Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə
Azərbaycan Texniki Universitetinin (AzTU)
beynəlxalq əlaqələr üzrə prorektoru
vəzifəsinə təyin olunan Fariz Məmmədov
kollektivə təqdim edilib.
Əvvəlcə sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olmuş hərbi qulluqçularımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fariz Məmmədovu kollektivə təqdim edən AzTU-nun rektoru Vilayət Vəliyev onun beynəlxalq əlaqələr sahəsində kifayət qədər təcrübəsinin olduğunu deyib. Bildirib ki, Fariz Məmmədov uzun illər beynəlxalq layihələrin həyata keçirilməsində yaxından iştirak edib. Bu mənada Fariz Məmmədovun AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunması bu sahədə görülən işlərin daha da inkişaf etdirilməsinə öz töhfəsini verə bilər.
AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunan Fariz Məmmədov ona göstərilən etimada görə təşəkkür edib.
* * *
Fariz Orucalı oğlu Məmmədov - 1981-ci il fevralı 4-də Sumqayıt şəhərində anadan olub.
1988-1998-ci illərdə Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyində orta təhsil alıb.
Orta təhsilini bitirdikdən sonra 1998-1999-cu illərdə ABŞ Dövlət Departamentinin Təhsil və Mədəni Məsələlər üzrə Bürosu tərəfindən maliyyələşdirilən “FLEX” (Gələcək Liderlərin Mübadiləsi) tələbə mübadiləsi proqramı çərçivəsində ABŞ-da təhsil alıb.
1999-2003-cü illərdə Bakı Dövlət Universitetində politologiya ixtisası üzrə bakalavriat, 2003-2005-ci illərdə magistratura səviyyəsini bitirib.
2013-2015-ci illərdə ADA Universiteti (Azərbaycan) və Maastrixt Menecment Universitetinin (Hollandiya) birgə “Ekzekyutiv MBA” proqramı çərçivəsində beynəlxalq biznes istiqamətində MBA proqramı üzrə magistratura təhsili alıb.
2016-2020-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda “5302.01 – Ekonometriya; iqtisadi statistika” ixtisası üzrə dissertantura təhsili alıb. 2022-ci ildə ekonometriya ixtisaslaşması üzrə müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru olub.
2007-2009-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun Neft-qaz problemlərinin iqtisadi tədqiqi şöbəsində böyük laborant vəzifəsində çalışıb.
2009-2015-ci illərdə “Azərenerji” ASC-də İnvestisiyalar və Strateji İnkişaf İdarəsinin Layihələrin təhlili və qiymətləndirilməsi şöbəsində aparıcı mühəndis, şöbə rəisi, daha sonra idarə rəisinin müavini vəzifələrində işləyib.
2015-2021-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun İnnovasiyanın inkişafı şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışıb.
2017-ci ilin iyulundan 2020-ci ilin aprelinədək Asiya İnkişaf Bankının Azərbaycan Missiyasının ofisində “Paylayıcı Elektrik Şəbəkələrinin Yenidənqurulması üzrə İnvestisiya Proqramı: Tranş 1” layihəsinin icrası çərçivəsində məsləhətçi vəzifəsini icra edib.
2020-ci ilin may ayında Azərbaycan Texniki Universitetinin (AzTU) rektorunun müşaviri vəzifəsinə təyin olunub.
Təhsil nazirinin əmri ilə 2022-ci ilin sentyabr ayında AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.
Biz də hörmətli Fariz Məmmədovu AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin edilməsi münasibətilə ürəkdən təbrik edir və ona yeni vəzifəsində yeni-yeni uğurlar arzulayırıq!
Müşfiq BORÇALI,
turan.info.az
.