AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI
Üçüncü nəşr
Ali məktəb tələbələri üçün dərs vəsaiti
Azərbaycan Respublikası
Təhsil Nazirliyi tərəfindən
təsdiq edilmişdir
Bakı - 2017
Elmi redaktoru:
A.M.Qurbanov
Azərb.EA-nın müxbir üzvü, professor
Rəyçi:
Q.Ş.Kazımov
filologiya elmləri doktoru, professor
Çobanov M.N. Azərbaycan antroponimiyasının əsasları,
Ali məktəb tələbələri üçün dərs vəsaiti. (Üçüncü nəşr)
Bakı, 2017, 412 səh.
Vəsait pedaqoji universitetlərinin filologiya fakültələrinin tədris planında nəzərdə tutulmuş “Dilçilikdən xüsusi kurs” proqramı əsasında hazırlanmışdır. Burada onomastika haqqında ümumi məlumat, antroponimika və onun tədqiqat obyekti, Azərbaycan dilçiliyində antroponimiyanın tədqiqi tarixi, antroponimlərin inkişafı məsələləri, ad və ad sistemi, familiya, təxəllüs, ləqəb, adların əsası və semantikası, antroponomik hadisələr - müştərək adlar, adqoyma ənənələri, adların quruluşu və mənşəyi, poetik antroponimiya və s. hərtərəfli təhlil olunmuşdur.
Vəsaitdən ali məktəblərin filologiya fakültələrinin tələbələri, eləcə də orta ixtisas və ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyatı müəllimləri istifadə edə bilərlər.
© Çobanov M.N. Azərbaycan antroponimiyasının əsasları. Tbilisi,”Qanatleba” nəşriyyatı, 1983.
© Çobanov M.N. Azərbaycan antroponimiyasının əsasları. Bakı, “Maarif nəşriyyatı”, 1998, 332 səh.
© Çobanov M.N. Azərbaycan antroponimiyasının əsasları.
“Maarif nəşriyyatı”, üçüncü nəşr, Bakı,
“Borçalı” NPM, 2017, 412 səh.
BİR NEÇƏ SÖZ
Azərbaycan dilçiliyinin əsrimizin son iki-üç onilliklərində təşəkkül tapan əsas şöbələrindən birini onomologiya təşkil edir. Onomalogiyada dilin lüğət tərkibinin ən zəngin və qədim layını təşkil edən xüsusi adların yaranması, inkişafı və müasir vəziyyəti öyrənilir. Xalqımızın tarixinin öyrənilməsində xüsusi adlar müstəsna əhəmiyyət kəsb edir. Başqa sözlə desək, həcmcə çox kiçik kitabə olan hər bir xüsusi adda xalqın tarixinin müəyyən bir səhifəsi gizlənib mühafizə olunur. Bu gizlin səhifələrin açılmasında xüsusi adlar başlıca rol oynayır. Çünki şair demişkən, “El adı yaşadır, ad isə eli”. Bu mənada, hər bir ad xalqın milli, mənəvi məhsulu olub, onun tarixi varlığını və ünvanını qoruyub saxlayır, əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə verir. Əgər belə demək mümkündürsə, ad elə xalqın tarixidir. Məsələn, qədim “Ərol” antroponimində də xalqımızın keçmiş tarixi öz əksini tapmışdır. Birincisi, bu sözün varlığı ulu babalarımızın və müasir xalqımızın varlığı deməkdir; ikincisi, bu sözün tarixən varlığı və fəal şəkildə işlədilməsi xalqımızın qədim mədəniyyətə malik olması deməkdir, çünki adların yaradılması elə mədəniyyətin ilk təzahürü deməkdir; üçüncüsü, bu sözün varlığı ana dilinin qədimliyinin və tarixinin varlığı deməkdir; dördüncüsü, bu sözün varlığı dilimizin lüğət tərkibinin və əsas lüğət fondunun, həmçinin, onomastik vahidlərinin lap qədim zamanlardan varlığı və dilimizin sabitliyi, saflığı deməkdir; beşincisi, bu sözün varlığı müsir dilimizin antroponimik layında dilimizin fonetik sisteminin, lüğət tərkibinin, qrammatik quruluşunun, sintaktik kateqoriyalarının tarixən varlığı deməkdir. Deməli, ünsiyyət prosesində adlarsız keçinmək mümkün olmadığı kimi, xalqımızın əsl tarixinin yazılmasında da tarixi adlarsız keçinmək olmaz. Bax, əsl tarixi həqiqət də elə bu adlarda qorunub saxlanmışdır. Bu mənada, adlar böyük tarixdir...
Yuxarıda qeyd edilən mülahizələri nəzərə alıb, ali məktəblərin filologiya fakultələrinin tələbələri üçün “Azərbaycan antroponimiyasının əsasları” adlı vəsait hazırlamağı qərara aldıq. “Dilçilikdən xüsusi kurs” proqramı əsasında hazırladığımız bu vəsait “Bir neçə söz”, on beş fəsil və nəticədən ibarətdir.
Vəsaitdə dilçilikdə onomalogiyanın yeri və tədqiqat obyekti, sahələri, növləri və yarımşöbələri haqqında ətraflı məlumat verilmişdir. Həmçinin, vəsaitdə onomalogiyanın ən geniş yarımşöbəsi olan “Antroponimiyanın əsasları” öz elmi şərhini tapmışdır. Burada antroponimikanın tədqiqat obyekti, predmeti, tədqiqi, antroponimlərin mənşəyi, quruluşu, inkişaf tarixi, sistemi və semantikası, adqoyma ənənələri, antroponimik hadisələr, bədii antroponimika problemləri, şəxs adlarının rus dilinə transliterasiyası məsələləri və orfoqrafiya qaydaları geniş şərh olunmuşdur.
Vəsaitdən ali məktəblərin filologiya fakültələrinin tələbələri, orta məktəblərin ana dili və ədəbiyyatı müəllimləri, aspirantlar, ümumiyyətlə, antroponimika ilə yaxından maraqlananlar faydalana bilər. Əsər haqqında öz xeyirxah rəyini bildirən yoldaşlara müəllif qabaqcadan təşəkkürünü bildirir.
* Qeyd: Oxucuların ixtiyarına verdiyimiz bu kitabın ilk nəşrindən (“Azərbaycan antroponimiyasının əsasları”. Ali məktəblər üçün dərs vəsaiti, Tbilisi, 1983) sonra mцəllifin “Azərbaycan dilinin tədrisi metodikasına dair” (Orta məktəb müəllimləri üçün dərs vəsaiti, Tbilisi, 1986), “Familiya. Təxəllüs” (Tbilisi, 1987), “Mətnin linqvistik təhlili” (Tbilisi, 1984, 1987), “Azərbaycan şəxs adlarının semantikası və orfoqrafiyası” (Tbilisi, 1990) “Azərbaycan kişi adları” (Türkiyə, Ərzurum, 1993, 96 səh.), “Osnovı azeрbaydjanskoy antрoponimiki” (Baku, “Azeрbaydjan”, 1995), “Azərbaycan antroponimiyasının əsasları” (Ali məktəblər üçün dərs vəsaiti, Bakı, 1998, səh. 332) və s. adlı kitabları nəşr olunmuş və “Azərbaycan antroponimiyasının əsasları” müvzusunda doktorluq dissertasiyası “Azərbaycan antroponimikasının əsasları, DDA, Bakı, 1992), “Osnovı azeрbaydjanskoy antрoponimiki” (ADD, Baku, 1992) müdafiə etmişdir.
I FƏSİL
ONOMALOGİYA
DİLÇİLİYİN BİR SAHƏSİ KİMİ
Ali məktəblərin filologiya fakültələrinin tədris planlarında Dilçilikdən “Xüsusi kurs”ların öyrənilməsinə müəyyən qədər vaxt ayrılır. Məlumdur ki, xüsusi kurslar, əsasən dilçilik fənlərində öz geniş əksini tapmayan və problem halında yeni tədqiq edilən mövzulara həsr olunur. Azərbaycan dilçiliyində belə sahələrdən birini də onomalogiya təşkil edir. Onomalogiya termini iki yunan sözünün - onomo (ad) və logiya (təlim, nəzəriyyə) sözlərinin birləşməsindən əmələ gəlib. Azərbaycan dilində mənası adlar lüğəti və ya onlar haqqında təlim və ya elm deməkdir.
Onomalogiya - nəzəri dilçiliyin xüsusi adları öyrənən şöbəsidir. Bu şöbə xüsusi adların səciyyəvi məsələlərini -təbiətini, nəzərə çarpdırdığı predmetə uyğunluğunu, onların mahiyyətini, əmələ gəlməsini, törəməsini, mənşəyini, məna əsasını, yayılma dərəcəsini, quruluşunu, inkişafını və təkmilləşməsini, təsnifini, üslub imkanlarını və bir dildən başqa bir dilə transliterasiyası problemlərini öyrənir. Məhz buna görə də, dilin lüğət tərkibinin geniş bir sahəsini - dildəki xüsusi adların məcmunu əhatə edən onomastikanın və ondan bəhs edən dilçilik şöbəsi olan onomalogiyanın ali məktəblərin Filologiya fakültələrində “Xüsusi kurs” kimi öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq, Azərbaycan dilçiliyində, hələlik, geniş tədqiqat obyekti olmayan “Azərbaycan antroponimiya-sının əsasları” üzrə xüsusi kurs (proqram və vəsait) hazırlamağı planlaşdırdıq.
