AzTU-da MƏZUN GÜNÜ

AzTU-da MƏZUN GÜNÜ AzTU-da MƏZUN GÜNÜ AzTU-da MƏZUN GÜNÜ AzTU-da MƏZUN GÜNÜ Mayın 29-da Azərbaycan Texniki Universitetinin (AzTU-nun) Böyük Akt zalında məzun günü təntənəli şəkildə qeyd olunub.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə təzə-tər gül-çiçək dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə AzTU-nun rektoru, texnika elmləri doktoru, professor Havar Məmmədov açaraq universiteti bitirən gəncləri bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, cari tədris ilində universiteti 1965 nəfər tələbə bitirir ki, onların da 1719 nəfəri bakalavr, 206 nəfəri isə magistrantdır. Bakalavriat səviyyəsində təhsil alan tələbələrin 31 nəfəri xarici ölkə vətəndaşıdır.

Professor Havar Məmmədov Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini, bu gün ölkəmizdə yüksəkixtisaslı, bacarıqlı, hazırlıqlı mühəndis kadrlara böyük ehtiyac olduğunu söyləyib. Rektor müstəqil dövlətimizin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, Ulu Öndərin bu siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Azərbaycan Respublikası Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Nazirlər Kabinetinin məsul əməkdaşı Samirə Quliyeva, Milli Məclisin deputatı, professor Astan Şahverdiyev və başqaları demokratik inkişaf yolu ilə irəliləyən Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin yüksəliş mərhələsində olduğunu nəzərə çatdırıblar. Qeyd olunub ki, ali təhsilli mühəndis kadrlar sənayenin və iqtisadiyyatın digər sahələrinin sürətli inkişafında bundan sonra da öz sözlərini deyəcək, xalqımıza və respublikamıza sədaqətlə xidmət edəcəklər. Natiqlər ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışıb, müəllimlərin səmərəli əməyini yüksək qiymətləndirib, məzunları təbrik ediblər.

Valideynlər adından çıxış edən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Azad Şükürov AzTU-nun müəllimlərinə gənc nəslin təlim və tərbiyəsində sərf etdikləri əməyə görə təşəkkürünü bildirib. A.Şükürov məzunları təbrik edib, onlara bitirdikləri ali təhsil müəssisəsinin və doğma Vətənimizin adını hər zaman uca tutmağı, ölkəmizin inkişafı naminə çalışmağı arzulayıb.

AzTU tələbə həmkarlar ittifaqı komitəsinin sədri Nərgiz Bəşirova, məzun Arzu Xəlilova onlara elmin əsaslarını öyrədən müəllimlərə minnətdarlıqlarını bildiriblər.

Universiteti bu il “əla” qiymətlərlə bitirən tələbələrə fərqlənmə diplomları və xatirə hədiyyələri təqdim edilib.

Universitetin ictimai həyatında fəal iştirak etmiş məzunlara tələbə həmkarlar və tələbə gənclər təşkilatlarının fəxri fərmanları təqdim olunub.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.

Sonda xatirə foto-şəkillər çəkilib.

Müşfiq BORÇALI.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: