Yuxarıda qeyd olunan ahəngdar və məzmunlu adlarla yanaşı antroponimiyamızda bir qrup adlara da təsadüf edilir ki, onlar nə ahəngdarlığı, nə ifadə etdiyi məzmun, nə xalqın adət-ənənəsi, nə də müasirlik baxımından xoşa gəlir... Belə adları eşitməsən yaxşıdır. Çünki belə qəribə adlar onu daşıyan şəxsi ömrüboyu komik və gülünc hala salır. Bu komiklik və gülünclük həmin şəxsin adı ata adına çevriləndə bir neçə dəfə (yəni, uşaqların sayı qədər, baba adına və ya familiyaya çevriləndə isə daha çox) artır. Çünki ata adını bir neçə qardaş və bacı daşıdığı halda, baba adını və ya familiyanı bütöv bir nəsil (oğul, nəvə, nəticə, kötücə, xədicə, yadıca) uzun müddət, bəlkə də, bir-iki əsr daşıyır. Belə xoşagəlməz adlara indi də təsadüf edirik. O cümlədən:
Kişi adları: Soyuz, Milis, Mels, Kino, Maşın, Traktor, Pribor, Razbor, Razqovor, Revizor, Kolxoz, Sovxoz, Mator, Kantor, Yanvar, Fevral, Noyabr, Raykom, Narkom, Voyenkom, Partkom, Orden, Medal, Kassir, Fabrik, Apostrof, Briqadir, Sessiya, Qəmisiyə (Komissiya), Artel, Komsomol, Rabfak, Xozeyin, Mülkədar, Liman, Ətraf, Hörmət, Məruzə, Nöqtə, Vergül, Mərkəz və s.
Qadın adları: Samavar, Çaynik, Nəlbəki, Qəzət, Paket, Poveda, Maskviç, Prikaz, Senzura, Faktura, Qavaler, Zim, Vilis, Şalon, Simon, Şüşə, Fincan, Sançaq, Sandıq, Manat, Tümən, Yüztümən və s.
Bu adlardan bir neçəsini cümlədə işlətsək, qəribə və gülməli məzmun alarıq: Soyuz Kino oğlu Maşınov, Məruzə Nöqtə oğlu Vergülov, Orden Medal oğlu Narkomov, Samavar Kolxoz qızı Sovxozova, Qəzet Ətraf qızı Mərkəzova, Nəlbəki Revizor qızı Kassirova, Zim Yanvar qızı Medalova və s. Bu cümlələrdəki məzmun anlaşılmazlığı göz qabağındadır... Minlərlə antroponim üzərində apardığımız müşahidələr əsasında məlum olmuşdur ki, şəxs adları xalqın keçmiş və indiki ictimai-siyasi quruluşu, sosial həyat tərzi, məişət və məşğuliyyəti, inamı, dini baxışları, etnik və estetik görüşləri və s. yaxından əlaqədar olmuşdur. Bunları nəzərə alaraq, tədqiqata cəlb etdiyimiz müasir antroponimləri tarixilik baxımından 4 mərhələyə bölmüşük.
1) 1920-ci ilə qədər işlənən antroponimlər. Bu qrup antroponimlər həm yayılma arealına, həm də çox işləkliyinə görə 1920-ci ilə qədər xalqımız arasında geniş şəkildə işlənirdi.
Kişi adları: Alı, Allahverdi, Bayram, Əli, Əhməd, Məhəmməd, Məhərrəm, Əliqulu, Allahqulu, Pirqulu, Pirəli, Tanrıverdi, Məmmədqulu, Həsənqulu, Məhəmmədəli və s.
Qadın adları: Anaxanım, Anaqız, Balaxanım, Bəsti, Yetər, Mədinə, Məsmə, Səyalı, Fatma, Xırda, Gülbəsdi, Qızyetər, Qıztamam, Qızbəs, Ayişə və s.
2) 1921-1940-ci illərdə işlənən antroponimlər. Bu mərhələdə işlənən antroponimlər həm ahəngdarlığına, həm də məna və məzmununa görə birinci mərhələyə nisbətən fərqlidir.
Kişi adları: Abdulla, Aşır, Vəli, Qulaməli, Dursun, Əbdüləli, Əsəd, Əsgər, İbrahim, İsmayıl, Məhəmmədəli, Musa, Namaz, Novruz, Ramazan, Calal, Şahəli, Hüseyn, İnqilab, Zəfər, Qalib, Bayraqdar və s.
Qadın adları: Bənövşə, Qaraqız, Qüdrət, Zərnişan, Züleyxa, Zeynəb, Zəhra, Zərxanım, Yasəmən, Gülxanım, Güllü, Gülyaz, Güsənim, Gülzər, Mehriban, Nübar, Reyhan, Səməngül, Tamam, Tükəzban, Pəri, Hürü, Xanım, Xəzəngül, Şura, Həqiqət və s.
3) 1941-1960-cı illərdə işlənən antroponimlər. Bu dövrdə xalqımız arasında geniş şəkildə yayılmış antoponimlər həm ifadə etdiyi məna və məzmuna, həm də müasirliyi etibarilə əvvəlki dövrlərdən əsaslı şəkildə fərqlənir.
Kişi adları: Adil, Aydın, Vaqif, Vahid, Vidadi, Zabit, Qəhrəman, Elman, Mehman, Nizami, Nazim, Yusif, Sabir, Xanlar, Nəriman, Fərhad və s. Bunlardan II Dünya müharibəsinin qələbəsindən sonra bir sıra yeni adlar da yaranır. O cümlədən, Qalib, Qələbə, Vətənyar, Vətənzər, Qoşun, İntizar, İntiqam, Sülhiyyə, Sülhzər, Sülhnur, Sülhnurə, Sülhaləm, Sülhnaz, Sülhnar, Sülhyar, Aləmsülh və s.
Qadın adları: Aybəniz, Bahar, Vətəngül, Qiymət, Qüdrət, Dilşad, Dilbər, Elnarə, Elmira, Zərxanım, Gözəl, Güləsər, Gülnarə, Gülnaz, Gülşən, Leyla, Lalə, Lətafət, Minayə, Nigar, Həqiqət, Pakizə, Füruzə və s.
4) 1961-1980-cı illərdə işlənən antroponimlər. Bu dövrdə yeni doğulan oğlan və qızlara verilən antroponimlər ifadə etdiyi yenilik və müasirlik məzmunu etibarilə əvvəlki dövrlərdən tamamilə fərqlənir. Bu da, hər şeydən əvvəl yeni ictimai-siyasi və iqtisadi quruluşun bərqərar olması, ictimai-sosial dəyişikliklərin baş verməsi, mədəni inqilabın tam qələbə çalması, güclü ziyalı kütləsinin təşəkkül tapması, xalqımızın yeni məişət və ənənəsinin inkişafı və s. ilə yaxından bağlıdır.
Kişi adları: Akif, Arif, Azər, Aydın, Bəxtiyar, Vüqar, Valeh, Vidadi, Eldar, Elman, Etibar, Elşad, Elvar, Elçin, İntiqam, İlham, İlqar, Zabit, Zakir, Yaşar, Malik, Mətləb, Namiq, Nəriman, Nəbi, Nizami, Rövşən, Sabir, Sahib, Oktay, Emin, Pərviz, Xaqani, Şahin, Cavanşir, Turan, Tural, Toğrul, Orxan, Turxan, Elcan, Araz və s.
Qadın adları: Arzu, Aygün, Aygül, Aynur, Bənövşə, Vətənyar, Vəfa, Vəfalı, Qərinə, Qələbə, Durdanə, Elmayə, Zəfər, İradə, Yeganə, Kəmalə, Könül, Günəş, Leyla, Lətifə, Maygül, Məlahət, Nərgiz, Nailə, Nəzakət, Solmaz, Sevinc, Sevda, Sahibə, Sahilə, Sədaqət, Səfalı, Təranə, Təzəgül, Tərlan, Şəlalə və s.
V FƏSİL
AZƏRBAYCAN ANTROPONİMLƏRİNİN
SİSTEMİ
Dilimizdə xüsusi şəxs adı bildirən sözlər geniş mənada antroponim, dar mənada isə şəxs adı altında qruplaşdırılır. Bu belə də olmalıdır. Çünki antroponim adı altında bu və ya digər şəxsə vermək mümkün ola bilən bütün adlar; şəxs adı altında isə yalnız bir şəxsi başqasından fərqləndirən ad nəzərdə tutulur.
Fərdi adlar isə, sadə, ahəngdar, məzmunlu və həyati olmalıdır. Çünki həmin adlar həyatda insan cəmiyyətinə xidmət edir. Şəxsiyyətin mənəvi inkişafı, onun mədəniyyət və əxlaqının yüksəldilməsi, cəmiyyətin hər bir üzvünün vətəndaşlıq və insanpərvərlik hisslərinin möhkəmləndirilməsi problemləri xalqımızın daim diqqət mərkəzində olmalı və cəmiyyət üzvlərinin estetik zövqünü oxşamalıdır. Bütün bunlar məişət estetikasının bir kateqoriyası olan şəxs adlarında da öz parlaq ifadəsini tapmalı, cəmiyyətin estetik ənənəsinə uyğun olmalıdır. Başqa sözlə desək, cəmiyyət və onun üzvləri ilə bağlı sözlər adlar adı altında qruplaşdırılır. Deməli, antroponim termini ilə şəxsə verilən ad sistemi nəzərdə tutulur. Nəticə etibarilə antroponimlər dildə ünsiyyət zamanı, bir növ, özünü əsas materiya kimi göstərir. Çünki bütün ünsiyyət onun ətrafında cəmləşir və adlar materiya adı altında antroponimiyanın əsasını təşkil edir.