Onomastikanın mahiyyətini daha dəqiq başa düşmək üçün aşağıdakı anlayışların və ya terminlərin şərhi vacibdir. Məlumdur ki, ümumi adlardan, yaxud apelyativlərdən xüsusi adlar düzəlir. Belə adlar onomastikada “onim” adlanır. Məsələn, “lalə” və “gül” apelyativlərin lalə (gül) -Lalə (şəxs adı), nərgiz (gül) - Nərgiz (şəxs adı) və s. ümumi adlar əsaında düzələr. Belə adlar “apelyativ” adlanır. Məsələn, Loğman (şəxs adı) - loğman (həkim mənasında), Hacı Qara (şəxs) - hacıqaralıq (xəsislik mənasında) və s.
“Onomatoloqlar xüsusi adları müvafiq xalqın tərcü-meyi-halı (həyatnaməsi -M.Ç.) hesab edirlər”. Doğrudan da, bu mülahizədə bir həqiqət-həyat həqiqəti vardır. Bu həqiqət ondan ibarətdir ki, xüsusi adlar lap qədim zamanlardan insan cəmiyyəti tarixinin müəyyən səhifələrini özündə qoruyub bu günə qədər gətirib çıxarmışdır. Həmin adlarda xalqımızın tarixi və onun həyatının, demək olar ki, bütün sahələri öz əksini tapmışdır. Bu da xüsusi adların xalqın tarixi ilə birgə öyrənilməsi vacibliyini meydana çıxarır. Çünki xalqın tarixinin inkişaf qanunauyğunluğunu həmin xalqın həyatnaməsi olan xüsusi adların inkişaf qanunauyğunluğuna da şamil etmək olar. Bu məna da, “ad-sözdür və bütün sözlər kimi onlar da dilin qanunlarına tabedir. Odur ki, “xüsusi adlar da” (M.Ç.) dilçiliyə aiddir... Lakin xüsusi adlar, dildə özünə məxsus sistemlər yaradır. Ona görə də, ümumi dilçilik qanunları içərisində spesifik xüsusiyyətlər kəsb edir, özünün qanunauyğunluqlarını yaradır”. Bu qanunauyğunluqlar isə antroponimlərdə öz əksini tapır.
Onim. Onomalogiyanın tədqiqat obyekti müəyyən xüsusi adı başqalarından fərqləndirməyə xidmət edən sözdür. Onimin aşağıdakı növləri vardır: antroponim, toponim, zoonim, kosmonim, ktematonim.
Onimiya. Onomalogiyada bütün onimlərin məcmuu onimiya adlanır. Məsələn, Borçalının və ya Qazaxın onimiyası dedikdə həmin coğrafi ərazidə fəal şəkildə işlədilən bütün xüsusi adlar, yaxud da hər hansı bir tarixi sənəddə və ya bədii əsərdə işlədilən bütün xüsusi adlar nəzərdə tutulur.
Onomalogiya. Dilçiliyin onimiyanı öyrənən şöbəsi onomalogiya adlanır. Onomologiya dildəki ononimlərin yaranmasını və təşəkkülünü, ünsiyyət prosesindəki rolunu, milliliyini, tarixliyini və s. öyrənir.
Onimləşmə. Onomalogiyada apelyativlərdən xüsusi adların və yaxud onimlərin düzəlməsi onimləşmə adlanır. Məsələn, sarvan (qəbilə adı) - Sarvan (şəxs adı), tüllər (tayfa adı) - Tüllər (kənd adı), yasəmən (gül adı) -Yasəmən (şəxs adı), lalə (gül adı) - Lalə (şəxs adı) və s.
Onomastik proses. Hər hansı ümumi sözün onimləşməsi və yaxud bir onimin başqa bir onimə keçməsi onomalogiyada onomastik proses adlanır. Məsələn, gözəl (ümumi söz) - Gözəl (şəxs adı), natiq (ümumi söz) - Natiq (şəxs adı), Şirvan (toponim) - Şirvan (şəxs adı), Təbriz (şəhər adı) - Təbriz (şəxs adı) və s.
Onomastik omonimlər. Dilimizdə bir qrup xüsusi adlara təsadüf edirik ki, onlar fonetik tərkibi və daşıdığı funksiya etibarilə omonimlərə yaxınlaşır. Məsələn, Azərbaycan (respublika) - “Azərbaycan” (mehmanxana) - “Azərbaycan” (qəzet) - “Azərbaycan” (jurnal) - “Azərbaycan” (kino-teatr) - “Azərbaycan” (qatar) - “Azərbaycan” (sovxoz); Araz (çay) - “Araz” (kino-teatr) - “Araz” (restoran) - “Araz” (kafe) - “Araz” (A.Şaiqin romanı) və s. Lakin bu oxşarlıqlarına baxmayaraq, onları omonim hesab etmək olmaz. Çünki semantik cəhət xüsusi adlara yox, ümumi sözlərə aid olur. Onimlərdə isə semantik məna yox, nominativləşmə - adlandırma funksiyası ön çərgəyə keçir. Çünki heç bir xüsusi adda yox, onun əsasında semantik məna ola bilər.
Onimlərin dildəki əhəmiyyətini nəzərə alaraq, dövri mətbuat üzərində bir eksperiment aparmışıq. Həmin eksperimentin nəticələri dilimizdəki onimlərin ünsiyyət prosesindəki rolunu daha aydın şəkildə göstərir.
Biz, ünsiyyət zamanı hər dəqiqə, bəlkə də, hər saniyə müxtəlif xüsusi adlardan istifadə edirik. İnsan kollektivi (ən kiçik kollektiv belə) bir anlığa xüsusi adları ünsiyyət prosesindən çıxarmış olsa, ayrı-ayrı adamlar və insan kollektivləri arasında anlaşılmazlıq yaranar; məktəbdə, istehsalatda, nəqliyyatda və digər müəssisələrdə durğunluq, dolaşıqlıq, çaşbaşlıq, özbaşınalıq kimi cəmiyyətə zidd hadisələr meydana çıxar. Bu mənada, xüsusi adlar cəmiyyət üzvlərinin ünsiyyətini sahmana salmaq nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edir. Hər bir fərd gündəlik tələbatla bağlı olaraq, ailədə və məişətdə, təhsili, sənəti, peşəsi və vəzifəsi ilə əlaqədar istehsalatda çalışarkən öz fikir və mülahizələrini, əmr və xahişini, həyatda baş vermiş bu və ya hər hansı bir fərdin bir gündə işlətdiyi xüsusi adlara və onların tezliyini qeyd etmək, hesablamaq imkan xaricindədir. Çünki hər bir fərd öz nitqində ifadə etdiyi məzmunla bağlı müxtəlif xüsusi adlardan-onomastik vahidlərdən istifadə edir ki, onları da dəqiq hesablamaq mümkün deyildir. Bu çətinliyi nəzərə alaraq, hər gün on minlərlə oxucu ilə ünsiyyət saxlayan dövri mətbuatın (qəzetlərdən birinin) bir nömrəsini şərti olaraq bir fərdin (şəxsin) əvəzində götürmüşük. Bu şərti fərdin (şəxsin) əvəzində Azərbaycan Respublikasının respublika mətbuat orqanlarından “Azərbaycan gəncləri” (№135 (10453), 15 noyabr 1986), “Ədəbiyyat və incəsənət” (№ (46 2233), 14 noyabr 1986), “Azərbaycan müəllimi” (№ 91 (4361), 12 noyabr 1986) və Gürcüstan Respublikasının respublika mətbuat orqanlarından “Sovet Gürcüstanı” (№ 138 (1121), 15 noyabr 1986) və s. qəzetləri götürülmüşdür. Həmin qəzetlərin 1986-cı il noyabr ayının ikinci həftəsində (12, 14, 15 noyabr tarixli nömrələri) nəşr olunmuş bir nömrəsi üzərində onomastik müşahidələr aparmışıq. Həmin müşahidə statistik onomastika baxımından çox maraqlı material vermişdir. Biz həmin qəzetlərin hər birini bir fərd kimi - bir nəfər oxucu ilə ünsiyyətdə götürsək, onda belə bir səhnə ilə qarşılaşmış olarıq:
1. On minlərlə oxucu kütləsinin həmsöhbəti olan “Azərbaycan gəncləri” qəzetinin bir nömrəsində 298 onomastik vahiddən, o cümlədən, 138 antroponim, 96 ktematonim və 64 toponimdən (36 oykonim, 28 oronim) istifadə olunmuşdur.
