Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, 2016-cı il aprelin 2-də Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb.
Ordumuzun qəti zərbələri nəticəsində Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin olunub. Ordumuz Aprel döyüşlərində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib.
Dördgünlük Aprel döyüşləri zamanı Ermənistan ordusu haqqında ermənilərin yaratdığı “məğlubedilməzlik” mifi darmadağın edilib. Aprel döyüşləri Azərbaycanın işğalla heç vaxt barışmayacağını dünyaya göstərib və 44 günlük müharibədə qazanılan Şanlı Qələbənin təməli olub.
Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü olub. Ordumuzun zabit və əsgərləri həmin döyüşlərdə böyük hünər və rəşadət göstəriblər. İgid oğullarımız qəhrəmanlıqları ilə tarix yazdıblar, şəhidlik zirvəsinə ucalıblar.
Aprel şəhidlərimiz arasında Azərbaycan Texniki Universitetinin (AzTU) məzunları - Mahir Quliyev, Əbdülməcid Axundov, Müşfiq Orucov və Elvin Mirzəyev də var.
AzTU bütün şəhid tələbə və məzunlarını qürurla anır, onların xatirəsini ehtiramla yad edir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
turan.info.az
.