Azərbaycan elminə və ictimaiyyətinə
ağır itki üz vermişdir.
Azərbaycanın görkəmli kimyaçı alimi,
Azərbaycan Texniki Universitetinin professoru,
Amerika Neftçi-geoloqlar Assosiasiyasının üzvü,
Lenin komsomolu mükafatı laureatı,
Əməkdar ali məktəb işçisi
Fikrət Rzaqulu oğlu Babayev
2020-ci il martın 13-də 77 yaşında
vəfat etmişdir.
Fikrət Rzaqulu oğlu Babayev 1943-cü ildə anadan olmuşdur. 1950-1960-cı illərdə orta təhsil almışdır.
1966-cı ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini «Lenin» təqaüdü ilə bitirərək «Qeyri-üzvi kimya» ixtisası üzrə aspiranturaya qəbul olunmuşdur.
Aspiranturanı bitirdikdən sonra Qeyri-üzvi kimya kafedrasında 1978-ci ilə qədər assistent, dosent,
1978-1993-cü illərdə Neft kimyası və kimya texnologiyası kafedrasında dosent və professor vəzifələrində işləmişdir.
1974-1977-ci illərdə BDU-da Kimya fakültəsinin,
1987-1990-cı illərdə isə BDU hazırlıq şöbəsinin dekanı vəzifələrində çalışmışdır.
1990-1991-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin birinci müavini, 1991-1992-ci illərdə Azərbaycan Texniki Universitetinin Beynəlxalq və İqtisadi Əlaqələr üzrə prorektoru, 1992-2003-cü illərdə Kimya kafedrasının müdiri, 2003-cü ildən həmin kafedrada professor vəzifəsində işləyir.
1970-ci ildə namizədlik, 1986-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir.
1988-ci ildə «Neft kimyası» ixtisası üzrə professor adına layiq görülmüşdür.
Elmi tədqiqatlarının sahəsi neft və qazın geokimyası, neftin heterokomponentləri,
Cənubi Xəzər çökəkliyi timsalında neftlərdə izoprenoid karbohidrogenlərin paylanmasının tədqiqidir.
Elmi-pedaqoji fəaliyyəti 3 monoqrafiya, 1 dərslik, 6 kitab, 130-dan çox elmi əsərdə öz əksini tapmışdır.
Elmi əsərləri MDB ölkələrində, Türkiyə, Çexiya, Avstraliya, Almaniya, Macarıstan, Bolqarıstan və s.
xarici ölkələrdə nəşr edilmişdir.
1994-cü ildən Amerika Neftçi-geoloqlar Assosiasiyasının üzvüdür.
1997-1998-ci illərdə Beynəlxalq «Azərbaycan geoloqu» adlı elmi bülletenin baş redaktoru,
2000-2006-cı illərdə isə «Bilgi» (kimya, biologiya və tibb seriyası) dərgisinin redaktoru olmuşdur.
Respublika Lenin komsomolu mükafatı laureatı və «Əməkdar ali məktəb işçisi» fəxti adına
layiq görülmüşdür.
Biz də şərəfli ömür yolu keçmiş, Azərbaycan elmində, Azərbaycan ali təhsilində
əvəzsiz xidmətləri olan, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü,
tanınmış el ağsaqqalı, Azərbaycanın görkəmli kimyaçı alimi, Azərbaycan Texniki Universitetinin professoru, Amerika Neftçi-geoloqlar Assosiasiyasının üzvü (1994), Lenin komsomolu mükafatı laureatı, Əməkdar ali məktəb işçisi Fikrət Rzaqulu oğlu Babayevin vəfatından kədərləndiyimizi bildirir,
onun ailəsinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir və bildirirk ki,
professor Fikrət Babayevin əziz xatirəsi onu tanıyanların qəlbində
daim və əbədi olaraq hər zaman yaşayacaq...
Allah rəhmət eləsin!.. Ruhu şad olsun!..
Müşfiq BORÇALI,
turan.info.az
.