2. “Azərbaycan müəllimi” qəzetinin bir nömrəsində bədii, siyasi və elmi publisistikanın müxtəlif janrlarında yazılmış materiallarda və xronikalarda 273 onomastik vahiddən, o cümlədən 110 antroponim, 102 toponim (o cümlədən, 82 oykonim, 17 oronim və 3 urbonim) və 61 ktematonimdən istifadə olunmuşdur. Qəzetin bu nömrəsində də ktematonimlərin bir qrupu bir neçə dəfə təkrar edilmişdir.
3. “Ədəbiyyat və incəsənət” qəzetinin müşahidə etdi-yimiz bir nömrəsində bədii, elmi və siyasi puplisistikanın müxtəlif janrlarında yazılmış materiallarda, müxtəlif məqalə və rəylərdə, xronikalarda - xülasələrdə 259 xüsusi addan, o cümlədən 128 antroponim, 74 ktematonim və 57 toponimdən (33 oykonim, 24 oronim) istifadə olunmuşdur. Qəzetin bədii üslubda yazılmış mətnlərindəki personajların adının və digər onomastik vahidlərin işlənmə tezliyini buraya əlavə etsək, həmin rəqəmlərin sayı daha da artardı.
4. “Sovet Gürcüstanı” qəzetinin bir nömrəsində publisistikanın müxtəlif janrlarında yazılmış materiallarda, müxtəlif məzmunlu məqalə, reportaj və xronikalarda 205 onomastik vahiddən, o cümlədən 93 antroponim, 61 ktematonim və 51 toponimdən (26 oronom, 23 oykonim və 2 urbonim) istifadə edilmişdir. Onomastik vahidlərin işlənmə tezliyini də bu rəqəmlərin üstünə artırsaq, həmin rəqəmlərin sayı xeyli artmış olardı.
Yuxarıda adları və nəşri qeyd olunan və s. qəzetlərin bir günlük nömrələrinin səhifələrində 1458 onomastik vahid və ya xüsusi addan istifadə olunmuşdur. Həmin qəzetlərin bir günlük nömrəsinin səhifələrində orta hesabla 243 onomastik vahiddən, o cümlədən, 109 antroponim, 78 ktematonim və 56 toponimdən istifadə edilmişdir. Əgər həmin onomastik vahidlərin işlənmə tezliyini və tez-tez təkrar olunmasını da nəzərə alsaq, bu rəqəm bir neçə dəfə artmış olardı. Deməli, əgər bir nəfər oxucu həmin qəzetlərin altısını da oxumuş olsa, o, qəzetlərlə ünsiyyətdə olarkən öz nitqində 1458 xüsusi addan istifadə etmiş olar. Biz, buraya həmin oxucunun ailə və məişətdə, kollektivdə, radio və televiziya verilişlərində eşitdiyi, istehsalatda işlətdiyi xüsusi adları da (təkrarsız) əlavə etsək, həmin rəqəm, bəlkə də, bir neçə yüz arta bilər və təxminən 1800-2000-nə çatar. Əgər müasir ziyalının bir günlük nitqində təxminən 1800-2000 xüsusi ad işləndiyini nəzərə alsaq, onda bütün dünya xalqlarının bir günlük nitqində istifadə olunan onomastik vahidlərin nə qədər olduğunu hesablamaq və yaxud təsəvvür etmək çətin olar. Məhz bunun nəticəsidir ki, əsrimizin 30-cu illərindən dünya xalqlarının, demək olar ki, əksəriyyətində onomastik tədqiqatlara böyük əhəmiyyət verilir. Bu da əsrimizin ortalarından etibarən yeni bir elm sahəsinin - onomalogiyanın təşəkkül tapmasına səbəb olmuşdur. Məhz bu da müasir dilçilərimizin qarşısında onomalogiyanın bir sıra nəzəri və əməli problemlərinin həll edilməsi kimi mühüm vəzifələr qoyur. Bu vəzifələr, əsasən, aşağıdakılardan ibarət olmalıdır:
1. Onomalogiyanın ümumi və xüsusi nəzəri məsələlərini müasir elmin tələbi nöqteyi-nəzərdən tədqiq etmək.
2. Onomalogiyanın ümumi nəzəri və təcrübi məsələlərini hərtərəfli öyrənmək; birinci növbədə, onomalogiyanın şöbələri üzrə onomastik vahidlər toplamaq və onun kartotekini hazırlamaq; ikinci növbədə toplanmış onomastik vahidlərin (şöbələr üzrə) lüğətlərini tərtib və nəşr etmək; üçüncü növbədə isə nəşr olunmuş onomastik lüğətlər əsasında, bir dilin xüsusi adlarının başqa bir dilə transliterasiyası məsələlərini hazırlayıb nəşr etmək; o cümlədən, Azərbaycan dili üçün səciyyəvi olan onomastik vahidlər və yaxud xüsusi adların rus, gürcü və s. dillərə transliterasiyası məsələləri orfoqrafiq baxımdan hərtərəfli öyrənilib çap edilməlidir. Çünki onomastik vahidlərin sabit orfoqrafiq qaydada yazılması və sabit orfoepik normada tələffüz olunmasının mühüm elmi və təcrübi əhəmiyyəti vardır. Bu problemlərin həll edilməsi həyata keçirilmədən vahid onomastik qanunlardan bəhs etmək çətindir. Onomalogiyanın bu problemlərinin tədqiqi çətin olduğu qədər də şərəflidir, vacibdir.
Onomastik vahidlər ayrı-ayrı şəxsi, ölkəni, şəhəri, kəndi, dağı, dənizi, çayı, fəza cisimlərini və s. adlandırmağa xidmət edir. “Hər bir yerin müəyyən adı, hər bir adın özünəməxsus mənası, yaranma dövrü və formalaşma tarixçəsi vardır. Onların hər biri insan ömrünün, insan həyatının, onun inkişaf mərhələlərinin oxunmamış səhifələridir”. Bu səhifələr arasında xalqımızın əsrlər boyu cilalaya-cilalaya, nəsildən-nəslə hədiyyə verib, bu günə kimi gətirib çatdırdığı antroponimlərin də özünəməxsus yeri və rolu vardır. Hazırda dilimizdə işlənən xüsusi adların böyük bir qrupu həyatidir, realdır, digər azlıqda qalan qrupu isə, keçmişdə fəaliyyətdə olmuş adlardan ibarətdir. Məsələn, Vüqar, Şəfəq, Bahar, Məhəmməd, Füzuli, Araz, Kür, Bakı, Sumqayıt, Qəbələ və s. göründüyü kimi, xüsusi adların vəzifəsi və lüğət tərkibinin geniş bir sahəsini əhatə etməsi dilçiliyin yeni bir şöbəsinin “adqoyma sənəti”nin yaranmasına səbəb olmuşdur. Bu şöbə dilçilikdə onomalogiya adlanır.
Xüsusi adların əsasını təşkil edən sözlər mənşəyindən asılı olmayaraq substantivləşir. Yəni, semantik konversiya nəticəsində bir nitq hissəsinə daxil olan müəyyən qrup sözlər aid olduğu nitq hissəsi ilə semantik və qrammatik əlaqələrini tamamilə itirərək, yeni bir nitq hissəsinə çevrilir. “Semantik konvesiya, demək olar ki, tamamilə onomastika sahəsinə aid olub, daha çox xüsusi isimlərdə özünü göstərir. Odur ki, semantik konversiya yalnız substantivləşmə ilə məhdudlaşır”. Azərbaycan dilində müstəqil nitq hissələrindən yalnız sifət (gözəl - Gözəl, çaylı - Çaylı, gumrah - Gumrah, yaxşı - Yaxşı, sarı - Sarı, qoca - Qoca, qorxmaz - Qorxmaz, yaşar - Yaşar, istək -İstək, gülüş - Gülüş, solmaz - Solmaz) semantik cəhətdən substantivləşir. “Onun sözdüzəltmə imkanları məhduddur, nitqdə yalnız adları istifadə edir və ismin hal (adlıq hal) kateqoriyasında həqiqi (adbildirmə) mənada işlənir. Xüsusi adlar ayrı-ayrı şəxslərə və əşyalara verilərkən məntiqi məna və kateqoriya uyğunluğu yox, onun gündəlik tələbatı nəzərdə tutulur ki, bu da hüquqi cəhətdən rəsmiləşdirilir”.
Xüsusi adların rəsmi şəkildə qeydə alınması və onun dilin orfoepik və orfoqrafik qaydalarına uyğunlaşdırılması ilə dilin daxili inkişaf qanunlarına tabe edilir. Buna görə də, xüsusi adların öyrənilməsi dilin daxili imkan və qanunları əsasında aparılır, tənzimlənir.
Hər bir xüsusi ad müəyyən səbəb və məqsədlə əlaqədar olaraq yaranır. Odur ki, onların bəzisi məhsuldar-çox yayılan (işlək), bəzisi isə qeri-məhsuldar(az işlək) olur. Hər bir adın öz yaranma tarixi, yayılma ərazisi və milli mənsubiyyəti vardır. Bəzən başqa dillərdən də adlar alınır. Belə adlar keçdiyi dilin daxili inkişaf qanunlarına uyğunlaşdırılır.
