Həmin ürək sözlərimi bir qədər də genişləndirib aşağıda turan.info.az-ın dəyərli oxucularına təqdim edirəm!..
Olduqca mənalı və şərəfli ömür!..
Düz 30 ildi ki, tanıdığım bu ömrün bir-birindən dəyərli olan səhifələri məni sevindirir...
Sənin tələbəlik illərin - ömrünün bulaq kimi coşub çağlayan gənclik dövrü sanki elə indi də mənim gözlərimin qabağındadır...
Redaksiyamıza - istər "Ziya" qəzetinə, istər "Təhsil" qəzetinə, istərsə də, sonralar "Borçalı" nəşriyyatına gələndə, sən təkcə öz yazılarını, şeirlərini gətirməzdin. Həm də dostlarının, qohumlarının, hətta Bakıdan uzaqdan - kəndinizdə, rayonunuzda yaşayan, qələm məhsulları heç bir yerdə çap olunmayan istedadlı şəxslərin yazılarını da gətirərdin...
O vaxtlar nəşr etdiyimiz "Addımlar" almanax ədəbi məcmuəsində çap olunan müəlliflər arasında məhz sənin gətirdiklərin həmişə çox olurdu...
Sanki həmin almanax-məcmuələrin tərtibçisi də elə sən özün idin...
Sən elə o vaxtdan təkcə özün üçün yox, dost üçün, tanış üçün, el-oba üçün, millətimiz üçün, xalqımız üçün çalışırsan!..
Tələbəlik illərindən başlayan bu gözəl ənənəni bu gün də ləyaqətlə davam etdirirsən.
Mən deyərdim ki, sən elə düz 30 ildi ki, mənim millətimin sevimli elçisisən, xalqımın təmənnasız vəkilisən!...
Dostlarımızın hansı tədbirində, hansı məclisində oluramsa, səni orada görürəm və sevinirəm.
Sən sözün əsl mənasında KİŞİ adamsan!..
Mən səni belə tanıyıram..
Var ol, qardaşım!..
Nə yaxşı ki varsan!..
Həmişə bizləri öz uğurlarınla sevindir!..
Gün o gün olsun ki,
100 yaşını təbrik edək!..
Böyük hörmət və ehtiramla
Müşfiq BORÇALI,
ZİM.AZ
REDAKSİYADAN:
Əkbər Qoşalı (Yolçuyev Əkbər Mehdi oğlu) -
1973-cü il aprelin 3-də Tovuz rayonunun
Qoşa kəndində anadan olub.
Orta təhsilini Qoşa kənd natamam orta məktəbində (1980-1988) və Çatax kənd orta məktəbində (1988-1990) alıb.
Əkbər Qoşalı 1990-cı ildə Azərbaycan Texniki Universitetinə (keçmiş Politexnik İnstitutu) qəbul olunub, 1995-ci ildə bu ali məktəbi “Elektronika mühəndisi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1998-2001-ci illərdə isə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (keçmiş BSİPİ) “Dövlət və bələdiyyə idarəetməsi” istiqaməti üzrə ikinci ali təhsil alıb.
Əkbər Qoşalı Dövlət orqanlarında iş təcrübəsinə 1996-cı ilin fevral ayında Gənclər və İdman Nazirliyi, Gənclərlə iş üzrə Baş İdarəsinin “Sosial proqramlar” şöbəsində təlimatçı olaraq başlayıb. Həmin ilin aprel ayından isə nazirliyin “İctimai-siyasi” şöbəsinin baş təlimatçısı vəzifəsinə keçirilib və 2000-ci ilin aprelinədək burada çalışıb.
Azərbaycan Prezidentinin fəxri sədrliyi ilə fəaliyyət göstərən Azərbaycanda ATATÜRK Mərkəzi yaranandan əmək fəaliyyətini burada davam etdirən Ə.Qoşalı, 2006-cı ilin aprelinədək Mərkəzin elmi əməkdaşı, 2006-cı ilin aprelindən həmin ilin noyabr ayınadək şöbə müdiri vəzifəsində çalışıb.
2006-cı ilin noyabrından 2008-ci ilin mayınadək “N” saylı h/h-də zabit kimi həqiqi hərbi xidmət keçən Ə.Qoşalı, hərbi xidmətdən tərxis olunduqdan sonra yenidən ATATÜRK Mərkəzinin şöbə müdiri vəzifəsinə qayıdıb və hazırda həmin vəzifəni daşıyır.