Azərbaycan Antroponimiyasında ad kateqoriyasını aşağıdakı kimi qruplaşdırmaq olar: əsas adlar - şəxs adı, ata adı, familiya; köməkçi adlar - təxəllüs, ləqəb.
Azərbaycan dilçilərindən Z.Sadıqov, M.Adilov, A.Paşayev və başqaları da antroponimlər sisteminə öz münasi-bətlərini bildirmişlər. Z.Sadıqov “Azərbaycan dilində şəxs adları” mövzusunda (1975) yazdığı namizədlik dissertasi-yasında antroponimləri əsas və köməkçi olmaqla iki qrupa bölmüşdür.
Bu mülahizəyə istinad edərək, R.İsrafilova yazır: “Azərbaycan dilində şərti olaraq antroponimləri əsas və köməkçi - deyə iki yerə bölürlər”. O, sonrakı cümlədə yazır: “Əsas antroponimləri aşağıdakı kimi təsnif etmək olar: 1. Kişi adları. 2. Qadın adları. 3. Hər iki cins üçün müştərək adlar. 4. Kişi və qadın adlarının əzizləmə və kiçiltmə formaları”. Göründüyü kimi, o, əsas antroponimləri dörd qrupa bölür, lakin köməkçi antroponimlərin üstündən sükutla keçir. Odur ki, müəllifin bu təsnifi ilə razılaşmaq çətindir. Çünki antroponimik sistemə daxil olan ad, ata adı və familiya əsas antroponimik vasitələrdir. Çünki həmin antroponimik vahidlər bilavasitə insanla-şəxsiyyətlə bağlı olub, cəmiyyət üzvləri arasında onun kimliyini müəyyənləşdirir. Təxəllüs və ləqəb isə antroponimik vahid kimi köməkçi xarakter daşıyır. Birincisi, ona görə ki, təxəllüs və ləqəb hamıya yox, bir qrup insana aid olur və aid olduğu adamı ya addaşlığına, ya xarakterinə və ya başqa cəhətinə görə cəmiyyət üzvlərindən fərqləndirir. İkincisi, bir qrup elm, ədəbiyyat və incəsənət xadimləri sonralar öz zövqünə uyğun olaraq, təxəllüs qəbul edir; digər bir qrup adama isə sonralar onun daxil olduğu insan kollektivi tərəfindən ləqəb verilir. Deməli, təxəllüs və ləqəb sonradan yaranan köməkçi antroponimik vahidlərdir.
Bizim mülahizəmizə görə, müəllif əsas antroponimləri dörd qrupa bölməkdə də elmi baxımdan səhv etmişdir. Birincisi, ona görə ki, antroponim dedikdə yalnız şəxs adları yox, həmçinin, ata adı, familiya, təxəllüs, ləqəb və s. nəzərdə tutulur. İkincisi, şəxs adlarını kişi və qadın adlarına bölüb, antroponimik vahiddə qrammatik cins axtarmaq elmi baxımdan tamamilə yersizdir. Çünki qrammatik cins xüsusi adlarda yox, əsasən, ümumi sözlərdə özünü büruzə verir. Bununla da, Azərbaycan dilinə süni yolla qrammatik cins kateqoriyası gətirmək meyli yaranmışdır. Üçüncüsü, müştərək adları “Əsas antroponimlər” sırasına aid etmək olmaz. Çünki xalq arasında belə antroponimlərə çox az-az təsadüf olunur. Təsadüfi halları isə antroponimik qanunlara yox, antroponimik hadisələrə aid etmək olar. Dördüncüsü, dördüncü qrup gah “Kişi və qadın adlarının əzizləmə və kiçiltmə formaları”, gah da “Şəxs adlarının kiçiltmə və əzizləmə formaları” adlandırılır. Elmi termin kimi bunların heç birini məqbul saymaq olmaz. Çünki termin aydın və dəqiq olmalıdır. Digər tərəfdən şəxs adlarının əzizləmə və kiçiltmə formaları heç bir dildə antroponimik qanunauyğunluğa tabe olmadığı kimi, Azərbaycan dilinin antroponimiyasında da onları əsas antroponimlər sırasına yox, antroponimik hadisələr sırasına daxil etmək daha məqsədəuyğundur. Çünki əzizləmə və kiçiltmə formaları şəxs adlarının hamısına yox, cüzi bir qrupuna (onların uşaqlıq dövrünə təsadüf edir) aid edilə bilər. Belə hadisələr, əsasən, alınma və iki komponentli adlarda özünü göstərir.
Azərbaycan antroponimlərinin tədqiqi ilə yaxından məşğul olan M.Adilov və A.Paşayev də birgə yazdıqları “Azərbaycan onomastikası” əsərində antroponimik kateqoriyalara nəzər salmışlar. Həmin əsərdə yazırlar: “Öz funksiyalarına və antroponimik sistemdə tutduqları yerə görə Azərbaycan antroponimlərini iki qrupa ayırmaq olar: 1. Əsas ad kateqoriyaları; 2. Köməkçi ad kateqoriyaları”. Onlar da əsl adı, ata adını və familiyanı əsas ad kateqoriyasına aid etmişlər. Həmin müəlliflər köməkçi ad kateqoriyasından bəhs edərək yazırlar: “...təxəllüs, ləqəb, titul, fəxri ad, əzizləmə və kiçiltmə adlar (köməkçi ad -M.Ç.) kateqoriyasına daxildir. Nədənsə, müəlliflər elə oradaca sonrakı cümlədə öz ilkin müahizələrini inkar edərək, fəxri adı köməkçi ad kateqoriyasına aid etmirlər. Deməli, müəlliflər fəxri adı və ya titulu köməkçi ad kateqoriyasına aid etməkdə tərəddüd etmişlər. Bizcə, əzizləmə və kiçiltmə bildirən adlar antroponimik hadisələrə, titul və ya fəxri ad isə ktematonimlərə aiddir. Çünki onlar bilavasitə insan kollektivi üzvlərinin hamısına yox, cüzi bir hissəsinə aid olur. Ayrılıqda heç bir şəxsiyyəti müəyyənləşdirmir, hətta, rəsmi sənədlərdə (pasport və təhsil haqqında sənədlərdə) belə qeyd olunmur.
Tarixən ad sistemi dəyişkən olmuşdur. Yəni, insanlar cəmiyyətdə əvvəlcə bir adla - şəxsi adı ilə tanınmış, erkən orta əsrlərdən isə hər bir fərdin həm şəxsi, həm də son-radan verilmiş dini adı yaranmağa başlamışdır. Məsələn: Qara, Toğrul, Orxan, Ərol; Qara Kərbəlayi, Həsən Əfəndi, Orxan Əfəndi, Toğrul Kərbaliyi və s. Sonralar isə cə-miyyət üzvləri arasında ikiüzvlü, üçüzvlü, dördüzvlü və s. antroponimlər yaranmışdır.
Yuxarıda deyildiyi kimi, ad sistemi dəyişkəndir. Ilk insan kollektivi dövründə hər şəxs biradlılıq sistemindən, yəni şəxsi adından istifadə edirdi. Qədim dövrlərdə, xüsusilə ailədə, tirədə və ya qəbilədə biradlılıq, əsasən, ünsiy-yəti təmin edirdi. Tarixən insan kollektivi get-gedə böyüyür, qəbilə və tayfalar meydana gəlir. Bu zaman artıq biradlılıq ünsiyyəti təmin etmir və yeni bir nomenklatur terminə - ada ehtiyac duyulur. Bu ehtiyacı ödəmək üçün xalq arasında ata adı, yəni ikiadlılıq (şəxs adı, ata adı) sistemi yaranmışdır. Əsrlər bir-birini əvəz edir, nəsillər getdikcə daha da böyüyür, qəbilə və tayfalar xalq halında birləşir. Belə böyük insan kollektivində ikiadlılıq sistemi də ünsiyyəti təmin etmir, ünsiyyətdə, bir növ, çətinlik törəyir. Odur ki, cəmiyyət üzvləri yenidən bu çətinliyi aradan qaldırmaq barədə düşünür. Nəhayət, çətinliklərdən çıxmağın yolu tapılır. İnsanlar ünsiyyəti asanlaşdırmaq məqsədilə əvvəlcə doğulduqları yerin və yaxud mənsub olduqları qəbilə və tayfanın adı ilə əlaqədar, sonralar isə öz mənəvi zövqlərinə uyğun olan təxəllüslər (əlbəttə, təxəllüs hamıya aid olmamışdır) götürürlər. Beləliklə də, insan cəmiyyətində üçadlılıq sistemi yaranıb. Məsələn, Mirzə Haqverdi Səfa, Ələkbər Namaz oğlu Qafil, Mirzə Ələsgər Növrəs və s.
