Bu əlamətdar tarixi gündə Azərbaycan dəmir yolçuları son illərdə qazandıqları uğurlu nailiyyətlərə və qarşıda duran əsas perspektiv planlara — milli dəmir yolu nəqliyyatının keçdiyi tarixi şərəfli yola nəzər salırlar. Azərbaycan dəmir yol nəqliyyatının tarixi mürəkkəb, unudulmaz iqtisadi-siyasi proseslərlə əlaqədar olaraq bir çox önəmli hadisələr və faktlarla zəngindir.
Azərbaycan ərazisində ilk dəmir yolu xəttinin çəkilməsi XIX əsrin 70-ci illərində neftin daşınması və neft sənayesinin sürətli inkişafı ilə əlaqədar olmuşdur. Abşeronda əsas neftçıxarma rayonlarından (Sabunçu, Suraxanı, Balaxanı, Bibiheybət) neftin Bakı neftayırma zavodlarına, sonralar isə Rusiyanın mərkəzi rayonlarına və dünya bazarına nəql olunması Bakı neft sənayeçiləri üçün mühüm əhəmiyyət kəsb edirdi. Nəhayət, çar hökuməti Nazirlər Kabinetinin 1878-ci il 16 iyunda keçirilən iclasında Cənubi Qafqaz dəmir yolunun - “Neft sahəsində” dəmir yolunun tikinti layihəsi təsdiq olunur. Bakını Balaxanı, Sabunçu və Suraxanı mədənləri ilə birləşdirən 23,2 kilometr uzunluğunda dəmir yolunun çəkilməsi “Poti-Tiflis” dəmir yolu cəmiyyətinə həvalə edilir. Bütövlükdə “Neft sahəsi”indəki dəmir yolu xəttinin tikinti xərcləri 764,9 min rubl təşkil etmişdir. Dəmir yolu xətti bir il altı ay ərzində tikilərək 1879-cu ilin dekabrında istifadəyə verilib. 20 yanvar 1880-ci ildə isə dəmir yolu xəttinin rəsmi açılışı olmuşdur. Dünya tarixində ilk dəfə olaraq sisterna vaqonları ilə neftin daşınması bu dəmir yolu xəttində tətbiq edilmişdir. Azərbaycanda neft sənayesinin sürətli inkişafı Bakı-Tiflis və Bakı-Dərbənd dəmir yolu xətlərinin tikintisinə səbəb olmuşdur. 1879-cu ilin 22 dekabrında Cənubi Qafqaz dəmir yolu hissəsinin Bakı-Tiflis dəmir yolu magistralının çəkilişinə icazə verildi. 515 verst uzunluğunda bu yolun 1883-cü il 8 mayda rəsmi açılışı oldu və həmin gün Tiflisdən çıxan ilk sərnişin qatarı 9 mayda Bakıya çatdı. Maarifçi-demokrat Həsən bəy Zərdabi Cənubi Qafqaz dəmir yolu hissəsində Bakı-Tiflis dəmir yolunun çəkilməsinə böyük qiymət verərək yazırdı ki, Azərbaycan iqtisadiyyatının yüksəlməsində bu yol Bakı neftindən sonra ikinci böyük tarixi amildir. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan ərazisində daha bir neçə dəmir yolu xətti çəkilib istismara verildi. 1900-cü ildə uzunluğu 217 verst olan Bakı-Dərbənd dəmir yolu istifadəyə verildi. Bununla da, Cənubi Qafqaz dəmir yolu Vladiqafqaz dəmir yolu ilə birləşdi və onun vasitəsi ilə Ümumrusiya dəmir yolu şəbəkəsinə qoşuldu. 1899-cu ildə uzunluğu 282 verst olan Tiflis-Qars dəmir yolu istismara verildi və elə həmin ildə bu yolun trassasındakı Gümri stansiyasından uzunluğu 147 verst olan dəmir yolu xətti İrəvana qədər uzadıldı. Sonralar çar Rusiyasının apardığı siyasətə uyğun olaraq İrəvandan Culfaya uzunluğu 177 verst olan Masis-Culfa dəmir yolu xətti çəkilərək, 1908-ci ildə Tiflisdən Culfaya qədər olan magistral dəmir yolu xəttinin istismara verilməsi tamamlandı. 1916-cı ildə isə Təbrizlə Culfa arasında olan dəmir yolu xətti istifadəyə verildi. Lakin Araz çayı boyunca Culfadan Ələtə qədər olan dəmir yolunun tam istismara verilməsi Rusiyanın siyasəti nəticəsində 1941-ci ilə kimi saxlanılmışdır. Beləliklə, Azərbaycanın cənub-qərb bölgəsinin ölkənin əsas mərkəzi hissəsi ilə sabit və dayanıqlı nəqliyyat əlaqəsi saxlamaları təmin edilməmişdir. Bununla da, Azərbaycan ərazisi Rusiya və dünya dəmir yol şəbəkəsinə qoşularaq, neft məhsullarının Rusiyanın mərkəzi rayonlarına və dünya bazarlarına nəql olunması tam təmin olundu.
DYN-nin yaranması və sürətli inkişafı ilə Azərbaycanda kənd təsərrüfatı və sənaye, eləcə də sosial-mədəni inkişafda mühüm yeniliklər baş vermişdir. Azərbaycanda əsas yükdaşıma əməliyyatları dəmir yolu vasitəsilə həyata keçirilməyə başlandı. Əvvəllər yükdaşıma yerli qəzalardan Bakı, Tiflis və Gəncə şəhərlərinə doğru olduğu halda, dəmir yolları çəkiləndən sonra qəzalardan yaxınlıqdakı dəmir yol stansiyalarına yönəldi, həm də daxili yükdaşımaların həcmi və çeşidi artdı. Dəmir yolunun işə düşməsi ilə Azərbaycan daxilindəki poçt stansiyaları və poçt yolları sıradan çıxdı və poçt rabitəsi qəza mərkəzlərini dəmir yol stansiyası ilə birləşdirən qrunt yollarla həyata keçirilməyə başlandı.
Dəmir yolları şəbəkəsi yeni qəsəbə və kəndlərin salınmasında və şəhərlərin böyüməsində əsas amillərdən biri olmaqla bərabər, yeni sənaye sahələrinin yaranmasına səbəb olmuş və ölkə ərazisində əhalinin sosial-mədəni həyatını genişləndirmişdir. XIX əsrin sonu - XX əsrin əvvəllərində Gəncə, Şuşa, Nuxa, Quba, Lənkəran, Şamaxı və s. şəhərlərlə yanaşı, Ağstafa, Tovuz, Şəmkir, Yevlax, Ləki, Ucar, Kürdəmir, Hacıqabul, Naxçıvan, Culfa və s. dəmir yolu stansiyaları da daxili ticarətin mərkəzinə çevrilmişdir. Bakı-Tiflis və Bakı-Dərbənd dəmir yol xətləri sənayenin inkişafında olduğu kimi, kənd təsərrüfatında da kəndlilərin təsərrüfat həyatında da ictimai münasibətlərin dəyişməsinə təkan verdi. Dəmir yoluna yaxın ərazilərdə kəndlilərin təsərrüfatı getdikcə daha çox məhsul istehsal etməyə şərait yarandı. Azərbaycan Demokratik Respublikası dövründə dəmir yolunun inkişafı onun Türkiyə Respublikası ilə qarşılıqlı elmi-texniki əlaqəsi ön plana çəkilmişdir. Bu dövrdə ən nəhəng işlərdən biri Ələt-Culfa dəmir yolu xəttinin çəkilişinin bərpa olunması idi. Bu yolun çəkilişinə hələ 1916-cı ildən başlanmışdır. Ələt-Culfa dəmir yolu həm də böyük iqtisadi və hərbi-strateji əhəmiyyət kəsb edirdi. Bu yol Bakını Təbrizlə birləşdirməli idi. Lakin Rusiyadakı Oktyabr inqilabı bu işi dayandırdı, dəmir yolunun çəkilişini Azərbaycan əməkçiləri öz daxili maddi-texniki bazası əsasında davam etdirdi və bu tikinti ADR dövründə daha böyük vüsət aldı. Azərbaycan Xalq Cümhurriyətinin hökuməti dəmir yol stansiyaları və xətlərinin mühafizəsinə xüsusi diqqət göstərərək 1919-cu il sentyabrın 4-də “Hərbi dəmiryolçular məktəbini” təsis etdilər və ilk qrupda 20 nəfər olmaqla fəaliyyətə başladı. Lakin 1920-ci ilin aprel işğalı bu planları yarımçıq qoydu. Türkiyə dövləti ilə ADR arasında qarşılıqlı sıx əlaqələrin olduğunu nəzərə alaraq, 1918-ci ilin iyulunda iki dövlət arasında müqavilə bağlanır. Müqaviləyə görə Azərbaycan dəmir yolları sisteminə maddi-texniki kömək göstərmək və onu himayə etmək 5 il müddətinə Türkiyənin öhdəsinə keçir. Respublikamızda Sovet hakimiyyətinin qurulması ilə Azərbaycan dəmir yolu yenidən Rusiya dəmir yolu şəbəkəsinə qoşulur. Sonralar isə 14 aprel 1921-ci ildən Zaqafqaziya Respublikalarının Dəmir Yolu Birliyinə daxil olur. Bununla da Azərbaycan Dəmir Yolu 1991-ci ilə kimi öz iqtisadi-siyasi müstəqilliyini itirir.
Azərbaycan polad magistralı öz fəaliyyəti dövründə bir neçə dəfə Zaqafqaziya Dəmir Yolunun tərkibinə daxil edilmiş, sonralar müstəqil dəmir yolu kimi sərbəst fəaliyyət göstərmişdir. 1945-ci il iyulun 6-da SSRİ Dövlət Müdafiə Komitəsinin qərarı ilə müstəqil Azərbaycan dəmir yolu yaradılmışdır. SSRİ Yollar nazirinin 1945-ci il 28 iyul tarixli əmri ilə Azərbaycan dəmir yolu 1945-ci ilin oktyabın 1-dən təşkil edilmişdir. 1953-cü ilin may ayının 14-də Azərbaycan və Zaqafqaziya dəmir yolları Zaqafqaziya dəmir yolu adı altında birləşdirilmiş, mərkəzi idarəsi Tbilisiyə köçürülmüşdür. 1955-ci il oktyabrın 3-də Azərbaycan dəmir yolu SSRİ Nazirlər Sovetinin qərarı ilə müstəqil dəmir yolu elan olunmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin 13 oktyabr 1955-ci il qərarı ilə Azərbaycan dəmir yolu SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil dəmir yolu kimi fəaliyyətini davam etdirmişdir. SSRİ Yollar nazirinin 2 mart 1963-cü il tarixli əmri ilə yenidən Azərbaycan və Zaqafqaziya dəmir yollarının tərkibində struktur dəyişikliyi aparıldı və bu iki idarə Zaqafqaziya dəmir yolu adı altında birləşdirildi və dəmir yolunun Azərbaycan sahəsi Azərbaycan hissəsi adlandırıldı. SSRİ Yollar nazirinin 1 iyun 1967-ci il tarixli əmri ilə Azərbaycan dəmir yoluna yenidən sərbəstlik verildi və o vaxtdan bu günə kimi müstəqil dəmir yolu kimi fəaliyyət göstərir. 28 may 1980-ci ildə Azərbaycan dəmir yolu - Oktyabr inqilabı ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 avqust 1995-ci il tarixli əmri ilə Oktyabr inqilabı ordenli Azərbaycan Dəmir Yoluna - Azərbaycan Dövlət Dəmir Yolu adı verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 iyul 2009-cu il tarixli sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Əgər yarandığı ilk on ildə dəmir yolunun inkişafı neftçıxarmanın və neftayırmanın inkişafı ilə sıx bağlı idisə, XX əsrin ikinci yarısından etibarən dəmir yolu nəinki dinamik inkişaf edən çoxsahəli respublika iqtisadiyyatına uğurla xidmət etmiş, həm də qonşu ölkələrə böyük həcmli tranzit yüklərin daşınmalarını da yerinə yetirmişdir.