Müstəqil Azərbaycan Gənclərinin I Forumunda Ümummilli Lider qarşısında çıxış edib; digər Forumların nümayəndəsi olub. Bir neçə gənclər təşkilatının qurulmasında yaxından iştirak edib, təşkilat sədri, təşkilatların seçkili orqanlarının üzvü, o cümlədən, Gənclər Təşkilatları Milli Şurasının sədr müavini, Komissiya sədri olub.
2010-cu ildə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən 2020-ci ildə Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin üzvlüyünə namizədliyini irəli sürüb.
Hazırda, 1998-ci ildə Dünya Türk Gəncləri Birliyinin Qazaxıstanda keçirilən VIII qurultayında Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı olan Ə.Qoşalı, eyni zamanda Milli QHT Forumu İdarə Heyətinin (2006-cı ildən bəri) üzvü, Azərbaycan Yazıçılar Birliyi (AYB) Nəzarət-təftiş Komissiyasının sədr müavini (2014-cü ildən bəri), AYB-nin orqanları – “Ədəbiyyat Qəzeti”nin (2004-cü ildən bəri) və “Ulu Çinar” jurnalının (2010-cu ildən bəri) redaksiya heyəti üzvü, CASCFEN Məclisinin üzvü, www.dgtyb.az; www.bizimyazi.az ədəbi saytlarının baş redaktorudur.
“Yeni Azərbaycan” qəzetinin Ədəbiyyat şöbəsinin redaktoru olub (2011-2017). Özbəkistanın “Kitab Dünyası” qəzetinin (2017), Türkiyədə çıxan “Yüce Erek” dərginin (2001), habelə “Kərkük” qəzetinin (2006) Azərbaycan təmsilçisidir.
Sumqayıtdakı Əli Kərim adına Poeziya Klubunun fəxri üzvüdür.
1998-ci ildə Dünya Türk Gəncləri Birliyinin Qazaxıstanda keçirilən VIII qurultayında Gənc Türk Yazarları Birliyinin başçısı seçilmişdir.
Sonrakı illərdə Çuvaşıstanda və Azərbaycanda keçirilən IX-X qurultaylarında yenidən başqan seçilmişdir (1999-2000). 2010-cu ildə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin üzvlüyünə namizədliyini irəli sürmüşdür.
Ə.Qoşalı 1990-cı illərdən eyni zamanda ədəbi fəaliyyətə başlamışdır. Gənc türk yazıçılarının şeir, hekayə və publisist əsərlərindən ibarət "Qar çiçəyi" (1997), "Türkün səsi" (1999) toplularını tərtib edib, çap etdirmişdir.
İlk kitabı "Ömür qoyub gedənlər" (1998) Tovuz rayonunun Böyük Qışlaq bölgəsinin şəhid övladlarından bəhs edir. Türk dünyasının görkəmli şəxsləri seriyasından "Nursultan Nazarbayev" siyasi portreti kitabçasının müəllifidir (2002). Həmin il nəşr olunan "Azərbaycan türkologiyası"nın (1920-1938) tərtibçilərindən biridir.
Əkbər Qoşalının müəllifi, tərtibçisi, redaktoru, önsöz müəllifi olduğu 40-a yaxın bədii, elmi kitabı çıxıb. O cümlədən,
“Ömür qoyub gedənlər”, “Azərbaycan türkologiyası” bibloqrafiyası (ortaq), “Altun bitik”, “Ölümlərin ötəsi”, “Çağdaş Azərbaycan Ədəbi Qurumları”, “Azərbaycan Gənclər Hərəkatı”, “Gəldik. Gördük. Yazdıq”, “Bölgələrdən səslər”, “Can Azərbaycan”, “Səs... Söz... Rəng...”, “Yeni nəsil tatar şeiri antologiyası”, “Yeni Qazax şeiri antologiyası”, “Özbək şeir çələngi”, “Qəlbdəki və qələmdəki Qarabağ”, “Fəzanın cazibəsi” və s.
Əsərləri bir neçə dilə tərcümə olunaraq yayımlanıb. Dəfələrlə ölkə daxilində və xaricində keçirilmiş uluslararsı konfrans, simpozium və festivallarda nümayədə və nümayəndə heyətinin başçısı olaraq iştirak etmişdir.
Ailəlidir, üç övladı var.
Ə.Qoşalının əməyi dövlətimiz və hökumətimiz tərəfindən yüksək qiymətləndirilib.