Orta əsrlərin inkişaf mərhələsində (XI-XV əsrlərdə) isə dünyanın ayrı-ayrı xalqları arasında, ilk növbədə, Avropa xalqları arasında yeni bir antroponimik kateqoriya-familiya yaranmağa başlayır. Beləliklə də, cəmiyyətdə, xüsusilə, əvvəlcə hakim təbəqə, sonra isə bütün xalq arasında üçadlılıq sisteminin (ad, ata adı, təxəllüs; ad, ata adı, familiya) yeni növü yaranır. Bu kateqoriya familiya adları. Familiya kütləvi hal aldıqdan sonra təxəllüs nisbətən azalsa da yenə öz varlığını saxlayır. Təxəllüs bir qrup ədəbiyyat, incəsənət və elm xadimləri arasında geniş yayılır və beləliklə də, cəmiyyətdə dördadlılıq sistemi (ad, ata adı, familiya, təxəllüs) meydana gəlir. Məsələn, Səməd Vurğun Yusif oğlu Vəkilov və s.
Azərbaycanın zəngin antroponimiyası üzərində apar-dığımız müşahidələrdən aydın oldu ki, hər bir antroponim xalqımızın tarixi, milli adət-ənənələri, məişəti, dünya-görüşü, mədəniyyəti, mənəviyyatı, məşğuliyyəti və dini baxışları, inamları və müasir vəziyyəti ilə bağlı olmuşdur. Bu da antroponimik sistemin tez-tez dəyişməsinə, hər dövrün antroponimik sistemində özünəməxsus aparıcı ünsürünün yaranmasına və təkmilləşməsinə səbəb olmuşdur. Bütün türk xalqlarında olduğu kimi, ulu babaları-mızın tarixində də, yəni padərşahlıq zamanında da, hər bir şəxs atanın adı ilə tanınmışdır. Bunu Orxon-Yenisey abidələrində və “Dədə Qorqud” dastanlarında işlədilmiş olan antroponimlər də təsdiq edir: Orxon-Yenis abidə-lərində: Tonyuquq, Bilgəxan, Gültəkin və s. “Dədə Qor-qud” dastanlarında Xan Qazanın oğlu Uruz bəy, Dirsə xanın oğlu Buğac, Ulaş oğlu Salur Qazan, Qamğan oğlu Bayındır, Dözən oğlu Alp Rüstəm və s.
VII-VIII əsrlərdən yəni ərəb işğalından sonra bütün Şərq xalqlarının antroponimiyasında olduğu kimi, Azər-baycan antroponimiyasında da ərəb dilinin antroponimik ünsürləri, o cümlədən, günyə, nəsəb və nisbə öz əksini tapmışdır. Bu da, hər şeydən əvvəl, ailə üzvlərinin uşağa, valideynə və ya mənşəyə görə tanınmasında özünü gös-tərirdi. Birinci məqamda valideyn uşağın adı ilə tanınır: Əbu Həsən - Həsənin atası, Əbu Hüseyn - Hüseynin atası; ikinci məqamda övlad atanın adı ilə adlanır və ya tanınır: İbn Sina - Sinanın oğlu, İbn Əhməd - Əhmədin oğlu; üçünçü məqamda isə, şəxs mənşəyinə (nəsil, qəbilə, tayfa və məkanına) görə adlanır və ya tanınır: Məhsəti Gəncəvi, Xətib Təbrizi, Xaqani Şirvani, Osman Sarıvəlli və s.
XIX əsrin əvvəllərindən isə bu sistem, əsasən, tədricən aradan çıxır, ləğv edilir və onun yerinə rus antropimiyasının təsiri (dəftərxana işlərinin rus dilində aparılması ilə əlaqədar olaraq, Azərbaycan dili öz rəsmi hüququnu məhdudlaşıdırır) özünü göstərməyə başlayır. Bu təsirin, hələlik, indi də qalmasına baxmayaraq, öz əvvəlki mövqeyini itirməyə doğru gedir. Çünki xalqımız arasında milli özünü-dərketmə halları güclənir və dilimizin daxili imkanları hesabına familiya qəbul edilməsi prosesi gündən-günə artır.
Antroponimikada, hələlik, ad sisteminə dair vahid fikir yox idi. Bəzi tədqiqatçılara görə, “dildə üç ad sistemi mövcuddur: 1) biradlılıq (şəxsi ad), 2) ikiadlılıq (ad və ləqəb, ad və familiya), 3) üçadlılıq (şəxsi ad,ata adı, familiya). La-kin bu mülahizə ilə tam razılaşmaq olmaz. Çünki ad sisteminin tarixən izlənməsi aşağıdakı nəticəyə gətirib çıxarır: 6-cı sxem
Cəmiyyət üzvləri arasında ləqəbin də yaranmasının qədim bir tarixi vardır. Buna baxmayaraq, biz ləqəbi də ad sisteminin üzvlənmsinə daxil etməyi lazım bilmədik. Çünki antroponimiyanın tarixi aspektdə tədqiqi göstərir ki, ləqəb də qədim zamanlardan yaranmış və ayrı-ayrı adamları bir-birindən fərqləndirməyə xidmət etmişdir. Ləqəb həm biradlılıq, həm ikiadlılıq, həm də çoxadlılıq (üç, dörd) sisteminə aid ola bilər. Çünki ləqəb rəsmiləşdirilmir.
Ad sistemi müxtəlif xalqlarda müxtəlif olur. Avropa və Asiya ölkələrində bir sıra xalqların antroponimiyasına görə, ayrı-ayrı adamların ömrünün sonuna kimi bir neçə adı və yaxud familiyası olmalıdır. Məsələn, Vyetnam, Birmada adamların adı bir neçə dəfə dəyişdiyi halda, İspaniyada hər adamın bir neçə familiyası olur.
Azərbaycanlılarda isə tarixən ad ömürlük olmuş, biradlılıqdan çoxadlılığa doğru inkişaf etmişdir. Məslən, Vüqar (biradlı), Vüqar Süleyman oğlu (ikiadlı), Vüqar Süleyman oğlu Süleymanlı (üçadlı) müxtəlif dövrlərdə işlədilmiş antroponimik sistemdir.
ƏSAS AD KATEQORİYALARI
Əsas ad kateqoriyalarına şəxs adı, ata adı və familiya daxildir. Əsas ad keteqoriyaları arasında şəxs adı əsas, özül və ilkindir. Güman ki, ilk şəxs adlarının yaanması insanların ilkin cəmiyyətlərinin təşəkkül tapması dövrü ilə əlaqədar olub, insanların nisbətən dəqiq və aydın ünsiyyətə, başqa sözlə desək, nitqə yiyələndiyi əsrlərə təsadüf edir. Əlbəttə, ilk insanlar, heç də, bu günkü kimi sadə, ahəngdar, səlis və məzmunlu nitqə malik olmamış, onlar ilk dövrlərdə, şübhəsiz ki, kortəbii, bəzən də, bəlkə də, müəyyən bir təsadüfi təqlid nəticəsində müxtəlif sözlər və adlar yaratmış, tarixən onları təkmilləşdirərək, əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə ötürərək, müasir nəsilə təqdim etmişlər. Onomastik tədqiqatlarda ilk adların yaranması, əsasən, qəbilə quruluşu dövrü ilə əlaqələndirilir. Başqa ad kateqoriyaları (ata adı, familiya) isə insan cəmiyyətinin sonrakı inkişaf dövrləri ilə bağlı olub, şəxsi ad əsasında törəmişdir. Buradan da əsas ad kateqoriyasının iki mərhələsinin olması ideyası meydana gəlir. Başqa sözlə desək, şəxs adı əsasında sonralar ata adı, daha sonralar isə familiya (şəxs adı bir neçə nəsli bildirdikdə) yaranmışdır. Əsas adlar bilavasitə cəmiyyət üzvlərinin birini digərindən fərqləndirilməsini, milli mənsubiyyətini, bəzən də, məişətini və s. bildirməyə xidmət edir. 7-ci sxem
Şəxs adı. Hələ, qədim zamanlardan cəmiyyət üzvlərinin birini digərindən fərqləndirmək üçün onların hərəsinə bir ad verilmişdir. Həmin adlar insanlara - kişilərə və qadınlara verilərkən, onların ifadə etdiyi mənalar da bir-birindən nisbətən fərqli olmuşdur, yaxud biri digərini tamamlamışdır.
Kişi adları. Cəmiyyətin inkişaf tarixindən məlumdur ki, tarixən kişilər cəmiyyətdə tutduğu mövqeyinə və vəzifəsinə görə aparıcı rola malik olmuşdur. Belə ki, kişilərin bu aparıcılıq rolu onların daşıdığı adların məzmununda da öz əksini tapmışdır. Təsadüfi deyil ki, kişi adlarının məzmununda möhkəm iradəlik və rəhbərlik, cəsurluq və qorxmazlıq, qəhrəmanlıq və mərdlik, igidlik və şücayətlilik, mətnlilik və dözümlülük, mübarizlik və döyüşkənlik, məgrurluq və dönməzlik, yenilməzlik və sarsılmazlıq, qocaqlıq və mətanət, rəşadət və dəyanətlilik, hünərlik və qüdrətlilik, qeyrətlilik və ötkəmlilik, fədakarlıq və sadiqlik, ədalətlik və insanpərvərlilik, alicənablıq və sabitlik, səbatlılıq və təmkinlik, vəfalıq və etibarlılıq, əməksevərlilik və davamlılıq kimi xarakterik sifətlər öz parlaq əksini tapmışır.