ONOMALOGİYANIN TƏDQİQİ PROBLEMLƏRİ
Onomastikanın tədqiqini müvəffəqiyyətlə davam etdirmək üçün aşağıdakı problemlərin dərindən öyrənilməsi vacibdir:
1) dildə və nitqdə adların işlənməsi;
2) ədəbi dildə və dialektlərdə (ictimai və məhəlli dialektlərdə) adların işlənməsi;
3) müxtəlif tipli dillərdə adların morfoloji quruluşu;
4) adların tam və qısa formalarının subyektiv qiyməti və onların əlaqəsi;
5) müxtəlif dillərdə onomastik sistemin tipologiyası və onomastik normaların müəyyən edilməsi;
6) müxtəlif janrlı mətnlərdə adların statistik tədqiqi.
7) xüsusi adların eynicinsli əşyaları və məfhumları ifadə edən ümumi adlardan fərqi;
8) dilin lüğət tərkibində onomaloji lüğətin yeri;
9) xüsusi adların şöbələri (antroponim, toponim, kosmonim, zoonim, ktematonim), onların ümumi və fərqli cəhətləri;
10) xüsusi adların əmələ gəlməsi və onun inkişaf qanunauyğunluqları;
11) onomalogiyanın ayrı-ayrı bölmələrinin sistemi və onların xarakterik məsələləri;
12) onomalogiyanın və onun bölmələrinin təşəkkürlü tarixi;
13) onomalogiyanın əməli problemləri (xüsusi adların orfoqrafik və orfoepik; mədəni-estetik problemləri);
14) xüsusi adların müxtəlif ərazidə yayılması və statistik tədqiqi;
15) xüsusi adların bir dildən başqa bir dilə transliterasiyası probleminin tədqiqi;
16) xüsusi adların tədqiqi metodları.
Onomalogiya problemlərinin hərtərəfli və ətraflı tədqiqinə dair tez-tez beynəlxalq konqreslər və simpoziumlar, Respublika konfransları və müşavirələri keçirilir.
ONOMALOGİYANIN TƏDQİQAT OBYEKTİ
Onomalogiya dilçiliyin yeni sahəsi olduğu üçün onun bir sıra mürəkkəb nəzəri və əməli məsələlərini, tədqiqat obyektini dərindın təhlil etmək lazımdır.
Onomalogiyanın tədqiqat obyekti aşağıdakılardan ibarətdir:
1. Onomalogiyanın tədqiqat obyekti leksikanın bir sahəsini təşkil edən xüsusi adlardır.
2. Onomalogiya bütün xüsusi adları, onun mənşəyindən və yayılma (işlənmə) dərəcəsindən asılı omayaraq tədqiq edir.
3. Onomalogiya xüsusi adların səciyyəvi məsələlərini (onların təbiətini, nəzərə çarpdırdığı predmetə uyğun-luğunu, mahiyyətini), onların əmələ gəlməsini, törəməsini, mənşəyini, mənasını, quruluşunu və üslubi imkanlarını öyrənir.
ONOMALOGİYANIN SAHƏLƏRİ
Onomalogiyanın tədqiqat obyekti lüğət tərkibinin geniş bir layını təşkil edən xüsusi adlardır. Dilin lüğət tərkibində xüsusi adların özünəməxsus yeri vardır. Dilin lüğət tərkibini ümumişlək sözlərsiz təsəvvür etmək çətindir. Çünki xüsusi adlar lüğət tərkibində elə bir səciyyəvi əlamət və xüsusiyyətlərə malikdir ki, bu da onları dilin başqa lüğəvi vahidlərindən əsaslı surətdə fərqləndirir. Dilin lüğət tərkibi müxtəlif leksik qaydalardan ibarət olduğu kimi, xüsusi adlar da ifadə etdiyi əşya və predmetə uyğun olaraq, müəyyən qruplar və sistemlər təşkil edir. Onomastik materialların zəngin və rəngarəng xüsusiyyətləri onomalogiyanın bir sıra sahələrinin yaranmasına səbəb olmuşdur. Onimlər insan, yer və su aləminin, fəza cisimlərinin, heyvanat aləminin və s. adını bildirir. Bu da onimlərin tədqiqi ilə məşğul olan onomalogiyanın müxtəlif sahələrinin, növlərinin və şöbələrinin yaranmasına səbəb olmuşdur.
Onomalogiyanın sahələri və ya şöbələri haqqında, hələlik, yekdil fikir yoxdur. A.Qurbanov ilk tədqiqatlarında onomalogiyanın “antroponimika, toponimika, hidronimi-ka” olmaqla üç; son tədqiqatlarında “antroponimika, etnonimika, toponimika, hidronimika, zoonimika, kosmonimika və ktematonimika” olmaqla yeddi; M.Çobanov ilk araşdırmalarında “antroponomika, toponimika, kosmonimika” olmaqla üç; son tədqiqatlarında isə “antroponimika, coğrafi adlar, kosmonimika, zoonimika, ktematonimika” olmaqla beş; H.Əliyev “antroponimika, toponimika, kosmonimika, zoonimika, teonimika” olmaqla beş; M.Adilov və A.Paşayev “antroponomika, toponimika, zoonimika, fitonimika, astronimika, mifomika” olmaqla altı; N.Xudiyev isə “antroponimik sistem, toponimik sistem, ktematonimik sistem” olmaqla üç; B.D.Bondaldetov isə “antroponimika, toponimika, kosmonimika, zoonimika, ktematonimika” olmaqla beş növünü müəyyənləşdirmişlər.
Onomalogiyanın sahələri və şöbələri haqqında yuxarıda qeyd olunan bölgülər, əsasən, dilçilik elminin müasir inkişafı baxımından təqdirəlayiqdir. Lakin bu bölgülərin də çatışmamazlıqları vardır. O cümlədən, etnonimika, teonimika, fitonimika və mifonomikanın onomalogiyanın ayrıca şöbələri kimi verilməsi ilə razılaşmaq çətindir. Çünki onomalogiya xüsusi adların onomastik xüsusiyyətlərinin araşdırılması ilə məşğul olur. Bu mənada, etnonim və fitonimləri onomalogiyanın tədqiqat obyektinə aid etmək olmaz. Ona görə ki, etnonim və fitonimlər ümumi adlardan və ya apelyativlərdən ibarətdir. Apelyativlər isə onomologiyada yox, leksikologiyada öyrənilir. Məlumdur ki, hər bir dilin onimləri arasında bir neçə teonim və mifonimə rast gəlmək olar. Bizim mülahizəmizə görə, bir neçə teonim və yaxud mifonim üçün onomalogiyada xüsusi teonimika şöbələri yaratmağa heç bir ehtiyac yoxdur.
Yuxarıdakı mülahizə və bölgüləri yekunlaşdıraraq, onomalogiyanın şöbələrini aşağıdakı kimi təsnif etmək olar.
I. ANTROPONİMİKA - insan adlarının öyrənilməsi ilə məşğul olur (ad, ata adı, familiya, təxəllüs, ləqəb; adların əsası və mənşəyi, antroponimlərin quruluşu, adqoyma ənənələri, şəxs adlarının başqa dilə transliterasiyası, bədii antroponimlərin xüsusiyyətləri). Şəxslə bağlı olan ad, ata adı, familiya, təxəllüs və ləqəb ümumilikdə antroponimlərdir. Bu və ya digər dilə məxsus olan şəxs adlarının məcmuu antroponimiya, onu öyrənən elm sahəsi isə antroponimika adlanır.
II. COĞRAFİ ADLAR - planetimizin müəyyən yerini və ya məkanını digərindən fərqləndirən xüsusi adlar silsi-ləsidir. Xüsusi coğrafi adlar torpaq və su aləmi ilə əlaqədar olaraq iki sahəyə ayrılır: toponimlər, hidronimlər. Bu da coğrafi adları öyrənən toponimika və hidronomika adlı elm sahələrinin formalaşmasına imkan verir.
TOPONİMİKA - onomalogiyanın toponimlərin təşək-külü, inkişafı və dəyişməsi qanunauyğuluqlarını öyrənən yarımşöbəsidir.
Onomalogiyanın ən geniş yayılmış yarımşöbələrindən birini toponimika təşkil edir. Toponimika toponimlərin yaranmasını, yayılmasını, inkişafını, etimologiyasını, mən-şəyini, dildəki və cəmiyyətdəki rolunu öyrənir.
Toponimlərin öyrənilməsi ilə məşğul olan elm sahəsi toponimika adlanır. Dilçilikdə geniş şəkildə işlədilən to-ponimika termini yunan dilinə məxsus “topos” (yer, məskən) və “onoma” (ad) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Bu termin dilçilikdə coğrafi adı bildirən xüsusi söz mənasında işlədilir.
Coğrafi adlar, obyektlər öz qədimliyi, zənginliyi və müxtəlifliyi ilə bir-birindən fərqlənir. Coğrafi obyektlərlə bağlı olan yüz minlərlə xüsusi adlar vardır: qitə, ölkə, respublika, vilayət, rayon; şəhər, kənd, qəsəbə; küçə, xiyaban, yol, meydan; dağ, dağlıq, düz, düzənlik, oba, obalıq və s. Həmin adlar söz olmaq etibarilə dilin lüğət tərkibində geniş bir lay təşkil edir. Məhz buna görə də, həmin adların toplanması və tədqiqi müasir elmin qarşı-sında yeni vəzifələr qoyur. Bu isə, dilçiliyin onomalogiya şöbəsinin toponimika bölməsinin hərtərəfli öyrənilməsini və inkişaf etdirilməsini ön plana çəkir.
