Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən keçirilən yubiley tədbirini giriş sözü ilə AzTU-nun prorektoru, professor
İsa Xəlilov açıb.
O, əsrlərdən bəri qorunub saxlanılan və bu gün də öz aktuallığını itirməyən Molla Pənah Vaqif poeziyasının öz ənənələri ilə seçilən ədəbi məktəb olduğunu vurğulayıb. Azərbaycan ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə bu gün də yüksək qiymət verildiyini qeyd edən professor,Vaqif irsinin müasir dövrümüzdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət etdiyini bildirib.
Tədbirdə iştirak edən BSU-nun professoru, Prezident təqaüdçüsü, “Qızıl Kəlam” mükafatı laureatı Rüstəm Kamal və ADPU-nun professoru, folklorşünas alim Mahmud Allahmanlı çıxışlarında dahi şairin həyat və yaradıcılığından geniş danışıblar. Eyni zamanda Azərbaycan tarixinə siyasi xadim kimi daxil olan şairin taleyüklü məsələlərin həllində müdrük və uzaqgörən insanlığından da söz açıblar.
Daha sonra tədbir Azərbaycanın tanınmış aşıqlarının ifasında şairin sözlərinə yazılmış mahnılar ilə davam edib.
AzTU-nun tələbələri isə şairin poeziyasından və xalq şairi Səməd Vurğunun “VAQİF” dramından kompozisiyalar nümayiş etdiriblər.
turan.info.az
.