Qadın adlarının məzmununda isə alicənablılıq və səxavətlilik, tərbiyəlilik və nüfuzluluq, namusluluq və nəciblik, safqəlblilik və ürəkaçıqlılıq, sadiqlik və mehribanlılıq, hörmətlilik və izzətlilik, mərfətlilik və qanacaqlılıq, əbədlilik və əxlaqlılıq, mənlik və hisslik, səmimilik və xoşrəftarlılıq, təmkinlik və məsləhətçilik, məhəbbətlik və vəfadarlıq, sadəlik və həlimlik, nəzakətlilik və dəyanətlilik, etibarlılıq və şəfqətlik, yüksəklik və ucalıq, insanpərvərlik və qonaq-pərvərlik, məharətlilik və mülayimlilik, kübarlıq və şərəflilik, zəriflik və lətiflilik, nəfislik və gözəllik, incə zövqlülük və incə təbiətlilik, göz oxşayanlıq və ruh oxşayanlıq, səliqəlilik və təmizlək, paklıq və qəşənglik, cazibədarlıq və şirin söhbətlilik, arzu və ümidlilik, ən başlıcası isə analıq və övladlıq məhəbbəti kimi qadına məxsus ən ülvi sifətlər öz əksini tapmışdır.
İlk antroponimlər də məhz cəmiyyət üzvlərinin şəxsi adları olmuşdur. Homerin “Odissey” əsərinin səkkizinci mahnısında deyildiyi kimi “Xalqlar arasında heç kəs adsız olmur”.
Bir adam başqası ilə ilk dəfə tanış olanda öz adını deyir. Heç təsadüfi deyil ki, bununla əlaqədar olaraq xalqımız arasında belə məsələlər yaradılmışdır: “Hər kəsi öz adı ilə çağırırlar”, “Mərdin adı, namərdin dadı”, “İgid yaxşı adı üstün tutur”, “Adı təmiz olanın yüz dostu olur”, “Adam işi ilə öz adını şöhrətləndirir”, “Heç kəs adına ləkə salmaz”, “Adı gözəl olanın özü də gözəl olar”, “Təmiz ad ləkə götürməz”. Azərbaycan şairi V.Rüstəmzadənin “Ad” adlı şeirində yazıldığı kimi “Ad eli yaşadır, el isə adı”.
Qədim Şərq ədəbiyyatının ölməz abidələrindən biri “Kəlilə və Dimnə”də deyildiyi kimi “Ağıllı adam həmişə sənət və hünər əldə edib yaxşı ad qoymağa çalışar”.
Deməli, insan dünyaya gəldiyi ilk gündən ona ad qoyulur. Onun adına doğum haqqında ilk rəsmi sənəd-şəadətnamə-yazılır, adı rəsmiləşdirilir, ona pasport verilir. Beləliklə, o, öz adı ilə cəmiyyət üzvləri arasında tanınır, başqası onunla ünsiyyətdə olur. Uşaq böyüyür, boya-başa çatır, məktəbə gedir, məktəbdə adı, atasının adı və familiyası ilə tanınır; seçki məntəqəsində səs verir, istehsalatda çalışır; ona sifarişli məktub təqdim edirlər. O, poçt idarəsindən bağlama alır, - bu zaman onun adı, atasının adı və familiyası yoxlanılır. Buna görə də, cəmiyyətin adsız keçinməsi tarixi ağılasığmazdır.
Antroponimika insan adlarının məcmunu (Ənvər Arif oğlu Həsənli - İlkin, Ziba Qəhrəman qızı Natiqli - Coşqun), şəxs adını (Ənvər, Ziba), atanın adını (Arif oğlu, Qəhrəman qızı), familiyanı (Həsənli, Natiqli), təxəllüsü (İlkin, Coşqun) və ləqəbi öyrənir. Bu mənada, antroponimlər tarixi kateqoriyaya daxildir. Bunların hər biri müəyyən dövrdə bu və ya digər xalq tərəfindən konkret ictimai mühitdə yaranmışdır. Hər bir adın əmələgəlmə yolu, demək olar ki, fərdi və təkrarolunmazdır.
Lakin bu fərdi xüsusiyyətlərdə bütün xalqlara aid olan bir ümumilik vardır. Belə ümumi qanunauyğunluqları isə antroponimik xüsusiyyətlər adlandırmaq olar. İnsan adlarının əmələ gəlməsini, inkişafını, aradançıxarma və artma yollarını, təkmilləşməsini, onların keçmişini və müasir vəziyyətini, ümumi və xüsusi, nəzəri və əməli məsələlərinin öyrənilməsi ilə antroponimika məşğul olur.
Antroponimik problemlərin elmi şəkildə tədqiqinə çoxdan başlanmışdır. Lakin uzun müddət onun öyrənilməsi ilə ayrı-ayrı alimlər məşğul olmuşlar. Antroponimika bir elm sahəsi kimi, əsasən sonuncu onilliklərdə formalaşmağa başlamışdır. Artıq, bu zaman elm aləminə müxtəlif ölkələrdə müxtəlif xalqların müasir və tarixi antroponimiyasına aid küllü miqdarda material daxil olmuşdur.
Antroponim, hər şeydən əvvəl, bütün başqa sözlər kimi dilin daxili inkişaf qanunlarına tabe olur və dilçilik metodu ilə öyrənilir. Çünki “Şəxs adları həm həddindən çox konkret, həm də konkret olduğu qədər mücərrəd kateqoriya olmaqla, nominal funksiyaya malik işarələr sistemidir”. Bu mənada, “xüsusi isimlərdə (antroponimlərdə -M.Ç.) müəyyən məna ifadə olunur”, onlar spesifik xüsusiyyətlərə və keyfiyyətlərə malik olur. Antroponim - bu şəxs adıdır və şəxs adı olmaq etibarilə sosioloji dilçilik, tarix və etnoqrafiya ilə yaxından əlaqədardır. Xüsusi şəxs adlarının hərtərəfli öyrənilməsi müxtəlif rəsmi idarələrin, o cümlədən, Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı Bürolarının, pasport şöbələrinin işinin yüngülləşməsinə (adların düzgün yazılışına); həmçinin, dilçiliyin etimologiya, dialektologiya və dil tarixi sahələrinin inkişafına kömək edir.
Antroponimlər dilin lüğət tərkibində xüsusi bir lay təşkil edir. Dilin lüğət tərkibi axar çay kimi dəyişib, köhnə, məzmunsuz, həyatı ifadə edə bilməyən sözlərdən azad olduğu kimi, antroponimiya da köhnəliklə bağlı olan dini, mistik, titul və s. bildirən komik gülünc və məzmunsuz antroponimlərdən azad olur, öz axıcılığını və ahəngdarlığını daim səlisləşdirir və təkmilləşdirir. Ümumxalq təfəkkürünün məhsulu olan antroponimlər də “Tam qanunauyğun şəkildə, insan... adları göstərən üslubi rəngə boyanır”. Əlbəttə, bu tarixi qanunauyğunluqdur. Biz elə etməliyik ki, büllur çaya bənzəyən antroponimiyamıza “bulanlıq göl suyu” qarışmasın. Bu mənada ki, bəzi dardüşüncəli, müasir həyatdan geri qalmış valideynlər öz gül kimi balalarına komik və gülünc məna daşıyan adlar verməsinlər, antroponimiyamızı “zibilləməsinlər”. Çünki antroponimiya xalqımızın, bəlkə də, bir neçə minillik təfəkkürünün məhsulu olub, damla-damla yığılıb gümüş kimi parlayan dərya olmuşdur. Bu dərya həmişə şəffaf olmalıdır. Heç kəsin ixtiyarı yoxdur ki, bu nəhəng dəryanın bir damlasını bulandırsın, onu ləkələsin. Ona görə ki, bu dərya sahibi tarixlər boyu onu yaradıb, gül kimi qoruya-qoruya nəsildən-nəslə verib, müasir mərhələyə gətirib çıxarmışdır. Bəzən isə, biz təsadüfən elə şəxs adlarına rast gəlirik ki, onu eşitməsən yaxşı olar. Məsələn, Vayna, Oysandıq, Bakı şəhərində - Kinavəs, Kökəm, Qamə, Rəcilə, Nijad Əyyam, Banı, Sulaydın, Tadixan, Yasər, Təşkilat; Balakən rayonunda - Nəfəmqət və s.
Bu isə, hər şeydən əvvəl, ondan irəli gəlir ki, bəzən “uşağa” advermə kimi ciddi bir işə bəzi valideynlər məsuliyətsiz yanaşırlar, onlar nəzərə almırlar ki, həmin adı uşaq ömrü boyu daşıyır. Ona görə də ad mənalı, sahibinin həyat yolu ilə səsləşən olmalıdır. Adı Məruzə, Traviata, Yetər, Kifayət, Qızbəs və s. olan qızlar: Traktor, Kombayn, Xanqulu, Qulam, Cəllad və i.a. olan oğlanlar çətin ki, belə adları verənlərə “sağ ol desinlər”.
Belə adlara real həyatda, həmçinin, dövrü mətbuatın səhifələrində, məqalə müəlliflərinin imzalarında və məqalədəki faktik adlarda da rast gəlirik...