Toponomikanın öyrənilməsi, hər şeydən əvvəl, toponimik anlayışların müəyyənləşdirilməsini tələb edir. Bu anlayışlara toponim, toponimiya və toponimika aiddir.
Toponim - coğrafi obyekt və ya yer adını bildirən xüsusi sözdür. Məsələn, Avropa, Azərbaycan, Qarabağ, Qazax, Bakı, Şıxlı, Sadaqlı; Nizami küçəsi, Nərimanov xiyabanı, Azadlıq meydanı; Kəpəz, Qafqaz, Mil düzü və s.
Toponimik terminlər də iki qrupa bölünür:
1) Elmi (beynəlxalq) terminlər: Muğan, Gəncə, Şəki;
2) Yerli coğrafi terminlər və ya deteminativlər: İncə dərəsi, Göy təpə, Ağ qala, Almalı, Canavarlı, Qara arxac, Yazılı və s.
Toponimiya - müəyyən bir ölkəyə, regiona və ya əraziyə məxsus olan toponimlərin məcmuudur. Məsələn, Azərbaycan toponimiyası, Gürcüstan toponimiyası, Quba toponimiyası, Borçalı toponimiyası və s.
Toponimika - toponimiyanı öyrənən elm sahəsidir. Toponimika müəyyən bir ölkəyə və ya regiona məxsus olan toponimlərin yaranmasını, inkişafını və dəyişməsi qanunauyğunluqlarını; növlərini, quruluşunu, yayılma arealını və mənşəyini öyrənir.
TOPONİMLƏRİN ƏRAZİ BÖLGÜSÜ. Toponimlər ərazi sahəsinə görə iki qrupa bölünür:
MAKRO TOPONİMLƏR - böyük ərazi sahəsinin adlarını əhatə edir. Məsələn, Qafqaz, Azərbaycan, Gürcüstan, Başkeçid (indiki Dmanisi - Gürcüstanda)
MİKRO TOPONİMLƏR - ən kiçik ərazi sahəsinin adlarını əhatə edir. Belə toponimlər bir şəhərin və ya bir kəndin ərazisində yerləşən ərazi adlarını bildirir. Şəhərdəki meydançaların, küçələrin, bağların və müəyyən inzibatı binaların əraziləri də mikro toponimlərə aiddir. Məsələn, Tbilisi şəhərində Ortacala, Avcala (avcalası), Şeytan bazar, Səbirtala, Çaylaq, Qırmagəl, Sənan dağı, M.F.Axundov küçəsi; Aşıq Qərib bulağı; Müştəhet bağı; Azadlıq meydanı, Çörəkçi meydanı və s. Gürcüstanın Bolnisi rayonunun Darbaz kəndinin ərazisindəki mikro toponimlər: Qayıtmazlı, Uzuntala, Xalxallar, Salyer, Almalı, Palıdlı, Bacalan, Qırxbulaq, Quyubulaq, Canavarlı, Baydarlı, Cəfərqala, Dardaş, Daştəpə və s.
AREAL TOPONİMLƏR. “Areal” latın dilində “arealis” sözündən olub. Azərbaycan dilində sahə, meydan, fəza mənasında işlənir. Toponimikada isə, yayılma ərazisi mənasını bildirir. Toponimlər yayılma dərəcəsinə görə müxtəlif olur: məhəlli toponimlər, areal toponimlər. Planetimizdə elə toponomik vahidlər vardır ki, onlar yalnız bir coğrafi obyektin adını bildirir və geniş yayılma imkanına malik olurlar. Belə toponimlər məhəlli toponimlər adlanır. Məsələn, Qazax, Savalan və s.
Dilimizin onomastik vahidlər sistemində bir qrup toponimik vahidlərə rast gəlirik ki, onlar iki və daha çox coğrafi obyektin (oykonimin, oronimin) adını bildirir və geniş yayılma imkanlarına malikdir. Belə toponimlər onomastikda areal toponimlər adlanır. Məsələn, Muğanlı etnokomonimi ilə bağlı Gürcüstanda bir sıra kəndlər vardır: Bala Muğanlı (Bolnisi rayonunda), Böyük Muğanlı, Qaş Muğanlı, Kirəc Muğanlı (Marneuli rayonunda), Muğanlı (Dmanisi rayonunda), Sartiçala Muğanlısı (Qardabani rayonunda). Azərbaycanda Muğanlı etnokomonimi geniş yayılmışdır: Muğanlı kəndi (Ağdaş, Ağcəbədi, Bərdə, Qazax, Qubadlı, Zaqatala, Zəngilan, Kürdəmir və Şamaxı rayonlarında), Muğan adlı qəsəbə (Əli Bayramlı, Biləsuvar rayonunda), həmçinin, Muğan Gəncəli (Sabirabad rayonunda), Muğancıq Mehrab və Muğancı Müslüm (Noraşen rayonunda) adlı kəndlər də vardır; Saatlı etnokomonimi və etnoastionimi ilə bağlı Azərbaycanda bir sıra oykonimlər vardır: Saatlı kəndləri (Bərdə, Ağdaş rayonlarında; Gürcüstanın Başkeçid (Dmanisi rayonunda) və Saatlı şəhəri (Saatlı rayonunda).
Areal toponimlərin yaranması bir neçə səbəblə bağlıdır: 1) qohum qəbilə və ya tayfanın müxtəlf coğrafi mövqedə məskənləşməsi; 2) bu və ya digər qəbilə və tayfanın müxtəlif ictimai və siyasi hadisələrlə əlaqədar parçalanaraq müxtəlif ərazilərdə məskən salması; 3) yeni ictimai-iqtisadi quruluşla əlaqədar olaraq, müxtəlif regiondakı coğrafi obyektin eyni toponimik vahidlə adlandırılması; 4) coğrafi obyektin adını bildirən topo-nimik vahidin təsadüfən üst-üstə düşməsi və ya eyni-ləşməsi. Bütün bunlar toponim yaradılması üçün başlıca vasitələrdir.
TOPONİMLƏRİN NÖVLƏRİ. Yuxarıda qeyd edildiyi kimi, toponimiya lüğət tərkibinin çox zəngin bir sahəsini əhatə edir. Bu sahəyə həm yaşayış, həm də müxtəlif quruluşa malik olan coğrafi obyektlərin adları daxildir. Bunları nəzərə alaraq toponimləri iki qrupa bölmək olar: oykonimlər, oronimlər.
OYKONİM. Oykonimlər toponimiyanın geniş yayılmış bir sahəsidir. Oykonim yunanca oykos (yaşayış məntəqəsi) və onoma (ad) sözlərinin birləşməsindən əmələ gəlib Azərbaycan dilində yaşayış məntəqəsinin adı mənasını bildirir. Başqa sözlə desək, oykonim yaşayış məntəqəsinin adını bildirən toponimdir. Məsələn, Bakı, Naxçıvan, Qəmərli, Qaçağan, Saraclı və s.
Yaşayış məntəqələri də ərazinin böyük və kiçikliyinə, əhalisinin sayına və məşğuliyyətinə görə iki qrupa bölünür: komonim, astionim.
KOMONİM - yunan dilində komon (kənd, qəsəbə) və onoma (ad) sözlərinin birləşməsindən əmələ gəlib kənd (qəsəbə) adı mənasını bildirir. Məsələn, Salahlı, Faxralı, Darbaz, Qarabulaq, Keşəli və s. Komonim şəhər tipli qəsəbəni də əhatə edir. Məsələn, Biləcəri, Buzovna, Qovlar və s.
ASTİONİM - yunanca “asteos” (şəhərli) və “onoma” (ad) sözlərinin birləşməsindən əmələ gəlib, Azərbaycan dilində şəhər adı mənasını bildirir. Məsələn, Sumqayıt, Daşkəsən, Mingəçevir, Lənkəran və s.
Astionimlərin sayca inkişafında komonimlər (əsasən qəsəbələr) ilkin baza təşkil edir. Çünki şəhər tipli qəsəbələr iqtisadi və mədəni cəhətdən inkişaf edərək şəhərə çevrilir. Məsələn, Yevlax, Ağstafa, Bərdə və s.
Bəzi yaşayış məntəqələri isə elə ilk gündən inkişaf edərək müstəqil şəhər kimi formalaşır. Məsələn, Şəki, Ağdam, Daşkəsən, Zaqatala və s.
Şəhərlərdə meydan, bazar, bağ, xiyaban, küçə, tin, dalan, döngə, sahil; kino-teatr, Hökumət evi, yazıçılar evi, bəstəkarlar evi, sirk; dayanacaq və s. kimi mikrotoponimlər urbanonim adlanır.