XX əsr boyu dünya dəmir yol təsərrüfatının bütün texniki və texnoloji yenilikləri Azərbaycanda da uğurla tətbiq olunmuşdur. Keşmiş SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu xəttinin (U=1500 V) məhz Bakı-Suraxanı-Sabunçu xəttində 6 iyul 1926-cı ildə istismara verilməsi Azərbaycan dəmiryolçularının parlaq bir qələbəsidir. Respublikanın dəmir yol təsərrüfatı SSRİ-nin nəhəng polad magistral şəbəkəsinin ən qabaqcıl hissələrindən biri kimi inkişaf etmiş, beynəlxalq və yerli daşımalarda ən qabaqcıl mövqe tutmuşdur.
İkinci Dünya müharibəsi dövründə dəmiryolçularımız əzmlə çalışaraq, Bakıdan ön cəbhəyə 75 milyon ton (1,3 milyon vaqon) yanacaq göndərmişlər. Ümummilli lider Heydər Əliyev haqlı olaraq yazırdı: “Əgər Bakı nefti olmasaydı, Sovetlər İttifaqının müharibədə qələbəsi bəlkə mümkün olmazdı”. Qeyd etmək lazımdır ki, Sovet ordusunun damarlarında qana çevrilmiş Bakı neftinin 2/3 hissəsini cəbhəyə və digər strateji nöqtələrə məhz Azərbaycan dəmir yolçuları daşımışlar. O dövrlərdə dəmiryolçuların əməyi ön cəbhədə döyüşən əsgərin hünərinə bərabər tutulmuşdur.
Respublikamızda dəmir yolunun inkişaf tarixinin mühüm bir hissəsi görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu öndərin Azərbaycana rəhbərliyinin birinci mərhələsində dəmiryol şəbəkəsinin maddi-texniki bazası genişlənərək respublika iqtisadiyyatının hərtərəfli inkişafının təmin olunmasında mühüm töhfələr vermişdir. Məhz onun diqqət və qayğısı nəticəsində XX əsrin sonlarında dəmir yolu infrastrukturu öz tərəqqisinin zirvəsinə çatmışdır. Azərbaycan xalqının böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyev istər Azərbaycana rəhbərlik edərkən, istərsə də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən ölkədə dəmir yolu fəaliyyətini həmişə diqqət mərkəzində saxlamış və onun inkişafına xüsusi fikir vermişdir. Dahi rəhbərin təşəbbüsü və rəhbərliyi ilə Qafqazda ən böyük çeşidləyici stansiyalardan biri olan Şirvan stansiyası, Yevlax-Balakən, Güzdək-Qaradağ dəmir yolu xətləri, Ələt deposu, konteynerlərin təmiri üzrə Keşlə vaqon deposu, digər dəmir yolu stansiyaları və xətti müəssisələri tikilib istismara verilmişdir. Ardıcıl görülən işlər nəticəsində Azərbaycanda dəmiryol nəqliyyatı vasitəsi ilə daşınan yüklərin həcmi həmin dövrlərdə 80-90 milyon tona çatdırılmışdır. Bu dövrdə həm də, Azərbaycan dəmir yolunun maddi-texniki bazası genişləndirilərək, mütərəqqi texnologiyaların tətbiqi ilə yeni dəmir yolu xətlərinin və müəssisələrinin tikilib istismara verilməsi ön plana çəkildi.
1975-80-ci illərdə Bakı elektrik dairəsində yoldəyişənlərin və siqnalların mərkəzləşdirilməsi sahəsində böyük işlər görülmüşdür. Gəncə şəhərində texnikanın ən son nailiyyətlərinə uyğun olaraq müasir texnologiyalı yük vaqonlarının təmiri, habelə sutka ərzində 60 ədəd elektrovoza texniki xidmət göstərmək gücündə olan Şirvan dövriyyə deposu tikilib istifadəyə verilmişdir. Azərbaycanın BAM-ı adlandırılan və mürəkkəb relyefdən keçən 164 kilometr uzunluqlu Yevlax-Balakən dəmir yolu xətti ulu öndərin birbaşa diqqəti və qayğısı sahəsində 1985-ci ildə çəkilib istifadəyə verilmişdir. Yük və sərnişin daşıma göstəriciləri bu dövdə ən yüksək həddə çataraq, 1990-cı ildə dəmir yol nəqliyyatında yük və sərnişin daşımalarının həcmi 80,18 milyon ton və 16,636 milyon sərnişin, yük dövriyyəsi 37076 milyon ton.km və sərnişin dövriyyəsi isə 1827 milyon sərnişin/km-ə çatmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra ulu öndər 2-ci dəfə ölkə rəhbərliyinə qayıtdıqdan sonra dövlətçiliyimizi faktiki olaraq qurmağa, onun milli dövlətçilik atributlarını formalaşdırmağa başladı. Ermənistanın apardığı təcavüzkar siyasət nəticəsində Qarabağ və onun ətraf ərazilərinin zəbt olunması nəticəsində Azərbaycan dəmir yolunun 240,4 kilometr uzunluqlu sahəsi dağıdılmış və dəmir yoluna təqribən 45,2 milyon dollar dəyərində maddi-texniki ziyan dəymişdir.