Azərbaycan Prezidentinin 1322 saylı Sərəncamı ilə “Tərəqqi” medalı,
Azərbaycan Prezidenti adından Müdafiə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Ordusu-100” yubiley medalı,
Azərbaycan Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü (2008),
“Respublika Gənclər Mükafatı” (2002),
“Fəxri Gənc” Qızıl Döş Nişanı (2010),
Rəsul Rza Fondunun “Rəsul Rza” Mükafatı (2009),
Qırğız Respublikası “TOKTOKUL SATILGANOV Fondu”nun medalı (2014),
Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinın “Fəxri fərmanı”,
Qazaxıstanın “Töleqen Ayberqanov” (2016) və
“GÜLTEKİN” medalı (2018),
TÜRKSOY-un plaketi (2014), “Fəxri fərman”ı (2015),
İraq Gənclər və İdman Nazirliyinin gümüş plaketi (2013),
Makedoniya Mədəniyyət Nazirliyinin “Təşəkkür Bəlgəsi”,
Arxangelsk (RF) Vilayəti Mədəniyyət Nazirliyinin “Fəxri fərman”ı (2017),
Rusiya Yazıçılar Birliyinin “Fəxri fərmanı” (2017),
Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatı Respublika Komitəsinin, AGİN-in, Azərbaycan Müdafiə Nazirliyinin, Azərbaycan Jurnalistlər Birliyinin (2003), Milli QHT Forumunun, Makedoniya “Ufuk” Vəqfinin, Makedoniya Türk QHT-ləri Birliyinin, Tatarıstan Yazıçılar Birliyinin, Çuvaşıstan Yazıçılar Birliyinin, Saxa (Yakutiya) Yazıçılar Birliyinin, Özbəkistanın nüfuzlu “Kitab Dünyası” qəzetinin, Moskvada fəaliyyət göstərən “Şəhriyar” Ədəbi Məclisinin, Gənc Qaqauz Yazıçılar Birliyi, Azərbaycandakı Rus İcmasının və b.-nın “Fəxri fərman” və “Diplom”ları ilə təltif edilib.
Biz də Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, mənim əziz dostum qardaşım, istedadlı qələm sahibi, tanınmış şair-nasir-publisist, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü; Dünya Gənc Türk Yazarlar Birliyinin qurucusu və sədri Əkbər Qoşalıya uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, şərəfli əmək fəaliyyətində ,eləcə də, bədii yaradıcılıq işlərində yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik!..
Müşfiq BORÇALI,
"Ziya" qəzetinin və
"turan.info.az" saytının Baş redaktoru,
filologiya üzrə fəlsəfə doktoru
turan.info.az
Göy üzünə ulduz səp, Naxış olsun, İlahi...
İlahi
Göy üzünə ulduz səp,
Naxış olsun, İlahi.
Arxamca bir cam su səp,
Yağış olsun, İlahi...
"Qaranlıqlar yarılsın",
Nə sorğun var sorulsun;
Axırımız durulsun,
Alxış olsun, İlahi.
Xatirəmi ağ saxla,
Gözlərimi sağ saxla,
Qoy keçmişdən sabaha
Baxış olsun, İlahi.
2023
Gəl
Torpağı sərinəm, gəl,
Kədəri dərinəm, gəl;
Yüz ildən anrıdasan,
Min ildən bərinəm, gəl...
Gəl, quş qonan budağıq,
İlk iz düşən yolağıq;
Sabahlardan sorağıq,
Sən mənsən, mən sənəm, gəl...
Dənizəm - gəmin üçün,
Bütöv ol - kəmim üçün;
Sən bayraq ol, səninçün
Yel olub əsənəm, gəl!..
2023
***
Qarışıq texnikalı ağ şeir
Dağ başına yağdı qar,
Yamacda gül üşüdü...
Bu dünyada hər nə var,
Qar işi, gül işidi...
Deyirlər, bütün ilklər -
Həm sevincdi həm kədər...
Sizə, ey, ilk çiçəklər,
Qar çiçəyi demişdik...
Özgə kimi var qışın?
O Günəşi batmışın...
Hər qış ilk qış sayılsın,
Ocaqları yandırın,
Yandırın, kül üşüdü...
Dağ başına düşdü qar,
Ətəkdə gül üşüdü...
Bu dünyada hər nə var,
Qar işidi, gül işi...
Qar qışın gülüşüdü...
2023
***
Qarışıq texnikalı şeir
Gecələrə Günəş,
gündüzlərə Ay...
