Tədbirdə iştirak edən AzTU-nun prorektoru İsa Xəlilov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki çıxışında qeyd olunan məsələlərin icrası ilə bağlı hazırlanan tədbirlər planının tətbiqindən danışıb. Prorektor gənclərin milli ruhda yetişdirilməsinə şərait yaratmaq üçün AzTU-da keçirilən silsilə tədbirlərdən söz açıb.
Bildirib ki, universitetdə bu gün bir neçə qrupda keçirilən tarix dərsləri “Qarabağ əcdadlarımızın mirasıdır” sənədli filminin nümayişi və müzakirəsinə həsr olunub.
Sənədli filmdə Qarabağın coğrafi ərazisi, təbiəti, əhalisi, mədəni irsi, Alban və İslam abidələri, burada mövcud olmuş qədim mədəniyyətlər barədə geniş məlumat verilib.
Əsas məqsəd Qarabağın Azərbaycana məxsus olduğunu, həmçinin Ermənistanın əzəli torpaqlarımıza qarşı əsassız ərazi iddialarını dünya ictimaiyyətinə çatdırmaq və ifşa etməkdir.
Film Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutu və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin təşkilatçılığı ilə çəkilib.
“Qarabağ əcdadlarımızın mirasıdır” filmi Qarabağın tarixini və müasir işğal dövrünü orijinal çəkiliş və muzey materialları, arxiv sənədləri ilə əks etdirən müasir formatda hazırlanmış ilk ekran əsəridir.
Tədbirdə Gənclər və İdman Nazirliyinin əməkdaşı Hüseyn Babayev və universitetin müəllimləri iştirak edib.
turan.info.az
.