Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə tər çiçək dəstələri qoyaraq
Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan AzTU-nun rektor əvəzi
Xalıq Yahudov universiteti bitirən gəncləri bu əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini, bu gün ölkəmizdə yüksəkixtisaslı, bacarıqlı, hazırlıqlı mühəndis kadrlara böyük ehtiyac olduğunu söyləyib.
Qeyd olunub ki, bu il ümumilikdə universiteti 1880 məzun bitirir. Bunlardan 1568-i bakalavr, 160-ı magistrantdır. Bakalavriat səviyyəsində təhsilini başa vuran tələbələrin 14-ü isə xarici ölkə vətəndaşıdır.
Tədbirdə Millət Vəkilləri Astan Şahverdiyev,
Rüfət Quliyev, universitetin İctimai Şurasının üzvü Şahlar Əsgərov çıxış edərək bildiriblər ki, demokratik inkişaf yolu ilə irəliləyən Azərbaycanda iqtisadiyyatın bütün sahələri yüksəliş mərhələsindədir. Ali təhsilli bu gənc mühəndislər sənayenin və iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafında öz sözlərini deyəcək, xalqımıza və respublikamıza sədaqətlə xidmət edəcəklər.
Universitetin “Radiotexnika və Rabitə” fakültəsinin məzunu Sona Məmmədovanın valideyni, 14 nömrəli Bakı Peşə Liseyinin tarix müəlliməsi Əminə Məmmədova valideynlər adından çıxış edərək bütün məzunları təbrik edib və AzTU-nun professor-müəllim heyətinə bütün məzunların valideynləri adından təşəkkür edib.
Daha sonra məzunlardan Cabir Abbasov, Mövlanə Şükürova və SABAH qruplarının məzunu Şahin Xəlilov bütün məzunlar adından çıxış edərək gələcəyin yüksəkixtisaslı mühəndisləri olacaqlarına, professor-müəllim heyətinin etimadını doğruldacaqlarına söz veriblər.
Rəsmi hissənin sonunda təhsildə fərqlənən bir qrup tələbəyə fərqlənmə diplomları və xatirə hədiyyələri təqdim edilib.
Eyni zamanda universitetin ictimai həyatında fəal iştirak etmiş məzunlara THİK-nin və TGT-nın fəxri fərmanları təqdim olunub.
Sonra tədbir konsert proqramı ilə davam edib.
Müşfiq BORÇALI,
turan.info.az
.