuşdur”. Görünür, ata öz övladını Vətənin çinarı kimi uca, vüqarlı, əzəmətli görmək, ona vətən üçün əsl oğul kimi böyüyüb yetişməyi arzu edir. Bu bütün valideynlərin öz övladı haqqında nəcib arzusu kimi səslənir. Çinar ağacının adından da qızlara verilən Çinarə adı düzəlir.
Bax:
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Tbilisi. 1983.
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Bakı, 2017, səh. 220-255.
turan.info.az
.