Say, zalım əfəndim,
ömrümü gəl say...
Eşq dolu - sevdaya ac,
bir körpə nazlı turac,
Ömrümü etdi tarac,
Nə "uf" derim, nə də "oy"...
Yağış yağmaz Günəşə...
Kimdi gələ gənəşə?..
Ətimi çəkməz şişə,
Tənimi eyləyər zay...
Yağış, Günəş və hava,
Hər dərdə olsa dəva;
Ollam daşa dost, valla,
Demə, olduq nəyə tay...
Eşq dolu - sevdaya ac,
o körpə nazlı turac,
Ömrümü aldı xərac,
Nə "uf" deməm, nə də "oy"...
Gecələrə Günəş,
gündüzlərə Ay...
Say, zalım əfəndim,
ömrümü gəl say...
2023
Şuşa alqışı
Şuşada açmışam sabahı bu gün,
Şuşamıza şükür, sabaha şükür.
Dolaşdım, toxundum, gördüm-götürdüm,
Özümə tapdığım cavaba şükür.
Ucada görmüşəm bayrağımızı,
Ondan öyrənmişəm növrağımızı,
Gündüzü cilvəli qutsalımızı,
sığala yetişən axşama şükür.
Yaddaşım oyandı, tərpəndi lay-lay,
Gah aypara oldum, gah da dolunay...
Xankəndi tərəfə boylandım bir az,
Orda çatacağmız tonqala şükür.
Əkbər, hər şəhərin öz gözəlliyi,
Burdakı gözəllik döz gözəlliyi...
Daha aramadım söz gözəlliyi,
İdraka, iqbala, amala şükür!..
İyul-2023, Şuşa
***
"Yüz ev tikən cənnətini
bu dünyada qazanar" -
Eşitdim ki, mən yaşayan şəhərdə
nə zamanmış belə inanc varıymış.
O inancla evlər tikib adamlar -
səksən olub, doxsan olub,
yüzü görən olmayıb...
Kainatın cilvəsidir elə bil:
Olmur, cənnət sınaşıqla olmayır... -
Amma yenə o inancın işığı
ev tikdirib adamlara,
ev tikdirir bu gün də... -
Əgər kimsə bilə-bilə yalan danışıbsa da,
Yenə kimsə o yalanı bu şəhərdə yayıbsa,
cənnət olsun məqamı!
Mənim gözəl şəhərimdə ayrı bir inanc da var -
Deyərlər ki,
"Bir ev yıxan
cəhənnəmi bu dünyada satın alıb
elə bil"...
Gəl görəlim, yenə evlər yıxılır...
Cəhənnəmi satın alır
gözgörəsi
tanıdığmız adamlar...
O qaranlıq niyə çəkir adamları? - bilmirəm...
Görən, onlar özlərini aldadırlar nə ilə?..
Yenə evlər tikilir,
Yenə yıxılır evlər...
Tikin, qardaşlar, tikin,
Bəlkə, yüzə çatmadınız,
cənnət görmədiz, bəlkə...
Amma
evyıxanın yeri bəlli
cəhənnəmsə,
demək,
evtikənləri
unutmayıb Yaradan...
Eviniz yıxılmasın...
2023
***
Nə zamansa işim qalıb çətinlərdən çətində,
Gözgörəsi qəm qarışıb ən sonuncu ümidə,
Təvəkkül eyləmişəm...
Olmadığım ürəklərin boylanmadım gözünə...
Güzgüyə də baxmadım heç -
baxdım dostun sözünə...
Təvafüq eyləmişəm.
Qırıq cama su tökmürəm,
yaş keçəndən qırxları,
"Bu dünyaya ağır gələr,
bir qırıx qəlb hesabı" -
Tərənnüm eyləmişəm...
Coşan dəniz, yatan sahil...
qarışqaynan balığı
bir-birinə ruzi qılıb... - nədi başa saldığı?.. -
Təfəkkür eyləmişəm.
Bir köklücə yaşıl ağac
budaq-budaq quruyub,
Kölgəsində böyüyənlər
çıxıb gedib, unudub...
Təəssüf eyləmişəm.
Əzəl başdan bir sevdiyi olmalıdı insanın...
Sevib yetə bilmədiyim gələn ömrümə qalsın...
Tərəddüd eyləmişəm...
İnsanoğlu, çiyinlərin iki günə yarayar:
Dərdli başa yastıq olar, bir də tabut daşıyar...
Təsadüf eyləmişəm...