1995-ci ildən ölkəmizdə başlayan iqtisadi inkişaf tempi Azərbaycan dəmir yolunun infrastrukturunun qorunub saxlanmasında və daşıma prosesinin operativliyində yeni bir mərhələnin əsasını qoydu. 1998-ci ilin 4 yanvarında Dübəndi neft terminalının və stansiyasının açılış mərasimində iştirak edən ümummilli lider Heydər Əliyev dəmir yolunun istismar fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Dəmir yolu Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir. Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi buraxılmış səhvləri artıq aradan qaldırır və öz işinin keyfiyyətini yaxşılaşdırır, yaxşı iqtisadi nəticələr əldə edir. Mən indi AzDDY-da inkişafın baş verdiyini görürəm”. 1998-ci ildə Azərbaycan dəmir yolunda ilk dəfə olaraq Bakı lokomotiv deposunda elektrovoz və elektrik qatarlarının əsaslı təmiri təşkil olunmuşdur. Ulu öndər Heydər Əliyevin gərgin əməyi və qonşu dövlətlərin rəhbərliyi ilə apardığı intensiv danışıqlar sahəsində sərnişin qatarlarının hərəkəti 1997-ci ildən bərpa olunmuşdur.
Ümumiyyətlə, ulu öndərin ölkəmizə rəhbərlik etdiyi 1969-2003-cü illərdə Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli dinamik inkişaf dövrü kimi adlandırmaq olar. Məhz bu illərdə dəmir yolunda yük və sərnişin daşıma göstəriciləri ən yüksək həddə çatmışdır. Yük və sərnişin daşıma göstəriciləri müstəqilliyimizin ilk illərində azalsa da 2003-cü ildə dəmir yol nəqliyyatında yük və sərnişin daşımalarının həcmi 20,34 milyon ton və 4,736 milyon sərnişin, yük dövriyyəsi 7719 milyon ton km və sərnişin dövriyyəsi isə 654 milyon sərnişin km-ə çatmışdır. Ulu öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 17 ildə iqtisadiyyatın digər sahələrində olduğu kimi, dəmir yolu nəqliyyatında da mütərəqqi texniki-iqtisadi proqramların tətbiqi, dəmir yollarının əsaslı təmiri və yeni dəmir yolu xətlərinin çəkilişi kimi layihələr uğurla həyata keçirilir. Prezident İlham Əliyevin göstərdiyi xüsusi diqqət və qayğı dəmir yol sisteminin dinamik inkişafı üçün yeni böyük imkanlar yaratmışdır.
Ölkə başçısı 6 iyul 2010-cu ildə Azərbaycan Respublikası iqtisadiyyatının mühüm bazası olan dəmir yol nəqliyyatı sisteminin inkişaf etdirilməsini, əhalinin və sənayenin daşıma xidmətlərinə olan tələbatlarının ödənilməsini, daşımaların operativliyi və təhlükəsizliyini, dəmir yol infrastruktrunun yenidən qurulmasını, ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin yüksəldilməsini, tranzit daşımaların artırılmasını, dəmir yolu sahəsi üçün mühəndis texniki kadrların hazırlanmasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın qəbul edilməsi haqqında sərəncam imzalamışdır.
Dəmir yolunun perspektiv inkişafında mühüm əhəmiyyət kəsb edən bu tarixi sənəddə Azərbaycan dəmir yol nəqliyatının dinamik inkişafını təmin edən bütün istiqamətlər göstərilmişdir. Dəmir yolunun hərəkət tərkibi parkının yeniləşdirilməsi, yol, lokomotiv, vaqon, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələr Dövlət Proqramının icrası üçün Tədbirlər planında öz əksini tapmışdır. Artıq bu istiqamətdə bir sıra layihələr həyata keçirilmişdir. Prezident İlham Əliyev bu gün dəmiryolçular qarşısında qoyduğu ən mühüm tapşırıq yük daşımalarının, xüsusən də tranzit daşımaların həcminin artırılmasıdır. Bu məqsədə, daşımaların sürətini artırmaqla, daşınan yüklərin təhlükəsizliyini təmin etməklə, çevik tarix siyasətini və irimiqyaslı logistika və marketinq əməliyyatlarını canlandırmaqla çatmaq mümkündür. Hazırda, “Azərbaycan Dəmir Yolları” QSC-də bu istiqamətdə önəmli tədbirlər reallaşdırılır, tranzit yüklərin ölkə ərazisindən keçirilməsi nəticəsində əlavə valyuta ehtiyatlarının Azərbaycan iqtisadiyyatına cəlb olunmasına xüsusi önəm verilir. Dəmir yolunda son dövrdə əldə edilən ən mühüm uğurlardan biri də uzunluğu 96 kilometr olan Bakı-Sumqayıt dairəvi dəmir yolu marşrut xəttinin istismara verilməsidir. 