URBANONİM - latın dilində “urbanis” (şəhər tipli) və onoma (ad) sözlərinin birləşməsindən əmələ gəlib, kiçik ərazi adını bildirir. Urbanimlər də öz növbəsində ifadə etdiyi obyektin növünə və əhatə etdiyi ərazi mövqeyinə görə iki qrupa bölünür. Onlardan bir qrupu xətti mikro toponimlərə aiddir. Belə mikro toponimlər qodonim adlanır. Qodonim yunanca “qodos” (yol, küçə) və onoma (ad) sözlərinin birləşməsindən əmələ gəlib, yol və küçə mənasını bildirir. Məsələn, Nərimanov prospekti, Bakıxa-nov küçəsi, 28 May - memar Əcəmi xətti, Son döngə və s. Urbanonimlərin digər qrupu isə ərazi və ya xarakterli mikro toponimlərdən ibarətdir. Onomastikada belə mikro toponimlər aqoronim adlanır. Aqoronim yunan dilində “aqora” (meydan) və onoma (ad) sözlərinin birləşmə-sindən əmələ gəlib, meydan adını bildirir. Məsələn: Gənclər meydanı, Füzuli meydanı, Rustaveli meydanı, Kolxoz bazarı, Şuşa bazarı və s.
ORONİM. Toponimiyanın ən geniş yayılmış sahələrindən biri də oronimlərdir. Oronim müəyyən relyef quruluşuna görə fərqlənən yer adlarıdır. Buraya dağ, təpə, aşırım, düzənlik, tala; əkin sahəsi, örüş (otlaq yerləri); yoxuş, eniş; meşə, kolluq, yaylaq, qışlaq və s. aiddir.
Dağlar: Qafqaz dağları, Qoşqar, Kəpəz, Şamdüyə, Ağlağan, Şindi və s.
Təpələr: Yağlıca təpəliyi, Babəkər təpəliyi, Doşan təpə və s.
Aşırımlar: Qafqaz aşırımı, Ağsu aşırımı, Başkeçid aşırımı və s.
DRİOMONİM - meşəliklə örtülmüş yer adlarıdır. Məsələn, Tayqa meşəliyi, Qarayazı meşəliyi, Eldar şamlığı, Almalı meşəliyi və s.
TOPONİMLƏRİN SEMANTİKASI
Dilimizin lüğət tərkibində zəngin bir lay təşkil edən toponimlər semantik cəhətdən müxtəlif məzmunlu sözlər əsasında təşəkkül tapmışdır. Tədqiqata cəlb etdiyimiz toponimləri (oykonim və oronimlər) semantik cəhətdən aşağıdakı qruplara bölmək olar:
1.ANTROPOOYKONİMLƏR. Bu qrup toponimlər antroponimlər (şəxs adı, familiya, təxəllüs) əsasında düzəlir. Bütün toponimik vahidlər kimi antropooykonimlərin də yaranma tarixi qədimdir. XVIII əsrin birinci rübündə qeydə alınmış Musa qalası, Qocalı, Gödək Piri, Hacılıq, Anaqız oğlu Nəsiblər, Molla Xanverdi qədim; Qasımlı, Ağammədli (Marneuli rayonunda), Həsənxocalı, Sarıməmmədli (Kibircik), Molla Əhmədli (Bolnisi rayonunda), Məhəmmədağalar, Çopuralı (Dmanisi rayonunda) isə müasir antropooykonimlərdir.
2. ETNOOYKONİMLƏR. Etnonimlər (tirə, qəbilə, tayfa, xalq) əsasında düzələn yaşayış məntəqələrinin adlarına etnooykonimlər deyilir. Tədqiq etdiyimiz etnooykonimlərin bir qrupu Azərbaycan xalqının etnogenezisində yaxından iştirak edən türk mənşəli qədim qəbilə və ya tayfaların adını bildirən sözlər əsasında yaranmışdır. Məsələn, Aziki (Azlar), Qanlı, Qulbaba, Qultəpə, Qazan, Qıpçaq, Qaraqoyunlu, Hunlar, Saratkənd, Qaramanlı, Turan, Cavanşir, Qarasavirlər, Mətili, Yüzbaşı, Çələbi, Xələfli, Dəmirçi Həsənli, Yalquz (Quzlar yalı), Qara Dəmirçi, Gürcüoğlu, Kəpənəkçi, Baydar, Keşəli, Qabal (Qəbələ) Kosalı, İmirhəsən, Muğanlı, Nəzərli, Sarvan, Senef, Tapan, Candar, Şindilər, Azaplı, Betarabçı, Baytallı, Təklə, Ərəbli, Təkəli, Sartçala, Ulaşlı, Qırıxlı, Qullar, Şıxlı qədim və müasir İlməzli, Kürdlər (Qurdlar), İmir (Marneuli rayonunda), Abdallı, Daşlıqullar, Dəllər, Beytəkər, Şahbuzlu (Bolnisi rayonunda); Azgəyliyən, Saatlı, Lök Canlar (Dmanisi rayonunda), Candar (Qardabani rayonunda), Yormuğanlı, Tüllər, Qazlar (Quzlar) (Saqareco rayonunda); Gəncəli, Qabal (Laqodexi rayonunda) müasir etnooykonimlərdir.
3. HİDROOYKONİMLƏR. Su aləminin adını bildirən sözlər əsasında düzələn yaşayış məntəqələrinin adlarına hidrooykonimlər deyilir. Tədqiqata cəlb etdiyimiz toponimlər arasında hidrooykonimlərə də təsadüf olunur. Məsələn, Buzçay, Kərəmdərəsi, Avdərəsi, Quruçay, Oturbulax, Sukeçən, Sutökülən, Bəzirgan bulağı qədim; Qarabulaq, Ağbulaq qədim və müasir; Dəmyə Görarxı (Marneuli rayonunda); Yırğançay (Dmanisi rayonunda) müasir hidrooykonimlərdir.
4. ZOOYKONİMLƏR. Azərbaycan toponimiyasında bir sıra zooykonimlərə də rast gəlmək olur. Məsələn, Qatırlı, Dəvəgözü, Şeytanlı, Comuşlu qədim; Lök Candar qədim və müasir zooykonimlərdir.
5. FİTOOYKONİMLƏR. Bitki aləminin adını bildirən sözlər əsasında düzələn yaşayış məntəqələrinin adlarına fitooykonimlər deyilir. Məsələn, Alağac, Taxılbitməz, Fındıqlı, Söyüdlü qədim; Qamışlı, Canbağça, Kolagir, Ormeşən, Soğanlıq qədim və müasir; Qaratikan, Armıdlı müasir fitooykonimlərdir.
6. MEMUAR - XATİRƏ OYKONİMLƏR. Tədqiqata cəlb etdiyimiz toponimlərin bir qrupu tarixi şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmışdır. O cümlədən, Kərəmdərəsi, Mollaoba, Çuğuloğlu obası qədim; İmirhəsən, Salamməlik qədim və müasir; Sabirkənd, Əzizkənd (Marneuli rayonunda) müasir memuar - xatirə oykonimlərdir.
7. KOSMOOYKONİMLƏR. Fəza cisimlərinin adını bildirən sözlər əsasında düzələn oykonimlərə də qədim dövrlərdən təsadüf olunur. Məsələn, Günəşkənd qədim kosmooykonimdir.
8. TƏSVİRİ OYKONİMLƏR. Yaşayış məntəqəsinin yerin relyef quruluşuna və əlamətinə görə adlandırılmasına təsviri oykonimlər deyilir. Bu qrup oykonimlərə Azərbaycan toponimiyasında da rast gəlmək olur. Məsələn, Ağzıböyük, Alağac, Başıböyük, Gilağdaş, Qaraqala, Qarakilsə, Qızıl Ziyarət, Palçıqlı, Sarıqala, Daşkörpü, Tikmədaş, Topraqqala, Təkkilsə, Üçkilsə, Şiştəpə, Alagöz, Ağdaş, Ağköynək, Başkənd, Göytəpə, Göyçə, Göyçəkli, Qızıl torpaq qədim; Daştəpə, Güllübağ, Ağkörpü (Marneuli rayonunda); Beşdağ, Çatax, Qaraqum, Yeddikilsə, Qızılkilsə (Zalqa rayonunda) müasir təsviri oykonimlərdir.
HİDRONİMİKA - su aləminin xüsusi adı ilə əlaqədar olan coğrafi adları öyrənir. Su aləmi müxtəlif olduğu kimi, onların da müxtəlif xüsusi adları meydana gəlmişdir. Su aləminin adlarının məcmuu hidronimiya; onomalogiyanın su aləminin adlarını öyrənən sahə isə hidronimika adlanır.
Su aləmi isə okean, dəniz, göl, bulaq və çay olmaqla müxtəlif qruplara bölünür. Su aləminin müxtəlif qruplara bölünməsi də su aləminin adlarının tədqiqi ilə məşğul olan hidronimikanın müxtəlif sahələrinin yaranmasına səbəb olmuşdur.
Hidronimikanın aşağıdakı sahələri vardır: pelaqonim, limonim, potamonim.
