Asim bədii yaradıcılığı universitetdə oxuduğu illərə təsadüf edir. O, “Fərhad” (2012) pyesi, “Nakam”(2013) povesti, “İtirilmiş torpaqlarımız” (2013) poeması, “İlham və Fərizə” (2014) poeması, “Tənhalıq mənim dostumdur” (ya da “Sirli gecə”-2014) məhəbbət-detektiv janrda yazdığı romanı və “Körpə səsi” (2015) kimi əsərlərin müəllifir. Onun ilk kitabı “Tənhalıq mənim dostumdur” adlanır. Kitabda bir roman və bir hekayə yer alır.
Kitabın təqdimatı SDU-nun akt zalında baş tutub. Təqdimatda Filologiya fakültəsinin dekanı dos. S.Həmzəyeva, şair, ədəbiyyatşünas-alim, prof.Rafiq Yusifoğlu, universitetin müəllimləri və mətbuat nümayəndələri iştirak etmişdirlər.
Ona gələcək həyatında müvəffəqiyyətlər və yaradıcılıq uğurları arzu edirik.
Roman haqqında ədəbi-tənqidi fikirlərim
Əsər məhəbbət-detektiv janrda yazılmış romandır. Romanda detektiv janrına verilən tələblər qorunur. Belə ki, əsərin əvvəlində qətl törədilir və qatil heç kimə məlum deyil. Qətlin üstünü açmaq üçün detektiv(xəfiyyə) dəvət olunur, qətlin üstünün açılması ona həvalə olunur. Detektiv janrın digər janrlardan bir başqa fərqi isə, bu janrda yazılan əsərlərin yazıçıda güclü intellektual və məntiqi dünyagörüşünün və analizetmə qabiliyyətinin tələb olunmasıdır. Fikir versək görərik ki, detektiv janrda yazılan əsərdə demək olar ki, bədii təsvir və ifadə vasitələri işlənmir. Çünki bu janr ciddilik tələb edir.
Asim Arazlının “Tənhalıq mənim dostumdur” əsərində də bu tələblər gözlənilməkdədir. Oxucu təcrübəsindən bizə məlumdur ki, dünya və Azərbaycan detektiv roman yazarları yazdığı əsərlərində əsas qəhrəman kimi detektiv obrazı yaradırlar. Bunlara Erkül Puaro, Şerlok Holms, Dronqo, Qanbay Qasımlı kimi roman qəhrəmanlarını misal göstərmək olar. Bu əsər vasitəsilə onların sırasına polkovnik Rəsul Cəbiyev də daxil oldu. O, baş qəhrəman olsa da, müəllif onu oxuculara yaxşı tanıtmamışdır. Ancaq bu detektiv janrda yazılan əsərlərdə önəmli nüanslardan biridir. Müəllif qəhrəmanın həm daxili, həm də xarici aləmini oxucu ilə tanış etməklə oxucuda onun haqqında rəy formalaşdırmalı və ona qarşı rəğbət yaratmalıdır.
Əsərdə polkovnik Cəbiyev qohumu leytenant Qarayevin dəvəti ilə kənddə baş vermiş qətli araşdırmaq üçün çoxdandır ayrıldığı kəndə yenidən gəlməli olur. Roman usta Səfərin oğlu İlham adlı cavan oğlanın ölümü ilə başlanır.Rayon prokurorluğu kəndin bələdiyyə sədri Fərəcovun müəmmalı təkidilə işə xitam vermək istərkən polkovnik Cəbiyev işə əl atır və Fərəcovun və onunla əlbir olan qatilin mənfur planı üst-üstə düşür. Hadisələrin ucqar kənddə baş verməsi də təsadüfi deyil. Çünki bu kimi hallar kənd mühitində tez-tez olmaqla bərabər, həmişə də qatilin ifşası ilə nəticələnmir.
Detektiv Rəsul Cəbiyev elə hadisə yerinə çatar-çatmaz işə başlayır:hadisənin təfərrüatları ilə maraqlanır,şahidləri dindirir və sübutları təhlil edir.Qətldən bir neçə gün sonra dəyirman işçisi Şamxalın ölüm xəbəri kənd camaatına, xüsusən Şamxalın 70 yaşlı nənəsinə çox pis təsir edir. Qatil və bələdiyyə işi pərdələmək-hadisəyə intihar donunu geyindirməyə çalışsalar da, qatil və hadisəni gizlətmək istəyənlər sonda bəlli olur və qanun qarşısında cavab verməli olurlar. Qatil və onun havadarları ifşa olunduqdan sonra rayon prokurorluğu və kənd camaatı bu sirli qətlin üstünü açdığına görə detektiv Cəbiyevə təşəkkür edirlər.