Müasir antroponimiyamızda ciddi narahatlıq doğuran səbəblərdən biri də süni surətdə yaradılan, qondarılan və yaxud “kulturnu” hesab edilən alınma adların bəzən uşaqlara yerli-yersiz verilməsidir. Əlbəttə, belə adların gələcəyi, perspektivi yoxdur. Hazırda antroponimiyamızın səlisləşməsi və təkmilləşməsi işində ziyalı ordumuz böyük rol oynamalıdır. Ziyalılar ədəbi dilimizdə ünsiyyətdə olduqları kimi ədəbi dilimiz üçün səciyyəvi olan antroponimlərdən istifadə etməli, yaşadıqları və işlədikləri kollektivin üzvləri ilə yaxından əlaqədə olmalı, yeri gəldikdə onlara adseçmə işində kömək etməlidirlər. Çünki cəmiyyət üzvünün adı, onun dünyagörüşü, aydın təfəkkürü, yüksək mədəniyyəti, həyat təcrübəsi, bu və ya digər məsələyə münasibəti, səs tonu, danışıq tərzi, adın intonasiyası ilə yaxından bağlı olmalıdır. Onun ədəbi dilin incəliklərinə və normalarına dərindən yiyələnməsi səviyyəsi, hər bir antroponimi işlənmə məqamı və daxili məzmunu ilə yaxından tanışlığı gərəkdir. Bütün bu əlamətlər adseçmə-adqoyma mərasimində nəzərə alınmalıdır. Bir sözlə, adqoyma zamanı ədəbi dilimizin imkanlarından yuxarıda qeyd olunan səciyyəvi cəhətlər hüdudunda istifadə edilməlidir.
Azərbaycan xalqının dünya mədəniyyəti və elm xəzinəsinə onlarla bədii, fəlsəfi və elmi əsərlər bəxş etmiş görkəmli ədibi - Nəsrəddin Tusidən başlamış bu günə qədər bütün ədiblərimizin yaradıcılığında adqoyma prosesi ilə bağlı mülahizələr vardır, onlar gənc valideynlərin adqoyma himni olmalıdır. Bu, həm də xalqımızın ümumi mədəni yüksəlişi nöqteyi-nəzərdən vacibdir. Uzaq keçmişdən gələn bu ənənəni saxlayıb yaşatmaq, səlisləşdirmək, təkmilləşdirmək və inkişaf etdirib uzaq gələcəyə vermək bizim hamımızın - ziyalıların da, adi vətəndaşın da müqəddəs borcu olmalıdır. Adqoyma mərasimində köhnə və yeni “dəbdə” olan adətlərdən uzaqlaşmaq, cəmiyyətimizin zövqünə uyğun dilimizin sərbəst, gözəl, ifadəli, məna və məzmunlu, gəlişi gözəl sözlərini mənalandıraq və gül balalarımıza ad qoyaq. Bu isə, hamının ürəyindən olmalıdır. Obrazlı desək, əgər dilin lüğət tərkibi dərin bir dəryadırsa, antroponimlər - bütövlükdə, xüsusi adlar bu dəryanı qoru-yub səhraya çevrilməyə qoymayan şəlaləli dağ çayları və bulaqlarıdır. Bunsuz dərin dəryanı - dilin lüğət tərkibini təsəvvür etmək olmaz. Çünki dilimizin qədim yazılı mənbələri, bütövlükdə, gəlib bizə çatmadığı halda, ayrı-ayrı toponim, antroponim, hidronim, etnonim tarixə yoldaşlıq edərək bir neçə min il bundan əvvəl yaranmış dil faktlarını müasir dövrə gətirib çatdırmışdır. Bu mənada, hər bir xüsusi adda - antroponimdə, toponimdə, hidronimdə onu yaradan xalqın tarixi vardır. Ədəbi dilin tarixini isə, xüsusi adlarsız təsəvvür etmək olmur, ola da bilməz. Çünki hər bir xalq tarixə öz adı, öz başçısı, öz sərkərdəsi, elm və mədəniyyət xadimləri ilə daxil olur. Bu mənada ad tarix demək-dir. Bu tarixin dərindən öyrənilməsi isə mədəniyyətimizin yüksək zirvəyə qalxmasından xəbər verir...
“Ad insanın daimi yol yoldaşıdır; yaxşısı baş ucalığı, yamanı, pisi isə gülüş hədəfi olur. Ad valideynin övladına bağışladığı ilk (mənəvi -M.Ç.) hədiyyədir; yaxşısı bir elin ürəyincə olur, pisi isə könül sındırır. Nahəyət, ad bir mil-ləti hər yerdə tanıdan ən gözəl nişanədir (ilk milli və mə-nəvi ünvandır -M.Ç.), yaxşısını yaşadaq (yenisini, ahəng-darını yaradaq -M.Ç.), pisini ataq. Qurbanilərə güldü-yümüz bəsdir, Fatmanisələr köhnə dünyada qaldı... Əgər valideyn Allahqulunun “Böyük yaradana nökər”, Qurban-əlinin bir vaxt uğrunda həlak olmuş xəlifəyə “qurban ge-dən” mənasını verdiyini bilərsə, öz gülüzlü balasının kiməsə nökər olmasını, kiminsə yolunda qurban getməsini heç vaxt istəməz. Heç bizə bu adlar gərək deyil. Gəlin, Yaşarları yaşadaq. Sevilləri sevdirək, Gülüşlərə həyat verək”...
“Minilliklərin canlı şahidləri” olan şəxs adları xalqın inkişaf tarixi, siyasi-ictimai, iqtisadi, mədəni həyat tərzi və məişəti, dini baxışları və inamları ilə yaxından bağlı şəkildə yaranıb yayılır, bəziləri çoxişlək, bəziləri azişlək olub, bəziləri qısa, bəziləri isə uzun ömürlü olur. Çünki dilin lüğət tərkibi kimi, antroponimiyanın tərkibi də dinamikdir, dəyişkəndir.
Görkəmli yazıçı, dramaturq, publisist, dövlət xadimi Nəriman Nərimanovun obrazlı dili ilə desək, “Vətən qədrini o kimsə bilər ki, Vətən ilə onun ruhən rabitəsi olsun, Vətən ilə (xalqla -M.Ç.) bir yerdə ağlasın, bir yerdə gülsün”, onun həm şənliyinə, həm də qəminə ortaq olsun.
N.Nərimanov başqa bir yerdə yazır: “Siz (xalqa müraciət edir -M.Ç.) özünüzü bir millətdən hesab edirsinizsə, özünüzün müəyyən bir vətəniniz vardırsa, həmin millətin, həmin Vətənin dərdi-qəmi sizin dərdiniz-qəminizdir və ya bir millət və ya Vətən sizi öz üzvlərindən hesab edirsə, sizin dərdiniz-qəminiz millət və Vətən üçün ümumi dərd və qəm olmalıdır”. Çünki siz bir millətin, tarixən təşəkkül etmiş bir cəmiyyətin üzvüsünüz. Deməli, hər kəs üzv olduğu cəmiyyətin adət və ənənəsinə laqeyd olmamalıdır, həmin cəmiyyətin iradəsini, tarixən inkişaf etmiş ənənəsini qəbul etməli və onun inkişafı üçün öz imkanı daxilində yardım göstərməlidir. Bu mənada, böyük ədib və filosof M.F.Axundovun “Dünyada insan üçün ən böyük ləzzət yaxşı ad qoyub getməkdir ki, belə bir adı da yaxşı əməllərin müqabilində əldə etmək olar” mülahizəsini antroponimiyaya da, xüsusilə, adqoyma sənətinə də şamil etmək olar.
“Dil bütün vətəndaşların yalnız istifadə etdiyi bir xəzinə yox, həm də zənginləşdirməli olduğu bir xəzinədir”. Bu fikir dilimizin əsas lüğət fonduna və qrammatik lüğət quruluşuna aid olduğu kimi, onun atroponimiyasına da aiddir. R.Həmzətovun obrazlı dili ilə desək, “Söz hikmətlər tacıdır”. Söz dilimizin gözəl-liyidir. Adlar isə, sözləri mənalandıran, onlara yeni bir məna, təravət və ətir verən ayrı-ayrı şəxslərin, müsahiblərin tarixi tacıdır. Sadəcə ad yoxdur. Ad ya alqışdır, ya arzudur. Ümumi mənada isə, ad cəmiyyətin gələcəyidir. Ona görə də, adı - insan cəmiyyətinin tacını hamı şərəflə uca tutmalıdır. Çünki hər adda xalqın tarixinin bu və ya digər mərhələsinin mədəniyyəti, dili, adət-ənənələri və məişəti öz əksini tapır.
“Ad insanı doğma xalqına bağlayan ən adi bir göstəricidir, lakin bu “adi”likdə, eyni zamanda mühim milli mahiyyət var. İnsan adlarının tarixi, əslində həmin insanın təmsil etdiyi xalqın tarixidir. Xalqın özünəməxsusluğu, zövqü, psixologiyası şəxs adlarında özünün dialektik ifadəsini tapıb, çünki onun məxsusi, spesifik təfəkkür tərzinin, tarixinin, arzularının yetirməsidir. Milli adı sevmək, onu qoruyub saxlamaq, onu milli dilin imkanlarından istifadə yolu ilə təbii şəkildə inşikaf etdirmək, zənginləşdirmək xalqa bağlılığın nümunəsidir”.