PELAQONİM - okean və dənizlərin xüsusi adlarını əhatə edir. Pelaqonimlərin məcmuu pelaqonimiya; hidronimikanın pelaqonimiyanı öyrənən sahəsi isə pelaqonimika adlanır.
Yer kürrəsinin 361 milyon kvadrat kilometr sahəsini, bütün Yer səthinin isə 70,8 faizini dünya okeanı tutur. Bu da dünya xalqlarının dillərində yüzlərlə okean və dəniz adlarının yaranmasına səbəb olmuşdur. Hətta bəzi dənizlərin elmdə bir neçə xüsusi adı vardır. Məsələn, Sakit okeanı, Atlantik okeanı; Hind okeanı; Şimal Buzlu okeanı, Xəzər dənizi, Qara dəniz, Azov dənizi, Aralıq dənizi və s.
LİMONİM - göllərin xüsusi adlarını əhatə edir. Limonimlərin məcmuu limonimiya; hidronimikanın limo-nimiya sahəsini öyrənən şöbəsi isə limonomika adlanır.
Yerin bütün göllərinin ümumi sahəsi 2,7 milyon kvadratkilometr olub, qurunun ümumi sahəsinin 1,8 %-ni təşkil edir. Dünyanın müxtəlif ölkələrində yayılmış göllərdə də onların müxtəlif adlarının yaranmasına səbəb olmuşdur. Məsələn, Ladoqa, Baykal, Aral, Balxaş, Göyçə, Göygöl və s.
POTAMONİM - çayların xüsusi adlarını əhatə edir. Potamonimlərin məcmuu potamoniya; hidronimikanın potamonimiyanı öyrənən sahəsi isə potamonimika adlanır.
Yer kürəsində irili-xırdalı minlərlə çay vardır. Bu da onların xüsusi adlarının yaranmasına səbəb olmuşdur. Məsələn, Volqa, Dunay, Nil, Lena, Kür, Araz, Alget (Gürcüstanda) və s.
GELONİM - bataqlıqların xüsusi adlarını əhatə edir. Bataqlıqların adlarının məcmuu gelonimiya adlanır. Hidronimikada bataqlıqların adlarının öyrənilməsi ilə gelonimika məşğul olur.
Məlumdur ki, dünya ərazisinin təqribən 3,5 milyon kvadrat kilometrini bataqlıqlar tutur. Göründüyü kimi, bataqlıqlar planetimizdə çox geniş ərazi sahəsinə malikdir. Onlar dünyanın müxtəlif rayonlarında yerləşir. Odur ki, müxtəlif qitə və ölkələrdə yerləşən minlərlə bataqlıq vardır. Bu da bu və ya digər dildə onların adlarının yaranmasına səbəb olmuşdur.
III. KOSMONİMİKA - fəza cisimlərinin adlarının öyrənilməsi ilə məşğul olur. Kosmik fəza obyetklərinin (ulduz, planet, kometa, astereoid) adları kosmonim; kosmonimlərin məcmuu kosmonimiya adlanır, onlar onomalogiyanın xüsusi bölməsi olan kosmonimikada öyrənilir. Məsələn, Günəş, Ay, Zöhrə, Qəmər və s.
IV. ZOONİMİKA - ev heyvanlarına insanlar tərəfindən verilən xüsusi adların tədqiqi ilə məşğul olur. Heyvan-lara - at, inək, qoşqu heyvanları, itlərə və s. verilən xüsusi adlar zoonim, onların məcmuu zoonimiya adlanır. Onomalogiyanın zoonimiyanı öyrənən sahəsi isə zoonimikadır. Məsələn, Ağca, Nişan, Qaşqa (inək adları); Şəmil, Ərəb (at adları); Çalxan, Saymaz, Bozar, Qaflan (it adları) və s.
V. KTEMATONİMİKA - maddi-mədəniyyət abidələri-nin elmi-texniki sahələrinin adlarının öyrənilməsi ilə məşğul olur. Maddi-mədəniyyət abidələrinin, elm və tex-nika sahələrinin, musiqi alətlərinin, hədiyyə əşyalarının, elmi mərkəz və kosmik gəmilərin, nəqliyyat vasitələrinin, mənəvi mədəniyyət əsərlərinin (kitab, jurnal, balet, opera, bədii əsər, musiqi verilişləri proqramı), həmçinin, müxtəlif inzibati idarələrin adları ktematonim, onların məcmuu isə ktematonimiya adlanır. Ktematonimiyanı öyrənən ono-malogiya şöbəsinə isə ktematonimika deyilir. Məsələn, saz, tar; “Ümumi dilçilik”, “Azərbaycan qadını”, “Kor-oğlu”, “Arzu” musiqi proqramı, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Aşıqlar Birliyi və s.
ONOMALOGİYANIN NÖVLƏRİ
Dilin xüsusi adlarını öyrənən dilçilik şöbəsi onomalogiya adlanır. Onomalogiya xüsusi atları müxtəlif nöqteyi-nəzərdən tədqiq edir. Beləliklə də, onomologiyanın müxtəlif növləri formalaşır.
Dilçilik elmi xüsusi və ümumi olmaqla iki sahəyə ayrılır. Buna uyğun olaraq, nəzəri dilçiliyin sonunçu onilliklərdə yaranmış olan onomalogiya şöbəsi də müvafiq olaraq iki sahəyə bölünür:
a) xüsusi onomalogiya,
b) ümumi onomalogiya.
Onomalogiyanın hər iki sahəsi bir-birilə sıx surətlə əlaqədardır. Onların birini digərindən ayrılıqda təsəvvür etmək çətindir.
XÜSUSİ ONOMALOGİYA. Konkret bir dilin və ya dil ailəsinin (dil qrupunun) lüğət tərkibindəki mövcud xüsusi adların elmi tədqiqi ilə məşğul olan onomalogiya sahəsi xüsusi onomalogiya adlanır.
Areal termini dilçilikdə bir dilin və ya dil qrupunun yayıldığı bu və ya digər məkani mənasında işlədilir. Odur ki, bir arealda yayılmış xüsusi adları xüsusi onomalogiya öyrənməlidir. Xüsusi adlar tarixən bir dildə və ya arealda nəsildən-nəslə keçərək müasir dövrə qədər təkmilləşə-təkmilləşə gəlib çatmışdır. Bu mənada, xüsusi adlar bir tarixi kateqoriya kimi tarixə yoldaşlıq etmiş və dilin ən qədim xüsusiyyətlərini özündə (xüsusi toponimlərdə) yaratmışdır.
Dünyada üç minə yaxın dil vardır. Dünya dillərinin hər biri öz xüsusi cəhətləri, yəni əsas lüğət fondu və qrammatik quruluşu ilə bir-birindən fərqləndiyi kimi, həmin dillərdəki xüsusi adların yaranması nöqteyi-nəzərdən də bir-birindən tamamilə fərqlənirlər. Xüsusi onomalogiya da hər bir dildə olan xüsusi adların səciyyəvi cəhətlərinin və qanunauyğunluqlarının tədqiqi əsasında yaranır. Bu və ya digər dilin onomaloji xüsusiyyətlərinin tədqiqi ilə əlaqədar olaraq yaranan onomalogiya həmin konkret dilin adı ilə adlandırılır. Məsələn, Azərbaycan dilinin onomalogiyası, gürcü dilinin onomalogiyası, rus dilinin onomalogiyası və s.
Xüsusi onomalogiya qohum dil ailələrinin onomalogiyası ilə də məşğul olur. Bu da həmin dil ailəsinin adı ilə bağlı olan xüsusi onomalogiyanın yaranmasına səbəb olur. Məsələn, türk dillərinin onomalogiyası, slavyan dillərinin onomalogiyası və s. Müasir dillərin, dil qrupu və dil ailələrinin onomaloji faktlarının tədqiqi də ümumi onomalogiyanın nəzəri və əməli cəhətlərinin inkişafına səbəb olur.
ÜMUMİ ONOMALOGİYA. Dünya dillərinin onomalogiyası üçün səciyyəvi olan ümumi nəzəri və əməli problemlər ümumi onomalogiyada öyrənilir.
Ümumi onomastik problemlərdən bəhs edən A.V.Superanskaya yazır: “Qlobal onomastika müxtəlif ölkələrin və xalqların xüsusi adlarının tipoloji oxşarlığı ilə mənsub olduqları dildən asılı olmayaraq, adlara xas olan ümumi qanunauyğunluqların müəyyənləşdirilməsi ilə, ümumdil universaliləri ilə müəyyən paralelizm təşkil edən, lakin müəyyən etdikləri obyektin təsiri ilə ümumdil universaliləri meydana çıxarılması ilə məşğul olur. Qlobal onomastik tədqiqatların nəticələri yalnız tipologiya ilə məşğul olan dilçilər üçün deyil, tarixçilər və etnoqraflar üçün də böyük maraq doğurur”.
Bu məsələyə öz münasibətini bildirən professor A.Axundov qeyd edir ki, “qlobal onomastika, əslində, onomastikanın nəzəriyyəsi olub, ümumi dilçilik elm sahəsinə uyğun gəlir. Onu ümumi onomastika adlandırmaq daha doğru olar”.