2015-ci ilin 12 sentyabrda Bakı sərnişin stansiyasından Bakı-Biləcəri-Sumqayıt sahəsi üzrə yeni elektrik qatarlarının yola salınma mərasimi keçirilmişdir. Bu dəmir yolu xəttində sərnişin daşımalarını İsveçrənin “Stadler Rail Grup” şirkətinin Minsk zavodunda istehsal olunmuş və sərnişin tutumu 919 nəfər olan (oturacaq yerlərinin sayı 396 nəfər) 4 vaqonlu ikimərtəbəli elektrik qatarları vasitəsilə yerinə yetirilir. Sahəsi 10 min kvadratmetr olan beşmərtəbəli Sumqayıt vağzalının binası yararsız halda olduğu üçün 2015-ci ildə sökülərək yenidən tam əsaslı təmir olunmuşdur. Dəmir yolu ilə sərnişin daşımalarının həcminin və keyfiyyətinin artırılması, qatarların sürətli və təhlükəsiz hərəkətinin təmin olunması üçün görüləcək tədbirlər sırasında Abşeron yarımadasında mövcud dəmir yolu xətlərinin yenidən qurulması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” 7 mart 2018-ci ildə sərəncam imzaladı. Sərəncama uyğun olaraq, Abşeron yarımadasında mövcud dəmir yolu xətlərinin yenidən qurulması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi həyata keçiriləcək. Qəbul olunmuş layihə əsasında mövcud dəmir yolu xətlərinin əsaslı təmiri, elektrik təchizatı, rabitə və işarəvermə qurğularının əsaslı təmiri, yol kənarlarının mühafizə çəpəri ilə bağlanması, bəzi dəmir yolu keçidlərinin yeraltı keçidlərlə əvəzlənməsi, stansiya binalarının yenidən qurulması və digər işlərin aparılması nəzərdə tutulur. Layihəyə əsasən 107 kilometr dəmir yolu təmir olunacaq və 25-ə yaxın stansiya yenidən qurulacaq və Bakıətrafı Abşeron dairəsində sərnişin daşımaları üzrə yeddi dəmir yolu marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur. Artıq bu sahədə xeyli işlər görülüb, Bakı-Sumqayıt dairəvi marşrut xəttində yeni nəsil sürətli elektrik qatarları sərnişindaşıma fəaliyyətini təhlükəsiz və keyfiyyətlə yerinə yetirir. 16 noyabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin təntənəli açılış mərasimi keçirildi. Uzunluğu 49 kilometr olan yolun ikinci hissəsi olan Bakı-Pirşağı-Sumqayıt xətti isə 2019-cu ildə istismara verilərək, Bakı-Sumqayıt dairəvi dəmir yolu marşrutu üzrə elektrik qatarlarının müntəzəm hərəkəti tam təmin olunmuşdur. Sərnişinlərin rahatlığının təmin olunması məqsədi ilə 1977-ci ildə tikilən Bakı Dəmir Yolu Vağzalının binası əsaslı təmir olunduqdan sonra 10 fevral 2017-ci ildə dəmiryolçuların və sərnişinlərin istifadəsinə verildi.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Avropa və Asiya ölkələri ilə yeni iqtisadi-ticarət münasibətlər yaratmağa başladı. Beynəlxalq yüklərin daşınması üçün öz imkanlarını yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Dəmir Yolu beynəlxalq təşkilatlara müraciət etdi. İlk növbədə Azərbaycan 1993-cü ilin may ayında Brüssel şəhərində keçirilən Avropa Beynəlxalq Cəmiyyətləri konfransında Avropa Birliyinin maliyyələşdirdiyi TRACECA proqramına qoşuldu. Azərbaycan Dəmir Yolu 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının, 1993-cü ildən Dəmir Yollları Əməkdaşlığı Təşkilatının, 1995-ci ildən isə Beynəlxalq Dəmir Yolları İttifaqının üzvlüyünə qəbul olundu. Beynəlxalq Dəmir Yolu İttifaqının baş direktoru Jan Pyer Lubin 2019-cu ilin 10 mayında Azərbaycanda olanda və “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə etmişdilər. Azərbaycan Dəmir Yollarının beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya olunması üçün müvafiq infrastrukturun yaradılması istiqamətində də lazımi tədbirlər görülməkdədir. 21 fevral 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı-Tbilisi-Qars dəmir yolu” layihəsinin həyata keçirilməsi haqqında Sərəncam imzalamışdı. Bu dəmir yolu xəttində tikilən yeni yolun uzunluğu 98 kilometr idi. Artıq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi reallığa çevrilmiş və 30 oktyabr 2017-ci ildə Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət və hökumət rəhbərlərinin iştirakı ilə təntənəli surətdə istismara verilmişdir. Bu yol infrastrukturu Avropa ilə Asiya qitələri arasında nəqliyyat əlaqələrini yaratmaqla bərabər, yeni logistik əlaqələrin və biznes imkanlarının yaranmasına və ticarətin artmasına səbəb olacaq. Eyni zamanda, Azərbaycanla Türkiyə və bir çox dünya ölkələri, o cümlədən Mərkəzi Asiya arasındakı nəqliyyat əlaqələrini daha da yaxşılaşdıracaq, qədim İpək Yolu boyu Avropa ilə Asiya arasında birbaşa və etibarlı nəqliyyat bağlantısını təmin edəcəkdir. BTQ dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 840 kilometrdir. Bunun 500 kilometri Azərbaycan, 260 kilometri Gürcüstan, 80 kilometri isə Türkiyə ərazisindən keçir. Dəmir yolu xəttinin Gürcüstan-Türkiyə sərhədindəki hissəsində uzunluğu 5 kilometrə yaxın olan tunel inşa edilib. Təsadüfi deyil ki, bu yola “Dəmir İpək yolu” deyilir. Bakı-Tbilisi-Qars dəmir yolu ilə 2020-ci ilin ilk altı ayında daşınmış yüklərin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə çox olmuşdur.
