Görüşdə AzTU-nun “Energetika, elektrotexnika və avtomatika” fakültəsinin ustad proqramlarına cəlb olunan tələbələrinin və işlə təmin olunan gənc məzunlarının fəaliyyəti müzakirə olunub. Həmçinin iki qurum arasında teleprezent (online) sistemi ilə dərslərin yeni mövzular üzrə təşkili, səriştə əsaslı dual təlim və beynəlxalq təcrübə proqramları barədə də fikir mübadiləsi aparılıb.
"Azərişıq" ASC-nin Tədris Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib ki, 2018-2019-cu illərdə qurumun mərkəzləşdirilmiş işə qəbul proqramı üzrə işə götürülən 14 nəfərdən 9-u AzTU-nun məzunudur. Ümumilikdə, Səhmdar Cəmiyyətin baş ofisində və bölgələrdəki idarələrində çalışanların 70%-ni AzTU məzunları təşkil edir.
"Azərişıq" ASC-nin Tədris Mərkəzində universitetin II, III, və IV kurs tələbələrinə səriştə əsaslı dual təlimlər təşkil edilir. Həmin təlimlər AzTU-nun professor-müəllim heyəti tərəfindən aparılır. Təcrübə proqramlarını uğurla bitirən tələbələr müəssisənin işə qəbul proqramında iştirak etmək imkanı qazanır.
2020-ci ilin martında “Energetika, elektrotexnika və avtomatika” fakültəsinin IV kurs tələbələri və magistrantlarından beynəlxalq təcrübə proqramının iştirak şərtlərinə uyğun seçilən 5 nəfər Rusiyanın Moskva Energetika İnstitutunda Rele mühafizəsi və avtomatik idarə sistemləri (Системы релейной защиты и автоматического управления), Elektrik şəbəkə və sistemlərinin təşkili (Организация электрических сетей и системы ) üzrə (6 ay- 1 il müddətində) təlim keçəcək. Təlimi uğurla bitirənlər gələcəkdə "Azərişıq" ASC ilə 3 illik Niyyət protokolu imzalayaraq müddətsiz işə qəbul olunacaqlar.
turan.info.az
.