Xüsusi adlar haqqında ümumi təlim konkret dillərin xüsusi adlarının tədqiqi və təsviri əsasında yaranır. Xüsusi adların ümumi və fərqli cəhətləri, onların mahiyyəti, təbiəti və mənşəyi, semantik təsnifi məsələlərinin nəzəri əsasları, onların tədqiqində istifadə edilən metodlar ümumi onomalogiyanın mövzusunu təşkil edir.
Ümumi onomalogiya nəzəri dilçiliyin bir sahəsi kimi xüsusi adların konkret bir dilə mənsubiyyətindən və mənşəyindən asılı olmayaraq əsaslı şəkildə öyrənir. Onun predmeti bütün dünya dillərinin onomalogiyası üçün eyni olan xüsusi adların linqvistik mahiyyəti, başqa linqvistik kateqoriyalardan fərqi, yaranmasının qanunauyğunluğu, inkişafı və s. ibarətdir.
Xüsusi onomalogiya ümumi onomalogiya ilə hər cəhətdən əlaqədardır. Ümumi onomalogiya bu və ya digər problemi və ya məsələni istər nəzəri, istərsə də təcrübi cəhətdən həll edərkən, xüsusi onomalogiyanın nailiyyətlərinə, müasir elmin nəticələrinə əsaslanır. Ümumi onomalogiyanın ümumi nəzəri problemlərinin inkişafı və tərəqqisi ilə yaxından bağlıdır. Məhz bunun nəticəsidir ki, ayrı-ayrı dillərin və dil qruplarının onomalogiyasının hərtərəfli tədqiqi zəminində ümumi onomalogiya da sürətlə inkişaf edir. Öz növbəsində xüsusi onomalogiyanın güclü təsiri olur. Ümumi onomalogiyanın bir sıra nəzəri müddəaları xüsusi onomalogiyada istifadə edilərkən, onun elmi-nəzəri və təcrübi cəhətdən inkişafına istiqamət verir.
XÜSUSİ ONOMALOGİYANIN NÖVLƏRİ. Onomaloji tədqiqatlarda xüsusi adların dildəki əsl, həqiqi yerini göstərmək, onların səciyyəvi xüsusiyyətlərini və dil faktlarının başqa kateqoriyasına münasibətini müəyyənləşdirmək, həmçinin, xüsusi dil kateqoriyası kimi adların əmələ gəlməsi yollarını aydınlaşdırmaq vacibdir. Bu mənada, hər bir dilin xüsusi onomalogiyasını onun tədqiqindən asılı olaraq üç qismə ayırmaq olar: təsviri onomastika, tarixi onomastika, müqayisəli onomastika.
1. TƏSVİRİ ONOMASTİKA. Təsviri onomastika bu və ya digər konkret bir dilin müasir dövrdə malik olduğu xüsusi adları (antroponim, toponim, kosmonim, zoonim, ktematonim) tədqiq etməklə məşğul olur. Məlumdur ki, xüsusi adlar da bu və ya digər ərazidə yayılır. Deməli, təsviri onomastika həm areal, həm də regional ola bilər. Məsələn, Azərbaycan dilinin Qazax rayonunda və ya Naxçıvan MR regionunda yayılmış xüsusi adları təsviri metodla tədqiq edilə bilər.
Təsviri onomastikanın bir sıra müvəffəqiyyətli elmi nəticəsi onomastikanın başqa sahələri üçün də əhəmiyyətli ola bilər.
2. TARİXİ ONOMASTİKA. Tarixi onomastika xüsusi adların tarixən bu və ya digər dildə yaranıb yayılması, təkmilləşməsi və inkişafı tarixini öyrənir. Xüsusi adların tarixi aspektdə öyrənilməsi isə dil tarixinin elmi şəkildə dərindən tədqiq edilməsinə kömək edir.
Tarixi onomastika təsviri onomastikadan tədqiqat obyektinə və mənbəyinə görə də fərqlənir. Təsviri onomastikada müasir ədəbi dilə, canlı danışıq dilinə (şivələrə, dialektlərə, ləhcələrə) əsasən onomastik faktlar toplanıb elmin müasir tələbi səviyyəsində tədqiq olunur.
Tarixi onomastikada isə yazılı abidələrdə istifadə olunmuş xüsusi adlar toplanıb tarixi-elmi şəkildə (tədqiqata etimologiya da cəlb olunur) şərh olunur. Dilçiliyin başqa sahələrində olduğu kimi, burada da müqayisəli-tarixi metod tətbiq edilir. Göründüyü kimi, tarixi onomastika öz tədqiqat üsuluna görə də təsviri onomastikadan fərqlənir.
Yuxarıda qeyd olunan fərqlərə baxmayaraq, həm təsviri, həm də tarixi onomastika bir-birini tamamlayır. Başqa sözlə desək, təsviri onomastika dilin inkişaf tarixinin müəyyən mərhələsində tarixi onomastikanın tərkib hissəsini təşkil edir.
3. MÜQAYİSƏLİ ONOMASTİKA. Müqayisəli onomastikada bir dildəki xüsusi adlar ona qohum olan başqa bir dildəki xüsusi adlarla müqayisəli şəkildə öyrənilir. Buna görə də, müqayisəli onomastikanın əsasını təşkil edən tədqiqat üsulu həm təsviri, həm də tarixi onomastikada; ümumiləşmiş halda götürüldükdə isə həm xüsusi, həm də ümumi onomalogiyada tətbiq olunur. Müqayisəli tədqiqat nəticəsində isə bir dilin onomastik xüsusiyyətləri yox, bir neçə qohum dilin onomastik xüsusiyyətləri də meydana çıxır.
MÜASİR DİLÇİLİKDƏ XÜSUSİ ADLAR PROBLEMİNİN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ
Müasir dilçiliyin ən gənc sahələrindən birini onomalogiya təşkil edir. Odur ki, son onilliklərdə hər bir dilin onomastikasına dair külli miqdarda dilçilik materialı toplanmış və həmin materiallar əsasında nəzəri dilçiliyin onomalogiya şöbəsi bir elm sahəsi kimi formalaşmışdır. Bu yeni elmin əsas probleminin səciyyəvi xüsusiyyətlərindən bəhs edən Y.Qrodzinskiy yazmışdır ki, “dildə xüsusi adların əsl, həqiqi yerini göstərmək, onların səciyyəvi xüsusiyyətlərini və dilin ifadə və ya ibarələrinin başqa kateqoriyalarına münasibətini müəyyənləşdirmək, həmçinin, xüsusi dil kateqoriyası kimi adların əmələ gəlməsi yollarını aydınlaşdırmağa səy göstərmək vacibdir”.
Onomastika məsələlərindən bəhs edən professor A.Axundov qeyd edir ki, xüsusi adlarda üç cəhət özünü göstərir: “Səs kompleksi, məna cəhəti, məna mənbəyi; başqa sözlə desək, fonetik söz, denotat və siqnifikat”. Bunlardan denotat və siqnifikat öz xüsusiyyətlərinə görə, xüsusi adlarda ümumi sözlərdə olduğundan kəskin surətdə fərqlənir ki, bu da hər şeydən əvvəl, özünü denotat və siqnifikatın əlaqəsində biruzə verir. Məsələn, “ceyran” zoonimini və ya ümumi sözünü nəzərdən keçirək: ceyran - fonetik söz və ya səs kompleksi, ceyran - denotat və ya məna cəhəti, ceyran - siqnifikat və ya məna mənbəyi. Burada xüsusi adlar üçün səciyyəvi olan dördüncü cəhəti də artırmaq olar: “ceyran” zoonimi əsasında Azərbaycan antroponimiyasında geniş yayılmış şəxs - qadın adı - Ceyran düzəlmişdir.
Xüsusi adların yuxarıdakı cəhətlərini nəzərə alaraq, belə nəticəyə gəlmək olur ki, denotat və siqnifikat “ceyran -heyvan” linqvistik - semantik əlaqəsini yox, “insan - rəsmi ad” ictimai - konstitutiv (və ya antroponimik) əlaqəsini bildirir, “ceyran” (səs kompleksi) - heyvan (mənəvi) “əlaqəsi isə öz ilkinliyi - qədimliyi və təbiiliyi ilə bir-birilə bağlı olduğu halda, “ceyran” (səs kompleksi) - insan (antroponim) əlaqəsi isə sonradan düzəlməsi və süniliyi ilə fərqlənir.
Buraya kimi deyilənlərdən aydın olur ki, xüsusi adlar dilin lüğət tərkibində xüsusi bir lay təşkil edir. Buna görə də, adları lüğət tərkibindəki ümumi sözlərin tədqiqi üsulu ilə tədqiq etmək olmaz. Xüsusi adlar dildə geniş yayılmış bir lay təşkil etdiyinə görə, onların tədqiqi və öyrənilməsi ilə məşğul olan yeni bir elm sahəsi də yaranmışdır. Bu elm sahəsi dilçilikdə onomalogiya adlanır.
Bax:
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Tbilisi. 1983.
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Bakı, 2017, səh. 1-36.
turan.info.az
.