Şəxs adının xalqın tarixi və dili ilə yaxından bağlılığı Ö.Faiqə görə, nəinki, linqvistik, estetik, tarixi və psixoloji cəhətdən, həm də sosioloji cəhətdən əhəmiyyətlidir. Bunu nəzərə alan ədib, hələ, 1905-ci ildə “Eşq və məhəbbət” adlı publisistik əsərində yazmışdır: “Nədən gözəl, dadlı dilimizi bəyənmirik?... Məmmədləri - Mişa, İsgəndərləri - Saşa, Kərimləri - Kiruş, Gülsümləri - Gülya, Leylaları - Lyalyalara çevirməkdən utanaq. Sözlərim doğru isə gəlin birləşək. Dil məhəbbətini millət məhəbətinin başlanığıcı bilək.
XX əsrin görkəmli bədii söz ustadı, satirik poeziya janrının əvəzsiz banisi M.Ə.Sabirin əsərlərində də ad və millət arasındakı ümumi və xüsusi münasibət öz bədii əksini tapmışdır:
Vətən uğrunda, millət eşqində,
Bəzli-can et xüsusi-niyyət ilə.
İş aşır, baş gedirsə qoy getsin,
Ad qalır, bəs deyilmi, millət ilə!
“İnsanlar danışdıqları gündən bir-birini daha tez və rahat anlamaq, daha iti və aydın düşünmək yolunu tapmağa səy göstərmiş” və öz aralarında ünsiyyəti asanıaşdırmaq üçün üzvlərinin hərəsinə bir ad qoymuşdur. Çünki şəxs adları cəmiyyətin daxilinə lazımdır, həm də vacibdir.
Deməli, “onomastik” vahidlər (antroponimik vahidlər -M.Ç.) özünəməxsus spesifik cəhətlərə malikdir. Bunların hər biri sosial (həm də milli dil baxımından - M.Ç.) işarədir. Ona görə də bəzi mühüm məsələlərin (xalqın tarixi və dilin tarixinin öyrənilməsi nöqteyi-nəzərdən -M.Ç.) açılmasında bunların xüsusi rolu vardır. Ümumiyyətlə, onomastik vahidlərin tədqiqi bir neçə cəhətdən əhəmiyyətlidir: a) Dilin lüğət tərkibinin, bütövlükdə, xarakteristikasını vermək üçün onomastik vahidlərin tədqiqi son dərəcə vacibdir. b) Onomastik vahidlərin çoxunda indi dildə olmayan forma və anlayışların izi qala bildiyinə görə, bunların tədqiqi dilçiliyin ən mürəkkəb və mühim sahələri hesab edilən dil tarixi, dialektologiya və üslubiyyət üçün zəruri faktlar verə bilər. v) Onomastik materialın öyrənil-məsi dilçiliklə yanaşı tarix, etnoqrafiya, sosiologiya və coğrafiya elmlərinin bir sıra problemlərinin açılmasına kömək edir; q) Onomastik vahidləri düzgün bilmək və yazmaq insanın ümumi mədəniyyətinə təsir edən vasitələrdəndir”.
Məlumdur ki, ünsiyyət zamanı müraciət olunan şəxsi başqası ilə qarışdırmamaq üçün onun adına (antroponimik vahidə) kəskin ehtiyac duyulur. Bu ehtiyacı ödəmək məqsədilə adamlara müxtəlif adlar qoyulur.
-Adınız nədir?
-Qəhrəman, Əzəmət, Nəriman, Vüqar, Lalə, Gözəl, Çiçək, Almas, Gülşən və s.
Yuxarıdakı nümunələrdən göründüyü kimi, Azərbaycan antroponimlərinin əksəriyyətində istər zahiri (səslənmə), istərsə daxili (məna) ahəngdarlığına riayət olunur. Azərbaycan adları sadəliyi, ahəngdarlığı və mənalılığı ilə fərqlənir. Bu xüsusiyyət lap qədim zamanlardan türkdilli xalqların antro-ponimiyasında başlıca amil olmuşdur. Çünki “Ad milli geyimə bənzəyir” və hər bir xalqın milli koloritini özündə təcəssüm etdirən yeganə dil vahidləridir. Bu mənada, adlar da sadə və gözəl olmalıdır. F.Köçərlinin obrazlı dili ilə desək, “dil nə qədər açıq, sadə olsa, bir o qədər gözəl, göyçək və məqbul olar”.
Jan Effemə görə, “Vətən hər şeydən əvvəl, dil demək-dir”. Böyük ədibin bu mülahizələrini eynilə antroponim-lərə də şamil etmək olar. Çünki hər bir antroponim dil vahidi olmaq etibarı ilə xalqına xidmət edir. Bu nöqteyi-nəzərdən antroponimlərin də sadəliyi, gözəlliyi Vətən dili-nin tələbinə uyğun olmalıdır... Heç kəs onu korlamamalıdır. Hamı onu göz bəbəyi kimi qorumalı, təkmilləşdirməli və inkişaf etdirməlidir. Məsələn: türk xalq-larının XI-XIII əsrlərdə yazıya alınmış qədim abidəsi olan “Oğuznamə”də Oğuz xanının altı oğlu və onların adlarının bir-birilə ahəngdar, kainatla simvolik şəkildə əlaqədar olması buna aydın misaldır: Gün, Ay, Ulduz (birinci arvadından); Göy, Tağ (dağ), Teniz (dəniz) (ikinci arvadından). Xalqlar arasındakı müxtəlif münasibətlərlə yaranan əlaqələr zamanı adlar xüsusi rol oynayır.
Əlbbəttə, adlar insan cəmiyyəti arasına hazır şəkildə göydən düşməmişdir. Uzun tarixi inkişaf prosesində onu cəmiyyətin bu və ya digər üzvü yaratmış, həmin ad cəmiyyət daxilində ünsiyyət prosesində səlisləşə-səlisləşə, təkmilləşə-təkmilləşə bu günkü səviyyəyə gəlb çatmışdır. Başqa sözlə desək, Azərbaycan şəxs adları sadəliyi, ahəng-darlığı və mənalılığı ilə başqa dillərin şəxs adlarından fərqlənir.
Antroponimlər xalqın müasir həyat tərzinin tələblərinə cavab verməlidir. İndi dilimizdə milyonlarla adamın (kişi və qadının) adını bildirmək üçün on minlərlə şəxs adı vardır. Həmin adlar tarixin madərşahlıq mərhələsində ana xətti, padərşahlıq mərhələsində isə ata xətti ilə inkişaf edib müasir dövrə qədər gəlib çatmışdır. İnsan cəmiyyətinin padərşahlıq mərhələsində nəsil ata adından oğula - nəvəyə, nəticəyə, kötücəyə - xədicəyə və yadıcaya keçir. Qadınlar isə ərə getdikdən sonra öz ərinin familiyasını qəbul edir.
ATA ADI
Hər kəsin öz adı vardır. Yuxarda deyildiyi kimi, böyük insan kollektivlərində cəmiyyət üzvlərin sayı çox, adların sayı isə az olur. Bu, hər şeydən əvvəl, bir adın bir neçə nəfər adama verilməsi ilə əlaqədardır.
Müasir Azərbaycan dilində antroponimik formula tarixən sabitləşmiş üçüzvlü tərkibdən ibarətdir: ad + ata adı + familiya. Camiyyətdə bu antroponimik formulaların hər birinin özünəməxsus ictimai vəzifəsi vardır! Bu antroponimik formula bu və ya digər şəxsi başqa vətən-daşlardan - adamlardan fərqləndirməyə xidmət edir. Yu-xarıda qeyd edildiyi kimi, ad - bu və ya digər şəxsi ailədə və ən kiçik yaxın kollektivdə fərqləndirməyə xidmət edir. Ata adı - atanın övlada münasibətini ifadə edir və onu ən yaxın qohumlarından fərqləndirir. Aşağıda şərh olunduğu kimi, familiya böyük insan kollektivində bir nəslin - ailə üzvlərinin onlara qohum olmayan başqa bir nəsli - ailə üzvlərindən fərqləndirməyə xidmət edir. Beləliklə, müasir üçüzvlü antroponimik tərkib xüsusi anlayışlı bir dil işarəsi olub, böyük insan kollektivində - cəmiyyətdə və dövlət dəftərxana idarələrində, təsərrüfat kitablarında hər bir şəxsin maksimum dərəcədə başqasından fərqlənməsinə xidmət edir. Ata adı, tarixən şəxs adı əsasında yaranmışdır. Xalqımız arasında ata adının formalaşmasının qədim tarixi vardır. Xüsusi ata adının yazılı mənbələrdə qeyd olunmasına “Kitabi - Dədə Qorqud” dastanlarında da rast gəlirik. Məsələn, Dirsə xan oğlu Buğac, Bayburanın oğlu Bamsı, Qazan bəyin oğlu Uruz, Duxa Qoca oğlu Dəli Domrul, Qanlı Qoca oğlu Qanturalı, Qazılıq Qoca oğlu Yeynək, Bəkil oğlu İmran, Uşun Qoca oğlu Səkrəy və s.
Azərbaycan antroponimiyası tarixində ikiüzvlü antroponimik tərkib sonrakı dövrlərdə də işlək olmuş və XIX əsrə qədər davam etmişdir.