Əsərin mənim üçün ən bəyənimli cəhəti müəllifin əsərə vətənpərvərlik ideyası ilə bağlı kiçik hekayə daxil etməsidir. Belə ki, ermənilərlə döyüşdə qələbə qazanan hərbçilərimiz həmin döyüşdə yaralanan yoldaşının çiyninə dəymiş gülləni çıxarmaq məcburiyyətində qalırlar. Döyüş təcrübəsi olan Azər gülləni çıxarmaq üçün yoldaşından bıçaq istəyir. Bıçağı alovda qızdırıb yaradakı gülləni çıxarır.Yoldaşı ona sual verəndə ki,”Sən niyə yoldaşının yarasını sağaltmaq istəyəndə öz bıçağından istifadə etmədin?” o, cavab verir ki, “Mənim bıçağım bu gün erməni qanına bulaşdı. İstəmədim o murdar qan öz dostumun qanına toxunsun”. Bu kiçik detal heç də əsərə təsadüfən daxil edilməyib.Bu müəllifin vətənpərvərlik ideyalarının təcəssümüdür.
Əsərin fabulası qətl üstündə qurulsa da, müəllif əsərdə Xocalı soyqırımına, hal-hazırda dünyada qlobal məsələ olan qadın alveri, sevgi,xəyanət, sevginin insana gətirə biləcəyi xoşbəxtlik və bədbəxtliklər haqqında şəxsi mülahizələrini də oxucularla bölüşmüşdür. Müəllif təkcə şəxsi deyil, V.M.Hüqo,O.Balzak, T.Drayzer, F.M.Dostoyevski, F.Nitşe, Gi de Mopassan, Çingiz Abdullayev, Baba Pünhan, M.V.Vidadi, hətta antik yunan müəllifləri Homer, Evripid kimi ədiblərin fikirlərinə şərik çıxmışdır.
Bu roman Asim Arazlının ilk qələm təcrübəsi olduğu üçün əsərdə bəzi çatışmamazlıqlar, texniki və üslubi səhvlər mövcuddur.Onların bəzilərini nəzərə çatdırmaq istərdim. Məsələn əsərdə “Polkovnik balaca mini şkafa yaxınlaşdı” ya da “iki xoşbəxt cütlük” kimi cümlə və ibarələrə rast gəlirik. Birinci cümlədə “balaca” və “mini” sözləri demək olar ki, eyni məfhumu bildirsə də onların yan-yana, vergülsüz işlənməsi, ikinci ibarədə isə iki insan haqqında ”iki xoşbəxt cütlük” birləşməsinin işlədilməsi yanlışdır.
Bundan əlavə romanda müəllifin dilində dilimizdə qarşılığı ola-ola naves(dam), reşşotka(dəmir məhəccər), muzikant(musiqiçi), kariçni (qəhvəyi), padnos (sini), açot (hesabat), tabletka (oturacaq), zostava (hərbi hissə), adboy vermək (söndürmək) kimi sözlərin işlədilməsi yolverilməzdir. Əlbəttə ki, bu cür xətalar əsərin mənəvi dəyərini azaltmır.
Kitabdakı ikinci əsər isə “Körpə səsi” hekayəsidir. Hekayədə Seymur və Ruslan tərəfindən sevilən Saranın iztirablarından bəhs edir. Amma Sara yalnız Ruslanı sevir. Məlum hadisə nəticəsində Saranın sevdiyi oğlan-Ruslan qətlə yetirilir. Seymur hərbi xidmətdən qayıtdıqdan sonra çox sevdiyi Sara ilə ailə həyatı qura bilir. Onların bir övladı da olur.Artıq Ruslanın ölümündən bir neçə il keçmişdir.Hər şey unudulmuşdur və Sara Seymur ilə xoşbəxtdir. Lakin keçmiş bir lent yazısı Saranı çox narahat edir və onu həyat yoldaşının qatili etmək həddinə çatdırır. Elə bu zaman beşikdəki körpənin ağlamaq səsi onu bu bədbəxtlikdən xilas edir.
Hər iki əsərin mövzusu orijinaldır və bu da onu deməyə imkan verir ki, bu əsərlər Azərbaycan müasir ədəbi prosesində bəlli mövqeyə malikdir.
VÜSAL ƏLİ OĞLU ŞABİZADƏ.
.