Milli Qəhrəman
Çingiz Qurbanovun anım günü keçirilib.
Həmin gün Çingiz Qurbanovun ölümünün bir ili taman olub.
Tədbir iştirakçıları əvvəlcə Çingiz Qurbanovun oxuduğu “Xüsusi texnika və texnologiya” fakültəsində ona həsr olunmuş xatirə lövhəsi qarşısında və Milli Qəhrəmanın adı verilən auditoriyada qəhrəmanı ehtiramla yad ediblər.
Fakültə dekanı Ramiz Hüseynov bildirib ki, Çingiz Qurbanovun adı verilən bu auditoriya bir vaxtlar Milli Qəhrəmanın mütəmadi olaraq dərs aldığı auditoriyadır.
İştirakçılar AzTU-nun Milli Qəhrəmanlar və Şəhidlər Muzeyində olublar, qəhrəmanın barelyefi qarşına gül dəstələri düzüblər.
AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov qonaqlara Çingiz Qurbanovun qəhrəmanlığından, universitetdə təhsil aldığı illərdə onun ictimai aktivliyindən danışıb.
Rektor bildirib ki, Çingiz Qurbanovun qəhrəmanlığı bütün AzTU tələbələrinə, eləcə də Azərbaycan gəncliyinə böyük örnək oldu.
Qeyd edək ki, Çingiz Qurbanova göstərdiyi rəşadətə görə Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilib. Həmçinin Qusar rayonunun mərkəzi küçələrindən birinə və təhsil aldığı orta məktəbə də Milli Qəhrəman Çingiz Qurbanovun adı verilib.
Tədbirdə universitet rəhbərliyi, ictimaiyyət nümayəndələri, müəllimlər, tələbələr, eləcə də Çingizin qrup yoldaşları olan məzunlar iştirak ediblər.
AzTU
.