Buna görə də, tarixən ünsiyyət zamanı bir kollektivdəki həmadlıları - adaşları və ya eyniadlı adamları bir-birindən fərqləndirmək üçün onlara atalarının adı ilə müraciət etməyə ehtiyac duyulur. Məsələn, Elxan oğlu, Həsən oğlu və s. Bu ifadə Azərbaycan xalqı arasında, demək olar ki, XX əsrin əvvəllərinə qədər davam etmiş, familiya yerində işlənmiş və bir şəxsi digərindən fərqləndirməyə xidmət etmişdir. Hazırda ünsiyyət zamanı cəmiyyət üzvlərindən birinə müraciət edərkən, o, öz şəxsi adı və atasının adı ilə çağrılır. Məsələn, Aydın Yaşar oğlu, Aybəniz Dönməz qızı və s.
Ata adı, əsasən, atanın adı ilə formalaşsa da, bəzən cəmiyyət üzvləri arasında ata adı əvəzinə ana adından da istifadə olunmasına da təsadüf olunur. Bu da, bəzən ata ilə ananın bir-birindən ayrılması və uşağın ananın yanıında tərbiyə alması, bəzən də, atanın vaxtsız ölməsi və uşağın ananın tərbiyəsi ilə böyüyüb boya-başa çatması ilə əlaqədar olur. Məsələn, Qəndab Nigar qızı, Məmməd Gülxanım oğlu, Məmməd Sona oğlu, Rövşən Pəri oğlu (Gürcüstan Respublikasının Bolnisi, Dmanisi və Marneuli rayonları) və s.
FAMİLİYA
İnsan kollektivinin uzun bir tarixi inkişafı prosesində cəmiyyət üzvlərinin birini digərindən fərqləndirmək üçün hər hansı bir şəxsin xüsusi adı və atasının adı kifatət etmir. Çünki cəmiyyət üzvlərinin sayının həddən artıq çoxalması, onların daşıdığı adların nisbətən azalmasına səbəb olur. Buna görə də, cəmiyyət üzvlərini bir-birindən fərqləndirmək üçün, hətta, onun hansı nəsildən olmasına ehtiyac hiss edilir. Artıq, cəmiyyətdə ayrı-ayrı şəxsləri atasız, babasız və ya uzaq nəsilsiz təsəvvür etmək çətin olur. Buna görə də, cəmiyyət üzvləri arasında familiyaya ehtiyac hiss olunur. Çünki familiya böyük insan kollektivində bir nəslin-ailənin üzvlərini onlara qohum olmayan başqa bir nəsil (ailə) üzvlərindən fərqləndirməyə xidmət edir.
St.Raspond Sileziyada familiyanın yaranmasna əhalinin artması ilə əlaqədar olaraq, adların azalmasını, şəhərlərin inkişafını, ticarət əlaqələrinin və yerli əhalinin gəlmə adamlarla qarışmalarını səbəb göstərir. Məhz buna görə də, insanlar arasında yeni bir antroponimik anlayışın və ya familiyanın formalaşması zərurəti meydana gəlir. Familiya bir nəsildən olan adamları başqa nəsillərdən olan adamlardan fərqləndirən başlıca və əsas amildir. Familiya şəxsin ailəsini və ya nəslini, cinsini, geniş mənada isə, milliyyə-tini bildirən xüsusi addır. Başqa sözlə desək, ailə familiyanın bazasıdır. Buna görə də, familiyanın ömrü adlara nisbətən uzun olur və nəsildən-nəslə keçərək, əsrlərlə yaşaya bilir. Familiya müəyyən bir ictimai təbəqədə, hə-min təbəqəyə xidmət etmək üçün yaranmışdır.
“Familiya iki vəzifə yerinə yetirir. Birincisi, bu və ya başqa ailəni (nəsli -M.Ç.) digərindən fərqləndirməyə kömək edir; ikincisi, bütöv bir nəslin (bəlkə də qəbilənin və ya tayfanın - M.Ç.) adını tarixən mühafizə edib sax-layır”.
Deməli, familiya ictimaidir, çünki ictimai mühitdə cəmiyyətin üzvlərinə xidmət edir. Cəmiyyətin üzvlərinə xidmət edən familiyanın əsasında şəxs adı durur. Hər bir Azərbaycan şəxs adından familiya formalaşa bilər. lakin familiyanın formalaşması uzun və mürəkkəb bir tarixi prosesin nəticəsidir. Familiya müxtəlif xalqlarda müxtəlif zamanlarda formalaşmışdır. A.Doza familiyanın XI əsrdə (qeyri-mötəbər mənbəyə görə, hələ, VIII əsrdə) Şimali İtaliyada formalaşdığını göstərir. Sonra isə familiya Parisdə və Şimal-şərqi Fransada feodallar arasında geniş yayılır. Familiya Fransadan Reyn vadisinə və La-Manş sahillərinə keçir. XII əsrdə Almaniyada familiya geniş şəkildə yayılır. Strasburq şəhərində XIII əsrin axırına yaxın bütün şəhərlilərin familiyası var idi.
A.F.Pottenin qeyd etdiyi kimi, familiya yalnız XIV əsrdə ümumi şəkildə işlənməyə başlanmışdır. Avropada və Rusiyada familiyanın formalaşması XIV-XVII əsrlərə təsadüf edir. Akademik A.İ.Sobolyevskiyə görə, bizdə (Rusiyada -M.Ç.) familiya nadir hallarda XIV əsrdən işlənməyə başlanmışdır. A.İ.Selişyevə görə, “Rus familiyasının formalaşması, əsasən, XVI-XVII əsrlərdə olmuşdur. Bəzi familiyalar mənşəcə daha əvvəl əmələ gəlmiş, digərləri isə yalnız XIX əsrdə törəmişdir”.
V.K.Çiçakova görə, “XVIII əsrin başlanğıcına qədər rus ədəbi dilində familiyanın əmələ gəlməsi qutarmışdır”. V.A.Nikonov rus xalqı arasında familiyanın təşəkkül etməsindən bəhs edərək yazır: “Rusiyada XIV-XVI əsrlərdə əvvəlcə knyazların, onun ardınca boyarların, XV-XVII əsrlərdə dvoryanların, XVII-XIX əsrlərdə əsasən tacirlərin familiyası formalaşmışdır. Hələ XVIII əsrdə sadə şəhər əhalisinin tamamilə familiyası formalaşmışdır; XVIII-XIX əsrlərdə isə kəndlilərin familiyası formalaşmışdır. Bu sahədə öz tədqiqatlarını genişləndirən müəllif bir neçə il sonra yazır: “Bu vaxta qədər (XVIII əsrin başlanğıcına qədər -M.Ç.) knyazların, boyarların, dvoryanların və şəhər əhalisinin az bir hissəsinin, daha doğrusu, ölkə əhalisin cüzi bir hissəsinin familiyası düzəldilmişdir. Əhalinin əksəriyyəti sonralar, yalnız XVIII-XIX əsrlərdə familiya qəbul etmişdir” .
Bəzi xalqlarda isə, familiya daha sonralar formalaş-mışdır. Yaponiyada 1863-cü il antifeodal inqilabı nəticə-sində familiya təşəkkül tapmışdır.. 1926-1934-cü illərdə Mustafa Kamalın dekretilə Türkiyədə familiya qəbul edilmişdir. Həmin illərdə İranda, 1950-ci illərdə Misirdə və 1959-cu ildə isə Tunisdə familiya qəbul edilmişdir.
Göründüyü kimi, familiyanın kütləvi şəkildə qəbul edilməsi uzun müddət davam etmişdir. İndi də Asiya və Afrika xalqlarının bir çoxunda, hətta, Avropada İslandiya xalqının familiyası yoxdur.
Dünya xalqlarının əksəriyyətinin familiyası oduğu kimi, hazırda azərbaycanlıların da familiyası vardır. Ad və ata adından sonra təşəkkül tapmış familiya müstəqil antroponimik vahiddir. Göründüyü kimi, ad və ata adına nisbətən familiyanın yaranma tarixi son əsrlərlə bağlıdır. Adlar nəsildən-nəsilə keçib əsrlərlə yaşaya bildiyi halda, familiyalar konkret bir nəsli və ya ailəni bildirir, müəyyən vaxtdan sonra (təxminən üçüncü-dördüncü nəsildən sonra dəyişir; bu da təxminən bir əsr, bir əsr yarım davam edə bilər) isə dəyişir.
Bu baxımdan familiyanın yaranması tarixi, inkişafı və müasir vəziyyətinin tədqiqi antroponimislərin diqqətindən kənarda qalmamışdır. Başqa xalqlarda olduğu kimi hazırda türkdilli xalqların, o cümlədən, Azərbaycan-türklərinin, özbək, qazax, qırğız, tatar, başqırd və digər xalqların familiyalarının toplanması və tədqiqi də ön plana çəkilmişdir. Bu sahədə N.A.Baskakovun, Ş.Sədiyev, Z.Sadıqov, M.N.Çobanov, M.Adilov, A.Paşayev və başqalarının tədqiqatlarını xüsusilə qeyd etmək lazımdır. N.A.Baskakov “Türk mənşəli rus familiyaları” adı ilə çap etdirdiyi seriya məqalələrində və eyniadlı kitabında rus familiyasının yaranması tarixinə dərindən nəzər salmış, mindən çox rus familiyasının türk mənşəli olduğunu müəyyənləşdirmiş və onların etimoloji şərhini vermişdir.