Rusiyanın Sankt-Peterburq şəhərində 12 sentyabr 2000-ci il tarixində Rusiya, İran və Hindistan arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi haqqında saziş imzalanmış və bu saziş 21 may 2002-ci il tarixində qüvvəyə minmişdir. 14 oktyabr 2004-cü ildə isə Azərbaycan Respublikası rəsmi olaraq bu sazişə qoşuldu. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələri, Rusiya, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışını, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən Şərq marşrutu (Qafqaz-Fars körfəzi) hissəsində işlərin sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2015-ci il tarixli Sərəncamının icrası olaraq, aşağıdakı işlər artıq yerinə yetirilibdir: Astara (AR)-Astara (İİR) dəmir yolu xəttinin Astaraçay üzərindəki körpüyə qədər 8,4 kilometr yeni yol tikilib, Astaraçay üzərində dəmiryol körpüsü inşa olunub, Astaraçay üzərində dəmiryol körpüsündən İran İslam Respublikası ərazisində tikilmiş yük terminalına qədər 1,4 kilometr yol çəkilib. Azərbaycan tərəfi İran Astarasında 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşasını davam etdirir. Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi məqsədi ilə 6 mart 2019-cu il tarixində 175 kilometr uzunluqlu Qəzvin - Rəşt dəmir yolu sahəsinin rəsmi açılış mərasimi keçirilmişdir. Bununla bərabər, İran İslam Respublikası ərazisində 167 kilometr uzunluqlu Rəşt-Astara dəmir yolu xəttinin tikilməsi davam etdirilir. 28 mart 2018-ci il tarixində İran İslam Respublikası Prezidentinin Azərbaycana səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında “İran İslam Respublikası ərazisində Astara-Rəşt dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş” imzalanıb. Dəhliz çərçivəsində bütün infrastruktur layihələri yerinə yetirildikdən sonra İran ərazisindən keçməklə Bakıdan Naxçıvan MR-ə dəmir yolu ilə birbaşa daşımaların təşkili reallaşacaqdır. Dəhlizlə ilkin olaraq il ərzində 5 milyon ton yükün daşınması, sonralar isə yükün 10 milyon tona qədər artırılması planlaşdırılır. Rusiya istiqamətinə əsasən neft və neft məhsulları, mineral gübrələr, sement, kimyəvi məhsullar və s., İran istiqamətində isə taxıl məhsulları və meşə materiallarının daşınması nəzərdə tutulur.
Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinə qoşulmaqla, ilk növbədə, özünün həm Rusiya, həm də İranla olan quru sərhədinin əlverişli coğrafi relyefindən səmərəli istifadə edərək üçtərəfli regional əməkdaşlığı inkişaf etdirmək və mövcud şəraitdən istifadə edərək yeni-yeni gəlirlər əldə etməkdir. Dəhlizin yaradacağı imkanlardan Azərbaycanla yanaşı, Rusiya, İran, Gürcüstan, Türkiyə, Avropa ölkələri, Çin, Qazaxıstan və digər Orta Asiya respublikaları da istifadə edəcəklər. “Şimal-Cənub” dəhlizi layihəsi Azərbaycan, İran və Rusiya ərazisində dəmir yolu əlaqələrinin, həmçinin bu ölkələrin tranzit və ticarət-iqtisadi potensialının gücləndirilməsinə xidmət edərək, beynəlxalq yüklərin bu istiqamətə daha çox daşınmasına imkan verəcək. Son illərdə Azərbaycan dəmir yolunda hərəkət tərkibinin yenilənməsinə dair bir sıra işlər görülüb və hazırda bu tədbirlər davam etdirilir. Vaqon parkının yenilənməsi üçün yeni yük vaqonları alınmışdır. 2015-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC ilə Rusiyanın “Uralvaqonzavod” Elm İstehsalat Korporasiyası arasında 3100 ədəd yük vaqonlarının alınması üçün müqavilə imzalanmış və vaqonlar artıq dəmir yolunda istismar olunur. 2019-cu ildə Türkiyə Respublikasının Vaqonqayırma zavodları ilə yeni yük vaqonlarının alınmasına dair ikitərəfli razılaşma əldə olunmuşdur. Aparılan islahatlar nəticəsində sərnişin daşımalarında keyfiyyəti artırmaq məqsədi ilə İsveçrənin “Stadler Reil Qrup” şirkətinin istehsalı olan 4 vaqondan ibarət 9 ədəd ikimərtəbəli sürət qatarı (onlardan 2 qatar iki sistemli) alınaraq ölkəmizə gətirilib. Həmin şirkətdən BTQ marşruti ilə hərəkət edəcək daha 20 vaqon alınaraq ölkəmizə gətirilmişdir.
“Azərbaycan Dəmir Yolları” QSC ilə Fransanın “Alstom TSA” şirkəti arasında 12 may 2014-cü il tarixində 50 ədəd dəyişən cərəyanla işləyən Az8 seriyalı 8 oxlu yeni elektrovozların alınması məqsədilə müqavilə bağlanmışdır. Bu lokomotivlərdən 15 ədədi Qazaxstanda istehsal olunaraq artıq ölkəmizə gətirilmişdir və Gəncə şəhərində istismar sınaqlarına başlanmışdır. “Alstom TSA” şirkətinin Fransada istehsal olunan Az4 seriyalı iki sistemli yeni lokomotivlər 2017-ci ildən başlayaraq Azərbaycan Dəmir Yolunda sınaqdan keçirilib və onlar Bakı-Böyük Kəsik istiqamətində sərnişin daşımalarında istifadə olunur. Bundan əlavə “Stadler Reil Qrup” şirkətinin istehsalı olan 4 vaqondan ibarət 6 ədəd birmərtəbəli elektrik qatarı və 4 ədəd birmərtəbəli dizel qatarları üçün müqavilə bağlanmışdır. Yeni nəsil dəyişən cərəyanlı Az8 seriyalı elektrovozlar yüksək dartı gücünə malik olmaqla bərabər 4500 ton yük qatarını idarə etməyə qadirdir. Yeni elektrovozların standartlara uyğun texniki xidmətini yerinə yetirmək üçün Biləcəri qəsəbəsi və Gəncə şəhərində lokomotiv depolar tikilir.
