Yeni mövsümün ilk oyununda Azərbaycan universitetlərini təmsil edən ən yaxşı komandalar iştirak edib. 8 ali təhsil müəssisəsinin komandalarının iştirak etdiyi yarışda Azərbaycan Texniki Universitetinin (AzTU) – GENESİS komandası I yerə layiq görülüb.
Komandanın kapitanı, AzTU-nun II kurs tələbəsi Anar Rüstəmzadənin rəhbərlik etdiyi 9 tələbədən ibarət komandanın səhnəcikləri iştirakçıların və münsiflərin alqışları ilə qarşılanıb.
Birinciliyi qazanaraq Regional Liqanın I mövsümünün kubokuna layiq görülən GENESİS komandasının üzvlərini AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov qəbul edərək təbrik edib və gələcəkdə onlara daha böyük səhnələr, uğurlar arzulayıb.
Rektor əvəzi bildirib ki, AzTU-nun tələbələri hər zaman “Şən Hazırcavablar Klubu”nun yarışlarında və bu kimi digər yarışlarda layiqli yer qazanıblar.
Görüşdə GENESİS komandasının üzvlərinə universitetdə yaradılan “Şən Hazırcavablar Klubu” ənənəsini qoruyub saxlamaq və inkişaf etdirmək tövsiyə olunub.
Qeyd edək ki, GENESİS komandasının qalib gəldiyi “Azərbaycan Şən Hazırcavablar Klubu”nun Regional Liqasının I mövsümü tamaşası ATV-kanalında yayımlanacaq.
turan.info.az
.