Nə ki yaxşılıq etmişəm
- unutmuşam, çox şükür,
Nə yaxşılıq görmüşəmsə
- yaddaşımda görünür...
Tədarük eyləmişəm...
2020
Həsrətin hekayəti
İl yarım olmuşdu biz ayrılalı,
İl yarım deyirəm, zarafat deyil.
Şeytanın qıçını sındırdıq axır,
İkimiz də kövrək, ikimiz dəli...
Bilmirəm, həsrəti necə keçirib,
Bilmirəm, o zalım nə yeyib-içib?
Özümə çəkilib o aylar boyu,
İçimi yemişdim mən gizlin-gizlin.
Bilirəm, daha çox həsrət çəkən var,
Bilirəm, tez küsüb-barışıb kimsə.
Söz var: od düşdüyü yeri yandırar,
Bizim ilyarımmız bəs edər bizə...
Deyirdim, nə geyər bugün üçün o,
Qırmızımı geyər, qaramı, ağmı?
Qapqara geymişdi günü ağ olmuş,
Kəməri, çantası qıpqırmızıydı.
Deyirdim, ilk sözü nə olacaq, nə?
Sinəmə sığmırdı yarımcan ürək.
O gəldi,
mən baxdım,
ikimiz susduq...
unutduq ilk sözü...
Nə deyəcəkdik?..
Sonrası...
Sonrası "itotu, bağayarpağı"... -
Elə bil dünəncə sağollaşmışıq...
Ah, mənim ilyarım yaşadıqlarım,
Ah, mənim hələ də yaşamadığım...
***
Sən necə soyundun ayaqlarını?.. -
Ah,
elə soyundun ayaqlarını,
Sanki soyunmayır, əzizləyirdin!
Ayaqların isə ərkələnirdi...
Qoy mən təşəkkürlər edim onlara,
səni mənə,
səni mənə gətirib...
Var olsun, var olsun ayaqlarını!
Gözlərim ayrılmır ayaqlarından:
Yeriyən, "düşünən", "döyünən" ayaq...
Ağ ayaq, gül ayaq, ətirli ayaq...
Ha yana baxsam da, görünən ayaq...
"Gümüş topuğunda xal, sənə qurban" -
hələ yüz il öncələr Müşfiq belə yazırdı.
Əlbət, Müşfiqdən öncə,
əlbət, öncədən öncə,
qadın ayaqlarından vəcdə gələnlər olub.
Düşünə bilirsənmi, dünyanın ilk qadını
ilk dəfə ayaq açır,
yeriyir bu Yer üstə -
Qadın ayaqlarıyla tanış olur torpaqlar...
Bax, bəlkə də o vaxtdan
işvə, naz qarışıbdı torpağın canına da,
yəqin, ona görə də
qapqara torpaqlardan ağappaq güllər çıxıb,
çiçəkləyib Yer üzü...
Və
ilk qadın addımı
ilk kişiyə doğruydu... -
İnsanlıq doğulurdu...
Budur,
min illər sonra
sənsən ayaq yiyəsi,
qalxıb mənə gəlmisən.
Gəlmisən, xoş gəlmisən!..
Qoy
bircə doyunca baxım onlara -
Qoy
bir də, qoy bir də baxım onlara...
"Ayaq" dediyimiz başabəlaya.
Ah, hələ barmaqların,
Ah, rəngli dırnaqların,
Ah, bir də topuqların!.. -
"Xallı, gümüş topuqlar"...
Bu gün sən səbrsizsən,
qayğılıyam bu gün mən;
Ta Adəmdən-Həvvadan
dönüb gələn fikirlər
ayaqda tutur məni...
Söylə,
yeni söz söylə
ayaq verək keçidə...
***
Dostum və qardaşım
Yolçu üçün
Bir gün, əlbət, bir gün
olanlar olmayacaq,
olmayanlar olacaq.
Nə qurşun atdıq bir kəsə,
nə qurşun atdılar, ölək;
Ömür deməm ömürə,
yol yoxsa, cavan ölümə...
Onsuz da olanlar olmayacaq,
olmayanlar olacaq...
Nə qurşun atdılar, ölək,
nə qurşun atdıq bir kəsə;
Ömür dedim ölümə,
özüm dedim özümə:
bütün ömürlər
ölümə aparır...
Baxma, hər ölünü bir qoşun aparır,
kim dünyadan nə götürür?
Qoy desinlər,
bir şair
dünyadan qurşun aparır...
turan.info.az
.
.