Azərbaycan Dəmir Yolları ölkəmizin digər nəqliyyat strukturları ilə birlikdə bir neçə iri beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Hazırda Şərq-Qərb dəhlizində alternativ marşrutların hazırlanması istiqamətində tədbirlər reallaşdırılır. Şərq-Qərb nəqliyyat dəhlizinin “Nomad Express” layihəsinin marşrutu Çin - Qazaxıstan - Xəzər dənizi - Azərbaycan - Gürcüstan - Türkiyə (və ya Qara dəniz) - Avropaya nəzərdə tutulub. Nəqliyyat dəhlizinin idarə olunması və inkişaf etdirilməsi, yeni yaradılmış Konsorsiumun üzvləri tərəfindən həyata keçirilir. Konsorsiumun üzvləri: Çində-Çin Dəmir Yolları, Qazaxıstanda-KTZ Ekspress, Xəzər dənizi üzrə-Xəzər Dənizi Gəmiçiliyi, Azərbaycanda-ADY Express, Gürcüstanda-Trans Qafqasus Terminals şirkətləridir. Bu dəhliz üzrə hərəkət edən “Nomad Ekspress” blok qatarı orta hesabla 10-12 günə Çindən Avropaya yükləri çatdırır. Orta Koridor vasitəsi ilə yüklər Avropaya iki istiqamət üzrə nəql edilir. Onlardan biri Gürcüstanın Poti və Batumi dəniz limanları vasitəsi ilə, digəri isə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu ilə. Azərbaycan mövcud nəqliyyat potensialını və tranzit imkanlarını artırmaq, bu sahədə öz rəqabət qabiliyyətliliyini yüksəltmək məqsədilə böyük sərmayələr qoyur, ölkə daxilində və regionda irimiqyaslı infrastruktur layihələrini həyata keçirir. İstifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Şərq-Qərb nəqliyyat dəhlizinin əsas seqmentlərinə çevrilərək, yalnız layihədə iştirak edən ölkələrin deyil, bütün regionun inkişafına müsbət töhfə verəcək. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsi çərçivəsində həmçinin, regionda müasir yükdaşıma tələblərinə cavab verən iri Abşeron logistik mərkəzinin 2018-ci ilin avqustun 13-də təntənəli surətdə açılış mərasimi keçirildi. Bu mərkəz regional logistik qovşaq funksiyasını yerinə yetirməklə nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılmasına və onların potensialından maksimum yararlanmağa şərait yaratdı. Bu dəhliz üzrə daşımaların təhlükəsizliyi və operativliyi məqsədilə 2016-cı ilin sonunda Trans Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Assosiasiyası yaradılıbdır. Ölkə iqtisadiyyatının neft sənayesindən asılılığını aradan qaldırmaq, qeyri-neft sektorunun sürətli inkişafı, o cümlədən turizmin inkişaf etdirilməsi və turizm marşrutlarının yaradılması respublikada aparılan iqtisadi islahatların əsas istiqamətlərindəndir. Bu məqsədlə Prezident İlham Əliyev 11 dekabr 2018-ci ildə 43 kilometr uzunluqlu “Ləki-Qəbələ xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında” və 57 kilometr uzunluqlu “Xudat-Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi ilə bağlı tədbirlər haqqında” sərancamlar imzalayıbdır. Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisinin bu ilin sonuna qədər yekunlaşması nəzərdə tutulur. Yeni dəmir yolu xətti Ləki stansiyasını Qəbələnin hava limanı ilə birləşdirəcək. Dəmir yolu xətti boyunca 103 suötürücü, 16 tunel və körpü, Ağdaş rayonunun Qarağan-Şıxlar ərazisində stansiya, Qəbələ hava limanı yaxınlığında vağzal kompleksinin tikinti işləri uğurla davam etdirilir. Artıq stansiyalarda yoldəyişən qurğular qoyulur və stansiya yollarının xətləri çəkilir. Eyni zamanda 2 ədəd yeraltı keçidin tikintisi tamamlanıb. Ağdaş-Göyçay avtomobil yolu üzərindən keçəcək körpüdə son tamamlama işləri görülür. Əlavə bir neçə keçid və körpüdə svayların vurulması prosesi başa çatıb, kənar və orta dayaqları quraşdırılıb. Yeni dəmir yolu xəttinin tikintisi Azərbaycanda turizm infrastrukturunun yaxşılaşdırılmasına və turizm obyektləri ilə rahat və dayanıqlı nəqliyyat ələqələrinin qurulmasına imkan verəcəkdir.
2019-cu il ərzində “Azərbaycan Dəmir Yolları” QSC, dövlət başçısı İlham Əliyevin iştirakı ilə 4 mühüm layihənin təqdimatını keçiribdir. Aprelin 3-də Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı (cəmi 30 vaqon) ilə tanış olması, mayın 21-də Sabunçu dəmir yolu vağzalı kompleksi, noyabrın 19-da Abşeron dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin, dekabrın 29-da isə paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsində inşa edilən avtomobil tunelinin açılışında iştirak etməsi dəmir yolunda aparılan islahatların təcəssümüdür.