Azərbaycan dilçilərindən Ş.Sədiyev “Adlar necə yaranmışdır?” adlı kitabında və “Azərbaycan familiyaları haq-qında” məqaləsində familiyalar haqqında ilk ümumi məlu-mat vermişdir. Z.Sadıqov “Azərbaycan dilində şəxs adları” mövzusunda yazdığı namizədlik dissertasiyasında familiyaların antroponimik xüsusiyyətlərindən danışmışdır. M.N.Çobanov “Azərbaycan antroponimiyasının əsasları” və “Familiya. Təxəllüs” kitablarında, “Familiya harada və nə vaxt yaranmışdır?” və “Azərbaycan antroponimlərinin sistemi” adlı məqalələrində Azərbaycan familiyasının yaranma tarixi və inkişafından, əmələgəlmə yollarından, onların cəmiyyətdəki mövqeyindən, antroponimik və linqvistik xüsusiyyətlərindən geniş bəhs etmişdir. M.Adilov və A.Paşayev də “Azərbaycan onomastikası” kitabında familiyanın tədqiqi tarixindən, əmələgəlmə prinsiplərindən və antroponimlər arasındakı rolundan ətraflı danışmışlar.
Azərbaycan-türklərinin hamısı familiyalarını təxminən eyni vaxtda, bir əsrdə deyil, “müxtəlif vaxtlarda, bəziləri XVIII əsrdə, bəziləri XIX əsrdə, bəziləri (hamılıqla -M.Ç.) isə XX əsrin əvvələrində götürmüşlər” .
Azərbaycan antroponimiyasında isə familiya XIX əsrdən yaranmağa başlamış və sovet dövründə rəsmi şəkil almışdır. Azərbaycan antroponimiyasında familiyanın formalaşmasında rus və fars dillərinin müəyyən dərəcədə təsiri olmuşdur. Burada rus dilinin təsiri daha güclüdür. Bu da təsadüfi deyildir. Çünki Şimali Azərbaycan 1828-ci ildə rəsmi şəkildə Rusiyanın tərkibinə keçir və həmin dövrdən bütün dövlət idarələrində dəftərxana işləri rus dilində tərtib olunduğu kimi, şəxs adları da rus antroponimiya modelinə uyğun, yəni rus familiyası şəklində yazılmağa başlanmışdır. XIX əsrin birinci yarısında Azərbaycanda Axundov (Mirzə Fətəli), Bakıxanov (Abbasqulu ağa), Topçubaşov (Mirzə Cəfər), Qiyasbəyov (Nasir Mustafa ağa) , Tağızadə (Molla ağa Hacı), Əfəndizadə (Ağaəli bəy), Kazımzadə (Məşhədi İsmayıl Hacı), Əsgərzadə (Mirzə Kazım Qazi), Əhmədov (Axund), Əmirzadə (Hacı Seyid Rza), Qanbəyov (İskəndər ağa), Qaibov (Mirzə Nəbi Əfənfi), Abutalıbzadə (Mirzə Əbdürrəhim Şeyx), Nazzadə (Məhəmməd Pəri), Dilbazov (Hacı Rəhim ağa) və s. şəxslər artıq familiya daşıyır və öz familiyaları ilə yazıb-yaradırlar.
Belə antroponim modellərindən əsas etibarilə məşhur şəxslər və hakim sinfin nümayəndələri istifadə edirdilər. (XIX əsrdə rusların təsirilə onlarda ilk familiyaların yaranması müşahidə olunur) . Azərbaycanlılarda - Azərbaycan türklərində isə kütləvi şəkildə familiya son əsrdə yaran-mışdır. Əvvəllər bu familiyalarda müxtəlif yerlə, soyla (nəsillə) bağlı əlamətlər olmuşdur. Bu mülahizədə nisbətən qeyri-dəqiqlik vardır. Çünki XIX əsrin ortalarından azərbaycanlılar - türklər arasında familiya daşıyanlara tez-tez rast gəlmək olur. Buna görə də, bu mülahizə “Azərbaycanlılarda - türklərdə familiya yığcam halda əsasən sovet dövründə yaranmışdır” kimi olmalıdır.
S.Rəhmanın məşhur Azərbaycan aktiyoru Hüseyn Ərəbliniskinin həyat və yaradıcılığına həsr etdiyi “Hüseyn Ərəblinski” adlı kitabında XIX əsrdə xalqımız arasında familiyanın formalaşması ilə bağlı bir epizod vardır: “Hüseyn böyürür, on bir yaşına çatır, o artıq məktəb yaşlı olur. Lakin XIX əsrin sonlarında Bakı şəhərində ümumtəhsil məktəbləri azlıq təşkil ediridi. Bir gün anası oğlu Hüseyni oxutmaq məqsədilə Bakı şəhər məktəbinə aparır. O zaman məktəbin direktoru Həbib bəy Mahmudov idi. Maarifpərvər müəllim Hüseynlə söhbət edir. “Familiyan nədir?” -deyə müəllim balaca Hüseynə sual verir. Familiya sözünü ilk dəfə eşidib mənasını anlamayan Hüseyn “Başa düşmədim, Mirzə” -deyə cavab verir. Bundan sonra Həbib bəy “Deyirəm babanın adı nədir?” sualını verir. Hüseyn cavabında babasnın adının Xələf olduğunu söyləyir. Həbib bəy balaca Hüseyni başa salıb deyir: “Deməli, sənin familiyan Xələfovdur”. Məktəb direktoru Həbib bəylə bu görüş 1892-ci ildə olmuşdur. Hüseyn də elə həmən gündən Xələfov familiyasını qəbul etmşdir.
XIX əsrə qədər Azərbaycan antroponimiyasında fami-liya formalaşmasa da familiyanın funksiyasını əsas etiba-rilə ifa edən qəbilə, tayfa, nəsil, sənət-peşə mənalarını bil-dirən dil vasitələri olmuşdur. Bunu türk dillərinin qədim abidələri də təsdiq edir. Qədim türklədə familiya anlayışını bildirmək üçün etnonimlər-tirə, qəbilə və tayfa adlarından da istifadə edilmişdir. Məsələn, “Dədə Qorqud” dasta-nın-dakı “Bayındır xan” antroponimindəki birinci komponent, yəni Bayındır adı “Bayındır” qəbiləsinin adından götürülmüşdür. Onun ümumi adı “Bayındır qəbiləsinin xanı” deməkdir. Deməli, əsl adı bizə məlum olmayan “Bayındır xan” antroponimi qəbilə adı əsasında düzələn familiya funksiyasında işlənmişdir. Başqa sözlə desək, qədim za-manlarda ayrıca bir adamın adı onun hansı qəbiləyə mən-sub olduğunu da göstərirdi. Bu vasitələrdən biri olan “evi” sözünün hər hansı bir nəslin ağsaqqalının və ya yaşlı adamının adının sonuna artırılması yolu ilə müəyyən nəsil və qəbilə üzvü müəyyən edilirdi. Məsələn, Mehdiyevinin Alısı, Hacıyevinin Vəlisi, Əlləzevinin Aydını, Gülməmmədevinin Fərmanı;
Ustalların Namazı (usta Alının oğlu Namaz), Quşqı-ranların İsəsi (Quşqıranların - Ovçuların oğlu İsə), Xarratalın Mahmıdı (Xarrat Alının oğlu Mahmud), Naxır-çıların Fərəməzi (Naxırçıların oğlu Fərəməz), Gəlmələrin Əsədi (Gəlmə nəsildən olan Gəlmələrin Əsədi) və s.
Yuxarıda qeyd edildiyi kimi, əvvəlcə şəxs adı, ata adı və sonra isə familiya formalaşmışdır. Ərslər boyu Azərbaycan - türkləi də familiya əvəzinə, ancaq, ata adını işlətməklə kifayətlənmişlər. 8-ci sxem
Bu xüsusiyyət, hələ, erkən orta əsrlərdə xalqımız arasında geniş yayılmışdır. Lakin müasir dövrdəkindən (Vüqar Süleyman oğlu, Qalib Natiq oğlu) fərqli olaraq orta əsrlər antroponimiyamızda əvvəlcə ata adı, oğlu antroponimik nomenklatirası, sonra isə şəxs adı işlədilirdi. Bunu “İslamiyyətdən əvvəl və ya ən geci İslamiyyətin birinci əsrində yaranmış” “Dədə Qorqud” eposunda aydın şəkildə görmək olar: Dirsə xan oğlu Buğac, Ulaş oğlu Salur Qazan, Qamqan oğlu Bayındır, Qazılıq Qoca oğlu Yeynək, Elin Qoca oğlu Alp Ərin, Bəyburanın oğlu Babsı Beyrək, Duxa Qoca oğlu Dəli Domrul, Dözən oğlu Alp Rüstəm, Bəkil oğlu İmran və s.
Bütün bunlar göstərir ki, etnonim və teonimlərin familiya əvəzinə işlədilməsi hallarının qədim bir tarixi vardır. Türkdilli qədim yazılı abidələrin, o cümlədən, Orxon-Yenisey kitabələrinin, “Dədə Qorqud” dastanlarının və digər “Oğuznamə”lərin verdiyi məlumata görə, “qədim türklərdə bu anlayış (familiya analayışı - M.Ç.) ibtidai icma quruluşu dövründə mövcud olmuşdur” .
Bax:
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Tbilisi. 1983.
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Bakı, 2017, səh. 111-148.
<!--colorstar