Əməkdaşlıq çərçivəsində Qazi Universitetinin Texnologiya fakültəsinin dekanı Prof.Dr. Süleyman Tekelinin rəhbərlik etdiyi nümayəndə heyəti AzTU-nun qonağı olub.
Qonaqları salamlayan rektor Vilayət Vəliyev onları qardaş ölkədə görməkdən məmnunluğunu ifadə edib.
Bildirib ki, AzTU və Qazi Universiteti arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir. İki universitet arasında 4 ixtisas üzrə ikili diplom haqqında müqavilənin imzalandığını deyən rektor görülən işlərin tədrisin keyfiyyətinin yüksəldilməsi və yüksəkixtisaslı kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Daha sonra Qazi Universitetinin Texnologiya fakültəsinin dekanı Prof.Dr. Süleyman Tekeli AzTU-nun professor-müəllim heyəti və tələbələri qarşısında rəhbərlik etdiyi fakültə haqqında geniş təqdimatla çıxış edib. Bildirib ki, Texnologiya fakültəsi Avropada ən geniş kampus sahəsi olan fakültədir.
Prof.Dr. Süleyman Tekeli AzTU ilə ikili diplom haqqında müqavilənin imzalandığı müvafiq ixtisaslar barədə də məlumat verib. Dekan onu da vurğulayıb ki, yeni tədris ilindən tələbələr Elektrik və elektronika ixtisası üzrə ikili diplom proqramına qəbul olunacaq və onlar hər iki ali məktəbin diplomlarına sahib olacaq.
Qeyd edək ki, səfər çərçivəsində Qazi Universitetinin professor-müəllim heyəti AzTU-nun müxtəlif kafedralarında görüşlər keçirəcək, əməkdaşlıq və birgə layihələrlə bağlı müzakirələr aparacaqlar.
turan.info.az
.