Azərbaycan Dəmir yolunda son beş il ərzində müəyyən edilmiş investisiya proqramlarına əsasən Bakı-Böyük Kəsik, Bakı-Yalama, Bakı-Astara istiqamətlərində dəmir yolunun əsaslı təmiri, Bakı-Böyük Kəsik sahəsində kontakt şəbəkəsinin dəyişən cərəyanlı elektrik təchizatı sisteminə keçirilməsi, Bakı-Gəncə-Bakı sürət qatarının istifadəyə verilməsi, Kür çayı üzərində (Yevlax) ikinci körpünün tikintisi kimi layihələrin əksəriyyəti uğurla yerinə yetirilibdir. “Azərbaycan Dəmir Yolları” QSC şimaldan cənuba, eləcə də əks istiqamətdə yüklərin Abşeron yarımadasına daxil olmadan birbaşa daşınmasını asanlaşdıran 36 kilometr uzunluqlu Güzdək-Qaradağ dəmir yolu xəttinin yenidən qurulması işlərinə isə bu ilin avqust ayından başlanılıb. Yeni yolun tikintisi zamanı 63 süni mühəndis qurğusunun, o cümlədən 2 körpü, iki stansiya, 4 avtomobil keçidi, 5 piyada keçidinin tikintisi təzərdə tutulub. Yeni tikilən yol iki xətli olub, yan yollarla birlikdə ümumi uzunluğu 80 kilometrə bərabətdir.
Azərbaycan dəmir yolunun müasir vəziyyəti, son beş il ərzində həyata keçirilən islahatlar gələcəyə ümidlə baxmağa əsas verir. Lakin inkişaf etmiş dünya ölkələrinin səviyyəsinə çatmaq üçün dəmir yolunun modernləşdirilməsi, hərəkət tərkibinin yeniləşməsi və qatarların hərəkət sürətinin artırılması sahəsində daha çox işlərin görülməsi qarşıda duran əsas məsələlərdir. Bu məqsədlə ölkə rəhbərinin sərəncamına əsasən dəmir yollarının inkişafına dair qəbul olunmuş Dövlət Proqramının layihələri uğurla yerinə yetirilir. Azərbaycanda dəmir yollarına qoyulan investisiyaların səmərəliliyinin artırılması, infrastruktur xidmətlərinin qorunub saxlanması və beynəlxalq marşrutların strateji əhəmiyyətinin artırılması məqsədilə 21 may 2020-ci il tarixində “Azərbaycan Dəmir Yolları” QSC ilə ABŞ-ın “McKinsey end Compani” aparıcı şirkəti arasında “2030 Koporativ Strategiya”sının hazırlanmasına dair müqavilə imzalanıb. Azərbaycanda dəmir yol nəqliyyatında aparılan islahatlar və qazanılan nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Dünya miqyasında ən mötəbər beynəlxalq təşkilatlardan biri olan Davos Dünya İqtisadi Forumu Azərbaycanda dəmir yollarının keyfiyyəti ilə bağlı hesabatda göstərib ki, Azərbaycan dəmir yolları səmərəliliyi baxımından dünyada 12-ci yerdə, dəmir yollarının keyfiyyətinə görə isə 34-cü yerdə qərarlaşıb.
Hazırda dəmir yolunda islahatların uğurla aparılmasında əsas məsələlərdən biri də kadr hazırlığı məsələsidir. Artıq uzun müddətdir ki, dəmir yolunun texniki-peşə və orta ixtisaslı kadrları Bakı Dəmir yolu liseyində və Bakı Nəqliyyat və Rabitə Kollecində hazırlanaraq və bu sahədə kadr hazırlığı indi də uğurla davam etdirilir. Dəmir Yolunda çalışan mühəhdis kardları isə 1992-ci ildən başlayaraq “Nəqliyyatda daşımaların və idarəetmənin təşkili”, “Dəmiryol nəqliyyatında avtomatika və telemexanika”, “Dəmir yolu və təsərrüfatı, onun istismarı”, “Lokomotiv və vaqon təsərrüfatı” və 2009-cu ildən isə “Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi” ixtisasları üzrə Azərbaycan Texniki Universitetində hazırlanır. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatında” dəmir yol nəqliyyatına aid konkret adla heç bir ixtisas nəzərdə tutulmayıbdır. Bu tədris ilində Azərbaycan Texniki Universitetində “Nəqliyyat mühəndisliyi” ixtisasına tələbə qəbulu nəzərdə tutulub. “Nəqliyyat mühəndisliyi” ixtisasının tədris planı isə avtomobil və dəmiryol nəqliyyatına dair nəzəri-təcrübi biliklərin birlikdə mənimsənilməsinə həsr olunub!
Yuxarıda göstərilənlər bir daha onu təsdiq edir ki, ölkə iqtisadiyyatının inkişafında mühüm yer tutan “Azərbaycan Dəmir Yolları” QSC beynəlxalq və regional layihələrdə iştirakını reallaşdıraraq, 140 il ərzində yaranan maddi-texniki bazasını qoruyub saxlamaqla bərabər, ölkənin irihəcmli yük və sərnişin daşımalarına olan tələbatının yerinə yetirilməsi istiqamətindəki fəaliyyətini təhlükəsiz və keyfiyyətlə yerinə yetirir.
İsrail ELYAZOV,
AzTU-nun Dəmiryol nəqliyyatının
istismarı kafedrasının dosenti.
turan.info.az
.