Sənədin imzalanması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev aktiv məşğulluq proqramlarının bir istiqamətinin də məzunların əmək bazarına inteqrasiyasına dəstək məqsədi daşıdığını, bu istiqamətdə müvafiq işlər aparıldığını bildirib. O, eyni zamanda, tədris proqramlarının əmək bazarının tələblərinə uyğun təkmilləşdirilməsinin önəmini qeyd edib.
Nazir müavini imzalanan Memorandumun bu və digər istiqamətlərdə əməkdaşlıq müstəvisində birgə işlərin aparılmasına imkan yaratdığını qeyd edib.
AzTU-nun rektoru Vilayət Vəliyev Memorandumun imzalanmasında məqsədin elm, təhsil və universitet-sənaye iş birliyi sahələrində əməkdaşlığın inkişaf etdirilməsi olduğunu vurğulayıb. Birgə əməkdaşlıq nəticəsində müvafiq peşə ixtisasları üzrə tədrisin təşkili, sənaye sertifikatlarının əldə olunması, xüsusi ixtisaslar üzrə peşə standartlarının işlənilməsində universitetin iştirakı və tələbələrin peşəkarlıq səriştələrinin artırılmasının təmin ediləcəyini bildirib.
Əməkdaşlıq sənədini AzTU-nun rektoru Vilayət Vəliyev və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli imzalayıb.
Memoranduma əsasən, tərəflər müxtəlif sahələr üzrə mühəndis kadrlara olan tələbatın müəyyən edilməsi məqsədilə əmək bazarının araşdırılması, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi üçün əmək bazarının tələblərinə uyğun tədris proqramlarının təkmilləşdirilməsi, həssas qruplardan olan tələbələr üçün müxtəlif sosial layihələrin hazırlanması istiqamətində əməkdaşlıq edəcək.
Sənəddə məzunların məşğulluğunun və əmək bazarına inteqrasiyasının təmin edilməsi məqsədilə məzun yarmarkalarının və digər tədbirlərin keçirilməsi, tələbələrin biznes bacarıqlarının inkişaf etdirilməsi, startapların və inkubasiya mərkəzlərinin yaradılması, birgə innovativ layihələrin həyata keçirilməsi də nəzərdə tutulub.
Tədbir çərçivəsində qonaqlar həmçinin AzTU-nun tədris laboratoriyaları ilə tanış olublar.
turan.info.az
.